NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
“İçi boş adamın dolu əsər yazmağını gözləmək dölsüz inəkdən süd sağmağa bənzəyir” - MÜSAHİBƏ

Rövşən Abdullaoğlu


Yazıçı
Bütün yazıları

 
“İçi boş adamın dolu əsər yazmağını gözləmək dölsüz inəkdən süd sağmağa bənzəyir” - MÜSAHİBƏ
01.04.2017   684
26

2016-cı ildə “Əli və Nino” kitab mağazaları şəbəkəsində il ərzində ən çox satılan əsər psixoloq Rövşən Abdullaoğlunun “Bu şəhərdə kimsə yoxdur” psixoloji romanı oldu. Bununla da müəllif “Əli və Nino”da xarici müəlliflərin hegemonluğuna son qoydu.

Psixoloqun digər kitabları da oxucular tərəfindən bəyənilən və get-gedə bestsellerə çevrilən əsərlərdir.

Rövşən Abdullaoğlu Modern.az saytına müsahibəsində həm son uğurundan, həm də oxucuların marağını qazanmaq yollarından danışıb:


-“Bu şəhərdə kimsə yoxdur" psixoloji romanının bu qədər çox sevilməsinin və satılmasının səbəb nə oldu?

 

-˝Bu şəhərdə kimsə yoxdur˝ romanı real həyatı əks etdirir, orada psixoloji rənglər çoxdur, əsərin qəhrəmanlarının psixologiyası, daxili aləmi kitaba köçürülüb. Bu əsərlə bağlı mənə yüzlərlə oxucu rəyi gəlib. Romanın üstünlüyü kimi əsərin gözləmədikləri çox qeyri-adi süjet xəttinə malik olmasını, insana fərqli hislər yaşatmasını, fəlsəfə ilə dolu olmasını, həyatı olduğu kimi əks etdirməsini göstərirlər. Bütün oxucular da eyni sözü deyirlər: ˝Kitabın bitməsini istəmədiklərini, hadisələrin gözləmədikləri formada cərəyan etdiyini˝. Mən fəlsəfə və psixologiyada olan bir çox elementləri əsərdə bədii dil ilə ifadə etmişəm.

Kitabda eyni həyat hadisələri müxtəlif personajların gözü ilə təsvir edilib. Hər biri həyatı fərqli boyada görməkdədir. Hər biri bu hadisələrdən fərqli formada təsirlənməkdədir. Bir çox oxucu deyir ki, əgər bu əsəri parçalasaq, ən azı üç kitab üçün möhtəşəm mövzu çıxar. Həqiqətən də, ˝Bu şəhərdə kimsə yoxdur˝ əsəri kitab içində kitab, həyat içində həyatdır. Hər bir oxucu yaşından asılı olmayaraq, orada öz həyatını hansısa personajın həyatında əks olunduğunu görəcəkdir. Ona görə, hər bir oxucu deyir ki, kitabı oxuyanda elə bilirdim, əsər məndən yazılıb.

 

-Motivasiya ustalarının əsərlərində bədiilikdən istifadə etmələrinin nə kimi effektiv cəhətləri var?

 

-Motivasiya, fərdi inkişaf üzrə ixtisaslaşmaq əsərin daha canlı, daha emosional alınmasına səbəb olur. Bəzən, bir yazıçı əsərində sadəcə, bədiilikdən istifadə edir, əsərinin zahirini gözəl sözlərlə bəzəyir, möhtəvası isə çox solğun və boş olur, personajların psixoloji portreti yanlış verilir. Psixoloji bilikləri olan biri isə bədiilikdən istifadə edərək əsərini hərtərəfli zəngin edə bilər. Belə birisinin əsəri qəlbə nüfuz edəcək, insanın içini alt-üst edəcək. Dünya ədəbiyyatında ən uğur qazanmış yazıçılar insan ruhunun biliciləri olub.

Motivasiya ustasının yazdığı əsər insanlara həyat strategiyasını, etdikləri yanlışlıqlarını daha yaxşı göstərəcəkdir. Motivasiya ustasının kitabı bədii əsər olmaqla bərabər fərdi inkişaf və insanı uğura, özünü müsbətə dəyişməyə stimul verən bir əsər olacaq.

Möhtəvasız ədəbiyyat sadəcə, söz oyunundan başqa bir şey deyil. Yazıçı insanşünas olmasa, ədəbiyyatşünas olmasının heç bir faydası yoxdur. Əsəri uğursuz olacaq. İnsanlar sadəcə, qrammatika, lüğətlə bəzədilən sözyığını olan əsərləri oxumaq istəmirlər. Günümüzdə bir çox yazıçılar kitablarının uğursuz olmasından, satılmamasından gileylənirlər. Bilmək lazımdır ki, həyatda uğursuz olan birinin yazdığı əsər də uğursuz olacaq. İçi boş birindən dolu  əsər yazmağını gözləmək dölsüz inəkdən süd sağmağa bənzəyir. 
Lev Tolstoy ˝Etiraflar˝ əsərində bu cür yazıçıları gözəl vəsf edib. Ona görə də ilk növbədə özümüzdə olan qüsurları aradan aparmalı, öz elmi-mənəvi, intellektual səviyyəmizi yüksəltməliyik. Ondan sonra uğurlu əsər də yazmaq mümkün olacaq.

-O biri əsərləriniz - "Arxadakı körpüləri yandırın", "Üsyan", “Hər bir insan hökmdardır"-elmi-kütləvi üslubda yazılıb. Son romanınızın uğurundan sonra bundan sonrakı bütün əsərlərinizdə bədiilikdən yararlanacaqsınız?

 

-Yazdığım bütün əsərlər ən azı bir neçə dəfə tirajlanılıb. Ona görə bütün əsərlərimi uğurlu hesab edirəm. Sadəcə olaraq, ˝Bu şəhərdə kimsə yoxdur˝ romanı satış və tanınma cəhətindən digərlərini üstələdi. Bu da ümumi kütlənin romana olan marağı ilə əlaqəlidir. Roman öz yazı üslubuna görə böyük kütlənin dilinə uyğundur, tez anlayırlar, asan həzm edirlər. Elmi-akademik əsərlər isə hər nə qədər ümumiləşdirilsə də yenə də öz ağırlığında qalır. Buna görə, növbəti əsərlərimdə bədiilikdən yararlanmağı düşünürəm. Təbii ki, elmi kitablar da nəzərimdə var. Ümumiyyətlə, işlədiyim  elmi kitablarda da çalışıram ki, bədiilikdən istifadə edim. Bu, əsərin elmi-fəlsəfi yükünü yüngülləşdirir.

 
-Bir az da bu il işıq üzü görəcək "Relslər üzərində uzanmış adam" psixoloji-romanınızdan danışaq...

 

-Əsər relslər üzərində intihar üçün uzanmış iki qəhrəmandan danışır. Əsərin əsas süjetini onların relslər üzərindəki dialoqu təşkil edir. Bu iki qəhrəman kimdir? Bir-birlərilə nə rabitəsi var, müştərək cəhətləri nədir? Onları bu relslərə gətirən səbəb nədir? Onlar görən qurtula biləcəklərmi, yoxsa intihar edəcəklər? Bunları oxucu əsəri oxuduqdan sonra biləcək. Ancaq onu deyim ki, əsərin sonu çox qeyri-adidir. Bunu oxucu ehtimal verə bilməz. Anam bir gün növbəti romanım barədə soruşdu və istədi ki, bu romanımın psixoloji gərginliyi az olsun. Əsərin adını eşidən zaman dedi ki, “bala onlar bu relslərə öz şirin həyatlarından gəlməyiblər, onları bura gətirən böyük səbəblər var. Deməli, bu romanın da gərgin psixolojidir”.

Bu roman ilkin dəyərləndirilmədə redaktorlar tərəfindən çox yüksək qiymətləndirilib. Hətta orijinallıq, hadisələrin dinamikliyi, psixoloji məqamları baxımından ˝Bu şəhərdə kimsə yoxdu˝ romanından da yüksək olduğunu deyirlər. Bu əsərdə tarix, döyüş, sevgi, xəyanət, ədalət, qisas, həyatın amansızlığı, həyat fəlsəfəsi var. Əsər həddindən çox müxtəlif məlumatlarla zəngindir. Kitab birnəfəsə oxunulur. Hadisələrin sonunun necə bitəcəyini ehtimal belə vermək mümkün deyil. Mən bunun süjet xəttini amerikalı bir rejissora danışmışdım. Əsərin qeyri-adiliyi çox təsir etmişdi. Dedi ki, dünya səviyyəsində bu cür orijinal süjetlər çox maraq doğurur və filmi də müdhiş alınır.

 

-Kitablarınızda nə kimi redaktə xətalarını sizə deyiblər?

 

-Əsasən, hərf xətaları barədə yazıblar. Bu da texniki səhvdir və bir neçə yerdə olub. Bunu nəşriyyat növbəti nəşrlərdə düzəldib, təbii ki... 


Modern.az

 
 
 
 
Şərhlər
 
Digər yazıları (21)
Bütün yazıları
Milli.Az İlkin İzzətin tanınmış yazıçı-filosof Rövşən Abdullaoğlu ilə müsahibəsini təqdim edir:     - Əgər Allah yoxdursa, hər bir cinayət icazəli olurmu? - Allaha möhkəm inam, düzgün ideologiya insanı tamamilə dəyişmək qüdrətinə malikdir. Beləsinin daxilində onun davranışlarına nəzarət edən bir qüvvə formalaşır. Bu qüvvə onu həmişə pis işlərdən çəkindirəcəkdir. Beləsi üçün cəza sisteminə də ehtiyac yoxdur. "Əgər Allah yoxdursa, hər şey icazəlidir" məşhur ifadəsi də bu məqama işarə edir.   Bir çoxları, hətta Jan Pol Sartr da bu ifadənin məhz Dostoyevskiyə məxsus olduğunu deyirlər. Fyodor Dostoyevskinin "Karamazov qardaşları" romanında belə ifadə vardır: "İnsanda özünün ölümsüzlüyünə olan inamı məhv edin, o andaca onda nəinki məhəbbət, hətta dünya həyatını davam etdirməsi üçün lazım olan hər bir canlı qüvvə də tükənəcəkdir. Bundan başqa, o zaman heç bir iş əxlaqsızlıq hesab edilməyəcək, hər şey icazəli olacaqdır, hətta antropofaqiya (adamyemək) belə".   Platon bu səbəbdən ateizmi cəmiyyət və dövlət üçün böyük bir təhlükə bilirdi. Onun fikrinə görə Allaha və ya "allahlara" inanmayan insanı cani kimi ən sərt cəzalarla, ölüm və ya zindanla cəzalandırmaq lazım idi. Platon deyirdi ki, Allaha inanan şəxs, əgər həqiqi inamı varsa, heç bir zaman qəsdən çirkin iş görməyəcəkdir.   Orta əsrlərdə nəinki inanclılar, hətta ziyalılar, filosoflar belə ateizm əleyhinə çıxırdı. Məsələn, Leybnis, Frensis Bekon, Con Lokk və başqaları. Ümumiyyətlə bir çox, hətta inkişaf etmiş ölkələrdə belə ateistlərə qarşı hüquqi və sosial diskriminasiyanı görmək olar. Aparılmış araşdırmalara görə, bəzi ölkələrdə bəzi xidmət sahələrində ateistlərə daha az etimad edirlər. Belə ki, əksəriyyətin zehnində ateizm cinayət, əxlaqsızlıq, dünyapərəstlik kimi mənfi hallarla assosiasiya olunur. - Həqiqətənmi bütün ateistlər əxlaqdan uzaqdırlar? - Xeyr! Təbii ki, yox. İnsanı əxlaqi dəyərlərə sövq edən amillərdən biri və ən güclüsü həqiqi inamdır. Həmçinin, vicdan, ictimai qınaq, məsuliyyət, ölkəsinə bağlılıq hissi kimi amillər də vardır. Mümkündür ki, şəxs Allaha inanmır, ancaq digər amillərin təsirilə hərəkət edir.   Platon özünün "Qanunlar" əsərində ateistləri əxlaqi xüsusiyyətlərinə görə iki hissəyə bölür. Birincisi, pis davranışlardan çəkinən ateistlər, ikincisi, Allahı danmaqla yanaşı öz nəfsinin çirkin istəklərinin qarşısını almayanlar. Platon deyirdi ki, ikincilər mümkündür ki, güclü yaddaşa və hansısa elmləri qavrama xüsusiyyətinə malik olsun, ancaq bununla belə onlar şərdirlər. Platona görə tiranlar, demaqoqlar, qəddar hərbçilər məhz ikinci qism ateistlərin arasından çıxır.   - Məgər dinlərin iddialarına görə insanlar üçün əxlaqi dəyərləri, davranış qaydalarını yalnız dinlər təyin etmirmi? İnsan din olmadan bir şeyin pis və ya yaxşı olduğunu anlaya bilərmi?   - Hamının qəbul edəcəyi ümumbəşəri əxlaqi və ya hüquqi qanun üçün nə dinə ehtiyac var, nə də hansısa fəlsəfə və ateist məktəbinə. Yalanın pisliyini, oğurluğun çirkinliyini, xəyanətin, günahsız insanın qətlinin, zülmün pis olmasını hamı yekdilliklə qəbul edir. Hamı təvazökarlığı, mərdliyi, humanizmi gözəl hesab edir. Müqəddəs kitablar bu əxlaqi, hüquqi dəyərlər barədə danışmasaydı belə, bunu anlamaq üçün sadəcə sağlam insan ağlı da yetərli idi. - Maraqlıdır, əgər insanlar bu qədər mövzularda müştərək düşünürlərsə, bəs bu qədər ixtilaf, zülmlər hardan qaynaqlanır?   - Problem onda deyil ki, biri zülmü yaxşı bilir, digəri pis, biri rüşvətxorluğu, korrupsiyanı yaxşı bilir, digəri yox. Problem bildiklərimizə əməl etməməkdədir. Əfsuslar olsun ki, insanlar əməldə düz bildiklərini şəxsi mənfəətlərinə, istəklərinə qurban verirlər. Biz məhz bu düyün nöqtəsinin üzərində işləməliyik. - Bəs, onda cəmiyyət üçün təhlükəli olan nədir?   - Əslində cəmiyyət üçün təhlükəli olan məhz nəfsinə uymuş insandır. Bu insanın hansı inanca məxsus olması, ateist, yaxud teist olması elə də önəmli deyildir. İnsan səhv yolu daha məntiqli və dəlillərini daha əsaslı hesab etdiyinə görə seçmir. O, həmin yolla sadəcə öz istəklərilə daha uyğun gəldiyinə görə gedir. Həzrət Əlinin (ə.s.) məşhur bir kəlamı var: "Sizin üçün iki şeydən çox qorxuram. Onlardan biri nəfsani istəklərə uymaqdır. Belə ki, nəfsani istəklərə uymaq sizi düzgün yoldan uzaqlaşdırar, həqiqət ardınca getməyinizə mane olar". Bu insan yanlış yolu emosional olaraq seçdikdən sonra öz seçiminə bəraət qazandırmaq üçün "elmi arqumentlər" və məntiqi mülahizələr də uydurmağa başlayır. - İnam və inamsızlığı müqayisə etdikdə ideologiya öz gücünü hansı məqamda göstərir?   - İnam və dini ideologiya məhz əməl məqamında çox effektlidir. O, insanı düzgün bildiklərinə əməl etməyə sövq edən çox böyük qüvvədir. Ateizm, deizm, aqnostisizm məhz bu məqamda gücsüzdür. Statistikaya görə, Çində ildə 5000 insan 50-ə yaxın maddə əsasında günahkar bilinərək öldürülür. Bu ölkədə ölüm hökmünün olmasına baxmayaraq, korrupsiyanın, cinayətin qarşısını hələ də almaq mümkün olmayıb. Dünyada törədilən cinayətlərin, qətlərin 80-90 %-i inancı olmayan, yaxud da çox zəif olan insanlar tərəfindən törədilir. Halbuki, bu insanlar düzgün ideologiya və möhkəm inama sahib olsaydılar, cinayətə heç bir bəhanə ilə qol qoymazdılar. - Bir az əvvəl Platondan sitat gətirdiniz. Platonun dediyi kimi, ideoloji diskriminasiya həqiqətən lazımdırmı?   - Heç kəs mənim kimi düşünmək məcburiyyətində deyil, mən də başqa biri kimi düşünməyə məcbur deyiləm. İdeoloji mövqeyinə görə kimisə təhqir etmək, inanclıları, ateistləri və ya qeyrilərini təzyiqə məruz qoymaq yanlışdır. Ancaq fikir mübadiləsi etmək olar.   Ateist, yaxud da inanclı olmasından asılı olmayaraq, hansısa ideoloji məktəbin nümayəndəsini gələcəkdə cinayət edə bilmə ehtimalı ilə indidən cəzalandırmaq, təhqirə məruz qoymaq səhvdir. Bəzən olur ki, hansısa qrup barəsində onun bir neçə nümayəndəsinin mənfi hərəkəti əsasında ümumi stereotip formalaşdırırlar, daha sonra isə qurunun oduna yaşı da yandırırlar. - Allaha inanan, mömin olan hər kəsi vicdanlı və əxlaqlı hesab etmək olarmı?   - Xeyr! - Bəs bir insanda həm imanın, həm də əxlaqsızlığın cəmləşməsi paradoks deyilmi?   - Yox, deyil. Siz dedikləriniz kamil imanla cəmləşə bilməz, ancaq bəzilərindəki naqis imanla hər şey birləşə bilər. Quranda Yusif surəsinin 102-ci ayəsində deyilir: "Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha iman etmişlər". Əgər bir qəlbdə imanla şirk cəm ola bilirsə, onda hər şey naqis imanla cəm ola bilər. İnsan çirkin işlərdən imanı kamilləşdiyi həddə uzaqlaşır. Platon da "Qanunlar" əsərində Allaha inanan insanın pis iş tuta bilməsinin mümkünlüyünü deyir, lakin belə bir şəxs Allahın insanların həyatına təsir qoya bildiyini tamlığı ilə qəbul etməyib. Platona görə, Allahı layiqincə tanıyan çirkin iş tuta bilməz. - Sizcə Allaha inamın psixoloji effekti necə, varmı?   - Uilyam Ceyms, Viktor Emil Frankl, Karl Qustav Yunq, Deyl Karnegi kimi tanınmış psixoloqlar, Dostoyevski, Tolstoy, Kant kimi şəxsiyyətlər inamın psixoloji zəruriliyini, bunun insanın əxlaqi davranışlarına təsirini artıq vurğulayıblar. Lakin Tanrıya inamın faydası sadəcə psixoloji cəhətlərlə məhdudlaşmır.   - Rövşən müəllim, əgər Allah olmasaydı, onu uydurardınızmı?   - Xeyr, qətiyyən! Allaha  inamın praktik, əxlaqi, fərdi və ictimai faydalarının olmasına rəğmən, belə bir məsələdə yalandan istifadə etməyi qətiyyən düzgün bilmirəm. Çünki inam heç zaman yalan üzərində çox dayana bilməz. İnam yalnız və yalnız elmi yəqinlik üzərində qurulmalıdır. Elmi yəqinlik olmadıqda heç bir inamdan söhbət gedə bilməz. - Hansı ideologiyanı və ya dini terrorizmə daha yaxın görürsünüz?   - Terrorizmin dini, milləti olmaz. Ona görə də belə bir yanaşmanı səhv hesab edirəm.   Bəzən deyirlər ki, İslam və ümumiyyətlə inanclı olmaq cəmiyyət üçün təhlükədir, ateistdə isə bu ictimai təhlükə yoxdur, çünki inancsız biri daha çox humanist olur, cəmiyyətini daha çox düşünür. Bu düşüncə ilə də razılaşmıram. Ən azından ona görə ki, mən sizə cəmiyyəti məhv etmiş çoxlu ateist, dinsiz şəxsləri misal çəkə bilərəm. Elə götürək Sovet İttifaqını. Stalin ateizmin qatı tərəfdarlarından və ən güclü təbliğatçılarından idi. Qeyd edilən iddiaya görə, o, dünyanın ən humanist insanı olmalı idi. Rus tarixçisi, Nobel mükafatçısı Aleksandr İsayeviç Soljenitsının "Qulaq arxipelaqı" əsərində yazdıqlarına görə, 1917-1959-cu illərdə Sovetlər birliyində rejim tərəfindən aclıqdan, həbs düşərgələrində, sürgünlərdə, terrordan 66 milyondan çox insan öldürülüb.   Stalinin məqsədyönlü daxili siyasəti nəticəsində SSRİ-də, əsasən də Ukraynada, Belarusiyada, Cənubi Uralda, Şimali Qafqazda, Qazaxıstanda bir neçə dəfə böyük aclıq yaranmışdı. Təkcə 1932-1933-cü illərdə baş vermiş kütləvi aclıq nəticəsində SSRİ-də 7-8 milyon insan aclıqdan ölüb. Ukraynada 1932-33-cü illər aclığı ukraynalılarının məqsədyönlü soyqırımı kimi qəbul edilir.    Gəlin 18-ci əsrdə baş vermiş Böyük Fransız inqilabını götürək. Bu inqilab zamanı ateistlər və deistlər köhnə ictimai quruluşla mübarizə adı altında keşişləri, inanclı kütlələri və zadəganları kütləvi şəkildə qırdılar. Bu inqilab zamanı bəziləri ən azı 600 000 insanın öldürüldüyünü deyir. Fransız tarixçiləri isə qeyd edirlər ki, bu inqilabın qurbanlarının həqiqi sayını biz heç bir zaman öyrənə bilməyəcəyik. Minlərlə keşişin, rahiblərin gilyotinada başları kəsilib. Fransız inqilabı ilə bağlı belə bir anlayış var - böyük terror dövrü. Yəni inqilabçıların fikirlərini qəbul etməyən şəxslərin kütləvi surətdə qətli. Yakobinlərin ölkə daxilində həyata keçirdikləri radikal fəaliyyətləri, kütləvi terrorları.   1931-39-cu illərdə II İspaniya respublikası dövründə respublikaçılar hakimiyyətə gəldikləri zaman inanclı insanlara qarşı kütləvi qətllər törətməyə başladılar. Bu dövrlərdə 50-ə yaxın kilsə yandırıldı, 7 000 -ə yaxın keşiş və rahib qətlə yetirildi. Ateist respublikaçıların vəhşilikləri adi inanclılara qarşı da yönəlmişdi. Belə ki, bunlar on minlərlə insanı sadəcə hansısa müqəddəs atribut daşıdıqlarına görə öldürmüşdülər. Bu qətllər xüsusi amansızlıqla törədilirdi. Onların qulaqları kəsilir, xaçları udmağa məcbur edilir, tonqalda yüzlərlə keşiş və rahibələr yandırılır, rahibələrə cinsi təcavüz edilır, inanclıları çarmışa çəkirdilər. Onların hakimiyyəti məhkəməsiz qətllər, müxaliflərə qarşı xüsusi amansızlığı ilə yadda qalıb. Bunlar üçün insanın inanclı, yaxud keşiş, dinlə hər hansı bir əlasinin olması məhkəməsiz edam edilməsi üçün kifayət idi. Qırmızı terror adı ilə tanınan bu hadisələrdə yalnız inanclılara deyil, siyasətçilərə, zadəganlara, böyük mülkləri olan şəxslərə, sənayeçilərə belə hücumlar olunurdu. Bunun nəticəsində çox ziyalılar ölkəni tərk etmək məcburiyyətində qaldılar.   Yaxud da gəlin Çində dinsiz Mao Tsedunun hakimiyyət illərini götürək. O, "böyük sıçrayış" və "mədəni inqilab" adı altında iki geniş miqyaslı islahatlar həyata keçirirdi. Bunu əslində xalqın üzərində aparılmış təcrübə, xalqın soyqırımı kimi qəbul etmək daha düzgün olardı. Nəticədə kütləvi aclıq, ziyalı təbəqənin terroru, repressiyalar başladı. Bu "islahat" on milyona yaxın günahsız insanın ölümü ilə nəticələndi. "Mədəni inqilab" adı ilə 53 000 alim, 3000-ə yaxın yazıçı, incəsənət xadimi, 142 000 müəllim və çoxlu sayda müxtəlif məsul vəzifələr tutmuş insanlar qətlə yetirildi. Ay ərzində fərqli məntəqələrdə yüz min insan qətlə yetirilirdi. Mao ona qarşı etiraz etmə ehtimalı olan partiyalardan 5 milyon insanı öldürdü, yerinə özünə müti insanları gətizdirdi. Əksər mənbələr Maonun hakimiyyətindən zərərçəkmişlərin 100 milyon nəfər olduğunu deyir. İnanmaq çox çətindir, ancaq Maonun hakimiyyəti illərində inqilab düşmənlərinin bədən üzvlərini yemək partiyaya, Maoya olan sevgi və fədakarlıq hesab olunurdu. Bir çoxları bu yolla öz sədaqətlərini göstərir və vəzifə pilləsində irəli gedirdilər.   Siyahı bununla bitmir. Kambocada Pol Potun rejimini misal çəkək. Pol Pot da nə Allaha inanır, nə də dinləri qəbul edirdi. Onun üzərində iki milyona yaxın əhalinin qanı vardır. Pol Pot müasirliyə, ziyalılığa, elmə düşmən idi, çünki onlara burjuaziya dəyərlərinin qalığı, rejimin düşməni kimi baxırdı. Ona görə də ziyalıları, həkimləri, müəllimləri, alimləri kütləvi surətdə qətlə yetirirdi. Hakim rejim kitabxanaları dağıdır, hər növ incəsənətə qarşı çıxır, müsiqini, oynamağı, bayramları qadağan edirdi. Pol Pot bütöv bir xalqın bütün mədəniyyətini, düşünən beyinlərini, elmi-mədəni irsini məhv etdi. O, kəndli həyatına üstünlük verdiyindən bütün ölkəni aqrar sosializmə çevirmək haqda qanunlar qəbul edirdi. Şəhər camaatını belə zorla kənd təsərrüfatı ilə məşğul olmağa məcbur edirdilər.   Elə bilməyin ki, Pol Pot savadsız, təhsilsiz biri idi. Xeyr, o, Paris Universitetini bitirmiş ali təhsilli şəxs idi. Pol Potun əsgərlərini uşaqlıqdan yetişdirir, onlara insan qanı içizdirirdilər. Bununla onları amansız etmək istəyirdilər.   Görəsən, bu insanlar dini inanclı olmadıqları halda niyə bu qədər qəddar işlər göürdülər? Onlarda insanlara qarşı bu qədər nifrət hardan idi? Bu insanlar dinə zidd, onu qəbul etməyən şəxslər olublar, ancaq ateist olmaları onları humanist etməyib. Deməli, humanizm insanın ateist olması ilə əlaqəli deyildir. Əksinə, insan Tanrıya inamını itirdikdə ən təhlükəli canlıya çevrilir. Tarix və müşahidələr də bunu isbat edir.   Adətən buddizmi daha humanist din hesab edirlər, çünki buddizmdə insanı öldürmək böyük günahdır, onun qanunları insansevərliyə daha çox köklənib. Məgər İslamda, yaxud da digər səmavi dinlərdə insan öldürmək günah deyil?! İnsan qətli nəinki buddizmdə, bütün dinlərdə ən böyük günah hesab edilir. Bütün dinlər zülmü pis bilir. İslamın bütün qanunları haqq və hüquq məsələsinə həssaslıqla yanaşır.   Buddistdən terrorçu çıxmaz kimi düşünənlər yəqin ki, yer planetinə yeni gəlmişlər. Belələri "buddist terroru" adı ilə ən azı internetdə, xəbər portallarında bir axtarış etsinlər.  Mümkündür ki, buddizmi ənənəvi olaraq ən humanist din, davamçılarını da ən sülhməramlı kimi bilsinlər. Əgər buddizm insanı ən humanist şəxsiyyətə çevirirdisə, o zaman buddizmin geniş surətdə yayılmış olduğu ölkələr dünyanın ən az cinayətlər törədiliən, ən az müharibə edən ölkələri olmalı idi. Bu ölkələr Çin, Butan, Yaponiya, Hindistan, Kamboca, Koreya, Laos, Monqolustan, Myanma, Nepal, Tailand, Şir-Lanka və sairədir. Bu ölkələrin bəzilərinin əhalisinin mütləq əksəriyyəti, yəni 80-95 %-i buddistdir, bəzilərində isə onlar əksəriyyət təşkil edir. Amma bu ölkələrin tarixinə nəzər salsaq, necə dəhşətli və amansız müharibələrə imza atdıqlarının şahidi olarıq. Cinayət və adam qətllərinin sayına görə də bu ölkələr öndə gedirlər. Burada ən çirkin və amansız qətllər məhz buddist inanclıların əli ilə törədilib. Bəs, görəsən onların humanist buddizmi niyə bütün bu cinayətlərin qarşısını almadı?   Bunlar bir kənara qalsın. Gəlin bir qədər də buddist rahiblərin etdiklərindən danışaq. Aşin Viratu buddistlərin lideri idi. O, 14 yaşından bəri buddist rahibidir. Məhz o, səbəb olmuşdur ki, buddist rahibləri Myanmada müsəlman kəndlərinə hücum edib onları qətlə yetirsinlər, evlərini yandırsınlar. Onun göstərişi ilə buddistlər məscidlərə hücum edir, müsəlmanların alış-veriş mərkəzlərini dağıdırdılar. Dünya mətbuatı Viratunu "buddist terrorunun siması", "Birmanın Hitleri", "Buddist Bin Ladeni" kimi ləqəblərlə adlandırır. Onun yaratdığı "969" radikal təşkilatının hədəfi ölkədən bütün müsəlmanlarını yer üzündən silmək idi. O və onun tələbələri bütün ölkədə kin, nifrət və qəzəb yayan çıxışlar edirdilər.   Həmçinin Şri Lankada da "Bodu Bala Sena" (Buddist gücü) adlı başqa bir buddist terror təşkilatı var. Onlar da ölkədə həm müsəlman, həm də xristianlara qarşı qətllər törədir, onların ticarət mərkəzlərini, ibadət yerlərini dağıdırlar. Bu təşkilatın ən azı on minlərlə üzvü vardır ki, onların da bir qismi məhz rahiblərdir.   Bu sıralamaya Yaponiyada fəaliyyət göstərən "Aum Sinrikyo" buddist terrorist təşkilatını da aid etmək olar. Bu təşkilat Tokioda metronun partladılmasından tutmuş bir sıra qətllərə səbəb olub. Bu, dünyada ilk terrorist təşkilatıdır ki, adi, mülki vətəndaşlara qarşı kimyəvi silahdan istifadə edib.   Burada həmçinin, Hindistan və Koreyadakı buddist terrorlarından da danışmaq olar. Hindistan racalarının buddizmi insanlara qəbul etdirmək üçün törətdikləri qətlləri də yada salmaqda fayda vardır. Eramızdan 3 əsr əvvəl padşah Aşoka buddizmi Hindistanın rəsmi dövlət dini etməyə cəhd etdi. Aşoka buddist hökmlərinə tabe olmayanları öldürür, başqa inanclılara qarşı amansızlıq göstərirdi. Oxşar addımı bir çox buddist racaların fəaliyyətlərində də müşahidə edirik. - Nəticədə ən təhlükəli insan kimi hesab edə bilərik?   - Ən təhlükəli insan nə Tanrısı, nə də vicdanı olandır. Belə birisi ateist, deist, müsəlman, xristian, buddist kimi fərqli simalarda peyda ola bilər. Oksford professoru Alister Makqrat bir məqaləsində yazır ki, "zamanla ateizmdə istənilən dindəki qədər fırıldaqçı, psixopat və vəzifəpərəstlər əmələ gəldi". Fırıldaqçı üçün hansı ad altında fəaliyyət göstərməsi mühüm deyildir. Beləsi hansısa dünyagörüşünü ona səmimiyyətlə inandığına görə deyil, sadəcə hansısa şəxsi maraqlarına, yaxud da psixoloji durumuna uyğun gəldiyi üçün seçir. - Sizcə cəzaları sərtləşdirməklə cinayətin kökünü kəsmək mümkündürmü? - Mən deyərdim ki, bu qismən effektlidir. Nəfsinin çirkin istəklərini həyata keçirmək istəyən şəxs qanunun əli çatmayan yer tapdığı ilk anda həmin işi icra edəcəkdir. Vay o gündən ki, həmin şəxsin özü qanun başına keçə. Bu zaman onun sui-istifadələrinin qarşısını daha heç kəs ala bilməyəcəkdir. Biz cinayətin mənbəyini qurutmalıyıq. Yəni, insanların düşüncələrində, qəlblərində inqilab etməliyik. Hər bir insan bütün varlığı ilə cinayətin bütün növlərinə nifrət etməlidir. Bu zaman qanunun əli çatmayan yerlərdə belə cinayət törədilməyəcəkdir.   - Nəzəriyyəyə görə, İslam kamil din olaraq müsəlmanların hərtərəfli tərəqqisinə gətirib çıxarmalıdır. Bəs, onda niyə bunu bütün müsəlmanlarda görmürük?   - Belə deyək, səbəbin öz təsirini göstərə bilməsi üçün iki şərtin olması və bir də maneənin yoxluğu vacibdir. Məsələn, buğda toxumunun buğda olması üçün onun torpağa əkilməsi, vaxtında suvarılması, gübrə verilməsi şərtdir. Əlbəttə ki, şiddətli şaxta kimi maneənin olmaması da zəruridir. İlahi hökmlərin, mənəvi əməllərin insanları ucaltmaq təsiri vardır. Ancaq bu təsirin insanda, cəmiyyətdə, ölkədə, dünyada özünü göstərməsi üçün lazım olan şərtlər və maneələri də nəzərə almaq lazımdır. Əgər şərtlər hasil olsa və arada heç bir maneə də olmazsa, qeyd olunan müsbət nəticələr qaçılmazdır. Savadlı, zəhmətkeş müəllimin bacarıqsız, oxumaq istəməyən şagirləri heç bir nəticəyə varmırlarsa, bundan müəllimin təsirsiz, savadsız olduğu nəticəsini çıxartmaq düzgün deyil axı. Əgər bundan sonra 100 il də eyni formada ötsə və həmin müəllimin şagirdləri tənbəl olaraq qalsalar, yenə də müəllim müqəssir deyildir. Bu, çox sadə bir məntiqdir. Hətta məsələni bir qədər də dərinləşdirək. Əgər hətta bütün müsəlman ölkələri Afrika tayfaları kimi inkişafdan, mədəniyyətdən kənar yaşasaydılar belə, yenə də buradan Quranın, İslamın yanlışlığı nəticəsinə gəlmək çox gülünc olardı. Universitetin bütün tələbələri tənlik əsasında səhv hesablama aparsalar belə, tənlik səhvdir nəticəsinə gəlinməz. Tənliyin düzgün və ya səhv olduğunu düşünürsənsə, tənliyin özündə araşdırma aparmaq lazımdır. - Bəzən deyirlər ki, bəzi müsəlman ölkələrinin acınacaqlı vəziyyəti onları inancları ilə əlaqəlidir. Bu həqiqətən də belədir?   - Biz eyni məntiqsiz yanaşma ilə belə bir nəticə də çıxarda bilərik: Əgər müsəlman olmamaq ölkənin və ya insanın mədəni olmasına və inkişaf etməyinə birbaşa təsir edirsə, o zaman gərək Mərkəzi Afrika Respublikası dünyanın ən inkişaf etmiş ölkələrindən olaydı. Halbuki əhalisinin 80-85 %-ni xristianlar təşkil edən MAR dünyada ən kasıb və geridə qalmış, QİÇS xəstəliyinin yayılmasına görə isə öndə gedən ölkələrdəndir. Zambiyanın da əksəriyyəti xristiandır, yalnız 5% əhalisi müsəlmandır. Ancaq xristian olmaları onları da bir ağ günə çıxartmayıb. Eyni şeyi əhalisi bütpərəst, ateist olan ölkələrə də şamil etmək olar. Vyetnam və Estoniyanın da əhalisinin əksəriyyəti ateistlərdir. Ancaq orada da vəd olunan fövqəladə tərəqqi və sivilizasiyanı görmürük. - Bəziləri deyir ki, müasir dövr ateizmə məxsusdur. Sizcə bu belədir?   - Ateizm XX əsrin birinci yarısına qədər aktual idi. 70-80-cı illərdə də öz aktuallığında qalırdı. Dünyada baş verən bəzi siyasi, elmi və cəmiyyətin dünyagörüşündəki dəyişikliklər ateizmi aktuallıqdan saldı. Ateizm artıq müasir cəmiyyət üçün maraqlı deyildir. Günümüzdə bir çox elmi dairələr ateizmi əvvəllər olduğu kimi elə də qabartmır.  Demək olar ki, ateizm artıq dəbdən düşür. Mənə görə bu dəbdən düşməyə əsl səbəb elmi yetərsizlikdir, bəziləri bura əxlaq və mənəviyyat yetərsizliyini də əlavə ediblər. Oksford Univsersitetinin professoru Alister Makqrat Amerika jurnallarının birindəki müsahibəsində yazırdı ki, gələcəkdə ateizm kəskin azalacaqdır. O, bu azalmanı iki faktorla əlaqələndirir: Birincisi, elmi bünövrənin, ikincisi, ateistlərin yüksək əxlaqi dəyərlərə sahib olmaması. - O zaman hazırda hansı fəlsəfi məktəbi dinə rəqib görürsünüz?   - Deizmi və aqnostisizmi. Müasir dünyada bu iki dünyagörüş hardasa populyarlaşır. Ateizm elm və düşüncə aləmində yaranmış bir çox suallara cavab verməkdə aciz olduğuna görə, hazırda bir çox elm adamları və insanlar daha çox deizmə və aqnostisizmə yönəlirlər. Tomas Nagel kimi bəzi ateist elm adamları müasir elmi nəzəriyyələrin bir çox elmi suallara cavab verməkdə aciz olduğunu etiraf edirlər. Amerikanın milli səhiyyə institutlarının (NIH) rəhbəri, genetik Frensis Sellers Kollinz isə sonradan ateist mövqeyini dəyişib, hətta Tanrının mövcudluğu barədə "Allahın dili: Bir alim Allaha inanmaq üçün dəlillər təqdim edir" adlı kitab da yazıb. Eynilə dünyada müasir ateizmin ən güclü ideoloqlarından sayılan tanınmış ingilis filosofu Entoni Flyu da ömrünün sonuna 6 il qalmış Tanrıya inandığını elan edib. Bu, etiraf böyük ək-sədaya səbəb olmuşdu. - Sizcə gələcəkdə cəmiyyət əsasən hansı məktəbin təsiri altında olacaq?   - Deizm də ateizm kimi bir müddətdən sonra elm adamları, cəmiyyət üçün marağını itirəcəkdir. Çox güman ki, başqa yeni bir cərəyan gündəmə gələcək. Hər halda cəbhəni boş qoymazlar və inanc məktəblərinin müqabilində nəsə yaradarlar. İlahi inanc məktəbinin qarşısında fərqli-fərqli yeni məktəblər duracaq, lakin onlar da elmi-məntiqi mübarizəyə tab gətirməyərək aradan gedəcəklər. - Bəs nəticə necə olacaq?   - Sonda bəşərin dünyagörüşündə, ideologiyasında köklü dəyişikliklər baş verəcək. Elm aləmində, epistemologiyada, dünya fəlsəfəsində dünənə kimi aksiom kimi bilinən prinsiplər qüvvədən düşəcək. Hazırda isə bəşəriyyət təcrübə dövrünü yaşayır, müxtəlif məktəbləri səadətə və həqiqətə çatmaq ümidilə sınaqdan keçirir. İlkin İzzət Milli.Az
28.08.2017   1616   16
 
Milli.Az İlkin İzzətin tanınmış yazıçı və filosof Rövşən Abdullaoğlu ilə cinsi inqilab mövzusunda növbəti söhbətini təqdim edir:     "Bir stəkan su içmək üçün bir vedrə suyu başa çəkməzlər". - Sizinlə təxminən 3 ay əvvəl "Bir stəkan su" nəzəriyyəsi və ya cinsi, seksual inqilab barədə danışmışdıq. Müsahibəyə olan böyük marağı nəzərə alaraq sizinlə mövzu ətrafında başqa məsələləri də müzakirə etmək istərdim. - Buyurun, böyük məmnuniyyətlə.   - Sizcə gənclərin elan olunmuş cinsi inqilabdan olan gözləntiləri özünü doğrultdu? - Bir çox hallarda gəncləri buna təhrik edən cinsi ehtiyacları idi. Lakin onlar unudurdular ki, bir stəkan su içmək üçün bir vedrə suyu başa çəkməzlər. Əks halda insanın boğulması təhlükəsi vardır. Soyuqdan qorunmaq üçün də bir tonqal kifayətdir, bütün meşəni yandırmağa gərək yoxdur. Lakin bunu düşünməyən insan o dövrdə cinsi ehtiyaclarının ödənilməsi üçün bütün dünyada cinsi hərcmərcliyin yaranmasına rəvac verdi.   Cavanlar bu inqilabın nəticələrini düşünmədən kor-koranə ona dəstək verdilər. Ancaq sonradan bu inqilabın onların evlərinə, ailə üzvlərinə, qohumlarına qədər gəlib çıxdığını gördükdə, onun fəsadlarını öz üzərlərində hiss etdikdə peşman oldular. İnqilab onların təsəvvür etdikləri kimi olmadı. Cavanlar düşünürdülər ki, cinsi inqilab onlara sadəcə olaraq cinsi münasibətlərdə azadlıq və rahatlıq gətirəcək. Sonradan isə anladılar ki, bu  bir atəşdir, yandırıldıqda bütün ətrafı alova bürüyür, heç kəsə də aman vermir. Ondan sonra insanlar özlərini aldanılmış gördülər. Düzdür, heç bir halda oyanmayan sadəlövlər də vardır.   - Bəziləri hesab edirlər ki, cinsi istək təbii bir hissdir və cinsi inqilab o dövrün mühafizəkar mühiti üçün zəruri idi. Psixoloqlar və həkimlər cinsi ehtiyacların ödənilməməsinin hormonal pozuntulara, psixoloji vəziyyətin, əhval-ruhiyyənin korlanmasına, insanın daha aqressiv və gərgin olmasına səbəb olduğunu deyirlər.  - Cinsi məsələlərin insan həyatındakı zəruriliyinin ifrat şişirdilməsi də məhz seksual inqilab dövrünə xasdır. Bunun da nəticəsi olaraq cinsi hisslər digər hisslərdən daha ali, daha mühüm və dəyərli kimi təqdim edilirdi. Cinsi inqilabın yetişdirdiyi elm adamları az qala bütün psixoloji, fizioloji, ictimai və ailə problemlərinin səbəbini cinsi məmnunsuzluqda görürdülər. Lakin dəqiq statistik məlumatlar bunun əksini deyir. Belə ki, dünyada hər 5 adamdan ən azı 1-i müxtəlif səbəblərdən intim əlaqəyə girmədən yaşayır. Bəzi ölkələrin ailə planlama mərkəzlərinin statistik məlumatları göstərir ki, əhalinin təxminən yarısı bir aydan çox intim əlaqəyə girmir, bəzilərində isə əhalinin isə 1/3-i ildə yalnız bir dəfə intim əlaqəyə girir. Bir çox araşdırmalara görə isə qadınlar üçün intim münasibətlər heç də bəzilərinin uydurduğu "elmi mif"lərdə deyildiyi qədər də önəmli deyilmiş.   Uzun müddətli intim məhrumiyyət bütün bu insanlarda vəd olunduğu kimi nə fiziloji, nə də psixoloji heç bir problem yaratmayıb. Düzdür, cinsi tələbatın uzun müddət ödənilməməsi müəyyən problemlərə yol aça bilər, ancaq bu, heç də ictimaiyyətə təqdim olunan səviyyədə deyildir.   Cinsi inqilab nəticəsində insan iki hissəyə bölündü - beldən yuxarı və beldən aşağı - Cinsi hissin mühüm olduğunu bu qədər təbliğ etmək digər insani hisslərin dəyərsizləşdirilməsinə səbəb ola bilər? - "Həyatımızı idarə edən cinsi istəkdir", "cinsi hisslər təmin olunmadıqda insan ən pis psixoloji və fizioloji xəstəliklərə tutulur, həyatı məhv olur, aqressivləşib vəhşi heyvan kimi olur" və sairə kimi şüarlar cinsi hissin əhəmiyyətinin ifrat şəkildə şişirdilməsidir. Vilhelm Rayx, Ziqmund Freyd kimi şəxslərin də bu təbliğata böyük töhfələri olub. Nəticədə digər insani hisslər, yəni məhəbbət, fədakarlıq, bütün mənəvi hisslər, şəxsiyyət hissi, inam, vicdan, insaf, bütün intellektual hisslər, humanizm hissi, həmçinin sevginin müxtəlif obyektləri - valideyn, övlad, vətən kölgədə qaldı. Daha çox diqqət şəhvət hissinə yönəldi. Sonda insan heyvanın səviyyəsinə düşdü, mənəvi varlıqdan çıxıb şəhvətlərinin əsiri olan, həyatına yalnız seksual istəklərin hakim olduğu biocanlıya çevrildi. Seksual inqilabın yetişdirdiyi insanın fikri-zikri yalnız bir şey oldu - "cinsi istəklərin anındaca tamlığı ilə təmin edilməsi". Əks halda o, psixoloji xəstə olar, böyük cismani xəstəliklərə tutular. İş o yerə çatıb ki, seksual inqilabın həvariləri olan bəzi "alimlər" davamlı intimin az qala xərçəngi belə müalicə edəcəyini deyirlər. Hətta davamlı intim münasibət insanın müdrikliyinə belə təsir edirmiş, az qala desinlər ki, bütün xəstəliklərin müalicəsi intim əlaqədədir. Onların dediklərini eşitdikdə təəccüb edərək düşünürsən: "Görəsən Afrikanın vəhşi qəbilələri, fahişə qadınlar, əyyaş həyat tərzi keçirən kişilər niyə dünyanın ən müdrik, ən ağıllı insanları olmurlar?! Nəyə görə ən çox psixoloji və cismi xəstəliklər məhz onlarda tapılır?!" Bəli, seksual inqilabın həvariləri bunu düşünməyiblər. Sadəcə belələri üçün mühüm olan öz düşüncələrinin mütləq formada qəbul olunmasıdır. Bunun üçün də məlumatların təhrif olunması, informasiyanın şişirdilməsi də daxil olmaqla hər yola əl atmağa hazırdırlar. Bu inqilabın ən elmli, savadlı sayılan nəzəriyyəçilərində belə vəziyyət bu cürdür.   Cinsi inqilabın nəticəsi olaraq insan bir bütöv olmaqdan çıxdı və iki hissəyə bölündü - beldən yuxarı və beldən aşağı. Bu inqilabın tərəfdarları insan bədənində beldən aşağı hissənin daha mühüm olduğuna təkid edirdilər. Özləri beldən aşağı düşünür, fəlsəfələri də buna əsaslanırdı. Nəticədə isə beldən yuxarıda bütün ülvi hisslərin məkanı olan qəlb və bütün intellektual hisslərin məkanı olan beyin diqqətdən kənarda qaldı və zamanla dəyərsizləşdi. "İnqilabçılar"a görə düşünmə və mühüm hiss orqanları beldən aşağıda yerləşir və əvvəllər düşündüyümüz kimi insanı heç də beldən yuxarıda olan baş idarə etmir...   - Bəs, ziyalılar cinsi inqilabı niyə dəstəkləyirdilər? - İnqilabı bütün ziyalılar dəstəkləmirdi. Dəstəkləyənlər isə bunu bəzi məqsədləri və şəxsi mənfəətləri üçün edirdilər. Məsələn, onlar bu inqilabın totalitar rejimlərə, teokratiyaya, dinin bütün sahələrdə hegemonluğuna son qoya biləcəyini düşünürdülər. Məsələn, alman filosofu və kulturoloqu Herbert Markuze "Eros və sivilizasiya" kimi esselərində cinsi azadlıq uğrunda mübarizəni siyasi azadlıq üçün bir vasitə bilirdi.   Cinsi inqilabın əsasını qoyan nəzəriyyəçilərdən olan Vilhelm Rayx isə cinsi hisslərin tam azadlığını insanın psixoloji sağlamlığı ilə əlaqələndirirdi. Rayxa görə, hətta uşaqların da cinsi hisslərini istədikləri kimi ödəmələri üçün azad şərait yaradılmalıdır. Onlara imkan verilməlidir ki, onanizmlə məşğul olsunlar, öz yaşıdları ilə istədikləri kimi seksual oyunlar oynasınlar. Onun hesablamalarına görə, bu, uşaqların psixoloji sağlam böyüməsinə, bununla da cinayətlərin azalmasına, azğınlıqların qarşısının alınmasına səbəb olacaqdı.   Rayx hesab edirdi ki, cinsi inqilab bütün ictimai əxlaqsızlığın, pornoqrafiyanın yayılmasının, zorakılığın, cinsi təcavüzün qarşısını alacaqdır. Ona görə insan cinsi məsələlərdə tam azad olduqda artıq öz şəhvətini qeyri-qanuni yollarla təmin etməyə də ehtiyac duymur.   Rayxın fikirləri sonradan Simone de Bovuar kimi eksiztensializm nümayəndələri də daxil olmaqla başqaları tərəfindən istifadə olunmağa başladı.   Dəhşət doğuran statistika - Rayxın fikrində az da olsa həqiqət varmı? Cinsi azadlıq ictimai fəsadın, cinsi hərcmərcliyin, təcavüzün qarşısını almaqda heç cür faydalı ola bilməzmi? - Əslində elə həyatın özü rayxkimilərin öz nəzəriyyələrində yanıldıqlarını göstərdi. Lakin dünya bu nəticəyə çox ağır itkilər bahasına gəldi. Heç bilirsinizmi bu uğursuz eksperiment hansı acı nəticələrə səbəb oldu? Tam cinsi azadlığın cinsi hərcmərclikdən nə fərqi var ki?! Bu ikisi də eyni şey deyilmi?! Cinsi hərcmərcliklə cinsi hərcmərcliyin qarşısını necə almaq olar? Bir cəmiyyətdə narkotik maddələrin azad istifadəsinə şərait yaratmaqla narkomaniyanın qarşısını almaq olarmı?   Mən bayaq bəzi statistik göstəriciləri açıqladım. Həmin məlumatları hər kəs Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və digər səlahiyyətli qurumların rəsmi hesabatlarında görə bilər. Bunun üçün mövzu üzrə statistika aparan qurumların rəsmi saytlarına, etibarlı xəbər portallarına müraciət etmək də kifayətdir.   ÜST-nin açıqlamasına görə, qadınlara şiddət və zorakılıq halları qloballaşıb. Açıqlamaya əsasən, qadınların 35 faizi həyatında öz intim tərəfdaşı, yaxud da başqası tərəfindən fiziki və ya cinsi zorakılığa məruz qalır. Dünyada qadın qətllərinin 38 %-i intim tərəfdaşları tərəfindən törədilir.   ABŞ-da keçirilmiş ictimai sorğuya əsasən, 17 yaşdan yuxarı qadınların 14,8 %-i ömürlərində ən azı bir dəfə cinsi təcavüzə məruz qalıblar, 2,8 % qadınlara qarşı isə zorlama cəhdi olub.   Orta məktəblərdə keçirilən sorğular da narahatedicidir. Məsələn, Kanadada məktəb qızlarının 23% -i məktəbdə cinsi sataşmaya məruz qaldıqlarını deyirlər. Bütün bunlar cinsi inqilabın dünya cəmiyyətinə olan "töhfəsi"dir. Bu inqilabın təsiri azyaşlı qızlardan da yan keçməyib. Azyaşlı qızlara təcavüz dünyada kəskin surətdə artır. Amerikada təcavüzə məruz qalan qadınların yarıdan çoxu 18 yaşa qədər şəxslərdir. Bunların da 22 %-ni 12 yaşa qədər olan qızlar təşkil edir.   Azyaşlı uşaqların iştirakı ilə çəkilmiş porno filmlərin də sayı artır. Bu da belə filmlərə olan tələbatın çoxaldığını göstərir. Dünyada fahişəliyi özünə daimi sənət seçmiş qadınların sayı da kəskin surətdə artır.   Ən qəribəsi odur ki, valideynlər tərəfindən uşaqlara qarşı əxlaqsız davranışların sayı çoxalıb. Müxtəlif araşdırmalara görə uşaqlara qarşı edilən cinsi sataşmanın 40 %-i onların valideynləri tərəfindən edilir. Cinsi inqilab artıq valideynlərin nəzərində belə bu cür davranışları adiləşdirib.   Cinsi inqilabın fonunda qadın alveri də "çiçəklənir". Hesablamalara görə, ildə 700 mindən 2 milyonadək qadın xarici ölkələrə cinsi istismar üçün satılır. Halbuki, 5 il əvvəl bu göstərici bundan 50 % aşağı idi.   Qadınlara qarşı olan cinsi xarakterli sataşmalar son onillərdə Qərbdə güclü diskusiya predmetinə çevrilib. Amerikada İşçinin Peşəkar Keyfiyyətinin Qorunması Təşkilatının keçirdiyi sorğunun nəticələri cəmiyyəti dəhşətə gətirib. Belə ki, sorğuda iştirak etmiş 10 min qadının 42 % -i iş yerində seksual sataşmaya məruz qaldıqlarını bildirib, 62 %-i onlara seksual xarakterli toxunuşların olduğunu etiraf edib, 20 %-i isə işdə cinsi təcavüzə, yaxud da zorlama cəhdinə məruz qaldıqlarını etiraf ediblər.   Hətta 1986-cı ildə Amerikada cinsi sataşmaya görə cinayət məsuliyyəti də nəzərdə tutulub. Buna baxmayaraq, şikayətlər ildən-ilə daha da çoxalır. Belə ki, 5 il ərzində bu göstərici düz 2 dəfə artıb.   Cinsi inqilabın "töhfələri"ndən biri də homoseksuallığın, eynicinsli evliliklərin leqallaşmasıdır. Bir çox araşdırmalar bunun nəticəsi olaraq azyaşlı oğlan uşaqlarına və yeniyetmə oğlanlara qarşı cinsi təcavüzün sürətli şəkildə artdığını göstərir. Əgər XX əsrin yarısına qədər dövrlərdə daha çox qadına təcavüzdən söhbət gedirdisə, cəmiyyətdə qadını qoruma işləri gücləndirilirdisə, indi oğlan uşaqlarının da cinsi istismar təhlükəsi yüksəkdir. İnkişaf etmiş ölkələrdə aparılmış araşdırmalar 5-10 % kişilərin uşaqlıqda cinsi zorakılığa məruz qaldıqlarını göstərir. Bəzi ölkələrdə bu göstərici kişilər arasında 20 %-dir. Əslində isə reallıq bu göstəricilərdən daha dəhşətlidir. Belə ki, məktəblərdə, zindanlarda, bağçalarda, qaçqın düşərgələrində, xəstəxanalarda, psixoloji dispanserlərdə cinsi zorakılığa uğramış azyaşlıların, qız və ya oğlan yeniyetmələrin dəqiq statistikasını aparmaq mümkün deyildir. Ekspertlər deyirlər ki, təcavüzə məruz qalmış insanların əksəriyyəti, xüsuən də kişilər heç zaman bunu heç kəsə bildirmirlər. Buna səbəb utanmaq hissi, ictimai qınaq, özünü müqəssir bilmək, qorxu və digər amillərdir.   Dünyanın bir çox tibb mərkəzlərində həkim kişilər tərəfindən xəstələrə və tibb bacılarına qarşı təcavüz halları da artıb. Bütün bu dəhşətli göstəricilər cinsi inqilabın iflasını göstərir.   Cinsi azadlıq hər şeyə biganə insan yetişdirir- Görəsən, cinsi hisslərin azad buraxılması nəyə görə vəd olunduğu kimi cəmiyyəti islah etmək əvəzinə vəziyyəti daha da pisləşdirdi?- Çünki cinsi ehtirasın sonu və həddi yoxdur. Rayxın dediyi kimi uşaqları erkən yaşlarından heç bir əxlaq normalarına bağlı olmadan, seksual azad böyütmək cəmiyyətə seksual hissləri ifrat oyanmış, ehtirasını nəyin bahasına olursa olsun ödəməyə çalışan, məsuliyyətsiz bir şəxs təqdim etmək deməkdir.   Elə buna görədir ki, bu inqilabın bir çox tərəfdarları sonradan öz yanıldıqlarını etiraf edib, fikirlərindən dönüblər. Hətta Herbert Markuze belə sonradan gənclərin seksual azadlıqları barəsində olan fikrini dəyişib. 1968-ci ildə o, Qərbi Berlində yerləşən kommunaların birində olur. Bu kommuna "sağlam orqazm" adlanırdı və burada cinsi hərc-mərclik hökm sürürdü. Markuze burada olan pozğun cinsi həyat yaşayan insanların biganə, sönük xarakterlərini görüb dəhşətə gəlir. Ondan sonra əsərlərində vurğulayır ki, cinsi azadlıq mütləq olaraq siyasi əxlaqla birgə olmalıdır. Anlayır ki, cinsi azadlıq hər şeyə biganə bir insan yetişdirir.   - Ancaq bəzi ölkələrə baxanda Amerika və Avropa ölkələrində vəziyyət elə də pis deyil. Elə ölkələr var ki, onlarda cinsi sataşma və zorakılıq halları daha yüksəkdir. - Məsələn hansı ölkələr? - Götürək elə Cənubi Afrika Respublikasını (CAR). Statistikaya görə dünyada ən çox cinsi təcavüz və seksual xarakterli sataşma halları məhz CAR-da baş verir... - Düz deyirsiniz. CAR bu cəhətdən siyahıya başçılıq edir. BMT-nin məlumatlarına əsasən, dünyada ən çox cinsi təcavüz məhz orada baş verir. Müqayisə üçün deyim ki, ABŞ-da 100 min nəfərə 27,3 təcavüz halı baş verirsə, CAR-da bu göstərici 132,4-dir. 2011-2012-ci ildə orada 64 min cinsi təcavüz halı qeydə alınıb. Bu rəqəmin hardasa yarısını uşaqların payına düşür.   Əslində bu, cinsi inqilabın iflasına daha bir dəlil hesab olunmalıdır. CAR mühafizəkar, yaxud teokratik bir dövlət deyil. CAR cinsi inqilaba qucaq açmış ilk Afrika ölkəsidir. Bu ölkə hətta bəzi addımlarına görə istənilən Avropa ölkəsini mat qoyar. Bu ölkənin parlamentinin 80 %-i 2006-cı ildə həmcinslərin nikahına müsbət səs verməklə onu qanuniləşdirib. Beləliklə, CAR Afrikada bu addımı atmış ilk və dünyada isə beşinci ölkə oldu. Homoseksualların rəsmən ilk hüquqları barəsində addımlar isə daha əvvəldən - 1998-ci ildən atılıb.   Sistemdə olan boşluqlara, bir çox ictimai faktorlara görə seksual inqilabın fəsadları burada özünü daha qabarıq göstərir. Avropa və Amerikada ictimai asayiş, mühafizə sistemi güclü olmasaydı, seksual inqilab oranı CAR-ın vəziyyətinə döndərərdi.   CAR-ı cinsi zorakılıqda dünya reytinqində birinci yerə çıxardan orada cinsi azadlığa icazə verilməsi və bir də Qərb ölkələrindən güclü təsirlənməsidir.   Seksual inqilabın baş verdiyi Qərb ölkələrində qadın zorakılığı, cinsi fəsad kifayət qədərdir. Halbuki, bu ölkələrdə cəzalar sərtdir və qanun keşikçilərinin də fəaliyyəti zəif deyil. Əgər Amerika və Avropa ölkələrində cəza və hüquq sistemi, ictimai nəzarət çox aşağı səviyyədə olsaydı, vəziyyətləri CAR-dakından da pis olardı. Belə götürəndə, ABŞ reytinq cədvəlində ilk beşlikdədir. Bu, isə kifayət qədər dəhşətli faktdır. Bəzi illərdə isə siyahında dünyada qadına ən çox təcavüz olunan 3-cü ölkə statusuna qədər yüksəlib. İsveç isə bəzi araşdırmalara görə ikinci yeri tutur. Ümumiyyətlə, elə bir Avropa ölkəsi yoxdur ki, qadın zorakılığı, yaxud da cinsi sataşma göstəricisi qənaətbəxş olsun. Statistikalar insanı dəhşətə gətirir. Belə olduqda Amerika və Avropa ölkələrində vəziyyətin qismən yaxşı olmasından danışmaq düzgün deyildir. Müsəlman ölkələrində cinsi zəmində törədilən cinayətlər daha azdır. - Bəs müsəlman ölkələrində vəziyyət nə yerdədir? - Təbii ki, müsəlman ölkələrində də qadına təcavüz hallarına rast gəlinir. Ancaq bu hallar seksual inqilab olan ölkələrdən qat-qat azdır. Müsəlman ölkələrində əxlaqsız filmlər, gecə klubları, fahişəlik və sairə qadağandır. Qərbdə isə qadınlar vitrinlərdə çılpaq dayanaraq özlərinə müştəri cəlb edirlər. Bir çox böyük küçələri sadəcə fahişəlik sənayesində çalışanlar üçün ayırıblar, cinsi xidmətin demək olar ki, bütün növlərini leqallaşdırıblar.   Müsəlman ölkələrində bu cür fəsad işlər qadağan olduğuna görə, onlarda cinsi zəmində olan cinayətlərin göstəriciləri çox aşağıdır. - Ancaq hər bir halda İslam ölkələrinin sərt şəriət qanunları, mühafizəkarlıqları cinayətin, xüsusən də zorlamaların qarşısını tam ala bilməyib. - Təbii ki, intellektual və əxlaqi çökmüş insanlar hər bir ölkədə var. İnsan olan yerdə nəfs, istək, cinayət etmək fikri də olacaq. Təbii ki, bəzilərinin qarşısını nə ictimai qınaq, nə də qanun ala bilər. Belələri hər yerdə cinayət törədəcəklər. Sadəcə burada söhbət cinayətin faizindən, minimallaşdırılmasından, cinayətin qarşısını almaq üçün cəmiyyətin, dövlətin hansı üsulları seçməsindən, hansı addımın cinayətin daha da artmasına gətirib çıxarmasından gedir.   Bir də ki, onu da unutmayaq ki, müsəlman ölkələrinin özündə belə İslam qanunları tamlığı ilə tətbiq olunmur. Bunun bir çox obyektiv və subyektiv səbəbləri var. Müsəlman ölkələrində baş verən özbaşınalıq daha çox yad mədəniyyətin təsiri altında olan, İslami dəyərlərdən uzaq qruplar arasında yayılıb. Ancaq nə cür olursa olsun, bütün statistik göstəricilərə görə burada cinsi pozğunluq seksual inqilab baş vermiş ölkələrdən çox aşağıdır. Lakin... - Məncə cinsi hisslərin tam boğulması da doğru deyil, əks halda bunun ictimai fəsadları qaçılmaz olar... - Əlbəttə. İnsan daxilinə qoyulmuş hər bir hissin qarşılığının verilməsi təbiidir. Amma bu məsələdə orta xətti gözləmək mühümdür. İntim mövzularda tam sərbəstlik və tam qadağa yanaşmaları arasında qızıl ortanı tutmaq lazımdır. Biz bu mövzulara tam qapalı olan bəzi mühitlərin də bir çox problemlərlə üzləşdiklərini görürük. İnsanı ona verilmiş heç bir təbii hissdən məhrum etmək olmaz. Sadəcə bizim mövzumuz cinsi azadlıqdan olduğu üçün bu məsələnin yaratdığı problemləri açıqladıq və digər tərəfinə toxunmadıq. Söhbətləşdi İlkin İzzət Milli.Az
17.07.2017   1200   11
 
Tanınmış yazıçı və filosof Rövşən Abdullaoğlunun Milli.Az-a müsahibəsi:   - Cəmiyyətin cinsi həyat və normalarının dəyişməsinə nə səbəb olur? - Bu səbəbləri dünyagörüşünün, dəyərlərin dəyişməsində axtarmaq lazımdır. Avropa XIX-XX əsrin əvvəllərinə qədər cinsi mövzuların ictimai müzakirəyə çıxarılmasına tam qapalı idi. XX əsrin ortalarına yaxın vəziyyət tədricən dəyişməyə başladı.   - Dünyagörüşü və dəyərləri müxtəlif nəzəriyyələr dəyişir. Bəs, Avropada cinsi inqilabı yaradan hansı nəzəriyyələr olub? - O zaman Avropada ailə, psixologiya, cəmiyyət, tərbiyə, fəlsəfə mövzularında bir çox nəzəriyyələr ortaya atıldı. Məsələn, "bir stəkan su" nəzəriyyəsi. Bu nəzəriyyənin yaranması bir neçə insanın adı ilə əlaqələndirilir. Bu ifadənin daha çox XIX əsrdə yaşamış fransız qadın yazıçısı Avrora Lüsil Düpenə aid olduğu deyilir. Bu nəzəriyyəyə görə, cinsi istək eynilə qidaya, suya olan istək kimidir. Nəzəriyyənin ardıcıllarının fikrincə, cinsi istəklərin təmin olunması susuzlayan zaman bir stəkan su içmək kimi rahat və asan olmalıdır. Bu asanlığın qarşısını alan əxlaq, ictimai qınaq və ailə kimi maneələr isə aradan götürülməlidir. Məhəbbət yoxdur, sadəcə cinsi ehtiyaclar vardır. Kiminlə, harada, necə, nə qədər tez olması heç bir məna kəsb etmir, əsas qeydsiz və şərtsiz olmasıdır. Bir stəkan su o qədər dəyərsizdir ki, kim istəsə, harada istəsə ona veriləcək. Bu nəzəriyyəyə görə cinsi ehtiyaclar da o cür olmalıdır. Kişi və qadın ünsiyyətləri heç bir mənəvi və ictimai bağlar, məsuliyyət, qısqanclıq olmadan qurulmalıdır. Sonradan bu nəzəriyyənin ardıcılları bir qədər də irəli getdilər, daha sonra bu fikri müxtəlif ölkələrdə dəstəkləyən tərəfdarlar da yarandı.    - Bunu Avropada dini təsirin zəifləməsi ilə əlaqələndirmək olarmı? - Avropada katolik kilsənin nüfuzu cəmiyyətdə cinsi azadlığın qarşısını alırdı. Katolisizmin çöküşü ilə dəyişikliklərə, terminoloji dillə desək "cinsi inqilab"a Avropa tam hazır oldu. Ancaq dinin zəifləməsi bu inqilabın yeganə səbəbi deyil.   - Cinsi inqilabdan əvvəl Avropa insanı necə düşünürdü? - O zamanlar Avropa insanı düşünürdü ki, intim mövzular ailə daxili məsələdir və ümumi müzakirəyə çıxarılması düzgün deyil. Nikahdan kənar yaxınlıq isə ən çirkin əməl hesab olunurdu. Kişi və qadın evləndikdən sonra da bir-birlərinə sadiq olmalı idilər. Ailə ən möhkəm ictimai rabitə forması idi. Evliliyin yalnız bir növü var idi - ənənəvi monoqam. Bu düşüncələr qadının geyimindən tutmuş uşaqların cinsi tərbiyəsinə qədər hər şeyə təsir edirdi. Belə həyat tərzini bəziləri dini inanclarından dolayı, bəziləri isə cəmiyyətdəki mövqelərini zədələməmək üçün yaşayırdılar.   - Cinsi, seksual inqilab dedikdə nəyi nəzərdə tuturlar? - Cinsi inqilab və ya seksual inqilab cəmiyyətin cinsi həyatında, cinsi mövzular barəsində olan düşüncəsindəki köklü dəyişiklikləri göstərən bir prosesdir. Cinsi inqilab zamanı cinsi məsələlər üzərində olan hər növ qadağalar götürüldü, insanların seksual münasibətlərini məhdudlaşdıran ictimai normalar, onların müxtəlif cinsi istəklərini kontrol edən iffət anlayışı aradan qalxdı. Cəmiyyətdə "Utanmağa stop", "nudizm", "naturalizm"  hərəkatları başladıldı. Nikahdankənar intim münasibətlər, nikahsız birgəyaşama norma hesab edildi. Cinsi elementlərdən qəzetlərdə, jurnallarda, filmlərdə, ədəbiyyatda, digər yazılarda istifadə edilməsi tam sərbəstləşdi. Homoseksuallıq, masturbasiya əvvəlki psixoloqlara görə psixoloji xəstəlik hesab edildiyi halda cinsi inqilabdan sonra psixoloqlar tərəfindən norma kimi qəbul edilməyə başlandı. Bütün bu dəyişikliklər cinsi inqilab hesab olunur.   Bəzi Qərb analitiklərinin məqalələrində bu inqilabı belə xarakterizə etdiklərini görürük: "Cinsi mövzularda tam sərbəstlik, heç bir həddin olmaması, kiminlə olursa, neçə nəfərlə olursa, nə qədər olursa, harda olursa. Nə geyinirsən, harda geyinirsən, necə özünü aparırsan".    - Bu inqilabı etmək ilk dəfə kimin ağlına gəlib? - Seksual inqilab ifadəsinin ilk dəfə XX əsrin birinci yarısında Vilhelm Rayx tərəfindən işlədildiyi deyilir. Artıq o dövrdən bu mövzuda müxtəlif kitablar, məqalələr yazılmağa başlanılmışdı. O dövrdən etibarən cinsi inqilabın ideoloji əsasları, fəlsəfəsi baxımdan işlənməyə başlandı. Ancaq ötən əsrin ikinci yarısında, hardasa 1960-cı illərdən sonra artıq nəzəriyyənin praktikada, cəmiyyətin həyatında tətbiqi müşahidə edilir.   - Belə bir inqilabı törədən, onu yaradan səbəblər nə idi? - Əgər sosioloqların, tarixçilərin, psixoloqların araşdırmalarına baxsaq, bu səbəbləri görə bilərik. Onların fikrincə, bu səbəblər kapitalizm iqtisadi sisteminə keçid, industrial cəmiyyətin yaranması, urbanizasiya prosesinin sürətlə inkişafı, mənəvi dəyərlərin zəifləməsi, maddi faktorların insanın həyatında rolunun artması, fahişəliyin, bardellərin, gecə klublarının və erotik səhnələri olan filmlərin, pornoqrafik qəzet və jurnalların leqallaşdırılması və maneəsiz yayılması, şüuraltı olaraq qeyd-şərtsiz cinsi azadlığı təbliğ edən verilişlərin, serialların, filmlərin gecə-gündüz müxtəlif kanallarda yayımlanması, müxtəlif formalı intim xidmətlərin rəsmiləşdirilməsi, spirtli içkilərin, narkotik maddələrin kütləvi istifadəsi, gənclərin cinsi hisslərini təhrik edən faktorların ictimailəşdirilməsi və çoxaldılması, bədii ədəbiyyat və məqalələrdə bayağı həyat tərzinin, pozğunluğun təbliği, materializmin, nihilizmin, empirizmin dominant fəlsəfi görüş kimi yayılması idi... Ən mühümü də bütün bunların tərəqqi ilə, müasirliklə, gözəlliklə, gəncliklə əlaqələndirilərək insanlara təqdim edilməsidir.   Bu faktorlar XX əsrə qədər qadağan idi. Qadağanın aradan qalxması ilə bu faktorlar özü ilə cinsi inqilab kimi tanınan bir hərəkatın başlanmasına səbəb oldu.   - Bəzən bu səbəblər arasında kontraseptiv, yəni qorunma vasitələrinin icad olunmasını da qeyd edirlər... - Bəli, ən çox qeyd olunan mühüm faktorlar içərisində 1960-cı ildə hamiləliyin qarşısını alan dərmanların istehsalını da qeyd edirlər. Əvvəlcə yalnız evli xanımların əldə etməyə icazəsi olan bu dərmanlar 70-ci illərdə artıq bütün qadınların ixtiyarına verildi. Bu, hamilə olmaq qorxusunu azaltdı, cəmiyyətdə azad intim münasibətləri bir qədər də asanlaşdırdı. Statistikaya görə, 1975-1977-ci illərdə sadəcə Qərbi Almaniyada 20 yaşdan aşağı olan qızların 80 faizindən çoxu bu həblərdən istifadə edirdi.   - Bu inqilabdan azad naturizm və nudizm, yəni ictimai şəkildə çılpaqlaşma necə törəndi? - Naturizm və nudizm inqilabın təbii nəticəsi olaraq qaçılmaz idi. Belə ki, naturizmin əsasında insanın maksimum təbiətə yaxınlaşması, yəni paltarlardan azad olaraq sosial lütləşməsi durur. Lütlənmə təşkilatlarının özlərinə məxsus federasiyaları, rəsmi saytları da var və dünya səviyyəsində təbliğatları gedir. Bununla da onlar öz davranışlarını fəlsəfiləşdirirlər. Onların ideyalarının əsasında təbiətlə bütövləşmə, harmoniya yaratmaq, orijinallıq, utanc hissinin ictimai inkişaf üçün bir baryer olması və s. durur. Onlar hesab edirlər ki, təbiətdəki bütün canlılar paltarsızdır və bir-birlərindən utanmadan yaşayırlar, çılpaqlıq onların təbii halıdır. Elə isə insan da canlıların bir növü kimi seçilməməlidir! Onların fikrincə, deməli, utanma sonradan yaranan lazımsız bir hissdir. Bu hissi kənara qoymaq və təbiətə uyğun yaşamaq lazımdır. Onlar anlayırlar ki, insanları hər hansı işə sövq etmək üçün əvvəlcə həmin əməli uyğun bir fəlsəfə və nəzəriyyə ilə bəzəmək lazımdır. Stalinin sözü ilə desək: "Nəzəriyyəsiz biz ölümə məhkumuq, ona görə də bizə nəzəriyyə lazımdır". Bununla da XX əsrin I yarısından etibarən Almaniyada, Fransada, hətta Rusiyada belə çılpaqlaşmaq fəlsəfəsini təbliğ edən kitablar yazılmağa başladı.   1953-cü ildə UNESCO-nun himayəsi altında fəaliyyət göstərən beynəlxalq naturizm federasiyası yaradıldı. Bu cür federasiyaların Asiya, Afrika ölkələrində belə nümayəndəlikləri vardır. Onların hətta tələbələrlə işləmə departamentləri də mövcuddur. Onlar bütün dünya üzrə tam çılpaq formada görüşlər, kamplar, yığıncaqlar, səyahətlər, fleşmoblar, beynəlxalq lüt veloyürüşlər, nəqliyyat vasitələrində, parklarda yürüşlər, lüt gəzinti və s. təşkil edirlər. Bəzi tədbirlərə dünyanın onlarla ölkəsindən 60-a yaxın şəhər qoşulur. Hər bir tədbiri də qabaqcadan müxtəlif yollarla reklam edirlər. Onlar bəzi qərb ölkələrində iş yerlərindən, bir çox hamam, sauna, idman zallarından, çimərliklərdən tam çılpaq halda istifadə edirlər. Analitikləri narahat edən digər bir mühüm məqam isə onların bu fəaliyyətinin ailəvi xarakter daşımasıdır. Belə ki, onlar bura həyat yoldaşlarını, azyaşlı övladlarını da cəlb edirlər. Bu da öz növbəsində azyaşlıların etik normalar haqda təsəvvürlərinin pozulmasına, onlarda erkən seksuallığın yaranmasına səbəb olur. Hazırda Amerikada nudist fitnes mərkəzləri, "nude (lüt) yoqa" məşqləri yayılır. Yoqanın əsasını qoyanlar Hindistan quruları belə bu cür yoqa formasını səhv bilir və qəbul etmirlər. Əslində bu davranış ibtidai icma dövrünə qayıdışdır. Bəzi qədim hind mistiklərinin təlimləri, məsələn, caynizm paltarı rədd edir. Onlara görə çılpaqlıq dünyadan ayrılma əlaməti kimi başa düşülür. İbtidai icma quruluşunda da sürü halında yaşayan insanların ictimai atributu tam çılpaqlıq idi.   - Cinsi inqilabın gedişatında daha çox kimlərdən istifadə edirdilər? - Bu cür inqilabların nəzəriyyəçiləri ziyalılar, hərəkətverici qüvvəsi isə gənclər olub. Çünki gənclər adətən daha emosional, cinsi istəkləri də daha yüksək olur, ailə kimi məsuliyyət tələb edən ictimai əlaqələrə boyun əymədən azad yaşamaq istəyir. Alman filosofu və kulturoloqu Herbert Markuze "Eros və sivilizasiya" əsərində qeyd edir: "Gənclər öz təbiətlərindən irəli gələrək cinsi mübarizənin önündədirlər". Buna görə də bu seksual azadlıq mübarizəsində gənclərdən bir katalizator kimi istifadə edildiyinə toxunur. Markuze həmçinin qeyd edir ki, sistemə qarşı olan gənclərin cinsi azadlıq tələbləri uğrundakı etirazlarını boğmaq mümkün deyil, çünki gənclərdə bunun kökü bioloji zərurətdir. Onun yanaşmasına görə, inqilabı marginallar həyata keçirir. Gənclər də onlardan biridir. Çünki gənclər təbiət etibarilə marginaldırlar. Onların ideologiyası, dəyərlər sistemi köklü surətdə formalaşmayıb. Gənclər rassional düşünmürlər, emosionallıq, aqressivlik, səbirsizlik, üsyan, qürur onların fərqləndirici xüsusiyyətidir.   Biz həmçinin bu prosesdə cinsi azlıqların da aktivliyini müşahidə edirik. Onlar cinsi inqilabı özlərini ifadə etmələri üçün çox münasib bir məqam hesab edirdilər. Cinsi inqilabı onlar cəmiyyətdə gizli yaşamadan azad yaşama bir keçid kimi görürdülər. Ona görə də onlar da bu inqilabı aktiv şəkildə dəstəkləyirdilər.   Dinə qarşı qəzəbləri olan insanlar da bu inqilabı dinlərin sonu, dinə qarşı üsyan kimi başa düşdüklərindən ona geniş dəstək verənlərdən oldular. Bir də qadınların, feminist təşkilatların da bu inqilabdakı rolunu xüsusi vurğulamaq lazımdır. Belə ki, bu inqilabla onların da bir çox istəkləri həyata keçəcəkdi.   - Qeyd etdiniz ki, Qərb qadınlarının da bu cinsi inqilabdan müəyyən gözləntiləri var idi. Onların gözləntiləri özünü doğrultdumu? - Əslində cinsi inqilab onların heç bir gözləntisini doğrultmadı. Bu inqilab zamanı qadınlara istismardan, kişilərin və cəmiyyətin təzyiqindən azadlıq vəd edilmişdi. Cinsi inqilabın şüarı qadınları bağlı qapılar arxasından çıxartmaq, həyat yoldaşlarının əsarətindən xilas etmək, onlara azadlıq vermək idi. Doğrudur qadınlar bağlı qapılar arxasından çıxarıldılar. Lakin bu dəfə onlar cəmiyyətin, iqtisadi maraqların, siyasətin, şou-biznesin, gecə klublarının quluna çevrildilər. Bəzi araşdırmaçıların da qeyd etdikləri kimi, cinsi inqilab qadın bədəni, qadın gözəlliyindən hədsiz-hüdudsuz dərəcədə kommersiya məqsədləri üçün istifadəyə səbəb oldu. Statistikaya görə, cinsi inqilabdan sonra dünya ölkələrində qadına təcavüz, qadın alveri, qadına qarşı zorakılıq daha da artdı. Qadın hüquqları üzrə bəzi ekspertlərin etirafına görə, qadına təcavüz və qadın alveri ilə bağlı statistik rəqəmlər o qədər yüksəkdir ki, ictimaiyyətə bu rəqəmlər həddən artıq kiçildilmiş formada təqdim edilir. Məsələn, 2009-cu ildə Rusiyada qadına təcavüz hallarının rəsmi sayı 4790 fakt, qadın hüquqları üzrə milli komissiyanın hesabatında isə onların sayının əslində hər il 30 - 40 000 arası olduğu göstərilib. ABŞ-da da vəziyyət ürəkaçan deyil. Burada hər altı dəqiqədə bir cinsi təcavüz baş verir. İsveç də daxil olmaqla bir çox Avropa ölkələri qadın təcavüzü "reytinq"ində ilk onluqda yer alır.   Deməli, cinsi inqilabın nəzəriyyəçilərinin dedikləri kimi olmadı. Halbuki, onların sosial-psixoloji təhlillərinə görə, tam cinsi azadlıq insanların seksual hisslərini o qədər təmin edir ki, artıq cinsi təcavüzə heç bir istək qalmır. Nəticədə də cinsi cəhətdən özünü hərtərəfli tam ifadə etmiş cəmiyyətdə cinsi zəmində bütün təcavüzlər sona çatır. Eynilə ana təbiətdə canlılar aləmindəki kimi hər şey naturallaşır, adiləşir, harmoniyalaşır.   Görünür heyvanlar aləminə aid olan sürü qanunu insanlar aləmində işləmir, ya da nəzərdən qaçırdıqları bir çox psixoloji, sosial, mədəni amillər də vardır.   Feminist aktivistlərin özlərinin də etirafına görə qadınlar anladılar ki, cinsi azadlıq kişi üçün daha geniş və rahat həzz imkanları yaratdığı halda bu, qadınlara istədikləri xoşbəxtliyi bəxş etmədi. Əksinə, qəlblərində böyük bir boşluq yaratdı. Deməli, səadət heç də azad cinsi istəklərin tam təmin olunmasında deyilmiş.   Bu inqilab kişi və qadına bir-birlərinə daha çox etimadsızlıq, xəyanət, ailə dəyərlərinin tapdanması, daha rahat dağıdılmasından başqa heç nə gətirmədi.   Fransız filosofları Paskal Brükner və professor Alen Finkelkrautun cinsi inqilabın təhlili haqda birgə yazdıqları "Yeni məhəbbət pozulması" kitabı var. Bu kitabın alman dilinə olan tərcüməsini "Playboy" jurnalı da nəşr edib. Baxmayaraq ki, bu iki filosof radikal moralist deyil, bununla belə bu kitabda cinsi inqilabın bir çox problemlərə yol açdığını qeyd ediblər. Müəlliflər cinsi inqilabın cəmiyyət və qadın-kişi üçün gətirdiklərini təhlil edərək bu inqilabın əvvəlcədən təqdim olunduğu, təriflənildiyi kimi nəticələnmədiyini vurğulayıblar. Dünyaca məşhur olan bir çox jurnallar belə bu inqilabın uğursuzluqlarını əks etdirən karikaturalar, məqalələr yayıblar.   Qeyd edilir ki, kişi-qadın bir-birinə sadəcə cinsi ehtiyacların ödənilməsi üçün bir vasitə gözü ilə baxmamalıdır. Cinsi inqilabın bəhrəsi hesab edilən bu mövzunu günümüzdə psixoloqlar, filosoflar, ziyalılar çözməyə çalışırlar. Bu problemlə məşğul olan psixoloqların təbirilə desək, qadın-kişi bir-birinə sadəcə bir insan kimi baxmağı öyrənməlidir, özü də heç bir cinsi mənfəət güdmədən. Onlar sadəcə bundan mənəvi həzz aldığına görə heç bir əvəz gözləmədən bir-birinə nəvaziş göstərməyi öyrənməlidirlər.   Qərbin feminist analitikləri günümüzün qadınının narahatçılığı barəsində belə yazırlar: "Qadınlar kiminsə eqoist cinsi istəklərinin qurbanına çevrilməsinin nigarançılığını yaşayırlar. Onlar özlərini bədənləri uğrunda mübarizə aparılan qənimət kimi hiss edirlər".   Cəmiyyətdə cinsi məqsədlərlə bir dəfə üçün istifadə edilib atılmış, hissləri zədələnmiş, psixoloji travmalı qadınların sayı həddindən artıqdır. Nəticədə qadınlar günümüzdə bu birdəfəlik istifadəyə məruz qalmamaq qorxusunu yaşayırlar. Bundan sonra qarşısındakı insana daha çox etimadsızlıq yaranır. - Qısası, bu inqilab qadınlar üçün nəyi dəyişdi? - Hesab edilir ki, cinsi inqilabla qadının ictimai vəziyyəti xeyli düzəldi. Belə ki, əvvəl iqtisadi azadlığı olmayan, ictimai işdən məhrum olan qadın indi daha aktiv və sərbəstdir. Lakin cinsi inqilabla qadının ictimai vəziyyəti də elə də ürəkaçan olmadı. Məşhur deyimə görə, kapitalın kişi siması vardır. Yəni daha az gəlirli iş sahələri qadınlara məxsusdur. Dünyada qadınların yalnız 10 faizi gəlirli işlərdə çalışırlar. Onların perespektivli işlərdə çalışmaları və karyerada yüksəlmələri çox çətindir. Müasir dünyanın "gözəllik standartları"na uyğun gəlməyən, cavan olmayan qadının şansı isə daha azdır. Əksər qadınlar xadimə, ofisiant, qab və paltar yuyan, satıcı, dayə, tibb bacısı, küçə təmizləyən, telefonçu, katibə, malların reklamını edən model, müxtəlif şirkətlərdə müştəriləri cəlb edən və ya məlumat bürosunun işçisi kimi çox aşağı gəlirli vəzifələrdə çalışırlar. Bu da nəticədə onlarda psixoloji komplekslərin yaranmasına və bir çox sosial problemlərə səbəb olur. Cəmiyyətin qadına bu cür yanaşması onları dolanışıqları üçün daha pis yollara getməyə məcbur edir. Bütün bunlar qadına cinsi inqilabda vəd olunanlar deyildi. Müasir dünya cəmiyyəti qadın hüququ, qadın dəyəri barəsində pafoslu populist sözlərlə danışır, əməldə isə qadının vəziyyəti göz qabağındadır.   Tanınmış amerikalı publisist Maykl Snayder bir məqaləsində yazır: "Cinsi inqilab Amerika qadınları üçün nəsə yaxşı bir şey gətirdimi? Qətiyyən! Xeyr! Əgər həqiqətə baxsaq, aydın olur ki, bu inqilab onlar üçün yalnız fəlakətli nəticələrə səbəb olub".   Ona görə də analitiklər cinsi inqilabı uğursuzluqla nəticələnən böyük bir eksperiment hesab edirlər...   (ardı var) Söhbətləşdi İlkin İzzət Milli.Az
01.04.2017   1304   39
 
Rövşən Abdullaoğlu: “Ateistlərin din barədə dedikləri primitivdir”  Modern.az saytının dini mövzuda silsilə müsahibələri davam edir. Budəfəki həmsöhbətimiz, filosof-şərqşünas, teoloq Rövşən Abdullaoğludur. Onunla müsahibəni təqdim edirik:   -Rövşən müəllim, dinə münasibət dini sevənlərin arasında da fərqli şəkildə təzahür edir. Bu fərqlər bəzən şəxsi  və ictimai münasibətlərin pozulmasına qədər gətirib çıxarır. Teoloqlar isə dini daha çox fəlsəfi aspektdən izah edirlər. Ənənəvi və klassik yanaşma  isə müasir dövrlə ayaqlaşmır və buna görə də özünü doğrultmur. Buyurun, söhbətə bu mövzuya giriş etməklə başlayaq.    -İlk növbədə deyim ki, belə yanaşma təkcə dində deyil. Digər fəlsəfi və hüquq məktəblərində də bu cür – radikal yanaşmanı görürük. Radikallıq  odur ki, hansısa bir ideologiyanın tərəfdarısan və düşünürsən ki, sənin kimi düşünməyənlərin hamısının yolu səhvdir. Üstəgəl, bu cür düşüncə insanın davranışlarında da təzahür edir: onlarla ünsiyyətdə, rəftarda, cəmiyyətdəki hər hansı bir rabitələrdə bu radikallıq özünü göstərir. Radikallıq düşüncədə və davranışlarda kəskin münasibətdir. İndi isə daha tolerant və səmimi yanaşmadan söz açaq. Səmimi yanaşmanın düsturu: əvvəla öz yanaşmamı düz bilirəm. Ancaq davranışlarda və münasibətlərdə qarşı tərəflə mütləq ortaq məxrəcə gəlməliyəm. Onlara səmimi münasibət göstərməliyəm. Biz cəmiyyət şəklində yaşayırıqsa, anlamalıyıq ki, hər bir fərdin fərqli dünyagörüşü və baxışları var. Hər kəs istəsə ki, ancaq öz görüşlərini yeritsin və əks tərəflərə kəskin münasibət göstərsin – bu zaman cəmiyyətdə yaşayış çətinləşəcək. Dini mövzularda da bizlər düşünürük ki, səmimi şəkildə bütün fikirləri qəbul etmək lazımdır. Hansısa bir fikrə irad bildirmək, onu tənqid etmək olar. Amma bu, qərəzə, ixtilaflara gətirib çıxarmamalıdır.   -Sizinlə tam razıyam, qərəz olmamalıdır. Ancaq bu yaxınlarda verdiyiniz müsahibədə demişdiniz ki, ateistlər din sahəsində savadlı ola bilməzlər. Məncə, bu cür mövqe sərgiləmək sizin qərəziniz idi. Çünki insan var ki, dini yaxşı bilsə də, onu qəbul etmir. Bu baxımdan savad deyərkən konkret nəyi nəzərdə tutduğunuzu anlamıram.    -Nəyisə istər isbat, istərsə də inkar etmək üçün bu mövzuda insanın əhatəli məlumatları olmalıdır. Sokratın zamanında fəlsəfə məktəbinə qarşı hücum var idi. Sokrat bir şüarla onların qarşısında çıxış etdi. “Fəlsəfənin düz ya da səhv olmasını demək üçün fəlsəfə oxumaq lazımdır” dedi. Hər hansı mövzunu inkar ya da təsdiq edirəmsə, o sahədə tam məlumatlı olmalıyam. Bizim yanaşmamız da bu cürdür. Hər bir şəxs öz sahəsində biliyi olduğu həddə söz deməlidir. İrad gətirilmiş mövzu elmlə düz mütənasibdir. İrad nə qədər dərindirsə, mənim bu sahədə elmim də dərin olmalıdır. Orta əsrlərdən tutmuş, müasir dövrə qədər olan bütün ateistlərin din barədə dedikləri birmənalı olaraq primitivdir. Bu onların din sahəsində əhatəli biliyinin olmamasından qaynaqlanır.  -Məsələn, hansı ateistlərin adını çəkə bilərsiniz? Müasir tanınmış ateistlərdən Riçard Doukinzin İslam dinindən məlumatı azdır. Amma başqa dinlər barədə məlumatlıdır.   -Hansı dinlərdən? -Məsələn, xristianlıqdan.   -Doukinz xristianlıq mövzusundakı bəzi iradlarında haqlıdır. Bunu da qəbul edirik. Xristianlıq haqqında məlumatı varsa, bu barədə danışmalısan. Doukinzin etirafına görə, özünün İslam, peyğəmbərimizin tarixi və İslam fəlsəfəsi haqqında məlumatı yoxdur. İslam fəlsəfəsi və hüquq sistemi o qədər geniş mövzudur ki, bu haqda danışmaq üçün sənin nə qədər məlumatın olmalıdır. Buna görə də bütün dini sistemlərə qarşı həmlə etmək düzgün deyil. Doukinz etiraf edir ki, İslam dini haqqında məlumatı yoxdur. Biliyi yoxdursa, deməli o, ümumi din adına danışa bilməz. “Dinlər səhvdir, dinlər bütün şərlərin açarıdır” deyə bilməz.   -Deyirsiniz ki, bilmədən fikir ortaya qoymaq yanlışdır. Tam razıyam. Tutaq ki, Doukinz dinlər haqqında az bilir. Amma bu adam bioloq, genetikdir. Genetika ilə bağlı konkret elmi araşdırmalar ortaya qoyur  və nəticə onu göstərir ki, bu, dindəki yaradılış prinsipi ilə ziddir. Bu zaman isə ilahiyyatçılar elmi nəticənin səhv olduğunu göstərməyə cəhd edir. Yaxşı olmazmı ki, ilahiyyatçılar da müdaxilə etməsin?    -Bir ilahiyyatçı genetik deyilsə, genlərin mutasiyası, genetik kodlaşma, DNT-nin quruluşu və xüsusiyyətləri haqqında bilmədən fikir deyirsə və bu, birbaşa həmin sahənin dərin izahları ilə əlaqəlidirsə, bu da yanlış yanaşmadır. İlahiyyatçının öz əhatəsindən kənar mövzularda konkret fikir bildirməsi düzgün deyil.   -Çox gözəl. Məndə Rövşən Abdulloğlunun obyektiv obrazı qənaətini yarada bilirsiniz.    -Bizim, ümumiyyətlə, dünyanın əsas problemi budur ki, insanlar öz ixtisası olmayan sahələrdə az qala mütəxəssis kimi fikir bildirirlər. Fərq etmir – bu, ilahiyyatçı, təcrübə elmlərinin mütəxəssisi də ola bilər. Bir də görürsən ki, ixtisasca həkim olan biri tarixi proseslər haqqında elə fikir irəli sürür ki, qəbul edilmiş bütün düşüncələri alt-üst edir. Buna deyən lazımdır ki, sənin ixtisasın tibbdir. Hərə öz biliyi olan sahə ilə məşğul olsa bu, daha konstruktiv olar. Nəticəsi də daha faydalı olar.   -Doukinz ya da dünyanın ən intellektual simalarından biri, fizik Stiven Houkinqin izahlarının bir çoxu konkret elmi eksperimentlərə söykənir. Yəni, onların gəldiyi nəticələrin yeganə istinad divarı elmdir. Doukinz elmi araşdırmalarla bu nəticəyə gəlib ki, insanlar və digər canlılar təkamül yolu ilə müasir formasını alıblar. Bu isə dini mətnlərlə ziddiyyət təşkil edir. Əksdirsə, avtomatik olaraq, istəsək də, istəməsək də, dinə qarşıdır. Siz hansını qəbul edirsiniz? Elmin gəldiyi nəticəni yoxsa dində yazılanları?   -Elm adına təsdiqlənmiş elə bir fikir yoxdur ki, bu, İslamın irəli sürdüyü hansısa fikirlərlə ziddiyyət təşkil etsin. Ümumiyyətlə elm, ağıl və din arasında ziddiyyət qeyri-mümkündür. Dinlər aləmləri yaradan hansısa varlıq, qüdrətdən qaynaqlanır. Aləmdəki bütün yaradılış eyni mənbədən gəlir. Həm İslamın hökmləri, həm də kainat. Ona görə də, bunlar arasında ziddiyyət ola bilməz. Allahın varlığının isbat yollarından biri də ağıldır. Bizlər Allahın mövcud olmasının isbatına görə ayələrə və hədislərə əsaslanmırıq. Biz ilk olaraq Allahı ayə və hədissiz isbat etməliyik. Allahı yalnız bir yolla – ağılla isbat etmək lazımdır. Quranla Allahın varlığını isbat etməzlər. Bir adam Allahı qəbul etmirsə, Quranı da qəbul etmir. Biri “Allahı mənə isbat edin. O var yoxsa yoxdur” deyə sual edir. Adətən isə cavab belə olur: “Allahın varlığının dəlili Qurani-Kərimdir”. O isə “mən heç Allahı qəbul etmirəm, o ki qaldı Quran ola” deyə bildirir. Allah, yaradılışla bağlı mövzularda bizlər nə Qurandan, nə də hədisdən dəlil gətirə bilərik. Onlara istinad edə bilmərik. Biz yalnız ağılla Allahın varlığı, xüsusiyyətləri, sifətlərini isbat edə bilərik. Bundan sonra isə Qurani-Kərimin Allah tərəfindən gəldiyini sübut etməliyik. İndi keçək siz toxunduğunuz məsələyə. İstər nəzəri fizika alimləri, istərsə də genetiklər, bioloqlar, zooloqların araşdırma sahələri təcrübə elmləridir. Təcrübə elmlərindən çıxış edərək deyə bilmərik ki, Allah var, yoxsa yoxdur.   -Bəli, onsuz da Allahın varlığı ya da yoxluğu elmin araşdırma predmeti deyil.    -Nəzəri fizikada,  Eynşteyndən tutmuş müasir dövrdəki alimlərə qədər hamısı kainatı izah ediblər. Alimlərin dedikləri kainatda olan qara dəliklər, kainatın genişlənməsi və digər mövzuları əhatə edir. Allah, peyğəmbər, din – bunlar elmin tədqiqat mövzusuna daxil deyil. Elm yalnız o məsələləri müzakirə edir ki, bu yalnız elmin predmeti olsun. Buna görə də elmin ardıcılları heç zaman elmlərindən və elmi biliklərindən çıxış edərək Allah, yaradılış barəsində fikir deyə bilməzlər. Elmi müddəalar tarix boyu dəfələrlə dəyişikliyə uğrayıb. Əvvəllər mövzud olan bəzi nəzəriyyələrin indi düzgün olmadığını sübut edirlər. Bu, fizikada da, genetikada da bu cürdür. Ən dəyişkən elm nəzəri fizikadır. Nəzəri fizikanın işlədiyi mövzular təcrübədən kənardır. Kainatdakı qara dəliklər haqqında çox nəzəriyyə var. Qara dəlikləri heç kəs görməyib. Bunlar heç teleskoplarla da müəyyən olunmayıb. Sadəcə müşahidə olunur ki, kainatın bəzi yerlərində güclü cazibə qüvvəsi var və o, ətrafındakı hər şeyi öz içinə alır. Bunun əsasında deyirlər ki, kainatda qara dəliklər var. Houkinqin özü belə bir fikir irəli sürür ki, qara dəliklərin o biri tərəfində hansısa bir aləm var. Amma bunun nə riyazi nə də fiziki dəlili var. Deməyim odur ki, nəzəri fizika əsasında “din səhvdir” demək absurd bir şeydir.   -Din mənəvi məsələləri tənzimləyən bir sistemdir, inancdır, həm də həyat tərzidir. Elm isə fərqlidir. Amma özünüz də bilirsiniz ki, din açıq şəkildə elm sahələrinə müdaxilə edir. Misal üçün: deyək ki, hansısa alim uzun illər əziyyət çəkir və bir nəzəriyyə ortaya qoyur və bu uğur qazanır. Bu zaman isə din xadimləri “bu onsuz da Quranda var idi” deyirlər. Bu, aşkar şəkildə həmin alimin əməyinə hörmətsizlikdir.    -Səmavi kitablar nəyə görə nazil edilib? Kainatda olan qayda-qanunları öyrətmək üçün? Canlılar aləmində olan müxtəlifliyi izah etmək üçün? Xeyr. Heç bir dini kitab iddia etmir ki, o insanlara kosmosa uçmağın, raket düzəltməyin yollarını öyrətmək üçün gəlib.   -Üzr istəyirəm, amma bunu siz teoloqlar deyirsiniz. Din xadimləri belə demir axı.-Heç bir dini kitab bunu iddia etmir. Səmavi kitablar insanlara hidayət yollarını, mənəvi aləmi, dünya və axirət səadətlərinə gedən yolları bəyan edir. İnsanlara əxlaqi mövzuları, ibadəti başa salır. İnsan hüquqları, insan davranışları, cəmiyyətin tənzimlənməsi məsələlərini izah edir. Bütün bunlar insanın səadəti, xoşbəxtliyi üçündür. Din fizikanı, riyaziyyatı öyrətmək mövzusunu öz öhdəsinə götürməyib. Heç belə bir iddia da etmir. Quran bu iddia ilə çıxış etsəydi və özündə fizikaya dair məqamlar olmasaydı deyərdik: “Bunun iddiası ilə əməli uyğun gəlmir”. Halbuki, din bu iddianı öz üzərinə götürməyib. Düzdür, mümkündür ki, Quranda üstüörtülü yaradılışdan danışılsın. Məsələn, Yerin, göyün yaranması Allahın varlığına dəlil kimi göstərilir. Bildirilir ki, burada nizamsızlıq görmək olmaz, bütün sistemlər bir-birini tamamlayır. Bu mövzularda ümumi danışılır. Ancaq məsələn, atmosferin tərkibinin nədən ibarət olduğu, göyün quruluşunun hansı formada olması mövzusunda yazılmır. Dinlərin vəzifəsi deyil ki, bu mövzulara toxunsun.   “Hər bir canlını cüt-cüt yaratdıq” deyilir. Amma bütün heyvan və bitkilərdə olan mayalanmanın nə cür qurulmasını demir. Dinin vəzifəsi deyil ki, bu mövzuları araşdırsın. Bunu dindən gözləməyimiz də düzgün deyil. Yenə də qeyd edirəm. Müəyyən bir toxunmalar, işarələr ola bilər. Lakin bunlar Quranın missiyası ilə əlaqəli olduğu həddədir.   -Dindəki müddəaların fəlsəfi izahları fərqlidir. Mən istərdim ki, Yaradanı – adını nə qoyuruqsa qoyaq – fəlsəfi cizgilər və boyalarla təsvir edəsiniz. Bayaq dediniz ki, ağılla Allahı dərk etmək olar. Teologiyada Allahın varlığının bir neçə dəlilindən bəhs edilir. Amma məncə, bunlar da yetərli deyil. Bəs insan tam olaraq Allahı nə zaman dərk edəcək?    -Yaradanın tam olaraq dərkindən söhbət gedirsə, bu, qeyri-mümkündür. Bizlər ağıl yolu ilə, əqli mühakimələrlə, fəlsəfi-əqli təhlillər aparmaqla belə bir qüdrətin, varlığın olmasını isbat edirik. Düzdür, hər bir din ya da fəlsəfə buna fərqli adlar qoyur. Biri substansiya, digəri isə Ali İdrak deyir. Fərq etmir, əksər fəlsəfi məktəblər bunun üzərində ittifaq edirlər ki, hər bir nəticə hansısa bir səbəbdən qaynaqlanmalıdır. Mümkün deyil ki, nəticəni zahir edən bir səbəb olmasın. Bəs bu səbəb hansı xüsusiyyətə malikdir? Onun mahiyyəti, özü, yaradılışa olan təması nədən ibarətdir? Biz bunu dərk edə bilmirik. Dərk etmək də qeyri-mümkün bir şeydir. İnsan təmasda olduğu, ağıla girə bilən predmetləri təhlil edir. Bundan kənarda olan mövzulara isə insan girişə bilmir. Heç bir elm adamı və filosof da iddia etmir ki, insan hər bir şeyi dərk edə bilər.   -Bu məsələlərə yenidən qayıdacağam. Amma bayaq dediyiniz konetkstdən çıxış edərək ağlıma bir sual gəldi. Dediniz ki, Quranla Allahın varlığını sübut etməzlər. Bu o mənaya gəlmir ki, 7-ci əsrdə yazılanlar sübut baxımından bu gün üçün yetərli deyil?   -Bəzən deyirlər ki, niyə inanırsan ki, Allah var? İnsanların cavabı belə olur: “Çünki Quranda yazılıb”. İstinad mənbəyi kimi Quran göstərirlər. Bu isə kökündən yanlış yanaşmadır. Quranın isbatı Yaradanın isbatından sonrakı mərhələyə aiddir. İlk olaraq Quranı göndərən Yaradanı isbat etmək lazımdır. Yaradan Qurandan əvvəlki mərhələdə olduğuna görə, Yaradanın isbatında ondan sonrakı mərhələyə istinad edə bilmərik. Düzdür, Qurani-Kərimdə Allahın varlığının sübutunun əqli yolları ilə bağlı yanaşmalar var. Ancaq yenə də deyə bilmərik ki, Allah var, ona görə ki, Quranda yazılıb və peyğəmbər deyib.   -Səbəb-nəticə əlaqələrindən danışdınız. Allahın varlığını sübut etmək üçün həmişə səbəb-nəticə zəncirindən nümunə gətirirlər. Yəni bir şey mövcuddursa, onun mövcud olmasını zəruri edən səbəb var. Bəs bu səbəb-nəticə əlaqəsi sonsuz ola bilməzmi? Ya da niyə ilk təkan kimi məhz Allahı götürürük? Allahın özünə çatanda  niyə başqa bir səbəbə istinad etməməliyik?   -Bertran Rassel necə ateist olmasını izah edir. Bilirsiniz ki, Rassel ateist düşüncəli mütəfəkkirlərdən olub. Eyni zamanda da filosof olub. O bildirir ki, fəlsəfədə belə bir qanun var: hər şeyin bir səbəbi olmalıdır. Rassel deyir: “Bir gün mən fikirləşdim ki, hər bir şeyin səbəbi varsa, bu zaman sual yaranır. Allah da bir mövcuddur. Allah varsa, o da səbəb-nəticə qanunundan kənarda deyil. Allahın da bir səbəbi olmalıdır. Mən burada ziddiyyət gördüm”. Rasselin ateizmə yönəlməsinin səbəbi fəlsəfi məsələnin həll edilməməsi olub. İslam fəlsəfəsinin irəli sürdüyü bir konsepsiya var. Bu, səbəb-nəticə əlaqəsinə dəqiq baxışdır. Bu baxış isə bundan ibarətdir: “Hər bir varlığın səbəbi var” formulu düzgün deyil. Qeyd edirik ki, mahiyyət, vücud etibarı ilə mümkün olan varlıqların səbəbə ehtiyacı var. Bu mümkünləri fəlsəfə özü izah edir. Allah-Təala isə mövcudiyyəti mümkün olan bir varlıq deyil. Yaradanın mövcudluğu elə onun özündən qaynaqlanır. Ağıl isbat edir ki, bu aləmdə elə bir varlıq olmalıdır ki, onun mövcudiyyəti heç bir səbəbə bağlı olmasın. Bu nəticəyə yenə əqli təhlillərlə gəlmək mümkündür.   -Yaxşı, bəs onun mahiyyəti, mövcudiyyəti hansı formadadır?    -Bunu tam mahiyyətinə varıb dərk etmək insan ağlından kənarda olan bir məsələdir. Sizə bir misal çəkəcəyəm. Təsəvvür edin, marafonçulardır və hamısı xəttə durub, qaçmalıdırlar. Birinci qaçışçı deyir ki, mən qaçmayacağam. Bir şərtlə ki, ikinci qaçsın. İkinci də eyni sözü deyir. Beləcə hamısı eyni fikri deyir. Əgər bunların içərisində heç biri qaçmasa, yarış baş tutmayacaq. Bizlər mübahisənin sonunun nə ilə bitdiyindən xəbərsizik. Amma birdən baxıb görürük ki, marafonçular qaçmağa başlayıb. Kim birinci qaçdı, bu nə cür baş verdi? Biz bu prosesi tam bilməsək də, deyirik ki, mütləq olaraq kimsə qanunu pozdu. Yəni kimsə qaçdı ki, digərləri də qaçdı. Kainatda kökdə proses necə başlayıb? Bunu nə nəzəri fizika, nə də başqa elmlər isbat edə bilir. İnsan da heç zaman neçə milyard il əvvəl yaradılışın necə başladığını dərk edə bilməyəcək. Çünki arada böyük fasilə var. Bizlər heç öz yaşadığımız kainatda real olan mövcudları izah edə bilmirik. O ki qaldı, milyard illər bizdən uzaqda olan proseslər olsun. Ağıl isə deyir ki, bir bulaq olmasa, heç zaman su olmaz. Yaradılış da varsa, deməli, bunun qaynaqlandığı, vücudu özündən olan bir varlıq olmalıdır. Fəlsəfədə belə bir qanun var. Deyir ki, vücuddan fəqir olan heç zaman vücud verə bilməz. Birində heç zaman bir şey yoxdursa, kiməsə nəsə bağışlaya bilməz. Mənim cibimdə pul yoxdursa, kimisə varlı edə bilmərəm, kiməsə pul verə bilmərəm. Əgər kiməsə pul vermişəmsə, deməli məndə pul var. Mən deyək ki, pulu kimdənsə almışam, o da kimdənsə alıb. İlk səbəb isə pulu çap edən hansısa bir mənbəyə gedib çıxmalıdır. Ağıl bizə belə deyir. Kainatda da belədir. Bəs bu ilk mənbə necədir, necə işləyir? Ağıl bunu dərk edə bilmir. Çünki zəncirlər həddən artıq çoxdur, buna görə də həlqənin birincisinə gedib çıxıb, onu təhlil etmək insanın iqtidarında deyil. Məhdud elmimiz, məhdud qüdrətimiz buna imkan vermir.   -Əvvəlcədən mövcudiyyət məsələsini qabartdınız...   -Bağışlayın, sözünüzü kəsirəm. Bu mövzular sizin üçün maraqlıdır, yoxsa ancaq oxucular üçün? Çünki hiss edirəm ki, özünüz bu mövzulara girişməyə çox maraqlısınız.   -Mən imkanım daxilində bu mövzularla maraqlanıram. Düzü, deməli deyiləm, ancaq qeyd edəcəyəm. Özüm ateist dünyagörüşünə sahibəm. Sizin sualınıza gəlincə, həm özüm maraqlanıram, həm də düşünürəm ki, oxucular üçün də maraqlı olar.  -Hiss olunur ki, bir insanın özünün də bu mövzulara marağı var. Bəzən suallar ancaq sual xatirinə verirlər, amma sizdə bunu görmədim.   -Təşəkkür edirəm. Qayıdaq mənim verəcəyim növbəti suala. Əvvəlcədən mövcudiyyət məsələsini qabartdınız, yəni ilk mənbə yaranmayıb, yaradılmayıb. Eyni şeyi kainatın, təbiətin özünə aid edə bilmərikmi? Yəni kainat da yaranmayıb, yaradılmayıb. Houkinq özü də bunu vurğulayır.    -Onların özləri belə nəzəriyyələrində təbiəti mövcud olan bir varlıq kimi görürlər. Bizlər ağacı görürük. O, təbiətin bir hissəsidir. Amma biz ağacı heç zaman Allah saya bilmərik. Günəşi, qalaktikaları Allah kimi təqdim edə bilmərik. Aydındır ki, bunlar dəyişkəndir, hansısa haldan-hala düşürlər. Bir zaman yox idilər, lakin sonra yarandılar. Qurani-Kərimdən bir misal çəkəcəyəm. İbrahim peyğəmbər Günəşlə Ayı müqayisə edir və deyir. “Günəş  Aydır, o batır. Mən isə batanları sevmirəm”. Eyni müqayisə ilə Aya da yanaşır. Burada mistik və irfani yanaşma var. Əqli bir istiqamət də var. Bir şey ki, dəyişir, əvvəl yox idi, sonradan mövcud olub, bunu vücudu özündən olan bir varlıq kimi təsəvvür edə bilmərik.   -Teologiya məsələlərindən bir az kənarlaşaq. Quranın ilk dəfə yığılması və bundan irəli gələn sonrakı tarixi periodla bağlı sualım olacaq. Burada hədislərə istinad etməli olacağıq, çünki bu fəlsəfi yox, tarixi proseslərdir. “Bu gün əlimizdə olan Quran Məhəmməd peyğəmbərin ölümündən sonra hazırlanan Quranın orijinalı deyil” deyə bilərikmi?    -Xeyr. Qurani-Kərim 14 əsr bundan əvvəl nazil olub. 14 əsrdən də o yana, elə bir informasiya mənbəyi, daş kitabə yoxdurmu ki, günümüzə qədər qorunub saxlansın? Təbii ki, var. Eramızdan əvvəldə də, bir çox yazılı mənbələr var ki, olduğu kimi dövrümüzə kim qorunub saxlanılıb. Bizlər bu gün də Aristotelin, Sokratın fikirlərindən danışırıq. Onların fikirlərini bölüşürük. Məntiqin özü Aristotelin fikirləri üzərində qurulub. Günümüzdə olan məntiq Aristotel məntiqinin əlavə olunmuş, genişləndirilmiş formasıdır. Yəni, məlumatların, informasiyaların uzaq bir məsafədən, tarixi prosesləri keçərək gəlib çıxması mümkündür. Nə qədər daş kitabələr, məlumatlar var. O ki qaldı 14 əsr bundan qabaqkı ola. 14 əsr bundan əvvəl  o birilərlə müqayisədə elə də böyük zaman deyil. Siz təsəvvür edin ki, adi bir yazıçının, eramızdan əvvəlki fikirləri gəlib günümüzə çıxır. Bir şəxs isə peyğəmbər olaraq göndərilib. Yüz minlərlə müsəlmanın inanc mənbəyi olan bir kitab təqdim edib. Hansı ki, onun bütün inancları bunun üzərində qurulub. Onlar da bu kitabı həssasiyyətlə qoruyub saxlamazlarmı?! Hansı ki, dini-imanı bu kitaba bağlıdır. Bir məsələni də qeyd edim. İslam peyğəmbərinin digər peyğəmbərlərdən fərqi bundan ibarətdir: İslam peyğəmbəri gəlib İslam sistemini qurdu. İsa Məsih göylərə çəkiləndən sonra onun qoyduğu sistem dağıldı. Buna görə də, İncil təhrif olundu. Çünki İsa peyğəmbər sistem, dövlət qura bilməmişdi ki, İncili qoruyub saxlasın. Məkkənin fəthindən sonra isə xilafət sistemi quruldu. Və İslam hökumətinin Konstitusiyası Quran idi. Buna görə də, bizlər Quranın zərrə qədər də dəyişdirilməsində şübhəyə belə düşmürük.   -Mən iddia etmirəm ki, əlimizdə olan bugünkü mətn dəyişdirilmiş, təhrif edilmiş yazılardır. Çünki əlimdə konkret dəlilim yoxdur. Mənim dediyim Quranın orijinalı ilə bağlıdır. Məsələn, hədislərdə nəql olunur ki, Məhəmməd peyğəmbərin ölümündən sonra yığılan Quranı Əməvi xəlifəsi Mərvan İbn Həkəm yandırdıb.    -Quran İslam peyğəmbərinə nazil olandan sonra bu kitabın qorunması və gələcək nəsillərə ötürülməsi bir neçə mərhələdə həyata keçirilib. O dövrdə yüzlərlə Quran qarisi var idi. Qədim ərəb şeirləri var ki, bunları adi, bədəvi bir ərəb deyib. Şeir, ədəbiyyat ərəblərdə həddindən artıq inkişaf etmişdi. Çox asan da əzbərləyirdilər. Quran da asanlıqla ərəblər arasında əzbərlənirdi. O dövrdə zəif imanlı bir müsəlman belə Qurani-Kərimin üçdə-birini əzbər bilib. Onlar danışıqlarında kitab çıxarıb Qurandan sitat gətirməyiblər. Birbaşa içdən deyiblər. Deməli, Quranı əzbərləyirdilər, əzbərlədirdilər. Bundan başqa Quran ayələri enli sümük lövhələrdə yazılırdı və saxlanılırdı. Yəni həm yaddaşlarda, həm də yazı formasında. Peyğəmbərimizin vəfatından sonra dəridə olan Quran ayələri bir kitab şəklinə salınır. Bundan sonra Quran qarilər tərəfindən oxunur. Bu proses artıq peyğəmbərimizin dövründə başlamışdı. Peyğəmbərimiz dəri və sümük üzərində olan ayələri dəfələrlə oxutdururdu. Peyğəmbərimizin birbaşa vəzifəsi idi ki, bu işlərə nəzarət etsin. I xəlifə Əbu Bəkrin dövründə Quran toplanılır, cəm olunur. Daha sonra başqa xəlifələri dövründə nüsxələri çıxardılır. Bu şəkildə Quran İslam məmləkətlərinə göndərilir. Quranın o qədər çox nüsxəsi olub ki, onu hifz edən, əzbər bilən o qədər insan var idi ki! Buna görə də heç bir zaman Quranın orijinallığını itirməsi, dəyişdirilməsi məsələsi heç zaman gündəmə gəlməyib. Hətta qədim Quran əlyazmaları da mövcuddur. Bu, indiki Qurani-Kərimlə eynilik təşkil edir.   -Quranda qeyd olunur ki, biz bu kitabı endirdik və onu qoruyacağıq. Bəs Allah digər göndərdiyi kitabları - Tövratı və İncili niyə qorumadı? Bu sualı ona görə səsləndirdim ki, bu gün ən çox  Tövratla İncilin təhrifindən söz düşür.    -Digər kitabların aradan getməsi təbii bir formada oldu. Bayaq da qeyd etdim ki, İslam peyğəmbəri sistem qurdu və onun konstitusiyası müqəddəs kitab Quran oldu. Digər peyğəmbərlərdə isə bunu görmürük. Buna görə də digər kitablarda təhrif təbii formada oldu. İsa Məsihdən sonra yəhudi icması xristianlıq əleyhinə fəaliyyət göstərdi. İsa peyğəmbərin özünü də bir terrorist kimi bilirdilər. Allah isə Quranda bildirir ki, onu təbii axarı ilə hifz edəcək, qoruyacaq. Siz dediyiniz ayə də buna işarədir. Hətta Tövrat və İncil qalsaydılar belə, İslam peyğəmbərinin gəlməyi ilə onlar qüvvədən düşəcəkdilər. Çünki orada olan hökmlərin bəsitliyi, o dövrdə olan ictimai əlaqələrə yönəlmiş hökmlər olduğu göz önündə idi. Həm də o hökmlər İslamdakı kimi çoxşaxəli deyil. İslam hüquq sistemi çox geniş və dərindir. İncil və Tövratdakı hökmlər isə tam əhatəli deyildi.   -Allahın həzrəti Məryəmə ruh üfürməsi və bundan sonra İsa peyğəmbərin doğulması faktını Quran da təsdiqləyir. Amma elmə görə, məməlilər sinfində müəyyən cinsi proseslər getməsə, çoxalma olmaz. Bəs necə oldu ki, Məryəm İsa peyğəmbəri bakirə doğumla dünyaya gətirdi?    -Yaxşı sualdır. Bir məsələni qeyd edim ki, yaradılışı biz erkək və dişi olaraq görürük. Bitkilər aləmində belə, erkək və dişi deyilən kateqoriyalar var. Deməyim odur ki, biz bütün sistemlərdə erkək və dişi görürük. Bəs necə oldu ki, bir erkək olmadan dişidə mayalanma baş verdi? Bu, təbiətşünaslığa məchul olan bir şey deyil. Həyatda elə canlılar var ki, onlar erkək olmadan çoxalırlar.   -Bəli razıyam, hətta özü-özünü çoxaldan canlılar da var. Amma insan bu kateqoriya canlılara daxil deyil axı.   -İlahi qüdrətlə məsələyə baxsaq, bu mövzu həll olunur. Əsas mayalanmanın getməsi üçün ona ruhun üfürülməsi və prosesin ana bətnində getməsidir. Həmin şərait də həzrəti Məryəmdə baş tutdu. İkincisi də bayaq dediyim kimi, elə canlılar var ki, onlar erkək olmadan çoxalırlar. İnsan da canlının bir növüdür. Allahın qüdrəti qarşısında elə bir məhdudlaşdırıcı amil yoxdur. Bəzi canlılarda erkək olmadan mayalanma mümkündürsə, bu, insanda da ola bilər.   -Yaradanın dərin izahından belə anlaşılır ki, Ali Şüur zamanın və məkanın fövqündə duran bir mövcudiyyətdir. Necə düşünək və hansı qərara gələk?    -Allahın vəsfinə toxunmaq istəyirəm. Qurani-Kərimdə də bildirilir ki, Allah hər yerdədir. Nə aşağıdadır, nə yuxarıdadır. Nə bir şeyin içinə girib, nə də ondan kənardadır. Allah hər bir şeylədir. Amma nəyəsə durub Allah da deyə bilmərik. Sizə bir misal çəkim və bunun ətrafında düşünün. Beyninizdə bir planet yaradın. Bu planetin üzərində milyonlarla insanlar düşünün. Bu insanlar müxtəlif bölgələrdə yaşayırlar. Hamısının evi, təsərrüfatı var. İndi sizə sual verirəm. Siz bu beyninizdə yaratdığınız planet və insanlara nisbətdə haradasınız?   -Nəyi nəzərdə tutduğunuzu bilmədiyimə görə, cavablandırmaqda çətinlik çəkirəm.    -Nə aşağıdasınız, nə də yuxarıda. Amma bu planeti tamlığı ilə əhatə etmisiniz. Bu insanlar içərisindən bir nəfəri peyğəmbər seçirsiniz. Ona sözlər deyirsiniz. Sözləri nə cür deyəcəksiniz? Təbii ki, bu cür danışıqlarla yox. Siz onun düşüncəsinə nəyisə salacaqsınız. Çünki siz danışanda o eşitmir axı. Mənim beynimdə yaratdığım planet və onun üzərində olan insanlar mənim səsimi eşitmir. Mənim səsimi mənimlə paralel olanlar eşidir. Mən peyğəmbər seçsəm necə edəcəyəm? Onun içində səslər və sözləri yaradacağam. Onun başa düşdüyü impulslarla hökmlərimi ona ötürəcəyəm. Bu, vəhydir.   -Yəni, prosesləri dini mətnlərdə yazılan kimi başa düşməyək? Yəni, kimsə Allahla söhbət etdi, ona mələklər nəsə dedi və sairi nəzərdə tuturam.    -Bəli, qətiyyən belə başa düşməməliyik. Bunu sadəcə təsəvvürləri yaxınlaşdırmaq üçün edirlər.   -Amma Musa peyğəmbər Allahla danışan peyğəmbər kimi din tarixinə düşüb.    -Birini beyninizdə peyğəmbər seçirsiniz. Onunla danışmaq üçün bəzən onun içində səs yaradırsınız. Bəzən onun təmasa olduğu bir əşya ilə. Məsələn, beyninizdə olan insan yolla gedir və bir ağacın yanından keçir. Siz isə ona vəhy göndərmək istəyirsiniz. O ağac od tutub yanır. Bu zaman ağacın yolu ilə onun başa düşdüyü formada hökmləri ona çatdırırsan. Əslində bu, Allahın səsi deyil. Bu səs dalğalar şəklində yaranır və ağacdan çıxır. İnsan da bunu başa düşür. Deyək ki, sizin nəzərdə tutduğunuz insan deyir: Ay Allah sən hardasan? Siz isə “Mən hər yerdəyəm” cavabını verirsiniz. “Bəs hər yerdəsinizsə, bu ağacın içində də varsan?” deyə yenə sual edir. “Hə varam” cavabı verilir. “Bəs bu zaman deyə bilərəm ki, bu ağac sənsən?”. Cavab isə “yox” olur. “Mən hər şeyi əhatə etmişəm. Amma bu o demək deyil ki, bu ağac, bu daş, planet mənəm” bildirilir. Sonrakı dialoq isə belə olacaq: -Bəs sən uzaqdasan? -Uzaqdayam, amma bu, o demək deyil ki, səninlə mənim aramda böyük məsafə var.   Bizlər Allahı anlamaq üçün fəlsəfi bəhslərdə bu modeli misal kimi gətiririk ki, insan mövzunu anlaya bilsin. Bu cür izah heç bir dində yoxdur. Nə İncil, nə Tövrat, nə də onlara yazılan şərhlərdə. Bu İslam fəlsəfəsinin Quran ayələri və hədisləri əsasında olan yanaşmasıdır. Hətta bir çox ateistlər dinlər içərisində İslamın fəlsəfəsini və yanaşmasını qat-qat üstün tuturlar.   -Bu məsələdə mövqeyinizi bölüşürəm. Məsələn, mən özüm Əli Şəriətinin “Həcc” əsərini oxuyanda o qədər dərin hisslər keçirdim ki, bir anlıq özümü Həcc ziyarətində gördüm. Eyni zamanda Mürtəza Mütəhərri də çox xoşuma gəlir. Ancaq bir məqam da var ki, bu da fəlsəfənin özünün cəlbediciliyi və ecazkarlığı ilə bağlıdır. Məsələn, fəlsəfə ilə Məlikməmmədin nağılına da elə bir izah vermək olar ki, adam heyran qalar.  -Elə deyil. Mənim verdiyim izahlar fərqlidir. Məlikməmməd nağılına nə qədər fəlsəfi çalar verilsə də, bu haqda nə qədər gözəl danışılsa da, insanlar bunun həqiqətə uyğun olub-olmadığını dərk edir. İzahlar düsturlar şəklində olmalıdır. Hər bir mühakimə müəyyən bir kökə söykənməlidir. Quranın yanaşmasına görə, inancda məcburiyyət yoxdur. Bu, mütləq şəkildə bu cürdür. Kim din adından nəsə danışır – bununla işim yoxdur. Dinlə dindar arasında fərq qoymaq lazımdır. Dindar dini öz həyatında yaşamağa səy edən şəxsdir. Bu bəzən uğurlu, bəzən də uğursuz olur. Buna görə də, biz dindarın yaşayışı ilə dinə qiymət verə bilmərik. Dinin öz kökü, məcəlləsi, konsepsiyası var. İlk olaraq buna baxmaq lazımdır. Bundan sonra dinlə dindarı müqayisə etməliyik. Ayırd etməliyik ki, bu həqiqi dindardır, yoxsa yox. İnsanlar bu cür yanaşmırlar. Dini dindarla dəyərləndirirlər. Bəzən həkimlərə görə tibbə qiymət verirlər. Bu cür yanaşmanı hansısa millətə, ölkəyə qarşı da sərgiləyirlər. Bir də görürsən ki, bir nəfərə görə bütün milləti günühlandırırlar. Bu, səhv bir düşüncədir.   “Zümər” surəsinin 18-ci ayəsində deyilir: “Ağıl sahibləri o kəslərdir ki, sözləri, fikirləri eşidərlər”. Deməli Quran ilk növbədə insana əmr edir ki, müxtəlifliyi dinlə. Demir ki, ancaq peyğəmbərə qulaq as və digərlərini heç dinləmə! Quranda bildirilir ki, bütün fikirləri dinləyəndən sonra hansı daha əhsəndirsə, ağılla, məntiqlə hansı daha üstündürsə, onu qəbul et!   “Ağıl sahibləri o kəslərdir ki, müxtəlif fikirləri dinləyirlər. Ən düz məntiqli, ağıllı bildiyini insafla qəbul edirlər. Doğru yolda yönəltdiyim insanlar da bunlardır” deyə qeyd olunur.   -Deyək ki, birinin ağlı və məntiqi diktə edir və o, ateizmi qəbul edir.    -2 vur 2-nin neçə cavabı var? Yalnız bir. O da 4-dür. Biri ateizmə ya da teizmə gəlirsə, biri cavabı 4, biri də 5 bilib. Təbii ki, ikisindən biri yanlışdır.   -O zaman siz dediklərinizdən “Müxtəlif fikirləri dinləyəndən sonra yalnız məni qəbul et” qənaəti yaranır. Dinin yanaşması da bunu deyir.    -Yaradanı qəbul etmək dini qəbul etmək demək deyil. Bəzən insanlar dindarların bəzi əməllərini görürlər və bunu birbaşa Yaradanla əlaqələndirirlər. İnsanların əməllərinə görə, Yaradanı danırlar. Nə dindən, nə də İslamdan danışaq və belə bir sual verək: Bu yaradılış özbaşına, heç bir təsir olmadan yaranıb, yoxsa bunun bir mənbəyi var? İndi bu mənbənin adı - Substansiyadır, Allahdır – fərqi yoxdur. Mənim bununla işim yoxdur. Ateist belə, mən dediklərim üzərində düşünsə, görəcək ki, o da Yaradanı qəbul edir.  Onlar da bu sistemin kökündə hansısa bir qüdrəti, Ali İdrakı bilirlər. Amma buna nə ad verirlər – bunlar fərqlidir. Spinoza fəlsəfəsində buna Substansiya deyilir. Volter fikirləşir ki, Spinoza Substansiya deyərkən Allahı nəzərdə tutub. Volter Fransada ən böyük mütəfəkkirlərdən sayılır. Volterin özü ateistləri qınayır. O “Fəlsəfə lüğəti”ndə ateistlər əleyhinə sərt ittihamlarla çıxış edir. Düzdür, Volter dinlərə qarşı bədbin bir insan olub. Ancaq yaradılışda qüdrət və varlığı qəbul edib.   -Rövşən müəllim, çox deyirlər ki, Quranı oxu və digər mənbələrə çox da etibar etmə. Çox gözəl. Mən Quranı oxuyuram və görürəm ki, surələrin birində əllərin, ayaqların çarpaz kəsilməsi əmr olunur. Bu zaman mənim inancımda bağlar qopmayıbsa, bu hökmü yazıldığı kimi qəbul edəcəyəm və bunun mütləq doğru olduğu qənaətinə gələcəyəm, onu edənlərə haqq qazandırcağam.    -Siz hansı surəni və ayəni nəzərdə tutursunuz?    -“Maidə” surəsi 33-cü ayə. Təxmini belədir ki, Yer üzərində fitnə-fəsad salanların əlləri, qolları çarpaz kəsilsin.    -İslamda əllə ayaqların çarpaz kəsilməsi cəzası yoxdur. İslamda barmaqların kəsilməsi var. Özü də ancaq xüsusi kateqoriyaya girən oğruların. Ancaq əllə-ayağın çarpaz kəsilməsi məsələsi yoxdur.   -Yaxşı, lap barmaqların kəsilməsi cəzası olsun. Biz qatı cinayətkarların öldürülməsini istəyə bilərik. Ancaq bu cinayətkara verdiyimiz instinktdir, bəlkə də qeyri-iradi reaksiyadır. Müasir, praqmatik hüquqda isə ölüm, edam cəzası yoxdur.   -Ölüm daha şiddətlidir, yoxsa 4 barmağın kəsilməsi?     -Təbii ki, ölüm.    -Deməli, İslam da bu məsələyə daha humanist yanaşıb. Çinin özündə rüşvətə görə edam edirlər. Mən Çinlə bağlı bir statistikaya baxmışdım. 10 min nəfər rüşvət üstündə edam olunub. Çünki Çin deyir ki, kimsə camaatın malına, büdcəyə əl uzadırsa, bunun nəticəsi insanların fahişəliyə sürüklənməsinə gətirib çıxaracaq. Yəni bir nəfərin boğazından kəssən, o pis yola düşə bilər. Oğurluq qətllər yaradır. Deməli, sənin etdiyin işin təsiri daha çoxdur. Quranda belə bir ayə var: “Fitnə qətldən də şiddətlidir”. Bəzən insan elə bir hərəkət edər ki, bu, cəmiyyəti ömürlük iflic, bədbəxt edər. Minlərlə insanı əxlaqsızlığa, fahişəliyə sövq edər. Çin bu cür düşünür. Deyir ki, qlobal miqyaslı oğrular edam olunmalıdır və cəmiyyət yaşamalıdır. İslamın yanaşması bu cürdür. İslam da istəyir ki, cəmiyyət sağlam yaşasın, cinayətkarlığın qarşısı alınsın. Ancaq İslamda olan cəzaların hamısı qorxutmaq xarakteri daşıyır. Əl kəsilməsinin hansı şərtlərdə olduğunu desəm, görərsiniz ki, gərək 100-200 ildə bir şəxs buna uyğun gəlsin ya da gəlməsin. Belə deyil ki, hər oğrunun əli kəsilməlidir. Biri digərinin cibinə girirsə, onu əli kəsilmir. Əsas çağırış budur ki. cəmiyyət, insanlar pis əməllərdən çəkinsinlər, oğurluq etməsinlər, cinayət törətməsinlər. Digər edam hökmlərində belə şərtlər çox sərtdir. Neçə dənə şahid olmalıdır və hamısı eyni sözü deməlidir. -Gələk özünüzlə bağlı məqamlara. İranda fəlsəfə və teologiya mərkəzlərində təhsil almısınız. Bu barədə məlumatlar azdır, olanlar da yalnız səthidir. Yəqin ki, Qumda təhsil almısınız.    -Bəli, Qumda təhsil almışam. Mən İqtisad Universitetini  bitirmişəm. Sadəcə olaraq psixologiya, şərqşünaslıq, psixologiya, irfan mövzuları həmişə mənim maraq dairəmdə olub. İqtisadiyyat mənim mənəvi və fəlsəfi axtarışlarımı ödəyən bir mərkəz deyildi. Mən orta məktəbin son illərindən psixologiya, fəlsəfədən çox oxumuşam. Bir nəfər psixologiya, irfan, fəlsəfə ilə maraqlanırsa, dindən yan keçə bilməz. Azərbaycanda istədiyim bilgiləri tam olaraq mənə verən bir mənbə olmadığına görə, İrana getdim.   -Məsələn, Əl-Əzhər Universitetinə də gedə bilərdiniz.    -Əvvəl müxtəlif variantlar var idi. Müxtəlif yerləri düşünürdüm. Əl-Əzhər Universiteti və digər İslam ölkələrində olan mərkəzlərin proqramlarında mən istədiyim mövzular yox idi. Məsələn, onlar irfan mövzularına o qədər də girmirlər. Həmçinin mütaliə fəlsəfəsi də. -Ateistlərə münasibətiniz necədir? İstərdim tam səmimi cavab verəsiniz. Qarşınızda ateist oturub deyə, mənə xoş gəlmək üçün fikir bildirməyəsiniz.    -Tam səmimi sözümdür. Kimdənsə, çəkinəcəyimiz yoxdur. Nə düşünürüksə, onu deyirik. Ateist mənim yanımda oturanda və fikir bildirəndə, qətiyyən içimdə bir narahatlıq keçirmirəm. O ateistə qarşı daxilimdə zərrə qədər də qıcıq yaranmır. Bizim bir çox oxucularımız ateistlərdir. Yazırlar, fikir mübadiləsi aparırlar. Ona görə də, fikirləşirəm ki, ünsiyyətdə əsas olan insan faktoru, qarşılıqlı hörmətdir. Düzdür, hərənin bir baxışı var və bu da normaldır.   Aqşin KƏRİMOV Modern.az
24.12.2016   1882   39