NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
Azad sevgiyə dəvət və ya "bir stəkan su" - "Seksual inqilab"ın əsl mahiyyəti haqqında

Rövşən Abdullaoğlu


Yazıçı
Bütün yazıları

 
Azad sevgiyə dəvət və ya "bir stəkan su" - "Seksual inqilab"ın əsl mahiyyəti haqqında
01.04.2017   1939
61

Tanınmış yazıçı və filosof Rövşən Abdullaoğlunun Milli.Az-a müsahibəsi:

 

- Cəmiyyətin cinsi həyat və normalarının dəyişməsinə nə səbəb olur?

- Bu səbəbləri dünyagörüşünün, dəyərlərin dəyişməsində axtarmaq lazımdır. Avropa XIX-XX əsrin əvvəllərinə qədər cinsi mövzuların ictimai müzakirəyə çıxarılmasına tam qapalı idi. XX əsrin ortalarına yaxın vəziyyət tədricən dəyişməyə başladı.

 

- Dünyagörüşü və dəyərləri müxtəlif nəzəriyyələr dəyişir. Bəs, Avropada cinsi inqilabı yaradan hansı nəzəriyyələr olub?

- O zaman Avropada ailə, psixologiya, cəmiyyət, tərbiyə, fəlsəfə mövzularında bir çox nəzəriyyələr ortaya atıldı. Məsələn, "bir stəkan su" nəzəriyyəsi. Bu nəzəriyyənin yaranması bir neçə insanın adı ilə əlaqələndirilir. Bu ifadənin daha çox XIX əsrdə yaşamış fransız qadın yazıçısı Avrora Lüsil Düpenə aid olduğu deyilir. Bu nəzəriyyəyə görə, cinsi istək eynilə qidaya, suya olan istək kimidir. Nəzəriyyənin ardıcıllarının fikrincə, cinsi istəklərin təmin olunması susuzlayan zaman bir stəkan su içmək kimi rahat və asan olmalıdır. Bu asanlığın qarşısını alan əxlaq, ictimai qınaq və ailə kimi maneələr isə aradan götürülməlidir. Məhəbbət yoxdur, sadəcə cinsi ehtiyaclar vardır. Kiminlə, harada, necə, nə qədər tez olması heç bir məna kəsb etmir, əsas qeydsiz və şərtsiz olmasıdır. Bir stəkan su o qədər dəyərsizdir ki, kim istəsə, harada istəsə ona veriləcək. Bu nəzəriyyəyə görə cinsi ehtiyaclar da o cür olmalıdır. Kişi və qadın ünsiyyətləri heç bir mənəvi və ictimai bağlar, məsuliyyət, qısqanclıq olmadan qurulmalıdır. Sonradan bu nəzəriyyənin ardıcılları bir qədər də irəli getdilər, daha sonra bu fikri müxtəlif ölkələrdə dəstəkləyən tərəfdarlar da yarandı.

  

- Bunu Avropada dini təsirin zəifləməsi ilə əlaqələndirmək olarmı?

- Avropada katolik kilsənin nüfuzu cəmiyyətdə cinsi azadlığın qarşısını alırdı. Katolisizmin çöküşü ilə dəyişikliklərə, terminoloji dillə desək "cinsi inqilab"a Avropa tam hazır oldu. Ancaq dinin zəifləməsi bu inqilabın yeganə səbəbi deyil.

 

- Cinsi inqilabdan əvvəl Avropa insanı necə düşünürdü?

- O zamanlar Avropa insanı düşünürdü ki, intim mövzular ailə daxili məsələdir və ümumi müzakirəyə çıxarılması düzgün deyil. Nikahdan kənar yaxınlıq isə ən çirkin əməl hesab olunurdu. Kişi və qadın evləndikdən sonra da bir-birlərinə sadiq olmalı idilər. Ailə ən möhkəm ictimai rabitə forması idi. Evliliyin yalnız bir növü var idi - ənənəvi monoqam. Bu düşüncələr qadının geyimindən tutmuş uşaqların cinsi tərbiyəsinə qədər hər şeyə təsir edirdi. Belə həyat tərzini bəziləri dini inanclarından dolayı, bəziləri isə cəmiyyətdəki mövqelərini zədələməmək üçün yaşayırdılar.

 

- Cinsi, seksual inqilab dedikdə nəyi nəzərdə tuturlar?

- Cinsi inqilab və ya seksual inqilab cəmiyyətin cinsi həyatında, cinsi mövzular barəsində olan düşüncəsindəki köklü dəyişiklikləri göstərən bir prosesdir. Cinsi inqilab zamanı cinsi məsələlər üzərində olan hər növ qadağalar götürüldü, insanların seksual münasibətlərini məhdudlaşdıran ictimai normalar, onların müxtəlif cinsi istəklərini kontrol edən iffət anlayışı aradan qalxdı. Cəmiyyətdə "Utanmağa stop", "nudizm", "naturalizm"  hərəkatları başladıldı. Nikahdankənar intim münasibətlər, nikahsız birgəyaşama norma hesab edildi. Cinsi elementlərdən qəzetlərdə, jurnallarda, filmlərdə, ədəbiyyatda, digər yazılarda istifadə edilməsi tam sərbəstləşdi. Homoseksuallıq, masturbasiya əvvəlki psixoloqlara görə psixoloji xəstəlik hesab edildiyi halda cinsi inqilabdan sonra psixoloqlar tərəfindən norma kimi qəbul edilməyə başlandı. Bütün bu dəyişikliklər cinsi inqilab hesab olunur.

 

Bəzi Qərb analitiklərinin məqalələrində bu inqilabı belə xarakterizə etdiklərini görürük: "Cinsi mövzularda tam sərbəstlik, heç bir həddin olmaması, kiminlə olursa, neçə nəfərlə olursa, nə qədər olursa, harda olursa. Nə geyinirsən, harda geyinirsən, necə özünü aparırsan".

  

- Bu inqilabı etmək ilk dəfə kimin ağlına gəlib?

- Seksual inqilab ifadəsinin ilk dəfə XX əsrin birinci yarısında Vilhelm Rayx tərəfindən işlədildiyi deyilir. Artıq o dövrdən bu mövzuda müxtəlif kitablar, məqalələr yazılmağa başlanılmışdı. O dövrdən etibarən cinsi inqilabın ideoloji əsasları, fəlsəfəsi baxımdan işlənməyə başlandı. Ancaq ötən əsrin ikinci yarısında, hardasa 1960-cı illərdən sonra artıq nəzəriyyənin praktikada, cəmiyyətin həyatında tətbiqi müşahidə edilir.

 

- Belə bir inqilabı törədən, onu yaradan səbəblər nə idi?

- Əgər sosioloqların, tarixçilərin, psixoloqların araşdırmalarına baxsaq, bu səbəbləri görə bilərik. Onların fikrincə, bu səbəblər kapitalizm iqtisadi sisteminə keçid, industrial cəmiyyətin yaranması, urbanizasiya prosesinin sürətlə inkişafı, mənəvi dəyərlərin zəifləməsi, maddi faktorların insanın həyatında rolunun artması, fahişəliyin, bardellərin, gecə klublarının və erotik səhnələri olan filmlərin, pornoqrafik qəzet və jurnalların leqallaşdırılması və maneəsiz yayılması, şüuraltı olaraq qeyd-şərtsiz cinsi azadlığı təbliğ edən verilişlərin, serialların, filmlərin gecə-gündüz müxtəlif kanallarda yayımlanması, müxtəlif formalı intim xidmətlərin rəsmiləşdirilməsi, spirtli içkilərin, narkotik maddələrin kütləvi istifadəsi, gənclərin cinsi hisslərini təhrik edən faktorların ictimailəşdirilməsi və çoxaldılması, bədii ədəbiyyat və məqalələrdə bayağı həyat tərzinin, pozğunluğun təbliği, materializmin, nihilizmin, empirizmin dominant fəlsəfi görüş kimi yayılması idi... Ən mühümü də bütün bunların tərəqqi ilə, müasirliklə, gözəlliklə, gəncliklə əlaqələndirilərək insanlara təqdim edilməsidir.

 

Bu faktorlar XX əsrə qədər qadağan idi. Qadağanın aradan qalxması ilə bu faktorlar özü ilə cinsi inqilab kimi tanınan bir hərəkatın başlanmasına səbəb oldu.

 

- Bəzən bu səbəblər arasında kontraseptiv, yəni qorunma vasitələrinin icad olunmasını da qeyd edirlər...

- Bəli, ən çox qeyd olunan mühüm faktorlar içərisində 1960-cı ildə hamiləliyin qarşısını alan dərmanların istehsalını da qeyd edirlər. Əvvəlcə yalnız evli xanımların əldə etməyə icazəsi olan bu dərmanlar 70-ci illərdə artıq bütün qadınların ixtiyarına verildi. Bu, hamilə olmaq qorxusunu azaltdı, cəmiyyətdə azad intim münasibətləri bir qədər də asanlaşdırdı. Statistikaya görə, 1975-1977-ci illərdə sadəcə Qərbi Almaniyada 20 yaşdan aşağı olan qızların 80 faizindən çoxu bu həblərdən istifadə edirdi.

 

- Bu inqilabdan azad naturizm və nudizm, yəni ictimai şəkildə çılpaqlaşma necə törəndi?

- Naturizm və nudizm inqilabın təbii nəticəsi olaraq qaçılmaz idi. Belə ki, naturizmin əsasında insanın maksimum təbiətə yaxınlaşması, yəni paltarlardan azad olaraq sosial lütləşməsi durur. Lütlənmə təşkilatlarının özlərinə məxsus federasiyaları, rəsmi saytları da var və dünya səviyyəsində təbliğatları gedir. Bununla da onlar öz davranışlarını fəlsəfiləşdirirlər. Onların ideyalarının əsasında təbiətlə bütövləşmə, harmoniya yaratmaq, orijinallıq, utanc hissinin ictimai inkişaf üçün bir baryer olması və s. durur. Onlar hesab edirlər ki, təbiətdəki bütün canlılar paltarsızdır və bir-birlərindən utanmadan yaşayırlar, çılpaqlıq onların təbii halıdır. Elə isə insan da canlıların bir növü kimi seçilməməlidir! Onların fikrincə, deməli, utanma sonradan yaranan lazımsız bir hissdir. Bu hissi kənara qoymaq və təbiətə uyğun yaşamaq lazımdır. Onlar anlayırlar ki, insanları hər hansı işə sövq etmək üçün əvvəlcə həmin əməli uyğun bir fəlsəfə və nəzəriyyə ilə bəzəmək lazımdır. Stalinin sözü ilə desək: "Nəzəriyyəsiz biz ölümə məhkumuq, ona görə də bizə nəzəriyyə lazımdır". Bununla da XX əsrin I yarısından etibarən Almaniyada, Fransada, hətta Rusiyada belə çılpaqlaşmaq fəlsəfəsini təbliğ edən kitablar yazılmağa başladı.

 

1953-cü ildə UNESCO-nun himayəsi altında fəaliyyət göstərən beynəlxalq naturizm federasiyası yaradıldı. Bu cür federasiyaların Asiya, Afrika ölkələrində belə nümayəndəlikləri vardır. Onların hətta tələbələrlə işləmə departamentləri də mövcuddur. Onlar bütün dünya üzrə tam çılpaq formada görüşlər, kamplar, yığıncaqlar, səyahətlər, fleşmoblar, beynəlxalq lüt veloyürüşlər, nəqliyyat vasitələrində, parklarda yürüşlər, lüt gəzinti və s. təşkil edirlər. Bəzi tədbirlərə dünyanın onlarla ölkəsindən 60-a yaxın şəhər qoşulur. Hər bir tədbiri də qabaqcadan müxtəlif yollarla reklam edirlər. Onlar bəzi qərb ölkələrində iş yerlərindən, bir çox hamam, sauna, idman zallarından, çimərliklərdən tam çılpaq halda istifadə edirlər. Analitikləri narahat edən digər bir mühüm məqam isə onların bu fəaliyyətinin ailəvi xarakter daşımasıdır. Belə ki, onlar bura həyat yoldaşlarını, azyaşlı övladlarını da cəlb edirlər. Bu da öz növbəsində azyaşlıların etik normalar haqda təsəvvürlərinin pozulmasına, onlarda erkən seksuallığın yaranmasına səbəb olur. Hazırda Amerikada nudist fitnes mərkəzləri, "nude (lüt) yoqa" məşqləri yayılır. Yoqanın əsasını qoyanlar Hindistan quruları belə bu cür yoqa formasını səhv bilir və qəbul etmirlər. Əslində bu davranış ibtidai icma dövrünə qayıdışdır. Bəzi qədim hind mistiklərinin təlimləri, məsələn, caynizm paltarı rədd edir. Onlara görə çılpaqlıq dünyadan ayrılma əlaməti kimi başa düşülür. İbtidai icma quruluşunda da sürü halında yaşayan insanların ictimai atributu tam çılpaqlıq idi.

 

- Cinsi inqilabın gedişatında daha çox kimlərdən istifadə edirdilər?

- Bu cür inqilabların nəzəriyyəçiləri ziyalılar, hərəkətverici qüvvəsi isə gənclər olub. Çünki gənclər adətən daha emosional, cinsi istəkləri də daha yüksək olur, ailə kimi məsuliyyət tələb edən ictimai əlaqələrə boyun əymədən azad yaşamaq istəyir. Alman filosofu və kulturoloqu Herbert Markuze "Eros və sivilizasiya" əsərində qeyd edir: "Gənclər öz təbiətlərindən irəli gələrək cinsi mübarizənin önündədirlər". Buna görə də bu seksual azadlıq mübarizəsində gənclərdən bir katalizator kimi istifadə edildiyinə toxunur. Markuze həmçinin qeyd edir ki, sistemə qarşı olan gənclərin cinsi azadlıq tələbləri uğrundakı etirazlarını boğmaq mümkün deyil, çünki gənclərdə bunun kökü bioloji zərurətdir. Onun yanaşmasına görə, inqilabı marginallar həyata keçirir. Gənclər də onlardan biridir. Çünki gənclər təbiət etibarilə marginaldırlar. Onların ideologiyası, dəyərlər sistemi köklü surətdə formalaşmayıb. Gənclər rassional düşünmürlər, emosionallıq, aqressivlik, səbirsizlik, üsyan, qürur onların fərqləndirici xüsusiyyətidir.

 

Biz həmçinin bu prosesdə cinsi azlıqların da aktivliyini müşahidə edirik. Onlar cinsi inqilabı özlərini ifadə etmələri üçün çox münasib bir məqam hesab edirdilər. Cinsi inqilabı onlar cəmiyyətdə gizli yaşamadan azad yaşama bir keçid kimi görürdülər. Ona görə də onlar da bu inqilabı aktiv şəkildə dəstəkləyirdilər.

 

Dinə qarşı qəzəbləri olan insanlar da bu inqilabı dinlərin sonu, dinə qarşı üsyan kimi başa düşdüklərindən ona geniş dəstək verənlərdən oldular. Bir də qadınların, feminist təşkilatların da bu inqilabdakı rolunu xüsusi vurğulamaq lazımdır. Belə ki, bu inqilabla onların da bir çox istəkləri həyata keçəcəkdi.

 

- Qeyd etdiniz ki, Qərb qadınlarının da bu cinsi inqilabdan müəyyən gözləntiləri var idi. Onların gözləntiləri özünü doğrultdumu?

- Əslində cinsi inqilab onların heç bir gözləntisini doğrultmadı. Bu inqilab zamanı qadınlara istismardan, kişilərin və cəmiyyətin təzyiqindən azadlıq vəd edilmişdi. Cinsi inqilabın şüarı qadınları bağlı qapılar arxasından çıxartmaq, həyat yoldaşlarının əsarətindən xilas etmək, onlara azadlıq vermək idi. Doğrudur qadınlar bağlı qapılar arxasından çıxarıldılar. Lakin bu dəfə onlar cəmiyyətin, iqtisadi maraqların, siyasətin, şou-biznesin, gecə klublarının quluna çevrildilər. Bəzi araşdırmaçıların da qeyd etdikləri kimi, cinsi inqilab qadın bədəni, qadın gözəlliyindən hədsiz-hüdudsuz dərəcədə kommersiya məqsədləri üçün istifadəyə səbəb oldu. Statistikaya görə, cinsi inqilabdan sonra dünya ölkələrində qadına təcavüz, qadın alveri, qadına qarşı zorakılıq daha da artdı. Qadın hüquqları üzrə bəzi ekspertlərin etirafına görə, qadına təcavüz və qadın alveri ilə bağlı statistik rəqəmlər o qədər yüksəkdir ki, ictimaiyyətə bu rəqəmlər həddən artıq kiçildilmiş formada təqdim edilir. Məsələn, 2009-cu ildə Rusiyada qadına təcavüz hallarının rəsmi sayı 4790 fakt, qadın hüquqları üzrə milli komissiyanın hesabatında isə onların sayının əslində hər il 30 - 40 000 arası olduğu göstərilib. ABŞ-da da vəziyyət ürəkaçan deyil. Burada hər altı dəqiqədə bir cinsi təcavüz baş verir. İsveç də daxil olmaqla bir çox Avropa ölkələri qadın təcavüzü "reytinq"ində ilk onluqda yer alır.

 

Deməli, cinsi inqilabın nəzəriyyəçilərinin dedikləri kimi olmadı. Halbuki, onların sosial-psixoloji təhlillərinə görə, tam cinsi azadlıq insanların seksual hisslərini o qədər təmin edir ki, artıq cinsi təcavüzə heç bir istək qalmır. Nəticədə də cinsi cəhətdən özünü hərtərəfli tam ifadə etmiş cəmiyyətdə cinsi zəmində bütün təcavüzlər sona çatır. Eynilə ana təbiətdə canlılar aləmindəki kimi hər şey naturallaşır, adiləşir, harmoniyalaşır.

 

Görünür heyvanlar aləminə aid olan sürü qanunu insanlar aləmində işləmir, ya da nəzərdən qaçırdıqları bir çox psixoloji, sosial, mədəni amillər də vardır.

 

Feminist aktivistlərin özlərinin də etirafına görə qadınlar anladılar ki, cinsi azadlıq kişi üçün daha geniş və rahat həzz imkanları yaratdığı halda bu, qadınlara istədikləri xoşbəxtliyi bəxş etmədi. Əksinə, qəlblərində böyük bir boşluq yaratdı. Deməli, səadət heç də azad cinsi istəklərin tam təmin olunmasında deyilmiş.

 

Bu inqilab kişi və qadına bir-birlərinə daha çox etimadsızlıq, xəyanət, ailə dəyərlərinin tapdanması, daha rahat dağıdılmasından başqa heç nə gətirmədi.

 

Fransız filosofları Paskal Brükner və professor Alen Finkelkrautun cinsi inqilabın təhlili haqda birgə yazdıqları "Yeni məhəbbət pozulması" kitabı var. Bu kitabın alman dilinə olan tərcüməsini "Playboy" jurnalı da nəşr edib. Baxmayaraq ki, bu iki filosof radikal moralist deyil, bununla belə bu kitabda cinsi inqilabın bir çox problemlərə yol açdığını qeyd ediblər. Müəlliflər cinsi inqilabın cəmiyyət və qadın-kişi üçün gətirdiklərini təhlil edərək bu inqilabın əvvəlcədən təqdim olunduğu, təriflənildiyi kimi nəticələnmədiyini vurğulayıblar. Dünyaca məşhur olan bir çox jurnallar belə bu inqilabın uğursuzluqlarını əks etdirən karikaturalar, məqalələr yayıblar.

 

Qeyd edilir ki, kişi-qadın bir-birinə sadəcə cinsi ehtiyacların ödənilməsi üçün bir vasitə gözü ilə baxmamalıdır. Cinsi inqilabın bəhrəsi hesab edilən bu mövzunu günümüzdə psixoloqlar, filosoflar, ziyalılar çözməyə çalışırlar. Bu problemlə məşğul olan psixoloqların təbirilə desək, qadın-kişi bir-birinə sadəcə bir insan kimi baxmağı öyrənməlidir, özü də heç bir cinsi mənfəət güdmədən. Onlar sadəcə bundan mənəvi həzz aldığına görə heç bir əvəz gözləmədən bir-birinə nəvaziş göstərməyi öyrənməlidirlər.

 

Qərbin feminist analitikləri günümüzün qadınının narahatçılığı barəsində belə yazırlar: "Qadınlar kiminsə eqoist cinsi istəklərinin qurbanına çevrilməsinin nigarançılığını yaşayırlar. Onlar özlərini bədənləri uğrunda mübarizə aparılan qənimət kimi hiss edirlər".

 

Cəmiyyətdə cinsi məqsədlərlə bir dəfə üçün istifadə edilib atılmış, hissləri zədələnmiş, psixoloji travmalı qadınların sayı həddindən artıqdır. Nəticədə qadınlar günümüzdə bu birdəfəlik istifadəyə məruz qalmamaq qorxusunu yaşayırlar. Bundan sonra qarşısındakı insana daha çox etimadsızlıq yaranır.


- Qısası, bu inqilab qadınlar üçün nəyi dəyişdi?

- Hesab edilir ki, cinsi inqilabla qadının ictimai vəziyyəti xeyli düzəldi. Belə ki, əvvəl iqtisadi azadlığı olmayan, ictimai işdən məhrum olan qadın indi daha aktiv və sərbəstdir. Lakin cinsi inqilabla qadının ictimai vəziyyəti də elə də ürəkaçan olmadı. Məşhur deyimə görə, kapitalın kişi siması vardır. Yəni daha az gəlirli iş sahələri qadınlara məxsusdur. Dünyada qadınların yalnız 10 faizi gəlirli işlərdə çalışırlar. Onların perespektivli işlərdə çalışmaları və karyerada yüksəlmələri çox çətindir. Müasir dünyanın "gözəllik standartları"na uyğun gəlməyən, cavan olmayan qadının şansı isə daha azdır. Əksər qadınlar xadimə, ofisiant, qab və paltar yuyan, satıcı, dayə, tibb bacısı, küçə təmizləyən, telefonçu, katibə, malların reklamını edən model, müxtəlif şirkətlərdə müştəriləri cəlb edən və ya məlumat bürosunun işçisi kimi çox aşağı gəlirli vəzifələrdə çalışırlar. Bu da nəticədə onlarda psixoloji komplekslərin yaranmasına və bir çox sosial problemlərə səbəb olur. Cəmiyyətin qadına bu cür yanaşması onları dolanışıqları üçün daha pis yollara getməyə məcbur edir. Bütün bunlar qadına cinsi inqilabda vəd olunanlar deyildi. Müasir dünya cəmiyyəti qadın hüququ, qadın dəyəri barəsində pafoslu populist sözlərlə danışır, əməldə isə qadının vəziyyəti göz qabağındadır.

 

Tanınmış amerikalı publisist Maykl Snayder bir məqaləsində yazır: "Cinsi inqilab Amerika qadınları üçün nəsə yaxşı bir şey gətirdimi? Qətiyyən! Xeyr! Əgər həqiqətə baxsaq, aydın olur ki, bu inqilab onlar üçün yalnız fəlakətli nəticələrə səbəb olub".

 

Ona görə də analitiklər cinsi inqilabı uğursuzluqla nəticələnən böyük bir eksperiment hesab edirlər...

 

(ardı var)


Söhbətləşdi İlkin İzzət


Milli.Az

 
 
 
 
Şərhlər
 
Digər yazıları (21)
Bütün yazıları
Tanınmış yazıçı-filosof Rövşən Abdullaoğlunun Milli.Az-a müsahibəsi: - Ateist alimlər Yer üzündə olan şər və faciələrin "mehriban və ədalətli Allah" anlayışı ilə heç cür uzlaşmadığını deyirlər. Görünür, Darvinin də Allaha şəkk etməsinə məhz bu şübhə, bu psixoloji təsirlər səbəb olmuşdu.   - Şərlər məsələsi bir çox ateistlər tərəfindən Allahın yoxluğu üçün irəli sürülən  ən möhkəm "dəlillərdən" sayılır. Hətta onların etirafına görə, "Allah yoxdur" demələrinə səbəb də məhz dünyada baş verən zülmlər olub. Onu deməliyəm ki, dünyada olan faciələrin, çətinliklərin, ölümün mövcudluğu heç zaman kainatın öz-özünə heç bir yaradıcısı olmadan yaranmasına dəlil ola bilməz. İnsan bəlaları Allahın yoxluğuna olan dəlil kimi deyil, bəlaların olduğu bu aləmin bir qüvvə tərəfindən yarandığına olan dəlil kimi görməlidir. Belə ki, biz faciələrin olması ilə Yaradanın yoxluğu arasında heç bir məntiqi rabitə görmürük.   Birinci, Yer üzündə bəla kimi dəyərləndirilən bir çox məsələlər əslində insanların törətdikləri işlərdir. Dünyada baş verən cinayətləri, müharibələri, aclığı, dağıntıları insanlar törədirlər. Hansı cinayət və müharibəni Allah edib?! İnsanlar bir-birinin qanını tökür, cinayət və zülmə əl atırlar. Sonra da öz etdiklərində Yaradanı ittiham edirlər.     İkincisi, Yaradandan insanların etdikləri pis işlərin qarşısını almasını gözləmək də absurddur. Bu həyat ilahi proqramda insanların sınanması, pisi yaxşıdan ayırma meydanı, çətinliklərlə mübarizə nəticəsində daxili istedadların inkişaf etdirilməsi formasını daşıyır. Allahdan insanların işinə müdaxilə etməsini gözləmək Onun aləmin mahiyyətinin, yaradılış fəlsəfəsinin əksinə əməl etməsini gözləmək deməkdir.   Üçüncüsü, Yer üzündə baş verən bəla kimi qəbul olunan təbii fəlakətlər, sellər, zəlzələlər, tufanlar, bəzi xəstəliklər dünyanın təbii halıdır. Bütün bunların insan iradəsindən asılı olmayan təbii səbəbləri vardır. Bu hadisələr dünyanın mahiyyətini təşkil edir. Mümkün deyil ki, dünya aləmi olsun, ancaq bu təbii hadisələr olmasın. Bu hadisələrə fəlsəfədə aksidensiya deyilir. Aksidensiyalar birbaşa olaraq idarə olunmayan, istənilməyən hallardır. Onlar birbaşa istənilən və iradə olunan hadisələrin təbii törəmələridir. Bu törəmələrin yoxluğunu istəmək həqiqətdə törəməsi olduğu şeyi də istəməmək deməkdir.   Məsələn, Allah Günəşi, Yeri və ağacı yaradıb. Bunlar Allahın iradəsinin birbaşa yönələrək yaratdığı şeylərdir. Kölgə isə bu üç mövcuddan qaynaqlanan təbii bir törəmədir. Kölgə o üç mövcud kimi müstəqil mövcudiyyətə malik deyil. O, bu üç mövcudun birləşməsindən törəyib. Təbii fəlakətlər də kölgə xüsusiyyətindədirlər. Yaradılışın təbii törəmələridir ki, yaradılışı bunsuz təsəvvür etmək mümkün deyil.        Dördüncüsü, baş verən hər bir hadisənin yaradılış sistemində öz mənası və rolu var və insanların elmi onların bütün hikmətlərini anlamaqda acizdir. Elm hər gün bir şey kəşf edir, hər dəfəsində də biz Kainatın, yaradılışın əzəməti qarşısında səcdəyə gedir, hələ də sirli məqamların sonsuz sayda olduğunu etiraf edirik. Elə isə biz tamlığı ilə anlaya bilmədiyimiz proseslərdən necə Allahın ədaləti və mərhəməti ilə uyğun gəlmədiyi nəticəsini çıxara bilirik?! Bu məsələ ona bənzəyir ki, bir insan bəzi ölkələrdə futbol fanatlarının törətdikləri davaları, dağıntıları görüb deyir: "Mənim futboldan başım çıxmasa da, futbol həvəskarlarının etdikləri bu pis işlər mənə bu idman növünün boş bir şey olmasına tam dəlildir".   Bu cür iradları deyən alimlər və mütəfəkkir kimi tanıdılan şəxslərdən haradasa daha əsaslı bir yanaşma gözləyirsən. Allahın yoxluğu üçün gətirilən bu cür "arqumentlər" çox səthidir. Alimin dilindən sadə xalq kütlələrinə yönəlmiş və onları aldadaraq qəlblərini ələ almaqdan ibarət olan populizmdən başqa bir şey çıxmalıdır. Ateist alimlərinin hamısının Allahın yoxluğu üçün gətirdikləri bütün fikirlər sadəcə populizm olub kütlənin hisslərinə yönəlib və heç bir elmi yanaşmanı əks etdirmir. - Belə anlamaq olar ki, ateist kimi təqdim olunan alimlər əslində aqnostikdirlər və onların ateist kimi təqdim olunması düzgün deyil...   - Ateist ümumi mənada Allahın mövcud olmadığını qəti şəkildə iddia edən şəxsdir. O, teistin, yəni Allahın olduğunu qəti şəkildə deyən şəxsin əksidir. Aqnostik isə Allahın olub-olmadığını dəqiqliklə deyə bilməyən biridir. Aqnostiklər hesab edirlər ki, Allahın nə isbatına, nə də inkarına dəlil gətirmək mümkün deyil. Ancaq bununla belə aqnostik Allahın mövcud ola biləcəyi ehtimalını da istisna etmir. Ona görə də "Mən Allahın mövcudiyyətinə inanmıram" deyən ateistlə "Mən Allahın mövcud olub-olmadığını bilmirəm, hətta mümkündür ki, olsun" deyən aqnostik arasında fərq qoymaq lazımdır. Əslində, bəlkə də, dünyada bir nəfər də olsun həqiqi ateist alim yoxdur, ya da ki, çox azdır. Ateist kimi tanıdığımız insanların çoxu isə əslində aqnostiklərdir. Məsələn, mümkündür ki, Dokinzi ateist hesab etsinlər. Əslində isə o, aqnostikdir. Belə ki, onun özü də qətiyyətlə Allahın olmadığını deyə bilmir. Bunun üçün onun bəzi müsahibələrinə, əsərlərinə baxmaq kifayət edər. Məsələn, Mehdi Həsənlə olan müsahibəsinin əvvəlində jurnalistin ona "Siz həqiqətənmi 100 faiz ateistsiz?" sualına verdiyi cavabdan onun Allahın yoxluğuna tam əmin olmadığı məlum olur. Frensis Kollinz də kitabında aqnostik və ateist arasında mahiyyətcə elə də sərhədin olmadığına işarə edir. Bütün bunlara görə də Dokinz, Rassel və ateist kimi tanınmış bu kimi digər şəxslərin etiqadlarını müəyyənləşdirmək üçün "aqnostik ateizm" ifadəsindən istifadə etməyə başlayıblar. Həqiqətdə isə özlərini ateist kimi təqdim edən insanlar gizli aqnostiklərdir. Bir şeyi qəti inkar etməklə, həmin şey barəsində şəkdə olmaq arasında əsaslı fərq var. Onlardan Allahın yoxluğunun "qəti dəlilləri nədir?" deyə soruşduqda, dəlillərin olmadığını və həmin aqnostik yanaşmanı göstərməyə başladıqlarını müşahidə edirik. - Aqnostikliyin özünü sualdan qaçış, yaxud da dəlilsizlikdən qorunma vəziyyəti hesab etmək olarmı?   - Tamamilə doğrudur. Aqnostisizm əslində Allahın yoxluğunu əsaslandıra, Allahın varlığı barəsində olan dəlillər qarşısında nə deyəcəyini bilmədikdə seçilə bilən alternativ yoldur, daha doğrusu, həqiqətdən qaçış yoludur. Dünyaca məşhur amerikalı genetik Frensis Kollinz əvvəlcə ateist olub. Sonradan aqnostikliyə keçib, Allahın varlığının dəlilləri barəsində araşdırma aparandan sonra Ona inanmağa başlayıb. O, "Allahın varlığının dəlilləri. Alimin arqumentləri" adlı bir kitab da qələmə alıb. Bu kitabda çox maraqlı faktlar var. Kollinz bəzi insanların aqnostiklik mövqeyini seçmələrinin psixoloji səbəblərinin olduğunu qeyd edir. Ona görə aqnostisizm insanı narahat edən suallar barəsində düşünməmək üçün əlverişli bir nöqteyi-nəzərdir. Kollinz deyir ki, çoxları kimi o da dolayısı ilə bir zamanlar aqnostikliyi məhz bu səbəbdən seçib. O yazır: "Həqiqətdə mənim (bir aqnostik olaraq "Allah varmı?" sualına) "bilmirəm" deməyim daha çox "bilmək istəmirəm"ə bənzəyirdi. Mən dünyanın cəlbediciliyi içərisində böyüyən bir cavan olaraq, hər hansı bir ali mənəvi avtoritet qarşısında məsuliyyət hiss etmək istəmirdim. Bu, faktiki olaraq məşhur filosof və yazıçı Klayv Steyplz Lyuisin "könüllü korlaşma" adlandırdığı düşüncə və davranış tərzi idi. Mənim üçün etimadlı sığınacaq olacağını hesab etdiyim aqnostisizm geniş yayılmış bəhanədən başqa bir şey olmadı. Allaha inam indi Ona inanmamaqdan daha məntiqi və rasional görünürdü".  - Bəs Darvinin özü Allah barəsində hansı fikirdə olub?   - Darvinin fikirləri həyatı boyu bir neçə dəfə dəyişikliklərə uğrayıb. Belə ki, bəziləri onu ateist, bəziləri isə Allaha inanan hesab ediblər. Məsələn, Frensis Kollinzə görə, o, aqnostik olub. Bioqraflar Darvinin bir neçə uşağının az yaşlarında öldüklərini qeyd edirlər. Bu hal o dövrlər üçün xarakterik idi. Sevimli qızı Enninin 1851-ci ildə on yaşında ölümü isə Darvinə daha böyük psixoloji zərbə vurub. O, qızının ölümünü mehriban Allahın mövcudiyyəti ilə heç cür uyğunlaşdıra bilmirdi. Darvin bu fikirləri  dostuna yazdığı məktubunda da qeyd edib və bu məktub indi də saxlanılır. - Maraqlı faktdır. Araşdırmalar göstərir ki, çoxları məhz öz şəxsi həyatlarında baş verən faciələrdən sonra Allahı inkar etməyə başlayıblar. Həyatdan küskün olmuş insan sanki öz psixoloji gərginliyini, daxili qəzəbini Allaha qarşı üsyan etməklə, Onu inkar etməklə azaltmaq istəyir.   - Tamamilə düz vurğuladınız. Əksər, bəlkə də, bütün ateist alimlərin Allaha olan bədbinliklərinin psixoloji kökləri var. Darvin qızının ölümünə görə, Rassel öz əyyaş həyatını heç bir məhdudiyyət olmadan yaşamasına görə, Rozanov kilsənin ona ikinci dəfə evlənməyinə imkan vermədiyinə görə, Stiven Hokinq 40 ildən çox əlil və hərəkətsiz vəziyyətdə əlil arabasında yaşadığına görə, Simona de Bovuar ona qarşı kobudluq etmiş keşişə görə... Bu siyahını daha da uzatmaq olar. Aydındır ki, psixoloji səbəblərə görə Allahı danmaq elmi yanaşma deyil. - Sizcə, hər hansı bir fikrin, elmi nəzəriyyənin qəbulunda psixoloji manipulyasiya nə qədər rol oynayır?   -  Bu məsələlərdə dünya səviyyəsində reklamı getmiş alimlərlə həmişə manipulyasiya olunub, olunacaq da. İnsanlar öz ağıllarını işlətməkdən sanki artıq yorulublar. Fikirləşirlər ki, hansısa avtoritet şəxs bunu mənim yerimə etməlidir. Ancaq başa düşmürlər ki, bu zaman verilmiş qərar onun özünün deyil, o alimin qərarı olacaq. Çox təəssüf ki, cəmiyyətimizin bəzi fərdlərində Qərb alimləri qarşısında böyük bir pərəstiş və cahilanə təqlid var. Onların sözü bu insanlar üçün sanki bir əmr, müzakirəyəgəlməz fərmandır. Belələri "yüngül pedofiliyanı" zərərsiz bilən, elmi dairələr tərəfindən psevdoelm kimi dəyərləndirilən və heç bir elmi dəyərə malik olmayan "mem nəzəriyyəsini" irəli sürüb, öz sahəsində böyük bioloq adını daşıya biləcək bir dənə də olsun sanballı akademik işi olmayan Dokinzin sadəcə olaraq ingilis olduğuna, öz ölkəsinin bir-iki jurnalı tərəfindən "intellektual" adını aldığına və dünya səviyyəsində reklamla şöhrət qazandığına görə, istənilən sahədə dediyi ən gülünc fikirlərini belə onun şişirdilmiş adının təsiri ilə dahiyanə fikir kimi qəbul edirlər. Aydın məsələdir, kim öz qatığına turş deyər?!  Rasselin, Feyerbaxın, Hokinqin bircə kitabını da oxumayan, oxumuşsa da, tam başa düşməyən belələri onların dünyada şişirdilmiş şöhrəti qarşısında baş əyirlər. Bunlar başa düşmürlər ki, heç bir şöhrət insanı səhv fikir yürütməkdən sığortalaya bilməz. Ona görə "filankəs dünya şöhrətlidir, professordur, xarici jurnallarda məqaləsi çıxıb, filan jurnal onu dahi adlandırıb", yaxud da "sən filankəsdən çox biləcəksən?!" kimi psevdoarqumentləri kənara qoyub dəlillərə baxmaq, "deyənin özünə yox, sözünə baxmaq lazımdır" prinsipi əsasında düşünmək lazımdır. İnsanlarımızın öz düşüncəsi olmalıdır. Nəyə görə kimsə Dokinz və ya Hokinqin sözlərini ağlının süzgəcindən keçirmədən avtoritet kimi qəbul etməlidir?!   Məqsədim ateizmin səhv və ya düz olduğunu ortaya qoymaq deyil. Həmişə düşünmüşəm ki, ölkəmizdəki hər bir yazıçının, araşdırmaçının, jurnalistin, yaxud da bir alimin qarşısında duran ən mühüm məsələ insanlarımızda özünəinam yaratmaq, onları milli natamamlıq sindromundan qurtarmaqdır. İnsanlarımızın öz şəxsi təhlillərinə inamları o qədər azdır ki, xaricdən gələn hər cür "düşüncə malını" qeyd-şərtsiz qəbul etməyə hazırdırlar. Günümüzdə istənilən ən vaxtı keçmiş fikri hər hansı bir reklamı güclü getmiş "alimin" adı ilə bağlayıb cəmiyyətimizdə istehlakçılara təqdim etmək mümkündür. Burada artıq təhlil işləmir. Rövşən Abdullaoğlu fəlsəfə və teologiya sahəsində dünyanın ən nüfuzlu alimlərindən dərs alsa da, ömrünü fəlsəfəyə, teologiyaya həsr edib bu sahədə dünyanın ən dəqiq təhlillərini versə də, o yenə də bir azərbaycanlıdır. Deməli, təhlilləri əsassızdır. Məhz bu psixoloji məsələ kökündən həll olunmayınca cəmiyyətimiz səfeh düşüncələrin hücumundan amanda qalmayacaq. Dokinzi, Hokinqi özünə "allah" qərar vermiş, onun adı ətrafında getmiş başgicəlləndirən reklamın təsiri altında olan biriləri üçün artıq həqiqət mühüm deyildir. O, bu həqiqəti görə bilmir. Baxırsan ki, əgər məqaləni "Oxford Universitetinin alimi belə demişdir" ifadəsi ilə başlasan və bunun dalınca istənilən cəfəngiyyatı yazsan, əksəriyyət o dəqiqə inanacaqdır... - Bilirik ki, hər bir məsələ müəyyən bir elmin predmeti, araşdırma mövzusudur. Bəs Allah hansı elmin mövzusu hesab edilir?   - Hər bir elm sahəsi özünəməxsus metodlarla ona aid olan məsələləri araşdırmaq vəzifəsini üzərinə götürüb. Fizika maddə və enerjidən, kimya elementlərdən, biologiya canlı orqanizmlərdən, astronomiya səma cisimlərindən, geologiya Yerin qatlarından bəhs edir. Diqqət etdikdə görürük ki, bütün dünya elmlərinin metodları eksperimentlər, mövzuları isə maddi cisimlərdir. Ona görə də transsendent olub, qeyri-maddi varlıq olan Allahı bu elmlərin heç biri araşdıra bilməz. Allah eksperimental elmlərin heç birinin mövzusuna uyğun gəlmir. Bu eksperimental elmlərin heç biri bu günə qədər "Allahı tapmaq, Onu araşdırmaq bizim vəzifəmizə aiddir" iddiası ilə çıxış etməyib. Bu elmlərin ardıcılları, alimləri yalnız öz biliklərinə, öz elmi sahələrinin metodlarına əsaslanaraq Allahın yoxluğu və ya mövcudluğu barədə qəti söz deyə bilməzlər. Dünyaca tanınmış nəzəriyyəçi fizik Hokinqə "Allah varmı?" sualını verib ondan cavab gözləmək ağırlıqqaldırma üzrə dünya çempionundan sadəcə olaraq böyük uğur qazanmış idmançı olduğuna görə üzgüçülükdə də dünyada birinci yeri tutacağına inanmaq kimi bir şeydir. Bütün ömrü boyu kainatda "qara dəlik"ləri araşdıran və hər şeyə də bu dəqiqə "qara dəlik" kimi baxan Hokinqin sırf fəlsəfi mövzu olan "Allah varmı?" sualına verdiyi cavab bizim üçün nə dərəcədə tutarlı olacaq? Ateistlərin ən böyük səhvi də məhz Yaradanın mövcudiyyəti mövzusunda yalnız eksperimental sahənin alimlərinə müraciət etmələridir. Dünyanın ən öndəgedən genetik alimlərindən olan, ateizmdən teizmə keçən Frensis Kollinz "Allahın varlığının dəlilləri. Alimin arqumentləri" əsərində yazır: "Mənə aydın oldu ki, elm təbiətin sirlərini kəşf etməkdə olan inkaredilməz gücünə baxmayaraq, məni Allah barəsində olan sualın həll olunmasında irəli aparmır. Əgər Allah varsa, o zaman O, təbiətin fövqündədir. Ona görə də Onu elmin alətlərinin, metodlarının köməkliyi ilə öyrənmək olmaz. Allahın mövcudiyyətinin dəlilləri bizə başqa yollarla gəlməlidir". - Onda belə çıxır ki, ateistlərin Allahın yoxluğu barəsində irəli sürdükləri arqumentlər yalnız subyektiv xarakter daşıyır və ya bu cür arqumentlər ümumiyyətlə mövcud deyil...   - Heç bir ateist alimin Allahın yoxluğu barəsində bir dənə də olsun arqumenti yoxdur. Əqli-məntiqi qanunlara zidd olan ateizm həmişə dəlilsizlikdən əziyyət çəkib. Rasionallıqdan uzaq olan ateizm bu dəlillərinin yetərsizliyindən aqnostikliyə keçid alır. Frensis Kollinzin təbirilə desək, aqnostiklik isə həqiqətdən qaçmaq üçün gözəl müdafiə üsuludur və aqnostik "Allah varmı?" sualını cavablamadan açıq buraxan bir yanaşmadır. Ateizmin dəlillərinə diqqət etsəniz, hamısında bu tip yanaşmanı görəcəksiniz: "filan dindar pis işlərlə məşğul olur, deməli, Allah yoxdur", "filan yerdə terrorçu özünü partlatdı, deməli, Allah mifdir", "astrofizik alim Hokinq dedi ki, kainat öz-özünə yaranıb, deməli, elədir ki var", "Quranda filan söz niyə belə yazılıb, kişi dörd dəfə niyə evlənə bilər, qədr gecəsində Quranı başa qoyurlar, Quranda yazılıb ki, cihad edin, hə, deməli, Allah yoxdur", "dindar insan ruha, mələyə inanır, bunları da heç kəs görməyib, laboratoriyalarda da heç kəs bunları müşahidə etməyib, deməli, bunlar yalandır. Bunlar yalandırsa, deməli, Allah yoxdur", "din deyir, ölümdən sonra həyat var, oradan heç kəs gəlməyib, deməli, axirət yalandır. Axirət yalandırsa, deməli, Allah yoxdur". Bu zarafata oxşayan arqumentlərin məntiqi sillogizmin heç bir müqəddiməsində qərar verib, düzgün nəticə verməsi mümkün deyil. İstənilən ateist kitablarını, saytlarını, bloqlarını açaq, istənilən ateistdən "Allah niyə yoxdur?" soruşaq. Sizə bu tip dəlillərdən başqa heç bir əsaslı söz deyə bilməyəcəklər. Çox maraqlıdır ki, dünya insanında mənəvi intibah başlandığı bir dövrdə bəziləri ateizmin istifadə müddəti keçmiş şüarlarını yenidən gündəmə gətirir, insanları sofistika ilə Allahın yoxluğuna inandırmağa çalışırlar. Ateizm teizm qarşısında arqumentlərin möhkəmliyinə görə həmişə uduzub. Ona görə də bir alimin ateizmi qəbul etməsi üçün intellektual intihar etməsi lazımdır...   (Ardı var...) İlkin İzzət Milli.Az
13.07.2016   1316   48
 
Tanınmış yazıçı-filosof Rövşən Abdullaoğlunun Milli.Az-a müsahibəsi:   - Rövşən müəllim, Allahın varlığını inkar edən ateist alimlər bu məqamda əsasən Çarlz Darvinin "təkamül nəzəriyyəsi"nə əsaslanırlar. Bu nəzəriyyə ateizmin sütunlarını nə dərəcə möhkəmləndirir?   - Mən bu nəzəriyyənin nə dərəcədə əsaslı olub-olmaması məsələsinə girmədən bu sualınıza cavab verəcəm. ˝Allah - mif, yoxsa həqiqət˝ kitabında "təkamül nəzəriyyəsi" barəsində geniş bir araşdırmamız mövcuddur. İndi bu mövzuya girsəm, söhbət xeyli uzanacaq. Burada isə mühüm bir məsələni qeyd edirəm. Bilmək lazımdır ki, "təkamül nəzəriyyəsi" heç bir halda ateizmin sütunlarını möhkəmləndirməyə xidmət edə bilməz. Təkamül canlılar aləmindəki növ müxtəlifliyinin necə əmələ gəldiyini izah etməyə çalışan bir nəzəriyyədir və bundan artıq heç bir şey demir. Hətta düz olduğu təqdirdə belə Allahın yoxluğunu qətiyyən isbat etmir və edə də bilməz.    Darvinə qədər də "təkamül nəzəriyyəsi" mövcud olub. Ancaq bu ilahi təkamül olub. Yəni Darvinə qədərki alimlər canlılar aləmindəki təkamülün sırf Yaradanın iradəsi ilə baş verdiyini deyirdilər. Onlardan biri Jan Batist Lamark idi. O, "təkamül nəzəriyyəsi"ni Darvindən təxminən 50 il əvvəl irəli sürmüşdü. Ancaq Darvindən fərqli olaraq Lamark növlərin təkamül etməsini ilahi iradə ilə izah edirdi. Darvinin tanıdığı bəzi nüfuzlu elm adamları belə "təkamül nəzəriyyəsi"ni Allahın varlığını nəzərə alaraq qəbul edirdilər. Tanınmış ingilis geoloqu Çarlz Layel (1797-1875) və tanınmış ingilis təbiətşünası, bioloqu Alfred Rassel Uolles (1823-1913) də təkamülü Allaha olan etiqadlarını əldən vermədən qəbul edirdilər.  Ona görə də elmi cəhətdən təkamülün Allaha etiqadla heç bir ziddiyyəti yoxdur. Bu nəzəriyyə sadəcə kainatda, təbiətdə baş verən hər hansı bir prosesi göstərir və bu səbəbdən də qətiyyən Allahın inkarına dəlil ola bilməz. - Bəs bu nəzəriyyənin elm aləmində bu cür geniş yayılmasının, onun ateizmin dəlili kimi təqdim olunmasının səbəbi nədir?   - Darvin ilə eyni dövrdə yaşamış bir ingilis bioloqu olub - Alfred Rassel Uolles. O, Darvinlə eyni vaxtda təkamülü irəli sürüb. Hələ o zaman Darvinin növlərin yaranması barədə məşhur kitabı çap olunmamışdı. Uolles Allaha inanırdı və bütün təkamülü Allahın işi kimi izah edirdi. Onun Darvinlə bu barədə məktublaşmaları da vardır. Maraqlıdır ki, o dövrün elmi dairələri Uolles, Lamark kimi ilahi təkamülə inanan alimlərin təqdim etdikləri təkamül modelini deyil, məhz Darvinin təkamül modelini qəbul edirlər. Çünki o dövrdəki elmi dairələr yeni inkişaf etməkdə olan öz ateist dünyagörüşlərini isbat etməyə dəlil olacaq bir nəzəriyyənin axtarışında idilər. Darvinin Allahı kənara qoyan nəzəriyyəsi isə bu məqamda çox münasib idi. Bildiyimiz kimi Avropa aləmi o dövrlər katolik kilsəsi ilə böyük böhranlar yaşayırdı. Kilsə dini onlara çoxəsrlik böyük bir dağ çəkmişdi. Avropa insanı din adına hər bir şeyi pis-yaxşı kənara qoymaq istəyirdi. Darvinin fikirlərinin bu qədər geniş yayılmasına təkan verən bir sıra amillər var idi. Bu, mövcud olan mənəvi, elmi boşluq, insanlar arasında dini etiqadlara qarşı yaranmış pessimist əhval-ruhiyyə və sair idi. Bu səbəblərdən dolayı Darvinin fikirləri insanların çox asanlıqla qəbul edəcəkləri yeni bir etiqad üçün ideoloji bir bazaya çevrildi. Elə bir ideologiya ki, onların Allaha qarşı aparacaqları fikri mübarizədə "elmi bir sistem" rolunu oynaya bilərdi. Artıq bu məqamda Darvinin fikirlərinin hələ isbat olunmamış ehtimallardan ibarət olan bir fərziyyə olduğu nəzərlərdən kənarda qalmışdı. Darvinin özü belə öz kitabında nəzəriyyəsini ehtimallar əsasında qeyd edir, dəlillərinin isə gələcəkdə tapılacağına, ona yönəlmiş iradlara isə gələcəkdə cavab veriləcəyini açıq-aşkar deyirdi. Yəni onun özü belə bu fikirləri nəzəriyyədən daha çox, fərziyyə bilirdi. O dövrün ateist dairələri üçün isə bu mühüm deyildi. Mühüm olan mövcud vəziyyətdə onları Allaha inananlara qarşı qoruyacaq yeni bir fikrin yaradılması idi.   Ateist Riçard Dokinz bu əhəmiyyətə işarə edərək deyir: "Darvinə qədər ateist biri Yumun məntiqinə əsaslanaraq, uzağı, deyə bilərdi: "Mənim həyatın bioloji mürəkkəbliyinə dair izahım yoxdur. Mən sadəcə deyə bilərəm ki, Allah inandırıcı izah deyildir. Mənim deyəsi başqa sözüm yoxdur. Ona görə bizə düşən yalnız kiminsə daha yaxşı bir izah gətirəcəyini gözləmək və buna ümid etmək idi". Bu yanaşma insanı tam qane etmirdi. Darvinin kəşfi ateistlərin daha sistemli bir mövqe tutmalarına imkan verdi".   Əvvəllər Allahın mövcudiyyətini sırf emosional olaraq inkar edən şəxs indi Darvinin nəzəriyyəsini ən yeni elmi kəşf kimi təqdim edə bilirdi. Aydındır ki, belə bir adam üçün fakt mühüm deyil. O, Darvinin nəzəriyyəsi olmasaydı da, Allahı inkar edəcəkdi. Sadəcə indi onda bunu daha əsaslı etmək şansı yarandı. Darvinin nəzəriyyəsi ateistlərin fikirlərini elmi qəlibə salaraq, əsaslandırmaları üçün ən son şansları idi. Əlində nicat halqası olan suda boğulan birini təsəvvür edin. Onun əlindən kimsə halqanı almaq istəsə, o, halqanı tutub saxlamaq üçün hər bir mücadiləyə hazır olacaqdır. Stalinin təbirilə desək: "Bizə nəzəriyyə lazımdır! Nəzəriyyəsiz biz ölümə məhkumuq!" Ateizm anlayırdı ki, hay-küylə dinə qarşı çıxmaq bir nəticə verməyəcək. Ona görə yalan-doğru hər hansı bir əsaslanma olmalıdır. Bu əsaslanma da müasir insanın pərəstiş etdiyi, elm adına edilməli, elmi bir nəzəriyyə formasında olmalıdır. Darvinin fikirlərini əsaslandırmaq üçün elm aləmində bu günə qədər edilən çoxlu sayda böyük şarlatanlıqlar, saxta dəlillərin təqdimatı, bir çox faktların ört-basdır edilməsi bu cəhdlərin miqyasından xəbər verir. Elm tarixi hələ də dünyaca tanınmış yapon arxeoloqu Siniti Fudzimuranın "təkamül nəzəriyyəsi"nin xeyrinə etdiyi fırıldaqları unutmayıb. Bu arxeoloq öz əli düzəltdiyi tapıntıları elm aləminə uzun müddət qədim qazıntı kimi təqdim edirdi. 2000-ci ildə gizli çəkiliş nəticəsində isə onun saxtakarlıqları ifşa olundu.   Ona görə deyirik ki, ateizmin dəlili kimi irəli sürülən bir çox fikirlərin, həmçinin "təkamül nəzəriyyə"sinin çox qaranlıq keçmişi, müəmmalı dəlilləri, yarımçıq özülü var. Lakin bütün bunlara baxmayaraq, yenə də  qeyd etmək istəyirik ki, bu nəzəriyyə hətta düz olduğu təqdirdə belə Allahın yoxluğu üçün əsla dəlil ola bilməz. - Allahın yoxluğunu sübut etməyə çalışanlar tez-tez bəzi elm adamlarının ateist dünyagörüşünə malik olmalarını gündəmə gətirir və bunu dini dünyagörüşünə əks arqument kimi təqdim edirlər. Sizcə, əgər Allahın varlığı möhkəm elmi dəlillərə əsaslanmış olsaydı, bu qədər alimlər ateist olardılarmı?   - Əvvəla, qeyd edim ki, say çoxluğu heç zaman, heç bir elmi dairədə həqiqətin meyarı, tutarlı bir arqument kimi qəbul edilməyib. Bu, heç də məsələyə elmi yanaşma deyil.   İkincisi, bu cür yanaşmanı düzgün hesab etsək, onda gərək biz də Yaradanın varlığını qəbul edən çoxlu sayda alim, kreasionist mütəfəkkirlərin adlarını sadalayaq və onların sayı heç də əks cəbhədə dayananlardan az deyil.Üçüncüsü, ateist kimi təqdim olunan bir çox alimlərin əslində aqnostik olduğunu görürük. Belə ki, onların əsərlərini mütaliə etdikdə görürsən ki, onlar heç vaxt Allahın yoxluğu barədə dəqiq, əsaslı bir söz deməmiş, hətta əksinə, olma ehtimalını belə dilə gətiriblər. Bertran Rassel, Riçard Dokinz kimi Yaradan və din əleyhinə kəskin çıxışları ilə tanınmış şəxslərin belə sözlərinin ümumi nəticəsi bundan ibarətdir: "Biz Allahın yoxluğunu qəti şəkildə dəlillə sübut edə bilmirik". Dokinz isə əlavə edir: "Allahın varlığı böyük ehtimal ki, yoxdur". Dokinz "Allah bir illüziya" kitabında bir fəsli məhz belə adlandırıb. Bu barədə Rasselin 1952-ci ildə "Illustrated" jurnalında (Is There a God?) "Allah varmı?" adı ilə çap etdirdiyi məqaləyə də müraciət etmək olar. Buradan da aydın olur ki, onların özləri belə Allahın yoxluğu məsələsində yəqinə çatmayıblar.   Dördüncüsü, ateist hesab olunan bəzi alimlər Yaradanın əleyhinə deyil, əsasən din adına olunan sui-istifadələrə qarşı çıxıblar. Məsələn, XVIII əsrin böyük mütəfəkkiri hesab edilən Volter Allaha inanan şəxs olmasına baxmayaraq, o dövrün kilsə dininə qarşı kəskin çıxışlar edirdi. Ancaq digər tərəfdən o, ateizmi cəhalət və səfehlik hesab edirdi. Fikrimin isbatı üçün onun "Fəlsəfə lüğəti" əsərini oxumağı demirəm, sadəcə vərəqləmək, başlıqlarına baxmaq kifayət edər.   Beşincisi, bir şəxsin məsələn, geologiyada, astronomiyada, təbiətşünaslıqda mütəxəssis olması onun sözünün ixtisasına aid olmayan sahədə də avtoritet olması mənasına gəlməz. Bir geoloq və ya astronom alimin "Allah yoxdur" deməsi, adi bir insanın bu iddianı etməsindən heç nə ilə fərqlənmir. Çünki Allah yeraltı bir süxur, kosmosda hərəkət edən səma cismi deyil ki, biz onun barəsində bu alimlərdən soruşaq. Bu alimlərin sözləri yalnız öz sahələrində dəyərə malikdir. Yaradanın mövcudiyyətinin arqumentləri və atributları kimi sırf əqli-fəlsəfi mövzularda, din fəlsəfəsi kimi bir çox əqli və humanitar fənləri əhatə edən məsələlərdə isə o alimlərin sadəcə olaraq bir geoloq, bir astronom, bir təbiətşünas olduqlarına görə fikirləri keçərli deyildir.   Altıncısı, Yaradana münasibətdə bədbin düşüncəli alimlərin fəaliyyət sahəsinə baxanda görürük ki, onlar təcrübə, eksperimental elm sahəsinin adamlarıdırlar. Onlardan "Allah var, yoxsa yoxdur" sualının cavabını gözləmək ulduz falı əsasında həyatımızı qurmağa bənzəyir. Çünki bütün inanc məktəblərinin vurğuladıqları kimi, Allah transsendent bir həqiqətə malikdir. Bu, eksperimental, yəni təcrübi yanaşma ilə müşahidə edilməsi mümkün olmayan bir varlıq deməkdir. İmmanuel Kantın özü belə Yaradanı transsendent bilir və qeyd edir ki, o, hissi müşahidənin və təcrübi araşdırmanın əhatəsindən kənar olan bir həqiqətdir. Biz isə qədim dövrlərdə olduğu kimi hələ də Allahı teleskoplarla bir gün müşahidə edəcəyimizi düşünürük. - Axı bir çox ateist alimlərin başqa sahənin mütəxəssisi olmalarına baxmayaraq, dinlər barədə də geniş mütaliələri var. Bu bilgilər onlara dinlər və Yaradan barədə bir söz deməyə icazə vermirmi?   - Aydındır ki, onlar teologiya və din fəlsəfəsi mövzularında yalnız səthi biliyə malikdirlər. Hər hansı bir sahədə, xüsusən də din kimi insan həyatı, cəmiyyət, tarix, hüquq, fəlsəfə, epistemiologiya, hermenevtika, bir çox humanitar elmlərlə sıx əlaqəlidirsə, söz demək üçün səthi mütaliələr, bazarda eşidilənlər, sosial şəbəkələrdə oxunulanlar, gündəlik həyati müşahidələr qətiyyən kifayət deyil. Dini mövzularda dəqiq və tutarlı söz demək üçün bu sahənin mütəxəssisi olmaq lazımdır. - Bayaq adını qeyd etdiyiniz və müasir günümüzdə ateizmin geniş təbliğatçılarından sayılan Riçard Dokinzin necə, sizcə, din barədə geniş məlumatı yoxdur? Halbuki, o, din sahəsində çoxlu sayda kitablar yazıb, hətta bəzi sənədli filmlər də çəkib.   - Günümüzdə ateizm sözü ilə yanaşı Dokinzin adı tez-tez çəkilir. Deyə bilərəm ki, onun bütün mühüm əsərlərini oxumuşam, çoxlu sayda çıxışlarını, iştirak etdiyi sənədli filmləri izləmişəm. Dokinz ingilis bioloqudur. O, təhsilini bitirəndən sonra orta səviyyədə bir-iki elmi işi işıq üzü gördü. Bundan sonra isə elmi çalışmaları tamamilə tərk etdi və ideoloji mövzularda çalışmağa, ateizmi təbliğ etməyə, şou verilişlərində, debatlarda çıxışlara başladı. Dokinzin bir dənə də olsun onu, hələ heç böyük alim kimi heç demirik, sıradan bir alim kimi təsdiq edəcək sanballı bir əsəri yoxdur. "Eqoist gen" kitabı isə ona qədər deyilmiş bioloji təkamül barəsində olan fikirlərin sadə və ümumi dil ilə bəyanından başqa bir şey deyil. Bu isə elmi iş hesab edilməz. Kitablarını mütaliə edən insanlar da təsdiqləyərlər ki, onun yazıları daha çox bədii cəhətdən zəngin olan, elmi arqumentlərdən tam uzaq, sıradan bir kitabdır. Dokinzin dini biliyinə gəlincə, deyərdim ki, o, ömründə bir dənə də olsun dinin fundamental mövzularına aid olan sanballı bir əsər oxumayıb. Dinlər barəsində olan məlumatlarının natamlığını özü belə etiraf edir. "Əl-Cəzirə" telekanalının jurnalisti Mehdi Həsən ilə onun bir videomüsahibəsi var. Orada Dokinz müqəddəs kitablar barədə fikirlərini deyir, onları tənqid atəşinə tutur. Bu zaman Mehdi Həsən ondan "Quranın Allahı barəsində nə deyə bilərsiniz?" deyə soruşduqda Dokinz belə cavab verir: "Mənim Quranın Allahı barəsində elə də məlumatım yoxdur".  Dərin fəlsəfəyə malik, son və mükəmməl din olan islam barədə elə də məlumatı olmayan biri, görəsən, hansı ixtiyarla bütün dinləri tənqid edir, onları yanlış hesab edir?! Bir insan oxumadığı kitabı necə tənqid edə bilər?!   Dokinz bu vəziyyətdə olan yeganə nümunə deyil. Devid Yum, Bertran Rassel, Feyerbax kimiləri də oxşar vəziyyətdədirlər. İndiki dövrdəki ateistlər din fəlsəfəsi barədə yalnız sosial şəbəkələrdən məlumatlanırlar, orta əsrlərdəkilər isə bazarlardan, rastlaşdıqları dindarlardan eşitdiklərindən. Ona görə də hesab edirəm ki, nəinki Azərbaycanda, ümumiyyətlə dünyada bir nəfər də olsun savadlı, elmli bir ateist alim mövcud deyildir. Onlar hansısa bir sahədə mütəxəssis ola bilərlər, ancaq din sahəsindən qətiyyən yetərli məlumatları yoxdur. Bir-iki latın terminini əzbərləmək, bir-iki fizikaya, kimyaya aid qanunu dilə gətirmək, Eynşteyn, Spinoza, Devud Yum adlarını müqəddəs zikrlər kimi təkrarlamaq insanı hər bir sahədə söz sahibi etməz. - Bəzən təxminən bir fikir də səsləndirilir ki, din adı altında çoxlu cinayətlər törədilmiş və törədilir, inanclı insanlar din pərdəsi altında min bir hoqqadan çıxırlar. Buna keçmişdə inkvizisiya məhkəmələri, səlib yürüşlərini, günümüzdə isə müxtəlif dini-terrorçu qrupların fəaliyyətini misal kimi göstərirlər. Buradan da dinin yanlışlığı və Allahın yoxluğu nəticəsini çıxarırlar. Onların bu mülahizələri barədə nə deyə bilərsiniz?   - Çox təəssüf olsun ki, bəziləri insanların əməllərinə görə məhz Yaradanı ittiham edirlər. Bu, çox yanlış düşüncədir. Belə ki, dindar ilə Allahı, həmçinin dindar ilə dini bir-birindən ayırmaq lazımdır. Eynilə tibb və təbib, təbiət və təbiətşünas, elm və alim kimi anlayışları bir-birindən ayırdığımız kimi. Bu günə kimi heç bir məntiqli insan həkimin şarlatanlığına görə bütün tibbi, alimin fırıldağına görə də bütünlüklə elmi puç və yanlış hesab etməyib. Bu çox gülüncdür. Bəs onda necə olur ki, hansısa inanclının etdiyi yanlışlıqlara görə bütünlüklə dini və Allahı sual altına alırıq?! Bilmək lazımdır ki, hansısa şəxsin, hətta özünü inanclı adlandırsa belə, etdiyi çirkin işin məsuliyyəti Allahın üzərində yox, məhz o şəxsin üzərindədir. İnsanların din adına etdikləri yanlışlıqlardan "Allah yoxdur" və ya "din səhvdir" nəticəsini çıxarmaq insafsızlıq və məntiqsizlikdir. - Bəs onda sizcə, din adına törədilən bu qədər müharibələrin səbəbi nədir? Nəyə görə din adından bu qədər müharibələrə rəvac verilir?   - Din adına törədilən müharibələrin səbəbi digər adlarla törədilən müharibələrin səbəbindən heç nə ilə fərqlənmir. Müharibə törətmək, qan tökmək istəyən şəxs üçün onun hansı adla edilməsinin heç bir fərqi yoxdur. Bu insanlar hədəflərinə çatmaq üçün özlərinə lazım olan istənilən adı seçə bilərlər. Bu ad bəzən din və Allah olduğu kimi, bəzən isə məzlumun haqqını qorumaq, diktaturanı devirmək, bərabərlik, sülhü bərqərar etmək kimi qulağa xoş gələn gözəl sözlər də ola bilir. Zülmkar insanın öz hədəfinə çatmasına heç nə mane ola bilməz. Din olmasa, onlar bunu başqa yollarla edəcəklər.   Ümumiyyətlə, bir məsələni də qeyd edək ki, əgər bəşər tarixinə nəzər salsaq görərik ki, qeyri-dini zəmində olan müharibələr və qətllər dini zəmində olan müharibələrdən qat-qat çoxdur. Mən bir-bir onların adlarını və səbəb olduğu insan qətllərinin statiskasını vermək istəmirəm. Sadəcə olaraq, sözlərimin doğruluğunu bilmək üçün qədim dünyanın, orta əsrlərin, yeni dünyanın müharibələrinə və postindustrial müharibələrə baxmaq kifayətdir. Həmçinin, gündəlik həyatımızda baş verən kriminal hadisələrə də nəzər salsaq, onların 80-90%-nin qeyri-dini zəmində olduğunu anlayarıq. Əksəriyyətinin oğurluq, qarət, təcavüz, narkotik və silah satışı, əxlaqsız işlər olduğunu görərik. Hətta günümüzdə din adı ilə törədilən müharibələrin mahiyyəti belə dini deyil, hansısa ölkələrin siyasi məqsədlərinin din pərdəsi altında yürüdülməsidir. Ona görə dini əksər müharibələrin səbəbi, bütün cinayətlərin başı kimi göstərməyi dünya tarixindən, siyasi məsələlərdən məlumatsızlıq və ya bunu deyən şəxslərin sırf qərəzliliyi kimi dəyərləndirmək olar.   (ARDI VAR...) İlkin İzzət Milli.Az
13.07.2016   1986   66
 
BEYNİN YUYULMASI NƏDİR Bu məqaləni yazmamışdan əvvəl uzun müddət idi ki, bəzi insanların birdən-birə düşüncələrini tamamilə dəyişərək zombiləşməsinin səbəbləri üzərində araşdırma aparırdım. Bilmək istəyirdim ki, görəsən, necə olur ki, psixi cəhətdən tam sağlam olan (hətta intellektual səviyyəsi yüksək olan ali təhsilli) bəzi şəxslər müəyyən qruplar tərəfindən rahatlıqla manipulyasiya edilirlər. Baxıb görürsən ki, belələri rahat bir şəkildə öz ilkin dünyagörüşlərinə tamamilə zidd gələn ideologiyanı qəbul ediblər. Hətta bundan sonra radikal-fanatik hərəkatın, yanlış ideologiyanın (istər dini, istərsə də qeyri-dini olsun) təbliğatçısına belə çevriliblər. Yaxud da görürsən ki, bir şəxs hər hansı bir cəmə daxil olduqdan sonra yanlış yol ilə gedir, cinayət işləri ilə məşğul olur. Səhv etdiyi açıq-aşkar bilindiyi halda heç kəsin nəsihətlərinə qulaq asmır və özünü tamamilə düz hesab edir. Belə hallarda, adətən, deyirlər: ˝Onun beyni yuyulub. Düşüncəsi dəyişilib. Psixologiyası silinib. Kodlaşdırılıb. Zombi olub. Robota çeviriblər. İradəsi əlindən alınıb və kənardan idarə olunur˝. Bütün bu ifadələri ˝beynin yuyulması˝ ilə ifadə edirlər. Bu təbir özündə deyilən bütün bu sözləri ehtiva edir. ˝Beynin yuyulması˝ ifadəsi düşüncənin idarə olunması, köklü surətdə dəyişilməsi və məcburi olaraq başqa ideologiyaya inandırmaq mənalarını daşıyır. Bu proses ilə şəxsin və ya kütlənin düşüncələri, etiqadları və davranışları öz istəklərinə əks olaraq əsaslı surətdə dəyişdirilir.  Nəticədə onlar digərlərinin istəklərini həyata keçirməkdə bir alət rolunu oynayırlar. Beynin yuyulması prosesini anlamaq üçün ilk növbədə şüurun idarə və manipulyasiya olunmasının elmi modellərini axtarıb tapmaq lazımdır. Bunu anlasaq, radikal dini və ya qeyri-dini qrupların, idman, musiqi fan-klubların nümayəndələrinin, bəzi cəmiyyətlərin fərdlərinin düşüncələrinin fundamental dəyişə bilmələrinin səbəblərini başa düşəcəyik.   ˝BEYİNYUMA˝ BİR İFADƏ OLARAQ NƏ ZAMANDAN YARANIB Bu ifadənin yaranması XX əsrin I yarısına təsadüf edir. Ancaq o zamanlar hələ beynin yuyulmasının sistemləşdirilmiş metodları işlənilməmişdi. Bu ifadə XX əsrin ortalarında Çində ölkə daxilində öz müxaliflərinə və bir də hərbi əsirlərə nisbətdə onların düşüncələrində dəyişiklik etmələri ilə əlaqəli işlədilirdi. Çin dilində də buna ˝hsi nao˝, məhz beyinlərin yuyulması deyilirdi. Həmçinin ABŞ-da da Çin komunistlərinin xarici hərbi əsirlərə nisbətdə tətbiq etdikləri bu davranışlarına belə deyirdilər. Robert Lifton bu təbiri ilk dəfə amerikalı jurnalist Edvard Hanter tərəfindən işlədildiyini yazır.[1] Edvar Hanter bu ifadəni çinlilərin Çin komunist partiyasının ölkədə tətbiq etdikləri bu metodlar barədə işlətdikləri kəlmədən sitat olaraq gətirirdi. Daha sonra isə ˝beyinlərin yuyulması˝ ifadəsi ümumiləşdi və hər növ düşüncəni, ideologiyanı məcburi olaraq köklü surətdə dəyişmə cəhdlərinə şamil edilməyə başlanıldı. Günümüzdə, bu təbir, həmçinin hər növ siyasi, ictimai və ideoloji (istər dini olsun, istərsə də qeyri-dini) zəmində aparılan düşüncəyə təsir edən təbliğata aid edilir. Çin komunistlərinin bu beyin yumaları nəticəsində əsir düşmüş bəzi hərbiçilər, hətta öz ölkələrinə qayıtdıqdan sonra belə ölkələrinin əleyhinə, Çinin isə xeyrinə təbliğatlar aparırdılar. 1954-cü ildə Honkonqa gələn psixiatr Robert Liftonun da araşdırması məhz bunun səbəbini tapmaqdan ibarət idi. O, sonradan  bütün araşdırmalarının nəticələrini əsərlərində yazır. Beyin yuyulması metodları tarix boyu bir çox sektalarda, dini qruplarda, qapalı cəmiyyətlərdə və diktator dövlətlərində olmuşdur. Sadəcə olaraq, onlar bunun psixoloji işləmə mexanizmlərini bilmədən tətbiq edirdilər. Tarix boyu bu metodları bəziləri nəticələrini ümumi olaraq bildikləri halda, bəziləri isə bilməyərəkdən digərlərinə yönəldirdilər. XX əsrin ortalarından sonra isə bu təsirlərin işləmə mexanizmi araşdırılmağa, beyin yumanın daha dəqiq metodları müəyyən edilməyə başlanıldı.   BEYİNYUYULMASI HALINI DAHA ÇOX HARADA MÜŞAHİDƏ EDİRİK Beynin yuyulması metodunun tətbiq olunduğu sahələr çox genişdir. Totalitar rejim olan bütün qapalı sahələri əhatə edir. Bura dini sektalar, qeyri-dini dəstələr, kriminal cinayətkar birləşmələr, hər hansı bir cəmiyyət, ölkə, siyasi qruplar, ictimai təşkilatlar, hərbi düşərgələr, həbs düşərgələri, həbsxanalar, müxtəlif rejimlər və hər hansı bir qruplaşmaya nümunə olan cəmlər daxildir. Qeyd etdiyimiz bütün bu yerlərdə beynin yuyulması, zombiləşmə, fərdin iradəsinin və zehni təhlilinin iflic olması kimi totalitarizm psixologiyasının təzahürü müşahidə edilməkdədir. Dünya psixologiyasında totalitar dəstələrin[2] fərdlərin şüurlarına və psixologiyalarına destruktiv təsir etməsinin bir neçə modeli işlənilmişdir. Hanna Arendtin, Erix Frommun əsərlərində, Edvard Hanterin fikirlərində, Amerika psixoterapevti Robert Cey Liftonun totalitarizm psixologiyasında yazdığı kitablarda, Edqar Şeynin və XX əsrin II yarısında bu sahədə fəaliyyət göstərmiş bəzi araşdırmaçıların əsərlərində mövzu ilə bağlı maraqlı mətləblər vardır.    DÜŞÜNCƏNİN KÖKLÜ DƏYİŞİLMƏSİNƏ SƏBƏB OLAN AMİLLƏR İnsanın düşüncəsinin başqasının istədiyi kimi formalaşdırılması, yaxud da ilkin düşüncəsinin köklü surətdə dəyişdirilməsi üçün bəzi metodlardan istifadə edilir.  1) İnformasiya blokadası: İnsanların düzgün fikir yürütmələri və düzgün nəticə çıxartmaları üçün ilk növbədə lazım olan vasitə məlumatdır. İnsan müxtəlif bir-birinə zidd məlumatları eşidir və onları bir-birilə müqayisə edir. Ağlı ilə düz gələnini seçir. İnformasiya bizim beynimizin qidasıdır. Aydındır ki, zehni qidaya görə də insanın düşüncəsi, hisləri, nəticədə də davranışları formalaşır.   Totalitar strukturlarda beynin yuyulması üçün ilk növbədə onların təbliğlərinə əks olan informasiyanın qarşısını ciddi surətdə alırlar. Bu cür informasiya blokadası səbəb olur ki, şəxs yalnız bir mənbədən qidalansın. Bir müddət zərərli qida alan insanın sonunda da xəstələnməyi təbiidir. Daim eyni formalı məlumatı alan insanın başqa cür düşünməyə imkanı yoxdur. Çünki beyin ona verilən məlumatlarla düşünür.   Bəzi dini sektalarda görürsən ki, yalnız öz etiqadlarına aid ədəbiyyatları oxuyurlar. Fikirlərinə əks olan ədəbiyyatların mütaliəsini qəti surətdə qadağan edirlər. Əgər bir məktəb öz yolunun düzlüyünə tam əmindirsə, aydındır ki, o, digər yanlış bildiyi fikirlərə də açıq olacaqdır.   Bəzi ölkələrdə də kütlələrin düşüncələrini dəyişmək və rejimin onlar istədiyi kimi idarə olunması üçün də hər növ kənar informasiyanın sızmasına qadağa qoyulur. Facebook kimi sosial şəbəkələrə, youtub kimi müxtəlif fikirlərin olduğu kanallara çıxışı tam qadağan edirlər. Cəmiyyətin kənar ölkələrlə əlaqəsini kəsirlər. 2) Ağılın blok edilməsi: Ağıl yaradılışdan insana verilmiş çox qeyri-adi xüsusiyyətə malik bir qüvvədir. O, məsələləri dərindən təhlil etmə, müqayisə aparma, yeni nəticə çıxartma, pisi yaxşıdan ayıra bilmə qüdrətinə malikdir. İnsanlıq əldə etdiyi bütün maddi-mənəvi nailiyyətlərinə yalnız bu qeyri-adi qüvvənin səbəbilə çatmışdır.   Belə məqamlarda ağılın fəaliyyətini dayandırmaq ən geniş yayılmış yanaşmalardandır. Bu qruplar ağılı zərərsizləşdirmək üçün ona olan etimadı sıfıra endirirlər. Onun yerinə təqlid, iman[3], rəhbərə etimad anlayışlarını gətirirlər.   Bunun üçün müxtəlif təbliğatlardan istifadə edirlər. Məsələn, radikal dini sektalarda ˝din ağıl ilə dərk edilməz˝, ˝ağıl yalnız dünyəvi işlərdə keçərlidir˝, ˝rəhbərlərimizin hökmlərini, fətvalarını hər nə olursa olsun sözsüz qəbul etməlisiniz˝, ˝ağıl çox qüsurludur˝ kimi fikirlər yayırlar. Bu fikirləri möhkəmləndirmək üçün də münasib bildikləri ayə və hədisləri də yanlış mənada, istədikləri kimi yozmaqdan çəkinmirlər.   Bu cür dini sektalar çərçivəsində üzvlərinə uzun müddət psixoloji təlqinlər edilir. Onlara sektanın qərarlarının və tutduğu yolun düzlüyü barəsində şəkk etməməkləri aşılanılır. Əqli təhlil kimi vəzifəni onların üzərindən götürüb dini sektanın rəhbərinin üzərinə qoyurlar. Fərdin iradəsi rəhbərin iradəsinə tabe edilir. İnsan sekta tərəfindən onun üzərinə qoyulmuş şablon əsasında düşünür və hərəkət edir.   Ağıl blok ediləndən sonra məntiqi təhlil və düzgün nəticə çıxartma qabiliyyəti ölür. Bu insanı baş verənlər barədə ən absurd və gülməli izahlar belə qane edir. Belə birinə səhv yolda olduğunu ən güclü məntiqi dəlillərlə izah etsəniz belə, o, sektanın rəhbərinin, yaxud da aid olduğu cəmiyyətin liderinin verdiyi ən bəsit və məntiqsiz izaha daha çox etimad edəcəkdir.   Dini fanatizm, totalitar rejimlər də məhz belə yaranır. Bundan sonra beləsinin əlinə bomba versən, özü ilə birgə istədiyin yeri partlatmağa hazırdır.  3) Mistik formada izah: Mistika, qeyb, məxfilik insan psixologiyasını xüsusi formada böyük təsir altına salır. Buna görə də beyin yuyulmalarında fəaliyyətin, tutduqları yolun və ya ideologiyalarının mistik izahından çox istifadə edirlər. Bəzən də başlarına gələn hadisələri (özlərinin təsdiqinə uyğun olaraq) fövqəladə qüvvələrlə izah edirlər. Onlara görə, bu fövqəladə qüvvələr heç bir qanuna tabe deyil və onların bütün işlərinə nəzarət edir. Onlar da məhz bu qüvvələrin göstərişi ilə hərəkət edirlər.   Belə qruplar etdikləri işlərə mistik izah axtarmağa çalışırlar. Bununla işlərinə bir məxfilik gətirirlər. Sanki müqəddəsləşdirirlər. Məsələn, buddist sektaları özlərinə aid olan qida qəbulunu (hansı qidanı yeyib, hansını yeməməyi) müxtəlif mistik izahlarla bəyan edirlər. Bəzi ifrat millətçi qruplar öz mənsub olduqları millətin digərlərindən üstünlüyünə dair yaradılış və təbiət ilə əlaqəli bəzi ecazkar izahlar verirlər. Bununla da özlərinin millətlərə ayırıcı yanaşmalarına bəraət qazandırmağa çalışırlar.   Aydındır ki, bu cür izah həm əlavə sualların, iradların qarşısını alacaq, insanı sözsüz itaətə sövq edəcəkdir, həm də idarə olunan şəxs artıq bu işlərə tənqid gözü ilə baxa bilməyəcəkdir. İstənilən totalitar rejimdə, sektalarda (istər dünyəvi, istərsə də dini olsun) bu mistiklik hər hansı bir formada vardır.   Mistik formada izah əsasında manipulyasının beyin yuma prosesində çox mühüm yer tutduğunu Robert Lifton kimi əksər araşdırmaçılar öz kitablarında qeyd etməkdədirlər.   Elə buna görədir ki, araşdırmaçılar dini və milli hislərə əsaslanan metodların zombiləşmə prosesində xüsusi effektə malik olduğunu qeyd edirlər.   Bir məsələni də qeyd edək ki, həqiqi ilahi təlimlər insanı yalnız sülhə, sazişə, ədalətə və əfvə çağırır. Məsələləri əqli cəhətdən təhlil etməyi, gözəl əxlaq və gözəl davranış sahibi olmağı təbliğ edir. Sadəcə olaraq, çox təəssüflər olsun ki, bəzən insanlarla manipulyasiya etməkdən ötrü onların etiqadlarından sui-istifadə edilir. İnsanlara ilahi təlimlər olduğu kimi çatdırılsaydı, onlarda zombiləşmə prosesi də, təbii ki, getməzdi. 4) Xarizmatik şəxsiyyətlərin yaradılması və ilahiləşdirmə: Hər hansı bir ideologiyanın, manipulyasiya edən institutun, dəstənin mütləqdir ki, nümunə göstərilən şəxsiyyətləri olsun. Bu şəxsiyyətlər hazırda sağ da ola bilər, keçmişdə də yaşamış ola bilərlər. Əsas bunun olmasıdır.   Bu məqsədlə totalitar rejimlərdə bəzən belə şəxsləri uydururlar. Bəzən isə mövcud olan şəxsiyyətlərə həqiqətlə uyğun olmayan mübaliğəli üstünlüklər nisbət verirlər. Onların qəhrəmanlıqlarını, ideologiyalarına olan sadiqliklərini və başqa üstün xüsusiyyətlərini əks etdirən miflər yaradırlar.   Bəzən isə tanınmış bir şəxsin özlərindən olduğunu, onlar kimi düşündüyünü təqdim edirlər. Əslində isə o şəxsin bunlarla heç bir rabitəsi yoxdur.   Bunun həm dini, həm də qeyri-dini birləşmələrdə şahidi oluruq. Dində bəzi səhabələrə, bəzi yüksək məqamlı dini şəxsiyyətlərə, qeyri-dini hallarda isə tarixi şəxsiyyətlərə nisbətdə bu halı görürük.   Bu qruplara öz rəhbərlərini bir çox hallarda ilahiləşdirmə, yaxud da hansısa ilahi bir varlığın nümayəndəsi olduğunu irəli sürmə halları xasdır.   Bir məsələni də qeyd edək ki, aləmdə qeyri-maddi qüvvələrin mövcudiyyəti, peyğəmbərlər kimi Allah tərəfindən göndərilmiş müqəddəslərin olması danılmaz bir həqiqətdir. Ancaq bu sektalar adi insan olan öz rəhbərlərini müqəddəsləşdirir, az qala peyğəmbərlərə xas olan xüsusiyyətləri onlara nisbət verirlər. Rəhbərlərinin bu müqəddəs şəxslərdə olan səlahiyyətə, qeyri-adi ilahi qüdrətə malik olduğunu aşılayırlar.   Rəhbərini müqəddəs bilən şəxs ona sözsüz qulaq asacaq, öz ağlı ilə gəldiyi nəticələrə qətiyyən etimad etməyəcəkdir.   Hər hansı bir manipulyasiya edən institut və ya şəxs ətrafında yaradılan mistik aura bəzən dini və ilahi olmaya da bilir. Məsələn, SSR-də partiyanın, yaxud Lenin, Stalin kimi şəxslərin, faşist almaniyasında Hitlerin barəsində yaradılan mistiklik kimi. Onlar ilahiləşdirilsələr də belə bu, tamam başqa formatda edilirdi. SSR-i ilahi anlayışlara zidd çıxsa da, kommunist partiyası və onun liderləri ətrafında yaratdığı aura məhz müqəddəslik, qeyri-adilik, peyğəmbərlik və ilahilik anlayışlarına yaxın idi. Belə qeyri-dini qruplar öz liderləri və ya partiyaları haqda onların tarix, tale tərəfindən seçildiklərini, hər şeydə düz hökm verdiklərini, xətadan uzaq olduqlarını, onlara sözsüz itaətin lazım olduğunu deyirlər. Bu anlayışlar (başqa cür ifadə olunsa da belə) eynilə dində də vardır.   5) Tənqidi düşüncənin qadağası: Onlar tənqidi düşüncəni kökündən qadağan edirlər. Fundamental mövzular olaraq qəbul etdikləri məsələlər toxunulmazdır. Bu barədə əks fikir qəbuledilməzdir. Tabu olaraq təqdim olunan qadağalar barədə tənqidi formada düşünmək belə olmaz.   Hər hansı diktator rejimdə, radikal sektaların daxilində günah, qadağa, tabu adı ilə təbliğ olunan yanlış mövzular barədə təhlil etmək qabiliyyəti insandan alınır. O, bu barədə tənqidi düşünə bilmir. O, tabe olduğu dəstənin və ya rəhbərin psixoloji qanunları əsasında düşünməyə və hərəkət etməyə başlayır. Ona görə də rəhbərinin, kumirinin və insandan ibarət olan hər hansı digər bütünün sözlərinə, hərəkətlərinə tənqidi yanaşa bilmir. Belə ki, bu tip insanlar özlərinin zombi fəaliyyətini dərk edə bilmirlər.   Bu cür kumirlər dini şəxsiyyət, ədəbiyyat sahəsində hər hansı bir yazıçı, orator, ölkə başçısı, dəstə başçısı, musiqi ifaçısı, müəllim, ailə başçısı, ictimai xadim və sairə ola bilər.  6) Pis və yaxşıya kəskin bölgü:  Hər hansı bir qrupun dünyanı pis və yaxşı (dost-düşmən, təmiz-mundar, xeyir-şər, ağ-qara, zülmət-nur) olaraq ikiyə bölməsi psixoloji olaraq böyük dəyişikliklərə yol aça bilər. Totalitar sektalara görə, hər kəs onların qrupundadır, onlar müsbət anlayışa aiddirlər. Onlardan qeyriləri isə pis və mundardırlar. Üçüncü yol, onlara görə, mümkün deyil. Neytral anlayış onlarda yoxdur.   Bu cür bölgünün tarix boyu müxtəlif formada bəyanını görmək olar: ˝Bizim iqtidar yaxşı, müxaliflərimiz pisdir˝, ˝bizim məzhəb haqq, digərləri isə tamamilə batildir”, ˝partiyamız düzgün, digər partiyalar isə azğındır”, ˝bizim fikrimiz əla, digər fikirlər isə mütləq olaraq səhvdir˝, ˝bizim cəmiyyət, bizim ölkə, bizim irq, bizim xalq ən ali, digərləri isə bizim nökərlərimizdir, aşağıdırlar…˝.   Hər hansı bir yerdə bu cür təbliğlər aydındır ki, totalitar düşüncə və psixologiyanın formalaşmasına xidmət edir.   Tolerantlıq, dözümlülük, dinlərin dialoqu, azad fikir, demokratiya, plürializm kimi anlayışlar isə əksinə, bu totalitar psixologiyanın yıxılmasına səbəb olar.   Burada belə bir sual yaranır: ˝Axı bir cəmiyyət və ya fərd özünü düz bilirsə, bunu nəyə görə ifadə etməsin? Və bunun nəyi pisdir? Necə ola bilər ki, pis və yaxşı, zülm və ədalət kimi anlayışlar arasında bölgü aparmayasan?˝   Cavab: Totalitarizm psixologiyası nəyin yaxşı, nəyin pis olması məsələsinə köklənməmişdir. Onun vəzifəsi insanların psixologiyasının müəyyən mühitlərdə işləməsini, müxtəlif dəyişikliklərə necə uğramasını təhlil etməkdən ibarətdir. Ona görə də bizlər bu faktın psixoloji təsirindən və işləmə mexanizmindən danışırıq.   Həmçinin biz belə bir bölgünün bəzi məqamlarda aparılmasını da məqsədəuyğun hesab edirik. Sadəcə olaraq, bu bölgü faktorunun totalitar sektalarda daha qabarıq və aqressiv formada aparıldığının şahidi oluruq. Bəzi dəstələr və ideoloji məktəblər bu bölgünü əsasən düşmənçiliklərinin yönəldiyi obyekti müəyyən etmək üçün aparırlar. Buradan da irqçilik, şovinizm, faşizm, radikal ekstremizm kimi müxtəlif ˝izm˝lər yaranır.   Normal cəmiyyətlərdə isə (bu bölgü qabardılmadan aparılsa da belə) özlərindən qeyrilərinə tolerant yanaşmanın şahidi oluruq. Din də eyni bölgünü aparır, ancaq müdara, keçinişmək, sülh, anlayış göstərmək kimi yanaşmalarla paralel. Radikallığa, düşmənçiliyə dəvət etmədən.   7) ˝Seçilmiş˝ fenomeni: ˝Seçilmiş˝ fenomeninin də xüsusi təsiri vardır. Onlar qruplarının üzvlərinin xüsusi seçilmiş və digər adi insanlardan fərqlənmiş olduqlarını təbliğ edirlər. Bu seçilməni aparan mənbəni isə müxtəlif adlarla təqdim edirlər. Məsələn, deyirlər ki, ˝bizləri Allah seçib˝, ˝sizlərə tale digər insanlara nisbətdə üstünlük bəxş edib˝, ˝tarix sizi fərqləndirib…˝. Bu cür mistik qüvvələr və müəmmalı obyektlər tərəfindən seçildiklərini şiddətlə vurğulamaq səbəb olar ki, insan özünün məxsus olduğu dəstəni üstün görsün. İnsan hamıdan fərqli və üstün hesab etdiyi dəstənin yanlışlıqlarını, təbii ki, görməyəcəkdir. Özünün belə bir üstün cəmə mənsub olduğunu ilahi bir nemət biləcəkdir. Bu nemətin əlindən çıxmaması, nəticədə də adi, dəyərsiz insanlardan biri olmamağı üçün bütün hər şeyi etməyə razı olacaqdır. Nəticədə o cəmin sadiq nökəri olacaq, o ideologiyanın təbliğatçısına çevriləcəkdir.   8) ˝Natamamlıq˝ və ˝həqirlik˝ fenomeni: Dəstənin hər bir fərdinə birbaşa və ya dolayısı ilə anladırlar: sizlər heç kimsiniz, sizlər zəif birisiniz, sizlər həyatda heç kəsə lazım olmayan şəxslərsiniz, sizlər natamamsınız, atılmışlarsınız…   Bu cür yanlış fikirlər yaradan təlqinləri onlar ümumi və fərdi söhbətlərdə, müxtəlif məqamlarda edirlər. Nəticədə fərd özünü natamam, cəmiyyətdə heç kimə lazım olmayan, zavallı bir məxluq hesab edir. O, fikirləşir ki, mənim kimi lazımsız bir tullantıya yalnız bu cəm sahib çıxmışdır. Mən yalnız onlara lazımam, mənə onlar dəyər veriblər. O, özünü onların cəmində rahat və tamamlanmış hiss etməyə başlayır.   Bu dediklərimizin dərin psixoloji kökləri vardır. Bir insanı hər hansı bir dəstəyə bağlamaq üçün böyük təsirə malikdir.   Həqiqi ilahi və ya psixoloji təlimlərdə isə biz bunun əksini görürük. Həqiqi din insana məxluqların ən şərəflisi olduğunu aşılayır. Onun ən üstün maddi və mənəvi məqamlara sadəcə Yaradanına etimad etməyi, Ona arxalanmağı ilə çata biləcəyini aşılayır. Bu isə əslində insanın özünə güvənməsi, heç kəsdən yardım gözləməməsi, hər şeyi edə biləcəyi deməkdir. Dini mətnlər Allaha arxalanan insanın sonsuz qüdrətə sahib olacağını bildirir.   Müqəddəs kitablar insana özü kimi insanların qulu olmamağı təbliğ edir. Ona deyir: ˝Allah səni azad yaradıb. Ona görə Ondan başqa heç kəsə itaət etmə˝. Bütün itaətə yalnız Allahın layiq olduğunu deyir. İtaəti vacib olan Allah isə ona insanların təsirindən qurtulmağı əmr edir.   9) Məxsusi dil, jarqon və davranış forması: Totalitar mühitə xas olan digər xüsusiyyət özlərinə xas danışıq və davranış formalarının, xüsusi ayinlərinin, əlamətdar günlərin, atributların, adətlərin, geyim formalarının olmasıdır. Bunlar istənilən ideoloji totalitarlığın başlanğıcıdır. Totalitar dəstə özünü digərlərindən fərqləndirmək üçün fikirlərini kiçik sözlərdə, terminlərdə qərar verir. Onlar arasında bir-birlərinə xüsusi müraciət formaları vardır. Onlar digərlərindən fərqli geyinir, fərqli ifadələr işlədir, fərqli yaşayış tərzinə malikdirlər.   Bu cümlələri yazanda zehnə sadəcə dini sektalar gəlməsin. Belə ki, dünyəvi totalitar mühitlərdə də bunun bariz nümunəsini görmək olar. Hər hansı bir dünyəvi ideoloji məktəb və sistem belə özünü fərqləndirmək üçün bu yanaşmadan istifadə edir. Bunun biz burjuaziya, kapitalizm rejimlərində, faşist almaniyasından tutmuş, sovet mühitində bariz şahidi oluruq.   Məsələn, sovet dönəmində bütün şərlər kapitalizm, burjuaziya sinfi, imperializm, liberalizm, din, məscid, kilsə, sinfi istismar kimi terminlərlə əlaqələndirilirdi. Proletariat, fəhlə sinfi, Lenin, Stalin, bütün dünyanın proletariatlarının həmrəyliyi, pioner, kommunist, sinfi bərabərlik kimi ifadələr isə müsbət fikirlərlə əlaqələndirilirdi.   Əslində isə sovetin bu gözəl ifadələri totalitar dilin sözlərindən başqa bir şey deyildi. Bu ˝gözəl sözlərlə˝ öz çirkin işlərinə bəraət qazandırır, yanlış ideologiyalarını yeridir, xalqları istismar edirdilər.   Eynilə məhbuslar arasında, dini birləşmələrdə də həm dil, həm də xüsusi davranış, manera formalarının şahidi oluruq. Bütün bunlar o dəstənin üzvlərinin psixoloji olaraq rahat idarə olunmağına xidmət edir.   Onlar bu məxsusi dil və davranışlarla sanki özlərininkiləri qeyrilərindən ayırırlar. Hər dəfə bu dil və davranışlarla qarşılaşdıqda onların zehnində özlərinin fərqlilikləri, üstünlükləri və ideologiyaları asossiasiya olunur. Bu isə daimi olaraq təsir altında qalmalarına səbəb olur. Jarqon və məxsus hərəkətlər, hətta geyim belə kütləvilik psixologiyasına səbəb olur. Fərdin iradəsi alınır. Kütləyə məxsus vahid psixologiyanın təsirilə kütlənin iradə və istəklərinin birbaşa icraçısına çevrilirlər.   Bir məsələni də qeyd edək ki, bu cür məxsusi dil və davranış bütün mentalitetlərə, istənilən mədəniyyətə və ya inam sistemlərinə məxsusdur. Bunlarsız heç bir birliyi təsəvvür etmək, demək olar ki, mümkün deyildir. Məxsus terminlər, ayinlər və davranışlar hər hansı bir birliyin özünüifadə forması hesab edilir.   Ona görə biz birmənalı şəkildə bu məxsusluğu pisləmirik. Sadəcə olaraq, məsələnin psixoloji köklərini təhlil edirik. Həmçinin aydındır ki, faydalı işlər ətrafında birləşmiş hər hansı bir düzgün ideologiyaya mənsub dəstələrin belə fərqləndirici əlamətlərdən istifadəsi həm təbii, həm də məqbuldur.   Ancaq totalitar mühitlərə məxsus bu kimi amillər daha radikal və aqressiv düşüncələrlə əlaqələnir. Bu, onları həm psixoloji, həm də ictimai məhvə sürükləyir. Hansı ki bunu biz digər mədəni, milli və ya həqiqi dini təşkilatlarda müşahidə etmirik.  10) Şəxsiyyətin məhvi: İnsanı bir fərd olaraq cəmiyyətin digər üzvlərindən ayıran ona xas olan bir çox psixoloji və ideoloji məsələlərdir. Hər bir fərdin özünə xas şəxsiyyəti vardır. Əgər bu mən, bu şəxsiyyət itsə, o zaman o insan aid olduğu dəstəyə qarışacaq, onun içində yox olacaqdır. Totalitar qruplar ilk olaraq fərdi öz dairələrinə daxil edirlər. Ondan sonra onun şəxsiyyətini, düşüncələrini, biliklərini müxtəlif psixoloji, informasiya hücumlarına məruz qoyurlar. Bununla onu bir individuum kimi assimilyasiya edirlər. Onu əridirlər, özünə məxsus mənini zəiflədirlər.   Bundan sonra belə insan digərlərinin onu kodlaşdırmasına tez müsbət cavab verir. Elə bil ki, şamı əridib onu mum edirsən, daha sonra isə mumdan özün istədiyin qəlibdə yeni bir fiqur düzəldirsən.   Şəxsiyyəti, düşüncəsi yenidən yığılmış insan artıq psixoloji tənəzzülə uğramış olur, öz hərəkətləri üzərində muxtariyyətini itirir.   Şəxsiyyətin totalitar strukturlar tərəfindən hücuma məruz qalması insanın fərdliliyini təşkil edən bir çox fundamental psixoloji faktorları aradan aparır:   1) İnsanın özünü müstəqil bir fərd, bir mən olaraq hiss etməsini aradan aparır. Özünü dərk hissi yox olur. Nəticədə insan yalnız özünü mənsub bildiyi birliyi hiss edir.   İnsan mütəmadi olaraq hüzuri elm ilə anlayır ki, mən deyilən bir şey var. Həmçinin bu mən digər mənlərdən köklü surətdə fərqlənir. Şəxsiyyətin əriməsi zamanı bu məni hiss etmə qabiliyyəti sönür. Yerinə biz anlayışı gəlir.   2) ˝İstədiyimi edə bilərəm˝ hissini aradan aparır. Bu zaman istədiyim anlayışı itir. Öz istəklərini duya bilmir. Onun yerinə onların istədiyi anlayışı gəlir.   3) Fəaliyyətlərini hiss etməsi hissi aradan gedir. Özünün hərəkətlərini, etdiklərini dərki etmir.   4) Fərqlilik hissi aradan gedir. Belə bir insan özünü aid olduğu kollektivdən fərqli və ayrı hiss etmir. Ona görə bir bütövlük hissi vardır.   Nəticədə assimilyasiyaya uğramış şəxsiyyətlər öz həyatlarında yeganə avtoritet olaraq dəstənin başçısının idelogiyasını qəbul edirlər. 11) Günah hissinin yaradılması: İnsanın özünü hər hansısa bir əməlinə görə günahkar hiss etməsi VIII bölmədə deyilən özünü natamam hiss etməkdən fərqlidir. Bu birliklər insanlara özlərinin günahkar və təqsirkar olduqlarını təlqin edirlər. Hər hansısa bir işi yanlış etdiyini bu fərdə aşılayırlar. Nəticədə insan özünü çox pis hiss etməyə başlayır. Bundan sonra müntəzəm olaraq fərqli formada yanaşmalarla ona özünün günahkar olduğu hissini mütəmadi olaraq hiss etdiririrlər. İnsan daim öz-özünə təkrarlayır: ˝Mən günahkar və təqsirkar biriyəm. Mən ən ağır cəzalara belə layiqəm. Mənim günahımı heç bir tövbə və bağış yuya bilməz. Yeganə nicatım yalnız bu dəstədir. Tövbəm yalnız özümü və hər şeyimi fəda etməkdir˝.   Özünü günahkar bilən biri ən azı öz vicdanı və ya mənsub olduğu cəmin qarşısında özünü bağışlatmaq üçün hər bir kəffarəni ödəməyə hazır olur. Belə birisindən özünü, ailəsini, bütün yaxınlarını belə (özünün bağışlanması üçün) qurban etməsini tələb etsələr, o, buna asanlıqla razı olar.   Günahkar insanda keçmişinə görə bir təəssüf və tövbə hissi yaranır. O artıq yenidən doğulmağa hazırdır. Birinə günahkar olduğunu aşıladıqdan sonra onu günahkar edən xarici amilləri də ona göstərirlər. Bu zaman içərisində yaranmış qəzəbi və düşmənçiliyi bu kənar amillərə yönəldir. Belə kənar amillər, adətən, dəstənin siyasətinə zidd hərəkət edən, qarşılarında maneə bildikləri hər bir şey ola bilər: ailə, cəmiyyət, dostlar, başqa etiqadın nümayəndələri, hər hansı bir millət, dövlət, adətlər və sairə.   İnsan hər nə qədər özünü günahkar hiss edirsə, bir o qədər də o amillərə nifrət edir.   Burada bir qeydi də vurğulayaq ki, bu totalitar psixologiyanı formalaşdıran, insanları zombi edən psixoloji yanaşma hər hansısa qrup tərəfindən düşünülmədən edilir. Belə deyil ki, bütün totalitar rejimlərin rəhbərləri bu cür dərin psixoloji bilgilərə malik olurlar. Onlar sadəcə qeyd etdiyimiz formada rəftar edirlər, nəticəsi isə özünü çox gözlətmədən bu şəkildə zahir olur.   12) Konfet fenomeni: Mən bunu konfet fenomeni adlandırıram. Bu konfet fenomeni demək olar ki, böyük bir motivasiya amilidir. Həmçinin insanın zombiləşməsində də böyük rola malikdir.   Bu konfet müxtəlif şeylər ola bilər. Dindar bir insan üçün əbədi səadət, cənnət, huri, müxtəlif axirət ləzzətləri. Ateist biri üçün ˝xalq səni unutmayacaq˝, ˝əbədi olaraq yadlarda yaşayacaqsan˝, ˝qəbrinə əklil qoyub, adına küçə düzəldib, hər il sənin fədakarlıq işini yad edəcəyik˝. Hətta sadəcə mənsub olduğu birliyin gözündə ucalmaq, cəmiyyətdə mövqeyə malik olmaq kimi abstrakt amillər belə bu konfet rolunu oynaya bilər.  13) İdeologiyanın müqəddəsləşdirilməsi və mükəmməl təqdimi: İstər dini, istərsə də qeyri-dini məktəblər olsun hər biri öz ideologiyalarını və davranışlarında riayət etdikləri qanunları müqəddəs, mütləq, tam və kamil göstərməyə çalışırlar. Bundan kənarda olan hər bir fikir, onlara görə, yanlış və xurafatdır.   İnsan kamillik sevən bir varlıqdır. Onun beyninə hər hansı bir qanunun müqəddəs və ən kamil olduğu yalandan yeridilsə, o şüuraltı olaraq ona doğru hərəkət etməyə çalışacaqdır. Totalitar rejimlərin cəlbediciliyi də məhz öz qanunlarını yalandan ən müqəddəs və ən kamil göstərmələrindədir.   14) Hədəfə görə hər bir işi görmək olar: Hədəfə görə hər şey etmək lazımdır. Cinayət və günah hesab edilən işlər belə müqəddəs hədəf yolunda icazəli olur. Bu, XVI əsrdə yaşamış italiyan filosofu Makiavellinin yanaşmasıdır. Bəzən bu yanaşmanı sözlə deyil, əməl ilə nümayiş etdirirlər. Bu da şüuraltı olaraq dəstənin üzvlərinə təsir edir.   Bu kimi fikirlərin aşılanması insanın beynində möhkəm yer tutmasına səbəb olur. Nəticədə bu insan hədəfə çatmaq üçün atdığı addımları təhlil edə bilmir. Öz davranışlarına tənqidi yanaşmağı bacarmır. Hamının pis hesab etdiyi işi düzgün iş kimi görür. Ona görə ki, o, hesab edir ki, bu iş onu hədəfinə çatdıracaqdır. Heç kəs anlamır ki, nəyə görə o, belə bir aşkar məsələni anlamır. Zombi olmuş insan da anlamır ki, digərləri nəyə görə onu başa düşə bilmirlər.   Hədəfə görə hər bir işin icazəli olduğunu düşünən insanın ətrafındakı hadisələrə, işlərə baxışı tamam fərqli olur. O, hər şeyə hədəfinin gözü ilə baxır. Onun üçün zərərli və çirkin işlər və yaxşı işlər anlayışı yoxdur. Ona görə hədəfimə aparan işlər və aparmayan işlər bölgüsü vardır.   Bütün bu amillər insan psixologiyasına güclü formada təsir edə bilir. Ancaq vacib deyil ki, bu amillərin hamısı bir yerdə tətbiq olunmuş olsun. Bu amillərin içərisində də təsir gücünə görə bir-birindən fərqlənmə vardır.   [1] Robert Cey Lifton. ˝Beyinləri yumanın˝ texnologiyası. I başlıq: Beyin yumaq nə deməkdir. [2] Totalitar dəstələr –müəyyən ideologiya və prinsiplərə sözsüz itaətin hakim olduğu bir dəstədir. Belə dəstələrin başçıları onun üzvlərinin həyatının bütün sahələri üzərində tam nəzarətə malik olurlar. [3] Təbii ki, bu iman ağıl olmadığına görə kor-koranə iman olur. 
26.04.2016   10615   92
 
İQTİSADİ PROBLEMLƏR PSİXOLOJİ TƏSİRSİZ DEYİLDİR      Cəmiyyətdə baş verən hadisələrin insan psixologiyasına təsir etməməsi mümkün deyildir. Bu, insan psixologiyasının spesefik xüsusiyyətidir: ətrafında baş verən hər bir hadisədən təsirlənmək. İnsan psixologiyasını daha çox təsir altına alan hadisələr insanın özünün və ya ona çox yaxın olan insanların həyatı ilə daha çox əlaqədar olanlarıdır. Hadisənin insan həyatı üçün əhəmiyyəti artdıqca, psixoloji təsiri də artmaqdadır.      Bu cəhətdən baxdıqda iqtisadi problemlərin böyük mənfi təsiri daha çox məlum olur. Belə ki, insanın yaşayışında bir çox zəruri məsələlər məhz iqtisadi amillərdən asılıdır. Yaşaması, rifahı, istədiyi şeyləri əldə etməsi, yaxınlarının həyat şəraitinin təmini –bütün bunlar fərdin iqtisadi vəziyyəti ilə əlaqədardır. İqtisadi vəziyyətin pisləşməsi insan üçün mühüm olan amillərin zərər görməsi mənasını verir.      Həmçinin insan öz həyatını, gələcəyi ilə əlaqədar bütün planlarını stabillik və iqtisadi amillər üzərində qurmaqdadır. İqtisadi böhranlar, devalvasiya, inflyasiya kimi hallar isə insana qeyri-stabillikdən, güzəranın çətinləşəcəyindən xəbər verir. Ümid ilə baxdığı gələcəyinin müəmmalı olduğunu bildirir. Belə hallarda insan hesab edir ki, gələcəyə yönəlik bütün planları məhv oldu, həyatı nəzarətdən çıxdı. Nəticədə belə birində psixoloji gərginlik, özünə inamsızlıq kimi bir çox mənfi hallar baş qaldırır.      Əgər bir insan ailə başçısıdırsa və ya hər hansı bir müəssisənin, təşkilatın rəhbəridirsə, müəyyən insanların maddi təminatı məhz ondan aslıdırsa, bu kimi iqtisadi çətinliklər zamanı öz rəiyyətində olan insanların maddi təminatı barəsində dayanmadan düşünməyə başlayacaqdır. Beləliklə də bütün bu fikirlər bir müddətdən sonra obsessiv sarışan fikirlər formasını alacaq və həmin insandan əl çəkməyərək onun beynini məşğul etməyə, rahatlığını pozmağa başlayacaqdır.    İQTİSADİ PROBLEMLƏR İNSANLARDA HANSI PSİXOLOJİ HALLAR YARADIR      Ətraf mühitin təsirinə məruz qalmaq təbiidir. Ancaq bəziləri bu təsirdən daha böyük psixoloji sarsıntı keçirirlər. Nəticədə də qeyri-adekvat davranışlar etməyə başlayırlar. Məsələn, belələri normal qənaət etmək əvəzinə özünün və ailəsinin ən zəruri ehtiyaclarını belə (ödəməyə imkanları olduğu halda) ödəməməyə başlayırlar. Əgər siz ˝sabah daha pis olacağına görə bu gün daha az xərcləməliyəm˝ fikri ilə yaşamağa başlasanız, tez bir zamanda özünüzü böyük psixoji gərginliyə salacaqsınız. ˝Sabah daha pis olacaq˝ düşüncəsi insanın psixologiyasına çox sarsıdıcı zərbə vurur. Ona görə özünüzü psixoloji gərginliyə salmadan, özünüzə bədbinlik aşılamadan düzgün formada qənaət etməyə başlayın.      Bu sarsıntılar zamanı bəzilərində yuxusuzluq, iştahasızlıq, qan təzyiqinin artması, kəskin baş ağrıları kimi hallar da müşahidə oluna bilər. Belələri aqressiv və bütün günü fikirli olurlar. Bu mənfi auralarını onların yanında olan hamı (iş yoldaşları, ailə üzvləri, qohumları) hiss edir. Beləliklə bu mənfi təsir onlara da sirayət edir.      Bir çox hallarda isə insan özünün gərgin olmasının səbəbini dəqiq müəyyən edə bilmir. Özündə olan bu gərginliyin  səbəbini tamam başqa şeylərdə görür. Həqiqətdə isə mümkündür ki, buna səbəb məhz iqtisadi problemlərlə əlaqəli olan fikirlər olmuş olsun.      Psixoloji təcrübədə görsənmişdir ki, belə hallarda insanlar (məlum sarsıntını azaltmaq üçün) daha çox fikirlərini digərləri ilə bölüşmək yolunu seçirlər. Bunun üçün sosial şəbəkələrdən çox  geniş istifadə olunur. İnsanlar evdə, işdə, yaxınları və dostları ilə görüşdükləri zaman belə bu məsələləri onlarla geniş surətdə müzakirə etməyə çalışırlar. Bununla da iqtisadi problemlər və onların gələcək nəticələri bütün söhbətlərin əsas müzakirə mövzusuna çevrilir.      Bəzi insanlar isə böhranın gətirdiyi problemlərdən bir anlıq da olsa, yaxa qurtarmaq üçün içkiyə, narkotik maddələrə və siqaretə meyl edirlər. Bu cür süni ˝rahatlaşdırıcı vasitələr˝ isə əslində insanın mövcud vəziyyətini daha da qəlizləşdirir, onu daha böyük böhranlarla qarşı-qarşıya qoyur.   İQTİSADİ PROBLEMLƏR ZAMANI PSİXOLOJİ STABİLLİK ÜÇÜN NƏ ETMƏK LAZIMDIR      Hazırda dünyada bir çox psixoloji institutlar bu kimi mövzulara köklənərək məsələni müxtəlif cəhətlərdən araşdırmaqla məşğuldurlar. Bu günlər üçün ən aktual məsələ isə psixoloji gərgin insanların belə bir vəziyyətdən çıxış yollarını öyrənmələridir.          Mən ilk növbədə deyərdim ki, insanlar öz ruhi stabilliklərini qoruyub saxlamağa çalışsınlar. Çünki təşvişə düşmək, gərgin olmaq onların vəziyyətini daha da ağırlaşdıracaq, qarşılaşdıqları məsələlərdə düzgün, sağlam düşünmə imkanını onlardan alacaqdır. Bilmək lazımdır ki, insanın düşdüyü vəziyyət hər nə qədər çətin olsa da, hay-küylə, özümüzü gərginliyə salmaqla, təşvişlə mövcud problemləri həll etmək mümkün olmayacaqdır. Bu, vəziyyəti daha da qəlizləşdirəcəkdir. Həyat belə qurulub: ağ və qara zolaqların ardıcıllığından.         İkinci, əldə etdikləri informasiyalarda seçim etmək zəruridir. Çox yaxşı olardı ki, cəmiyyətdə baş verən hadisələrlə bağlı dəqiq məlumat əldə etmək üçün yalnız özünü təsdiqləmiş xəbər portallarını, informasiya agentliklərini və qəzetləri izləsinlər. Çünki günümüzdə (internetin yüksək inkişaf etdiyi bir dövrdə) xəbər portallarının sayı həddindən artıq çoxdur. Bəziləri reytinq xatirinə cəmiyyətin vəziyyətini olduğu kimi əks etdirməyən, şişirdilmiş xəbərlər yayırlar. Bu cür xəbərləri oxuduqda insanda elə təəssürat yaranır ki, əksər insanlar cinayətkardır, hamı bir-birini aldatmaq, qarət etmək istəyir, bütün dünya məhv olmaqdadır, ölkədə və bütün dünyada vəziyyət çox pisdir, vəziyyət gərgin və çıxılmazdır. Bu isə insanda bədbinlik, depressiya, ümidsizlik, fobiya kimi mənfi hallar yaradır. Nəticədə insan təşvişə düşür. Bütün günü bu gərginlik ondan əl çəkmir. Hətta başqa işlə məşğul olduqda belə şüuraltı olaraq məlum problemlərlə çəkişməkdədir.     Odur ki, özünü daha artıq gərginlikdən qorumaq istəyən insan hər yazılana və deyilənə diqqət etməsin və məsələlərə obyektiv yanaşan mənbələrə müraciət etsin.        Üçüncü, istər sosial şəbəkələrdə, istərsə də real həyatda ictimai yerlərdə bu mövzuda olan yersiz və ifrat müzakirələrə qətiyyən baş qoşmasınlar.  Bu, insana psixoloji baxımdan gərginlikdən başqa bir şey gətirmir. Məlumatlanma xarakteri daşıyan, vəziyyəti həll etmə yönündə olan müzakirə faydalı olduğu halda, ifrat və davamlı, yersiz müzakirələr insanı bu problemə kökləyir və onun mənfi təsiri altından çıxmasına imkan vermir. Diqqət etdikdə görürük ki, əslində bir çox gərgin müzakirələrin heç bir məntiqi faydası yoxdur. Bu müzakirələr psixoloji gərginliyi artırmaqdan başqa heç nəyə xidmət etmirlər. Həll olunması ixtiyarımızdan tamamilə xaric olan məsələlərin müzakirəsinin nə məntiqi faydası ola bilər ki?!        Dördüncü, işdən evə qayıdan kişi yaxud xanım işin və cəmiyyətin problemlərini özü ilə evə gətirməməlidir. Evdə uşaqlarının yanında da bu barədə çox danışmaq düzgün deyildir. Təbii ki, reallığı nəzərə alaraq müəyyən müzakirə etmək olar. Amma bu mövzuları böyük problem kimi uşaqların yanında qabartmaq evdəki hüzuru və sabitliyi pozacaqdır. Çünki uşaqların psixologiyaları daha zəif olduğundan onlar bu cür məsələlərdən daha çox təsirlənəcəklər.        Beşinci, insan anlamalıdır ki, heç bir çətinlik davamlı deyildir. Bunun üçün onun həyatının bir qədər əvvəllərinə, keçmişinə baxması lazımdır. Keçmişində nə qədər çətin anlar yaşanmışdır, hansı ki, hamısı da bir müddətdən sonra bitmişdir. Elə bu çətinliklər də həmçinin tezliklə bitəcəkdir. İnsan bir çətinliyin müvəqqəti olduğunu düşündükdə bu düşüncə, ona rahatlıq verir. Bununla da çətinlik qarşısında səbir etməsi üçün insanda güc yaranır. Ancaq vəziyyətin uzun bir müddət davam edəcəyini düşünmək insanın bütün gücünü tez bir zamanda bitirəcəkdir. İnsan psixologiyasını davamlı gərginlik və çıxılmaz vəziyyətdə saxlaması düzgün deyildir. Bir mərhələ vardır ki, ora psixologiyamızın müdafiə sərhədlərinin sonudur. Ona görə də psixologiyamıza başa salmaq lazımdır ki, hər çətinlikdən sonra bir asanlıq gəlir və hər bir çətin vəziyyətdən belə bir çox çıxış yolları vardır. Və bu deyilənlər quru sözlər deyildir, həqiqətdir. Yaşanılan çətinliyi o qədər böyütmək lazım deyildir ki, sanki dünyanın sonudur. Bütün bu bədbin düşüncələri kənara qoymaq və məsələlərə təşvişsiz yanaşmaq lazımdır.        Altıncı, hamının eyni problemi yaşadığını, hamının eyni bir vəziyyətdə qərar tapdığını düşünmək lazımdır. Bu, yalnız onun qapısını döymüş bir problem deyildir. İnsanın ümumi bir problemlə qarşılaşdığını düşünməyi onu müəyyən qədər rahat edəcəkdir. Çünki bununla o anlayacaqdır ki, problem ümumi olduğu üçün onun həlli də yalnız onun öhdəsində deyil, hamının üzərindədir.       Bir şeyi də unutmaq olmaz ki, təşviş vəziyyətində insan öz həyatı üzərində nəzarəti tam itirir. Bu zaman o, qarşılaşdığı problemin düzgün həllini fikirləşib tapa bilməyəcəkdir. Cəmiyyətdə olan hər bir insanın (istər adi vətəndaş olsun, istərsə də vəzifə sahibi) üzərində müəyyən öhdəliklər və məsuliyyətlər vardır. Onların öhdəsindən layiqincə gəlmək üçün isə insana ilk növbədə təşvişdən uzaq, sakit beyin lazımdır.        Yeddinci, öz ixtiyarınızda olmayan və artıq baş vermiş işlərə görə qətiyyən özünüzü qınamayın. Məsələn, insan özünü bəzi məsələlərə görə çox qınayır. Düşünür ki, ˝kaş bunu bir neçə gün qabaq etməyəydim˝, ˝kaş pulumu dollara çevirərdim”, “kaş hansısa işə pul xərcləməzdim˝, yaxud da ˝kaş devalvasiyadan qabaq filan şeyi alardım˝ və sairə. Bununla o, vəziyyəti dəyişmək üçün nəsə edə biləcəyini fikirləşir. Keçmiş artıq keçmişdir. Bu “ey kaşlar” sizi psixoloji gərginləşdirməkdən başqa heç bir işə yaramayacaqdır. Unutmayın ki, siz gələcəkdə baş verəcək işləri bilmirsiniz. Ona görə də bugünə uyğun olaraq hərəkət edirsiniz. Doğru olan da budur.        Səkkizinci, insanda stressi artıran bir başqa detal isə gələcəklə bağlı müəmmalardır. Bizim əksər narahatıqlarımız gələcəklə bağlıdır. Bizlər mütəmadi olaraq gələcəkdə bizi nə gözləməsi barədə düşünürük. Bir çox müəmmalı mənfi fikirlər də beynimizə məhz o zaman dolur. Amma xatırlayaq ki, gələcək hələ gəlməmişdir. Təcrübələrdən də məlumdur ki, insanların gələcəklə bağlı narahat olduğu bir çox məsələlər çox keçmədən, (öz zamanında) asanlıqla öz həllini tapmışdır. Amma əfsus ki, həmin məsələnin insanda yaratdığı və yaşatdığı stress isə hələ uzun müddət davam edir. Biz indinin övladlarıyıq. Hələ ki, olmayan və bizdən zaman etibarilə uzaqda dayanan gələcək məsələlərin narahatçılığı ilə özümüzü yükləməməliyik. Bir sözlə gələcəyə mənfiliklə dolu müəmma kimi baxmaq əlavə psixoloji gərginlikdən başqa bir şey deyildir.        Doqquzuncu, hər bir insanın üzərində müəyyən vəzifələr vardır. Bəzilər ailə başçısıdır, bəziləri bir ana olaraq övladlarının tərbiyəsi ilə məşğul olurlar. Bəziləri bir qrup insanlara müdirlik edir, bəzilərinin də öz yaxınları, dostları qarşısında onlara düzgün məsləhət vermək məsuliyyəti vardır. Hər hansı bir çətin şəraitdə özümüzü itirməmişdən, təşvişə düşməmişdən əvvəl məsuliyyəti üzərimizdə olub bizə dəyərli olan insanlara nəzər salaq. Bizlər öz ruhi sabitliyimizi pozmaqla, narahat,  təşvişli halımızla əslində onları da məyus edirik. Bununla onlara da çox mənfi təsir qoymuş oluruq. Bir halda ki, bizim vəzifəmiz onlara düzgün istiqamət vermək, onlara mənəvi dayaq olmaqdır. Bəzən bizlər unuduruq ki, onların mənəvi vəziyyəti bizlərin özümüzü necə aparmağımızdan çox asılıdır. Əgər bizlər bunları fikirləşsək daha düşünülmüş addımlar atıb, doğru qərarlar verməklə onlara da mövcud vəziyyətdən düzgün çıxış yolunu göstərmiş olacağıq.        Onuncu, bir detalı da qeyd edək. Belə bir məqamda mənəvi bağlantı, İlahi rabitəni də unutmaq olmaz. Bu, həqiqətən də insanlara hər bir çətinlikdə sakitlik gətirəcək bir amildir. Bu amil insanlardakı gərginliyi azaldacaqdır. Belə ki, bizlər bir müsəlman olaraq Allaha etimad kimi inanclarımızı da unutmamalıyıq. İnanclarımıza görə insanları yaradan Allah, eyni zamanda da onların ruzilərini təmin etməyi də öz öhdəsinə götürmüşdür. Buna görə də bu dünyada yaşadığımız müddətdə daim ruzimiz təmin olunacaqdır. Üzümüzə bir qapı bağlanan zaman, mütləq olaraq digər qapı açılacaqdır. Biz insanların pis xüsusiyyəti isə odur ki, biz yalnız bağlı qapını görür, yalnız pis halları xatırlayırıq.  
08.01.2016   8594   145