NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
Cinsi inqilab - Ondan nə gözləyirdilər, nəticə necə oldu?

Rövşən Abdullaoğlu


Yazıçı
Bütün yazıları

 
Cinsi inqilab - Ondan nə gözləyirdilər, nəticə necə oldu?
17.07.2017   1940
32

Milli.Az İlkin İzzətin tanınmış yazıçı və filosof Rövşən Abdullaoğlu ilə cinsi inqilab mövzusunda növbəti söhbətini təqdim edir:  

 

"Bir stəkan su içmək üçün bir vedrə suyu başa çəkməzlər".


- Sizinlə təxminən 3 ay əvvəl "Bir stəkan su" nəzəriyyəsi və ya cinsi, seksual inqilab barədə danışmışdıq. Müsahibəyə olan böyük marağı nəzərə alaraq sizinlə mövzu ətrafında başqa məsələləri də müzakirə etmək istərdim.


- Buyurun, böyük məmnuniyyətlə.

 

- Sizcə gənclərin elan olunmuş cinsi inqilabdan olan gözləntiləri özünü doğrultdu?

- Bir çox hallarda gəncləri buna təhrik edən cinsi ehtiyacları idi. Lakin onlar unudurdular ki, bir stəkan su içmək üçün bir vedrə suyu başa çəkməzlər. Əks halda insanın boğulması təhlükəsi vardır. Soyuqdan qorunmaq üçün də bir tonqal kifayətdir, bütün meşəni yandırmağa gərək yoxdur. Lakin bunu düşünməyən insan o dövrdə cinsi ehtiyaclarının ödənilməsi üçün bütün dünyada cinsi hərcmərcliyin yaranmasına rəvac verdi.

 

Cavanlar bu inqilabın nəticələrini düşünmədən kor-koranə ona dəstək verdilər. Ancaq sonradan bu inqilabın onların evlərinə, ailə üzvlərinə, qohumlarına qədər gəlib çıxdığını gördükdə, onun fəsadlarını öz üzərlərində hiss etdikdə peşman oldular. İnqilab onların təsəvvür etdikləri kimi olmadı. Cavanlar düşünürdülər ki, cinsi inqilab onlara sadəcə olaraq cinsi münasibətlərdə azadlıq və rahatlıq gətirəcək. Sonradan isə anladılar ki, bu  bir atəşdir, yandırıldıqda bütün ətrafı alova bürüyür, heç kəsə də aman vermir. Ondan sonra insanlar özlərini aldanılmış gördülər. Düzdür, heç bir halda oyanmayan sadəlövlər də vardır.

 

- Bəziləri hesab edirlər ki, cinsi istək təbii bir hissdir və cinsi inqilab o dövrün mühafizəkar mühiti üçün zəruri idi. Psixoloqlar və həkimlər cinsi ehtiyacların ödənilməməsinin hormonal pozuntulara, psixoloji vəziyyətin, əhval-ruhiyyənin korlanmasına, insanın daha aqressiv və gərgin olmasına səbəb olduğunu deyirlər.

 - Cinsi məsələlərin insan həyatındakı zəruriliyinin ifrat şişirdilməsi də məhz seksual inqilab dövrünə xasdır. Bunun da nəticəsi olaraq cinsi hisslər digər hisslərdən daha ali, daha mühüm və dəyərli kimi təqdim edilirdi. Cinsi inqilabın yetişdirdiyi elm adamları az qala bütün psixoloji, fizioloji, ictimai və ailə problemlərinin səbəbini cinsi məmnunsuzluqda görürdülər. Lakin dəqiq statistik məlumatlar bunun əksini deyir. Belə ki, dünyada hər 5 adamdan ən azı 1-i müxtəlif səbəblərdən intim əlaqəyə girmədən yaşayır. Bəzi ölkələrin ailə planlama mərkəzlərinin statistik məlumatları göstərir ki, əhalinin təxminən yarısı bir aydan çox intim əlaqəyə girmir, bəzilərində isə əhalinin isə 1/3-i ildə yalnız bir dəfə intim əlaqəyə girir. Bir çox araşdırmalara görə isə qadınlar üçün intim münasibətlər heç də bəzilərinin uydurduğu "elmi mif"lərdə deyildiyi qədər də önəmli deyilmiş.

 

Uzun müddətli intim məhrumiyyət bütün bu insanlarda vəd olunduğu kimi nə fiziloji, nə də psixoloji heç bir problem yaratmayıb. Düzdür, cinsi tələbatın uzun müddət ödənilməməsi müəyyən problemlərə yol aça bilər, ancaq bu, heç də ictimaiyyətə təqdim olunan səviyyədə deyildir.


 

Cinsi inqilab nəticəsində insan iki hissəyə bölündü - beldən yuxarı və beldən aşağı


- Cinsi hissin mühüm olduğunu bu qədər təbliğ etmək digər insani hisslərin dəyərsizləşdirilməsinə səbəb ola bilər?

- "Həyatımızı idarə edən cinsi istəkdir", "cinsi hisslər təmin olunmadıqda insan ən pis psixoloji və fizioloji xəstəliklərə tutulur, həyatı məhv olur, aqressivləşib vəhşi heyvan kimi olur" və sairə kimi şüarlar cinsi hissin əhəmiyyətinin ifrat şəkildə şişirdilməsidir. Vilhelm Rayx, Ziqmund Freyd kimi şəxslərin də bu təbliğata böyük töhfələri olub. Nəticədə digər insani hisslər, yəni məhəbbət, fədakarlıq, bütün mənəvi hisslər, şəxsiyyət hissi, inam, vicdan, insaf, bütün intellektual hisslər, humanizm hissi, həmçinin sevginin müxtəlif obyektləri - valideyn, övlad, vətən kölgədə qaldı. Daha çox diqqət şəhvət hissinə yönəldi. Sonda insan heyvanın səviyyəsinə düşdü, mənəvi varlıqdan çıxıb şəhvətlərinin əsiri olan, həyatına yalnız seksual istəklərin hakim olduğu biocanlıya çevrildi. Seksual inqilabın yetişdirdiyi insanın fikri-zikri yalnız bir şey oldu - "cinsi istəklərin anındaca tamlığı ilə təmin edilməsi". Əks halda o, psixoloji xəstə olar, böyük cismani xəstəliklərə tutular. İş o yerə çatıb ki, seksual inqilabın həvariləri olan bəzi "alimlər" davamlı intimin az qala xərçəngi belə müalicə edəcəyini deyirlər. Hətta davamlı intim münasibət insanın müdrikliyinə belə təsir edirmiş, az qala desinlər ki, bütün xəstəliklərin müalicəsi intim əlaqədədir. Onların dediklərini eşitdikdə təəccüb edərək düşünürsən: "Görəsən Afrikanın vəhşi qəbilələri, fahişə qadınlar, əyyaş həyat tərzi keçirən kişilər niyə dünyanın ən müdrik, ən ağıllı insanları olmurlar?! Nəyə görə ən çox psixoloji və cismi xəstəliklər məhz onlarda tapılır?!" Bəli, seksual inqilabın həvariləri bunu düşünməyiblər. Sadəcə belələri üçün mühüm olan öz düşüncələrinin mütləq formada qəbul olunmasıdır. Bunun üçün də məlumatların təhrif olunması, informasiyanın şişirdilməsi də daxil olmaqla hər yola əl atmağa hazırdırlar. Bu inqilabın ən elmli, savadlı sayılan nəzəriyyəçilərində belə vəziyyət bu cürdür.

 

Cinsi inqilabın nəticəsi olaraq insan bir bütöv olmaqdan çıxdı və iki hissəyə bölündü - beldən yuxarı və beldən aşağı. Bu inqilabın tərəfdarları insan bədənində beldən aşağı hissənin daha mühüm olduğuna təkid edirdilər. Özləri beldən aşağı düşünür, fəlsəfələri də buna əsaslanırdı. Nəticədə isə beldən yuxarıda bütün ülvi hisslərin məkanı olan qəlb və bütün intellektual hisslərin məkanı olan beyin diqqətdən kənarda qaldı və zamanla dəyərsizləşdi. "İnqilabçılar"a görə düşünmə və mühüm hiss orqanları beldən aşağıda yerləşir və əvvəllər düşündüyümüz kimi insanı heç də beldən yuxarıda olan baş idarə etmir...

 

- Bəs, ziyalılar cinsi inqilabı niyə dəstəkləyirdilər?

- İnqilabı bütün ziyalılar dəstəkləmirdi. Dəstəkləyənlər isə bunu bəzi məqsədləri və şəxsi mənfəətləri üçün edirdilər. Məsələn, onlar bu inqilabın totalitar rejimlərə, teokratiyaya, dinin bütün sahələrdə hegemonluğuna son qoya biləcəyini düşünürdülər. Məsələn, alman filosofu və kulturoloqu Herbert Markuze "Eros və sivilizasiya" kimi esselərində cinsi azadlıq uğrunda mübarizəni siyasi azadlıq üçün bir vasitə bilirdi.

 

Cinsi inqilabın əsasını qoyan nəzəriyyəçilərdən olan Vilhelm Rayx isə cinsi hisslərin tam azadlığını insanın psixoloji sağlamlığı ilə əlaqələndirirdi. Rayxa görə, hətta uşaqların da cinsi hisslərini istədikləri kimi ödəmələri üçün azad şərait yaradılmalıdır. Onlara imkan verilməlidir ki, onanizmlə məşğul olsunlar, öz yaşıdları ilə istədikləri kimi seksual oyunlar oynasınlar. Onun hesablamalarına görə, bu, uşaqların psixoloji sağlam böyüməsinə, bununla da cinayətlərin azalmasına, azğınlıqların qarşısının alınmasına səbəb olacaqdı.

 

Rayx hesab edirdi ki, cinsi inqilab bütün ictimai əxlaqsızlığın, pornoqrafiyanın yayılmasının, zorakılığın, cinsi təcavüzün qarşısını alacaqdır. Ona görə insan cinsi məsələlərdə tam azad olduqda artıq öz şəhvətini qeyri-qanuni yollarla təmin etməyə də ehtiyac duymur.

 

Rayxın fikirləri sonradan Simone de Bovuar kimi eksiztensializm nümayəndələri də daxil olmaqla başqaları tərəfindən istifadə olunmağa başladı.

 

Dəhşət doğuran statistika


- Rayxın fikrində az da olsa həqiqət varmı? Cinsi azadlıq ictimai fəsadın, cinsi hərcmərcliyin, təcavüzün qarşısını almaqda heç cür faydalı ola bilməzmi?

- Əslində elə həyatın özü rayxkimilərin öz nəzəriyyələrində yanıldıqlarını göstərdi. Lakin dünya bu nəticəyə çox ağır itkilər bahasına gəldi. Heç bilirsinizmi bu uğursuz eksperiment hansı acı nəticələrə səbəb oldu? Tam cinsi azadlığın cinsi hərcmərclikdən nə fərqi var ki?! Bu ikisi də eyni şey deyilmi?! Cinsi hərcmərcliklə cinsi hərcmərcliyin qarşısını necə almaq olar? Bir cəmiyyətdə narkotik maddələrin azad istifadəsinə şərait yaratmaqla narkomaniyanın qarşısını almaq olarmı?

 

Mən bayaq bəzi statistik göstəriciləri açıqladım. Həmin məlumatları hər kəs Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və digər səlahiyyətli qurumların rəsmi hesabatlarında görə bilər. Bunun üçün mövzu üzrə statistika aparan qurumların rəsmi saytlarına, etibarlı xəbər portallarına müraciət etmək də kifayətdir.

 

ÜST-nin açıqlamasına görə, qadınlara şiddət və zorakılıq halları qloballaşıb. Açıqlamaya əsasən, qadınların 35 faizi həyatında öz intim tərəfdaşı, yaxud da başqası tərəfindən fiziki və ya cinsi zorakılığa məruz qalır. Dünyada qadın qətllərinin 38 %-i intim tərəfdaşları tərəfindən törədilir.

 

ABŞ-da keçirilmiş ictimai sorğuya əsasən, 17 yaşdan yuxarı qadınların 14,8 %-i ömürlərində ən azı bir dəfə cinsi təcavüzə məruz qalıblar, 2,8 % qadınlara qarşı isə zorlama cəhdi olub.

 

Orta məktəblərdə keçirilən sorğular da narahatedicidir. Məsələn, Kanadada məktəb qızlarının 23% -i məktəbdə cinsi sataşmaya məruz qaldıqlarını deyirlər. Bütün bunlar cinsi inqilabın dünya cəmiyyətinə olan "töhfəsi"dir. Bu inqilabın təsiri azyaşlı qızlardan da yan keçməyib. Azyaşlı qızlara təcavüz dünyada kəskin surətdə artır. Amerikada təcavüzə məruz qalan qadınların yarıdan çoxu 18 yaşa qədər şəxslərdir. Bunların da 22 %-ni 12 yaşa qədər olan qızlar təşkil edir.

 

Azyaşlı uşaqların iştirakı ilə çəkilmiş porno filmlərin də sayı artır. Bu da belə filmlərə olan tələbatın çoxaldığını göstərir. Dünyada fahişəliyi özünə daimi sənət seçmiş qadınların sayı da kəskin surətdə artır.

 

Ən qəribəsi odur ki, valideynlər tərəfindən uşaqlara qarşı əxlaqsız davranışların sayı çoxalıb. Müxtəlif araşdırmalara görə uşaqlara qarşı edilən cinsi sataşmanın 40 %-i onların valideynləri tərəfindən edilir. Cinsi inqilab artıq valideynlərin nəzərində belə bu cür davranışları adiləşdirib.

 

Cinsi inqilabın fonunda qadın alveri də "çiçəklənir". Hesablamalara görə, ildə 700 mindən 2 milyonadək qadın xarici ölkələrə cinsi istismar üçün satılır. Halbuki, 5 il əvvəl bu göstərici bundan 50 % aşağı idi.

 

Qadınlara qarşı olan cinsi xarakterli sataşmalar son onillərdə Qərbdə güclü diskusiya predmetinə çevrilib. Amerikada İşçinin Peşəkar Keyfiyyətinin Qorunması Təşkilatının keçirdiyi sorğunun nəticələri cəmiyyəti dəhşətə gətirib. Belə ki, sorğuda iştirak etmiş 10 min qadının 42 % -i iş yerində seksual sataşmaya məruz qaldıqlarını bildirib, 62 %-i onlara seksual xarakterli toxunuşların olduğunu etiraf edib, 20 %-i isə işdə cinsi təcavüzə, yaxud da zorlama cəhdinə məruz qaldıqlarını etiraf ediblər.

 

Hətta 1986-cı ildə Amerikada cinsi sataşmaya görə cinayət məsuliyyəti də nəzərdə tutulub. Buna baxmayaraq, şikayətlər ildən-ilə daha da çoxalır. Belə ki, 5 il ərzində bu göstərici düz 2 dəfə artıb.

 

Cinsi inqilabın "töhfələri"ndən biri də homoseksuallığın, eynicinsli evliliklərin leqallaşmasıdır. Bir çox araşdırmalar bunun nəticəsi olaraq azyaşlı oğlan uşaqlarına və yeniyetmə oğlanlara qarşı cinsi təcavüzün sürətli şəkildə artdığını göstərir. Əgər XX əsrin yarısına qədər dövrlərdə daha çox qadına təcavüzdən söhbət gedirdisə, cəmiyyətdə qadını qoruma işləri gücləndirilirdisə, indi oğlan uşaqlarının da cinsi istismar təhlükəsi yüksəkdir. İnkişaf etmiş ölkələrdə aparılmış araşdırmalar 5-10 % kişilərin uşaqlıqda cinsi zorakılığa məruz qaldıqlarını göstərir. Bəzi ölkələrdə bu göstərici kişilər arasında 20 %-dir. Əslində isə reallıq bu göstəricilərdən daha dəhşətlidir. Belə ki, məktəblərdə, zindanlarda, bağçalarda, qaçqın düşərgələrində, xəstəxanalarda, psixoloji dispanserlərdə cinsi zorakılığa uğramış azyaşlıların, qız və ya oğlan yeniyetmələrin dəqiq statistikasını aparmaq mümkün deyildir. Ekspertlər deyirlər ki, təcavüzə məruz qalmış insanların əksəriyyəti, xüsuən də kişilər heç zaman bunu heç kəsə bildirmirlər. Buna səbəb utanmaq hissi, ictimai qınaq, özünü müqəssir bilmək, qorxu və digər amillərdir.

 

Dünyanın bir çox tibb mərkəzlərində həkim kişilər tərəfindən xəstələrə və tibb bacılarına qarşı təcavüz halları da artıb. Bütün bu dəhşətli göstəricilər cinsi inqilabın iflasını göstərir.

 

Cinsi azadlıq hər şeyə biganə insan yetişdirir

- Görəsən, cinsi hisslərin azad buraxılması nəyə görə vəd olunduğu kimi cəmiyyəti islah etmək əvəzinə vəziyyəti daha da pisləşdirdi?
- Çünki cinsi ehtirasın sonu və həddi yoxdur. Rayxın dediyi kimi uşaqları erkən yaşlarından heç bir əxlaq normalarına bağlı olmadan, seksual azad böyütmək cəmiyyətə seksual hissləri ifrat oyanmış, ehtirasını nəyin bahasına olursa olsun ödəməyə çalışan, məsuliyyətsiz bir şəxs təqdim etmək deməkdir.

 

Elə buna görədir ki, bu inqilabın bir çox tərəfdarları sonradan öz yanıldıqlarını etiraf edib, fikirlərindən dönüblər. Hətta Herbert Markuze belə sonradan gənclərin seksual azadlıqları barəsində olan fikrini dəyişib. 1968-ci ildə o, Qərbi Berlində yerləşən kommunaların birində olur. Bu kommuna "sağlam orqazm" adlanırdı və burada cinsi hərc-mərclik hökm sürürdü. Markuze burada olan pozğun cinsi həyat yaşayan insanların biganə, sönük xarakterlərini görüb dəhşətə gəlir. Ondan sonra əsərlərində vurğulayır ki, cinsi azadlıq mütləq olaraq siyasi əxlaqla birgə olmalıdır. Anlayır ki, cinsi azadlıq hər şeyə biganə bir insan yetişdirir.

 

- Ancaq bəzi ölkələrə baxanda Amerika və Avropa ölkələrində vəziyyət elə də pis deyil. Elə ölkələr var ki, onlarda cinsi sataşma və zorakılıq halları daha yüksəkdir.

Məsələn hansı ölkələr?


- Götürək elə Cənubi Afrika Respublikasını (CAR). Statistikaya görə dünyada ən çox cinsi təcavüz və seksual xarakterli sataşma halları məhz CAR-da baş verir...

- Düz deyirsiniz. CAR bu cəhətdən siyahıya başçılıq edir. BMT-nin məlumatlarına əsasən, dünyada ən çox cinsi təcavüz məhz orada baş verir. Müqayisə üçün deyim ki, ABŞ-da 100 min nəfərə 27,3 təcavüz halı baş verirsə, CAR-da bu göstərici 132,4-dir. 2011-2012-ci ildə orada 64 min cinsi təcavüz halı qeydə alınıb. Bu rəqəmin hardasa yarısını uşaqların payına düşür.

 

Əslində bu, cinsi inqilabın iflasına daha bir dəlil hesab olunmalıdır. CAR mühafizəkar, yaxud teokratik bir dövlət deyil. CAR cinsi inqilaba qucaq açmış ilk Afrika ölkəsidir. Bu ölkə hətta bəzi addımlarına görə istənilən Avropa ölkəsini mat qoyar. Bu ölkənin parlamentinin 80 %-i 2006-cı ildə həmcinslərin nikahına müsbət səs verməklə onu qanuniləşdirib. Beləliklə, CAR Afrikada bu addımı atmış ilk və dünyada isə beşinci ölkə oldu. Homoseksualların rəsmən ilk hüquqları barəsində addımlar isə daha əvvəldən - 1998-ci ildən atılıb.

 

Sistemdə olan boşluqlara, bir çox ictimai faktorlara görə seksual inqilabın fəsadları burada özünü daha qabarıq göstərir. Avropa və Amerikada ictimai asayiş, mühafizə sistemi güclü olmasaydı, seksual inqilab oranı CAR-ın vəziyyətinə döndərərdi.

 

CAR-ı cinsi zorakılıqda dünya reytinqində birinci yerə çıxardan orada cinsi azadlığa icazə verilməsi və bir də Qərb ölkələrindən güclü təsirlənməsidir.

 

Seksual inqilabın baş verdiyi Qərb ölkələrində qadın zorakılığı, cinsi fəsad kifayət qədərdir. Halbuki, bu ölkələrdə cəzalar sərtdir və qanun keşikçilərinin də fəaliyyəti zəif deyil. Əgər Amerika və Avropa ölkələrində cəza və hüquq sistemi, ictimai nəzarət çox aşağı səviyyədə olsaydı, vəziyyətləri CAR-dakından da pis olardı. Belə götürəndə, ABŞ reytinq cədvəlində ilk beşlikdədir. Bu, isə kifayət qədər dəhşətli faktdır. Bəzi illərdə isə siyahında dünyada qadına ən çox təcavüz olunan 3-cü ölkə statusuna qədər yüksəlib. İsveç isə bəzi araşdırmalara görə ikinci yeri tutur. Ümumiyyətlə, elə bir Avropa ölkəsi yoxdur ki, qadın zorakılığı, yaxud da cinsi sataşma göstəricisi qənaətbəxş olsun. Statistikalar insanı dəhşətə gətirir. Belə olduqda Amerika və Avropa ölkələrində vəziyyətin qismən yaxşı olmasından danışmaq düzgün deyildir.


Müsəlman ölkələrində cinsi zəmində törədilən cinayətlər daha azdır.


- Bəs müsəlman ölkələrində vəziyyət nə yerdədir?

- Təbii ki, müsəlman ölkələrində də qadına təcavüz hallarına rast gəlinir. Ancaq bu hallar seksual inqilab olan ölkələrdən qat-qat azdır. Müsəlman ölkələrində əxlaqsız filmlər, gecə klubları, fahişəlik və sairə qadağandır. Qərbdə isə qadınlar vitrinlərdə çılpaq dayanaraq özlərinə müştəri cəlb edirlər. Bir çox böyük küçələri sadəcə fahişəlik sənayesində çalışanlar üçün ayırıblar, cinsi xidmətin demək olar ki, bütün növlərini leqallaşdırıblar.

 

Müsəlman ölkələrində bu cür fəsad işlər qadağan olduğuna görə, onlarda cinsi zəmində olan cinayətlərin göstəriciləri çox aşağıdır.


- Ancaq hər bir halda İslam ölkələrinin sərt şəriət qanunları, mühafizəkarlıqları cinayətin, xüsusən də zorlamaların qarşısını tam ala bilməyib.

- Təbii ki, intellektual və əxlaqi çökmüş insanlar hər bir ölkədə var. İnsan olan yerdə nəfs, istək, cinayət etmək fikri də olacaq. Təbii ki, bəzilərinin qarşısını nə ictimai qınaq, nə də qanun ala bilər. Belələri hər yerdə cinayət törədəcəklər. Sadəcə burada söhbət cinayətin faizindən, minimallaşdırılmasından, cinayətin qarşısını almaq üçün cəmiyyətin, dövlətin hansı üsulları seçməsindən, hansı addımın cinayətin daha da artmasına gətirib çıxarmasından gedir.

 

Bir də ki, onu da unutmayaq ki, müsəlman ölkələrinin özündə belə İslam qanunları tamlığı ilə tətbiq olunmur. Bunun bir çox obyektiv və subyektiv səbəbləri var. Müsəlman ölkələrində baş verən özbaşınalıq daha çox yad mədəniyyətin təsiri altında olan, İslami dəyərlərdən uzaq qruplar arasında yayılıb. Ancaq nə cür olursa olsun, bütün statistik göstəricilərə görə burada cinsi pozğunluq seksual inqilab baş vermiş ölkələrdən çox aşağıdır.


Lakin...


- Məncə cinsi hisslərin tam boğulması da doğru deyil, əks halda bunun ictimai fəsadları qaçılmaz olar...

- Əlbəttə. İnsan daxilinə qoyulmuş hər bir hissin qarşılığının verilməsi təbiidir. Amma bu məsələdə orta xətti gözləmək mühümdür. İntim mövzularda tam sərbəstlik və tam qadağa yanaşmaları arasında qızıl ortanı tutmaq lazımdır. Biz bu mövzulara tam qapalı olan bəzi mühitlərin də bir çox problemlərlə üzləşdiklərini görürük. İnsanı ona verilmiş heç bir təbii hissdən məhrum etmək olmaz. Sadəcə bizim mövzumuz cinsi azadlıqdan olduğu üçün bu məsələnin yaratdığı problemləri açıqladıq və digər tərəfinə toxunmadıq.


Söhbətləşdi İlkin İzzət

Milli.Az

 
 
 
 
Şərhlər
 
Digər yazıları (21)
Bütün yazıları
ƏGƏR BAYRAMLAR MÜƏYYƏN VAXTDAN BİR GERİ DÖNMƏSƏLƏR…     Bayram sözü ərəb dilində ˝iyd˝ kimi ifadə olunur. ˝İyd˝, yəni qayıdış, geri dönmək. Bayrama ona görə “iyd” demişlər ki, o, müəyyən vaxtdan bir insanlara doğru qayıtmaqla yenidən bərpa olunur. Belə ki, bayramı bir dəfə keçirməklə o bitmir, hər il yenidən qeyd edilir və bununla da təkrarlanır. Bu cəhətdən əgər bayram müəyyən vaxtdan sonra yenidən geri qayıtmazsa, ona bayram deyilməz. İbn Ərabiyə görə bayramın bu cür adlandırılmasının əsas səbəbi onun hər il yeni bir şadlıq və fərəh hissi ilə insanlara yenidən qayıtmasıdır. Ölümdən sonrakı axirət aləmini bildirən ˝məad˝ sözü də ˝iyd˝ sözü kimi eyni kökdən qaynaqlanır. Məad[1] da qayıdış mənasını verməkdədir. Axirətə ona görə qayıdış demişlər ki, insanlar ölümdən sonra bir daha yenidən həyata qayıdacaqlar.     Bəziləri isə bu sözün adət mənasını ifadə etdiyini qeyd etmişlər. Onların dediyinə görə, insanlar bu bayram gününü xüsusi formada keçirməyə adət etmişlər. Məhz bu adətə görə də hər il eyni günü təntənəli formada, müəyyən ənənələr əsasında qeyd edirlər.     Hər bir halda, bayramın “iyd” adlandırılması üçün qeyd olunan bütün xüsusiyyətlər onda vardır. Bu cəhətdən bu fikirlərin hamısını məqbul bilmək olar.    İSA MƏSİHİN HADİSƏSİ: QURAN DÜZGÜN BAYRAMLAR HAQQINDA NƏ DEYİR     Quranda yalnız bir yerdə bayram (iyd) kəlməsi işlədilmişdir. Bir neçə dəfə isə müxtəlif ayələrdə ona üstüörtülü şəkildə işarə olunmuşdur.     Bir gün İsa Məsihin həvariləri ona deyirlər:     “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən (üzərində yemək olan) bir süfrə endirə bilərmi?”     “Biz istəyirik ki, ondan yeyək, qəlblərimiz xatircəm olsun, bizə (peyğəmbər olmağın barəsində) doğru söylədiyini bilək və ona (möcüzəyə) şahidlik edənlərdən olaq”.[2]     İsa Məsih həvarilərinin bu xahişi əsasında Allah-Taaladan onlara üzərində müxtəlif təamlar olan bir süfrəni möcüzə olaraq endirməsini istəyir:     “Ey Allahım! Ey Rəbbimiz! Bizə göydən (üzərində yemək olan) bir süfrə endir! Elə bir süfrə ki, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Sənin tərəfindən bir nişanə olsun! Bizə ruzi ver, Sən ruzi verənlərin ən yaxşısısan!”[3]     Allah İsa Məsihə möcüzə olaraq səmadan süfrə endirir. İsa Məsih də Allahdan gələn belə bir əlamətdar hadisənin baş verdiyi günün bayram (iyd) qərar verilməsini istəyir.     Təbii ki, heç bir bayram səbəbsiz yerə deyildir. Ona görə də həvarilər üçün səmadan möcüzəvi şəkildə, İlahidən həm ruzi olaraq, həm də İsa Məsihin peyğəmbərliyinin dəlili kimi süfrənin göndərildiyi gün bayram olmaq üçün bütün lazımi xüsusiyyətlərə malik idi. Məhz bayram olmağa layiq xüsusiyyətlərinə görə də İsa Məsih Allahdan bu hadisənin baş verdiyi günün bayram qərar verilməsini istədi. Özü də elə bir bayram ki, daimi olsun və özündən sonra gələn insanlar da o günü bayram etsinlər. Ona görə ˝həm birincimiz, həm də axırıncımız üçün˝ ifadəsini işlətdi.     İsa Məsihə görə, bu günün bayrama çevrilməsinin ən mühüm səbəbi də məhz möcüzəvi süfrənin nazil edilməsi idi. O, belə bir əlamətdar günün adi günlərə qarışmasını və zamanla unudulub aradan getməsini istəmirdi. Çünki insanlar bayram günlərini unutmazlar. Qabaqcadan, səbirsizliklə onu gözləyər, o günü bir yerə toplaşaraq təntənəli şəkildə qeyd edərlər. Bayramla əlaqəli olan hadisələr gələcək nəsillərin belə yadından çıxmır, nəsildən-nəslə ötürülərək əlamətdar günə çevrilir. Bu cəhətdən bayram, sanki keçmişdəkilərlə gələcək nəsillər arasında bir körpü rolunu oynayır, onları bir-birlərilə birləşdirir. Bu, elə bir körpüdür ki, onun vasitəsilə lazımi mühüm mesajlar gələcək nəsillərə çatdırıla bilir.     Belə ki, bayramlar bir millətin yaddaşına həkk olunur və o millət yaşadıqca o bayram da yaşayır, milləti özündə ehtiva etdiyi hədəflərə doğru istiqamətləndirir. Bayramlar xalqın mənəvi həyatını yenidən dirildir, xalqı oyadır, onların mövcudiyyəti ilə əlaqəli olan, onlar üçün mühüm olan əlamətləri unudulmağa qoymur. Təbii ki, bayramla əlaqəli olan məsələlər hər nə qədər ali olsa, onun millətə ötürəcəyi mesajlar da eynilə ali olacaq və millətin formalaşmasında bir o qədər də təsirli olacaqdır.     Deməli, bayram məsələsinin əhəmiyyətinə görə idi ki, İsa Məsih Allahdan süfrənin nazil edilməsini istədi. Sonradan o günün bayrama çevrilməsi məsələsi olmasaydı, mümkün idi ki, İsa Məsih süfrənin nazil edilməsini istəməzdi. Çünki o vaxta qədər bir çox böyük möcüzələrə şahid olmuş və artıq ona iman gətirmiş həvarilər üçün yeni bir möcüzənin Allahdan istənilməsi yersiz bir iş ola bilərdi.     Bayramlara diqqət etdikdə mənəvi tərəfləri ilə yanaşı, maddi tərəflərinin olduğunu da görürük. Bayramın bu maddi tərəflərini İsa Məsih də məqbul hesab edirdi. Belə ki, İsa Məsih bayramın məhz bu maddi tərəfinə işarə edərək deyir: ˝Bizə ruzi ver, Sən ruzi verənlərin ən yaxşısısan˝. Həvarilərin İsa Məsihdən süfrənin nazil edilməsini istəmələrindəki ən əsas məqsəd də məhz bu maddi tərəf idi. Bu maddi cəhətlər içərisində bayram günlərində insanların sevinməsi, hədiyyələrin paylanması, ehtiyacı olanların ehtiyaclarının təmin olunması, gözəl, yeni paltarların geyilməsi[4] kimi xüsusiyyətləri qeyd etmək olar. Əlbəttə ki, bütün bu cəhətlərin hamısı məqbuldur.     Təbii ki, İsa Məsihin bayram təyinindəki məqsədi məsələnin birinci dərəcəli (mənəvi) cəhəti idi, baxmayaraq ki, həvarilər işin daha çox maddi tərəfinə diqqət edirdilər. Belə ki, həvarilər sözlərinin əvvəlində ˝ondan yeyək˝ deməklə öz daxillərindəki istəklərini biruzə vermişdilər. İsa Məsih isə Allahdan süfrə istəyəndə işin əsas tərəfini, yəni mənəvi yönünü dilə gətirdi və yalnız bundan sonra məsələnin digər cəhətlərini (ruzi məsələsini) ədəb-ərkanla, üstüörtülü bir şəkildə qeyd etdi. Bu ədəbinə görə də o,˝yemək˝ ifadəsini ˝ruzi˝ ifadəsi ilə dəyişdi.     Onu da qeyd edək ki, insanlar istənilən hər hansı bir günü (müəyyən səbəblərə görə) özləri üçün bayram təyin edə bilərlər. Ancaq bu zaman çalışmalıdırlar ki, bu səbəblər xalqın mənəvi, ideoloji formalaşması və dünyəvi inkişafı üçün daha böyük təsirlərə malik olsun.     Ayə ilə əlaqəli bəzi hədislərdə süfrənin endiyi günün bazar günü (yekşənbə) olduğu da qeyd olunmuşdur. Ona görə də bəziləri bazar gününün məsihilər yanında ehtirama malik olduğunu demişlər.[5]   HƏZRƏT MUSA VƏ HƏZRƏT İBRAHİMİN HADİSƏSİ: QURAN YANLIŞ BAYRAMLAR HAQDA NƏ DEYİR     Qurani-Kərimin bəzi ayələrində isə bayram sözünə birbaşa deyil, daha çox başqa təbirlərlə işarə edilmişdir.     Musa peyğəmbərlə Fironun hadisəsində Firon Musa peyğəmbərdən saray sehrbazları ilə mübarizə aparmaq üçün nə zaman görüşə biləcəyini soruşduqda Musa cavab verir:     “Sizinlə vədəmiz zinət günü olsun. İnsanların (bir yerə) toplaşacağı (günün) günortası”.[6]     Ayə Musa peyğəmbərin Fironun sehrbazları ilə qarşılaşacağı günün ˝zinət günü˝ olduğunu qeyd edir. Mənbələrə görə, Musa peyğəmbər bununla (“zinət günü” sözü ilə) Fironun xalqının bayramlarından hesab olunan bir günü nəzərdə tuturdu. Belə ki, həmin gün bütün Misir xalqı üçün istirahət günü idi, hamı bir yerə toplaşacaq, küçələri, evləri, ticarət yerlərini bəzəyəcəkdilər. Bu gün Misir xalqı ən gözəl paltarlarını geyinir, bəzək əşyaları ilə özlərini zinətləndirirdilər.     Musa peyğəmbər bu səbəbdən sehrbazlarla mübarizəsini bayram gününə salmışdı. Məhz bayram gününün günortası, hamının daha çox toplaşacağı vaxt. Bu da mübarizənin nəticəsinin uzun müddət yaddaşlardan silinməməsi və hər kəsin bu hadisəyə şahidlik etməsi üçün düşünülmüş bir addım idi.     Bayramın rolunu Qurani-Kərim İbrahim peyğəmbərin bütləri qırması hadisəsində də göstərir. Hədislərə görə, İbrahim peyğəmbər yaşadığı şəhərin bütlərini sındırma planını məhz bayram gününə planlayır. Belə ki, bayram günləri camaat hamılıqla bayram mərasimlərini icra etmək üçün şəhərdən kənara çıxardılar.     Bayram günlərinin birində İbrahim peyğəmbər evdə oturur, insanlarla mərasimə qoşulmur. İnsanların şəhərdə olmamağından istifadə edib (bir bütdən başqa) şəhərin bütün bütlərini sındırır.     Bu hadisə barədə ətraflı məlumat üçün Ənbiya surəsinin 57-58-ci ayələrinin təfsirinə müraciət etmək olar.     Quranın digər bir ayəsində isə Allahın həqiqi bəndələrinin belə bir xüsusiyyətə malik olduğu buyurulur:     ˝O kəslər ki batilə (zur) şahidlik etməz, faydasız (ləğv) bir şeylə qarşılaşdıqları zaman ondan üz çevirib yanından təmkinlə keçərlər˝.[7]     Ərəbcədə qeyd olunan “zur” (batil) sözünü yalan, günah icra olunan məclis, haram musiqi ifası, həmçinin (bəzilərinə görə də) keçirilməsi günah olan batil bayramlar kimi izah etmişlər. Bəzilərinə görə, “zur” sözü məsihilərin və yəhidilərin dinlərinə xas olan dini bayramlara aiddir. Mücahidə görə, ayədəki “zur” kəlməsi müşriklərin bayramına, haram musiqi ifa olunan məclislərə bir işarədir.[8]     “Ləğv” (faydasız) sözü isə diqqətəlayiq olmayan, faydasız, mənasız bir şey deməkdir. Quran prizmasından baxdıqda “ləğv” bütün günahlara şamil olan bir ifadədir. Bütün bu mənaları öz yerinə qoyduqda ayənin mənası belə olur, iman əhli ləğv əhlini (günah əhlini) çirkin işlərlə məşğul ikən gördükdə onların yanından üz çevirərək ötüb keçər, o cəmə qoşulmaz, onların günah məclislərində iştirak etməzlər. Həmçinin inanclı insanlar (qeyd olunan təfsirə görə) müşriklərin bayramlarını keçirməz, günah və çirkin işlərin qeyd olunduğu batil bayramlarda da iştirak etməzlər.   İSLAMIN QEYRİ-DİNİ BAYRAMLAR HAQQINDA NƏZƏRİ     İslama görə, bayramlar təyin olunma xüsusiyyətinə malik əlamətdar günlərdən ibarətdir. Dinə görə, hər hansı bir mühüm və ya münasib hadisə ilə əlaqədar olaraq bayram təyin oluna bilər. İsa Məsihin süfrənin endirildiyi günün bayram təyin olunmasını istəməsi də bunu göstərir.     İslama görə, bayramlar bir neçə qrupa bölünür. Gəlin bütün bu qrupları ayrı-ayrılıqda izah edək. Birinci qrup bayramlar sırf dini bayramlardır: Fitr, Qurban, Qədir Xum bayramları kimi. Belə ki, hədislərdə bu günlərin Allah tərəfindən bayram olaraq təyin olunduğu qeyd olunmuşdur. Dini hesab edilməsi də məhz Allah tərəfindən təyin olunmasına görədir.     Digər qrupa daxil olan bayramlar isə dini kökü olmayan (qeyri-dini olan), müəyyən xalqlara məxsus bayramlardır. Bu cür bayramlar çoxluq təşkil edir. Burada maraqlı bir sual yaranır: ˝Görəsən, İslamın ˝dini olmayan bayramlara˝ münasibəti necədir? Belə bayramların qeyd olunması icazəlidirmi?˝     Bu mövzuda İslam alimləri arasında iki fərqli fikir mövcuddur. Məxsusən vəhabi inancında və əhli-sünnə etiqadında olan alimlərin bir qismi dini bayramlardan başqa bütün növ bayramların dini cəhətdən qadağan olunduğunu bildirmişlər. Onlar, hətta ad günlərinin belə bayram edilməsini düzgün hesab etməmişlər.     Əksəriyyət isə İslamın bayramlara birmənalı şəkildə yanaşmadığını, bayramları məqbul (icazəli) və qeyri-məqbul (icazəli olmayan) olaraq iki hissəyə böldüyünü bildirmişdir.     Bizlər Quran ayələrini və hədisləri araşdırdığımız zaman, həmçinin fəqihlərin hökmlərinə nəzər saldıqda görürük ki, İslam heç bir vaxt hər hansı bir qeyri-dini bayramı sadəcə dini olmadığına görə qadağan etməmişdir.     Ayətullah Xamenei: ˝Bayram etməyin özündə irad yoxdur. Ancaq gərək haram işlərdən çəkinilsin˝.     Ayətullah Fazil Lənkərani: ˝Bayramın öz-özündə eybi yoxdur. Ancaq haram işlərin icrası hər bir halda və hansı ünvanla olursa-olsun icazəli deyildir. Müsəlmanlar və möminlər gərək haram işlərdən həmişə uzaq dursunlar˝.[9]     Ayətullah Məhəmməd Hüseyn Kaşiful Gita İslamın qəbul etdiyi bayramları belə qruplaşdırır: ˝Bizim dörd növ bayramımız vardır:      1-Dini bayramlar: Fitr və Qurban bayramı kimi.      2-Məzhəbi bayramlar: Qədir bayramı kimi.      3-Milli bayramlar: Hər məmləkət və ölkə müəyyən bir günü özü üçün bayram hesab edir.      4-Yaradılış bayramları: Bu günləri aləm bayram edir˝.[10]     İslamın bir bayramı qadağan etməsi o bayramda mövcud olan əsaslı mənfi cəhətlərə görə olmuşdur. Ona görə də İslam yalnız aşağıda qeyd etdiyimiz bir qrup bayramı qeyri-məqbul bilmişdir.     1- Kitab əhlinə (xristianlara, yəhudilərə) məxsus dini bayramlar. Pasxa, epifanie, xaç suyuna çəkilmə kimi.     2- İnsanlar tərəfindən yaradılmış (bütpərəstlik, ulduzpərəstlik, atəşpərəstlik, caynizm, qədim yunan dinləri kimi) batil dinlərə məxsus bayramlar.     Əgər hər hansı bir bayram müştərək xüsusiyyətlərə sahib olarsa, (yəni bu bayram hər hansı bir ölkədə kitab əhlinin və ya batil dinin bayramı sayılmaqla bərabər, başqa bir ölkədə də milli bayram kimi qeyd olunursa) bu zaman hər ölkəyə o bayrama olan münasibətinə görə hökm veriləcəkdir. Milli bayram kimi qeyd olunan ölkədə milli bayram hökmündə olduğundan icazəli olacaq, digər ölkədə isə (batil dinin bayramı olduğu üçün) icazəli olmayacaqdır.     3-İslamda haram hesab edilən ayinlərin, əməllərin əsasında qurulmuş, onlarla əlaqəli hadisələrin qeyd olunmasına həsr olunmuş bayramlar: Məsələn, pivə bayramı (Bjordagurinn), Moldovada keçirilən milli şərab bayramı, rəqs bayramları kimi…     Bu cür bayramlar, sadəcə olaraq, yanlış etiqadın nümayişi və günah işlərin icrasından ibarət olduğuna görə İslam dini tərəfindən qadağan edilməmişdir. Belə ki, bu formalı bayramların keçirilməsi, eyni zamanda, onda olan xüsusiyyətlərin və bu formalı işlərin təbliği, yadlardan çıxmaması, əbədiləşdirilməsi mahiyyətini də daşıyır. Ona görə də İslam bu bayramları nəticə etibarilə haram işlərin və batil ideologiyanın təbliği, təsdiqi və yayılmasına səbəb olduğuna görə keçirilməsini qadağan etmişdir.     Deyilənlərdən sonra məlum olur ki, əgər hər hansı bir bayramda bu əlamətlər yoxdursa, (dini bayram olmasa da belə) İslam dini onun qeyd edilməsinə etiraz etmir. Belə bayramlara İslam dini mübah bayramlar deyir. Yeni il və Novruz bayramı da eynilə bu qisim bayramlardandır. Yəni onların keçirilib keçirilməməsi insanın öz ixtiyarına buraxılmışdır.   ƏSAS MAHİYYƏTDİR     Hədislərə də diqqət edəndə anlayırıq ki, bayramların öz-özlüyündə əsaləti yoxdur, mühüm olan o günlərin mahiyyətidir.     İmam Əli bəzi bayramlarda deyərdi: ˝Bu bayram Allah tərəfindən orucu və namazı qəbul olunmuş şəxs üçün bayramdır. Ümumiyyətlə, Allaha üsyan olunmayan hər gün bayramdır˝.[11]     Bu hədisdən də göründüyü kimi, mühüm olan dini çərçivələrə riayət olunmasıdır. O çərçivədən çıxıldıqda məqbul bayram belə qeyri-məqbul olur. Buna görədir ki, İmam Həsən Fitr bayramı günü yol ilə gedərkən bir dəstə insana etiraz edir. Belə ki, onlar oynayır, əylənir, yersiz olaraq deyib-gülməklə məşğul idilər. Bu zaman Həzrət Həsən ibn Əli onların başı üzərində dayanır və onları belə bir müqəddəs gündə mənasız işlərlə məşğul olub, yersiz əyləndiklərinə görə qınayır.[12]     Başqa bir hədisdə isə qeyd olunur ki, Novruz bayramı günü İmam Əliyə hədiyyə gətirirlər. İmam bu hədiyyənin verilmə səbəbini soruşur. Ona deyirlər ki, bu gün novruz günüdür. İmam bu zaman deyir: ˝Bizim hər günümüzü novruz qərar verin!˝[13]      HANSI AMİLLƏRİN BAYRAMLARIN QADAĞAN EDİLMƏSİNDƏ TƏSİRİ YOXDUR     Bayramların İslam tərəfindən qadağan olunmasında bəzi amillərin təsiri yoxdur:      1-Bayramın əsasını qoyan şəxsin inancı:     Əgər bir bayramın əsasını qoyan batil etiqadlı biri olubsa və bayramın özündə yuxarıda qeyd etdiyimiz əlamətlər yoxdursa, yəni bayramın mahiyyəti müsbətdirsə, o zaman həmin bayramı keçirməyin də bir eybi yoxdur. Məsələn, fərz edək ki, Allahı qəbul etməyən, yaxud da çoxallahlılığa inanan biri bütün ölkə tərəfindən keçirilən ˝kitab bayramı˝ adlı bir bayram təyin etmişdir. O gün bütün insanlar istirahət edir, yalnız kitab oxuyur, bir-birlərinə kitab hədiyyə edirlər. Belə bir gözəl bayramı aydındır ki, İslam onu təyin etmiş insanın inancına görə qadağan etməyəcəkdir.      2-Əvvəli pis, sonu yaxşı olan:     Bir sıra bayramlar vardır ki, kökündə yanlış bir adət, yaxud yanlış bir cəhət vardır. Lakin sonradan bu bayramlar hər hansı bir ölkə və ya xalq tərəfindən dəyişilərək başqa bir mənalarda və gözəl adətlərlə əlaqədar qeyd olunmağa başlanılmışdır (yəni müsbət cəhətləri ilə qəbul olunmuşdur). Bu kimi hallarda (dinə görə) bayramın kökündə olan cəhətlərə deyil, hazırda mövcud olan cəhətinə baxılmalıdır.     Məsələn, götürək Novruz bayramını. Mümkündür ki, bu bayram atəşpərəstliklə, yaxud da digər qədim yanlış inanclarla bağlı bir bayram olmuş olsun. Ancaq hazırda bu bayramın keçirildiyi ölkələrdə, (ən azı bizim ölkədə) heç kəs Novruzu hansısa qədim dinə etiqad edərək keçirmir. Hazırda Novruz bir çox xalqların milli bayramına çevrilmişdir. Həmçinin bu da mümkündür ki, əgər araşdırılsa, görərik ki, Novruz bayramında olan bəzi elementlər (tonqal, müxtəlif təbiət hadisələri ilə əlaqədar olan çərşənbələr (od, su, torpaq və yel kimi), səməni, Keçəl, Kosa və Baharqızı kimi) hansısa qədim və yanlış dini ayinə məxsus bir element olmuş olsun. Ancaq artıq uzun illərdir ki, (ölkəmiz də içində olmaqla) bu elementlər Novruz bayramını keçirən bütün ölkələrdə milli bayramın atributlarına çevrilmiş və öz keçmiş mahiyyətini itirmişdir. Günümüzdə Novruz bayramı bahar günü, fəsil dəyişməsi, təbiətin oyanması, şəmsi təqvimində yeni ilin gəlməsi, milli bayram və bunun kimi əlamətlərlə əlaqəli olaraq qeyd edilir.     Eyni sözləri qriqori təqviminin təzələndiyi zaman qeyd olunan Yeni il bayramı ilə bağlı da demək olar. Burada da mümkündür ki, Şaxta baba, Qarqız, yolka (şam ağacı) kimi Yeni ilə xas olan elementlər araşdırıldıqda slavyan xalqlarının dini folkloruna, yaxud da xristianların dinlərinə aid olmuş olsun. Ancaq hazırda əksər ölkələrdə, (ən azından bizim ölkədə) bu elementlərin heç biri xalq tərəfindən o formada qəbul olunmur. Əgər xalq Şaxta babaya xristian dininə məxsus olan bir müqəddəs, yaxud da slavyan xalqlarının təbiət ruhunu özündə əks etdirən bir element, həyatlarında nələrisə dəyişdirmək gücünə sahib, insanlara səmadan hədiyyələr gətirən, onların arzu və diləklərini icra etmək qüdrətində olan bir varlıq kimi qəbul etmirsə və əksinə, ona nağıl qəhrəmanı kimi baxırsa, o zaman din öz hökmünü bu bayramın keçmiş mənşəyinə görə yox, bu bayramı qeyd edən xalqın hazırki düşüncələri, hazırki baxışı əsasında verəcəkdir. Ona görə də bir bayramı və ya personajı onun kökündəki cəhətlərinə görə tənqid etmək əqli və dini yanaşma əsasında deyildir.      3-Bəzi günahların edilməsi:     Bir sıra bayramlar vardır ki, həmin bayramları qeyd etməyin öz-özlüyündə heç bir iradı yoxdur. Lakin bu bayramları qeyd edərkən insanlar günah işlər edirlər. Bilmək lazımdır ki, bu kimi halların baş verməsi bayramın özünü qeyri-məqbul etmək qüdrətində deyildir. Məsələn, ˝faşizm üzərində qələbə günü˝ bizlərdə bayramdır. Əgər bəzi insanlar bu günü qeyd etmək adı ilə İslamın qadağan etdiyi işləri görürlərsə, bu işlər o bayramın özünü qadağan etməz. Həmçinin mümkündür ki, kimsə Qurban bayramını da günah məclisi təşkil etməklə qeyd etsin, aydındır ki, bu hal da o bayramın dini cəhətdən qadağan olunmasına əsas verməyəcəkdir.     Əlbəttə ki, burada da bir istisna vardır. Mümkündür ki, bu bayramda hansısa məxsusi bir haramı icra etmək o qədər kütləvi bir hal alsın ki, zamanla bu bayramın bir atributuna, ona xas bir elementə çevrilsin və bu bayram artıq hamıda o haram elementlə assosiasiya olunsun. Həmçinin o bayramı qeyd etmək həmin haram elementlərin təbliğinə səbəb olsun. Bu kimi hallarda İslamın nəzərində bu bayram haram bayramlardan hesab olunacaq və din bu bayramın qeyd olunmasını məqbul bilməyəcəkdir. Belə ki, artıq bayram öz əvvəlki düzgün mahiyyətini itirmiş və yeni bir yanlış mahiyyət əldə etmişdir.   NOVRUZ VƏ YENİ İL DİN GÜZGÜSÜNDƏ     Novruz bayramı: Novruz sözü ˝no ruz˝, yəni yeni gün deməkdir. Mənbələrə görə, bu söz qədim avesta dilindən gəlmişdir. Sonradan pəhləvi (orta fars) dilinə modifikasiya olunub və daha sonra ˝no ruz˝ kimi işlənib. Novruz şəmsi təqviminə görə, yeni ilin girdiyi “fərvərdin”[14] ayının birinə düşür.     Novruzun tarixi köklərinin İslamdan əvvələ, çox qədim zamanlara aid olduğunu deyirlər. Qədim xalqlar Novruzu baharın gəlişi kimi qeyd etsələr də, zərdüştlər bunu öz dini inancları ilə əlaqələndirmişlər. Bu bayram qədim zamanlardan başlayaraq, Azərbaycan, İran, Əfqanıstan, Özbəkistan və Tacikistan olmaqla bir çox şərq ölkələrində baharın gəlişi kimi qeyd olunmaqdadır. Novruz bayramında əgər hansısa tarix mərhələsində zərdüştlüklə əlaqəli müəyyən atributlar olsa da, belə, günümüzdə bu bayram sırf milli və baharın gəlişi ilə əlaqəli, İran və Əfqanıstan kimi ölkələrdə isə şəmsi təqvimlərinin dəyişməsi kimi qeyd olunur.      Yeni il bayramı: Bu bayramın adı (eynən Novruz kimi) özünün mahiyyətini izah edir. Novruz şəmsi təqviminin dəyişdiyi yeni günü bildirirdisə, Yeni il də qriqori təqviminə əsasən ilin dəyişməsini bildirir. Yanvarın ilk gününü Yeni il bayramı kimi qeyd etmək ənənəsinin qədim dövrlərə, bəzilərinə görə, eramızdan əvvəlki qədim yunanlara aid olduğu bildirilir. Qədim yunanlar yanvarın birində bayram məqsədi ilə evlərini bəzəyərdilər. Günümüzdə dünyanın əksər ölkələri, (ölkəmiz də daxil olmaqla) yanvarın birini Yeni il bayramı kimi qeyd edirlər. Hər bir ölkə Yeni il bayramını öz milli adət-ənənələrinə xas olaraq keçirir. Ancaq bəzədilmiş yolka, Şaxta baba, hədiyyələrin verilməsi, şən əhval-ruhiyyə, bayram süfrəsi ətrafında ailə üzvlərinin toplaşması, atəş-fəşanlıq kimi atributlar, demək olar ki, hamısına xarakterikdir.     Novruz və Yeni il sırf təqvim dəyişikliyinin qeyd edilməsi ilə əlaqədar olduğuna görə aydındır ki, nə İslam, nə də digər dinlərə xas bayram hesab edilmir. Bəziləri mümkündür ki, Novruz barəsində nəql olunmuş hədislərə görə, onu İslam dininə aid bir bayram bilsinlər. Ancaq o hədislər sənəd cəhətindən zəif hədislərdir və məna cəhətindən bu bayramın dini olduğuna qətiyyən dəlalət etmir. Fəqihlərin əksəriyyəti də öz hökmlərində Novruz bayramının Qurban və Fitr bayramı kimi dini bir bayram olmadığını qeyd etmişlər.     Ayətullah Ruhullah Xomeyni: ˝Novruz bayramı milli bayramdır və İslami bayram deyildir. Lakin İslam da bu bayrama qarşı çıxmamışdır˝, ˝Novruz bayramı qədimi bir bayramdır. Ancaq İslam bayramlarının bütün əməlləri İslam dininə məxsus olur və müqəddəs şəriət sahibi də onları ümumi olaraq təsdiqləyir. Həmçinin İslam bayramlarının digər xüsusiyyəti də odur ki, onlar bütün dünya müsəlmanlarına məxsus olur. Novruz bayramı isə dini bir bayram deyildir. Baxmayaraq ki, onda İslamın qəbul etdiyi bəzi yaxşı əməllər icra olunur. Novruz baramı, həmçinin ümumdünya bayramı da deyildir. O, İran da olmaqla, bir neçə ölkəyə məxsusdur˝.[15]     Ayətullah Məkarim Şirazi: ˝Bəzi hədislərdə Novruzu məzhəbi bir bayram hesab etmişlər. Lakin bu hədislərin mötəbərliyi isbat olunmadığına görə Novruzu məzhəbi bir bayram hesab etmək olmaz. Ancaq iranlıların və bəzi İslam ölkələrinin milli bayramıdır. Dünya xalqları arasında mövcud olan bayramlar kimidir və bidət də hesab olunmur. Bu milli bayramın əsası baharın gəlişidir˝.[16]     Həmçinin Ayətullah Xoyinin[17], Ayətullah Fazil Lənkəraninin, Ayətullah Safi Gülpayganinin, Ayətullah Behcətin və Ayətullah Sistaninin də bu mövzu ilə əlaqədar oxşar hökmlər verdiyini görmək olar.     Bu səbəbdən (Novruzun dini bayram olmaması və bu barədə nəql olunan hədislərin sənədlərinin zəifliyi) Novruz bayramı ilə əlaqədar hədislərdə nəql olunmuş bəzi əməllərin, əxlaqi tövsiyələrin (qüsl almaq, müstəhəb namaz kimi) heç bir əsası yoxdur.[18]             Ancaq baxmayaraq ki, fəqihlər Novruzu İslam bayramı deyil, qədim milli bir bayram hesab edirlər, hətta batil ayinlərə belə aid olduğunu etiraf edirlər, bununla belə, Novruzun milli bir bayram kimi qeyd olunmasını düzgün hesab edirlər. Məxsusən də onda olan müsbət cəhətlərə görə. Deməli, qeyri-dini bayramı da müsəlmanların qeyd etməsinin heç bir qəbahəti yoxdur.     Bayramlar barəsində əvvəldə verdiyimiz təhlillərdən sonra Novruz və Yeni il bayramlarının dini cəhətdən qadağan olunmasının heç bir əsasının olmadığı məlum olur. Ölkəmizdə heç kəs Şaxta babanı, nə də Qarqızı xristian dininin təmsilçisi kimi qəbul etmir. Heç kəs şam ağacını, Novruzda da səmənini sitayiş məqsədi ilə evinə qoymur. Heç bir xalq (həmçinin də bizim xalq) Novruzu atəşpərəstlərə təqlid, onlara oxşamaq niyyəti ilə də qeyd etmir.     Yeni il və Novruzda mövcud olan bayram atributlarını təhlil etdikdə belə bu əlamətlərin dinin qadağan edəcəyi bir xüsusiyyətə sahib olmadığını görürük. Yolka həyat, yaşıllıq, məhsuldarlıq, bərəkət rəmzi kimi təqdim olunur, səməni də, həmçinin. Yeni il yolkası[19] və ya səməni xristian dininin atributu olan xaç, ikona kimi xüsusiyyətdə də deyildir. Yeni il və Novruz deyəndə zehinlərdə pasxa kimi xristian bayramı təəssüratı da yaranmır.     Şaxta baba, Kosa, Keçəl, Bahar və Qarqız personajları artıq şəhər və ya milli folklorun bir hissəsinə çevrilmişdir.     Dinə görə, hər hansı bir personifikasiya[20] yalnız yanlış bir etiqadla birgə olduğu halda qadağan olunur. Məsələn, Şaxta baba, Keçəl və Kosanı hər hansı bir inancla birgə qəbul etsələr. İnansalar ki, Keçəl təbiət güclərini idarə edir, Şaxta baba təbiət allahıdır, yaxud qış allahı, ya da xristian dininə aid olan qeyri-adi gücü olan Müqəddəs Nikolaydır. O zaman bu atributlar din tərəfindən (xurafat olduğuna görə) qadağan olunacaqdır. Yox, əgər bu personajlar bir nağıl qəhrəmanı kimi qəbul edilirsə, insanlar arasında da yanlış personifikasiyaya səbəb olmursa, bu zaman belə bir elementlərin dinlə bir ziddiyyəti olmur.     Əslində bu iki bayramda dinin bəyəndiyi bir çox müsbət adətlər də mövcuddur: Qohumlara baş çəkmək, küsülülərin barışması, uşaqları sevindirmək, insanların bir-birinə hədiyyə bağışlamaları, ailəyə diqqət, kasıblara ehsan, bir süfrə ətrafında qohumların, yaxınların toplaşması, qonaq getmək və sair.   ˝YENİ İL˝ İLƏ ˝KRİSTMAS˝I BİR-BİRİNDƏN AYIRMAQ LAZIMDIR     Xristianlar tərəfindən İsa Məsihin doğum günü olaraq qeyd olunan bayramı bəzən Yeni il bayramı ilə səhv salırlar. Bir halda ki, İsa Məsihin doğum günü ˝Christes maesse˝, Kristmasdır. Buna müsəlmanlar Milad bayramı da deyirlər. "Milad" ərəb mənşəli sözdür, dünyaya gəlmə, doğulma deməkdir. İsa Məsihin doğum günü bayramını müsəlmanlar milad, xristianlar, o cümlədən ingilislər isə “Kristmas” (Christmas) adlandırırlar. Christmas sözü “Christ” və “mass” sözlərinin birləşməsindən əmələ gəlmişdir. Mənası “İsanın messiyası”, ˝İsanın ayini˝ mənasını verir. Kristmas (İsa Məsihin doğum günü bayramı) xristianların bəziləri tərəfindən dekabrın 25-i, bəzilərinə görə yanvarın 6-sı, bir başqalarına görə isə yanvarın 7-si qeyd olunur.     Göründüyü kimi, Kristmas bayramı Yeni il bayramından həm keçirilmə vaxtına görə, həm də qeyd olunma səbəblərinə görə fərqlidir.     Ölkəmiz də daxil olmaqla, müsəlman dövlətlərində İsa Məsihin doğum günü rəsmi bayram olaraq elan edilməmişdir. Azərbaycanda yalnız yanvar ayının 1-i və 2-si Yeni il bayramı, dekabrın 31-i isə Dünya Azərbaycanlılarının həmrəyliyi günü məqsədi ilə istirahət günü elan edilmişdir. Yeni ili bir bayram kimi qeyd edən digər müsəlman ölkələrinin əhalisi də bu bayramı Kristmas (milad bayramı) niyyəti ilə qeyd etməzlər. Fəqət yeni il bayramını təqvimin dəyişməsi formasında qeyd edərlər.     Kristmas (Milad) bayramına xas olan dini ənənələrə Milad tamaşaları, kilsə mərasimləri, İsa Məsihin doğulma səhnələri, bunu əks etdirən fiqurlar, Körpə İsa kimi fiqurlar, İsa Məsihə edilən dualar və çələnglər də daxildir.     Hər kəsin də bildiyi kimi, bu kimi ənənələr Yeni il bayramında keçirilmir. Bununla belə, Yeni il və Kristmas bayramında müştərək olan ənənələr də vardır: Uşaqlara hədiyyələrin paylanması, ailənin bir yerə toplaşması, Şaxta baba və ya Santa Klaus, bəzədilmiş yolka ağacı və sair.     Hazırda qeyd olunan Yeni il bayramlarında bu müştərək əlamətlər Kristmasın dini motivlərindən tamamilə arınmış, il dəyişikliyi ilə əlaqədar qeyd olunan bayramın atributu statusunu almışdır.     Bundan başqa, Kristmas nəinki qeyri-xristian ölkələrində, hətta xristian ölkələrində belə artıq öz dini rəngini itirməkdədir. Bir çox katolik kilsəsinin nümayəndələrinin narahatçılığı da məhz bundan qaynaqlanır. Onlar narahat olurlar ki, Kristmas artıq İsanın doğum günündən çox alış-veriş, şənlik, ticarət, əylənmək, festivalların keçirilməsi halını almışdır. Santa Klausun isə hədiyyə paylayan bir nağıl personajı kimi uşaqlar yanında dəyəri İsa Məsihdən də artıq olmağa başlamışdır.     Yeni ildən və Novruzdan fərqli olaraq, Kristmas bayramının (fundamental xristian bayramı hesab olunduğuna görə) müsəlmanlar tərəfindən qeyd olunması düzgün hesab edilmir.   İSLAMIN DİNİ OLMAYAN MİLLİ ADƏT-ƏNƏNƏLƏRƏ, XALQLARIN MƏDƏNİYYƏTİNƏ MÜNASİBƏTİ      İlk olaraq, onu qeyd edək ki, ˝İslam qeyri-dini olan hər şeyə qarşı çıxmışdır˝ fikri kökündən yanlışdır. Belə ki, İslam qadağalarını işin mahiyyətinə görə təyin edir. Elə buna görə də bir çox hallarda İslamın dini olmayan məsələləri (mahiyyəti düzgün olduğuna görə) təsdiqlədiyini görürük. Bir çox məsələlərdə isə (məsələn, tauqiti[21] olan ibadət məsələlərindən kənar məsələlərdə olduğu kimi) insanı azad buraxmışdır. Yəni İslam dini şəri qadağaların sərhəddinə çatmayana qədər insanların davranışlarını mübah adlandıraraq onları icazəli bilmişdir. İnsanların hansı günü milli bayram olaraq təyin etmələri, onu necə keçirmək istəmələri (təbii ki, qeyd etdiyimiz kimi, haram işləri icra etmədən), bir çox ictimai məsələlər, ailə daxili mövzular, fərdi rəftarlar da bu qəbildəndir. Bununla da (insanın fəaliyyətinə məhdudiyyət qoymamaqla) İslam dini insana rahatlıq vermişdir. Bu, bir çoxlarının yanlış düşüncələri ilə ziddiyyət təşkil edir. Belə ki, onlar yanlış olaraq İslamın məhdudlaşdırıcı, insanın həyatının hər bir sahəsinə nəzarət etməyə çalışan bir din olduğunu düşünürlər.     Ona görə də ˝dini olmayan hər şey səhvdir, İslamın gətirmədiyi bütün fikirlər, bütün elmlər, bütün adətlər, bütün qanunlar batildir˝ fikrinin özü İslama ziddir.     Bəzən insanların bu yanlış təfəkkürü dəstəkləmələri onların İslam dinini ən son və ən kamil din hesab etmələrindən qaynaqlanır. Belə ki, onlar elə bilirlər ki, kamil din olmaq bütün məsələlərdə (hətta insanların özlərinin ağıl ilə dərk edə biləcəkləri məsələlərdə belə) fikir demək, xalqlar arasında, cəmiyyətdə mövcud olan bütün qaydaları, adətləri rədd edib, yerinə sırf dini hökmləri qoymaq deməkdir. Bir halda ki, kamil din o dindir ki, hər bir məsələni hərtərəfli nəzərə alsın, hər bir şeyin yerini bilsin, lazım olan hər bir şeyi də öz yerində istifadə etsin. Fərdin və cəmiyyətin özünün görə biləcəyi, ağılın dərk etməkdə qüdrəti olan işləri onların öz üzərinə buraxsın. Kamil din insanlara səadətin yollarını göstərir və onlara dərk edə bilməyəcəkləri məsələlərdə yardım edir, qalxa bilməyəcəkləri yerdə əllərindən tutur.     İslama və onun qanunlarına nəzər saldıqda görürük ki, o, millətlərə xas olan adətlərlə, insanların qurduqları heç bir şeylə müxalifət etməmişdir. İslam bunların içərisində seçim aparmış və yalnız insanların dünya və axirəvi səadəti üçün təhlükə hesab etdiyi amilləri aradan qaldırmışdır. Bəzilərini isə yanlışlıqlardan təmizləmiş və düzgün istiqamətə yönəldərək qəbul etmişdir. Elə bu yanaşmaya görə də İslam nazil olan zaman ərəblərə aid olan bütün qayda və adətləri ləğv etmədi. Hətta onlardan bəzilərini təsdiqləyərək qəbul etdi.     1) İslamdan əvvəl ərəblər ildə dörd aya xüsusi hörmətlə yanaşırdılar. O ay gələn zaman müharibələr, qətllər, qarət kimi çirkin işlər tərk olunurdu. İnsanlar daha çox mənəvi işlərə diqqət edirdilər. Bu aylarda Ərəbistanın hər bir yerindən Məkkəyə ibadət və ya ticarət üçün çoxlu sayda insanlar gələrdilər. Şer yarışları, müxtəlif tədbirlər təşkil olunardı. İslam gələndən sonra ərəblərin bu adətinə ehtiram etdi və bunu aradan aparmadı.     2) Ərəblərə aid olan bəzi diyə forması var idi, İslam onları da qəbul etdi.     3) Bəzi mərasimlərin keçirilmə formasını olduğu kimi saxladı.     4) Bir çox məsələlərdə qəti bir hökm vermədi və o məsələlərin ölçüsünü hər bir millətin özünə məxsus olan ürfünün, milli yanaşmasının öhdəsinə buraxdı. Məsələn, haram musiqinin, haram çalğı alətlərinin, qumar alətlərinin, şöhrət paltarının, ailənin ehtiyaclarının təyini kimi hökmlərdə meyar ürf və xalqın yanaşmasıdır. Bu cür bir çox şəri hökmlər də vardır ki, bu hökmlərin tətbiqi ürfün yanaşmasından asılı olaraq ölkədən ölkəyə dəyişməkdədir.     Deməli, İslam məsləhəti və faydası olan ürfi qaydalara və milli dəyərlərə əhəmiyyət vermiş, onları silib atmamışdır. Tam tərsi, hətta xalqların yaratdığı müsbət adətlərin qəbuluna təşviq belə etmişdir. İslam peyğəmbərinin bu hədisindən sonra mətləb daha da aydın olacaqdır. Həzrət belə buyurmuşdur: ˝Hər kim özündən sonra əməl edilən gözəl bir ənənənin bünovrəsini qoyarsa, ona həm etdiyi bu yaxşı işin, həm də o yaxşı ənənəyə əməl edən digərlərinin savabından azaldılmadan verilər (yəni digərlərinə nə qədər savab verilərsə, eynən o qədər də o yaxşı ənənənin əsasını qoyan şəxsə verilər). Həmçinin hər kim özündən sonra əməl edilən pis bir ənənə yaratsa, ona həm etdiyi bu pis işin, həm də o pis ənənəyə əməl edənlərin əməllərindən heç nə azaldılmadan verilər.[22]     Peyğəmbərimiz xalqın həyat tərzi olan adət və ənənələrə iki formada yanaşır. Və onların pisi olduğu kimi, yaxşısının da olduğunu qeyd edir. İslam xalqlara, məntəqələrə məxsus olan gözəl adətləri nəinki aradan qaldırmağa çalışmır, əksinə, onların daha da artırılmasına və möhkəmlənməsinə də təkid edir. Ona görə də bu cür gözəl adətləri quranlara və onlara riayət edənlərə belə ilahi əcr vəd edir.     Biz bunun örnəklərini Həzrət Əlinin müxtəlif məntəqələrə təyin etdiyi rəhbərlərə olunan göstərişlərində, həmin hakim və valilərə yazılan məktublarında da görə bilərik. Həzrət Əli bu məktublarında onlara yerli xalqlarla necə rəftar etmələri və camaatın adətləri ilə əlaqədar necə davranmalı olduqları barədə həmişə tövsiyələr verirdi. Çünki bu rəhbərlər müxtəlif məntəqələrdə müxtəlif xalqlarla, müxtəlif adətlərlə qarşılaşırdılar. Burada qarşıya çıxan ilk məsələ də İslam ölkəsinin rəsmi nümayəndəsinin dini qanunları o məntəqələrdə necə tətbiq edəcəyi, İslamın bu milli adətlər və dini olmayan qaydalarla necə rəftar etməsi idi. Bu səbəbdən də Həzrət Əli mütəmadi olaraq bu cür ictimai cəhətlərə dair xüsusi göstərişlər verirdi. Onların birində Həzrət Əli Malik Əştərə belə buyurur:     ˝Bu xalqın böyüklərinin əməl etdikləri[23], onun vasitəsilə bir-birilə ülfət tapdıqları[24] (adət edərək onun vasitəsilə bir-birlərilə vəhdət yaratdıqları), onun əsasında insanların (rəiyyətin) işləri nizama düşmüş, islah olunmuş saleh ənənəni pozma!     Keçmiş saleh ənənələrə, adətlərə hər hansı bir zərər gətirəcək yeni bir ənənə yaratma! Əgər bunu etsən, o saleh ənənənin əcri onu yaradana, o ənənəni pozduğuna görə də vəbalı sənin üzərinə gələcəkdir!˝[25]     Əsl İslamın ictimai mövzularda olan düşüncəsi Həzrət Əlinin dili ilə belə bəyan olundu. Hər bir xalqın adət etdikləri, üns tapdıqları, qəlblərinə oturmuş, bu xalqın ağsaqqallarının, başbilənlərinin həyat tərzinə çevrilmiş gözəl ənənələr yaşadılmalıdır. Çünki belə adətlər səbəbilə bu xalq ayaqdadır. Onların milli kimliyinə çevrilmiş adətlər bu xalqı formalaşdırır. Onun vasitəsilə bu xalq bir-birilə möhkəm bağlanmış, bir-birilə rabitələri daha da möhkəmlənmişdir. Bu xalq artıq öz işlərini bu qaydalar, bu ənənələr əsasında tənzimləməkdədir. Bu gözəl adətlər həyatlarının bir hissəsi olmuşdur artıq. Gözəl adətlər xalq arasında xeyirli işlərin tətbiq olunmasına, nəticədə də yayılmasına səbəb olur.     İslam bu cür gözəl adətlərə qarşı çıxmağı yanlış bir addım hesab edir. Gözəl ənənələrə zərər vuracaq hər bir addımı isə kökündən rədd edir. Bütün bunlar İslamın gözəl milli dəyərlərə, saleh ənənələrə verdiyi dəyərdən irəli gəlir.     Mövzuları bu prizmadan təhlil etdikdə xalq arasında formalaşmış, yuxarıda qeyd olunan xüsusiyyətlərə malik olan hər hansı bir gözəl bayram və o bayramda olan gözəl adət-ənənələr də İslam tərəfindən məqbul hesab olunacaqdır. Bu səbəbdəndir ki, peyğəmbər və onun canişinlərinin dövründə Novruz kimi, xalqların milli bayramları və bəzi adətləri ilə müxalifət olunmamış, əksinə, bəzi hədislərdə də qeyd olunduğu kimi, məqbul bilinmişdir.   DİNİ OLMAYAN BÜTÜN BAYRAMLARI QADAĞAN BİLƏNLƏRİN DƏLİLLƏRİ     1- Qeyri-dini olan bütün bayramları İslama görə batil hesab edənlər dəlil olaraq deyirlər ki, Peyğəmbər Mədinəyə daxil olan zaman şəhər əhalisinin cahiliyyət dövründən qalmış iki günü bayram olaraq qeyd etdiklərini görür. Mədinə əhalisi o iki günü oynamaqla, əylənməklə keçirərdilər. Peyğəmbər bu zaman buyurur: ˝Allah sizin üçün bu iki günü dəyişərək yerinə ondan da yaxşısını gətirdi: Fitr və Qurban günü˝.[26]Deməli, o iki bayramdan başqa yerdə qalan bütün bayramlar qadağandır.    Cavab: Böyük alimlərin heç biri bu hədisi bütün qeyri-dini bayramların qadağan olunması kimi izah etməmişlər. Belə ki, hədisdən də məlum olduğu kimi, Mədinə əhalisi cahiliyyət dövrünə xas olan, günah adətlərlə xarakterik olan bir günü düzgün olmayan bir formada bayram edirdilər. Peyğəmbər də məhz bu səbəbdən o iki bayramı dəyişir.    2) Bir çoxları dəlil olaraq İslam peyğəmbərinin bu kəlamına istinad etmişlər: “Hər kim özünü bir qövmə bənzətsə, həmin şəxs o qövmdən sayılar”.[27] Qeyri-dini bayramları keçirmək müsəlmanın özünü qeyri-müsəlmanlara bənzətməsidir. Ona görə də qeyri-dini bayramlar qadağandır.    Cavab: Bizim əvvəldə verdiyimiz izahlardan sonra məlum olur ki, bu hədis yalnız haram elementlərin, batil dinlərin qeyd edilməsinə həsr olunmuş bayramlara şamil olur. Novruz, Yeni il, həmçinin dövlət bayramları, xalq bayramları, peşə bayramları kimi dini olmayan bayramlarda heç bir batilə bənzərlikdən söhbət gedə bilməz.    Digər tərəfdən də, fəqihlərin və üsul alimlərinin də qeyd etdikləri kimi, burada hər bir cəhətdən olan bənzərlikdən söhbət getmir. Belə ki, bir çox bənzərliklər vardır ki, hədisdə onlar nəzərdə tutulmamışdır. Buradakı bənzərlikdə məqsəd batilə bənzərlik, batil dinə bənzərlik mənasındadır. Yaxşı işləri görmək cəhətindən olan zahiri bənzərliyi isə hədis nəzərdə tutmamışdır.    Digər dəlillər də vardır. Lakin onlar çox daha xırda və əsassız olduğundan üzərində durmuruq. Zəhəbinin də Novruz bayramı, ad günləri kimi dini olmayan bayramlar barəsində fikirləri və mülahizələri vardır. Sadəcə olaraq, bunların hər birini təhlil etmək məqaləmizin çərçivəsindən kənara çıxır. Onu qeyd edək ki, o mülahizələrin də içərisində bu mövzu ilə bağlı araşdırmamıza dəlil ola biləcək məqamlar yoxdur.     [1] Mimi məsdər hesab olunur, zaman və məkana dəlalət edən isimdir. [2] ˝Maidə˝ surəsi, ayə 112-113. [3] ˝Maidə˝ surəsi, ayə 114. [4] Hədislərə görə, bayram günlərində yeni paltarlar geyinmək, ətir vurmaq bəyəniləndir. [5] ˝Təfsiru mənhəcis sadiqin fi ilzamil muxalifin˝, III cild, səh.351. [6] Taha, ayə 59. [7]Fürqan, ayə 72. [8] Əlbəhrul Muhit fit təfsir. 8-ci cild, səh.132. [9] ˝Yeni məsələlər: alimlərin və təqlid mərcelərinin nəzərində˝, I cild, səh.159-160. [10] ˝Novruz˝, Seyid Məhəmməd Əli Milani, səh.44. [11] Nəhcül bəlağə, 428-ci hikmət. [12] Tuhəful Uqul, 236. [13] Mən lə yəhzuruhul Fəqih, 3-cü cild, səh.300. [14]Şəmsi təqviminin ilk ayıdır. [15] Səhifeye Nur, 17-ci cild, səh.215. [16] http://makarem.ir/main.aspx?typeinfo=21&lid=0&catid=1017&mid=185273 [17] ˝Mausuə İmam Xoyi˝, 10-cu cild, səh.50. [18]Bəzi fəqihlər bu əməlləri yalnız rəca qəsdi ilə etməyi icazəli bilmişlər. [19]Hansı ki, hər bir ölkədə yeni il yolkasının özünə uyğun modifikasiyaları vardır. Məsələn, bəzi isti iqlimli ölkələrdə şam ağacının vəzifəsini bambuk ağacı icra edir. Bu da şam ağacının özünün bir müqəddəsliyinin, üstünlüyünün olmamasının göstəricisidir. [20]Personifikasiya təbiət güclərinin, əşyaların, bəzi anlayışların insan və ya hər hansı bir canlı simasında təqdim olunması. Personifikasiya adətən dinlərdə, əfsanələrdə, nağıllarda, qədim ayinlərdə və bəzi ədəbiyyatlarda mövcuddur. [21] Tauqiti elə hökmlər və məsələlərdir ki, onların müəyyən edilməsində ağılın heç bir rolu yoxdur və o hökmlərin təyini birbaşa ilahi göstərişə bağlıdır. [22] Kənzul Ummal, 15-ci cild, səh.78. [23] Başqa bir hədisdə bu hissə belə verilib: ˝Əməl olunan saleh ənənəni…˝. [24] Yaxud da o ənənəyə ülfət tapdıqları. [25] Nəhcul Bəlağə, səh.431. [26] Kənzul Ümmal, 24102. [27]İmam Əhməd, Musnəd, 5114, 5115.
19.12.2015   5576   137
 
     ˝YARASA OLMAQ NECƏ BİR ŞEYDİR?˝ («What is it like to be a Bat?») –tanınmış Amerika filosofu Tomas Nagelin 1974-cü ildə «Philosophical Review» jurnalında dərc etdiyi, elmi dairələrdə birmənalı qarşılanmamış məşhur məqaləsi məhz belə adlanır. Ad sizi çaşdırmasın, belə ki, məqalə yarasa barəsində deyildir. Nagelin bu məqaləsi nəşr olunduğu gündən ən çox sitat gətirilib istinad edilən şüur və subyektiv dərk barəsində yazılmış analitik fəlsəfi mətnlərdən hesab edilir.      Müasir fəlsəfədə, məxsusən də analitik fəlsəfə sahəsində fəaliyyət göstərənlərə yaxşı tanış olan Tomas Nagel bu məqalədə bir neçə mühüm mesajları insanlara çatdırmaq istəyirdi. Nagelin məqalədə toxunduğu, bizim də mühüm bildiyimiz bəzi nöqtələr üzərində durmaq istərdik. Qəbul etmədiyimiz mülahizə olunası məsələlərə isə məqaləmizin həcminə sığmadığına görə toxunmuruq.   YARASA OLMAQ NECƏ BİR ŞEYDİR       Müasir psixologiyada insan şüuru ilə əlaqədar məşhur bir sual mövcuddur. Biz bu sualı burada bir daha gündəmə gətirmək istəyirik: ˝Başqa bir fərdin yerində olmaq necə bir şeydir?˝. Məndən bir fərd olaraq fərqlənən tamam fərqli psixoloji struktura malik şəxsin bütün düşüncə və davranışlarını anlamaq üçün onun yerində olmaq mümkündürmü?           Tomas Nagelin qarşıya qoyduğu sual müasir elmdə çox mühüm olan insanın şüuru, dərki ilə əlaqəlidir. O, bu günə kimi şüur, dərk barəsində mövcud olan heç bir tanınmış elmi nəzəriyyələrin bu suala dolğun və dəqiq formada cavab vermədiyini diqqətə çəkir. Nagel, həmçinin qeyd edir ki, bu suala xarakterik olan cəhət ona cavabın üçüncü şəxs tərəfindən verilməsinin mümkün olmamasıdır. Yəni əgər bir gün elm o qədər inkişaf etsə ki, yarasanın anatomik, fizioloji, neyrobioloji, beynində cərəyan edən psixoloji və koqnitiv proseslərin hamısını tamlığı ilə dəqiq surətdə izah edə bilsə, yenə də heç bir kəsə yarasa olmağın nə demək olduğunu başa sala bilməyəcəkdir. Biz bütün bu məlumatlarla belə heç bir zaman yarasanın özünü öz daxilindən necə hiss etdiyini izah edə bilməyəcəyik. Ona görə də yarasa olmağın necə bir şey olması sualına heç bir zaman üçüncü şəxs tərəfindən cavab vermək mümkün olmayacaqdır. Bu sualı digər elmi suallardan fərqləndirən məxsus cəhəti də məhz budur.       Nagel hesab edir ki, yarasanın subyektiv aləmini dərk etmək bizlər üçün qeyri-mümkündür. Oxşar analogiya ilə digər insanların təkrarolunmaz və hər bir fərdə məxsus olan daxili aləmini də eynilə, dərk etmək mümkün deyildir. Hər bir insanın öz taleyi, özünə xas olan daxili aləmi, düşüncələri, hisləri vardır. Bu isə yalnız onun özünə məxsusdur. Ancaq qismən də olsa, anlamağın mümkünlüyünü də qəbul etmək lazımdır. Bu da dəqiq müşahidəçinin və güclü təhlilçinin səyləri ilə mümkün olur. Yenə də qeyd edirik ki, qismən.       İnsanların müxtəlif amillər səbəbilə bir-birinə olan oxşarlığı azaldıqca onların bir-birini dərk etmələri daha da çətinləşir. Milyardlara sahib olan, on min dollarlıq nahar yeməyi edən birinin miskin fəqir həyatı yaşayan insanın necə bir dərkə sahib olduğunu anlaması çox çətindir. Eynilə, o fəqirin də həmin imkanlını anlaması bir o qədər mümkünsüzdür. İdeoloji əsaslara görə, qadınları, körpələri amansızca qətlə yetirən qruplaşmanın üzvlərini başa düşməyə çalışan humanist insanın bu işi eynilə birinin yarasanı anlamağa çalışmasına bənzəyir. Biz hər nə qədər o insanların anatomik, fizioloji quruluşlarını, psixoloji xüsusiyyətlərini və daha başqa cəhətlərini öyrənsək də, bu, bizə onların subyektiv dərkləri barəsində heç nə verməyəcəkdir.       Eynilə, anadangəlmə kor, kar doğulan, fiziki qüsurlu şəxslərin də daxili aləmləri bizə məchuldur. Həmçinin biz də onlar üçün bir yarasa misalındayıq. Bayaq da qeyd etdiyimiz kimi, insan fərdləri arasında ictimai, psixoloji fərqliliklərin yaranması onların bir-birlərindən uzaqlaşmasına səbəb olur və onlar arasında yaranan uçurum get-gedə böyüməyə başlayır. Eyni növün nümayəndələri olmağımıza baxmayaraq, müxtəlif bioloji növə məxsus iki fərd kimi bir-birimizi anlamağımızda çətinlik yaranır.       Biz insanlar üçün başqasını dərk etmək yalnız kommunikasiya proseslərinin nəticəsi ilə və digərindən bizə çatan informasiyanın hermenevtik[1] analizi nəticəsində mümkündür. Bu zaman insan digərinin fikirlərini, daxili aləmini sözlərindən, bədən hərəkətlərindən, baxışlarından, zahiri quruluşundan, üzünün mimikasından, yazdığı əsərlərdən anlamağa çalışır. Bununla o insanın daxili aləmi ilə bir əlaqə qurmaq istəyir. Çünki başqalarının daxili aləmini əks etdirən yeganə vasitə yalnız bunlardır. Bununla da, bizlər nəticədən səbəbə (İn Bürhanı yolu ilə) doğru hərəkət etməyə çalışırıq.       Günümüzdə başqalarının daxili aləmini, psixikasını dərk etmək məsələsi fəlsəfi hermenevtikanın, analitik fəlsəfənin və psixologiyanın müzakirə mövzusudur. Ancaq, bununla belə, onların da ˝əllərinin elə də dolu olmadığını” etiraf etmək lazımdır.       Həmçinin bu arada, Nagelin özünün də qeyd etdiyi kimi, insan özünü tamlığıyla digərinin yerində qərar verməyə də cəhd etməlidir. Belə ki, əks tərəfə aid olan hər bir şeyi ən möhkəm metodlarla təhlil etdikdən sonra belə əks tərəfi dərk etmək yolunda qarşımızda daha bir maneə durur: ˝Özümüz olmadığımız əks tərəfin obrazına girmək, onun özü olmaq˝. Bu isə bəzən birinci məsələnin həllindən də çətindir. İnsan öz subyektivliyində qaldığı halda özünü digər insanların yerinə qoya bilmir. Digərlərinin özlərinə xas daxili aləmlərini canlandırmaq çox çətindir, bəzən isə mümkünsüzdür.       Yarasa olmağın nə demək olduğunu anlamaq üçün biz qaranlıq mağaraya daxil ola bilərik, bir müddət göydən başı aşağı asılı qalmaq da olar və sairə, ancaq bu, yarasanın özünü dərk etdiyi kimi bizim də onu dərk etməyimizə qətiyyən kömək etməyəcəkdir. Çünki yarasanın yerişini yeriyərək onun nə hiss etdiyini anlamağa çalışdığımız zaman belə biz beynimizin resurslarından istifadə etmək məcburiyyətindəyik. Bir halda ki, bu resurslar bu məsələni həll etməkdən ötrü kifayət deyildir.       Deməli, həm özümüzə, həm də digərlərinə xas olan sırf subyektiv faktorlar vardır ki, digərini təhlil etdikdə o faktorlar nəzərdən qaçır, nəticədə də bizlər digərlərini bir çox hallarda anlaya bilmirik. Yəni ˝yarasa˝nın nə hiss etdiyini, nəyə görə filan cür hərəkət etdiyini tamlığı ilə anlamaq bu səbəblərdən mümkün deyildir.       Dərkdə qarşıya çıxan bu çətinliyə baxmayaraq, ətrafda baş verən hadisələri, digər insanların davranışlarını, hər hansı bir cəmiyyəti, tarixi materialları təhlil edən zaman subyektiv reallıqdan çıxmağa cəhd etmək lazımdır. Nə vaxta qədər ki, insan sub.reallıqdan qurtulmayıb və ətraf mühitin, oxuduqlarının, daxili və xarici faktorlar səbəbilə formalaşmış psixologiyanın təsirilə hərəkət edir, düşünür, təhlil edir və ətrafa baxır, o vaxta qədər insanın ətrafı (özündən qeyriləri) barəsində mülahizələri subyektiv olacaqdır. Bu subyektiv yanaşma ilə o insan, hətta özü barəsində belə həqiqi nəticəyə, özünün əsl mahiyyətinə, istəklərinin əsl kökünə vara bilməyəcəkdir.   GİGO: QAPIYA ZİBİL QOYSAN, ÇIXIŞDA DA ZİBİL İLƏ QARŞILAŞACAQSAN       Nagelin məqaləsində toxunduğu məsələlərdən biri də başqalarının psixologiyasını anlamaq cəhdi, bunun üçün tətbiq edilməsi mümkün olan metodların müəyyənləşdirilməsidir. Düzdür, elə gözlədiyimiz[2] kimi, məqalədəki bu metodlar dəqiq bəyan edilməsə də, bu metodları müəyyən edə bilməyimiz üçün bəzi maraqlı faktlar ortaya qoyulmuşdur.        Hər bir insan individual bir varlıqdır. Məhz buna görə də onun psixologiyasını, daxili aləmini formalaşdıran amillər də fərqlidir. Hər bir insanın daxili aləmi eynilə onun barmaq izi kimi fərqlidir. Barmaq izləri ilə yanaşı, insanları fərqli şəxsiyyət edən bir çox başqa amillər də vardır. Psixoloji, iqtisadi, ictimai, ailə, təhsil, etiqad kimi… Bu amillərin təsirilə, ətrafdan əldə etdiyi və həyatı boyunca gəldiyi nəticələr əsasında insanda subyektiv bir aləm, subyektiv düşüncə, özünə xas təhlil üslubu formalaşır. Daha sonra insan hər hansı bir məsələ barəsində düşündüyü, təhlil apardığı zaman malik olduğu subyektivliyindən istifadə etməyə başlayır. Yeni nəticələrini, yaxud hər hansı bir yeni təhlillərini də bundan qabaq qəbul etdiyi əvvəlki informasiyalar bazasında edir. Burada maraqlı bir məqam ortaya çıxır. Belə ki, insanın ilkin olaraq zehninə daxil olan informasiya və onun əsasında formalaşmış baxış tərzi yanlış olarsa, bunların əsasında təhlil olunan məsələlərdə də yanlış nəticələrə gəlinəcəkdir. Bu prinsipi biz ˝Qapıya zibil qoysan, çıxanda da zibil ilə qarşılaşacaqsan˝ kimi ifadə edə bilərik. İnformatikada isə bu, GİGO (Garbage In, Garbage Out) kimi ifadə olunur. Yəni daxil olunan yanlış məlumatlardan yanlış nəticələrin alınması labüddür, hətta hesablama düzgün formada aparılsa belə.        Deməli, araşdırmadan düzgün hesab edib qəbul etdiyimiz önfərzlər, şəxsi istəklərimiz, psixoloji vəziyyətimiz, inanclarımız, məsələnin maddi, mənəvi, ictimai, milli, psixoloji faktorlara görə bizim üçün böyük bir əhəmiyyət daşıması- bütün bunlar bizim həyata olan baxışlarımızı subyektivləşdirir, nəticədə də bizlər hər şeyi öz dar çərçivəmizdə görməyə başlayırıq. Bu zaman hər məsələ üçün eyni metodu tətbiq edir, məsələnin həlli üçün riayət olunması gərəkli olan digər metodları isə gözardı edirik.        Nəticədə həyat və psixologiyamız bizi subyektivləşdirir. Bu cür subyektiv yanaşmanın təhlükəsindən heç kəs sığortalanmamışdır. Bunu bir çox elm adamlarının, filosofların, din xadimlərinin, psixoloqların, siyasətçilərin yanaşmalarında müşahidə etmək olar. Nəticədə elm adına, fəlsəfə, tarix, din, psixologiya adına irəli sürülən fikirlər cəfəngiyatdan başqa bir şey olmur. Bəzən də bu cəfəngiyatları özündə əks etdirən məqalə və kitablar elmi irs hesab edilir. Sonra da milyonların ˝yemi˝nə çevrilir. Nəticədə yanlış subyektiv yanaşmadan ibarət olan əsərlərlə qidalanan, onsuz da, subyektiv baxmağa meylli olan insan daha da subyektivləşir. GİGO (zibil qoysan, zibil götürərsən) prinsipi burada daha qabarıq formada özünü göstərir.        Bəli, subyektiv insan öz ətrafını, digərlərini təhlil edəndə, anlamağa çalışanda belə öz subyektivliyindən istifadə edir. Çünki onda istifadə edəcək başqa material və metod yoxdur. Hamı ətrafına öz daxili pəncərəsindən baxır. Bununla da özünə xoş gələn şeyin digərlərinə də xoş gəldiyini, istədiklərini digərlərinin də istədiyini hesab edir. Onun üçün pis olanın digərləri üçün də pis olduğunu güman edir.   YARASANI TAM ANLAMAQ ÜÇÜN YALNIZ YARASA OLMAQ LAZIMDIR       Məqaləmizdə qarşıya çıxan digər bir məsələ: Yarasanı tam formada necə anlamaq olar? Ümumiyyətlə, bu, mümkündürmü?       Başqasını tamlığı ilə dərk etməyin bir yolu ya onun özü olmaq, yaxud da onun daxili aləmi ilə mücərrəd formada rabitə qurmaqdır. Tam dərk üçün bundan başqa bir yol yoxdur. Necə deyərlər, ˝yarasanı anlamaq üçün yarasa olmaq lazımdır˝.       Nagel özü bunun tam gerçəkləşməsi üçün yeganə mükəmməl yolun yarasanın özünə çevrilməkdən ibarət olduğunu qeyd edirdi. Yəni əgər başqasının şüuru və daxili aləmi ilə tam bir mənəvi rabitə qurmaq, eyniləşmək mümkün olsaydı, onun içində hiss etdiklərini bütünlüklə dərk etmək olardı.       Sadəcə olaraq, Nagel bu işin əməli olaraq mümkün olmadığını hesab etdiyinə görə bunun üzərində durmamışdır. Digər tərəfdən, bu yol elmi dairələrdə qəbul olunmayan bir yol hesab edildiyindən Nagelin üzərində durmaması təbiidir. Metafizikada[3] bəhs olunan bəzi mövzularda bu yolun mümkün olduğu qeyd olunur. İrfan məktəbində də mövzuya aid maraqlı bəhslər vardır. Bu məktəb insanın qeyri-maddi olan ruhani tərəfinin mövcud olduğunu qəbul edir. Aydındır ki, ruhani tərəfdə məkan, zaman, maddi maneələr olmadığından onlar arasında baş verən dərk forması da hiss üzvləri vasitəsilə olan dərkdən tamamilə fərqlənir. Burada ittihad, eyniləşmə mümkündür. Bu fərqli dərk mənaların kəlmələr olmadan dərkidir, həqiqətin pərdə arxasından görülməsidir. Belə olduğu təqdirdə yarasa məsələsinə fərqli cəhətdən baxmaq mümkün olacaqdır.       Bəziləri digərinin daxili aləmini tam dərk etmək üçün, hətta telepatiyaya etimad etməyi mümkün bilmişlər. Onlara görə, əgər telepatiya fenomeninin elmi cəhətdən düz olduğu isbat olunarsa, o zaman bununla digər insanın daxili aləmini aşkar etmək olar. Telepatiya mənəvi aləmdə qeyri-maddi formalar arasında hüzuri rabitə forması kimi izah olunarsa, yalnız bu zaman bunun mümkünlüyü barəsində danışmağın yeri vardır. Bundan başqa bütün digər formalarda izah etmək yenə də üçüncü şəxs tərəfindən dərkə bənzəyəcəkdir.       Buradan da fizikalizm kimi həyatı, şüuru, insanın daxili aləminə xas olan prosesləri sırf materialist düşüncədən izah etməyə çalışan bütün konsepsiyalar alt-üst olur. Fizikalistlər deyirlər: ˝ağıla, şüura aid olan hər bir şeyi beyinə və onun fəaliyyətinə nisbət vermək, onlarla əlaqəli olan hər bir şeyi də maddi çərçivədə izah etmək lazımdır. Ağıl və şüur yalnız beyindən ibarətdir˝. Bu fikirlər isə məsələni həll etmək yerinə daha qaranlıq uçuruma yuvarladır.           DİGƏRİLƏ EYNİLƏŞMƏDƏN ONU ANLAMAQ OLARMI?       Digərlərini anlamaq olar, ancaq bu, yenə də digərini tamlığı ilə dərk etmək mənasını verməyəcəkdir. Belə ki, tam dərk subyektivlikdən çıxmayana qədər mümkün deyildir. Digərini anlamaq insan üçün sözlərin, hərəkətlərin, üz mimikasının, baxışların, yazı və işarələrin vasitəsilə mümkün olduğuna görə buna dərk deyilməyəcəkdir.       Digərlərini anlamağın yollarından biri də odur ki, hər bir fərd müştərək şüura və ruha malik olduğuna görə bəzi anlayışları eyni cür dərk edir, bəzi məsələlərə eyni cür hökm verir. Bu cür anlayışlar və müddəalar barəsində təsəvvür və hökm sırf insan şüuruna və fitrətinə dayandığına görə hamıda eyni formada zahir olur. Bu cür hamının eyni hökm etdiyi müddəalara həm nəzəri, həm də əmələ, davranışlara aid mövzularda çox rast gəlinir. Zülmü hamı pis, ədaləti isə yaxşı hesab edir. Bu müddəa əməli cəhəti olan bədihi qəziyyədir. Subyektiv yanaşmanı kənara qoymaqla ümumi anlayışları bu cür müştərək dərk etmək olar.       Nagelə görə, müasir fəlsəfi psixologiyanın neobixevioristik cərəyanlarının əksəriyyəti məhz ağılın obyektiv konsepsiyasını yaratmağa səy etməkdədir. Bununla da insanlar arasında ümumi və obyektiv anlayışa nail olmaq istənilmişdir. İnsanlar eyni canlı növünə məxsus olduqlarına görə bir-birlərini qismən də olsa, anlamaları mümkündür.         Tez-tez olur ki, şəxsi mövqeyimizdən fərqli olan digərinin nöqteyi-nəzərini onu başa düşdüyümüzdən qəbul edirik. Bununla da bir insan digəri haqda yaşadığı iztirablar, müxtəlif təsirlər nəticəsində keçirdiyi hislər barəsində düzgün fikirlər deyə bilər. Bəs nəyə görə digəri haqda onu başa düşərək fikir deyə bildik? Məsələ orasındadır ki, digər şəxsin daxilən yaşadığı hislər haqqında o zaman düzgün və obyektiv fikir demək olur ki, o iki şəxs arasında subyekt olaraq oxşarlıq olmuş olsun. Hər nə qədər bu iki şəxs bir-birlərinə düşüncə, psixologiya, dərk, təhlil, elmi səviyyə cəhətindən yaxın olsalar, bir-birlərini anlamaqları bir o qədər mümkün olacaqdır. Yalnız belə halda biri özünü digərinin yerinə qoya bilir, özünü ˝yarasa˝ olaraq təsəvvür etməyi bacarır. Çünki belə halda söhbət insanın yarasanı dərk etməsindən deyil, yarasanın yarasanı dərk etməsindən gedir. Əgər bu iki şəxsdən biri insan, digəri yarasa olsaydı, bu zaman bir-birlərini başa düşmə yaranmayacaqdı.       Deməli, insanların bir-birlərini anlaya bilməkdə ən mühüm faktorlar şəxslərin daxili aləmlərinin oxşarlığı, bir-birlərinin qərar tutduqları vəziyyəti tamlığı ilə dərk edə bilməkləri, sonunda da özlərini digərinin yerinə qoya bilmək bacarığıdır. İnsanın xəyal qüvvəsi o qədər güclüdür ki, subyektiv amilləri kənara qoyaraq, bütün insanlarda müştərək olan obyektiv anlayışlara, hislərə söykənərək özünü digərinin yerində tamlığı ilə təsəvvür edə bilər.       Nagelin məqaləsində gözəl təhlillər olmağı ilə bərabər, müasir elmin acizliyi də hiss olunur. Hətta Nagelin özü belə bir çox məsələlərin izahını məhz subyektiv və yanlış təsəvvürlərinə görə verə bilmir, sadəcə olaraq, elmin özünün belə nəzərdən qaçırdığı faktların olduğunu deməklə kifayətlənir. O faktların nə olduğunun bir müəmma kimi qaldığını deməklə məsələnin üzərindən keçir. Hazırda Nagelin qərar tutduğu yerdən daha da irəli getməyinə onun məsələnin həlli üçün əsaslandığı fəlsəfi və elmi bilikləri imkan vermir.   ***      Məqaləmizin toxunduğu bir çox mühüm məsələlər müstəqil məqalə formasında araşdırma tələb edir. Məqalədə bu məsələləri bəyan etməklə bəzilərinin həll olunmasının, bəzilərinin isə diqqət edib nəzərdə saxlamağın zəruriliyini çatdırmaq istədik. Əgər subyektivlik, obyektiv reallıq, digərini anlama metodları, şüurun müştərək dərk xüsusiyyətləri, psixi prosesləri maddi yönlü fərziyyələrlə izahetmənin yetərsizliyi kimi məsələlər aydınlaşmasa, bir çox elmi, psixoloji, epistemoloji məsələlər bir müəmma kimi gündəmdə qalacaqdır.        Bundan başqa bir insan kimi digərini anlamağımız çətinləşəcək. Hazırda cəmiyyətin, ailə üzvlərinin, dostların, ümumilikdə insanların bir-birini anlamaqlarında ciddi bir problem yaşanır. Hamı heç kəsin onu başa düşmədiyini və digərlərini də anlamağın mümkün olmadığını deyir. Nəticədə də hamı tənhalıqdan şikayətlənir. Heç kəs digərini öz istəklərini, mənəmçiliyni kənara qoyaraq anlamaq və digərlərini də nəyə görə anlamadığının səbəblərini onları ittiham etmədən öyrənmək istəmir.      Məqaləmizin çatdırmaq istədiyi bir çox elmi-fəlsəfi, psixoloji cəhətlərdən başqa, əxlaqi cəhətlərindən biri də bu idi. ***     ˝QedimQala.az˝ saytı tərəfindən çox uzun olduğuna görə məqalənin bəzi hissələri müəllifin icazəsi ilə ixtisara salınmışdır.                   [1] Hermenevtika bir əsərin daha yaxşı dərkinə çalışan fəlsəfi bir elm sahəsidir. Hər hansı bir şeydən (istər söz, davranış, yazı, incəsənət, şəkil olsun) ifadə etdiyi mənanı necə üzə çıxartmağın yollarını araşdırır və bunun üçün müxtəlif yollar təqdim edir. [2] Nagel özünə xas yanaşmaları, fəlsəfi təhlilləri ilə tanınan bir alimdir. Bir çox dəyərli fikirlərin sahibidir. Ancaq bu qəbildən olan məsələlərin həlli üçün onun əsaslandığı epistemoloji və elmi metodlar kifayət deyildir. [3] Fəlsəfənin bir bölməsidir.
30.10.2015   5024   120
 
BREND VƏ PSİXOLOGİYA.. Hər bir şirkət və reklam kompaniyasının başlıca vəzifəsi brend yaratmaqdır. Malın brend olması isə güclü satış və çoxlu pul deməkdir. Burada belə bir sual yaranır: Bəs bu brendi tez bir zamanda necə yaratmaq olar?   Hər hansı bir şeyi brend etmək üçün ilk növbədə onu istehlakçılar arasında geniş formada tanıtmaq, diqqətləri ona yönəltmək, həmçinin uzun müddət yadda qalmasına çalışmaq lazımdır. Bu isə reklamdan başlayır. Burada növbəti sual yaranır: ˝Necə edək ki, reklam daha effektli və qeyd olunan təsirlərə malik olsun?˝. Bax bu, onların əsas məqsədidir.   Hər şey də elə bundan başladı. O gündən ki şirkətlər və reklam kompaniyaları qarşılarına bu məqsədi qoydular, reklam əsl mahiyyətindən uzaqlaşmağa başladı. Əvvəllər reklam hər hansı bir malın sırf tanıtımı idisə günümüzdə reklam ˝mövcud hər bir psixoloji qanunauyğunluq və fenomenlərdən istifadə edərək malın istehlakçıya sırınması üçün onların psixikasına təsir etməkdir˝. Bu səbəbdən də günümüzdəki reklamlar ayrılmaz bir formada psixologiya ilə əlaqəlidir.    REKLAMDA CİNSİ TƏHRİK Qayıdaq cavabsız qalmış əvvəlki suala: ˝Reklam necə olmalıdır ki, müştərilərin diqqətini cəlb etsin və onların yadında qalsın?˝. Bax bu məqamda reklam kompaniyaları və şirkətlər bir şeyi ən güclü vasitə hesab edirlər: Cinsi ehtirasın təhriki.   Cinsi elementlərdən qəzet, jurnal və televiziya reklamlarında istifadə olunması Qərbdə uzun illərdir ki, çox geniş vüsət alıb. Amerika tütün firması olan Pearl Tobacco-nun hələ 1871-ci ildən bu cür elementlərdən istifadə etdiyi məlumdur. Mümkündür ki, təhrikedici reklamların tarixi bundan da əvvəllərə gedir.   SSRİ vətəndaşına bütün bu şeylər yad idi. Demokratiyanın gəlməsi ilə bizlərə yad olan ünsürlər artıq doğmalaşmağa başladı.   XX əsrin ikinci yarısında yaranmış məşhur bir ifadə vardı: ˝SSRİ-də seks yoxdur˝. Bu ifadənin yaranmasının tarixi də ifadənin özü qədər qəribədir. 1986-cı ildə teleaparıcı Vladimir Pozner ilə Fil Donaxyu ilk dəfə olaraq televiziya səviyyəsində Sovet-Amerika telekörpüsünü təşkil edirlər. Telekörpü zamanı amerikalı iştirakçılardan biri sovet qadın iştirakçısına belə bir sualla müraciət edir:   -Bizdə, Amerikada telereklamlarda hər şey cinsi məsələlərin ətrafında dövr edir. Sizdə bu qəbildən olan reklamlar varmı?   Sovet qadın iştirakçısı qəfil verilən bu cür suala çaşaraq belə cavab verir: ˝Bizdə, SSRİ-də qətiyyən seks yoxdur və biz bu cür şeylərin qətiyyən əleyhinəyik˝. O, bu sözlərlə bildirmək istəyirdi ki, onların ölkəsində malların istehlakçıya çatdırılması üçün cinsi elementlərdən istifadə olunmur. Çünki bu formalı reklamları onlar Sovet vətəndaşının əxlaq kodeksinə zidd hesab edirdilər.   Göründüyü kimi, Qərb insanına bu cür reklamlar çoxdan tətbiq olunmağa başlanmışdır. Özləri belə çoxdan bunun fərqinə varmış və bu məsələlər onlar üçün tamamilə adiləşmişdir.   Reklamdakı bu cinsi elementlərə gəldikdə, bunlar ehtirası təhrik edən hər bir vasitə ola bilər. Ehtiraslı qadın və kişi səsi, xüsusi rənglər, musiqi və geyimdən tutmuş, bədənin hər hansı bir hissəsinin təhrikedici formada göstərilməsinə qədər hər bir vasitə bura aiddir. Bu reklamlarda daha çox Pin-up (müəyyən stildə çəkilmiş cazibədar qadınlar) və Beefcake –dən (kişilərin müəyyən formada durmaları. Adətən, çılpaq və ya yarıçılpaq kişi bədənlərinin göstərilməsi. Köynəyinin yaxası açıq, əzələli kişilər buna misaldır) istifadə edirlər.   Bu cür reklamlar üçün xarakterik olan digər xüsusiyyət reklam olunan məhsul ilə istifadə olunan obraz arasında heç bir əlaqənin olmamasıdır. Məsələn, maşının reklamı zamanı təqdim olunan maşının xüsusiyyətlərini göstərmək əvəzinə, maşının kapotunun üstündə oturmuş yarıçılpaq bir xanımla yaxası açıq, sinə əzələləri görsənən model bir oğlanı göstərirlər. Bu, reklamda olan Pin-up və Beefcake elementləridir. Bütün bunlar istehlakçıya psixoloji təsiretmə xüsusiyyəti daşıyır. Belə ki, bu cür reklamlarda məqsəd daha cox nəyin bahasına olursa olsun istehlakçının diqqətinin reklam olunan mala cəlb edilməsidir. Onları malın keyfiyyəti, insanlara nə dərəcədə faydalı olması elə də düşündürmür. Mühüm olan tək düşüncə var: “təki mal satılsın”. Dünya brendləri bahalı reklam çarxlarında, posterlərində, qəzet və jurnallarda reklam şəkillərində bundan çox geniş formada istifadə etməkdədirlər.    REKLAMDA CİNSİ ELEMENTİN PSİXOLOJİ İŞLƏMƏ MEXANİZMİ Zehnimizin bir hissəsini bizlər idarə edirik, bir hissəsi isə bizim ixtiyarımızdan qismən xaricdir. İnsan beyni elə qurulmuşdur ki, bəzi məlumatları tez və asan, bəzilərini isə çox çətinliklə qəbul etməkdədir. Seksual xarakterli hər hansı bir məlumat və ya görüntü insan tərəfindən instink həddində qavranıldığına görə qavranılma tez və yadda qalan olur. Ona görə də hər hansı bir malın reklamında cinsi hisləri təhrik edən erotik xarakterli elementlər nə qədər çox olarsa, insanın zehni tərəfindən bir o qədər güclü fiksasiya olunar. Bu zaman insanda o mal ilə əlaqədar güclü hissi asosiasiya yaranacaqdır ki, bu da məlumatı zehnə daha sürətlə ötürəcək, yaddaşda daha möhkəm iz qoyacaqdır. Ehtiras yaradan elementlər məhz bu xüsusiyyətə malik olduqlarına görə reklam şirkətləri brend ediləcək malı bu formalı elementlərlə bəzəməyə çalışırlar. Bu cür erotik reklamlarla paralel ötürülən mal barəsində olan informasiya zehnin filterindən birbaşa keçərək qeyri-iradi insana təsir qoyur. Cinsi hislər insanda ən qüvvətli hislər olduğundan bu cür elementlər müştəriləri qeyri-ixtiyarı özünə cəlb edir və beləliklə də, yaddaşlardan silinməyəcək bir iz qoyur.   Nəticədə müştəri o malı unutmur. Sonradan o malın adını eşitdikdə, yaxud da haradasa gördükdə reklam zamanı o mal ilə əlaqədar keçirdiyi hislərin təəssüratını yaşayır. Bəzən də bu təəssüratlar gizli olur. Belə ki, insan özü də bilmir ki, nəyə görə məhz filan malı almaq istəyir. Yaxud da nəyə görə mağazada mövcud olan yüzlərlə çeşid arasında məhz filan mala doğru yönəlir.   Bu cür reklamdan sonra yadlarda qalan mal tez bir zamanda şöhrət qazanır. Bir çox insanlar da növbəti mərhələdə adı çox hallanan malın daha keyfiyyətli olduğunu düşünərək onu almağa başlayırlar. Deməli, birinci mərhələdə ehtirasın təsirilə, ikinci mərhələdə isə ad çıxartmış malın psixoloji təsirilə o mal satılmağa başlayır.   İş o yerə çatıb ki, uşaqlara aid olan geyim və qida məhsullarını, sərinləşdirici içkiləri, dondurmaları, dərmanları, maşınları, texniki avadanlıqları, məişət əşyalarını, restoranları belə bu cür təhrikedici fraqmentlərlə bəzəyirlər.   Araşdırmalara görə, reklamda gözəl və təhrikedici qadınlardan istifadə etmək kişilərə təsir etdiyi kimi, qadınlara da güclü təsir edir. Çünki qadınların özləri belə digər gözəl qadınlara biganə deyillər. Nəticədə də o qadınlarla əlaqəli şeyləri yadda saxlayırlar. Bu səbəbdən reklamda cazibədar qadın faktoru müştərək element hesab edilir. Buna görə də reklamlarda əsasən qadınlardan istifadə etməyə çalışırlar.   Bütün bu deyilənləri dünya səviyyəsində aparılmış yüzlərlə mötəbər araşdırmalar, statistik məlumatlar da təsdiqləməkdədir. Gallup & Robinson şirkətinin son əlli ildə apardığı araşdırmalar da bunu sübut etməkdədir.   Bu arada insanı daha çox narahat edən məsələlərdən biri də onların insanlara yanaşma formasıdır. İnsanları şəhvət düşkünü hesab etmələri və keyfiyyəti məchul olan malı psixika ilə manipulyasiya edərək alıcılara ˝sırıma˝larıdır.   FƏRDİ REKLAMLARDA CİNSİ ELEMENTLƏR Əvvəllər reklamın yalnız əşyaya məxsus olduğu anlayışı var idi. Günümüzdə isə reklam hər bir şeyə, satılan və satılmayan hər bir şeyə şamil olan ümumi bir məna kəsb etməkdədir. Bəziləri mallarını, bəziləri özlərini, bəziləri elmlərini, bəziləri gözəlliklərini, bəziləri bədənlərini, bəziləri qüdrətlərini reklam edərlər. Aydındır ki, hər bir reklam müəyyən məqsəd daşıdığı kimi, bu şeylərin reklam olunmasının da müəyyən bir səbəbi vardır. Bunların da əsasında ya maddi ya da psixoloji maraq dayanır. Bəzən isə hər ikisi. Bəziləri istəyirlər ki, malları satılsın, pul qazansınlar, bəziləri isə şöhrət və insanların diqqətini cəlb etmək istəyirlər. Bu sonuncu aydındır ki, psixoloji səbəblərdəndir.   Hər iki növ səbəbdən reklama üz tutan şəxs tezliklə qeyd etdiyimiz cinsi elementin ˝qüdrət˝ini görür. Bunu bəzi insanlar öz şəxsi həyatlarında da müşahidə edirlər. Görürlər ki, ehtirasın təhrikinə səbəb olan addımlar atmaqla daha çox diqqəti özlərinə cəlb edib, yadda qalırlar. Ona görə də dünyada, ölkəmiz də istisna olmamaqla top modellər, müğənnilər, aparıcılar, hətta tamam fərqli peşələrin sahibləri belə tanınmaq və gündəmdə qalmaq istədikdə qeyd olunan fəndlərə əl atırlar. Bizlər həyatda tez-tez bu cür halların şahidi oluruq.   Bir çox tədqiqatlar göstərir ki, bloqlarda, instaqram və sosial şəbəkələrdə hər hansı bir şəxsin populyarlığı ehtirası təhrik edən açıq-saçıq məlumatlardan sonra daha sürətlə artmaqdadır. Hətta bəzən paylaşılan bir açıq-saçıq şəkil səhifəyə abunə olanların sayını həftə ərzində bir neçə milyon artıra bilir. Şəhvət hissini təhrik edən elementlərin mövcud olduğu musiqi kliplərinin YouTube səhifələrində izləmələrinin sayı bəzən milyarda çatır.   Brend olmağın bu yolunu seçən insan daxilən özünün nə qədər cılız olduğunu hiss edir. O, özünü tanıtmaq üçün bundan başqa heç bir yol olmadığını düşünür və ona görə məhz bu yola əl atır.   DÜNYA MİQYASINDA BU İŞƏ GÖZ YUMULUR. NİYƏ? Hazırda dünyada cinsi ehtiraslar süni şəkildə alovlandırılmaqdadır. Pornofilmlərin, fahişəliyin bəzi ölkələrdə qanuniləşdirilməsi və ya başqa formada icazəsi, ˝gey-hərəkatlar˝, bağça və orta məktəblərdə açıq bir şəkildə cinsi münasibətlərə aid dərslərin keçirilməsi, adi filmlərdə, internet saytlarında, bədii ədəbiyyatlarda, jurnallarda mövcud təhrikedici səhnələr qeyd olunan bu süni vasitələrdəndir. Bundan başqa, bütün evlərə rahatlıqla daxil ola bilən 18+ reklamlar da bu vasitələrin ən effektlilərindəndir. Belə reklamların ailəyə rahatlıqla daxil ola bilməsinin səbəbi onların bir ˝Troya atı˝ kimi ailəvi verilişlərin, adi bədii filmlərin ortasında gizli formada qərar verilməsidir. Bu cür reklamların qorxulu tərəfi də odur ki, ailələr bu kimi reklamlara daha soyuqqanlı yanaşır və uşaqları bundan uzaq tutmağa çalışmırlar. Belə ki, bütün bunlar reklam çarxı adı ilə təqdim olunduğuna görə valideynlərə zərərsiz kimi görsənir. Həqiqətdə isə uşaqların yaşına uyğun olmayan bu cür reklam çarxlarının əsas zərərləri də məhz onların psixikasınadır.   Qərbdə cinsi hissin kütlələrdə alovlandırılması cəmiyyətlə rahat manipulyasi etməyin amillərindəndir. Belə ki, cinsi ehtirasların alovlandırılması insanlarda, məxsusən də cəmiyyətin ən güclü hərəkətverici hissəsini təşkil edən yeniyetmə və gənclərdə süni şəkildə narahatlıq və cinsi qayğı yaradacaqdır. Psixoloji araşdırmalar sübut edir ki, cinsi qayğı və cinsi təşviş kimi insanın fikrini qarışdıran, düşüncələrində özünə yer edən və nəticədə də cinsi ehtirasın söndürülməsindən başqa heç bir şeyi düşünməyə imkan verməyən ikinci bir hiss yoxdur. Cinsi qayğıları olan əyyaş, əhli-kef cəmiyyəti idarə etmək daha asandır. Həmçinin belə bir cəmiyyət daha təhlükəsizdir. Çünki belə cəmiyyətin beynində ancaq cinsi istəklər, əyyaşlıq ilə əlaqəli fikirlər dolaşmaqdadır. Qədim antik dövrdən günümüzə qədər mövcud olmuş bir çox hakimlərin idarəçiliyində ölkəni əyləncə və əyyaşlığı yaymaqla idarə etməklərinin şahidi oluruq. İnsanlar hər nə qədər əylənərlərsə, kefləri kök olarsa, şəhvani istəklərinin içində boğularlarsa, onları idarə etmək də bir o qədər asan olar. Bax Qərbin idarə siyasəti budur.   Qərbdə XX əsrin ikinci yarısından başlanılmış cinsi azadlıq inqilabının əsl mahiyyəti də elə bundan ibarətdir: insan kütlələrini heyvan səviyyəsinə salmaq, nəticədə də rahatlıqla idarə etmək. İlk dəfə cinsi inqilab anlayışını termin kimi işlədən Avstriya psixoterapevti Vilhelm Rayxın özü belə həqiqətdə düşünməzdi ki, onun bu barədə yazdığı kitab nəticə etibarilə dünyanın əxlaq kodeksində belə böyük bir çevrilişlərə səbəb ola bilər.   BUMERANQIN QAYIDIŞI ZAMANI NƏLƏR BAŞ VERİR Ancaq bu cinsi azadlıq hərəkatının bir çox mənfi təsirləri də vardır. Bunu qərb ölkələrində cinsi zəmində olan və dayanmadan da artmaqda olan cinayətlər, cinsi təcavüzlər, əxlaqi-mənəvi dəyərlərin tapdalanması, ailə dəyərlərinin azalması, boşanmalar, erkən hamiləliklər, valideynsiz uşaqların sayının artması da sübut etməkdədir.   Bu yolu seçən cəmiyyətlər bilməlidir ki, cinsi istək təhrik edildikdə ilk real təhlükə altına girən məhz qadınların namusudur. Şəhvətin təhrik olunması ilə insanın ağlı aradan gedər. Ağlının yarısı aradan getmiş, buna görə də özünə nəzarəti itirmiş cəmiyyətdən isə hər şey gözləmək olar. Elə bu səbəbdəndir ki, SSRİ-də, həmçinin cinsi təhrikin süni formada alovlandırılmadığı ölkələrdə cinsi zəmində olan cinayətlərin sayı daha az idi. Cinsi istəklər eynilə alova bənzəyir. Alova nə qədər çırpı və odun atarsınızsa, bir o qədər də alışıb yanar.   “Cəmiyyətdə tanınmaq və bir şeyi reklam etmək üçün mütləq olaraq cinsi hislərin təhrikindən istifadə etmək lazımdır” kimi düşünən bir cəmiyyətdə əxlaqi, mənəvi dəyərlərin aradan getməsi qaçınılmazdır. Belə cəmiyyətlərdə keyfiyyət, dəyər, sağlam rəqabət kimi anlayışlar da etibardan düşəcəkdir.   QƏRBDƏ YARANMIŞ ˝CİNSİ İNQİLAB”IN DALĞASI BİZƏ DƏ GƏLMƏKDƏDİR Qərbi qoyaq kənara, qayıdaq özümüzə. Ölkəmiz hələ ki, Qərbin vəziyyətinə gəlməyib. Bizdə az-çox müəyyən əxlaqi dəyərlər, milli mentalitet hələ də hardasa qorunduğundan ölkəmizdə bir çox məşhur brendlərin başqa ölkələrdə göstərilən ˝standartdan˝ çox kənar reklamları yaxşı ki, göstərilmir.   Ancaq bizdə də bu istiqamətdə bəzi addımlar atılmaqdadır. Ara-sıra bəzi reklamlarda müəyyən elementlər müşahidə olunur. Həmçinin bəzi şəxslərin, müəyyən teleaparıcıların, müğənnilərin, bəzi qələm sahiblərinin, ictimai şəxslərin, şou biznes nümayəndələrinin hərəkətləri, tərcümə olunan bəzi ədəbiyyatlar və s. qeyd olunan amala xidmət edir. Bu cür insanlar ”Qərbdən gələn hər şey müasirlik, tərəqqi əlamətidir˝ psixologiyasına malikdirlər. Ona görə də həm tanınmaq, həm də özlərini müasir göstərmək üçün bu cür addım atırlar. Bu cinsi inqilabın təsiri ədəbiyyatlarımıza, reklamlarımıza, bəzilərinin danışığına, bəzi ictimai şəxslərin davranışlarına, yazılan məqalələrə, musiqi kliplərinə, televiziya verilişlərinə belə sızmaqdadır. Ölkəmizdə bu yolla verilişlərə reytinq, xəbərlərə oxucu toplamağa çalışırlar. Müğənnilər isə bu yolla tamaşaçı yığıb gündəmdə qalmaq istəyirlər. Nəticədə elm, qabiliyyət, peşəkarlıq kimi cəhətlər rəqabət amili olmaqdan çıxır, nəticədə öz yerini əxlaqsızlıq, şarlatanlıq, həyasızlıq, yalan kimi pis xüsusiyyətlərə verir.   Qərbdən gələn müsbət cəhətləri götürmək, mənfilərindən isə uzaq olmaq, digərlərinin buraxdıqları səhvləri təkrarlamamaq lazımdır. 
11.09.2015   6861   189
 
Fəlsəfə bir məktəb kimi nə zamandan meydana çıxmışdır. Fəlsəfənin kökü eramızdan əvvəllərə gedir. Bizlər fəlsəfənin Qədim Romada, Qədim Yunanıstanda təxminən eramızdan əvvəl VII-VI əsrlərdə, Qədim Hindistanda isə bundan da qədimdə yarandığını müşahidə edirik.[1]   Roma İmperiyası bu cür məktəblərin inkişafına mane olmurdu. Vəziyyət IV əsrin sonlarına qədər bu cür davam etdi. Roma İmperiyasının xristianlığa meyl etməsi və kilsə təlimlərini rəsmi olaraq dəstəkləməyə başlaması ilə vəziyyət bir qədər dəyişdi. 529-cu ildə I Yustinianın zamanında xristian təfəkküründən çıxış edərək antik dövrün bütün fəlsəfi məktəbləri bağlanıldı və bununla da fəlsəfə müəllimləri pərən-pərən oldular. Ancaq bu, fəlsəfənin deyil, sadəcə Roma İmperiyasının hüdudlarında olan fəlsəfənin süqutuna səbəb oldu.   Avropada fəlsəfənin yüksəlişini yalnız katolik kilsəsinin zəifləməsi ilə müşahidə edirik. Bununla fəlsəfəyə, məxsusən də antik dövrün fəlsəfəsinə meyl artmağa başladı. Bu, Avropada müxtəlif fəlsəfi məktəblərin və təhsil mərkəzlərinin yaranmasına təkan verdi.   VII əsrdə Avropada, hələ katolik kilsəsinin böyük nüfuza malik olduğu bir zamanda İslamın gəlişi ilə fəlsəfə yeni bir nəfəs əldə etdi. Belə ki, ərəb xəlifələrinin zamanında antik dövrün müxtəlif kitabları ilə bərabər fəlsəfi kitabları da ərəb dilinə tərcümə olunmağa başlandı.   Antik dövrə və qədim hind mədəniyyətinə məxsus kitabların tərcüməsi ilə faydalı elmi mətləblərlə bərabər, tədricən müsəlmanların dini inancları ilə zidd olan fikirlər də yayılmağa başlayırdı. Bu cür yeni yaranmaqda olan yanlış fəlsəfi məktəblərlə mübarizə aparmaq üçün peyğəmbərin davamçıları olan imamlar və İslam mütəfəkkirləri öz şagirdlərinə əqli-fəlsəfi bəhsləri öyrədir, onlara o fəlsəfi fikirlərin yanlışlıqlarını dəlillərlə izah edirdilər. Nəticədə müsəlmanlar arasında əqli mühakimələr, fəlsəfi mülahizələr artmağa və güclənməyə başladı. Onların bu cür yanaşmaları əqlə əsaslanan İslam fəlsəfəsi kimi elmlərin gələcək inkişafına zəmin yaratdı.   Müsəlmanların imamları və öndə gedən alimləri öz şagirdlərinə əqli-fəlsəfi mühakimə metodlarını öyrətməklə bərabər, o dövrdə yayılmış yanlış fəlsəfi cərəyanların puçluğunu və sağlam əqli mühakimələrlə zidd olduğunu da bəyan edirdilər.   Ona görə biz o dövrə xas olan hədislərə baxdıqda həm bu cür yanlış fəlsəfənin qınanılmasına, həm də batil fəlsəfə ilə mübarizə aparmaq üçün fəlsəfi yanaşmadan istifadə edən, nəticədə də əqli-fəlsəfi metodu dəstəkləyən hədislərə rast gəlirik.   Bu dövrlərdən etibarən müsəlman alimləri arasında antik dövrün fəlsəfəsindən iqtibas edilmiş İslam fəlsəfəsi yaranmağa başladı.   Din və fəlsəfə qarşıdurması, yoxsa anlaşılmazlıq Din və fəlsəfə qarşıdurması həm xristian, həm də İslam aləmində baş vermişdir. Roma-katolik kilsəsinin bəzi təlimləri antik dövrün fəlsəfi fikirlərinə əsaslansa da, qədim dövrün fəlsəfəsinin təbliğinə qarşı çıxır, onlara aid bütün yazılı mədəni irsi məhv edirdi. Xristianlara görə, bu fəlsəfi fikirlər dini inanclarla, ilahi təlimlərlə ziddiyyət təşkil edirdi. Onlara görə, fəlsəfə küfr elmi idi.   Bizlər eyni yanaşmanı orta əsrlərdə bəzi müsəlman alimləri tərəfindən də müşahidə edirik. Tənqidçilər arasında Ğəzalini (1058-1111), Əbul Bərəkat Bağdadini (1164 ölüm tarixi), Fəxr Razini (1149-1210), İbn Teymiyyəni (1263-1328) misal olaraq göstərmək olar. Onların içində İbn Teymiyyə kəlam, məntiq və fəlsəfə əleyhinə kəskin çıxışları, bu elmləri qadağan etməsi barəsində verdiyi fətvaları ilə daha çox seçilirdi. İbn Teymiyyədən başqa, digərlərinin etirazlarının əsas istiqaməti İslam aləmində yaranmış, İbn Sinanın “məşa” fəlsəfəsinə yönəlmişdi.   Buradakı maraqlı məqam ondan ibarətdir ki, bu qəbildən olan alimlər fəlsəfə əleyhinə, məxsusən də “məşa” fəlsəfəsinin əleyhinə yazdıqları kitablarını tam bir fəlsəfi qanunlar əsasında tərtib etmişlər. Onların fəlsəfənin rəddi barəsində yazdıqları kitabları oxuyan zaman fəlsəfəni məhz fəlsəfi və məntiqi qaydalar əsasında rədd etdiklərinin şahidi oluruq. Bu da mümkündür ki, onların fəlsəfənin özünün deyil, daha çox müəyyən bir fəlsəfi cərəyanın yanlışlığına etiqad etdiklərinin göstəricisidir. Bu səbəbdəndir ki, bir çox araşdırmaçılar bu şəxslərin özlərini belə bir filosof olaraq təqdim edirdilər.   Fəlsəfə əleyhinə çıxış edən cərəyanlar arasında daha sonra meydana çıxan və Məhəmməd Əmin Əstərabadi tərəfindən XVI-XVII[2] əsrdə geniş bir formada yayılmağa başlamış əxbari cərəyanını da göstərmək olar. Əstərabadinin başladığı və geniş vüsət almış bu hərəkatı dini bəhslərdə əqli yanaşmanı məqbul və zəruri bilən Məhəmməd Baqir Vəhid Bəhbəhani (1706–1791), Şeyx Mürtəza Ənsari (1799–1864) kimi böyük alimlər tərəfindən dayandırılır. Vəhid Bəhbəhaninin Seyid Mehdi Bəhrul Ulum, Cəfər Kaşiful Ğita kimi bir çox tanınmış tələbələrinin də əxbari məktəbinə qarşı çıxmaqlarına baxmayaraq, onlara son və həlledici zərbəni Şeyx Ənsari vurur.   İslam aləmində sonuncu etiraz dalğası isə XX əsrin əvvəllərində, Ayətullah Mirzə Mehdi Ğərəvi İsfəhaninin zamanında Məşhəddə başlanılmışdı. Nəticədə Məşhəd Mirzə Mehdinin əsasını qoyduğu təfkik məktəbinin geniş yayıldığı bir məntəqəyə çevrilir.          Yunanlardan gəlmə bir elmi öyrənmək düzgün deyil Fəlsəfəyə edilən iradlardan biri fəlsəfə elminin yunanlardan, qədim hind mədəniyyətindən gəlmə olmasıdır. Belə ki, bu düşüncənin tərəfdarları yunan və hind mədəniyyətinin çoxallahlılığa inanan batil təfəkkürlü insanlara məxsus olmasını səbəb gətirərək fəlsəfəni də batil hesab etmişlər. Onlara görə, müşriklərə məxsus olan elmin İslam cəmiyyətində yeri yoxdur.   Cavab: İlk olaraq onu deyirik ki, əgər qeyri-dini bir mədəniyyətə xas olan, əcnəbi ölkələrdən gəlmə bir elmin sadəcə bu səbəbə görə yanlış hesab edilməyi düzgün olarsa, o zaman bir çox elmləri də kənara qoymalıyıq. Bir halda ki, bu elmləri bütün müsəlmanlar qəbul edirlər. Riyaziyyat, həndəsə, tibb, məntiq, kimya, fizika, demək olar ki, bütün texnoloji elmlər, təcrübi elmlər və sairə bu qəbildəndir. Bu elmlərin bəzilərinin əsasını qeyri-müsəlmanlar qoymuş, bəzilərinin isə bir çox məsələlərini məhz qeyri-müsəlmanlar bu elmlərə daxil etmişlər. Bu iradı deyən gərək İslamdan əvvəl mövcud olan bütün elmləri kənara qoysun və İslamdan sonra da qeyri-müsəlmanlardan gələn bütün fənləri yanlış hesab etsin. Bu prizmadan baxdıqda, hətta bütün fəqihlərin əsaslandıqları üsul elmi belə dini və ilahi elm olmadığına görə yanlış sayılmalıdır. Üsul elmində yunanlardan gəlmə olan məntiqin, hətta fəlsəfənin belə əqli qaydalarından geniş şəkildə istifadə olunmaqdadır. Bəs onda nəyə görə bütün dini tədris mərkəzlərində keçirilən məntiq və üsul elmindən, hətta fəlsəfəyə qarşı çıxmış olan təfkikçilər belə bəhrələnirlər. Təfkik məktəbinin banisi olan Mirzə Mehdi İsfəhani belə ömrünün sonlarına kimi üsul elmindən xaric dərslərini[3] tədris edirdi.   Böyük fəqih Məhəmməd Təqi Behcət üsul kimi fiqhin əsası olan bir elmi dərk etməkdə fəlsəfənin əhəmiyyəti barəsində belə deyir:   ˝Ustadımız rəhmətlik Ayətullah Ğərəvi Kompani deyirdi ki, fəlsəfəni oxumadan ˝Kifayətul Usul˝[4] kitabını anlamaq olmur… Bir gün ustadımız üsul dərsini çox dərin və dəqiq formada tədris etdi. O qədər ağır dərs dedi ki, tələbələr belə heç bir şey anlamadıqlarına görə etiraz etdilər. Dərsdən sonra onun yanında idim. Bu zaman ustad mənə dedi ki, dərsi qəsdən belə ağır dedim ki, bu şagirdlər, heç olmasa, gedib ˝Mənzumə˝ni[5] oxusunlar˝.[6]   Dini hədislərə baxdıqda isə biz düzgün və yanlış elmin meyarları arasında o elmin haradan, kimdən gəlmə olduğunun yer almadığını görürük. Hədislərin birində İslam peyğəmbəri buyurur: ˝Elm Çində də olsa, onu öyrənmək üçün oraya gedin! Çünki, heç şübhəsiz ki, elm öyrənmək hər bir müsəlman üçün zəruridir˝.[7] Başqa bir hədisdə isə belə buyurulur: ˝Hikmət möminin itirdiyi bir şeydir. Onu müşrikin yanında olsa belə, öyrənin! Çünki sizlər o elmə daha layiqsiniz˝.[8]   ˝Hikmət möminin itirdiyi bir şeydir. Onu müşrikdən də olsa, öyrənin!˝[9]  İsa Məsihdən imamların nəql etdiyi bir hədisdə buyurulur: ˝Haqqı batil əhlindən də olsa, öyrənin! Batili isə haqq əhlindən də olsa, öyrənməyin! Sözləri ayırd edən, onun dəyərlisini dəyərsizindən seçən olun!˝[10]   Bu qəbildən çoxlu hədislər vardır ki, elmin düzlüyünün meyarını haqq və batil olaraq göstərir və onun hansı ölkədən, hansı etiqadlı birindən gəldiyini isə qətiyyən meyar hesab etmir. Qeyri-müsəlmanlardan gələn hər bir elmin batil olması fikri çox gülünc və əsassızdır. Əgər bu meyar düzgün olsaydı, peyğəmbər və imamlar elmi müşrik, münafiq və Çin kimi bütpərəst bir məmləkət əhlindən öyrənməyə təşviq etməzdilər. Fəlsəfəni də kəskin və birmənalı şəkildə qadağan edərdilər. Bir halda ki, bizlər bir çox hədislərdə onların əqli-fəlsəfi qaydalara istinad etdiklərinin və bu qaydalar əsasında yanlış fikirləri rədd etdiklərinin şahidi oluruq.   Bilmək lazımdır ki, haqq sözün kimdən gəldiyi əsas deyildir. Riyaziyyat, həndəsə, məntiq kimi elmləri öyrənən zaman onların kim tərəfindən, hansı millət və dinin mənsubu tərəfindən bəyan olunduğuna qətiyyən nəzər salınmır. Əsas deyilən mətləbin özünün düzgün olmasına diqqət edilir.    Həmçinin onu da qeyd etmək lazımdır ki, İslam fəlsəfəsinin qədim yunan, hind və qədim iran fəlsəfəsindən çox fərqlilikləri vardır. Məxsusən də günümüzdə çox böyük tərəfdarı olan və mötəbər hesab edilən mütəaliyə fəlsəfəsi. İslam filosofları fəlsəfi qaydaların bəzilərinin yanlışlıqlarını düzəltmiş, səhv fəlsəfi nəzəriyyələri elmi əsaslarla rədd etmişlər. Əsasını qoyduqları fəlsəfədən öz dini inanclarını elmi-əqli metodlarla qorumaq üçün istifadə etmişlər. Bir çox fəlsəfi mətləbləri də Quran və hədislər əsasında bəyan etmişlər. Bu barədə Ayətullah Ruhullah Xomeyni ˝Adabus Salat˝ kitabında yazır: ˝İslam hikməti və irfanı yunandan və yunanlılardan gəlmə deyildir. Həqiqətdə onlara qətiyyən bənzəmir…   Ümumiyyətlə günümüzdəki İslam hikmət alimlərinin fəlsəfəsini və mərifət əhlinin üstün maariflərini yunan hikmətinə nisbət vermək onların (İslam hikmət alimlərinin və mərifət əhlinin) kitablarından xəbərsiz olmaqdan qaynaqlanır. Həmçinin də Quranın maarifindən və məsumların hədislərindən xəbərsiz olmaqlarından qaynaqlanır. Buna görə də (bəziləri) hər hikməti yunanlara nisbət vermiş və İslam hikmət alimlərini də yunan hikmətinə tabe olanlardan hesab etmişlər˝.[11]    Digər tərəfdən də, fəlsəfənin yunanlardan qaynaqlanması fəlsəfənin əsasını qoyanların hamısının çoxallahlılığa inandıqları mənasına da gəlmir. Böyük filosof Cavadi Amuli Sokrat Platon və Aristotel kimi fəlsəfə böyüklərinin təkallahlılığa etiqad edən şəxslər olduğunu qeyd edir. Fəlsəfə tarixinə də məlumdur ki, Sokratın edamı onun Romada olan ˝allah˝ları qəbul etməməsinə görə olmuşdur. Sokrat təkallahlılığa etiqad edirdi və bütpərəstliyi düzgün hesab etmirdi. Sokrat fəlsəfəni tək olan Allah tərəfindən ona bəxş edilən bir vəzifə bilirdi. O, öz məhkəməsində etiqadından əl çəkməyəcəyini bildirir və deyir ki, Allaha itaəti insanlara olan itaətdən üstün bilir. Sokrat, həmçinin ölümdən sonra olan həyata etiqad etdiyini də qeyd edirdi. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, fəlsəfənin əsas qaynaqları müşriklər deyil, yunanların təkallahlılıq etiqadında olan mütəfəkkirləri olmuşdur.   Hədislərdə imamlar fəlsəfəni qadağan etmişlər Fəlsəfənin batilliyinə inananların gətirdikləri digər dəlillər də imamlardan fəlsəfənin rəddinə dair nəql olunan hədislərdir.   Cavab: İmamlardan fəlsəfənin rədd olunması barədə nəql olunan hədislər çox azdır, hardasa bir neçə ədəd olar. Bu hədislərin sənədlərinin zəif və səhih olması məsələsinə toxunmuruq. Bu, özü ayrıca bir mövzudur. Sadəcə olaraq, deyirik ki, bu hədislər, hətta düz olduqları təqdirdə belə, bəyan formasından asılı olaraq, həmçinin imamların əqli-fəlsəfi metodları dəstəkləyən bir çox sözlərinə əsaslanaraq qətiyyətlə demək olar ki, bu hədislərdə qınanılan fəlsəfə qədim yunan və hində məxsus olan, dini təlimlərlə ziddiyyət təşkil edən fəlsəfi cərəyanlar idi. Fəlsəfə eynilə düşüncə tərzi, ideoloji məktəb, yanaşma kimi ümumi mənalara malikdir. Düşüncə tərzi dedikdə bu həm dini, həm qeyri-dini, həm də qərbin və şərqin bütün etiqadi cərəyanlarına şamil olur. Məktəb dedikdə də bütün ideoloji məktəbləri əhatə edir. Fəlsəfə sözü də bu cür ümumi bir anlama malikdir. Ona görə də hədislərdə gəlmiş fəlsəfə sözünün hansı fəlsəfi məktəbə şamil olduğunu, hansı mənada işləndiyini anlamaq üçün o dövrün ictimai vəziyyətindən, hədisi buyuran şəxsin baxışlarından xəbərdar olmaq lazımdır.     İmamların dövründə qədim yunan və hind düşüncə məktəblərinin kitabları tərcümə olunurdu. Onların içində bəzi batil fikirlər də mövcud idi. Bu fəlsəfənin təsirilə müsəlman cəmiyyətində materialist, səfsətə və şəkkakçı məktəblərə mənsub olan insanlar peyda olurdular. İmamların hədislərində qınanılan fəlsəfə də bu qəbildən olan, dini təlimlərlə uyğun olmayan məktəblərə şamil idi. Onlardan ən geniş yayılmışlarından biri dəhrilərə aid olan materialist fəlsəfəsi idi. Dəhrilər hesab edirdilər ki, yaradılışın ilk səbəbi maddidir və hər şey zamanın tədrici hərəkəti nəticəsində öz-özünə yaranır. Onlar Allahı yaradıcı bir varlıq kimi inkar edirdilər.   İmamlar bu qəbildən olan fəlsəfi məktəblərin səhv olduğunu deyir və onları əqli-fəlsəfi yanaşma ilə tənqid edirdilər.   Eynilə bizlər çoxlu sayda hədislərdə ictihadın məzəmmət olunduğunu da görürük. Bir halda ki, bütün fəqihlər qəbul edirlər ki, bu hədislərdə pislənilən ictihad günümüzdə müctəhidlərin şəri hökmləri mənbələrindən əldə etmək üçün etdikləri elmi fəaliyyətə şamil deyildir. Bütün fəqihlər bu qəbildən olan hədislərin izahında demişlər ki, burada pislənilən ictihad o dövrdə geniş yayılmış şəxsi fikir və yanlış metodlarla hökm vermək mənasındadır.  Bir zamanlar bəzi əxbarilər ictihadı qadağan edən bu cür hədisləri anlamadıqlarından onlara istinad edərək müctəhidliyin yanlış olduğunu isbat etməyə çalışırdılar.   Ümumi olaraq bu nəticəyə gəlinir ki, heç bir mötəbər hədisdə imamlar ümumi olaraq fəlsəfəni rədd etməmiş, tam tərsinə, əqli-fəlsəfi yanaşmadan, fəlsəfi qaydalardan dinin etiqadi mövzularını isbat etmək üçün bir çox müxtəlif məqamlarda istifadə etmişlər. Həzrət Əli, İmam Baqir, İmam Sadiqdən nəql olunan hədislərdə bu mətləblər məxsusən çoxluq təşkil edir.   Son olaraq fəlsəfə sahəsində böyük araşdırmalar aparmış Misbah Yəzdinin bu irada verdiyi cavabı qeyd etmək istəyirik:   ˝Fəlsəfə ilə müxtəlif şəxslər tərəfindən edilən müxalifət fərqli-fərqli səbəblərlə olmuşdur. Ancaq (bəzi) agah və qərəzsiz müsəlman alimləri tərəfindən olunan müxalifət həqiqətdə o zamanlar yayılmış fəlsəfi fikirlərə qarşı idi. Hansı ki o fəlsəfi fikirlərdən bəziləri -ən azı  onlara görə- İslamın əsasları ilə uyğun deyildi. Əgər fəlsəfənin pislənməsi barədə mötəbər hədislər olmuş olsa da, bu, qeyd etdiyimiz mənadadır.   Ancaq biz fəlsəfi yanaşma deyəndə yalnız əqli mühakimə yolu ilə həll oluna bilən məsələlərin həllində əqldən istifadə etməyi nəzərdə tuturuq. Bu işin zəruriliyinə Qurani-Kərimin şəffaf ayələrində və dəyərli hədislərdə də təkid olunmuşdur. Belə ki, bizim qeyd etdiyimiz bu fəlsəfi yanaşmadan çoxlu sayda nümunələri hədislərdə və hətta Qurani-Kərimdə belə görmək olar. Buna tövhid və məad mövzusunda olan Quran ayələrini və hədisləri misal çəkmək olar˝.[12]   Fəlsəfə sırf əqli mühakimələrdən istifadə etməyi öyrədən, onun qanunauyğunluqlarını, metodlarını bəyan edən bir elm kimi din ilə ziddiyyət təşkil edə bilməz. Çünki din özünün bir çox məsələlərini, məxsusən də ideologiyaya aid olanlarını bu cür əqli mühakimələrlə isbat edir. Ümumiyyətlə, hər hansı teoloq Allahı isbat etmək üçün mütləq olaraq sırf əqli mühakimədən istifadə etmək məcburiyyətindədir. Onun bundan başqa yolu yoxdur. Quran və hədislə Allahın varlığı isbat olunmaz.   Əslində, hər bir nəzəri elm öz əsaslarını isbat etmək üçün fəlsəfəyə müraciət etmək məcburiyyətindədir. Elə bu səbəbdəndir ki, İbn Rüşd, Sədruddin Şirazi, Əllamə Təbatəbai, Cavadi Amuli kimi böyük şəxsiyyətlər aşkar surətdə bəyan etmişlər ki, din və fəlsəfə arasında heç bir ziddiyyət yoxdur. Kəlam alimləri və filosoflar öz kitablarında bir hissəni fəlsəfi qaydalar əsasında mühüm ideoloji məsələləri isbat etməyə ayırmışlar. Hətta fəlsəfəyə qarşı çıxmış və fəlsəfənin müxalifi kimi hesab olunan bir çox alimlərin özlərinin belə, adını fəlsəfə qoymasalar da, bir çox mətləbləri fəlsəfi qaydalarla isbat etməyə çalışdıqlarını müşahidə edirik.   Fəlsəfə ilə fəlsəfəni rədd etmək XX əsrin ikinci yarısında yaşamış böyük fəqih Ayətullah Bürucirdinin yanına bir gün böyük filosof Əllamə Təbatəbai gəlir. Söhbət zamanı Əllamə Təbatəbai ölkənin daxilindən və xaricindən ona ünvanlanmış çoxlu sayda məktubları masanın üzərinə tökür. Bu məktublarda dinin müxtəlif ideoloji məsələləri və digər elmi mətləblər barəsində suallar var idi. Əllamə Ayətullah Bürucirdiyə deyir: ˝Bu suallara nə ilə cavab verməliyik?! Fiqhi kitablarla bu suallara cavab vermək mümkündürmü?!˝. Bu zaman Ayətullah Bürucirdi də onun fikrini təsdiqləyir.   Əllamə Təbatəbainin Məşhəd şəhərinə olan səfərlərinin birində təfkik məktəbinin əsasını qoymuş Mirzə Mehdi İsfəhani ilə görüşü baş tutur. Söhbət əsnasında Əllamə ondan soruşur: ˝Sizin İslam fəlsəfəsi barəsində fikriniz nədir?˝. Bunu eşidən kimi Mirzə Mehdi fəlsəfə və məntiq elmini pisləməyə başlayır. O, sözünü bitirəndən sonra Əllamə deyir: ˝Bilirsiniz ki, sizin bu iradınız məntiqdə yer alan sillogizm[13] (qiyas) bəhsinə aiddir?˝.   Bunu eşidən Mirzə Mehdi bir daha başlayır tənqid etməyə.  O, sözünü bitirəndən sonra Əllamə bir daha deyir: ˝Siz bilirsiniz ki, sizin budəfəki iradınız filan fəlsəfi bəhslərə aid olan filan fəlsəfi qaydalar əsasında idi?˝. Bu cür bir neçə dəfə Mirzə Mehdi irad gətirir, hər dəfəsində də Əllamə onun bu sözlərinin hər hansı bir əqli-fəlsəfi qayda əsasında olduğunu ona başa salır. Sonunda Mirzə Mehdi əsəbiləşir və söhbəti dayandırır. Bu zaman Əllamə deyir: ˝İslam fəlsəfəsinin müxaliflərinin (fəlsəfəni inkar etmələri üçün) əqli dəlil gətirməkdən başqa, yolları yoxdur. Bu gətirdikləri dəlil əgər düz olmuş olsa, bunun özü elə fəlsəfi mühakimədir. Bununla onlar fəlsəfə əleyhinə fəlsəfədən istifadə etmiş olurlar.   Hətta əgər İslam fəlsəfəsini rədd etmək üçün nəqli dəlillərdən (hədislərdən) istifadə etsələr belə, bu da (fəlsəfəyə möhtac olmalarını göstərmək üçün) bəsdir. Belə ki, siz bu zaman əsaslandıqları nəqlin düzgün olmasının və bir mənbə olaraq səlahiyyətli olmasının dəlilini soruşun. Ya da (bu nəqlin qaynaqlandığı) İslam dininin özünün həqiqət olmasının dəlili haqda sual edin. Və yaxud da Allahın varlığı barəsində soruşun! Bu zaman onlar (bu suallara cavab vermək üçün) bir daha fəlsəfənin içərisinə girməyə, fəlsəfi qaydalardan istifadə etməyə məcbur olacaqlar˝.   Əllamə Təbatəbai bu səbəbdən deyirdi ki, İslam fəlsəfəsinə qarşı çıxanlarla danışanda onların gətirdikləri dəlillərin hansı məntiqi və ya fəlsəfi qaydaya aid olduğunu izah edin. Bununla da onlara başa salın ki, fəlsəfə və məntiq kimi əqli fikir yürütmə metodlarından bəhs edən elmə qarşı çıxmaq o elmlərdən istifadə etmədən mümkün deyildir.   Bu səbəbdən demək olar ki, fəlsəfəni qəbul etməmək elə bir məsələdir ki, ona əməli olaraq riayət etmək qeyri-mümkündür. Fəlsəfəni dananlar da fəlsəfədən istifadə etmək məcburiyyətindədirlər.   Bəzi alimlərin fəlsəfəyə qarşı olan etirazları Bir çoxları isə fəlsəfənin yanlışlığını isbat etmək üçün bəzi alimlərin sözlərinə əsaslanırlar. Deyirlər ki: ˝bir qrup alimlər də fəlsəfəyə qarşı çıxmışlar. Hətta bəzi müctəhidlər belə öz sözlərində fəlsəfə öyrənməməyi tövsiyə etmişlər˝.   Cavab: Burada da əvvəldə qeyd olunan məsələni xatırladırıq. Bəzi fəqihlərin fəlsəfəyə qarşı çıxmaları dövrlərində yayılmış və İslam təlimləri ilə uyğun bilmədikləri fəlsəfi cərəyanlara və bəzi fəlsəfi məsələlərə görə idi. Bəzən də elmi potensialı az olan tələbələrin səhv fikrə düşmələrindən qorxduqlarına görə məsləhət xarakterli olaraq fəlsəfəni öyrənməmələrini demişlər. Məsələn, dövrünün böyük fəqihi olan Ayətullah Bürucirdinin özünün yüksək fəlsəfə təhsili olmağına, fəlsəfəni ümumi olaraq faydalı bilməyinə baxmayaraq, bəzi səthi düşüncəli tələbələrin aza biləcəklərindən onlara bu elmi oxumamalarını deyərdi. Ancaq bir çox məqamlarda fəlsəfənin əhəmiyyətini də vurğulayar və zehni fəlsəfə üçün uyğun olan tələbələrin fəlsəfə öyrənmələrinə qətiyyən qarşı çıxmazdı. Ayətullah Bürucirdi fəlsəfə dərsi deyən böyük filosof Əllamə Təbatəbaini gördükdə ona həmişə ehtiram edərdi. Ayətullah Ruhullah Xomeyni böyük fəqihlər arasında iki nəfərin fəlsəfəyə tam bir elmi əhatəsinin olduğunu qeyd edirdi. Onlardan biri Şeyx Məhəmməd Hüseyn İsfəhani (Kompani), ikincisi isə Bürucirdi idi.   Böyük fəqihlərdən heç biri əqli mühakimələrlə və onlara əsaslanan əqli qanunlarla müxalifət etməmişdir. Çünki bu, qəbul etdikləri üsul elminə ziddir.   Bəzən də fəlsəfədə bəyan olunan terminlərin anlaşılmazlığı, ikibaşlı məna verməsi yersiz ittihamlara səbəb olmuşdur.   Ğəzali fəlsəfənin din ilə ziddiyyət təşkil etdiyini və orada deyilənlərin küfr olduğunu sübut etmək üçün ˝Təhafut əl-Fəlafəsə˝ adlı bir kitab yazır. İbn Ruşd (1126-1198) Ğəzalinin kitabının cavabını vermək üçün ˝Təhafut ət-Təhafut˝ kitabını qələmə alır. Bu kitabda Ğəzalinin fəlsəfə barəsində gətirdiyi iradları cavablandırır və öz kitabında təkidlə qeyd edir ki, din və fəlsəfə arasında heç bir ziddiyyət yoxdur.   Cavadi Amuli isə bu məqamda deyir: “Ğəzalinin zehinli bir insan olması barədə heç bir şübhə yoxdur, lakin əq­li elmlər hər kəsin, hətta Ğəzali olmuş olsa belə, dərs oxumadan və şəx­si mütaliələrlə mətləblərini özünün başa düşəcəyi və öz fikri ilə o mət­ləb­lərin ziddiyyətlərini anlayacağı bir məsələ deyildir.   Ğəzali özü belə etiraf edir ki, fəlsəfəni yalnız (şəxsi) mütaliə ilə oxumuşdur. Onun bu etiraflarını “Məqasid-əl-Fəlasəfə” və ya “Təhafut-əl-Fəlasəfə” adlı kitablarında fəlsəfənin ana və əsas məsələlərində etdiyi səhvlər də isbat edərək təsdiqləyir”.[14]   Bu, geniş bir araşdırma işindən çıxarışlardır. Məqalə formasına salındığı üçün araşdırmanın bəzi yerlərini çıxartmalı olduq.   [1] Burada ən qədim fəlsəfi mərkəzlər barədə geniş bəhs açmaq istəmədiyimizdən ümumi olaraq yazdıq. Belə ki, başqa yerləri də qeyd edənlər vardır. [2] Əstərəbadi 1627-ci ildə vəfat etmişdir. Doğum tarixi isə məlum deyildir. [3] Xaric dərsləri din elmlərdə ən yüksək tədris mərhələsi hesab edilir. [4] Üsul elmində yazılmış və hazırda da üsulda dərslik olan mühüm bir kitabdır. [5] ˝Mənzumə˝ fəlsəfə sahəsində Molla Hadi Səbzivarinin yazdığı məşhur bir əsərdir. [6] http://www.bahjat.org/index.php/akhbar-2/shayeat/891-2012-02-22-18-09-05.html [7] Mizanul Hikmə  3/2070. [8] Şeyx Tusinin Əmalisi, səh.625. [9] Bihar, II cild, səh.97. [10] Bihar IV cild, səh.96 [11] Adabus Salat, səh.304. [12] Fəlsəfə təlimi, I cild, səh.137. [13] Sillogizm əqli mühakimələr zamanı istifadə edilən ən güclü məntiqi fikir formasıdır. O, düzgün nəticə vermə və elmi etibarlığına görə induksiya (istiqra) və analogiyadan (təmsil) daha mötəbərdir. [14] Mərifətşünaslıq, səh.288, 289.
15.06.2015   4520   133