NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
"İnamını və vicdanını itirmiş insan cəmiyyət üçün ən təhlükəli canlıdır"

Rövşən Abdullaoğlu


Yazıçı
Bütün yazıları

 
"İnamını və vicdanını itirmiş insan cəmiyyət üçün ən təhlükəli canlıdır"
28.08.2017   3005
57

Milli.Az İlkin İzzətin tanınmış yazıçı-filosof Rövşən Abdullaoğlu ilə müsahibəsini təqdim edir:  

 

- Əgər Allah yoxdursa, hər bir cinayət icazəli olurmu?


- Allaha möhkəm inam, düzgün ideologiya insanı tamamilə dəyişmək qüdrətinə malikdir. Beləsinin daxilində onun davranışlarına nəzarət edən bir qüvvə formalaşır. Bu qüvvə onu həmişə pis işlərdən çəkindirəcəkdir. Beləsi üçün cəza sisteminə də ehtiyac yoxdur. "Əgər Allah yoxdursa, hər şey icazəlidir" məşhur ifadəsi də bu məqama işarə edir.

 

Bir çoxları, hətta Jan Pol Sartr da bu ifadənin məhz Dostoyevskiyə məxsus olduğunu deyirlər. Fyodor Dostoyevskinin "Karamazov qardaşları" romanında belə ifadə vardır: "İnsanda özünün ölümsüzlüyünə olan inamı məhv edin, o andaca onda nəinki məhəbbət, hətta dünya həyatını davam etdirməsi üçün lazım olan hər bir canlı qüvvə də tükənəcəkdir. Bundan başqa, o zaman heç bir iş əxlaqsızlıq hesab edilməyəcək, hər şey icazəli olacaqdır, hətta antropofaqiya (adamyemək) belə".

 

Platon bu səbəbdən ateizmi cəmiyyət və dövlət üçün böyük bir təhlükə bilirdi. Onun fikrinə görə Allaha və ya "allahlara" inanmayan insanı cani kimi ən sərt cəzalarla, ölüm və ya zindanla cəzalandırmaq lazım idi. Platon deyirdi ki, Allaha inanan şəxs, əgər həqiqi inamı varsa, heç bir zaman qəsdən çirkin iş görməyəcəkdir.

 

Orta əsrlərdə nəinki inanclılar, hətta ziyalılar, filosoflar belə ateizm əleyhinə çıxırdı. Məsələn, Leybnis, Frensis Bekon, Con Lokk və başqaları. Ümumiyyətlə bir çox, hətta inkişaf etmiş ölkələrdə belə ateistlərə qarşı hüquqi və sosial diskriminasiyanı görmək olar. Aparılmış araşdırmalara görə, bəzi ölkələrdə bəzi xidmət sahələrində ateistlərə daha az etimad edirlər. Belə ki, əksəriyyətin zehnində ateizm cinayət, əxlaqsızlıq, dünyapərəstlik kimi mənfi hallarla assosiasiya olunur.


- Həqiqətənmi bütün ateistlər əxlaqdan uzaqdırlar?

- Xeyr! Təbii ki, yox. İnsanı əxlaqi dəyərlərə sövq edən amillərdən biri və ən güclüsü həqiqi inamdır. Həmçinin, vicdan, ictimai qınaq, məsuliyyət, ölkəsinə bağlılıq hissi kimi amillər də vardır. Mümkündür ki, şəxs Allaha inanmır, ancaq digər amillərin təsirilə hərəkət edir.

 

Platon özünün "Qanunlar" əsərində ateistləri əxlaqi xüsusiyyətlərinə görə iki hissəyə bölür. Birincisi, pis davranışlardan çəkinən ateistlər, ikincisi, Allahı danmaqla yanaşı öz nəfsinin çirkin istəklərinin qarşısını almayanlar. Platon deyirdi ki, ikincilər mümkündür ki, güclü yaddaşa və hansısa elmləri qavrama xüsusiyyətinə malik olsun, ancaq bununla belə onlar şərdirlər. Platona görə tiranlar, demaqoqlar, qəddar hərbçilər məhz ikinci qism ateistlərin arasından çıxır.

 

- Məgər dinlərin iddialarına görə insanlar üçün əxlaqi dəyərləri, davranış qaydalarını yalnız dinlər təyin etmirmi? İnsan din olmadan bir şeyin pis və ya yaxşı olduğunu anlaya bilərmi?

 

- Hamının qəbul edəcəyi ümumbəşəri əxlaqi və ya hüquqi qanun üçün nə dinə ehtiyac var, nə də hansısa fəlsəfə və ateist məktəbinə. Yalanın pisliyini, oğurluğun çirkinliyini, xəyanətin, günahsız insanın qətlinin, zülmün pis olmasını hamı yekdilliklə qəbul edir. Hamı təvazökarlığı, mərdliyi, humanizmi gözəl hesab edir. Müqəddəs kitablar bu əxlaqi, hüquqi dəyərlər barədə danışmasaydı belə, bunu anlamaq üçün sadəcə sağlam insan ağlı da yetərli idi.


- Maraqlıdır, əgər insanlar bu qədər mövzularda müştərək düşünürlərsə, bəs bu qədər ixtilaf, zülmlər hardan qaynaqlanır?

 

- Problem onda deyil ki, biri zülmü yaxşı bilir, digəri pis, biri rüşvətxorluğu, korrupsiyanı yaxşı bilir, digəri yox. Problem bildiklərimizə əməl etməməkdədir. Əfsuslar olsun ki, insanlar əməldə düz bildiklərini şəxsi mənfəətlərinə, istəklərinə qurban verirlər. Biz məhz bu düyün nöqtəsinin üzərində işləməliyik.


- Bəs, onda cəmiyyət üçün təhlükəli olan nədir?

 

- Əslində cəmiyyət üçün təhlükəli olan məhz nəfsinə uymuş insandır. Bu insanın hansı inanca məxsus olması, ateist, yaxud teist olması elə də önəmli deyildir. İnsan səhv yolu daha məntiqli və dəlillərini daha əsaslı hesab etdiyinə görə seçmir. O, həmin yolla sadəcə öz istəklərilə daha uyğun gəldiyinə görə gedir. Həzrət Əlinin (ə.s.) məşhur bir kəlamı var: "Sizin üçün iki şeydən çox qorxuram. Onlardan biri nəfsani istəklərə uymaqdır. Belə ki, nəfsani istəklərə uymaq sizi düzgün yoldan uzaqlaşdırar, həqiqət ardınca getməyinizə mane olar". Bu insan yanlış yolu emosional olaraq seçdikdən sonra öz seçiminə bəraət qazandırmaq üçün "elmi arqumentlər" və məntiqi mülahizələr də uydurmağa başlayır.


- İnam və inamsızlığı müqayisə etdikdə ideologiya öz gücünü hansı məqamda göstərir?

 

- İnam və dini ideologiya məhz əməl məqamında çox effektlidir. O, insanı düzgün bildiklərinə əməl etməyə sövq edən çox böyük qüvvədir. Ateizm, deizm, aqnostisizm məhz bu məqamda gücsüzdür. Statistikaya görə, Çində ildə 5000 insan 50-ə yaxın maddə əsasında günahkar bilinərək öldürülür. Bu ölkədə ölüm hökmünün olmasına baxmayaraq, korrupsiyanın, cinayətin qarşısını hələ də almaq mümkün olmayıb. Dünyada törədilən cinayətlərin, qətlərin 80-90 %-i inancı olmayan, yaxud da çox zəif olan insanlar tərəfindən törədilir. Halbuki, bu insanlar düzgün ideologiya və möhkəm inama sahib olsaydılar, cinayətə heç bir bəhanə ilə qol qoymazdılar.


- Bir az əvvəl Platondan sitat gətirdiniz. Platonun dediyi kimi, ideoloji diskriminasiya həqiqətən lazımdırmı?

 

- Heç kəs mənim kimi düşünmək məcburiyyətində deyil, mən də başqa biri kimi düşünməyə məcbur deyiləm. İdeoloji mövqeyinə görə kimisə təhqir etmək, inanclıları, ateistləri və ya qeyrilərini təzyiqə məruz qoymaq yanlışdır. Ancaq fikir mübadiləsi etmək olar.

 

Ateist, yaxud da inanclı olmasından asılı olmayaraq, hansısa ideoloji məktəbin nümayəndəsini gələcəkdə cinayət edə bilmə ehtimalı ilə indidən cəzalandırmaq, təhqirə məruz qoymaq səhvdir. Bəzən olur ki, hansısa qrup barəsində onun bir neçə nümayəndəsinin mənfi hərəkəti əsasında ümumi stereotip formalaşdırırlar, daha sonra isə qurunun oduna yaşı da yandırırlar.


- Allaha inanan, mömin olan hər kəsi vicdanlı və əxlaqlı hesab etmək olarmı?

 

- Xeyr!


- Bəs bir insanda həm imanın, həm də əxlaqsızlığın cəmləşməsi paradoks deyilmi?

 

- Yox, deyil. Siz dedikləriniz kamil imanla cəmləşə bilməz, ancaq bəzilərindəki naqis imanla hər şey birləşə bilər. Quranda Yusif surəsinin 102-ci ayəsində deyilir: "Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha iman etmişlər". Əgər bir qəlbdə imanla şirk cəm ola bilirsə, onda hər şey naqis imanla cəm ola bilər. İnsan çirkin işlərdən imanı kamilləşdiyi həddə uzaqlaşır. Platon da "Qanunlar" əsərində Allaha inanan insanın pis iş tuta bilməsinin mümkünlüyünü deyir, lakin belə bir şəxs Allahın insanların həyatına təsir qoya bildiyini tamlığı ilə qəbul etməyib. Platona görə, Allahı layiqincə tanıyan çirkin iş tuta bilməz.


- Sizcə Allaha inamın psixoloji effekti necə, varmı?

 

- Uilyam Ceyms, Viktor Emil Frankl, Karl Qustav Yunq, Deyl Karnegi kimi tanınmış psixoloqlar, Dostoyevski, Tolstoy, Kant kimi şəxsiyyətlər inamın psixoloji zəruriliyini, bunun insanın əxlaqi davranışlarına təsirini artıq vurğulayıblar. Lakin Tanrıya inamın faydası sadəcə psixoloji cəhətlərlə məhdudlaşmır.
  

- Rövşən müəllim, əgər Allah olmasaydı, onu uydurardınızmı?

 

- Xeyr, qətiyyən! Allaha  inamın praktik, əxlaqi, fərdi və ictimai faydalarının olmasına rəğmən, belə bir məsələdə yalandan istifadə etməyi qətiyyən düzgün bilmirəm. Çünki inam heç zaman yalan üzərində çox dayana bilməz. İnam yalnız və yalnız elmi yəqinlik üzərində qurulmalıdır. Elmi yəqinlik olmadıqda heç bir inamdan söhbət gedə bilməz.


- Hansı ideologiyanı və ya dini terrorizmə daha yaxın görürsünüz?

 

- Terrorizmin dini, milləti olmaz. Ona görə də belə bir yanaşmanı səhv hesab edirəm.

 

Bəzən deyirlər ki, İslam və ümumiyyətlə inanclı olmaq cəmiyyət üçün təhlükədir, ateistdə isə bu ictimai təhlükə yoxdur, çünki inancsız biri daha çox humanist olur, cəmiyyətini daha çox düşünür. Bu düşüncə ilə də razılaşmıram. Ən azından ona görə ki, mən sizə cəmiyyəti məhv etmiş çoxlu ateist, dinsiz şəxsləri misal çəkə bilərəm. Elə götürək Sovet İttifaqını. Stalin ateizmin qatı tərəfdarlarından və ən güclü təbliğatçılarından idi. Qeyd edilən iddiaya görə, o, dünyanın ən humanist insanı olmalı idi. Rus tarixçisi, Nobel mükafatçısı Aleksandr İsayeviç Soljenitsının "Qulaq arxipelaqı" əsərində yazdıqlarına görə, 1917-1959-cu illərdə Sovetlər birliyində rejim tərəfindən aclıqdan, həbs düşərgələrində, sürgünlərdə, terrordan 66 milyondan çox insan öldürülüb.

 

Stalinin məqsədyönlü daxili siyasəti nəticəsində SSRİ-də, əsasən də Ukraynada, Belarusiyada, Cənubi Uralda, Şimali Qafqazda, Qazaxıstanda bir neçə dəfə böyük aclıq yaranmışdı. Təkcə 1932-1933-cü illərdə baş vermiş kütləvi aclıq nəticəsində SSRİ-də 7-8 milyon insan aclıqdan ölüb. Ukraynada 1932-33-cü illər aclığı ukraynalılarının məqsədyönlü soyqırımı kimi qəbul edilir. 

 

Gəlin 18-ci əsrdə baş vermiş Böyük Fransız inqilabını götürək. Bu inqilab zamanı ateistlər və deistlər köhnə ictimai quruluşla mübarizə adı altında keşişləri, inanclı kütlələri və zadəganları kütləvi şəkildə qırdılar. Bu inqilab zamanı bəziləri ən azı 600 000 insanın öldürüldüyünü deyir. Fransız tarixçiləri isə qeyd edirlər ki, bu inqilabın qurbanlarının həqiqi sayını biz heç bir zaman öyrənə bilməyəcəyik. Minlərlə keşişin, rahiblərin gilyotinada başları kəsilib. Fransız inqilabı ilə bağlı belə bir anlayış var - böyük terror dövrü. Yəni inqilabçıların fikirlərini qəbul etməyən şəxslərin kütləvi surətdə qətli. Yakobinlərin ölkə daxilində həyata keçirdikləri radikal fəaliyyətləri, kütləvi terrorları.

 

1931-39-cu illərdə II İspaniya respublikası dövründə respublikaçılar hakimiyyətə gəldikləri zaman inanclı insanlara qarşı kütləvi qətllər törətməyə başladılar. Bu dövrlərdə 50-ə yaxın kilsə yandırıldı, 7 000 -ə yaxın keşiş və rahib qətlə yetirildi. Ateist respublikaçıların vəhşilikləri adi inanclılara qarşı da yönəlmişdi. Belə ki, bunlar on minlərlə insanı sadəcə hansısa müqəddəs atribut daşıdıqlarına görə öldürmüşdülər. Bu qətllər xüsusi amansızlıqla törədilirdi. Onların qulaqları kəsilir, xaçları udmağa məcbur edilir, tonqalda yüzlərlə keşiş və rahibələr yandırılır, rahibələrə cinsi təcavüz edilır, inanclıları çarmışa çəkirdilər. Onların hakimiyyəti məhkəməsiz qətllər, müxaliflərə qarşı xüsusi amansızlığı ilə yadda qalıb. Bunlar üçün insanın inanclı, yaxud keşiş, dinlə hər hansı bir əlasinin olması məhkəməsiz edam edilməsi üçün kifayət idi. Qırmızı terror adı ilə tanınan bu hadisələrdə yalnız inanclılara deyil, siyasətçilərə, zadəganlara, böyük mülkləri olan şəxslərə, sənayeçilərə belə hücumlar olunurdu. Bunun nəticəsində çox ziyalılar ölkəni tərk etmək məcburiyyətində qaldılar.

 

Yaxud da gəlin Çində dinsiz Mao Tsedunun hakimiyyət illərini götürək. O, "böyük sıçrayış" və "mədəni inqilab" adı altında iki geniş miqyaslı islahatlar həyata keçirirdi. Bunu əslində xalqın üzərində aparılmış təcrübə, xalqın soyqırımı kimi qəbul etmək daha düzgün olardı. Nəticədə kütləvi aclıq, ziyalı təbəqənin terroru, repressiyalar başladı. Bu "islahat" on milyona yaxın günahsız insanın ölümü ilə nəticələndi. "Mədəni inqilab" adı ilə 53 000 alim, 3000-ə yaxın yazıçı, incəsənət xadimi, 142 000 müəllim və çoxlu sayda müxtəlif məsul vəzifələr tutmuş insanlar qətlə yetirildi. Ay ərzində fərqli məntəqələrdə yüz min insan qətlə yetirilirdi. Mao ona qarşı etiraz etmə ehtimalı olan partiyalardan 5 milyon insanı öldürdü, yerinə özünə müti insanları gətizdirdi. Əksər mənbələr Maonun hakimiyyətindən zərərçəkmişlərin 100 milyon nəfər olduğunu deyir. İnanmaq çox çətindir, ancaq Maonun hakimiyyəti illərində inqilab düşmənlərinin bədən üzvlərini yemək partiyaya, Maoya olan sevgi və fədakarlıq hesab olunurdu. Bir çoxları bu yolla öz sədaqətlərini göstərir və vəzifə pilləsində irəli gedirdilər.

 

Siyahı bununla bitmir. Kambocada Pol Potun rejimini misal çəkək. Pol Pot da nə Allaha inanır, nə də dinləri qəbul edirdi. Onun üzərində iki milyona yaxın əhalinin qanı vardır. Pol Pot müasirliyə, ziyalılığa, elmə düşmən idi, çünki onlara burjuaziya dəyərlərinin qalığı, rejimin düşməni kimi baxırdı. Ona görə də ziyalıları, həkimləri, müəllimləri, alimləri kütləvi surətdə qətlə yetirirdi. Hakim rejim kitabxanaları dağıdır, hər növ incəsənətə qarşı çıxır, müsiqini, oynamağı, bayramları qadağan edirdi. Pol Pot bütöv bir xalqın bütün mədəniyyətini, düşünən beyinlərini, elmi-mədəni irsini məhv etdi. O, kəndli həyatına üstünlük verdiyindən bütün ölkəni aqrar sosializmə çevirmək haqda qanunlar qəbul edirdi. Şəhər camaatını belə zorla kənd təsərrüfatı ilə məşğul olmağa məcbur edirdilər.

 

Elə bilməyin ki, Pol Pot savadsız, təhsilsiz biri idi. Xeyr, o, Paris Universitetini bitirmiş ali təhsilli şəxs idi. Pol Potun əsgərlərini uşaqlıqdan yetişdirir, onlara insan qanı içizdirirdilər. Bununla onları amansız etmək istəyirdilər.

 

Görəsən, bu insanlar dini inanclı olmadıqları halda niyə bu qədər qəddar işlər göürdülər? Onlarda insanlara qarşı bu qədər nifrət hardan idi? Bu insanlar dinə zidd, onu qəbul etməyən şəxslər olublar, ancaq ateist olmaları onları humanist etməyib. Deməli, humanizm insanın ateist olması ilə əlaqəli deyildir. Əksinə, insan Tanrıya inamını itirdikdə ən təhlükəli canlıya çevrilir. Tarix və müşahidələr də bunu isbat edir.

 

Adətən buddizmi daha humanist din hesab edirlər, çünki buddizmdə insanı öldürmək böyük günahdır, onun qanunları insansevərliyə daha çox köklənib. Məgər İslamda, yaxud da digər səmavi dinlərdə insan öldürmək günah deyil?! İnsan qətli nəinki buddizmdə, bütün dinlərdə ən böyük günah hesab edilir. Bütün dinlər zülmü pis bilir. İslamın bütün qanunları haqq və hüquq məsələsinə həssaslıqla yanaşır.

 

Buddistdən terrorçu çıxmaz kimi düşünənlər yəqin ki, yer planetinə yeni gəlmişlər. Belələri "buddist terroru" adı ilə ən azı internetdə, xəbər portallarında bir axtarış etsinlər.  Mümkündür ki, buddizmi ənənəvi olaraq ən humanist din, davamçılarını da ən sülhməramlı kimi bilsinlər. Əgər buddizm insanı ən humanist şəxsiyyətə çevirirdisə, o zaman buddizmin geniş surətdə yayılmış olduğu ölkələr dünyanın ən az cinayətlər törədiliən, ən az müharibə edən ölkələri olmalı idi. Bu ölkələr Çin, Butan, Yaponiya, Hindistan, Kamboca, Koreya, Laos, Monqolustan, Myanma, Nepal, Tailand, Şir-Lanka və sairədir. Bu ölkələrin bəzilərinin əhalisinin mütləq əksəriyyəti, yəni 80-95 %-i buddistdir, bəzilərində isə onlar əksəriyyət təşkil edir. Amma bu ölkələrin tarixinə nəzər salsaq, necə dəhşətli və amansız müharibələrə imza atdıqlarının şahidi olarıq. Cinayət və adam qətllərinin sayına görə də bu ölkələr öndə gedirlər. Burada ən çirkin və amansız qətllər məhz buddist inanclıların əli ilə törədilib. Bəs, görəsən onların humanist buddizmi niyə bütün bu cinayətlərin qarşısını almadı?

 

Bunlar bir kənara qalsın. Gəlin bir qədər də buddist rahiblərin etdiklərindən danışaq. Aşin Viratu buddistlərin lideri idi. O, 14 yaşından bəri buddist rahibidir. Məhz o, səbəb olmuşdur ki, buddist rahibləri Myanmada müsəlman kəndlərinə hücum edib onları qətlə yetirsinlər, evlərini yandırsınlar. Onun göstərişi ilə buddistlər məscidlərə hücum edir, müsəlmanların alış-veriş mərkəzlərini dağıdırdılar. Dünya mətbuatı Viratunu "buddist terrorunun siması", "Birmanın Hitleri", "Buddist Bin Ladeni" kimi ləqəblərlə adlandırır. Onun yaratdığı "969" radikal təşkilatının hədəfi ölkədən bütün müsəlmanlarını yer üzündən silmək idi. O və onun tələbələri bütün ölkədə kin, nifrət və qəzəb yayan çıxışlar edirdilər.

 

Həmçinin Şri Lankada da "Bodu Bala Sena" (Buddist gücü) adlı başqa bir buddist terror təşkilatı var. Onlar da ölkədə həm müsəlman, həm də xristianlara qarşı qətllər törədir, onların ticarət mərkəzlərini, ibadət yerlərini dağıdırlar. Bu təşkilatın ən azı on minlərlə üzvü vardır ki, onların da bir qismi məhz rahiblərdir.

 

Bu sıralamaya Yaponiyada fəaliyyət göstərən "Aum Sinrikyo" buddist terrorist təşkilatını da aid etmək olar. Bu təşkilat Tokioda metronun partladılmasından tutmuş bir sıra qətllərə səbəb olub. Bu, dünyada ilk terrorist təşkilatıdır ki, adi, mülki vətəndaşlara qarşı kimyəvi silahdan istifadə edib.

 

Burada həmçinin, Hindistan və Koreyadakı buddist terrorlarından da danışmaq olar. Hindistan racalarının buddizmi insanlara qəbul etdirmək üçün törətdikləri qətlləri də yada salmaqda fayda vardır. Eramızdan 3 əsr əvvəl padşah Aşoka buddizmi Hindistanın rəsmi dövlət dini etməyə cəhd etdi. Aşoka buddist hökmlərinə tabe olmayanları öldürür, başqa inanclılara qarşı amansızlıq göstərirdi. Oxşar addımı bir çox buddist racaların fəaliyyətlərində də müşahidə edirik.


- Nəticədə ən təhlükəli insan kimi hesab edə bilərik?

 

- Ən təhlükəli insan nə Tanrısı, nə də vicdanı olandır. Belə birisi ateist, deist, müsəlman, xristian, buddist kimi fərqli simalarda peyda ola bilər. Oksford professoru Alister Makqrat bir məqaləsində yazır ki, "zamanla ateizmdə istənilən dindəki qədər fırıldaqçı, psixopat və vəzifəpərəstlər əmələ gəldi". Fırıldaqçı üçün hansı ad altında fəaliyyət göstərməsi mühüm deyildir. Beləsi hansısa dünyagörüşünü ona səmimiyyətlə inandığına görə deyil, sadəcə hansısa şəxsi maraqlarına, yaxud da psixoloji durumuna uyğun gəldiyi üçün seçir.


- Sizcə cəzaları sərtləşdirməklə cinayətin kökünü kəsmək mümkündürmü?

- Mən deyərdim ki, bu qismən effektlidir. Nəfsinin çirkin istəklərini həyata keçirmək istəyən şəxs qanunun əli çatmayan yer tapdığı ilk anda həmin işi icra edəcəkdir. Vay o gündən ki, həmin şəxsin özü qanun başına keçə. Bu zaman onun sui-istifadələrinin qarşısını daha heç kəs ala bilməyəcəkdir. Biz cinayətin mənbəyini qurutmalıyıq. Yəni, insanların düşüncələrində, qəlblərində inqilab etməliyik. Hər bir insan bütün varlığı ilə cinayətin bütün növlərinə nifrət etməlidir. Bu zaman qanunun əli çatmayan yerlərdə belə cinayət törədilməyəcəkdir.
  

- Nəzəriyyəyə görə, İslam kamil din olaraq müsəlmanların hərtərəfli tərəqqisinə gətirib çıxarmalıdır. Bəs, onda niyə bunu bütün müsəlmanlarda görmürük?

 

- Belə deyək, səbəbin öz təsirini göstərə bilməsi üçün iki şərtin olması və bir də maneənin yoxluğu vacibdir. Məsələn, buğda toxumunun buğda olması üçün onun torpağa əkilməsi, vaxtında suvarılması, gübrə verilməsi şərtdir. Əlbəttə ki, şiddətli şaxta kimi maneənin olmaması da zəruridir. İlahi hökmlərin, mənəvi əməllərin insanları ucaltmaq təsiri vardır. Ancaq bu təsirin insanda, cəmiyyətdə, ölkədə, dünyada özünü göstərməsi üçün lazım olan şərtlər və maneələri də nəzərə almaq lazımdır. Əgər şərtlər hasil olsa və arada heç bir maneə də olmazsa, qeyd olunan müsbət nəticələr qaçılmazdır. Savadlı, zəhmətkeş müəllimin bacarıqsız, oxumaq istəməyən şagirləri heç bir nəticəyə varmırlarsa, bundan müəllimin təsirsiz, savadsız olduğu nəticəsini çıxartmaq düzgün deyil axı. Əgər bundan sonra 100 il də eyni formada ötsə və həmin müəllimin şagirdləri tənbəl olaraq qalsalar, yenə də müəllim müqəssir deyildir. Bu, çox sadə bir məntiqdir. Hətta məsələni bir qədər də dərinləşdirək. Əgər hətta bütün müsəlman ölkələri Afrika tayfaları kimi inkişafdan, mədəniyyətdən kənar yaşasaydılar belə, yenə də buradan Quranın, İslamın yanlışlığı nəticəsinə gəlmək çox gülünc olardı. Universitetin bütün tələbələri tənlik əsasında səhv hesablama aparsalar belə, tənlik səhvdir nəticəsinə gəlinməz. Tənliyin düzgün və ya səhv olduğunu düşünürsənsə, tənliyin özündə araşdırma aparmaq lazımdır.


- Bəzən deyirlər ki, bəzi müsəlman ölkələrinin acınacaqlı vəziyyəti onları inancları ilə əlaqəlidir. Bu həqiqətən də belədir?

 

- Biz eyni məntiqsiz yanaşma ilə belə bir nəticə də çıxarda bilərik: Əgər müsəlman olmamaq ölkənin və ya insanın mədəni olmasına və inkişaf etməyinə birbaşa təsir edirsə, o zaman gərək Mərkəzi Afrika Respublikası dünyanın ən inkişaf etmiş ölkələrindən olaydı. Halbuki əhalisinin 80-85 %-ni xristianlar təşkil edən MAR dünyada ən kasıb və geridə qalmış, QİÇS xəstəliyinin yayılmasına görə isə öndə gedən ölkələrdəndir. Zambiyanın da əksəriyyəti xristiandır, yalnız 5% əhalisi müsəlmandır. Ancaq xristian olmaları onları da bir ağ günə çıxartmayıb. Eyni şeyi əhalisi bütpərəst, ateist olan ölkələrə də şamil etmək olar. Vyetnam və Estoniyanın da əhalisinin əksəriyyəti ateistlərdir. Ancaq orada da vəd olunan fövqəladə tərəqqi və sivilizasiyanı görmürük.


- Bəziləri deyir ki, müasir dövr ateizmə məxsusdur. Sizcə bu belədir?

 

- Ateizm XX əsrin birinci yarısına qədər aktual idi. 70-80-cı illərdə də öz aktuallığında qalırdı. Dünyada baş verən bəzi siyasi, elmi və cəmiyyətin dünyagörüşündəki dəyişikliklər ateizmi aktuallıqdan saldı. Ateizm artıq müasir cəmiyyət üçün maraqlı deyildir. Günümüzdə bir çox elmi dairələr ateizmi əvvəllər olduğu kimi elə də qabartmır.  Demək olar ki, ateizm artıq dəbdən düşür. Mənə görə bu dəbdən düşməyə əsl səbəb elmi yetərsizlikdir, bəziləri bura əxlaq və mənəviyyat yetərsizliyini də əlavə ediblər. Oksford Univsersitetinin professoru Alister Makqrat Amerika jurnallarının birindəki müsahibəsində yazırdı ki, gələcəkdə ateizm kəskin azalacaqdır. O, bu azalmanı iki faktorla əlaqələndirir: Birincisi, elmi bünövrənin, ikincisi, ateistlərin yüksək əxlaqi dəyərlərə sahib olmaması.


- O zaman hazırda hansı fəlsəfi məktəbi dinə rəqib görürsünüz?

 

- Deizmi və aqnostisizmi. Müasir dünyada bu iki dünyagörüş hardasa populyarlaşır. Ateizm elm və düşüncə aləmində yaranmış bir çox suallara cavab verməkdə aciz olduğuna görə, hazırda bir çox elm adamları və insanlar daha çox deizmə və aqnostisizmə yönəlirlər. Tomas Nagel kimi bəzi ateist elm adamları müasir elmi nəzəriyyələrin bir çox elmi suallara cavab verməkdə aciz olduğunu etiraf edirlər. Amerikanın milli səhiyyə institutlarının (NIH) rəhbəri, genetik Frensis Sellers Kollinz isə sonradan ateist mövqeyini dəyişib, hətta Tanrının mövcudluğu barədə "Allahın dili: Bir alim Allaha inanmaq üçün dəlillər təqdim edir" adlı kitab da yazıb. Eynilə dünyada müasir ateizmin ən güclü ideoloqlarından sayılan tanınmış ingilis filosofu Entoni Flyu da ömrünün sonuna 6 il qalmış Tanrıya inandığını elan edib. Bu, etiraf böyük ək-sədaya səbəb olmuşdu.


- Sizcə gələcəkdə cəmiyyət əsasən hansı məktəbin təsiri altında olacaq?

 

- Deizm də ateizm kimi bir müddətdən sonra elm adamları, cəmiyyət üçün marağını itirəcəkdir. Çox güman ki, başqa yeni bir cərəyan gündəmə gələcək. Hər halda cəbhəni boş qoymazlar və inanc məktəblərinin müqabilində nəsə yaradarlar. İlahi inanc məktəbinin qarşısında fərqli-fərqli yeni məktəblər duracaq, lakin onlar da elmi-məntiqi mübarizəyə tab gətirməyərək aradan gedəcəklər.


- Bəs nəticə necə olacaq?

 

- Sonda bəşərin dünyagörüşündə, ideologiyasında köklü dəyişikliklər baş verəcək. Elm aləmində, epistemologiyada, dünya fəlsəfəsində dünənə kimi aksiom kimi bilinən prinsiplər qüvvədən düşəcək. Hazırda isə bəşəriyyət təcrübə dövrünü yaşayır, müxtəlif məktəbləri səadətə və həqiqətə çatmaq ümidilə sınaqdan keçirir.


İlkin İzzət


Milli.Az

 
 
 
 
Şərhlər
 
Digər yazıları (21)
Bütün yazıları
Tanınmış yazıçı-filosof Rövşən Abdullaoğlunun Milli.Az-a müsahibəsi: - Ateist alimlər Yer üzündə olan şər və faciələrin "mehriban və ədalətli Allah" anlayışı ilə heç cür uzlaşmadığını deyirlər. Görünür, Darvinin də Allaha şəkk etməsinə məhz bu şübhə, bu psixoloji təsirlər səbəb olmuşdu.   - Şərlər məsələsi bir çox ateistlər tərəfindən Allahın yoxluğu üçün irəli sürülən  ən möhkəm "dəlillərdən" sayılır. Hətta onların etirafına görə, "Allah yoxdur" demələrinə səbəb də məhz dünyada baş verən zülmlər olub. Onu deməliyəm ki, dünyada olan faciələrin, çətinliklərin, ölümün mövcudluğu heç zaman kainatın öz-özünə heç bir yaradıcısı olmadan yaranmasına dəlil ola bilməz. İnsan bəlaları Allahın yoxluğuna olan dəlil kimi deyil, bəlaların olduğu bu aləmin bir qüvvə tərəfindən yarandığına olan dəlil kimi görməlidir. Belə ki, biz faciələrin olması ilə Yaradanın yoxluğu arasında heç bir məntiqi rabitə görmürük.   Birinci, Yer üzündə bəla kimi dəyərləndirilən bir çox məsələlər əslində insanların törətdikləri işlərdir. Dünyada baş verən cinayətləri, müharibələri, aclığı, dağıntıları insanlar törədirlər. Hansı cinayət və müharibəni Allah edib?! İnsanlar bir-birinin qanını tökür, cinayət və zülmə əl atırlar. Sonra da öz etdiklərində Yaradanı ittiham edirlər.     İkincisi, Yaradandan insanların etdikləri pis işlərin qarşısını almasını gözləmək də absurddur. Bu həyat ilahi proqramda insanların sınanması, pisi yaxşıdan ayırma meydanı, çətinliklərlə mübarizə nəticəsində daxili istedadların inkişaf etdirilməsi formasını daşıyır. Allahdan insanların işinə müdaxilə etməsini gözləmək Onun aləmin mahiyyətinin, yaradılış fəlsəfəsinin əksinə əməl etməsini gözləmək deməkdir.   Üçüncüsü, Yer üzündə baş verən bəla kimi qəbul olunan təbii fəlakətlər, sellər, zəlzələlər, tufanlar, bəzi xəstəliklər dünyanın təbii halıdır. Bütün bunların insan iradəsindən asılı olmayan təbii səbəbləri vardır. Bu hadisələr dünyanın mahiyyətini təşkil edir. Mümkün deyil ki, dünya aləmi olsun, ancaq bu təbii hadisələr olmasın. Bu hadisələrə fəlsəfədə aksidensiya deyilir. Aksidensiyalar birbaşa olaraq idarə olunmayan, istənilməyən hallardır. Onlar birbaşa istənilən və iradə olunan hadisələrin təbii törəmələridir. Bu törəmələrin yoxluğunu istəmək həqiqətdə törəməsi olduğu şeyi də istəməmək deməkdir.   Məsələn, Allah Günəşi, Yeri və ağacı yaradıb. Bunlar Allahın iradəsinin birbaşa yönələrək yaratdığı şeylərdir. Kölgə isə bu üç mövcuddan qaynaqlanan təbii bir törəmədir. Kölgə o üç mövcud kimi müstəqil mövcudiyyətə malik deyil. O, bu üç mövcudun birləşməsindən törəyib. Təbii fəlakətlər də kölgə xüsusiyyətindədirlər. Yaradılışın təbii törəmələridir ki, yaradılışı bunsuz təsəvvür etmək mümkün deyil.        Dördüncüsü, baş verən hər bir hadisənin yaradılış sistemində öz mənası və rolu var və insanların elmi onların bütün hikmətlərini anlamaqda acizdir. Elm hər gün bir şey kəşf edir, hər dəfəsində də biz Kainatın, yaradılışın əzəməti qarşısında səcdəyə gedir, hələ də sirli məqamların sonsuz sayda olduğunu etiraf edirik. Elə isə biz tamlığı ilə anlaya bilmədiyimiz proseslərdən necə Allahın ədaləti və mərhəməti ilə uyğun gəlmədiyi nəticəsini çıxara bilirik?! Bu məsələ ona bənzəyir ki, bir insan bəzi ölkələrdə futbol fanatlarının törətdikləri davaları, dağıntıları görüb deyir: "Mənim futboldan başım çıxmasa da, futbol həvəskarlarının etdikləri bu pis işlər mənə bu idman növünün boş bir şey olmasına tam dəlildir".   Bu cür iradları deyən alimlər və mütəfəkkir kimi tanıdılan şəxslərdən haradasa daha əsaslı bir yanaşma gözləyirsən. Allahın yoxluğu üçün gətirilən bu cür "arqumentlər" çox səthidir. Alimin dilindən sadə xalq kütlələrinə yönəlmiş və onları aldadaraq qəlblərini ələ almaqdan ibarət olan populizmdən başqa bir şey çıxmalıdır. Ateist alimlərinin hamısının Allahın yoxluğu üçün gətirdikləri bütün fikirlər sadəcə populizm olub kütlənin hisslərinə yönəlib və heç bir elmi yanaşmanı əks etdirmir. - Belə anlamaq olar ki, ateist kimi təqdim olunan alimlər əslində aqnostikdirlər və onların ateist kimi təqdim olunması düzgün deyil...   - Ateist ümumi mənada Allahın mövcud olmadığını qəti şəkildə iddia edən şəxsdir. O, teistin, yəni Allahın olduğunu qəti şəkildə deyən şəxsin əksidir. Aqnostik isə Allahın olub-olmadığını dəqiqliklə deyə bilməyən biridir. Aqnostiklər hesab edirlər ki, Allahın nə isbatına, nə də inkarına dəlil gətirmək mümkün deyil. Ancaq bununla belə aqnostik Allahın mövcud ola biləcəyi ehtimalını da istisna etmir. Ona görə də "Mən Allahın mövcudiyyətinə inanmıram" deyən ateistlə "Mən Allahın mövcud olub-olmadığını bilmirəm, hətta mümkündür ki, olsun" deyən aqnostik arasında fərq qoymaq lazımdır. Əslində, bəlkə də, dünyada bir nəfər də olsun həqiqi ateist alim yoxdur, ya da ki, çox azdır. Ateist kimi tanıdığımız insanların çoxu isə əslində aqnostiklərdir. Məsələn, mümkündür ki, Dokinzi ateist hesab etsinlər. Əslində isə o, aqnostikdir. Belə ki, onun özü də qətiyyətlə Allahın olmadığını deyə bilmir. Bunun üçün onun bəzi müsahibələrinə, əsərlərinə baxmaq kifayət edər. Məsələn, Mehdi Həsənlə olan müsahibəsinin əvvəlində jurnalistin ona "Siz həqiqətənmi 100 faiz ateistsiz?" sualına verdiyi cavabdan onun Allahın yoxluğuna tam əmin olmadığı məlum olur. Frensis Kollinz də kitabında aqnostik və ateist arasında mahiyyətcə elə də sərhədin olmadığına işarə edir. Bütün bunlara görə də Dokinz, Rassel və ateist kimi tanınmış bu kimi digər şəxslərin etiqadlarını müəyyənləşdirmək üçün "aqnostik ateizm" ifadəsindən istifadə etməyə başlayıblar. Həqiqətdə isə özlərini ateist kimi təqdim edən insanlar gizli aqnostiklərdir. Bir şeyi qəti inkar etməklə, həmin şey barəsində şəkdə olmaq arasında əsaslı fərq var. Onlardan Allahın yoxluğunun "qəti dəlilləri nədir?" deyə soruşduqda, dəlillərin olmadığını və həmin aqnostik yanaşmanı göstərməyə başladıqlarını müşahidə edirik. - Aqnostikliyin özünü sualdan qaçış, yaxud da dəlilsizlikdən qorunma vəziyyəti hesab etmək olarmı?   - Tamamilə doğrudur. Aqnostisizm əslində Allahın yoxluğunu əsaslandıra, Allahın varlığı barəsində olan dəlillər qarşısında nə deyəcəyini bilmədikdə seçilə bilən alternativ yoldur, daha doğrusu, həqiqətdən qaçış yoludur. Dünyaca məşhur amerikalı genetik Frensis Kollinz əvvəlcə ateist olub. Sonradan aqnostikliyə keçib, Allahın varlığının dəlilləri barəsində araşdırma aparandan sonra Ona inanmağa başlayıb. O, "Allahın varlığının dəlilləri. Alimin arqumentləri" adlı bir kitab da qələmə alıb. Bu kitabda çox maraqlı faktlar var. Kollinz bəzi insanların aqnostiklik mövqeyini seçmələrinin psixoloji səbəblərinin olduğunu qeyd edir. Ona görə aqnostisizm insanı narahat edən suallar barəsində düşünməmək üçün əlverişli bir nöqteyi-nəzərdir. Kollinz deyir ki, çoxları kimi o da dolayısı ilə bir zamanlar aqnostikliyi məhz bu səbəbdən seçib. O yazır: "Həqiqətdə mənim (bir aqnostik olaraq "Allah varmı?" sualına) "bilmirəm" deməyim daha çox "bilmək istəmirəm"ə bənzəyirdi. Mən dünyanın cəlbediciliyi içərisində böyüyən bir cavan olaraq, hər hansı bir ali mənəvi avtoritet qarşısında məsuliyyət hiss etmək istəmirdim. Bu, faktiki olaraq məşhur filosof və yazıçı Klayv Steyplz Lyuisin "könüllü korlaşma" adlandırdığı düşüncə və davranış tərzi idi. Mənim üçün etimadlı sığınacaq olacağını hesab etdiyim aqnostisizm geniş yayılmış bəhanədən başqa bir şey olmadı. Allaha inam indi Ona inanmamaqdan daha məntiqi və rasional görünürdü".  - Bəs Darvinin özü Allah barəsində hansı fikirdə olub?   - Darvinin fikirləri həyatı boyu bir neçə dəfə dəyişikliklərə uğrayıb. Belə ki, bəziləri onu ateist, bəziləri isə Allaha inanan hesab ediblər. Məsələn, Frensis Kollinzə görə, o, aqnostik olub. Bioqraflar Darvinin bir neçə uşağının az yaşlarında öldüklərini qeyd edirlər. Bu hal o dövrlər üçün xarakterik idi. Sevimli qızı Enninin 1851-ci ildə on yaşında ölümü isə Darvinə daha böyük psixoloji zərbə vurub. O, qızının ölümünü mehriban Allahın mövcudiyyəti ilə heç cür uyğunlaşdıra bilmirdi. Darvin bu fikirləri  dostuna yazdığı məktubunda da qeyd edib və bu məktub indi də saxlanılır. - Maraqlı faktdır. Araşdırmalar göstərir ki, çoxları məhz öz şəxsi həyatlarında baş verən faciələrdən sonra Allahı inkar etməyə başlayıblar. Həyatdan küskün olmuş insan sanki öz psixoloji gərginliyini, daxili qəzəbini Allaha qarşı üsyan etməklə, Onu inkar etməklə azaltmaq istəyir.   - Tamamilə düz vurğuladınız. Əksər, bəlkə də, bütün ateist alimlərin Allaha olan bədbinliklərinin psixoloji kökləri var. Darvin qızının ölümünə görə, Rassel öz əyyaş həyatını heç bir məhdudiyyət olmadan yaşamasına görə, Rozanov kilsənin ona ikinci dəfə evlənməyinə imkan vermədiyinə görə, Stiven Hokinq 40 ildən çox əlil və hərəkətsiz vəziyyətdə əlil arabasında yaşadığına görə, Simona de Bovuar ona qarşı kobudluq etmiş keşişə görə... Bu siyahını daha da uzatmaq olar. Aydındır ki, psixoloji səbəblərə görə Allahı danmaq elmi yanaşma deyil. - Sizcə, hər hansı bir fikrin, elmi nəzəriyyənin qəbulunda psixoloji manipulyasiya nə qədər rol oynayır?   -  Bu məsələlərdə dünya səviyyəsində reklamı getmiş alimlərlə həmişə manipulyasiya olunub, olunacaq da. İnsanlar öz ağıllarını işlətməkdən sanki artıq yorulublar. Fikirləşirlər ki, hansısa avtoritet şəxs bunu mənim yerimə etməlidir. Ancaq başa düşmürlər ki, bu zaman verilmiş qərar onun özünün deyil, o alimin qərarı olacaq. Çox təəssüf ki, cəmiyyətimizin bəzi fərdlərində Qərb alimləri qarşısında böyük bir pərəstiş və cahilanə təqlid var. Onların sözü bu insanlar üçün sanki bir əmr, müzakirəyəgəlməz fərmandır. Belələri "yüngül pedofiliyanı" zərərsiz bilən, elmi dairələr tərəfindən psevdoelm kimi dəyərləndirilən və heç bir elmi dəyərə malik olmayan "mem nəzəriyyəsini" irəli sürüb, öz sahəsində böyük bioloq adını daşıya biləcək bir dənə də olsun sanballı akademik işi olmayan Dokinzin sadəcə olaraq ingilis olduğuna, öz ölkəsinin bir-iki jurnalı tərəfindən "intellektual" adını aldığına və dünya səviyyəsində reklamla şöhrət qazandığına görə, istənilən sahədə dediyi ən gülünc fikirlərini belə onun şişirdilmiş adının təsiri ilə dahiyanə fikir kimi qəbul edirlər. Aydın məsələdir, kim öz qatığına turş deyər?!  Rasselin, Feyerbaxın, Hokinqin bircə kitabını da oxumayan, oxumuşsa da, tam başa düşməyən belələri onların dünyada şişirdilmiş şöhrəti qarşısında baş əyirlər. Bunlar başa düşmürlər ki, heç bir şöhrət insanı səhv fikir yürütməkdən sığortalaya bilməz. Ona görə "filankəs dünya şöhrətlidir, professordur, xarici jurnallarda məqaləsi çıxıb, filan jurnal onu dahi adlandırıb", yaxud da "sən filankəsdən çox biləcəksən?!" kimi psevdoarqumentləri kənara qoyub dəlillərə baxmaq, "deyənin özünə yox, sözünə baxmaq lazımdır" prinsipi əsasında düşünmək lazımdır. İnsanlarımızın öz düşüncəsi olmalıdır. Nəyə görə kimsə Dokinz və ya Hokinqin sözlərini ağlının süzgəcindən keçirmədən avtoritet kimi qəbul etməlidir?!   Məqsədim ateizmin səhv və ya düz olduğunu ortaya qoymaq deyil. Həmişə düşünmüşəm ki, ölkəmizdəki hər bir yazıçının, araşdırmaçının, jurnalistin, yaxud da bir alimin qarşısında duran ən mühüm məsələ insanlarımızda özünəinam yaratmaq, onları milli natamamlıq sindromundan qurtarmaqdır. İnsanlarımızın öz şəxsi təhlillərinə inamları o qədər azdır ki, xaricdən gələn hər cür "düşüncə malını" qeyd-şərtsiz qəbul etməyə hazırdırlar. Günümüzdə istənilən ən vaxtı keçmiş fikri hər hansı bir reklamı güclü getmiş "alimin" adı ilə bağlayıb cəmiyyətimizdə istehlakçılara təqdim etmək mümkündür. Burada artıq təhlil işləmir. Rövşən Abdullaoğlu fəlsəfə və teologiya sahəsində dünyanın ən nüfuzlu alimlərindən dərs alsa da, ömrünü fəlsəfəyə, teologiyaya həsr edib bu sahədə dünyanın ən dəqiq təhlillərini versə də, o yenə də bir azərbaycanlıdır. Deməli, təhlilləri əsassızdır. Məhz bu psixoloji məsələ kökündən həll olunmayınca cəmiyyətimiz səfeh düşüncələrin hücumundan amanda qalmayacaq. Dokinzi, Hokinqi özünə "allah" qərar vermiş, onun adı ətrafında getmiş başgicəlləndirən reklamın təsiri altında olan biriləri üçün artıq həqiqət mühüm deyildir. O, bu həqiqəti görə bilmir. Baxırsan ki, əgər məqaləni "Oxford Universitetinin alimi belə demişdir" ifadəsi ilə başlasan və bunun dalınca istənilən cəfəngiyyatı yazsan, əksəriyyət o dəqiqə inanacaqdır... - Bilirik ki, hər bir məsələ müəyyən bir elmin predmeti, araşdırma mövzusudur. Bəs Allah hansı elmin mövzusu hesab edilir?   - Hər bir elm sahəsi özünəməxsus metodlarla ona aid olan məsələləri araşdırmaq vəzifəsini üzərinə götürüb. Fizika maddə və enerjidən, kimya elementlərdən, biologiya canlı orqanizmlərdən, astronomiya səma cisimlərindən, geologiya Yerin qatlarından bəhs edir. Diqqət etdikdə görürük ki, bütün dünya elmlərinin metodları eksperimentlər, mövzuları isə maddi cisimlərdir. Ona görə də transsendent olub, qeyri-maddi varlıq olan Allahı bu elmlərin heç biri araşdıra bilməz. Allah eksperimental elmlərin heç birinin mövzusuna uyğun gəlmir. Bu eksperimental elmlərin heç biri bu günə qədər "Allahı tapmaq, Onu araşdırmaq bizim vəzifəmizə aiddir" iddiası ilə çıxış etməyib. Bu elmlərin ardıcılları, alimləri yalnız öz biliklərinə, öz elmi sahələrinin metodlarına əsaslanaraq Allahın yoxluğu və ya mövcudluğu barədə qəti söz deyə bilməzlər. Dünyaca tanınmış nəzəriyyəçi fizik Hokinqə "Allah varmı?" sualını verib ondan cavab gözləmək ağırlıqqaldırma üzrə dünya çempionundan sadəcə olaraq böyük uğur qazanmış idmançı olduğuna görə üzgüçülükdə də dünyada birinci yeri tutacağına inanmaq kimi bir şeydir. Bütün ömrü boyu kainatda "qara dəlik"ləri araşdıran və hər şeyə də bu dəqiqə "qara dəlik" kimi baxan Hokinqin sırf fəlsəfi mövzu olan "Allah varmı?" sualına verdiyi cavab bizim üçün nə dərəcədə tutarlı olacaq? Ateistlərin ən böyük səhvi də məhz Yaradanın mövcudiyyəti mövzusunda yalnız eksperimental sahənin alimlərinə müraciət etmələridir. Dünyanın ən öndəgedən genetik alimlərindən olan, ateizmdən teizmə keçən Frensis Kollinz "Allahın varlığının dəlilləri. Alimin arqumentləri" əsərində yazır: "Mənə aydın oldu ki, elm təbiətin sirlərini kəşf etməkdə olan inkaredilməz gücünə baxmayaraq, məni Allah barəsində olan sualın həll olunmasında irəli aparmır. Əgər Allah varsa, o zaman O, təbiətin fövqündədir. Ona görə də Onu elmin alətlərinin, metodlarının köməkliyi ilə öyrənmək olmaz. Allahın mövcudiyyətinin dəlilləri bizə başqa yollarla gəlməlidir". - Onda belə çıxır ki, ateistlərin Allahın yoxluğu barəsində irəli sürdükləri arqumentlər yalnız subyektiv xarakter daşıyır və ya bu cür arqumentlər ümumiyyətlə mövcud deyil...   - Heç bir ateist alimin Allahın yoxluğu barəsində bir dənə də olsun arqumenti yoxdur. Əqli-məntiqi qanunlara zidd olan ateizm həmişə dəlilsizlikdən əziyyət çəkib. Rasionallıqdan uzaq olan ateizm bu dəlillərinin yetərsizliyindən aqnostikliyə keçid alır. Frensis Kollinzin təbirilə desək, aqnostiklik isə həqiqətdən qaçmaq üçün gözəl müdafiə üsuludur və aqnostik "Allah varmı?" sualını cavablamadan açıq buraxan bir yanaşmadır. Ateizmin dəlillərinə diqqət etsəniz, hamısında bu tip yanaşmanı görəcəksiniz: "filan dindar pis işlərlə məşğul olur, deməli, Allah yoxdur", "filan yerdə terrorçu özünü partlatdı, deməli, Allah mifdir", "astrofizik alim Hokinq dedi ki, kainat öz-özünə yaranıb, deməli, elədir ki var", "Quranda filan söz niyə belə yazılıb, kişi dörd dəfə niyə evlənə bilər, qədr gecəsində Quranı başa qoyurlar, Quranda yazılıb ki, cihad edin, hə, deməli, Allah yoxdur", "dindar insan ruha, mələyə inanır, bunları da heç kəs görməyib, laboratoriyalarda da heç kəs bunları müşahidə etməyib, deməli, bunlar yalandır. Bunlar yalandırsa, deməli, Allah yoxdur", "din deyir, ölümdən sonra həyat var, oradan heç kəs gəlməyib, deməli, axirət yalandır. Axirət yalandırsa, deməli, Allah yoxdur". Bu zarafata oxşayan arqumentlərin məntiqi sillogizmin heç bir müqəddiməsində qərar verib, düzgün nəticə verməsi mümkün deyil. İstənilən ateist kitablarını, saytlarını, bloqlarını açaq, istənilən ateistdən "Allah niyə yoxdur?" soruşaq. Sizə bu tip dəlillərdən başqa heç bir əsaslı söz deyə bilməyəcəklər. Çox maraqlıdır ki, dünya insanında mənəvi intibah başlandığı bir dövrdə bəziləri ateizmin istifadə müddəti keçmiş şüarlarını yenidən gündəmə gətirir, insanları sofistika ilə Allahın yoxluğuna inandırmağa çalışırlar. Ateizm teizm qarşısında arqumentlərin möhkəmliyinə görə həmişə uduzub. Ona görə də bir alimin ateizmi qəbul etməsi üçün intellektual intihar etməsi lazımdır...   (Ardı var...) İlkin İzzət Milli.Az
13.07.2016   1406   55
 
Tanınmış yazıçı-filosof Rövşən Abdullaoğlunun Milli.Az-a müsahibəsi:   - Rövşən müəllim, Allahın varlığını inkar edən ateist alimlər bu məqamda əsasən Çarlz Darvinin "təkamül nəzəriyyəsi"nə əsaslanırlar. Bu nəzəriyyə ateizmin sütunlarını nə dərəcə möhkəmləndirir?   - Mən bu nəzəriyyənin nə dərəcədə əsaslı olub-olmaması məsələsinə girmədən bu sualınıza cavab verəcəm. ˝Allah - mif, yoxsa həqiqət˝ kitabında "təkamül nəzəriyyəsi" barəsində geniş bir araşdırmamız mövcuddur. İndi bu mövzuya girsəm, söhbət xeyli uzanacaq. Burada isə mühüm bir məsələni qeyd edirəm. Bilmək lazımdır ki, "təkamül nəzəriyyəsi" heç bir halda ateizmin sütunlarını möhkəmləndirməyə xidmət edə bilməz. Təkamül canlılar aləmindəki növ müxtəlifliyinin necə əmələ gəldiyini izah etməyə çalışan bir nəzəriyyədir və bundan artıq heç bir şey demir. Hətta düz olduğu təqdirdə belə Allahın yoxluğunu qətiyyən isbat etmir və edə də bilməz.    Darvinə qədər də "təkamül nəzəriyyəsi" mövcud olub. Ancaq bu ilahi təkamül olub. Yəni Darvinə qədərki alimlər canlılar aləmindəki təkamülün sırf Yaradanın iradəsi ilə baş verdiyini deyirdilər. Onlardan biri Jan Batist Lamark idi. O, "təkamül nəzəriyyəsi"ni Darvindən təxminən 50 il əvvəl irəli sürmüşdü. Ancaq Darvindən fərqli olaraq Lamark növlərin təkamül etməsini ilahi iradə ilə izah edirdi. Darvinin tanıdığı bəzi nüfuzlu elm adamları belə "təkamül nəzəriyyəsi"ni Allahın varlığını nəzərə alaraq qəbul edirdilər. Tanınmış ingilis geoloqu Çarlz Layel (1797-1875) və tanınmış ingilis təbiətşünası, bioloqu Alfred Rassel Uolles (1823-1913) də təkamülü Allaha olan etiqadlarını əldən vermədən qəbul edirdilər.  Ona görə də elmi cəhətdən təkamülün Allaha etiqadla heç bir ziddiyyəti yoxdur. Bu nəzəriyyə sadəcə kainatda, təbiətdə baş verən hər hansı bir prosesi göstərir və bu səbəbdən də qətiyyən Allahın inkarına dəlil ola bilməz. - Bəs bu nəzəriyyənin elm aləmində bu cür geniş yayılmasının, onun ateizmin dəlili kimi təqdim olunmasının səbəbi nədir?   - Darvin ilə eyni dövrdə yaşamış bir ingilis bioloqu olub - Alfred Rassel Uolles. O, Darvinlə eyni vaxtda təkamülü irəli sürüb. Hələ o zaman Darvinin növlərin yaranması barədə məşhur kitabı çap olunmamışdı. Uolles Allaha inanırdı və bütün təkamülü Allahın işi kimi izah edirdi. Onun Darvinlə bu barədə məktublaşmaları da vardır. Maraqlıdır ki, o dövrün elmi dairələri Uolles, Lamark kimi ilahi təkamülə inanan alimlərin təqdim etdikləri təkamül modelini deyil, məhz Darvinin təkamül modelini qəbul edirlər. Çünki o dövrdəki elmi dairələr yeni inkişaf etməkdə olan öz ateist dünyagörüşlərini isbat etməyə dəlil olacaq bir nəzəriyyənin axtarışında idilər. Darvinin Allahı kənara qoyan nəzəriyyəsi isə bu məqamda çox münasib idi. Bildiyimiz kimi Avropa aləmi o dövrlər katolik kilsəsi ilə böyük böhranlar yaşayırdı. Kilsə dini onlara çoxəsrlik böyük bir dağ çəkmişdi. Avropa insanı din adına hər bir şeyi pis-yaxşı kənara qoymaq istəyirdi. Darvinin fikirlərinin bu qədər geniş yayılmasına təkan verən bir sıra amillər var idi. Bu, mövcud olan mənəvi, elmi boşluq, insanlar arasında dini etiqadlara qarşı yaranmış pessimist əhval-ruhiyyə və sair idi. Bu səbəblərdən dolayı Darvinin fikirləri insanların çox asanlıqla qəbul edəcəkləri yeni bir etiqad üçün ideoloji bir bazaya çevrildi. Elə bir ideologiya ki, onların Allaha qarşı aparacaqları fikri mübarizədə "elmi bir sistem" rolunu oynaya bilərdi. Artıq bu məqamda Darvinin fikirlərinin hələ isbat olunmamış ehtimallardan ibarət olan bir fərziyyə olduğu nəzərlərdən kənarda qalmışdı. Darvinin özü belə öz kitabında nəzəriyyəsini ehtimallar əsasında qeyd edir, dəlillərinin isə gələcəkdə tapılacağına, ona yönəlmiş iradlara isə gələcəkdə cavab veriləcəyini açıq-aşkar deyirdi. Yəni onun özü belə bu fikirləri nəzəriyyədən daha çox, fərziyyə bilirdi. O dövrün ateist dairələri üçün isə bu mühüm deyildi. Mühüm olan mövcud vəziyyətdə onları Allaha inananlara qarşı qoruyacaq yeni bir fikrin yaradılması idi.   Ateist Riçard Dokinz bu əhəmiyyətə işarə edərək deyir: "Darvinə qədər ateist biri Yumun məntiqinə əsaslanaraq, uzağı, deyə bilərdi: "Mənim həyatın bioloji mürəkkəbliyinə dair izahım yoxdur. Mən sadəcə deyə bilərəm ki, Allah inandırıcı izah deyildir. Mənim deyəsi başqa sözüm yoxdur. Ona görə bizə düşən yalnız kiminsə daha yaxşı bir izah gətirəcəyini gözləmək və buna ümid etmək idi". Bu yanaşma insanı tam qane etmirdi. Darvinin kəşfi ateistlərin daha sistemli bir mövqe tutmalarına imkan verdi".   Əvvəllər Allahın mövcudiyyətini sırf emosional olaraq inkar edən şəxs indi Darvinin nəzəriyyəsini ən yeni elmi kəşf kimi təqdim edə bilirdi. Aydındır ki, belə bir adam üçün fakt mühüm deyil. O, Darvinin nəzəriyyəsi olmasaydı da, Allahı inkar edəcəkdi. Sadəcə indi onda bunu daha əsaslı etmək şansı yarandı. Darvinin nəzəriyyəsi ateistlərin fikirlərini elmi qəlibə salaraq, əsaslandırmaları üçün ən son şansları idi. Əlində nicat halqası olan suda boğulan birini təsəvvür edin. Onun əlindən kimsə halqanı almaq istəsə, o, halqanı tutub saxlamaq üçün hər bir mücadiləyə hazır olacaqdır. Stalinin təbirilə desək: "Bizə nəzəriyyə lazımdır! Nəzəriyyəsiz biz ölümə məhkumuq!" Ateizm anlayırdı ki, hay-küylə dinə qarşı çıxmaq bir nəticə verməyəcək. Ona görə yalan-doğru hər hansı bir əsaslanma olmalıdır. Bu əsaslanma da müasir insanın pərəstiş etdiyi, elm adına edilməli, elmi bir nəzəriyyə formasında olmalıdır. Darvinin fikirlərini əsaslandırmaq üçün elm aləmində bu günə qədər edilən çoxlu sayda böyük şarlatanlıqlar, saxta dəlillərin təqdimatı, bir çox faktların ört-basdır edilməsi bu cəhdlərin miqyasından xəbər verir. Elm tarixi hələ də dünyaca tanınmış yapon arxeoloqu Siniti Fudzimuranın "təkamül nəzəriyyəsi"nin xeyrinə etdiyi fırıldaqları unutmayıb. Bu arxeoloq öz əli düzəltdiyi tapıntıları elm aləminə uzun müddət qədim qazıntı kimi təqdim edirdi. 2000-ci ildə gizli çəkiliş nəticəsində isə onun saxtakarlıqları ifşa olundu.   Ona görə deyirik ki, ateizmin dəlili kimi irəli sürülən bir çox fikirlərin, həmçinin "təkamül nəzəriyyə"sinin çox qaranlıq keçmişi, müəmmalı dəlilləri, yarımçıq özülü var. Lakin bütün bunlara baxmayaraq, yenə də  qeyd etmək istəyirik ki, bu nəzəriyyə hətta düz olduğu təqdirdə belə Allahın yoxluğu üçün əsla dəlil ola bilməz. - Allahın yoxluğunu sübut etməyə çalışanlar tez-tez bəzi elm adamlarının ateist dünyagörüşünə malik olmalarını gündəmə gətirir və bunu dini dünyagörüşünə əks arqument kimi təqdim edirlər. Sizcə, əgər Allahın varlığı möhkəm elmi dəlillərə əsaslanmış olsaydı, bu qədər alimlər ateist olardılarmı?   - Əvvəla, qeyd edim ki, say çoxluğu heç zaman, heç bir elmi dairədə həqiqətin meyarı, tutarlı bir arqument kimi qəbul edilməyib. Bu, heç də məsələyə elmi yanaşma deyil.   İkincisi, bu cür yanaşmanı düzgün hesab etsək, onda gərək biz də Yaradanın varlığını qəbul edən çoxlu sayda alim, kreasionist mütəfəkkirlərin adlarını sadalayaq və onların sayı heç də əks cəbhədə dayananlardan az deyil.Üçüncüsü, ateist kimi təqdim olunan bir çox alimlərin əslində aqnostik olduğunu görürük. Belə ki, onların əsərlərini mütaliə etdikdə görürsən ki, onlar heç vaxt Allahın yoxluğu barədə dəqiq, əsaslı bir söz deməmiş, hətta əksinə, olma ehtimalını belə dilə gətiriblər. Bertran Rassel, Riçard Dokinz kimi Yaradan və din əleyhinə kəskin çıxışları ilə tanınmış şəxslərin belə sözlərinin ümumi nəticəsi bundan ibarətdir: "Biz Allahın yoxluğunu qəti şəkildə dəlillə sübut edə bilmirik". Dokinz isə əlavə edir: "Allahın varlığı böyük ehtimal ki, yoxdur". Dokinz "Allah bir illüziya" kitabında bir fəsli məhz belə adlandırıb. Bu barədə Rasselin 1952-ci ildə "Illustrated" jurnalında (Is There a God?) "Allah varmı?" adı ilə çap etdirdiyi məqaləyə də müraciət etmək olar. Buradan da aydın olur ki, onların özləri belə Allahın yoxluğu məsələsində yəqinə çatmayıblar.   Dördüncüsü, ateist hesab olunan bəzi alimlər Yaradanın əleyhinə deyil, əsasən din adına olunan sui-istifadələrə qarşı çıxıblar. Məsələn, XVIII əsrin böyük mütəfəkkiri hesab edilən Volter Allaha inanan şəxs olmasına baxmayaraq, o dövrün kilsə dininə qarşı kəskin çıxışlar edirdi. Ancaq digər tərəfdən o, ateizmi cəhalət və səfehlik hesab edirdi. Fikrimin isbatı üçün onun "Fəlsəfə lüğəti" əsərini oxumağı demirəm, sadəcə vərəqləmək, başlıqlarına baxmaq kifayət edər.   Beşincisi, bir şəxsin məsələn, geologiyada, astronomiyada, təbiətşünaslıqda mütəxəssis olması onun sözünün ixtisasına aid olmayan sahədə də avtoritet olması mənasına gəlməz. Bir geoloq və ya astronom alimin "Allah yoxdur" deməsi, adi bir insanın bu iddianı etməsindən heç nə ilə fərqlənmir. Çünki Allah yeraltı bir süxur, kosmosda hərəkət edən səma cismi deyil ki, biz onun barəsində bu alimlərdən soruşaq. Bu alimlərin sözləri yalnız öz sahələrində dəyərə malikdir. Yaradanın mövcudiyyətinin arqumentləri və atributları kimi sırf əqli-fəlsəfi mövzularda, din fəlsəfəsi kimi bir çox əqli və humanitar fənləri əhatə edən məsələlərdə isə o alimlərin sadəcə olaraq bir geoloq, bir astronom, bir təbiətşünas olduqlarına görə fikirləri keçərli deyildir.   Altıncısı, Yaradana münasibətdə bədbin düşüncəli alimlərin fəaliyyət sahəsinə baxanda görürük ki, onlar təcrübə, eksperimental elm sahəsinin adamlarıdırlar. Onlardan "Allah var, yoxsa yoxdur" sualının cavabını gözləmək ulduz falı əsasında həyatımızı qurmağa bənzəyir. Çünki bütün inanc məktəblərinin vurğuladıqları kimi, Allah transsendent bir həqiqətə malikdir. Bu, eksperimental, yəni təcrübi yanaşma ilə müşahidə edilməsi mümkün olmayan bir varlıq deməkdir. İmmanuel Kantın özü belə Yaradanı transsendent bilir və qeyd edir ki, o, hissi müşahidənin və təcrübi araşdırmanın əhatəsindən kənar olan bir həqiqətdir. Biz isə qədim dövrlərdə olduğu kimi hələ də Allahı teleskoplarla bir gün müşahidə edəcəyimizi düşünürük. - Axı bir çox ateist alimlərin başqa sahənin mütəxəssisi olmalarına baxmayaraq, dinlər barədə də geniş mütaliələri var. Bu bilgilər onlara dinlər və Yaradan barədə bir söz deməyə icazə vermirmi?   - Aydındır ki, onlar teologiya və din fəlsəfəsi mövzularında yalnız səthi biliyə malikdirlər. Hər hansı bir sahədə, xüsusən də din kimi insan həyatı, cəmiyyət, tarix, hüquq, fəlsəfə, epistemiologiya, hermenevtika, bir çox humanitar elmlərlə sıx əlaqəlidirsə, söz demək üçün səthi mütaliələr, bazarda eşidilənlər, sosial şəbəkələrdə oxunulanlar, gündəlik həyati müşahidələr qətiyyən kifayət deyil. Dini mövzularda dəqiq və tutarlı söz demək üçün bu sahənin mütəxəssisi olmaq lazımdır. - Bayaq adını qeyd etdiyiniz və müasir günümüzdə ateizmin geniş təbliğatçılarından sayılan Riçard Dokinzin necə, sizcə, din barədə geniş məlumatı yoxdur? Halbuki, o, din sahəsində çoxlu sayda kitablar yazıb, hətta bəzi sənədli filmlər də çəkib.   - Günümüzdə ateizm sözü ilə yanaşı Dokinzin adı tez-tez çəkilir. Deyə bilərəm ki, onun bütün mühüm əsərlərini oxumuşam, çoxlu sayda çıxışlarını, iştirak etdiyi sənədli filmləri izləmişəm. Dokinz ingilis bioloqudur. O, təhsilini bitirəndən sonra orta səviyyədə bir-iki elmi işi işıq üzü gördü. Bundan sonra isə elmi çalışmaları tamamilə tərk etdi və ideoloji mövzularda çalışmağa, ateizmi təbliğ etməyə, şou verilişlərində, debatlarda çıxışlara başladı. Dokinzin bir dənə də olsun onu, hələ heç böyük alim kimi heç demirik, sıradan bir alim kimi təsdiq edəcək sanballı bir əsəri yoxdur. "Eqoist gen" kitabı isə ona qədər deyilmiş bioloji təkamül barəsində olan fikirlərin sadə və ümumi dil ilə bəyanından başqa bir şey deyil. Bu isə elmi iş hesab edilməz. Kitablarını mütaliə edən insanlar da təsdiqləyərlər ki, onun yazıları daha çox bədii cəhətdən zəngin olan, elmi arqumentlərdən tam uzaq, sıradan bir kitabdır. Dokinzin dini biliyinə gəlincə, deyərdim ki, o, ömründə bir dənə də olsun dinin fundamental mövzularına aid olan sanballı bir əsər oxumayıb. Dinlər barəsində olan məlumatlarının natamlığını özü belə etiraf edir. "Əl-Cəzirə" telekanalının jurnalisti Mehdi Həsən ilə onun bir videomüsahibəsi var. Orada Dokinz müqəddəs kitablar barədə fikirlərini deyir, onları tənqid atəşinə tutur. Bu zaman Mehdi Həsən ondan "Quranın Allahı barəsində nə deyə bilərsiniz?" deyə soruşduqda Dokinz belə cavab verir: "Mənim Quranın Allahı barəsində elə də məlumatım yoxdur".  Dərin fəlsəfəyə malik, son və mükəmməl din olan islam barədə elə də məlumatı olmayan biri, görəsən, hansı ixtiyarla bütün dinləri tənqid edir, onları yanlış hesab edir?! Bir insan oxumadığı kitabı necə tənqid edə bilər?!   Dokinz bu vəziyyətdə olan yeganə nümunə deyil. Devid Yum, Bertran Rassel, Feyerbax kimiləri də oxşar vəziyyətdədirlər. İndiki dövrdəki ateistlər din fəlsəfəsi barədə yalnız sosial şəbəkələrdən məlumatlanırlar, orta əsrlərdəkilər isə bazarlardan, rastlaşdıqları dindarlardan eşitdiklərindən. Ona görə də hesab edirəm ki, nəinki Azərbaycanda, ümumiyyətlə dünyada bir nəfər də olsun savadlı, elmli bir ateist alim mövcud deyildir. Onlar hansısa bir sahədə mütəxəssis ola bilərlər, ancaq din sahəsindən qətiyyən yetərli məlumatları yoxdur. Bir-iki latın terminini əzbərləmək, bir-iki fizikaya, kimyaya aid qanunu dilə gətirmək, Eynşteyn, Spinoza, Devud Yum adlarını müqəddəs zikrlər kimi təkrarlamaq insanı hər bir sahədə söz sahibi etməz. - Bəzən təxminən bir fikir də səsləndirilir ki, din adı altında çoxlu cinayətlər törədilmiş və törədilir, inanclı insanlar din pərdəsi altında min bir hoqqadan çıxırlar. Buna keçmişdə inkvizisiya məhkəmələri, səlib yürüşlərini, günümüzdə isə müxtəlif dini-terrorçu qrupların fəaliyyətini misal kimi göstərirlər. Buradan da dinin yanlışlığı və Allahın yoxluğu nəticəsini çıxarırlar. Onların bu mülahizələri barədə nə deyə bilərsiniz?   - Çox təəssüf olsun ki, bəziləri insanların əməllərinə görə məhz Yaradanı ittiham edirlər. Bu, çox yanlış düşüncədir. Belə ki, dindar ilə Allahı, həmçinin dindar ilə dini bir-birindən ayırmaq lazımdır. Eynilə tibb və təbib, təbiət və təbiətşünas, elm və alim kimi anlayışları bir-birindən ayırdığımız kimi. Bu günə kimi heç bir məntiqli insan həkimin şarlatanlığına görə bütün tibbi, alimin fırıldağına görə də bütünlüklə elmi puç və yanlış hesab etməyib. Bu çox gülüncdür. Bəs onda necə olur ki, hansısa inanclının etdiyi yanlışlıqlara görə bütünlüklə dini və Allahı sual altına alırıq?! Bilmək lazımdır ki, hansısa şəxsin, hətta özünü inanclı adlandırsa belə, etdiyi çirkin işin məsuliyyəti Allahın üzərində yox, məhz o şəxsin üzərindədir. İnsanların din adına etdikləri yanlışlıqlardan "Allah yoxdur" və ya "din səhvdir" nəticəsini çıxarmaq insafsızlıq və məntiqsizlikdir. - Bəs onda sizcə, din adına törədilən bu qədər müharibələrin səbəbi nədir? Nəyə görə din adından bu qədər müharibələrə rəvac verilir?   - Din adına törədilən müharibələrin səbəbi digər adlarla törədilən müharibələrin səbəbindən heç nə ilə fərqlənmir. Müharibə törətmək, qan tökmək istəyən şəxs üçün onun hansı adla edilməsinin heç bir fərqi yoxdur. Bu insanlar hədəflərinə çatmaq üçün özlərinə lazım olan istənilən adı seçə bilərlər. Bu ad bəzən din və Allah olduğu kimi, bəzən isə məzlumun haqqını qorumaq, diktaturanı devirmək, bərabərlik, sülhü bərqərar etmək kimi qulağa xoş gələn gözəl sözlər də ola bilir. Zülmkar insanın öz hədəfinə çatmasına heç nə mane ola bilməz. Din olmasa, onlar bunu başqa yollarla edəcəklər.   Ümumiyyətlə, bir məsələni də qeyd edək ki, əgər bəşər tarixinə nəzər salsaq görərik ki, qeyri-dini zəmində olan müharibələr və qətllər dini zəmində olan müharibələrdən qat-qat çoxdur. Mən bir-bir onların adlarını və səbəb olduğu insan qətllərinin statiskasını vermək istəmirəm. Sadəcə olaraq, sözlərimin doğruluğunu bilmək üçün qədim dünyanın, orta əsrlərin, yeni dünyanın müharibələrinə və postindustrial müharibələrə baxmaq kifayətdir. Həmçinin, gündəlik həyatımızda baş verən kriminal hadisələrə də nəzər salsaq, onların 80-90%-nin qeyri-dini zəmində olduğunu anlayarıq. Əksəriyyətinin oğurluq, qarət, təcavüz, narkotik və silah satışı, əxlaqsız işlər olduğunu görərik. Hətta günümüzdə din adı ilə törədilən müharibələrin mahiyyəti belə dini deyil, hansısa ölkələrin siyasi məqsədlərinin din pərdəsi altında yürüdülməsidir. Ona görə dini əksər müharibələrin səbəbi, bütün cinayətlərin başı kimi göstərməyi dünya tarixindən, siyasi məsələlərdən məlumatsızlıq və ya bunu deyən şəxslərin sırf qərəzliliyi kimi dəyərləndirmək olar.   (ARDI VAR...) İlkin İzzət Milli.Az
13.07.2016   2100   76
 
BEYNİN YUYULMASI NƏDİR Bu məqaləni yazmamışdan əvvəl uzun müddət idi ki, bəzi insanların birdən-birə düşüncələrini tamamilə dəyişərək zombiləşməsinin səbəbləri üzərində araşdırma aparırdım. Bilmək istəyirdim ki, görəsən, necə olur ki, psixi cəhətdən tam sağlam olan (hətta intellektual səviyyəsi yüksək olan ali təhsilli) bəzi şəxslər müəyyən qruplar tərəfindən rahatlıqla manipulyasiya edilirlər. Baxıb görürsən ki, belələri rahat bir şəkildə öz ilkin dünyagörüşlərinə tamamilə zidd gələn ideologiyanı qəbul ediblər. Hətta bundan sonra radikal-fanatik hərəkatın, yanlış ideologiyanın (istər dini, istərsə də qeyri-dini olsun) təbliğatçısına belə çevriliblər. Yaxud da görürsən ki, bir şəxs hər hansı bir cəmə daxil olduqdan sonra yanlış yol ilə gedir, cinayət işləri ilə məşğul olur. Səhv etdiyi açıq-aşkar bilindiyi halda heç kəsin nəsihətlərinə qulaq asmır və özünü tamamilə düz hesab edir. Belə hallarda, adətən, deyirlər: ˝Onun beyni yuyulub. Düşüncəsi dəyişilib. Psixologiyası silinib. Kodlaşdırılıb. Zombi olub. Robota çeviriblər. İradəsi əlindən alınıb və kənardan idarə olunur˝. Bütün bu ifadələri ˝beynin yuyulması˝ ilə ifadə edirlər. Bu təbir özündə deyilən bütün bu sözləri ehtiva edir. ˝Beynin yuyulması˝ ifadəsi düşüncənin idarə olunması, köklü surətdə dəyişilməsi və məcburi olaraq başqa ideologiyaya inandırmaq mənalarını daşıyır. Bu proses ilə şəxsin və ya kütlənin düşüncələri, etiqadları və davranışları öz istəklərinə əks olaraq əsaslı surətdə dəyişdirilir.  Nəticədə onlar digərlərinin istəklərini həyata keçirməkdə bir alət rolunu oynayırlar. Beynin yuyulması prosesini anlamaq üçün ilk növbədə şüurun idarə və manipulyasiya olunmasının elmi modellərini axtarıb tapmaq lazımdır. Bunu anlasaq, radikal dini və ya qeyri-dini qrupların, idman, musiqi fan-klubların nümayəndələrinin, bəzi cəmiyyətlərin fərdlərinin düşüncələrinin fundamental dəyişə bilmələrinin səbəblərini başa düşəcəyik.   ˝BEYİNYUMA˝ BİR İFADƏ OLARAQ NƏ ZAMANDAN YARANIB Bu ifadənin yaranması XX əsrin I yarısına təsadüf edir. Ancaq o zamanlar hələ beynin yuyulmasının sistemləşdirilmiş metodları işlənilməmişdi. Bu ifadə XX əsrin ortalarında Çində ölkə daxilində öz müxaliflərinə və bir də hərbi əsirlərə nisbətdə onların düşüncələrində dəyişiklik etmələri ilə əlaqəli işlədilirdi. Çin dilində də buna ˝hsi nao˝, məhz beyinlərin yuyulması deyilirdi. Həmçinin ABŞ-da da Çin komunistlərinin xarici hərbi əsirlərə nisbətdə tətbiq etdikləri bu davranışlarına belə deyirdilər. Robert Lifton bu təbiri ilk dəfə amerikalı jurnalist Edvard Hanter tərəfindən işlədildiyini yazır.[1] Edvar Hanter bu ifadəni çinlilərin Çin komunist partiyasının ölkədə tətbiq etdikləri bu metodlar barədə işlətdikləri kəlmədən sitat olaraq gətirirdi. Daha sonra isə ˝beyinlərin yuyulması˝ ifadəsi ümumiləşdi və hər növ düşüncəni, ideologiyanı məcburi olaraq köklü surətdə dəyişmə cəhdlərinə şamil edilməyə başlanıldı. Günümüzdə, bu təbir, həmçinin hər növ siyasi, ictimai və ideoloji (istər dini olsun, istərsə də qeyri-dini) zəmində aparılan düşüncəyə təsir edən təbliğata aid edilir. Çin komunistlərinin bu beyin yumaları nəticəsində əsir düşmüş bəzi hərbiçilər, hətta öz ölkələrinə qayıtdıqdan sonra belə ölkələrinin əleyhinə, Çinin isə xeyrinə təbliğatlar aparırdılar. 1954-cü ildə Honkonqa gələn psixiatr Robert Liftonun da araşdırması məhz bunun səbəbini tapmaqdan ibarət idi. O, sonradan  bütün araşdırmalarının nəticələrini əsərlərində yazır. Beyin yuyulması metodları tarix boyu bir çox sektalarda, dini qruplarda, qapalı cəmiyyətlərdə və diktator dövlətlərində olmuşdur. Sadəcə olaraq, onlar bunun psixoloji işləmə mexanizmlərini bilmədən tətbiq edirdilər. Tarix boyu bu metodları bəziləri nəticələrini ümumi olaraq bildikləri halda, bəziləri isə bilməyərəkdən digərlərinə yönəldirdilər. XX əsrin ortalarından sonra isə bu təsirlərin işləmə mexanizmi araşdırılmağa, beyin yumanın daha dəqiq metodları müəyyən edilməyə başlanıldı.   BEYİNYUYULMASI HALINI DAHA ÇOX HARADA MÜŞAHİDƏ EDİRİK Beynin yuyulması metodunun tətbiq olunduğu sahələr çox genişdir. Totalitar rejim olan bütün qapalı sahələri əhatə edir. Bura dini sektalar, qeyri-dini dəstələr, kriminal cinayətkar birləşmələr, hər hansı bir cəmiyyət, ölkə, siyasi qruplar, ictimai təşkilatlar, hərbi düşərgələr, həbs düşərgələri, həbsxanalar, müxtəlif rejimlər və hər hansı bir qruplaşmaya nümunə olan cəmlər daxildir. Qeyd etdiyimiz bütün bu yerlərdə beynin yuyulması, zombiləşmə, fərdin iradəsinin və zehni təhlilinin iflic olması kimi totalitarizm psixologiyasının təzahürü müşahidə edilməkdədir. Dünya psixologiyasında totalitar dəstələrin[2] fərdlərin şüurlarına və psixologiyalarına destruktiv təsir etməsinin bir neçə modeli işlənilmişdir. Hanna Arendtin, Erix Frommun əsərlərində, Edvard Hanterin fikirlərində, Amerika psixoterapevti Robert Cey Liftonun totalitarizm psixologiyasında yazdığı kitablarda, Edqar Şeynin və XX əsrin II yarısında bu sahədə fəaliyyət göstərmiş bəzi araşdırmaçıların əsərlərində mövzu ilə bağlı maraqlı mətləblər vardır.    DÜŞÜNCƏNİN KÖKLÜ DƏYİŞİLMƏSİNƏ SƏBƏB OLAN AMİLLƏR İnsanın düşüncəsinin başqasının istədiyi kimi formalaşdırılması, yaxud da ilkin düşüncəsinin köklü surətdə dəyişdirilməsi üçün bəzi metodlardan istifadə edilir.  1) İnformasiya blokadası: İnsanların düzgün fikir yürütmələri və düzgün nəticə çıxartmaları üçün ilk növbədə lazım olan vasitə məlumatdır. İnsan müxtəlif bir-birinə zidd məlumatları eşidir və onları bir-birilə müqayisə edir. Ağlı ilə düz gələnini seçir. İnformasiya bizim beynimizin qidasıdır. Aydındır ki, zehni qidaya görə də insanın düşüncəsi, hisləri, nəticədə də davranışları formalaşır.   Totalitar strukturlarda beynin yuyulması üçün ilk növbədə onların təbliğlərinə əks olan informasiyanın qarşısını ciddi surətdə alırlar. Bu cür informasiya blokadası səbəb olur ki, şəxs yalnız bir mənbədən qidalansın. Bir müddət zərərli qida alan insanın sonunda da xəstələnməyi təbiidir. Daim eyni formalı məlumatı alan insanın başqa cür düşünməyə imkanı yoxdur. Çünki beyin ona verilən məlumatlarla düşünür.   Bəzi dini sektalarda görürsən ki, yalnız öz etiqadlarına aid ədəbiyyatları oxuyurlar. Fikirlərinə əks olan ədəbiyyatların mütaliəsini qəti surətdə qadağan edirlər. Əgər bir məktəb öz yolunun düzlüyünə tam əmindirsə, aydındır ki, o, digər yanlış bildiyi fikirlərə də açıq olacaqdır.   Bəzi ölkələrdə də kütlələrin düşüncələrini dəyişmək və rejimin onlar istədiyi kimi idarə olunması üçün də hər növ kənar informasiyanın sızmasına qadağa qoyulur. Facebook kimi sosial şəbəkələrə, youtub kimi müxtəlif fikirlərin olduğu kanallara çıxışı tam qadağan edirlər. Cəmiyyətin kənar ölkələrlə əlaqəsini kəsirlər. 2) Ağılın blok edilməsi: Ağıl yaradılışdan insana verilmiş çox qeyri-adi xüsusiyyətə malik bir qüvvədir. O, məsələləri dərindən təhlil etmə, müqayisə aparma, yeni nəticə çıxartma, pisi yaxşıdan ayıra bilmə qüdrətinə malikdir. İnsanlıq əldə etdiyi bütün maddi-mənəvi nailiyyətlərinə yalnız bu qeyri-adi qüvvənin səbəbilə çatmışdır.   Belə məqamlarda ağılın fəaliyyətini dayandırmaq ən geniş yayılmış yanaşmalardandır. Bu qruplar ağılı zərərsizləşdirmək üçün ona olan etimadı sıfıra endirirlər. Onun yerinə təqlid, iman[3], rəhbərə etimad anlayışlarını gətirirlər.   Bunun üçün müxtəlif təbliğatlardan istifadə edirlər. Məsələn, radikal dini sektalarda ˝din ağıl ilə dərk edilməz˝, ˝ağıl yalnız dünyəvi işlərdə keçərlidir˝, ˝rəhbərlərimizin hökmlərini, fətvalarını hər nə olursa olsun sözsüz qəbul etməlisiniz˝, ˝ağıl çox qüsurludur˝ kimi fikirlər yayırlar. Bu fikirləri möhkəmləndirmək üçün də münasib bildikləri ayə və hədisləri də yanlış mənada, istədikləri kimi yozmaqdan çəkinmirlər.   Bu cür dini sektalar çərçivəsində üzvlərinə uzun müddət psixoloji təlqinlər edilir. Onlara sektanın qərarlarının və tutduğu yolun düzlüyü barəsində şəkk etməməkləri aşılanılır. Əqli təhlil kimi vəzifəni onların üzərindən götürüb dini sektanın rəhbərinin üzərinə qoyurlar. Fərdin iradəsi rəhbərin iradəsinə tabe edilir. İnsan sekta tərəfindən onun üzərinə qoyulmuş şablon əsasında düşünür və hərəkət edir.   Ağıl blok ediləndən sonra məntiqi təhlil və düzgün nəticə çıxartma qabiliyyəti ölür. Bu insanı baş verənlər barədə ən absurd və gülməli izahlar belə qane edir. Belə birinə səhv yolda olduğunu ən güclü məntiqi dəlillərlə izah etsəniz belə, o, sektanın rəhbərinin, yaxud da aid olduğu cəmiyyətin liderinin verdiyi ən bəsit və məntiqsiz izaha daha çox etimad edəcəkdir.   Dini fanatizm, totalitar rejimlər də məhz belə yaranır. Bundan sonra beləsinin əlinə bomba versən, özü ilə birgə istədiyin yeri partlatmağa hazırdır.  3) Mistik formada izah: Mistika, qeyb, məxfilik insan psixologiyasını xüsusi formada böyük təsir altına salır. Buna görə də beyin yuyulmalarında fəaliyyətin, tutduqları yolun və ya ideologiyalarının mistik izahından çox istifadə edirlər. Bəzən də başlarına gələn hadisələri (özlərinin təsdiqinə uyğun olaraq) fövqəladə qüvvələrlə izah edirlər. Onlara görə, bu fövqəladə qüvvələr heç bir qanuna tabe deyil və onların bütün işlərinə nəzarət edir. Onlar da məhz bu qüvvələrin göstərişi ilə hərəkət edirlər.   Belə qruplar etdikləri işlərə mistik izah axtarmağa çalışırlar. Bununla işlərinə bir məxfilik gətirirlər. Sanki müqəddəsləşdirirlər. Məsələn, buddist sektaları özlərinə aid olan qida qəbulunu (hansı qidanı yeyib, hansını yeməməyi) müxtəlif mistik izahlarla bəyan edirlər. Bəzi ifrat millətçi qruplar öz mənsub olduqları millətin digərlərindən üstünlüyünə dair yaradılış və təbiət ilə əlaqəli bəzi ecazkar izahlar verirlər. Bununla da özlərinin millətlərə ayırıcı yanaşmalarına bəraət qazandırmağa çalışırlar.   Aydındır ki, bu cür izah həm əlavə sualların, iradların qarşısını alacaq, insanı sözsüz itaətə sövq edəcəkdir, həm də idarə olunan şəxs artıq bu işlərə tənqid gözü ilə baxa bilməyəcəkdir. İstənilən totalitar rejimdə, sektalarda (istər dünyəvi, istərsə də dini olsun) bu mistiklik hər hansı bir formada vardır.   Mistik formada izah əsasında manipulyasının beyin yuma prosesində çox mühüm yer tutduğunu Robert Lifton kimi əksər araşdırmaçılar öz kitablarında qeyd etməkdədirlər.   Elə buna görədir ki, araşdırmaçılar dini və milli hislərə əsaslanan metodların zombiləşmə prosesində xüsusi effektə malik olduğunu qeyd edirlər.   Bir məsələni də qeyd edək ki, həqiqi ilahi təlimlər insanı yalnız sülhə, sazişə, ədalətə və əfvə çağırır. Məsələləri əqli cəhətdən təhlil etməyi, gözəl əxlaq və gözəl davranış sahibi olmağı təbliğ edir. Sadəcə olaraq, çox təəssüflər olsun ki, bəzən insanlarla manipulyasiya etməkdən ötrü onların etiqadlarından sui-istifadə edilir. İnsanlara ilahi təlimlər olduğu kimi çatdırılsaydı, onlarda zombiləşmə prosesi də, təbii ki, getməzdi. 4) Xarizmatik şəxsiyyətlərin yaradılması və ilahiləşdirmə: Hər hansı bir ideologiyanın, manipulyasiya edən institutun, dəstənin mütləqdir ki, nümunə göstərilən şəxsiyyətləri olsun. Bu şəxsiyyətlər hazırda sağ da ola bilər, keçmişdə də yaşamış ola bilərlər. Əsas bunun olmasıdır.   Bu məqsədlə totalitar rejimlərdə bəzən belə şəxsləri uydururlar. Bəzən isə mövcud olan şəxsiyyətlərə həqiqətlə uyğun olmayan mübaliğəli üstünlüklər nisbət verirlər. Onların qəhrəmanlıqlarını, ideologiyalarına olan sadiqliklərini və başqa üstün xüsusiyyətlərini əks etdirən miflər yaradırlar.   Bəzən isə tanınmış bir şəxsin özlərindən olduğunu, onlar kimi düşündüyünü təqdim edirlər. Əslində isə o şəxsin bunlarla heç bir rabitəsi yoxdur.   Bunun həm dini, həm də qeyri-dini birləşmələrdə şahidi oluruq. Dində bəzi səhabələrə, bəzi yüksək məqamlı dini şəxsiyyətlərə, qeyri-dini hallarda isə tarixi şəxsiyyətlərə nisbətdə bu halı görürük.   Bu qruplara öz rəhbərlərini bir çox hallarda ilahiləşdirmə, yaxud da hansısa ilahi bir varlığın nümayəndəsi olduğunu irəli sürmə halları xasdır.   Bir məsələni də qeyd edək ki, aləmdə qeyri-maddi qüvvələrin mövcudiyyəti, peyğəmbərlər kimi Allah tərəfindən göndərilmiş müqəddəslərin olması danılmaz bir həqiqətdir. Ancaq bu sektalar adi insan olan öz rəhbərlərini müqəddəsləşdirir, az qala peyğəmbərlərə xas olan xüsusiyyətləri onlara nisbət verirlər. Rəhbərlərinin bu müqəddəs şəxslərdə olan səlahiyyətə, qeyri-adi ilahi qüdrətə malik olduğunu aşılayırlar.   Rəhbərini müqəddəs bilən şəxs ona sözsüz qulaq asacaq, öz ağlı ilə gəldiyi nəticələrə qətiyyən etimad etməyəcəkdir.   Hər hansı bir manipulyasiya edən institut və ya şəxs ətrafında yaradılan mistik aura bəzən dini və ilahi olmaya da bilir. Məsələn, SSR-də partiyanın, yaxud Lenin, Stalin kimi şəxslərin, faşist almaniyasında Hitlerin barəsində yaradılan mistiklik kimi. Onlar ilahiləşdirilsələr də belə bu, tamam başqa formatda edilirdi. SSR-i ilahi anlayışlara zidd çıxsa da, kommunist partiyası və onun liderləri ətrafında yaratdığı aura məhz müqəddəslik, qeyri-adilik, peyğəmbərlik və ilahilik anlayışlarına yaxın idi. Belə qeyri-dini qruplar öz liderləri və ya partiyaları haqda onların tarix, tale tərəfindən seçildiklərini, hər şeydə düz hökm verdiklərini, xətadan uzaq olduqlarını, onlara sözsüz itaətin lazım olduğunu deyirlər. Bu anlayışlar (başqa cür ifadə olunsa da belə) eynilə dində də vardır.   5) Tənqidi düşüncənin qadağası: Onlar tənqidi düşüncəni kökündən qadağan edirlər. Fundamental mövzular olaraq qəbul etdikləri məsələlər toxunulmazdır. Bu barədə əks fikir qəbuledilməzdir. Tabu olaraq təqdim olunan qadağalar barədə tənqidi formada düşünmək belə olmaz.   Hər hansı diktator rejimdə, radikal sektaların daxilində günah, qadağa, tabu adı ilə təbliğ olunan yanlış mövzular barədə təhlil etmək qabiliyyəti insandan alınır. O, bu barədə tənqidi düşünə bilmir. O, tabe olduğu dəstənin və ya rəhbərin psixoloji qanunları əsasında düşünməyə və hərəkət etməyə başlayır. Ona görə də rəhbərinin, kumirinin və insandan ibarət olan hər hansı digər bütünün sözlərinə, hərəkətlərinə tənqidi yanaşa bilmir. Belə ki, bu tip insanlar özlərinin zombi fəaliyyətini dərk edə bilmirlər.   Bu cür kumirlər dini şəxsiyyət, ədəbiyyat sahəsində hər hansı bir yazıçı, orator, ölkə başçısı, dəstə başçısı, musiqi ifaçısı, müəllim, ailə başçısı, ictimai xadim və sairə ola bilər.  6) Pis və yaxşıya kəskin bölgü:  Hər hansı bir qrupun dünyanı pis və yaxşı (dost-düşmən, təmiz-mundar, xeyir-şər, ağ-qara, zülmət-nur) olaraq ikiyə bölməsi psixoloji olaraq böyük dəyişikliklərə yol aça bilər. Totalitar sektalara görə, hər kəs onların qrupundadır, onlar müsbət anlayışa aiddirlər. Onlardan qeyriləri isə pis və mundardırlar. Üçüncü yol, onlara görə, mümkün deyil. Neytral anlayış onlarda yoxdur.   Bu cür bölgünün tarix boyu müxtəlif formada bəyanını görmək olar: ˝Bizim iqtidar yaxşı, müxaliflərimiz pisdir˝, ˝bizim məzhəb haqq, digərləri isə tamamilə batildir”, ˝partiyamız düzgün, digər partiyalar isə azğındır”, ˝bizim fikrimiz əla, digər fikirlər isə mütləq olaraq səhvdir˝, ˝bizim cəmiyyət, bizim ölkə, bizim irq, bizim xalq ən ali, digərləri isə bizim nökərlərimizdir, aşağıdırlar…˝.   Hər hansı bir yerdə bu cür təbliğlər aydındır ki, totalitar düşüncə və psixologiyanın formalaşmasına xidmət edir.   Tolerantlıq, dözümlülük, dinlərin dialoqu, azad fikir, demokratiya, plürializm kimi anlayışlar isə əksinə, bu totalitar psixologiyanın yıxılmasına səbəb olar.   Burada belə bir sual yaranır: ˝Axı bir cəmiyyət və ya fərd özünü düz bilirsə, bunu nəyə görə ifadə etməsin? Və bunun nəyi pisdir? Necə ola bilər ki, pis və yaxşı, zülm və ədalət kimi anlayışlar arasında bölgü aparmayasan?˝   Cavab: Totalitarizm psixologiyası nəyin yaxşı, nəyin pis olması məsələsinə köklənməmişdir. Onun vəzifəsi insanların psixologiyasının müəyyən mühitlərdə işləməsini, müxtəlif dəyişikliklərə necə uğramasını təhlil etməkdən ibarətdir. Ona görə də bizlər bu faktın psixoloji təsirindən və işləmə mexanizmindən danışırıq.   Həmçinin biz belə bir bölgünün bəzi məqamlarda aparılmasını da məqsədəuyğun hesab edirik. Sadəcə olaraq, bu bölgü faktorunun totalitar sektalarda daha qabarıq və aqressiv formada aparıldığının şahidi oluruq. Bəzi dəstələr və ideoloji məktəblər bu bölgünü əsasən düşmənçiliklərinin yönəldiyi obyekti müəyyən etmək üçün aparırlar. Buradan da irqçilik, şovinizm, faşizm, radikal ekstremizm kimi müxtəlif ˝izm˝lər yaranır.   Normal cəmiyyətlərdə isə (bu bölgü qabardılmadan aparılsa da belə) özlərindən qeyrilərinə tolerant yanaşmanın şahidi oluruq. Din də eyni bölgünü aparır, ancaq müdara, keçinişmək, sülh, anlayış göstərmək kimi yanaşmalarla paralel. Radikallığa, düşmənçiliyə dəvət etmədən.   7) ˝Seçilmiş˝ fenomeni: ˝Seçilmiş˝ fenomeninin də xüsusi təsiri vardır. Onlar qruplarının üzvlərinin xüsusi seçilmiş və digər adi insanlardan fərqlənmiş olduqlarını təbliğ edirlər. Bu seçilməni aparan mənbəni isə müxtəlif adlarla təqdim edirlər. Məsələn, deyirlər ki, ˝bizləri Allah seçib˝, ˝sizlərə tale digər insanlara nisbətdə üstünlük bəxş edib˝, ˝tarix sizi fərqləndirib…˝. Bu cür mistik qüvvələr və müəmmalı obyektlər tərəfindən seçildiklərini şiddətlə vurğulamaq səbəb olar ki, insan özünün məxsus olduğu dəstəni üstün görsün. İnsan hamıdan fərqli və üstün hesab etdiyi dəstənin yanlışlıqlarını, təbii ki, görməyəcəkdir. Özünün belə bir üstün cəmə mənsub olduğunu ilahi bir nemət biləcəkdir. Bu nemətin əlindən çıxmaması, nəticədə də adi, dəyərsiz insanlardan biri olmamağı üçün bütün hər şeyi etməyə razı olacaqdır. Nəticədə o cəmin sadiq nökəri olacaq, o ideologiyanın təbliğatçısına çevriləcəkdir.   8) ˝Natamamlıq˝ və ˝həqirlik˝ fenomeni: Dəstənin hər bir fərdinə birbaşa və ya dolayısı ilə anladırlar: sizlər heç kimsiniz, sizlər zəif birisiniz, sizlər həyatda heç kəsə lazım olmayan şəxslərsiniz, sizlər natamamsınız, atılmışlarsınız…   Bu cür yanlış fikirlər yaradan təlqinləri onlar ümumi və fərdi söhbətlərdə, müxtəlif məqamlarda edirlər. Nəticədə fərd özünü natamam, cəmiyyətdə heç kimə lazım olmayan, zavallı bir məxluq hesab edir. O, fikirləşir ki, mənim kimi lazımsız bir tullantıya yalnız bu cəm sahib çıxmışdır. Mən yalnız onlara lazımam, mənə onlar dəyər veriblər. O, özünü onların cəmində rahat və tamamlanmış hiss etməyə başlayır.   Bu dediklərimizin dərin psixoloji kökləri vardır. Bir insanı hər hansı bir dəstəyə bağlamaq üçün böyük təsirə malikdir.   Həqiqi ilahi və ya psixoloji təlimlərdə isə biz bunun əksini görürük. Həqiqi din insana məxluqların ən şərəflisi olduğunu aşılayır. Onun ən üstün maddi və mənəvi məqamlara sadəcə Yaradanına etimad etməyi, Ona arxalanmağı ilə çata biləcəyini aşılayır. Bu isə əslində insanın özünə güvənməsi, heç kəsdən yardım gözləməməsi, hər şeyi edə biləcəyi deməkdir. Dini mətnlər Allaha arxalanan insanın sonsuz qüdrətə sahib olacağını bildirir.   Müqəddəs kitablar insana özü kimi insanların qulu olmamağı təbliğ edir. Ona deyir: ˝Allah səni azad yaradıb. Ona görə Ondan başqa heç kəsə itaət etmə˝. Bütün itaətə yalnız Allahın layiq olduğunu deyir. İtaəti vacib olan Allah isə ona insanların təsirindən qurtulmağı əmr edir.   9) Məxsusi dil, jarqon və davranış forması: Totalitar mühitə xas olan digər xüsusiyyət özlərinə xas danışıq və davranış formalarının, xüsusi ayinlərinin, əlamətdar günlərin, atributların, adətlərin, geyim formalarının olmasıdır. Bunlar istənilən ideoloji totalitarlığın başlanğıcıdır. Totalitar dəstə özünü digərlərindən fərqləndirmək üçün fikirlərini kiçik sözlərdə, terminlərdə qərar verir. Onlar arasında bir-birlərinə xüsusi müraciət formaları vardır. Onlar digərlərindən fərqli geyinir, fərqli ifadələr işlədir, fərqli yaşayış tərzinə malikdirlər.   Bu cümlələri yazanda zehnə sadəcə dini sektalar gəlməsin. Belə ki, dünyəvi totalitar mühitlərdə də bunun bariz nümunəsini görmək olar. Hər hansı bir dünyəvi ideoloji məktəb və sistem belə özünü fərqləndirmək üçün bu yanaşmadan istifadə edir. Bunun biz burjuaziya, kapitalizm rejimlərində, faşist almaniyasından tutmuş, sovet mühitində bariz şahidi oluruq.   Məsələn, sovet dönəmində bütün şərlər kapitalizm, burjuaziya sinfi, imperializm, liberalizm, din, məscid, kilsə, sinfi istismar kimi terminlərlə əlaqələndirilirdi. Proletariat, fəhlə sinfi, Lenin, Stalin, bütün dünyanın proletariatlarının həmrəyliyi, pioner, kommunist, sinfi bərabərlik kimi ifadələr isə müsbət fikirlərlə əlaqələndirilirdi.   Əslində isə sovetin bu gözəl ifadələri totalitar dilin sözlərindən başqa bir şey deyildi. Bu ˝gözəl sözlərlə˝ öz çirkin işlərinə bəraət qazandırır, yanlış ideologiyalarını yeridir, xalqları istismar edirdilər.   Eynilə məhbuslar arasında, dini birləşmələrdə də həm dil, həm də xüsusi davranış, manera formalarının şahidi oluruq. Bütün bunlar o dəstənin üzvlərinin psixoloji olaraq rahat idarə olunmağına xidmət edir.   Onlar bu məxsusi dil və davranışlarla sanki özlərininkiləri qeyrilərindən ayırırlar. Hər dəfə bu dil və davranışlarla qarşılaşdıqda onların zehnində özlərinin fərqlilikləri, üstünlükləri və ideologiyaları asossiasiya olunur. Bu isə daimi olaraq təsir altında qalmalarına səbəb olur. Jarqon və məxsus hərəkətlər, hətta geyim belə kütləvilik psixologiyasına səbəb olur. Fərdin iradəsi alınır. Kütləyə məxsus vahid psixologiyanın təsirilə kütlənin iradə və istəklərinin birbaşa icraçısına çevrilirlər.   Bir məsələni də qeyd edək ki, bu cür məxsusi dil və davranış bütün mentalitetlərə, istənilən mədəniyyətə və ya inam sistemlərinə məxsusdur. Bunlarsız heç bir birliyi təsəvvür etmək, demək olar ki, mümkün deyildir. Məxsus terminlər, ayinlər və davranışlar hər hansı bir birliyin özünüifadə forması hesab edilir.   Ona görə biz birmənalı şəkildə bu məxsusluğu pisləmirik. Sadəcə olaraq, məsələnin psixoloji köklərini təhlil edirik. Həmçinin aydındır ki, faydalı işlər ətrafında birləşmiş hər hansı bir düzgün ideologiyaya mənsub dəstələrin belə fərqləndirici əlamətlərdən istifadəsi həm təbii, həm də məqbuldur.   Ancaq totalitar mühitlərə məxsus bu kimi amillər daha radikal və aqressiv düşüncələrlə əlaqələnir. Bu, onları həm psixoloji, həm də ictimai məhvə sürükləyir. Hansı ki bunu biz digər mədəni, milli və ya həqiqi dini təşkilatlarda müşahidə etmirik.  10) Şəxsiyyətin məhvi: İnsanı bir fərd olaraq cəmiyyətin digər üzvlərindən ayıran ona xas olan bir çox psixoloji və ideoloji məsələlərdir. Hər bir fərdin özünə xas şəxsiyyəti vardır. Əgər bu mən, bu şəxsiyyət itsə, o zaman o insan aid olduğu dəstəyə qarışacaq, onun içində yox olacaqdır. Totalitar qruplar ilk olaraq fərdi öz dairələrinə daxil edirlər. Ondan sonra onun şəxsiyyətini, düşüncələrini, biliklərini müxtəlif psixoloji, informasiya hücumlarına məruz qoyurlar. Bununla onu bir individuum kimi assimilyasiya edirlər. Onu əridirlər, özünə məxsus mənini zəiflədirlər.   Bundan sonra belə insan digərlərinin onu kodlaşdırmasına tez müsbət cavab verir. Elə bil ki, şamı əridib onu mum edirsən, daha sonra isə mumdan özün istədiyin qəlibdə yeni bir fiqur düzəldirsən.   Şəxsiyyəti, düşüncəsi yenidən yığılmış insan artıq psixoloji tənəzzülə uğramış olur, öz hərəkətləri üzərində muxtariyyətini itirir.   Şəxsiyyətin totalitar strukturlar tərəfindən hücuma məruz qalması insanın fərdliliyini təşkil edən bir çox fundamental psixoloji faktorları aradan aparır:   1) İnsanın özünü müstəqil bir fərd, bir mən olaraq hiss etməsini aradan aparır. Özünü dərk hissi yox olur. Nəticədə insan yalnız özünü mənsub bildiyi birliyi hiss edir.   İnsan mütəmadi olaraq hüzuri elm ilə anlayır ki, mən deyilən bir şey var. Həmçinin bu mən digər mənlərdən köklü surətdə fərqlənir. Şəxsiyyətin əriməsi zamanı bu məni hiss etmə qabiliyyəti sönür. Yerinə biz anlayışı gəlir.   2) ˝İstədiyimi edə bilərəm˝ hissini aradan aparır. Bu zaman istədiyim anlayışı itir. Öz istəklərini duya bilmir. Onun yerinə onların istədiyi anlayışı gəlir.   3) Fəaliyyətlərini hiss etməsi hissi aradan gedir. Özünün hərəkətlərini, etdiklərini dərki etmir.   4) Fərqlilik hissi aradan gedir. Belə bir insan özünü aid olduğu kollektivdən fərqli və ayrı hiss etmir. Ona görə bir bütövlük hissi vardır.   Nəticədə assimilyasiyaya uğramış şəxsiyyətlər öz həyatlarında yeganə avtoritet olaraq dəstənin başçısının idelogiyasını qəbul edirlər. 11) Günah hissinin yaradılması: İnsanın özünü hər hansısa bir əməlinə görə günahkar hiss etməsi VIII bölmədə deyilən özünü natamam hiss etməkdən fərqlidir. Bu birliklər insanlara özlərinin günahkar və təqsirkar olduqlarını təlqin edirlər. Hər hansısa bir işi yanlış etdiyini bu fərdə aşılayırlar. Nəticədə insan özünü çox pis hiss etməyə başlayır. Bundan sonra müntəzəm olaraq fərqli formada yanaşmalarla ona özünün günahkar olduğu hissini mütəmadi olaraq hiss etdiririrlər. İnsan daim öz-özünə təkrarlayır: ˝Mən günahkar və təqsirkar biriyəm. Mən ən ağır cəzalara belə layiqəm. Mənim günahımı heç bir tövbə və bağış yuya bilməz. Yeganə nicatım yalnız bu dəstədir. Tövbəm yalnız özümü və hər şeyimi fəda etməkdir˝.   Özünü günahkar bilən biri ən azı öz vicdanı və ya mənsub olduğu cəmin qarşısında özünü bağışlatmaq üçün hər bir kəffarəni ödəməyə hazır olur. Belə birisindən özünü, ailəsini, bütün yaxınlarını belə (özünün bağışlanması üçün) qurban etməsini tələb etsələr, o, buna asanlıqla razı olar.   Günahkar insanda keçmişinə görə bir təəssüf və tövbə hissi yaranır. O artıq yenidən doğulmağa hazırdır. Birinə günahkar olduğunu aşıladıqdan sonra onu günahkar edən xarici amilləri də ona göstərirlər. Bu zaman içərisində yaranmış qəzəbi və düşmənçiliyi bu kənar amillərə yönəldir. Belə kənar amillər, adətən, dəstənin siyasətinə zidd hərəkət edən, qarşılarında maneə bildikləri hər bir şey ola bilər: ailə, cəmiyyət, dostlar, başqa etiqadın nümayəndələri, hər hansı bir millət, dövlət, adətlər və sairə.   İnsan hər nə qədər özünü günahkar hiss edirsə, bir o qədər də o amillərə nifrət edir.   Burada bir qeydi də vurğulayaq ki, bu totalitar psixologiyanı formalaşdıran, insanları zombi edən psixoloji yanaşma hər hansısa qrup tərəfindən düşünülmədən edilir. Belə deyil ki, bütün totalitar rejimlərin rəhbərləri bu cür dərin psixoloji bilgilərə malik olurlar. Onlar sadəcə qeyd etdiyimiz formada rəftar edirlər, nəticəsi isə özünü çox gözlətmədən bu şəkildə zahir olur.   12) Konfet fenomeni: Mən bunu konfet fenomeni adlandırıram. Bu konfet fenomeni demək olar ki, böyük bir motivasiya amilidir. Həmçinin insanın zombiləşməsində də böyük rola malikdir.   Bu konfet müxtəlif şeylər ola bilər. Dindar bir insan üçün əbədi səadət, cənnət, huri, müxtəlif axirət ləzzətləri. Ateist biri üçün ˝xalq səni unutmayacaq˝, ˝əbədi olaraq yadlarda yaşayacaqsan˝, ˝qəbrinə əklil qoyub, adına küçə düzəldib, hər il sənin fədakarlıq işini yad edəcəyik˝. Hətta sadəcə mənsub olduğu birliyin gözündə ucalmaq, cəmiyyətdə mövqeyə malik olmaq kimi abstrakt amillər belə bu konfet rolunu oynaya bilər.  13) İdeologiyanın müqəddəsləşdirilməsi və mükəmməl təqdimi: İstər dini, istərsə də qeyri-dini məktəblər olsun hər biri öz ideologiyalarını və davranışlarında riayət etdikləri qanunları müqəddəs, mütləq, tam və kamil göstərməyə çalışırlar. Bundan kənarda olan hər bir fikir, onlara görə, yanlış və xurafatdır.   İnsan kamillik sevən bir varlıqdır. Onun beyninə hər hansı bir qanunun müqəddəs və ən kamil olduğu yalandan yeridilsə, o şüuraltı olaraq ona doğru hərəkət etməyə çalışacaqdır. Totalitar rejimlərin cəlbediciliyi də məhz öz qanunlarını yalandan ən müqəddəs və ən kamil göstərmələrindədir.   14) Hədəfə görə hər bir işi görmək olar: Hədəfə görə hər şey etmək lazımdır. Cinayət və günah hesab edilən işlər belə müqəddəs hədəf yolunda icazəli olur. Bu, XVI əsrdə yaşamış italiyan filosofu Makiavellinin yanaşmasıdır. Bəzən bu yanaşmanı sözlə deyil, əməl ilə nümayiş etdirirlər. Bu da şüuraltı olaraq dəstənin üzvlərinə təsir edir.   Bu kimi fikirlərin aşılanması insanın beynində möhkəm yer tutmasına səbəb olur. Nəticədə bu insan hədəfə çatmaq üçün atdığı addımları təhlil edə bilmir. Öz davranışlarına tənqidi yanaşmağı bacarmır. Hamının pis hesab etdiyi işi düzgün iş kimi görür. Ona görə ki, o, hesab edir ki, bu iş onu hədəfinə çatdıracaqdır. Heç kəs anlamır ki, nəyə görə o, belə bir aşkar məsələni anlamır. Zombi olmuş insan da anlamır ki, digərləri nəyə görə onu başa düşə bilmirlər.   Hədəfə görə hər bir işin icazəli olduğunu düşünən insanın ətrafındakı hadisələrə, işlərə baxışı tamam fərqli olur. O, hər şeyə hədəfinin gözü ilə baxır. Onun üçün zərərli və çirkin işlər və yaxşı işlər anlayışı yoxdur. Ona görə hədəfimə aparan işlər və aparmayan işlər bölgüsü vardır.   Bütün bu amillər insan psixologiyasına güclü formada təsir edə bilir. Ancaq vacib deyil ki, bu amillərin hamısı bir yerdə tətbiq olunmuş olsun. Bu amillərin içərisində də təsir gücünə görə bir-birindən fərqlənmə vardır.   [1] Robert Cey Lifton. ˝Beyinləri yumanın˝ texnologiyası. I başlıq: Beyin yumaq nə deməkdir. [2] Totalitar dəstələr –müəyyən ideologiya və prinsiplərə sözsüz itaətin hakim olduğu bir dəstədir. Belə dəstələrin başçıları onun üzvlərinin həyatının bütün sahələri üzərində tam nəzarətə malik olurlar. [3] Təbii ki, bu iman ağıl olmadığına görə kor-koranə iman olur. 
26.04.2016   10781   101
 
İQTİSADİ PROBLEMLƏR PSİXOLOJİ TƏSİRSİZ DEYİLDİR      Cəmiyyətdə baş verən hadisələrin insan psixologiyasına təsir etməməsi mümkün deyildir. Bu, insan psixologiyasının spesefik xüsusiyyətidir: ətrafında baş verən hər bir hadisədən təsirlənmək. İnsan psixologiyasını daha çox təsir altına alan hadisələr insanın özünün və ya ona çox yaxın olan insanların həyatı ilə daha çox əlaqədar olanlarıdır. Hadisənin insan həyatı üçün əhəmiyyəti artdıqca, psixoloji təsiri də artmaqdadır.      Bu cəhətdən baxdıqda iqtisadi problemlərin böyük mənfi təsiri daha çox məlum olur. Belə ki, insanın yaşayışında bir çox zəruri məsələlər məhz iqtisadi amillərdən asılıdır. Yaşaması, rifahı, istədiyi şeyləri əldə etməsi, yaxınlarının həyat şəraitinin təmini –bütün bunlar fərdin iqtisadi vəziyyəti ilə əlaqədardır. İqtisadi vəziyyətin pisləşməsi insan üçün mühüm olan amillərin zərər görməsi mənasını verir.      Həmçinin insan öz həyatını, gələcəyi ilə əlaqədar bütün planlarını stabillik və iqtisadi amillər üzərində qurmaqdadır. İqtisadi böhranlar, devalvasiya, inflyasiya kimi hallar isə insana qeyri-stabillikdən, güzəranın çətinləşəcəyindən xəbər verir. Ümid ilə baxdığı gələcəyinin müəmmalı olduğunu bildirir. Belə hallarda insan hesab edir ki, gələcəyə yönəlik bütün planları məhv oldu, həyatı nəzarətdən çıxdı. Nəticədə belə birində psixoloji gərginlik, özünə inamsızlıq kimi bir çox mənfi hallar baş qaldırır.      Əgər bir insan ailə başçısıdırsa və ya hər hansı bir müəssisənin, təşkilatın rəhbəridirsə, müəyyən insanların maddi təminatı məhz ondan aslıdırsa, bu kimi iqtisadi çətinliklər zamanı öz rəiyyətində olan insanların maddi təminatı barəsində dayanmadan düşünməyə başlayacaqdır. Beləliklə də bütün bu fikirlər bir müddətdən sonra obsessiv sarışan fikirlər formasını alacaq və həmin insandan əl çəkməyərək onun beynini məşğul etməyə, rahatlığını pozmağa başlayacaqdır.    İQTİSADİ PROBLEMLƏR İNSANLARDA HANSI PSİXOLOJİ HALLAR YARADIR      Ətraf mühitin təsirinə məruz qalmaq təbiidir. Ancaq bəziləri bu təsirdən daha böyük psixoloji sarsıntı keçirirlər. Nəticədə də qeyri-adekvat davranışlar etməyə başlayırlar. Məsələn, belələri normal qənaət etmək əvəzinə özünün və ailəsinin ən zəruri ehtiyaclarını belə (ödəməyə imkanları olduğu halda) ödəməməyə başlayırlar. Əgər siz ˝sabah daha pis olacağına görə bu gün daha az xərcləməliyəm˝ fikri ilə yaşamağa başlasanız, tez bir zamanda özünüzü böyük psixoji gərginliyə salacaqsınız. ˝Sabah daha pis olacaq˝ düşüncəsi insanın psixologiyasına çox sarsıdıcı zərbə vurur. Ona görə özünüzü psixoloji gərginliyə salmadan, özünüzə bədbinlik aşılamadan düzgün formada qənaət etməyə başlayın.      Bu sarsıntılar zamanı bəzilərində yuxusuzluq, iştahasızlıq, qan təzyiqinin artması, kəskin baş ağrıları kimi hallar da müşahidə oluna bilər. Belələri aqressiv və bütün günü fikirli olurlar. Bu mənfi auralarını onların yanında olan hamı (iş yoldaşları, ailə üzvləri, qohumları) hiss edir. Beləliklə bu mənfi təsir onlara da sirayət edir.      Bir çox hallarda isə insan özünün gərgin olmasının səbəbini dəqiq müəyyən edə bilmir. Özündə olan bu gərginliyin  səbəbini tamam başqa şeylərdə görür. Həqiqətdə isə mümkündür ki, buna səbəb məhz iqtisadi problemlərlə əlaqəli olan fikirlər olmuş olsun.      Psixoloji təcrübədə görsənmişdir ki, belə hallarda insanlar (məlum sarsıntını azaltmaq üçün) daha çox fikirlərini digərləri ilə bölüşmək yolunu seçirlər. Bunun üçün sosial şəbəkələrdən çox  geniş istifadə olunur. İnsanlar evdə, işdə, yaxınları və dostları ilə görüşdükləri zaman belə bu məsələləri onlarla geniş surətdə müzakirə etməyə çalışırlar. Bununla da iqtisadi problemlər və onların gələcək nəticələri bütün söhbətlərin əsas müzakirə mövzusuna çevrilir.      Bəzi insanlar isə böhranın gətirdiyi problemlərdən bir anlıq da olsa, yaxa qurtarmaq üçün içkiyə, narkotik maddələrə və siqaretə meyl edirlər. Bu cür süni ˝rahatlaşdırıcı vasitələr˝ isə əslində insanın mövcud vəziyyətini daha da qəlizləşdirir, onu daha böyük böhranlarla qarşı-qarşıya qoyur.   İQTİSADİ PROBLEMLƏR ZAMANI PSİXOLOJİ STABİLLİK ÜÇÜN NƏ ETMƏK LAZIMDIR      Hazırda dünyada bir çox psixoloji institutlar bu kimi mövzulara köklənərək məsələni müxtəlif cəhətlərdən araşdırmaqla məşğuldurlar. Bu günlər üçün ən aktual məsələ isə psixoloji gərgin insanların belə bir vəziyyətdən çıxış yollarını öyrənmələridir.          Mən ilk növbədə deyərdim ki, insanlar öz ruhi stabilliklərini qoruyub saxlamağa çalışsınlar. Çünki təşvişə düşmək, gərgin olmaq onların vəziyyətini daha da ağırlaşdıracaq, qarşılaşdıqları məsələlərdə düzgün, sağlam düşünmə imkanını onlardan alacaqdır. Bilmək lazımdır ki, insanın düşdüyü vəziyyət hər nə qədər çətin olsa da, hay-küylə, özümüzü gərginliyə salmaqla, təşvişlə mövcud problemləri həll etmək mümkün olmayacaqdır. Bu, vəziyyəti daha da qəlizləşdirəcəkdir. Həyat belə qurulub: ağ və qara zolaqların ardıcıllığından.         İkinci, əldə etdikləri informasiyalarda seçim etmək zəruridir. Çox yaxşı olardı ki, cəmiyyətdə baş verən hadisələrlə bağlı dəqiq məlumat əldə etmək üçün yalnız özünü təsdiqləmiş xəbər portallarını, informasiya agentliklərini və qəzetləri izləsinlər. Çünki günümüzdə (internetin yüksək inkişaf etdiyi bir dövrdə) xəbər portallarının sayı həddindən artıq çoxdur. Bəziləri reytinq xatirinə cəmiyyətin vəziyyətini olduğu kimi əks etdirməyən, şişirdilmiş xəbərlər yayırlar. Bu cür xəbərləri oxuduqda insanda elə təəssürat yaranır ki, əksər insanlar cinayətkardır, hamı bir-birini aldatmaq, qarət etmək istəyir, bütün dünya məhv olmaqdadır, ölkədə və bütün dünyada vəziyyət çox pisdir, vəziyyət gərgin və çıxılmazdır. Bu isə insanda bədbinlik, depressiya, ümidsizlik, fobiya kimi mənfi hallar yaradır. Nəticədə insan təşvişə düşür. Bütün günü bu gərginlik ondan əl çəkmir. Hətta başqa işlə məşğul olduqda belə şüuraltı olaraq məlum problemlərlə çəkişməkdədir.     Odur ki, özünü daha artıq gərginlikdən qorumaq istəyən insan hər yazılana və deyilənə diqqət etməsin və məsələlərə obyektiv yanaşan mənbələrə müraciət etsin.        Üçüncü, istər sosial şəbəkələrdə, istərsə də real həyatda ictimai yerlərdə bu mövzuda olan yersiz və ifrat müzakirələrə qətiyyən baş qoşmasınlar.  Bu, insana psixoloji baxımdan gərginlikdən başqa bir şey gətirmir. Məlumatlanma xarakteri daşıyan, vəziyyəti həll etmə yönündə olan müzakirə faydalı olduğu halda, ifrat və davamlı, yersiz müzakirələr insanı bu problemə kökləyir və onun mənfi təsiri altından çıxmasına imkan vermir. Diqqət etdikdə görürük ki, əslində bir çox gərgin müzakirələrin heç bir məntiqi faydası yoxdur. Bu müzakirələr psixoloji gərginliyi artırmaqdan başqa heç nəyə xidmət etmirlər. Həll olunması ixtiyarımızdan tamamilə xaric olan məsələlərin müzakirəsinin nə məntiqi faydası ola bilər ki?!        Dördüncü, işdən evə qayıdan kişi yaxud xanım işin və cəmiyyətin problemlərini özü ilə evə gətirməməlidir. Evdə uşaqlarının yanında da bu barədə çox danışmaq düzgün deyildir. Təbii ki, reallığı nəzərə alaraq müəyyən müzakirə etmək olar. Amma bu mövzuları böyük problem kimi uşaqların yanında qabartmaq evdəki hüzuru və sabitliyi pozacaqdır. Çünki uşaqların psixologiyaları daha zəif olduğundan onlar bu cür məsələlərdən daha çox təsirlənəcəklər.        Beşinci, insan anlamalıdır ki, heç bir çətinlik davamlı deyildir. Bunun üçün onun həyatının bir qədər əvvəllərinə, keçmişinə baxması lazımdır. Keçmişində nə qədər çətin anlar yaşanmışdır, hansı ki, hamısı da bir müddətdən sonra bitmişdir. Elə bu çətinliklər də həmçinin tezliklə bitəcəkdir. İnsan bir çətinliyin müvəqqəti olduğunu düşündükdə bu düşüncə, ona rahatlıq verir. Bununla da çətinlik qarşısında səbir etməsi üçün insanda güc yaranır. Ancaq vəziyyətin uzun bir müddət davam edəcəyini düşünmək insanın bütün gücünü tez bir zamanda bitirəcəkdir. İnsan psixologiyasını davamlı gərginlik və çıxılmaz vəziyyətdə saxlaması düzgün deyildir. Bir mərhələ vardır ki, ora psixologiyamızın müdafiə sərhədlərinin sonudur. Ona görə də psixologiyamıza başa salmaq lazımdır ki, hər çətinlikdən sonra bir asanlıq gəlir və hər bir çətin vəziyyətdən belə bir çox çıxış yolları vardır. Və bu deyilənlər quru sözlər deyildir, həqiqətdir. Yaşanılan çətinliyi o qədər böyütmək lazım deyildir ki, sanki dünyanın sonudur. Bütün bu bədbin düşüncələri kənara qoymaq və məsələlərə təşvişsiz yanaşmaq lazımdır.        Altıncı, hamının eyni problemi yaşadığını, hamının eyni bir vəziyyətdə qərar tapdığını düşünmək lazımdır. Bu, yalnız onun qapısını döymüş bir problem deyildir. İnsanın ümumi bir problemlə qarşılaşdığını düşünməyi onu müəyyən qədər rahat edəcəkdir. Çünki bununla o anlayacaqdır ki, problem ümumi olduğu üçün onun həlli də yalnız onun öhdəsində deyil, hamının üzərindədir.       Bir şeyi də unutmaq olmaz ki, təşviş vəziyyətində insan öz həyatı üzərində nəzarəti tam itirir. Bu zaman o, qarşılaşdığı problemin düzgün həllini fikirləşib tapa bilməyəcəkdir. Cəmiyyətdə olan hər bir insanın (istər adi vətəndaş olsun, istərsə də vəzifə sahibi) üzərində müəyyən öhdəliklər və məsuliyyətlər vardır. Onların öhdəsindən layiqincə gəlmək üçün isə insana ilk növbədə təşvişdən uzaq, sakit beyin lazımdır.        Yeddinci, öz ixtiyarınızda olmayan və artıq baş vermiş işlərə görə qətiyyən özünüzü qınamayın. Məsələn, insan özünü bəzi məsələlərə görə çox qınayır. Düşünür ki, ˝kaş bunu bir neçə gün qabaq etməyəydim˝, ˝kaş pulumu dollara çevirərdim”, “kaş hansısa işə pul xərcləməzdim˝, yaxud da ˝kaş devalvasiyadan qabaq filan şeyi alardım˝ və sairə. Bununla o, vəziyyəti dəyişmək üçün nəsə edə biləcəyini fikirləşir. Keçmiş artıq keçmişdir. Bu “ey kaşlar” sizi psixoloji gərginləşdirməkdən başqa heç bir işə yaramayacaqdır. Unutmayın ki, siz gələcəkdə baş verəcək işləri bilmirsiniz. Ona görə də bugünə uyğun olaraq hərəkət edirsiniz. Doğru olan da budur.        Səkkizinci, insanda stressi artıran bir başqa detal isə gələcəklə bağlı müəmmalardır. Bizim əksər narahatıqlarımız gələcəklə bağlıdır. Bizlər mütəmadi olaraq gələcəkdə bizi nə gözləməsi barədə düşünürük. Bir çox müəmmalı mənfi fikirlər də beynimizə məhz o zaman dolur. Amma xatırlayaq ki, gələcək hələ gəlməmişdir. Təcrübələrdən də məlumdur ki, insanların gələcəklə bağlı narahat olduğu bir çox məsələlər çox keçmədən, (öz zamanında) asanlıqla öz həllini tapmışdır. Amma əfsus ki, həmin məsələnin insanda yaratdığı və yaşatdığı stress isə hələ uzun müddət davam edir. Biz indinin övladlarıyıq. Hələ ki, olmayan və bizdən zaman etibarilə uzaqda dayanan gələcək məsələlərin narahatçılığı ilə özümüzü yükləməməliyik. Bir sözlə gələcəyə mənfiliklə dolu müəmma kimi baxmaq əlavə psixoloji gərginlikdən başqa bir şey deyildir.        Doqquzuncu, hər bir insanın üzərində müəyyən vəzifələr vardır. Bəzilər ailə başçısıdır, bəziləri bir ana olaraq övladlarının tərbiyəsi ilə məşğul olurlar. Bəziləri bir qrup insanlara müdirlik edir, bəzilərinin də öz yaxınları, dostları qarşısında onlara düzgün məsləhət vermək məsuliyyəti vardır. Hər hansı bir çətin şəraitdə özümüzü itirməmişdən, təşvişə düşməmişdən əvvəl məsuliyyəti üzərimizdə olub bizə dəyərli olan insanlara nəzər salaq. Bizlər öz ruhi sabitliyimizi pozmaqla, narahat,  təşvişli halımızla əslində onları da məyus edirik. Bununla onlara da çox mənfi təsir qoymuş oluruq. Bir halda ki, bizim vəzifəmiz onlara düzgün istiqamət vermək, onlara mənəvi dayaq olmaqdır. Bəzən bizlər unuduruq ki, onların mənəvi vəziyyəti bizlərin özümüzü necə aparmağımızdan çox asılıdır. Əgər bizlər bunları fikirləşsək daha düşünülmüş addımlar atıb, doğru qərarlar verməklə onlara da mövcud vəziyyətdən düzgün çıxış yolunu göstərmiş olacağıq.        Onuncu, bir detalı da qeyd edək. Belə bir məqamda mənəvi bağlantı, İlahi rabitəni də unutmaq olmaz. Bu, həqiqətən də insanlara hər bir çətinlikdə sakitlik gətirəcək bir amildir. Bu amil insanlardakı gərginliyi azaldacaqdır. Belə ki, bizlər bir müsəlman olaraq Allaha etimad kimi inanclarımızı da unutmamalıyıq. İnanclarımıza görə insanları yaradan Allah, eyni zamanda da onların ruzilərini təmin etməyi də öz öhdəsinə götürmüşdür. Buna görə də bu dünyada yaşadığımız müddətdə daim ruzimiz təmin olunacaqdır. Üzümüzə bir qapı bağlanan zaman, mütləq olaraq digər qapı açılacaqdır. Biz insanların pis xüsusiyyəti isə odur ki, biz yalnız bağlı qapını görür, yalnız pis halları xatırlayırıq.  
08.01.2016   8710   151