NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
Rənglərin psixologiyası haqqında

Nigar Abbaszadə


Tərcüməçi
Bütün yazıları

 
Rənglərin psixologiyası haqqında
22.05.2017   2373
33

Rənglərin simvolikası çox qədim tarixə malikdir. Ta qədim zamanlardan insanlar “rənglərin dilini” oxumağa xüsusi əhəmiyyət verirdilər. Bu isə miflərdə, xalq dastanlarında, nağıllarda, müxtəlif dini və mistik təlimlərdə öz əksini tapırdı. Astrologiyada spektrin 7 rəngini yaradan Günəş şüaları 7 əsas planetə uyğun gəlirdi: qırmızı – Marsın, göy – Veneranın, sarı – Merkurinin, yaşıl – Saturnun, purpur – Yupiterin, narıncı – Günəşin, bənövşəyi – Ayın rəngidir. Qədim dövrdə rənglər təkcə planetləri və onların təsirini deyil, həm də insanların sosial vəziyyətini, müxtəlif psixoloji vəziyyətlərini də simvolizə edirdi. Bu, müəyyən rəngdə olan geyimlərin seçilməsində, xalq deyimlərində, ayinlərdə və s. özünü göstərməyə başladı. Müxtəlif xalqlarda günümüzədək gəlib çatan rənglərin müəyyən simvolikası formalaşdı.

 

Ta qədimdən insanlar qırmızı rəngə xüsusi maraq göstərirdilər. Bir çox dillərdə eyni bir söz həm qırmızı rəng, həm də gözəl mənasını verir. Ümumiyyətlə, gözəl olan hər şeyə qırmızı demək adəti formalaşıb. Məsələn, polineziyalılarda “qırmızı” sözü “sevgili” sözünün sinonimidir. Çində isə səmimi bir insan haqqında “qırmızı ürək” ifadəsi işlənir; əksinə, hiyləgər insanın qəlbi isə qara hesab edilir.

 

Qırmızı rəng, hər şeydən əvvəl, qan və odla assosiasiya olunur. Onun simvolik mənaları o qədər çoxdur ki, bəzən bu mənalar bir-birinə zidd olur. Qırmızı sevinc, gözəllik, sevgi və həyat eşqinin simvolizə edir, digər tərəfdən isə ədavət, qisas, müharibə bildirir. Qırmızı rəng ta qədimdən aqressivlik və seksual istəklərlə əlaqələndirilir. Qırmızı rəng əsas savaş rəngidir. Bayraqda qırmızı rəng qiyam, inqilab, savaş, mübarizəni simvolizə edir. Məsələn, Afrika, Amerika və Avstraliyanın bir çox qəbilələri döyüşə hazırlaşarkən bədənlərini və üzlərini qırmızı rənglə boyayardılar. Karfagenlilər və spartalılar müharibə vaxtı qırmızı geyim geyinərdilər. Qədim Çində isə üsyançılar özlərini “qırmızı döyüşçülər”, “qırmızı ləpirlilər”, “qırmızı qaşlılar” adlandırırdılar.

 

Qırmızı rəng həm də hakimiyyət, möhtəşəmlik bildirir. Bizans imperiyasında yalnız imperator və ya imperatriçənin qırmızı çəkmə geyinmək hüququ var idi. İmperator purpur (qırmızı-bənövşəyi) rəngli mürəkkəblə imza atardı, purpur rəngli taxtda əyləşərdi. Əksər xalqlarda qırmızı rəng od-alov, məşəl və istilik rəmzi idi.

 

Ağ rəng təmizliyi, məsumluğu, xeyiri, sevinci simvolizə edir. Bu rəng gün işığı ilə, eləcə də süd və yumurtada təcəssüm olunan törədici qüvvə ilə assosiasiya olunur. Aşkar, məlum, qanuni, həqiqi olan hər şey haqqında təsəvvürlər ağlıqla əlaqələndirilir.

 

Qədim Romada Vesta bakirələri ağ don geyinər və ağ örpək örtərdilər. Antik dövrdə ağ rəng həm də dünyəvi olan hər şeydən imtina etmək, mənəvi rahatlığa can atmaq mənasına da malik idi. Xristian ənənələrinə görə, ağ rəng ilahi işıqla birlik, bərabərlik, qohumluq bildirir. Mələklər və müqəddəslər ağ rənglə təsvir edilir. Bəzi xalqlarda isə ağ rəngli geyimi yalnız hökmdarlar və kahinlər geyinərdilər. Bu isə möhtəşəmlik və alilik simvolu idi.

 

Ağ rəng əks mənalara da malik ola bilər. Öz təbiətinə görə, ağ rəng bütün digər rəngləri “udmaq”, neytrallaşdırmaq qabiliyyətinə malikdir və boşluq, səssizlik, dolayısı ilə -ölümlə əlaqələndirilir. Slavyan xalqları ölənləri ağ kəfənə bürüyərdilər. Bəzi Afrika və Avstraliya qəbilələri yaxınlarının ölümündən sonra bədənlərini ağ boya ilə rəngləyirlər. Yəni, bu qəbilələrdə ağ rəng matəm rəngidir. Qədim zamanlarda slavyan xalqlarında da ağ rəng matəm rəmzi idi.

 

Qara rəng, bir qayda olaraq, bədbəxtlik, kədər, matəm və ölümü simvolizə edir. Məsələn, qədim Meksikada insanın qurban verilməsi ayini zamanı kahinlərin üzləri və əlləri qara rəngə boyanardı. Qara gözlər isə təhlükəli, pis niyyətli hesab edilirdi. Ölümün gəlişini təcəssüm etdirən bütün personajlar qara rənglə təsvir edilir.

 

Qara rəng cəzbedicilik rəmzi hesab edilir. Bəzi Afrika qəbilələrində dərisinin rəngi həddindən artıq qara olan qadınlar yaxşı həyat yoldaşı kimi deyil, yaxşı məşuqə kimi qəbul edilir və qiymətləndirilir. Qara rəng isə sirli, əsrarəngiz, ehtirasla arzu olunan bir şeyi simvolizə edir. Ərəblərdə isə “qara gözlər” ifadəsi sevgili, “qara ürək” ifadəsi isə sevgi mənasını verir. Beləliklə, qara həm pis, həm də yaxşı mənalara malik ola bilər.

 

Ölkəmizdə də qara rəng matəm rəmzi hesab edilir. Sosial sorğuların nəticələrinə görə, azərbaycanlılar daha çox qara rəngdə geyinməyə üstünlük verirlər. Ekspertlər bunu Azərbaycan xalqının müharibə dövründə əziyyət çəkməsilə, bu səbəbdən də tünd rənglərə daha çox üstünlük verməsi ilə izah edirlər.

 

Sarı rəng qızıl rəngidir, qədimdə isə qızılın rəngi isə Günəşin donmuş halının rəngi olaraq qəbul edilirdi. Bu, payızın, qurumuş otların, solan yarpaqların rəngidir. Sarı həm də xəstəlik, ölüm, o biri dünyanın rəngi olaraq qəbul edilir. Bir çox xalqlarda qadınlar sarı rəngdə geyimə üstünlük verərdilər. Çox vaxt sarı rəng zadəgan nəsil nümayəndələrinin fərqləndirici nişanı idi. Məsələn, monqol din xadimləri – lamalar qırmızı kəmərlə sarı geyim geyinirlər.

 

Bəzi Asiya xalqlarında isə sarı rəng matəm, kədər, qəm rəngi hesab edilir. Avropada sarı və ya sarı-qara rəngli bayraq karantin, sarı xaç isə vəba xəstəliyini bildirirdi. Slavyan xalqlarında sarı rəng qısqanclıq, xəyanət rəngi hesab edilir, Tibetdə isə qısqanclığı “sarı göz” adlandırırlar. “Sarı mətbuat” və “sarı ev” ifadələrini də misal gətirmək olar.

 

Göy rəng bir çox xalqlarda səma və sonsuzluq simvolizə edir. Bu rəng həm də mərhəmət, sədaqət, daimilik rəmzidir. “Mavi (açıq göy) qan” əsilzadəlikdən xəbər verir, ingilislər isə əsl protestantı “göy” adlandırırlar.

 

Bundan başqa, göy rəng qara rəngə yaxın olduğu üçün, onun simvolik mənalarına da malikdir. Qədim Misirdə və bəzi Cənubi Afrika xalqlarında göy rəng matəm rəngi hesab edilirdi. Fransızlar dəhşəti “göy qorxu” adlandırırlar. Slavyan xalqlarında isə göy kədər, qəm mənasını verirdi. Bu xalqların nağıl və dastanlarında qara və göy cinlərdən bəhs edilir.


Yaşıl ot və yarpağın rəngidir. Bir çox xalqlarda yaşıl rəng gəncliyi, ümidi, şən əhval-ruhiyəni, bəzəm isə tərcübəsizliyi simvolizə edir. Yaşıl rəng sakitləşdirici təsir bağışlayır, amma əks məna da verə bilər. Məsələn, bir çox dillərdə “hirsindən yaşıl olmaq” ifadəsi mövcuddur.

 

İranlılarda yaşıl rəng inkişaf, artım, təravət, tazəlik bildirir; bu rəng eyni zamanda bədbəxtlik, kədər, qəmlə assosiasiya olunur, buna görə də pis insan haqqında “yaşıl ayaqlı”, qəbiristanlıq haqqında isə “yaşıl ev” kimi ifadələr işlədirlər. Orta əsrlərdə Avropada təlxəklər yaşıl-sarı geyim geyinərdilər, Almaniyada müflis olanlar isə yaşıl papaq taxmalı idilər.

 

Rənglərin qədim simvolikası və onların müxtəlif mədəniyyətlərdə təfsiri rənglə insanın emosional vəziyyəti arasındakı qarşılıqlı əlaqə nəzəriyyələrində də öz təsdiqini tapır. M. Lyuşer, İ. Göte və digər psixoloqlar rənglərin insanın psixoloji vəziyyətlərinə uyğunluğunu tədqiq ediblər.

 

Bu gün rənglərin simvolikasından reklam biznesində geniş istifadə olunur. Psixoloqlar müəyyən ediblər ki, göy, qızılı, ağ, qara və qırmızı rənglərdən hər hansı məhsulu elit təbəqəyə layiq kimi göstərmək məqsədilə istifadə etmək olar, çünki bu rənglər ta qədim zamanlardan elit təbəqəni simvolizə edən “bahalı” rənglər hesab edilirlər. Həqiqətən də, bahalı məhsullarda göy və ya qara rəngin qızılı rənglə sintezindən geniş istifadə olunur. Qara rəng loqotipi (məsələn, qızılı rənglə yazılmış loqotipi) və ya məhsulun öz təsvirini daha effektiv şəkildə önə çıxarmağa imkan verir. Bunu alıcının diqqətini paketə deyil, məhsulun özünə yönəltmək, onun əhəmiyyətini vurğulamaq üçün edirlər. Bu yanaşmadan bahalı ətir və odekolonların istehsalı zamanı da geniş istifadə edilir.

 

Reklam biznesində qırmızı və sarı rəngin birləşməsi isə sevinc, dostluq, səmimilik ifadə edir. Təsadüfi deyil ki, “McDonald`s” restoranlar şəbəkəsi və “Lipton” çayları məhz bu iki rəngin birləşməsindən istifadə edir. Reklam biznesində yaşıl və mavi rənglər isə “yaz səhəri” rəngləri hesab edilir və onlardan məhsulun təzəliyini göstərmək üçün istifadə edirlər.

 

Alıcıda mənfi emosiyalar yaratdığı üçün bir-biri ilə istifadəsi qəti şəkildə qadağan olunan rənglər də var. Məsələn, bənövşəyi və narıncı rənglərin birlikdə istifadəsi alıcıda çarəsizlik, intihara meylilik oyada bilər. Qara fonda ağ rənglə yazılmış yazı da eyni təsirə malikdir.

 
 
 
 
Şərhlər
 
Digər yazıları (9)
Bütün yazıları
Hamımız bilirik ki, pulsuz yaşamaq çox çətindir, ev təsərrüfatınız olmadan yaşamaq isə - qeyri-mümkündür. Əgər zəngin babanız və ya atanız sizə yaxşı gəlir gətirən biznes miras qoymayıbsa, deməli, yaşayışınız üçün pul qazanmaq məcburiyyətindəsiniz. Bunun üçün isə çox çalışmaq lazımdır. Bəzən elə olur ki, çox çalışırıq, amma ayın sonunda gözlədiyimiz gəliri əldə edə bilmirik, cərimələnirik, maaşımız kəsilir və s. Təəssüf ki, işəgötürənlərin 95%-i işçiyə daha az pul ödəməyə, bunun müqabilində onu o ki var yükləməyə çalışırlar. Bu cür sistemə qarşı mübarizə aparmaqdan yorulanlar bəzən öz işlərini qurmaq haqqında düşünməyə başlayırlar. Öz biznesini qurmaq – necə də cəzbedici görünür! Sahibkarlıq, təşkilatçılıq qarşımızda tamamilə yeni, sərbəst bir dünyaya qapı açır. Sahibkar olaraq qazandığınız sosial statusla yanaşı, siz həm də özünüz üçün işləyirsiniz, öz iş cədvəlinizi özünüz müəyyənləşdirirsiniz və yalnız sevdiyiniz işlə məşğul olursunuz.   Biz kiminsə uğurlu iş adamı olduğunu görəndə çox vaxt yalnız nəticəyə baxırıq, həmin adamın bu pilləyə necə gəlib çatması barədə düşünmürük. Hesab edirik ki, uğurlu biznes qurmaq üçün yaxşı ideya tapmaq və təcrübəli iş adamlarından məsləhət almaq kifayətdir. Amma bu, heç də belə deyil. Uğur əldə etməyin universal formulu mövcuddur: Hazırlıq + Biznes ideyası + İdeyanın reallaşdırılması mexanizmi = Uğurlu biznes.   Biznesə başlamaq, onu qurmaq və inkişaf etdirmək cəzbedici görünür. Bəzi sahibkarlar vaxtilə kiminsə “əlinin altında” işlədiklərindən daha çox işləyirlər, heç qazancları da əvvəlkindən fərqlənmir. Elə isə, onları öz bizneslərini qurmağa nə vadar edib? Yəqin ki, məqsəd iqtisadi asılılığa son qoymaq, azadlıq və müstəqillik olub. Gələcək biznesmenin hazırlıqlı olması çox vacibdir. Müvafiq bilik və bacarıqları olmayan “iş adamı” öz fəaliyyətinin başlanğıcında müflis ola bilər. Bu, avtomobil sürməyi bacarmayan birinin sükan arxasına keçərək, avtomobili hərəkətə gətirməyə çalışması kimi bir şeydir.    Biznes üçün yaxşı ideya olmadan uğur əldə etməyə ümid etmək olmaz. Bu ideyanı qiymətləndirmək çox vacibdir. Təklif etmək istədiyiniz məhsul və ya xidmət alıcıların və ya istifadəçilərin marağına səbəb ola biləcəkmi? İnsanlar onlara görə pul ödəməyə razı olacaqmı? Unutmayın: Biznes sizə işləyir, siz biznesə deyil.   İdeya tapdıqdan sonra onun reallaşdırılması mexanizmi olmalıdır. Biznesi uğurlu və gəlirli etmək üçün gəlirlərin xərclərdən artıq  olacağı bir model yaratmaq lazımdır. Bu model alıcı və ya istifadəçi axınının dayanmamasına hesablanmalıdır. Lakin yaxşı pul gətirən ideyalardan yapışmayın, çünki əksər gəlirli sahələr artıq “tutulub” və yeni başlayanlar üçün güclü rəqiblər arasında çox çətin ola  bilər. Yaxşı bacardığınız işlərdən yapışın. Əgər yaxşı şirniyyat bişirməyi bacarırsınızsa, biznesinizə şirniyyat mağazasını açmaqla başlaya bilərsiniz. Kompüter bacarıqlarınız əladırsa, şəxsi internet-mağazanızı aça bilərsiniz. Xalça toxumağı bacarırsınızsa, mini-xalça sexi açmaq olar. Ətrafınızdakı uğurlu biznes sahiblərinin yolu ilə getməyə çalışmayın, öz yolunuzu müəyyənləşdirin.    Bundan sonra növbə çatır biznes-planın tərtib edilməsinə. Bu sənəddə ideyalarınız və onların reallaşdırılmasınıntəşkili üçün çox vacib olan üsul və vasitələr, gəlir proqnozları, xərclər, işçi siyahısı və digər məlumatlar yer alır. Bəs uğurlu biznes qurmaq üçün haradan pul tapa bilərik? Ağıla gələn ilk fikir “qara gün” üçün yığdıqlarımızdan istifadə etməkdir. Biznes-planınızı kredit təşkilatlarına təqdim etməklə də biznesə başlamaq üçün kapital əldə edə bilərsiniz. Partnyor və ya investorlar da cəlb edə bilərsiniz, amma bunu etməzdən əvvəl yüz ölçüb, bir biçin. Bəzən ən çox etibar etdiyimiz insanlar bizi çətin vəziyyətdə qoya bilər. Uğurlu biznes qurmaq üçün yalnız özünüzə güvənin, bir az skeptik olun. Pis ssenarilərə hazır olun və risk etməkdən çəkinməyin. İtirməyə çox şeyiniz olsa belə, itirməyə heç nəyiniz yoxmuş kimi davranın.    Sonradan biznesinizi sistem halına gətirmək barədə də düşünün. Artıq sizin məqsədiniz bir şirniyyat mağazasını mağazalar şəbəkəsinə, şirkəti şirkətlər qrupuna çevirmək ola bilər. Əgər gəlirlərinizi artırmaq istəyirsinizsə, işlədiyiniz saatları da artırmalı olacaqsınız. Əsas odur ki, sevdiyiniz işi görüb, gördüyünüz işi də sevəsiniz. Nəticə olaraq, uğurlu biznesə başlamaq və yüksəlmək mükafat və risklərlə ölçülür. Uğur götür–qoy, nizam–intizam və dözümlülük tələb edir. Lakin uğur bir gecədə qazanılmır – o, uzunmüddətli gərgin iş tələb edir və siz çətin mühitdə olsa belə, davamlı iş görməlisiniz.   Uğurlu biznesinizin daha da uğurlu olması üçün pulunuzun dəyərini bilməli, bir qəpiyinizi belə israf etməməlisiniz. Bu məqamda amerikalı milyarder Uorren Baffetin məşhur “uğurun 6 qaydası”nı xatırlatmaq istəyirəm:   Kredit kartlarından uzaq olun. Kapitalı özünüzə qoyun. Unutmayın ki, pullar insanı yox, insanlar pulları yaradır. Bacardığınız qədər sadə həyat tərzi sürün. Başqalarının məsləhət verdiklərini etməyin. Sadəcə onları dinləyin və düz bildiyiniz kimi edin, hətta etdikləriniz heç bir məsləhətə uyğun gəlməsə belə. Brendlərin dalınca qaçmayın. Özünüzü rahat hiss etdiyiniz paltarları geyinin. Öz həyatınızı özünüz idarə edin. Bu sizin həyatınızdır, başqasının yox.   Elə Uorren Baffet demişkən: “Hər şeyi zaman göstərəcək. Zaman yaxşı biznesmenin dostudur”.
28.10.2016   3305   46
 
Məgər sevginin müddəti olur? Bütün sevənlər, sözsüz ki, belə deyəcək... Axı sevgi əbədi, daimi hiss kimi bizi okean dalğası tək öz ağuşuna alır. Bu hisslər içimizi o qədər doldurur ki, adama elə gəlir – bu, heç vaxt bitməyəcək. Axı bizi sutkalarla bir adam haqqında düşünməyə  vadar edən bu sevgi necə bitə bilər?! Sən onunla nəfəs alırsan, onun qoxusunu tanıyırsan, onun hər bir emosiyasını bölüşürsən və onunla görüşə qədər nəinki dəqiqələri, hətta saniyələri belə sayırsan. Bütün bunlar nə vaxtsa necə tükənə bilər?   Amma... Vaxt keçir və sən artıq öz sevgi obyektinə əvvəlki kimi baxmırsan. Nədənsə, onun bu vaxta kimi görünməyən xüsusiyyətləri ortaya çıxır. Bəlkə də bu xüsusiyyətlər əvvəl də var idi, lakin aşiqlər ətraflarında öz hisslərindən başqa heç nə görmürdülər. Axı insan dəyişməyib, o, elə belə də olub. Sadəcə münasibətlərin başlanğıc mərhələsində çox şey “çəhrayı eynək”dən görülür. Və budur, zaman bu eynəkdəki çəhrayı rəngi silir və insan sanki yetkinləşir. Əvvəlcə bu, sonra başqa bir keyfiyyət insanı qane etmir. İddialar, ittihamlar, mübahisələr, münaqişələr başlayır. Və aşiq artıq super-qəhrəman kimi görünmür, elə məşuq da artıq şahzadə deyil, mənfi xüsusiyyətləri olan adi bir qıza çevrilir...   Tanışlarımdan iki nəfər bir vaxtlar ideal cütlük kimi görünürdülər. Onlar daim bir yerdə idilər, bircə gün də bir-birindən ayrılmazdılar, bir-birinə elə sevgi və heyranlıqla baxardılar ki, qeyri-ixtiyari olaraq onlara həsəd aparardım. Onlar tanış olduqdan bir neçə ay sonra evləndilər. “Niyə gözləyək ki? Bir-birimizin yanında özümüzü yaxşı hiss edirik, əsas da budur. Evlənərik, hər şey bir az da yaxşı olar.” Evləndilər. Bir ildən sonra onları görəndə hiss etdim ki, baxışlarında çox şey dəyişib. Əvvəllər gözlərində yanan o qığılcımdan əsər-əlamət yox idi. Artıq əl-ələ də tutmurdular. Guya birlikdə idilər, amma sanki ayrı idilər...   — Nə baş verib? — deyə, soruşdum.   — Heç nə, hər şey yaxşıdır. Sadəcə biz fərqli insanlar imişik. Amma eybi yox, hamıda belə olur, — deyə, o cavab verdi.   Hamıda belə olur... Belə çıxır ki, sevgi əvvəl-axır keçib-gedir? Hansısa anlaşılmayan, naməlum bir hissə deformasiya olunur? Bəlkə vərdişə çevrilir? Bəlkə tək qalmamaq istəyinə? Ya da bəlkə kimsə yanında olanda daha rahatdır? Görəsən, doğrudanmı, hamıda belə olur? Ailə həyatının bir, iki, üç, beş, hətta on ili və əvvəlki sevgi və hərarət harasa buxarlanır? Axı hara? Axı bizə elə gəlirdi ki, zaman keçdikcə sevgi daha da möhkəmlənməli, öz bağlarını daha da bərkitməlidir? Bəs axı niyə zaman o sevgini amansızlıqla öldürür? Hansısa bir neçə il tanışlıq zamanı yaranmış o ülvi hissləri necə məhv edə bilər?!...   Yaşlı nəsil deyir ki, indiki gənclər sevməyi bacarmır. Onlarda hər şey çox sürətlə inkişaf edir. Görüşdülər, aşiq oldular, dərhal da evləndilər, qısa bir müddətdən sonra da boşandılar. Hər şey bu qədər asan... Bəlkə də, onlar haqlıdırlar. Amma bəlkə ayrılığın əsas səbəbi heç əvvəldən də sevginin olmamasıdır? Bəs onda “o” nə olub? Ehtiras. Cazibə. Fiziki bağlılıq. Sevgidən başqa hər şey.   Biz çox vaxt ehtirası əsl sevgi ilə səhv salırıq. Ürək sanki köksündən çıxacaqmış kimi sürətlə döyünürsə, həmin insanla bütün günü təmasda olmaq istəyirsənsə, daim onunla öpüşmək və qucaqlaşmaq barədə düşünürsənsə - bəlkə də yalançı sevgi elə budur. Bəs niyə? Çünki bu, sadəcə fiziki cazibədir, ocaq kimi o da yanıb-yanıb sönəcək. Axı alov əbədiyyən yana bilməz. Sevgi isə daha ali hissdir. Etiraf edin, ehtirasdan söhbət getdikdə, sevgilinizin ac-susuz olub-olmaması, evində, ailəsində, işində hər şeyin qaydasında olub-olmaması sizi maraqlandırır? Xeyr, sizi sevgilinizin sizə xəyanət edib-etmədiyi, gün ərzində sizin haqqınızda düşünüb-düşünmədiyi, hansı səbəbdən gün ərzində nadir hallarda zəng etdiyi və s. maraqlandırır. Xalis eqoizm. Bu cür münasibətlərin axırı yoxdur. Bəli, bu münasibətlər çox parlaq, yaddaqalandır. Başlanğıc mərhələsində sevdiyin insan üçün dağları dəlməyə hazırsan. Öz sevgini bütün dünyaya hayqırmağa hazırsan. Bir-birinizə vədlər vermək, heç vaxt ayrılmayacağınıza söz vermək istəyirsən. Amma... Bu, sadəcə bir xülyadır. Ehtirasdır. Sevgi ilə səhv saldığımız hiss. Bax buna görə zaman keçdikcə məyusluq ortaya çıxır. Əvvəlcə sən gecələr yatmamağa, səhərədək telefonla danışmağa, yazışmağa, gecəyədək parkda gəzməyə və hətta sübh çağını birlikdə qarşılamağa hazırsan. Ehtiras bir qasırğa kimi ətrafda nə varsa dağıdır, şüuru tutqunlaşdırır, sən adekvat düşünə bilmirsən və sənə elə gəlir ki, çoxdandır gözlədiyin o hissi tapmısan... Amma o hiss “çoxbilmiş”dir – qapını döymədən həyatımıza da daxil olur, xaos və eyforiya yaradır, sonra da gəldiyi kimi də qəfil gedir. Elə ki, fiziki cazibə bir az azalır, əvvəllər fikir vermədiyin cəhətlər ortaya çıxır. Biz mübahisə üçün bəhanə axtarır, qarşı tərəfdən narazılığımızı əsaslandırmaq üçün xeyli çatışmayan cəhət tapırıq. Çünki öz hisslərimizdə və qarşı tərəfin hisslərində yanılmışıq. Ehtirasın toruna düşmüşük. O tora da düşmək çox asandır. O cəlbedici tora düşən də ondan qırıq qəlb və puç olmuş arzularla çıxır...   Sevgi isə parlaq geyimi sevmir. Onun ucadan deyilən gözəl sözlər formasında pafosa ehtiyacı yoxdur. O, bunlarsız da bilir ki, bu iki nəfər bir-biri üçün yaradılıb. Sevgi gözəl dekorasiyaların bir-birini əvəzlədiyi tamaşa deyil. Ehtiras isə... Dekorasiyalar bir-birini əvəzləyir – pərdə enir – pyes başa çatdı. Və səhnəyə artıq yeni aktyorlar gəlir...   Bu saxta sevgini əsl sevgidən ayırmaq çox vacibdir. Əsl sevgi şüuru tutqunlaşdırmır, qısqanclıq gətirən fikirlər pıçıldamır, əhval-ruhiyəni London havası kimi dəyişkən etmir. Cansığıcıdır? Heç də yox. Səs-küylü, ehtiraslı münasibətlərdən sonra qarşı tərəfə qarşı kin və aqressiya qalanda yetkinləşmək daha ağrılıdır. Ehtiras məhz belədir. Əvvəlcə şirin, sonra acı...   — Elə bilirdim, sevgimiz əbədidir, amma o, göründüyü kimi bir insan çıxmadı... — qızların çoxundan bu cür şikayət eşitmək olar. Elə oğlanlar da öz ittihamlarından geri qalmırlar.   Yaxşı, əgər iki insan ideal insanın olmadığını başa düşürsə, və bəzi çatışmayan cəhətlərlə, ideal olmayan xüsusiyyətlərlə barışmağın mümkün olduğunu dərk edirsə, münasibətləri qoruyub saxlamaq üçün bəzi iti ucları “ütüləmək” olar. Güzəştə getmək, razılığa gəlmək, bir-birini dinləmək. Bu zaman sevgi çıxıb getmir, əsla. O, iki nəfərin qəlbində qalır və heç bir yerə yox olmur. Amma əgər iki nəfər yalnız öz “mən”ini eşidirsə, öz yarına qarşı iddialarını güzəştsiz olaraq irəli sürürsə, sevgi bu zəmində çox yaşaya bilməz. Çünki bu zəmin, bu torpaq hisslər üçün məhsuldar deyil, sonsuz torpaqdır. Həmin sevginin hər ötən gün böyüməsi üçün “gübrə” çatmır. O, sulanmayan, yağış üzünə həsrət qalan, amma qönçələrinin açılmasını gözləyən qızılgül kimi quruyur...   Mən həmişə əl-ələ tutaraq, ya da qol-qola birlikdə gəzən yaşlı cütlükləri görəndə heyran oluram. Ya da skamyada oturub bir-birinə söykənən yaşlı cütlüklər. Onlar öz sevgilərini illərin sınağından üzüağ çıxarmağa nail olublar. Başlanğıc mərhələdə olan o isti münasibəti qoruyub saxlaya bilblər.   Əgər sevgi iki nəfəri tapıbsa, onun artıq heç bir yerə getməyəcəyini düşünmək yanlışdır. Bu, Tanrının bəxşişi, taleyin hədiyyəsidir. Sevgiyə ehtiyatla, qayğı ilə yanaşmadıqda, Tanrı onu verdiyi kimi, ala da bilər. Axı sevgi zərifdir, incədir, şüşə kimi qırılqandır. Onu atmaq, tullamaq, kiməsə vermək, dəyişdirmək olmaz. Axı bir-biri üçün yaradılmış iki insanın bir-birini tapması nadir haldır. Bəzən öz yarını tapmağa illər, onillər gedir. Və o sevgini tapanların heç də hamısı onu qiymətlədirməyə və qoruyub saxlamağa qadir olmur. Sevgi əmək tələb edir...   İnsan özü öz xoşbəxtliyinin qurucusudur. Bəzən çətinliklər ola bilər, amma nəticə onlara sinə gərməyə dəyər. İllər sonra parkda bir-birinə söykənən, əl-ələ, qol-qola gəzən yaşlı cütlüklərdən olmaq üçün dəyər. Üzlərində, əllərində qırışlar olan, amma gözlərində...əvvəlki sevgi, hörmət, hərarət, qığılcım. Lap gənclikdəki kimi.   Məşhur fransız yazıçısı Frederik Beqbederin “Məhəbbət üç il yaşayır” əsərini çox adam oxuyub yəqin. Əsərin baş qəhrəmanı Markla heç razı deyiləm. Sevginin ömrü olmur. O, əbədidir. Əsl sevgini deyirəm. Atəşfəşanlıqla, ehtirasla, hisslərin burulğanı ilə səhv salınmayan o hissi deyirəm. Bax o, əbədidir – əgər ona qayğı göstərsən, onu qorusan, ona taleyin hədiyyəsi kimi yanaşsan...
07.09.2015   5830   75
 
Hər birimizin özünəməxsus arzularımız var. Bəs arzularımızı necə reallaşdıra bilərik? Nədən başlamalıyıq? Bundan 6 ay əvvəl Yeni il idi, 6 ay sonra da Yeni il olacaq. Yeni il – arzularımızın gerçəkləşməsi ilə bağlı planlar qurmaq zamanıdır. Bu il gerçəkləşməsini istədiyimiz hansı arzumuz gerçəkləşib? Arzumuza çatmaq üçün nələr etmişik, nələr edirik və növbəti 6 ayda nələr etməyi düşünürük? “Heç nə” cavabını alsam, təəccüblənmərəm. Heç fikirləşmisinizmi ki, arzunu reallaşdırmaq üçün təkcə xəyal qurmaq, arzulamaq kifayət etmir?; həm də səy göstərib, qətiyyətlə hərəkətə keçmək lazımdır?   Arzumuzu reallaşdırmağa elə Bu Gün başlamaq olarmı? Bunu necə edə bilərik? Sadəcə arzulamaq kifayət etmir – nəticələri göstərin. Arzulamağı yerə qoyun və məqsədə doğru irəliləməyə başlayın. Bunu isə gəlin sabahdan deyil, istirahət gününüzdən deyil, məzuniyyətə çıxdıqdan sonra deyil, uşaqlarınız universitetə daxil olduqdan sonra deyil, Bu Gündən başlayaq!   Bəs arzunu necə gerçəkləşdirməyə başlaya bilərik? Əvvəlcə arzularımıza çata bilməməyimizin səbəbləri müəyyənləşdirməliyik. Məncə, burada 3 əsas səbəb ola bilər: Ya insanlar birdəfəyə çox şeyi arzulayırlar; Ya arzularını gerçəkləşdirə biləcəklərinə şübhə ilə yanaşırlar; Ya da bu yolda uğursuzluğa düçar olacaqlarından qorxurlar.   Əgər siz birincilərdənsinizsə, gəlin belə edək: arzunuzu reallaşdırmaq üçün YALNIZ BİR arzu seçmək lazımdır. Çoxları birdəfəyə həddindən artıq çox şey arzulayır. İnsanlar daha yaxşı və gəlirli işə düzəlməyi arzulayır, xəyallarındakı malikanəni tikdirməyi arzulayır, Everesti fəth etməyi arzulayır, hansısa ekzotik ölkəyə səyahət etməyi arzulayır və s. Əvvəlcə arzularınızı bir-bir vərəqə yazın. Sonra bu arzuların içərisində daha həyati əhəmiyyətlisini seçməlisiniz. Bu zaman özünüzə sual verin: “Bu arzulardan hansı gerçəkləşsəydi, bütün həyatıma əhəmiyyətli dərəcədə təsir edə bilərdi?” Həmin arzunu seçin və bütün diqqətinizi, fikirlərinizi, səylərinizi bu arzuya çatmaq istiqamətində yönəldin. Budur, siz artıq birinci addımı atdınız! Bu halda, bir arzu üzərində diqqətin cəmləşdirilməsi – açar rolunu oynayır. Bu açar sizin üçün sonrakı qapıları açacaq.   Əgər siz arzunuzu reallaşdıracağınıza şübhə ilə yanaşanlardansınızsa, “Bu, çox böyük arzudur”, “Vaxtım yoxdur”, “Heç vaxt başa çatdıra bilmərəm” deyib, geri çəkiləcəksiniz. Məncə, hər bir insan istənilən arzunu gerçəkləşdirməyə qadirdir. Bəs özümüzə necə inana bilərik? Sadəcə öz arzunuzu mərhələlərə bölə bilərsiniz. Hər mərhələdə də arzunuza çatmaq istiqamətində kiçik addımlar ata bilərsiniz. Problem bundadır ki, əksər insanlar öz təsəvvüründə arzularına doğru atılmalı milyonlarla addımı canlandırır, bu isə onlara çox görünür. İnanın ki, “cəmi 3 addım” ifadəsi “milyonlarla addım” ifadəsindən daha asan səslənir. İki insan arasındakı fərqə baxın: onlardan biri – arzularını beynində saxlamağa davam edir və ömrünün sonuna kimi onları təhlil edir; digəri isə - hər gün “cəmi 3 addım” atmaqla, arzusuna doğru addımlayır. Onlardan hansı öz arzusuna daha tez çatar?   Əgər siz arzusuna doğru gedərkən uğursuzluğa düçar olmaqdan qorxanlardansınızsa, əvvəlcə qorxunu dəf etməlisiniz. Uğursuzluğa düçar olma qorxusu arzunuza çatmağa qoymayacaq. Əgər yuxarıda sadaladığım addımları atsanız, ilk növbədə, özünüzə inamınız yaranacaq. Burada həm də vəziyyətə başqa prizmadan yanaşmağı sınaqdan keçirə bilərsiniz. Məsələn, arzunuza çatmağın heç vaxt getmədiyiniz bir yerə səyahət olduğunu düşünün. Siz, bunun mümkün və real olduğunu bilirsiniz, sadəcə, hara gedəcəyinizi dəqiq müəyyənləşdirməmisiniz. Bir təyinat məntəqəsi seçin. Bundan sonra bu istiqamətdə düzgün addımlar atın. Çemodanınızı yığın, bilet alın, xəritə tapın, istiqamətlər barədə maraqlanın və s. Hər gün öz arzunuz istiqamətində səyahət etməklə, gec-tez ona çatacaqsınız. Ola bilər ki, yarıyolda dayanıb kimdənsə yolu soruşacaqsınız, ya da nəfəsinizi dərmək üçün ayaq saxlayacaqsınız, amma gec-tez mütləq təyinat məntəqəsinə çatacaqsınız. Bu, bir faktdır.   Sadəcə Bu Gün başlamaq lazımdır. Nə qədər tez başlasanız, arzularınıza bir o qədər tez çatacaqsınız. Əgər bu gün başlamasanız, həmişəlik “sabah”da, “biri gün”də qalacaqsınız. Elə BU GÜNdə qalın. Arzularınızın arxasınca gedin, onlar yolu tanıyır...   Şəxsi təcrübəmə baxıb deyirəm ki, Yeni ildə arzuladığıma çatmışam və mənim növbəti 6 ayda daha bir arzuma çatmaq üçün vaxtım var. Vaxtım, həvəsim, qətiyyətim və özünəinamım. Arzumu gerçəkləşdirməyə elə Bu Gündən başlayıram...  
26.06.2015   3584   80
 
Müasir qadınlar kişilərin poliqam olması faktı ilə barışmaqdan imtina edərək, bu fikri xəyanət üçün bəhanə hesab edirlər. Özü də bu kimi hallar daha çox “bir dənə də “yubka” buraxmır”, “qısa ayrılığa dözə bilmədi”, “filankəsin gözəlliyi onun ağlını başından aldı” kimi məzəmmətlərlə müşayiət olunur. Bu isə kişi iradəsinin çox zəif olduğuna diqqət çəkir.   Çox az adam xəyanətin əsl səbəbini dərk edir. Bəzən bu səbəblər sadəlövhlük pərdəsi altında gizlənir. Bəziləri “arxadakı körpüləri yandırmazdan” əvvəl xəyanət edəni bağışlamağın mümkün olub-olmayacağı barədə heç düşünmür. Bəlkə bunda sizin də günahınız var? Bəlkə də yoxdur...   Statistika göstərir ki, çox vaxt xəyanətə erkən nikaha daxil olan insanlarda rast gəlinir. Heç “gözünü açmamış”, gənc ailə başçısı özünü ağır məişət yükünün altında tapır. Öz məşəqqətli həyatından şikayətlənir və başlayır başqa qadınla həyatının necə ola biləcəyini təsəvvüründə canlandırmağa. Bəzən öz təxəyyülündə fantastik filmlər çəkir, sonra da öz fərziyyələrini təsdiqləmək üçün onları reallaşdırmağa başlayır... Əvvəl bir qadın, sonra başqa biri, ta ki “başını itirmiş məşuq” yetkinliyə çatanadək. Və sonda anlayır: mənim həyat yoldaşım hamıdan yaxşıdır, ondan yaxşısı ola da bilməz! Amma məsələnin ən kədərli tərəfi odur ki, bu “yetişmə” çox gec baş verir. Həddindən artıq çox gec. Elə bir anda ki, artıq bağışlanmaqdan söhbət belə gedə bilməz.   Ona görə də gənc qızlarımız “təcrübəsiz” gənc oğlanla nikaha daxil olarkən, bu cür finala hazır olmalıdırlar. Axı bu halda xəyanət – axtarışlar, cəhdlər və səhvlər vasitəsilə öz seçimini təsdiqləmək üsuludur. Məsələ başqa şeydədir: biz qadınlar bütün bunları qəbul etməyə və bu cür ağır həyat dərsinə göz yummağa hazırıqmı? Axı heç kim zəmanət verə bilməz ki, “axtarışlar başa çatıb”. Özü də bir dəfə bağışlanan həmişə ikinci şansa ümid edir... Xəyanəti bağışlamaq – gülləsi birinci dəfədən bizə dəyməyən “silahlı”nın əlinə ikinci gülləni vermək deyilmi?!   Xəyanət “yaş böhranı”nın nəticəsi də ola bilər. Heç kim üçün sirr deyil ki, insan öz inkişafı dövründə bir neçə yaş böhranından keçir. Bəzilərində bu böhranlar hiss olunmadan baş verir, digərlərində isə onların həyatını kökündən dəyişir. Kişilər müəyyən yaş həddinə çatdıqda, həyatını, həyatdakı yerini, öz statusunu, öz nailiyyətlərini nəzərdən keçirirlər. Bəzən özlərini cəmiyyətin qoyduğu standartlara uyğun hesab etmirlər. Sevmədiyi işlə məşğul olmaq, az gəlir əldə etmək, orqanizmdə qarşısıalınmaz fiziki proseslərin hiss edilməsi və dərk edilməsi də bütün bu narazılıqların üstünə əlavə olunur. Ailədə kifayət qədər anlayışın olmaması da xəyanətə təkan verir. Nəticədə, kişi özünü kənarda təsdiqləmək istəyir. Əlbəttə, kişilər daha gənc və daha gözəl qadınla özlərini daha inamlı hiss edirlər, onların qarşısında heç bir ailə-məişət öhdəlikləri yoxdur, onunla “sönmüş hisslər yenidən alovlanır”... Bu cür davranışa bəraət qazandırmıram, təbii ki, amma düşünürəm ki, istənilən ailə böhranında hər iki tərəf eyni dərəcədə günahkardır. Əgər bu böhran baş veribsə, şübhəsiz, hər şeyin əla getdiyi ailə münasibətlərindən deyil. Bəzi cütlüklər illərlə qurduqları ailəni yerlə-yeksan etməyi seçirlər. Yalnız özündə bağışlamaq gücü tapanlar bir-birini yenidən başa düşməyin və bir-birinə yenidən güvənməyin yollarını axtarırlar. Psixoloqlar hesab edirlər ki, yenidən “dünyaya gələn” nikahlar, bir qayda olaraq, digərlərindən daha möhkəm olur. Amma gərək xəyanət edən də bunu istəyə də. Özü də xəyanət ediləndən daha çox istəyə...   Xəyanət vasitəsilə özünü təsdiqləmək istəyi təkcə yaş böhranından doğmur. Nikahda tərəflərin çox vaxt susmağa üstünlük verdiyi bir sıra digər problemlər də var. Və bu problemlərin həlli yolları kənarda axtarılır... Cinsi həyatından narazılığını dilə gətirə bilməmək – bəlkə də, kişilərin yalan və xəyanət yoluna üz tutmasının əsas səbəbidir. Öz hisslərini ifadə edə bilməmək, öz yarına ürəyini aça bilməmək xəyanəti qaçılmaz edir. Burada da günahın 51%-ni kişilərdə görürəm. Kişilər danışmaqdansa, hərəkətə keçməyə üstünlük verirlər. Onların çoxu öz hisslərini sözə çevirməyi bacarmır və düşünülməmiş addımlar ata bilir... Nəticədə kişi, bəlkə də, nə vaxtsa “danışmağı” öyrənəcək, amma bağışlanmağa və hər şeyi geri qaytarmağa heç də həmişə nail ola bilməyəcək..   Kişi xəyanətinin gülünc səbəblərindən biri də şəraitdir. Sərxoşluq, hadisələrin inkişafı və sair. Həyat yoldaşını həqiqətən də sevən və xəyanəti ağlından belə keçirməyən kişi, təbii ki, vicdanı ilə üz-üzə qalacaq. Axı ailəsinin üstündə əsir və onu itirmək istəmir. Bağışlanmayacağını da bilir. Belə hallarda, bəlkə də, hər şeyin ailədən kənarda qalması daha məqsədəuyğun olardı. Axı kişi özü də öz hərəkətinə bəraət qazandırmır və vicdan əzabı çəkir.   Xəyanəti bağışlamaq asan deyil. Vəziyyəti götür-qoy edib, xəyanətə bəraət qazandırmaq üçün əsas tapmaq ondan daha asandır. Bəlkə həqiqəti eşib üzə çıxarmağa çalışmaqla, özümüz üçün xoş olmayan daha pis məqamlarla üzləşə bilərik?! Bəlkə onu bağışlamaq və ikinci gülləni verməyə dəyər?! Bəlkə də yox...
22.04.2015   2500   70