NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
Uğurlu biznesi necə qurmaq olar?

Nigar Abbaszadə


Tərcüməçi
Bütün yazıları

 
Uğurlu biznesi necə qurmaq olar?
28.10.2016   3941
60

Hamımız bilirik ki, pulsuz yaşamaq çox çətindir, ev təsərrüfatınız olmadan yaşamaq isə - qeyri-mümkündür. Əgər zəngin babanız və ya atanız sizə yaxşı gəlir gətirən biznes miras qoymayıbsa, deməli, yaşayışınız üçün pul qazanmaq məcburiyyətindəsiniz. Bunun üçün isə çox çalışmaq lazımdır. Bəzən elə olur ki, çox çalışırıq, amma ayın sonunda gözlədiyimiz gəliri əldə edə bilmirik, cərimələnirik, maaşımız kəsilir və s. Təəssüf ki, işəgötürənlərin 95%-i işçiyə daha az pul ödəməyə, bunun müqabilində onu o ki var yükləməyə çalışırlar. Bu cür sistemə qarşı mübarizə aparmaqdan yorulanlar bəzən öz işlərini qurmaq haqqında düşünməyə başlayırlar. Öz biznesini qurmaq – necə də cəzbedici görünür! Sahibkarlıq, təşkilatçılıq qarşımızda tamamilə yeni, sərbəst bir dünyaya qapı açır. Sahibkar olaraq qazandığınız sosial statusla yanaşı, siz həm də özünüz üçün işləyirsiniz, öz iş cədvəlinizi özünüz müəyyənləşdirirsiniz və yalnız sevdiyiniz işlə məşğul olursunuz.

 

Biz kiminsə uğurlu iş adamı olduğunu görəndə çox vaxt yalnız nəticəyə baxırıq, həmin adamın bu pilləyə necə gəlib çatması barədə düşünmürük. Hesab edirik ki, uğurlu biznes qurmaq üçün yaxşı ideya tapmaq və təcrübəli iş adamlarından məsləhət almaq kifayətdir. Amma bu, heç də belə deyil. Uğur əldə etməyin universal formulu mövcuddur: Hazırlıq + Biznes ideyası + İdeyanın reallaşdırılması mexanizmi = Uğurlu biznes.

 

Biznesə başlamaq, onu qurmaq və inkişaf etdirmək cəzbedici görünür. Bəzi sahibkarlar vaxtilə kiminsə “əlinin altında” işlədiklərindən daha çox işləyirlər, heç qazancları da əvvəlkindən fərqlənmir. Elə isə, onları öz bizneslərini qurmağa nə vadar edib? Yəqin ki, məqsəd iqtisadi asılılığa son qoymaq, azadlıq və müstəqillik olub. Gələcək biznesmenin hazırlıqlı olması çox vacibdir. Müvafiq bilik və bacarıqları olmayan “iş adamı” öz fəaliyyətinin başlanğıcında müflis ola bilər. Bu, avtomobil sürməyi bacarmayan birinin sükan arxasına keçərək, avtomobili hərəkətə gətirməyə çalışması kimi bir şeydir. 

 

Biznes üçün yaxşı ideya olmadan uğur əldə etməyə ümid etmək olmaz. Bu ideyanı qiymətləndirmək çox vacibdir. Təklif etmək istədiyiniz məhsul və ya xidmət alıcıların və ya istifadəçilərin marağına səbəb ola biləcəkmi? İnsanlar onlara görə pul ödəməyə razı olacaqmı? Unutmayın: Biznes sizə işləyir, siz biznesə deyil.

 

İdeya tapdıqdan sonra onun reallaşdırılması mexanizmi olmalıdır. Biznesi uğurlu və gəlirli etmək üçün gəlirlərin xərclərdən artıq  olacağı bir model yaratmaq lazımdır. Bu model alıcı və ya istifadəçi axınının dayanmamasına hesablanmalıdır. Lakin yaxşı pul gətirən ideyalardan yapışmayın, çünki əksər gəlirli sahələr artıq “tutulub” və yeni başlayanlar üçün güclü rəqiblər arasında çox çətin ola  bilər. Yaxşı bacardığınız işlərdən yapışın. Əgər yaxşı şirniyyat bişirməyi bacarırsınızsa, biznesinizə şirniyyat mağazasını açmaqla başlaya bilərsiniz. Kompüter bacarıqlarınız əladırsa, şəxsi internet-mağazanızı aça bilərsiniz. Xalça toxumağı bacarırsınızsa, mini-xalça sexi açmaq olar. Ətrafınızdakı uğurlu biznes sahiblərinin yolu ilə getməyə çalışmayın, öz yolunuzu müəyyənləşdirin.

  

Bundan sonra növbə çatır biznes-planın tərtib edilməsinə. Bu sənəddə ideyalarınız və onların reallaşdırılmasınıntəşkili üçün çox vacib olan üsul və vasitələr, gəlir proqnozları, xərclər, işçi siyahısı və digər məlumatlar yer alır.



Bəs uğurlu biznes qurmaq üçün haradan pul tapa bilərik? Ağıla gələn ilk fikir “qara gün” üçün yığdıqlarımızdan istifadə etməkdir. Biznes-planınızı kredit təşkilatlarına təqdim etməklə də biznesə başlamaq üçün kapital əldə edə bilərsiniz. Partnyor və ya investorlar da cəlb edə bilərsiniz, amma bunu etməzdən əvvəl yüz ölçüb, bir biçin. Bəzən ən çox etibar etdiyimiz insanlar bizi çətin vəziyyətdə qoya bilər. Uğurlu biznes qurmaq üçün yalnız özünüzə güvənin, bir az skeptik olun. Pis ssenarilərə hazır olun və risk etməkdən çəkinməyin. İtirməyə çox şeyiniz olsa belə, itirməyə heç nəyiniz yoxmuş kimi davranın.

 

 Sonradan biznesinizi sistem halına gətirmək barədə də düşünün. Artıq sizin məqsədiniz bir şirniyyat mağazasını mağazalar şəbəkəsinə, şirkəti şirkətlər qrupuna çevirmək ola bilər. Əgər gəlirlərinizi artırmaq istəyirsinizsə, işlədiyiniz saatları da artırmalı olacaqsınız. Əsas odur ki, sevdiyiniz işi görüb, gördüyünüz işi də sevəsiniz. Nəticə olaraq, uğurlu biznesə başlamaq və yüksəlmək mükafat və risklərlə ölçülür. Uğur götür–qoy, nizam–intizam və dözümlülük tələb edir. Lakin uğur bir gecədə qazanılmır – o, uzunmüddətli gərgin iş tələb edir və siz çətin mühitdə olsa belə, davamlı iş görməlisiniz.

 

Uğurlu biznesinizin daha da uğurlu olması üçün pulunuzun dəyərini bilməli, bir qəpiyinizi belə israf etməməlisiniz. Bu məqamda amerikalı milyarder Uorren Baffetin məşhur “uğurun 6 qaydası”nı xatırlatmaq istəyirəm:

 

  • Kredit kartlarından uzaq olun.
  • Kapitalı özünüzə qoyun. Unutmayın ki, pullar insanı yox, insanlar pulları yaradır.
  • Bacardığınız qədər sadə həyat tərzi sürün.
  • Başqalarının məsləhət verdiklərini etməyin. Sadəcə onları dinləyin və düz bildiyiniz kimi edin, hətta etdikləriniz heç bir məsləhətə uyğun gəlməsə belə.
  • Brendlərin dalınca qaçmayın. Özünüzü rahat hiss etdiyiniz paltarları geyinin.
  • Öz həyatınızı özünüz idarə edin. Bu sizin həyatınızdır, başqasının yox.

 

Elə Uorren Baffet demişkən: “Hər şeyi zaman göstərəcək. Zaman yaxşı biznesmenin dostudur”.

 
 
 
 
Şərhlər
 
Digər yazıları (9)
Bütün yazıları
Hələ həyatının baharını yaşayarkən, 19 illik ömrünün 20-ci ilinə qədəm qoymuşkən, vəhşi canavarlara yem olan bir quzudan danışacağam. Törədildiyi Türkiyə ilə yanaşı, ölkəmizdə də geniş əks-səda doğuran Özgecan Aslan cinayətindən... Son bir həftədir gündəmi zəbt edən bu hadisə müsəlman cəmiyyətində və ümumiyyətlə müasir cəmiyyətdə, zənnimcə, həmişə diqqət yetirilməli olan bəzi məqamları gündəmə gətirdi. Zorlama, zorlamaya cəhd, sataşma, qadın namusuna əl və ya dil uzatma, və sair və ilaxır – siyahını hələ çox uzatmaq olar. Tələbə qız namusunu qorumaq üçün canından oldu. Üstəlik işgəncə görərək, xüsusi amansızlıqla qətlə yetirildi. Təsəvvür edin, istintaqda elə məqamlar ortaya çıxdı ki, Özgecanın anası “Ondansa qızıma bir güllə vurardın” dedi... Heç olmasa, əzab çəkmədən ölərdi... Əlləri kəsilərkən sağ imiş...                                                                                                                                                                                                                            *** Qonşu ölkədə qadına qarşı zorakılıq əleyhinə aksiyalar başladı. Şüarlar səsləndirildi, bəyanatlar verildi, “Özgecanın hesabını qadınlar soracaq” dedilər. Özünü zəncirləyib etiraz aksiyası keçirən qızlar da tapıldı, qadınlarla həmrəy olduqlarını nümayiş etdirmək üçün mini ətək geyinib yürüş edən kişilər də... Hətta fevralın 16-sı çoxları Özgecan üçün qara geyindi, həmin gün tarixə “Qara Cümə” olaraq düşdü. Mərhumun tabutunu çiyinlərində daşıyan qadınlar oldu... “Zalımın zülmü varsa, məzlumun da Allahı var” deyənlər çox oldu. Amma meşə çaqqalsız olmaz deyiblər – “Özgecana yaxşı oldu” deyən kişiciklər də tapıldı. Psixologiya fakültəsinin tələbəsi olan Özgecan dərslərində müvəffəqiyyətli, necə deyərlər, yolunu düz gedib, düz gələn, tərbiyəli bir ailənin qızı idi. Cinayətkar avtobus sürücüsünü də qohumları psixopat kimi qələmə verirlər. Belə olan halda, hansı düşüncəsiz insan deyə bilər ki, günah qurbandadır – özünü yüngül aparıb, kişi də elə kişidir, bir anlıq şəhvətə uyması normaldır?! Yaxud da, “qız uşağının təkbaşına nə işi var idi o avtobusda?” kimi məntiqsiz bəyanatlar səsləndirənlər – ağzınızdan çıxanı qulağınız “duyuyormu”?! Adam hər gün istifadə etdiyi şəhərlərarası nəqliyyat vasitəsinə minib evə gedirmiş. Hər gün olduğu kimi. Necə ki, bizim də yüzlərlə tələbəmiz Bakı-Sumqayıt marşrutu ilə evinə-eşiyinə gedir. Və bu cür hallar hər an hər birimizin başına gələ bilər. Türk, azərbaycanlı, rus, ingilis – fərqi yoxdur – quzular heç bir yerdə canavarlardan sığortalanmayıb...                                                                                                     *** İndi qonşuda bir-birinə zidd bəyanatlar səslənir. “Yaşamaq hüququ” adı altında cinayətkarlara yersiz mərhəmət göstərərək, edam cəzasına qarşı çıxanlar bir tərəfdə, bu canavarların cəmiyyəti ləkələdiyini və ölməli olduğunu deyənlər digər tərəfdə. Ölkəmizdə ölüm hökmü çoxdan ləğv olunub, mən hələ uşaq idim onda. Ölkəmizdə belə şey görməmişəm, eşitməmişəm deyə, durub radikal bəyanatların tərəfini saxlaya bilməyəcəm. Bircə onu bilirəm ki, o avtobus sürən canavar bir daha heç vaxt, heç vaxt azadlıqda gəzməməlidir, azadlıq havası udmamalıdır, quzuların həyatını zəhərləməməlidir... Ən ağır cəzaya layiq olan bu alçaq elə hər gün ölməklə cəzasını almalıdır, bir dəfə ölmək ona az gələr...                                                                                                                                                                                   *** Özgecan cinayəti Türkiyədə və bütün dünyada hər gün zorakılıqla qətlə yetirilən yüzlərlə, minlərlə qadının faciəsi kimi bir faciə idi. Amma vəhşətin dərəcəsi onu 3-5 gün mediada işıqlandırdıqdan, 3-5 “tvit” atdıqdan, 3-5 status paylaşdıqdan sonra unudulacaq bir hadisə olmaqdan çıxardı. “Mənə toxunmayan ilan min il yaşasın”, “Mən tox olum, başqaları ac olsa da olar” kimi cəmiyyəti zəhərləyən mövqelərdən uzaqlaşmağın zamanı gəlib artıq. Artıq təhlükə oturduğumuz evlərdə, mindiyimiz avtobuslarda, gəzdiyimiz küçələrdə bizi izləyir. Bu gün o türk qızının başına gələn hadisənin sabah bizim və yaxınlarımızın başına gəlməyəcəyinə heç kim zəmanət vermir.                                                                                                                                                                                         *** Bəşəriyyət hara gedir belə? Qadına bir əşya kimi yanaşanların, seks köləsi kimi baxanların, onu ayaqlar altına alanların kökü kəsilməlidir cəmiyyətimizdən. Biz müsəlman cəmiyyətinin üzvləri olaraq, mədəniyyətin beşiyində yırğalandığımızı gözə soxa bilərik – məsələn, Avropada – amma “qara millət”in qadına münasibəti ilə öyünə bilmərik. Hər şey göz qabağındadır. Keçmiş və indiki həyat yoldaşlarının başını kəsən, yetkinlik yaşına çatmayan qızlara təcavüz edib, sonra da “namus evliliyi” etməyə məcbur olanlar və məcbur edilənlər – bu kimi faktları dana bilmərik. Elə bir gün yoxdur ki, ailə-məişət zəminində mübahisə zamanı qətlə yetirilən qadınlarla bağlı xəbər eşitməyək. Əzilən, döyülən, söyülən, zorlanan, öldürülən qadınlar barədə xəbərlər eşitmək istəmirəm artıq. Psixopata qurban gedən psixoloq – Özgecanı belə adlandırıram. Özgecan son qurban olsun. Zorakılığa məruz qalan quzuların sükutu pozulsun qoy. Canavarların kökü kəsilməlidir, vəssalam.
20.02.2015   2383   240
 
Əslində növbəti məqaləm tamam başqa mövzuda olmalı idi. Vəziyyət elə gətirdi ki, onu yarımçıq saxlayıb, bunu yazmaq ehtiyacı hiss etdim özümdə... Bir neçə gün əvvəl bir toy məclisində iştirak etdim. Orta məktəbdə mənə ingilis dili fənnini tədris edən müəllimim qızının şad gününə dəvət etmişdi məni. Hələ də əlaqə saxlayıram müəllimimlə. Məndə öz ixtsas sahəsinə həvəs oyatdığı üçün minnətdaram ona. Qızını gəlin köçürməyə hazırlaşdığını eşidən kimi, sevimli müəllimimi görmək fürsətinin ələ düşdüyünə sevindim. Həm də, necə deyərlər, "gedib borcumuzu qaytarmalıydıq axı". Amma bircə şey ağlıma gəlməmişdi - həmin toy məclisində toy yiyəsinin həmkarlarını - öz müəllimlərimi görəcəyim. Artıq 11 ilə yaxın idi görmədiyim müəllimlərimi...                                      ***Həmin gün yetişdi, və yağan yağışa, yollarda yaranan tıxaclara baxmayaraq, tələsə-tələsə özümü məclisə çatdırdım. Həmin gün niyə tələsirdim, kimin üçün tələsirdim - heç özüm də bilmirdim... Mən keçmişlə yaşamamağa çalışan adamam, amma keçmiş günlərin ən xoş, ən əziz xatirələrinin məni o "keçmiş"ə aparmasına, necə deyərlər, "protiv" deyiləm. Və o məclisdə sanki bir neçə saatlıq keçmişə qayıtdım. Qayğısız günlərimə... Məktəb illəri, ömrümün ən şirin, duyğulu, qayğısız günləri... Mənə dərs deyən müəllimlərin əksəriyyəti oradaydı və mən son illərin ən sehrli, ən xoşbəxt gününü yaşadım desəm, bəlkə də yanılmaram.                                                                                                     *** Oxumağa, yazıb-pozmağa həmişə marağım və həvəsim olub. Bəlkə də elə buna görədir ki, 11 il məktəbdə, 6 il də universitetdə ancaq əla qiymətlərlə oxumuşam. Ancaq bunu heç vaxt nə təkcə öz həvəsimə, nə də "anamın genlərinə" bağlamamışam. Müəllimlərim mənim üçün stimul mənbəyi olublar həmişə. Özümü, ilk növbədə, onların qarşısında borclu və məsuliyyət daşıyan biri hiss etmişəm. Sanki ayrı-ayrılıqda hər birinin sevimli şagirdi olacağıma söz vermişdim özümə... Və buna nail olduğumu illər sonra o toy məclisində hiss etdim... Fənn müəllimlərimin hər birinin məni qucaqlayıb dəfələrlə bağrına basması, alnımdan öpməsi, "mənim sevimli şagirdim, mənim əlaçı şagirdim" deməsi... Mən onların qarşısında ölənədək borclu ikən, onlar məni mükafatlandırırdılar sanki... Mən cənnətə düşmüşdüm. Bəli, onlarla bir neçə saatlıq görüşümü ancaq belə təsvir edə bilərəm. Keçirdiyim o hissləri, yüksək əhval-ruhiyəni, eyforiyanı heç bir sözlə ifadə edə bilmirəm indi.                                                           *** Mən 6-cı sinifdə oxuyarkən məktəbimizə bir müəllim gəldi. Bir neçə il mənə Azərbaycan dili və ədəbiyyat fənnini tədris etdi. Adını çəkmək istəmirəm, nüfuzlu ali məktəblərdən birində elmlər namizədi idi həm də. Bir də "yerlim" idi. Bəlkə də buna görə həmin müəllimə xüsusilə qanım qaynamışdı. Eyni ərazidə yaşadığımız üçün məktəbi bitirdikdən sonra da ara-sıra görürdüm o müəllimimi. Ailə qurmadığı və övladının olmadığı üçün məni öz övladı kimi sevdiyini deyirdi. Tələbəlik illərində zəng də edirdim arabir. Hər dəfə zəng edəndə də, üzbəüz gələndə də gileylənirdi ki, ona baş çəkməyə gəlmirəm, və mən də söz verirdim ki, gələcəyəm bir gün... Sonra başım qarışdı şəxsi həyatıma və uzaq düşdüm... Bu azmış kimi, zənglər də getdikcə azaldı və tamam kəsildi... Amma mən həmin müəllimi unutmadım heç vaxt, bəlkə də buna görə idi ki, ötən yay, nəhayət, ona baş çəkməyə qərar verdim. Mənimlə bir sinifdə oxuyan rəfiqəm indi məktəbimizdə işləyir, onun vasitəsilə unutduğum ev nömrəsini əldə etmək istədim. Amma artıq gec idi... Ədəbiyyat müəllimim, gənc və həyat dolu bir insan, gözəl şəxsiyyət artıq 1 ilə yaxın idi bu həyatdan köçmüşdü. Ürəyi onun bir alim kimi gördüyü işlərin yarımçıq qalmasına səbəb olmuşdu. Mənim də "gələcəyəm bir gün" sözlərindən ibarət vədim elə vəd olaraq qalmışdı. Nə qədər ağlasam da, əlimdən bir şey gəlmirdi artıq. Sadəcə məni bağışlamasını istəyirəm! Bağışla, müəllimə, mən sonadək sənin fəxr etdiyin şagirdin ola bilmədim. Vəfasız çıxdım...                                                            *** 11 il sonra onların qarşısına işi-gücü olan biri kimi çıxmışdım, az-çox nəyəsə nail olan biri kimi. Amma, yenə də, müəllimlərimin qarşısına həm də xoşbəxt qadın, xoşbəxt ana olaraq çıxmaq istəyərdim. Onlar mənə elm öyrətmişdilər, amma həyatı öyrətməmişdilər. Bəlkə də bunun səbəbi indiki nəsil müəllimlərlə bizim nəslin - 1990-2005-ci illərin müəllimləri arasındakı fərq idi. Onlar bizimlə sevimli seriallarının son seriyasını müzakirə etməmişdilər heç vaxt...Ciddi, sərt, tələbkar olmuşdular. Aradakı məsafəni qorumuşdular, dərs əvəzinə "ordan-burdan" danışmamışdılar. Müəllimimiz olmaqdansa, repetitorumuz olmağa can atmamışdılar, bunun üçün qəsdən dərsə səhlənkar yanaşmamışdılar. Buna görə indi onları daha çox qiymətləndirirəm. Amma fakt budur ki, məktəbdə mənə həyatı öyrətməmişdilər... Mən - hər şeyə asanlıqla nail olan, hər çətin məşğələnin öhdəsindən uğurla gələn biri - həyatın qəddar üzünü görəndə özümü itirdim. Rastlaşdığım problemləri, "məsələləri" həll etmək üçün hansı düsturdan istifadə edəcəyimi bilmədim... Mənim kimi çoxları da, etdiyi səhvin lövhədə səhvən yazılan rəqəmə və ya hərfə, təbaşirlə yazılan yazıya bənzəmədiyini sonradan öyrənir. Əsas həyatda "əlaçı" olmaq imiş...                                                            *** Məclisin səs-küyündən macal tapdıqca "havadan-sudan" danışa bildik müəllimlərimlə. İllərin zəhmətini üzərilərində daşıyan bu müdrik insanlar - mənim üçün dünyanın ən ali insanları - bu günkü vəziyyətlərindən gileyləndilər. Əmək haqqı 200 manata belə çatmayan bu zəhmətli peşə sahibləri bir ağızdan mənə müəllim kimi işləməməyi tövsiyə etdilər. Yeri gəlmişkən, deyim ki, tərcüməçi işləsəm də, ixtisasca özüm də müəlliməm. Pedaqoq kimi fəaliyyətim uzun fasilələrlə və çox qısa müddətlərdə davam edib. Bəlkə də məni çox zəhmətli bir işi cüzi əmək haqqı qarşılığında görmək ehtimalı ruhdan salıb. Məni günü-gündən çiçəklənən ölkəmizdə narazı salan bircə şey varsa, o da, yəqin ki, müəllimlərimizin əmək haqqının aşağı olmasıdır. Burada Atatürklə bağlı bir ifadə yadıma düşdü. 1923-cü ildə millət vəkillərinin maaşının artırılmasının gündəmdə olduğu bir vaxtda Atatürkdən "Paşam, millət vəkillərinin maaşını tənzimləyəcəyik, nə qədər verək?" deyə, soruşurlar. Atatürk "Müəllimlərin maaşını keçməsin" deyərək cavab verir. Biz də Atatürk kimi, millət vəkilini də, naziri də, memarı da, musiqiçini də müəllimin yetişdirdiyini unutmamalıyıq...
26.01.2015   2946   99
 
   Bəzən oturub həyatın mənası və məqsədləri barədə dərindən götür-qoy etmək istəyirəm, əsas da həmin məqsədlərə çatmağın yolları barədə... Əlbəttə, düşünüb-daşınmaqla, götür-qoy etməklə bütün bəşəriyyətin problemlərinə gəlib çıxmaq olar, amma bu məsələyə bu cür qlobal yanaşmaqla dalana dirənmək olar.     Məsələyə həmişə eninə deyil, dərininə baxmaq lazımdır. Yer üzündə elə bir bəşər övladı yoxdur ki, bütün problemləri birdəfəlik həll etməyə qadir olsun. Birdən-birə hamı üçün yaxşı olmaq mümkün deyil, və deməli, ilk növbədə, konkret özün barədə düşünməlisən. Özün haqqında, gözünün ağı-qarası, bircəciyin özün barədə... Mən belə qənaətə gəldim ki, yer üzündə bütün insanlar EQOİSTDİRLƏR!      Mənə istidir – mən özümü yaxşı hiss edirəm, Pakistandakı daşqın isə məndən çox uzaqdır. Mənim qarnım toxdur, hərçənd etiraf edim ki, mənim yediklərimi yeyə bilməyən, yeməyə quru çörək tapanda sevinən və “başını soxmağa” daxması olmayan insanlara yazığım gəlir, amma mən onlar üçün heç nə edə bilmirəm. Edə bilmirəmsə, niyə öz qızıldan qiymətli vaxtımı onların həyatlarının neqativ tərəflərinin dərdini çəkməyə sərf etməliyəm? Belə çıxır ki, mən EQOİSTƏM!     Bu, həqiqətdir və dərk etmək lazımdır ki, yalnız əsl EQOİST həqiqətən kömək edə bildiyi insanlar üçün nə isə edə bilər. Bununla belə, öz köməyinin vacibliyini dərk etməlisən. “Yardım əlini” öz yaxınlarına uzatmalısan, tez-tez kütləvi-informasiya vasitələrində haqqında danışılan virtual insanlara yox... Buradan belə bir sual ortaya çıxır: “Bəs onlara necə kömək etməli?” Əgər küçədə dilənçilərə sədəqə paylamaq qərarına gəlmisinizsə, halal olsun, amma əminsinizmi ki, sizin bu yardımınız ehtiyacı olana çatıb ona xeyir gətirəcək? Şəxsən mən əmin deyiləm!      Bəs daim şikayət edən adamlara necə yanaşırsınız? “Lənətə gəlsin zəmanə!”, “İş yoxdur, pul yoxdur, qiymətlər artır, ərim döyür, uşaqlar sözə baxmır və s.” kimi şikayətləri kifayət qədər tez-tez eşitməli oluruq. Bəs həmin adam vəziyyəti düzəltmək üçün nə edib? Əşi, heç nə etməyib, etmək də istəmir! O, özünə necə rahatdır - elə də yaşayır. Siz isə özünüzü “xəsis və pis insan” hiss etməlisiniz, nə var-nə var “vampir” özünü pis hiss edir. Sizdə hər şey tam əksinə və qaydasındadırsa, özünüzü həmin insanın qarşısında narahat hiss etməli və utanmalısınız? Yox, canım, mən yox, mən EQOİSTƏM!      Siz kömək etməyə cəhd edin. Axı dinimiz ehtiyacı olana əl uzatmağı, yardım etməyi, yediyin tikəni acla bölüşməyi buyurub... İrəli!!! Elə bilirsiniz, həmin adam  qiymətləndirəcək? Heç vaxt!        “Vampirə” iş təklif edin. Amma öz şirkətinizdə (varsa), rahat yerdə yox. Burada o, əvvəlki kimi şikayətlənməyə və yardım istəməyə davam edəcək, vaxtaşırı əmək haqqının artırılmasını və ona digərlərindən daha çox hörmət edilməsini istəyəcək. Ona iş tapıb konkret hansısa işlə məşğul olmağı təklif edin. Əmin olun ki, işləməmək üçün min cür bəhanə tapacaq...     Tez-tez rast gəlinən vəziyyət: Ər içir, döyür, evə pul gətirmir, “gəzir”. Arvad gözünün suyunu axıdır və şikayətlənir. Soruşursan ki, bəs niyə ayrılmırsan? Dərhal ayrılmamağın xeyrinə olan tutarlı səbəblər göstərilir. Uşaqlar, birgə yaşanmış illər, onun ailəsinin yaxşı olması, el qınağı... Hamısı da bilirsiniz niyə? Çünki “vampir”in sadəcə şikayətlənməkdən xoşu gəlir. Sizin ona yazığınız gəldi, ürəyiniz yandı və ona maddi və mənəvi dəstək oldunuz. O, özünü yaxşı hiss elədi. Vəssalam.        Mən isə EQOİSTƏM, bütün “vampirlər” də rədd olsun! Mən bütün dərrakəli insanları sağlam EQOİZMƏ yoluxmağa çağırıram. Ürəyiniz yanırsa, küçədəki kimsəsiz it və pişikləri yemləyin, onlar heç olmasa, qiymətləndirər...
13.01.2015   2223   83
 
Yetişməkdə olan gənc nəslə yazığım gəlir… Yaşlı nəslə heç bənzəmədiyi üçün deyil (bu, həmişə belə olub, belədir və belə olacaq) - vaxt keçdikcə gənclərin həyatda öz sözlərini deməsi, öz ayaqları üstündə durması, iş və ailə həyatında uğur əldə etməsi daha da çətinləşdiyi üçün. Bəs bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da gənclərin inkişafında böyük konfuzlar yaradan aktual problemlər hansılardır? Zənnimcə, birinci maneə və məğlubedilməz rəqib - informasiyadır. Təzə doğulmuş körpə artıq informasiya sahəsi ilə əhatə olunur, bu informasiya onun psixologiyasını və sosial inkişafını «əzir». Mənəviyyat dəyərlərini yuyub aparan bu informasiya axını yeni nəsil üçün kütləvi qırğın silahına çevrilir. Biz daim müxtəlif mallar, xidmətlər, faktlar, hadisələr barədə eşidirik. Azyaşlılar bütün günü ekran qarşısında keçirməklə böyüyürlər. Müasir qızlarımız və oğlanlarımız kifayət qədər dünyagörüşlü, ağıllı və savadlıdırlar, lakin onların əksəriyyətinin tarixə, iqtisadiyyata, siyasətə, mənəvi dəyərlərə yanlış baxışları var, bunun səbəbi isə «informasiya sahəsi»nin onlara öz şərt və qaydalarını «sırımasıdır».   Bununla belə, televiziya, radio və mətbuat getdikcə ikinci plana keçir, öz yerini güclü rəqibə - İnternetə buraxır. İnternetdə hər şey tapmaq olar, amma bunların heç də hamısı həmişə faydalı olmur. İstənilən ölkənin hökuməti pornoqrafiya ilə, o cümlədən uşaq pornoqrafiyası ilə nə qədər mübarizə aparır-aparsın, yenə də internet pornoqrafiya ilə doludur. Sosial şəbəkələr isə ayrıca bir mövzudur. Bu, bir tərəfdən, əla vasitədir. Həqiqətən də, çoxdan unutduğun dost-tanışı axtarıb tapmaq, yazışmaq, ünsiyyət saxlamaq yaxşıdır. Amma…real həyatda ünsiyyətin nəyi bundan pisdir ki? Saatlarla sosial şəbəkədə yazışmaqdansa, evdən çölə çıxıb həmin dostlarla yarımca saat üz-üzə söhbət etmək daha asan deyilmi? Həmin an duyduğumuz hiss və həyəcan daha azmı təsirli olacaq? Əminliklə söyləyə bilərəm ki, sosial şəbəkələr sadəcə insanların həyatlarını əllərindən alır. Narkotikə bənzəyir, elə deyilmi?   Kağız kitabların yerini elektron kitablar alıb ki, bunu da qismən başa düşmək olar – dövrün tələbi, müasir texnologiyalar… İctimai nəqliyyatda əlində kitab olan yeniyetmə, gənc görmək nadir hadisəyə çevrilib. Belə halla rastlaşanda sevinirəm şəxsən. Amma etiraf edək ki, özünü internetin “ağuşuna atanların” vaxtının çoxu kitab, daha doğrusu, elektron kitab oxumağa deyil, əyləncəyə sərf olunur…   Heç kim demir ki, nənə və babalarımız rəngsiz televizora baxıb və internetsiz yaşayıblarsa, biz gənc nəsil də bunu etməliyik. Xeyr! Bəlkə də 30-40 il sonra bizim nəvələrimiz də indi bizim bəlamıza çevrilmiş internetdən daha «təhlükəli» texnologiyadan gen-bol istifadə edəcəklər və biz, nənə və babalar olaraq, bu texnoloji imkanları «bəla» adlandıracağıq… Bu gün 10-25 yaş arası nəsil müxtəlif smartfonlardan, kompüterlərdən və qadcetlərdən asılılıqdan əziyyət çəkir. Hardasa 15 il əvvəl orta məktəb şagirdlərinin əsas marağı hərəki oyunlar və idman estafetləri idi, indi isə «bir-birinə şəkil atmaq», «melodiya yükləmək», «məzəli videoçarxlar toplamaq» və sair.   Müasir gəncliyin qarşısında dayanan problemlərdən biri də ailə qurmaq məsələsidir. Nikah institutu deqradasiyaya uğramağa davam edir. Yaşlı nəslin bəzi nümayəndələri övladlarına münasibətlərin gözəlliyini, məsuliyyəti, anlayışlı olmağı, öz seçiminə hörməti başa salmaq və təbliğ etmək əvəzinə, oğulu «əldə saxlamağın», yaxud da kürəkəni «öz tərəfinə çəkməyin» yollarını axtarır… Qızı olan uşağın qırxı çıxmamış ona cehiz almağı fikirləşir, oğlu olan hərbi bilet «almağı»… Toy sevinci əməlli-başlı yükə çevrilib. Heç kəs başa düşmür ki, dəyəri minlərlə manat olan brilyant dəst xoşbəxtliyə zəmanət deyil. Qızlar ərköyünləşib, oğlanlar «alfonslaşıb» - evlənməyə öz avtomobili, evi olan qız axtaran oğlanların sayı çoxalıb. Elə dünyalar gözəli həyat yoldaşlarına arxa çevirib, silikon dodaqlı sarışınların arxasınca sürünən kişilərin də…   Gənc nəslin maliyyə problemləri də ayrıca bir mövzudur. Ailə quranların yaşayış sahəsi problemi də... Dövlət nə qədər ipoteka proqramları ərsəyə gətirsə də, onların heç biri mükəmməl deyil. Çoxlarının özünə aid yaşayış sahəsinin olmaması o qədər gənc ailənin dağılmasına səbəb  olub ki...   Bəs bu kimi problemlərin öhdəsindən necə gəlməli? Bəzilərinin öhdəsindən əndazəni gözləməklə, həddi aşmamaqla, bəzilərinin öhdəsindən isə baxış və mövqelərimizi dəyişməklə, dəyişməyə cəhd etməklə gələ bilərik. Mən şəxsən yuxarıda sadaladıqlarımın bəziləri ilə rastlaşmışam, lakin onları problemdən daha çox, müvəqqəti çətinlik kimi qarşılamışam. İndi də düşünürəm ki, bu problemlərin, daha doğrusu, müvəqqəti çətinliklərin öhdəsindən gəldikcə, böyük təcrübə toplamış və heç nə ilə əvəz olunmayacaq rahatlıq tapmış olacağam...
26.11.2014   3262   104