NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
Həkim məsuliyyətsizliyi yoxsa xəstəxanada əcəl?

Ağakişi Yahyayev


İnvaziv və Diaqnostik Radioloq
Bütün yazıları

 
Həkim məsuliyyətsizliyi yoxsa xəstəxanada əcəl?
19.03.2015   3401
121

Səhiyyə sistemində olan bir şəxs kimi fikirləşirəm ki, sistemdə olan əksiklikləri görmək və onları dəyərləndirmək mənə rahatdır. Kifayət qədər məsuliyyətsiz həkim addımları və ya səhvləri aktuallığını qoruyur. Düzdür bununla əlaqəli bəzi addımlar atılır ancaq köklü dəyişikliklər uzun müddətli mübarizə tələb edir. Bütün bunlar həkim etimadsızlığına, onlara olan etibarın azalmasına və təbii ki inamsızlığa səbəb olur. Ancaq bizlər bir şeyi də bilməliyik ki xəstənin bir də var olan -İlahi təqdiri var. Yəni necə deyərlər öz dilimizdə “bir talehi, əcəli” var. Bu əcəl insana gecə yatanda gəldiyi kimi, əməliyyat masasında və ya xəstəxana palatasında da gələ bilər. Evdə olduğu zaman biz buna əcəl, xəstəxənada olduğu zaman isə biz buna həkim səhvi deyirik. Niyə bu belədir bilmirəm. Bəlkə insan hər şeyə bir cavab axtarır və xəstəxananda da ittiham etmək üçün kifayət qədər səbəb var ona görə. Nə isə burada mən sizinlə bir iki şahid olduğum vəziyyəti bölüşmək istəyirəm.

- Yeni doğulmuş bir körpə, süd əmmə problemi olan və qan təhlillərində də metobolik xəstəliyi düşündürən bir çox nəticələri var. Metobolik xəstəliyin nə olduğunu sizə qısaca izah edim:- anadan gəlmə insanda maddələr mübadiləsinin uyğun getməsi üçün bəzi fermentlərin çatışmamazlığı. Məsələn bəzi insanlar kor doğular, bəziləri kar doğular, bunlara metobolik xəstəlik deyilmir, anormal xəstə deyilir. Bəzilərində isə belə gözlə görsənən qüsur olmaz. Qüsur qanında və ya toxumalarında olar. Zahirdə hər şey güya normaldır:- əl, ayaq, göz….ancaq içəridə ciddi problemlər var. Pediatrlar üçün dünyanın harasında olursa olsun sevilməyən və əziyyətli bir vəziyyətdir bu. Dünya səviyyəsində həddən artıq çox araşdırılan və nəticələri üz güldürməyən, bəzən ölüm ilə nəticələnən xəstə popluasiyasıdır. İndi düşünün belə bir xəstə 20 gündür dünyaya gəlib. Hələ yenidir. Ailə hələ tam nəyin nə olduğunun fərqində deyil. Ancaq ciddi bir problemin olduğu bəllidir. Bu xəstə mütləq araşdırılmalıdır. Pediatrlar da bu araşdırmalara qərar verirlər. Bizdən tələbləri körpənin qaraciyərindən toxuma götürmək (biopsiya) və laborator muayinə eləmək olur.  Biz körpəni qaraciyər biopsiyası üçün xəstəxanamıza transfer edirik. Ancaq körpənin valideynləri rica edirlər ki vaxt bir qədər gec olduğu üçün gəlməsinlər və bu işi biz səhər edək. Təbii ki biz bunu qəbul edirik və səhər saat 09.00 ğörüş təyin edirik. Yaxşı sonra nə olur:- körpə o gecə dünyasını dəyişir. Düzü mən bir insan olaraq yeni doğulmuş uşağın ölməsinə pis oldum, zatən hamı belə bir reaksiya verərdi. Ancaq mənim qəlbimdəki özünü müdafiyə hissi də deyirdi ki, nə yaxşı ki o axşam biopsiya etmədik. Yəni geriyə dönərək məsələni analiz etdikdə görürsən ki bu körpə onsuzda öləcəkdi. Yəni təqdiri bəlli idi, ancaq o gün körpəyə biopsiya olsaydı və körpə də gecə ölsəydi mütləq, mütləq və yenədə mütləq körpənin qaraciyərindən biopsiya aldılar və sonra öldü deyiləcəkdi.

- Bir başqa vəziyyət:- Bu vəziyyəti mənə oftalmolog kollegalarım danışıb. 65 yaşında kişi xəstə. Göz dərmanı üçün poliklinikada növbəsini gözləyir. Bu elə bir proseduradır ki dərman iynə şəklində bilavəsitə gözün içinə vurulur və bunu ev şaraitində etmirlər. Oftalmologlar belə xəstələri evdə muayinə etmir, poliklinika şərtlərində gözə iynə vurulur və xəstədə öz ayağı ilə evinə gedir. Sadədən bir az mürəkkəb ancaq ayaq üstü bir proseduradır. Nə isə xəstə öz növbəsini gözləyir, dördüncü sıradadır. Birdən xəstə oturduğu yerdə anidən yıxılır və 20 saniyəlik can vermə müddətindən sonra dünyasını dəyişir. Adətən bu vəziyyəti nə verə bilər? :- Ürək- damar problemləri (infakt , emboliya və s…….). İndi oftalmolog həkim deyir:- bilmirəm sevinim yoxsa kədərlənim. Əgər o xəstənin növbəsi çatmış olsaydı və məndə onun gözünə iynə vursaydım necə olacaqdı. Yüz faiz əminəm ki deyəcəklər ki, ay qardaş bu adam özü öz ayağı ilə evdən çıxdı və xəstəxanaya gəldi, indiyə qədər yeyirdi içirdi, bir problemi də yox idi, nə elədinsə sən oftalmolog elədin. Gözünə iynə vurdun və 10 dəqiqə sonra xəstə öldü. Günahkar yüzdə yüz sənsən.

Mən bu iki vəziyyəti sizlərə həkim olub da həkimləri müdafiyə etmək üçün çatdırmadım. Kifayət qədər həkim məsuliyyətsizliyi və həkim səhvləri var. Ancaq əzizlərim bilin ki, Allahın qoyduğu bir əcəl də var. Bu əcəl sənin xəstəxanada olmağından və ya evdə olmağından aslı olmayaraq gələcək. Düzdür biz xəstələnəndə mütləq həkimə müraciyyət etməliyik, uşaqlarımızı peyvənd etməliyik. Ancaq onu da unutmayaq ki pərdənin arxasında başqa bir qüvvədə var.

 

 

 
 
 
 
Şərhlər
 
Digər yazıları (3)
Bütün yazıları
Tibbi biliyi olmayan insanları bir həkim olaraq yönləndirmək adətən asan olur. Təssüf ki, tibb aləmində həm müsbət, həmdə mənfi yönləndirmələr çoxdur. Həkim səhvləri və ya məsuliyyətsizliyi bilinən bir həqiqətdir. Bunu bir həkim olaraq qəbul elemək mənə də o qədər asan deyil. Ancaq bu məqalədə mən daha çox özlərini aldatmağa icazə verən insanlardan-xəstələrdən danışmaq istəyirəm. Bu yazını əslində kimsəni təhqir etmək və ya xəstələrə yuxarıdan aşağı baxmaq üçün yazmıram. Sadəcə fikirlərimi mütəmadi qarışdıran və mənə görə cəhalətin bariz nümunəsi olan bir həqiqəti sizlərə çatdırmaq istəyirəm. Bu cür müşahidələr əfsus ki çoxdur. Mən isə mövzuya sırf şəxsi müşahidələrimlə başlamaq istəyirəm.   Bir gün yanıma dayanmadan həkimlərdən şikayət edən narazı bir xəstə gəldi. Həyat yoldaşı ilə birgə gələn xəstənin 32 yaşı vardı. Xanımın həyat yoldaşı indiyə qədər keçdikləri müayinələrin nəticələrini mənə uzatdı. Məndən istənilən şey isə süd vəzisinin ultrasəs muayinəsi idi. Mən xəstəni müayinə etdim. Nəticələr məni sevindirdi. Belə ki, xanım tam sağlam idi. Xəstəyə bunu dediyimdə xanım inanmadı və etirazını bildirdi. Düzü sevinəcəyini gözləyirdim ancaq tərsinə oldu. Buna baxmayaraq mən yenə də dediklərimi təsdiqlədim və ona tam sağlam olduğunu söylədim. Bir az sakitləşdikdən sonra mən ondan etirazının səbəbini soruşdum. Xanımın həyat yoldaşı mənə beş ildir ki müalicə aldıqlarını söylədi. Sənədləri ilə maraqlandım. Əlində var olan çox sayda Ultrasəs və mamografiya nəticələri var idi. Düzü hamısı da normal idi. Yəni əlində olan bütün tibbi raportlarda “normal hüdudlarda nəticə” yazırdı. Onlardan hansı xəstəliyə görə müalicə aldıqlarını soruşdum? …dedilər ki bilmirik… Dedim bəs sizin indiyə kimi heç ağlınıza gəlməyib ki, hansı xəstəlikdən müalicə aldığınızı soruşasınız? Dedilər ki, yox….Dedim xanım sizin savadınız nədir?…Hansı universiteti bitirmisiniz?….Hansı peşənin sahibisiniz? …Dedi ki, hüquqşunasam…Hal-hazırda özəl şirkətdə vəkil olaraq işləyirəm. Bunu eşidəndə mən təəccübümü saxlaya bilmədim. Millətimin ali təhsilli bir nümayəndəsinin belə bir hərəkəti məni çox təəccübləndirmişdi. Xanımın həyat yoldaşı da sakitcə danışıqlarımıza qulaq asırdı. Düşdükləri vəziyyətin gülünclüyü onu da hiddətləndirmişdi. Dedim: Bax siz oxumuş birisisiniz, heç bir şikayətiniz də yoxdur. Əlinizdəki bütün sənədlərdə də Azərbaycan dilində hər şeyin normal olduğun qeyd olunub. Nə az nə çox beş ildir ki, müalicə alırsınız və heç bir dəfə də olsun ağlınızdan da keçməyib ki sadə bir primitiv sualla sizi müalicə edənlərə sual verəsiniz ki, “axı məni niyə müalicə edirsiniz?” Daha maraqlı hadisələr hələ qabaqdadır. Xanımdan hansı dərmanı istifadə etdiyini soruşdum. Çantasındakı dərmanları çıxardaraq mənə uzatdı. Dərmanın üstündə böyük və qara hərflərlə yazılmışdı “menopauzaya girmiş qadınlar üçün”. Yəni adətdən kəsilmiş, təxminən  50 yaş üstü qadınlar üçün. Xanımdan belə bir probleminin olub olmadığını və yaşını soruşdum. Xanım hiddətlə inkar etdi və yaşının 32 olduğunu söylədi. Mənim təəccübüm artıq qəzəblə qarışmışdı. Nə düşünəcəyimi, nə deyəcəyimi, kimə hirslənəcəyimi bilmirdim. Xanımı beş ildir əbəs yerə müalicə edən “həkimlərə” mi, yaxsa bu xanımın bu qədər sadəlövlüyünəmi. Xanımı bir az danladım…Bu arada danlamağım deyəsən həyat yoldaşının da ürəyindən olmuşdu..   İndi dəyərli oxuyucular, əgər bir insan olaraq sizin tibdən tam anlayışınız yoxdursa bu o deməkdir ki özünüzü tamamı ilə savadsız kimi aparmalısınız. Xəstənin tibbi savadının olmaması normal haldır. Fəqət xəstənin normal mühakimə etməməsinə, beş ildə bir dəfə də olsun həkimindən xəstəliyinin nə olduğu haqqında maraqlanmamasına, yazılan dərmanın üzərindəki iri hərfli əks göstərişi oxumamasına nə deməli?!   Aldadanlar “şarlatan”dır, bu danılmazdır. Aldananlar isə cahildir, bu da danılmazdır. Bilmirəm nə qədər aqresiv bir cümlə olar ancaq mən düşünürəm ki cahil aldanılmağa layiqdir. 
13.01.2015   1016   70
 
     Mən bu yazını, əslində, bir həkim olaraq deyil, sıradan bir müşahidəçi olaraq yazmaq istəyirəm. Her şeyi vaxtında bilmək çox vacibdir, erkən diaqnoz erkən müalicəyə, o da, öz növbəsində, sağlam nəticələrə səbəb olur. Biz həkimlər insanlara daim bu cür tövsiyələr etməkdəyik. Çünki bu, həqiqətən də, çox önəmlidir. Mən öz təcrübəmdə bunun çox şahidi olmuşam. Ancaq əfsus ki insan o halı məhz öz yaxınları üzərində yaşayanda məsələnin nə dərəcədə ciddi olduğunu başa düşə bilir.      Yaxın bir qohumum tamamilə fərqli bir səbəbə görə xəstəxanaya yanıma gəlmişdi. Bir az baş ağrılarından şikayət etdiyi üçün ona tomografiya çəkmək qərarına gəldik. Növbə gözlədiyimiz zaman təklif etdim ki, vaxt itirməyək və gəlmişkən qarın boşluğunun Ultrasəs muayinəsini edək. Onsuz da, xəstəxanaya güc-bəla ilə gəlirlər, gəlmişkən ətraflı yoxlanmağını istədim. İxtisasca İnvaziv-radioloq olduğuma görə bu aparatlarla müayinəni bilavasitə özüm edirdim. Onu deyim ki, nəticə heç də ürəkaçan olmadı. Qarın boşluğunda hər şey normal olsa da, sidik kisəsində təxminən 2-3 sm ölçülərində bir törəmə görüntüsünə rastladım. Təbii ki, bu görüntüdən sonra bəzi suallarım oldu və öyrəndim ki, bəli, zaman-zaman sidikdə qan belə görünürmüş. Bizim kişilərdə bu sanki bir adətdir, bu tip narahatçılıqlarını daim gizlədər, bu barədə danışmağı belə xoşlamazlar. Nə isə, zaman itirmədən, iki gün içərisində qohumumun əməliyyatını dostlarımdan birisi icra etdi. Əməliyyat deyəndə bu kəlmə sizi çaşdırmasın. Sidik kisəsində əmələ gələn 2-3 sm lik törəmənin kiçik bir keyləşdirmə ilə sidik kanalından girərək “kamera” və “lazer” vasitəsi ilə kəsiksiz və qansız qaşınmasından bəhs edirəm. Və 2 gün sonra o şəxs həyat fəaliyyətinə rahat şəkildə davam etdi. İşin əsas yeri də elə budur. Öz həyat fəaliyyətinə tez bir zamanda geri dönmək və həyatına qaldığın yerdən davam etmək. Aktiv iş adamı olduğu və vaxtlı-vaxtında idman etdiyi üçün ona normal həyatına qayıtmaq çox önəmli idi. Nə kimyəvi müalicə aldıq, nə də ki şüa müalicəsi. Beləliklə, heç nə olmamış kimi günlük həyata geri döndük. Elə bu vaxtlarda eyni diaqnozlu başqa bir xəstəm vardı. Onkologiyada qeydiyyatda olan, bir neçə kurs kimyəvi müalicə alan, ancaq təəssüf ki, törəmənin ölçüləri və yayılma dərəcəsinə görə əməliyyatı mümkün olmayan bir xəstə. Mənim qohumumla eyni yaşlarda idi, ancaq törəmə sidik kisəsini tamamilə tutmuşdu. O xəstənin ömrünü uzatmaq üçün hər iki böyrəyinə kateter qoyulmuşdu ki, qanı öz sidiyi ilə zəhərlənməsin. Yəni o, var olan 1-2 illik ömrünü belinin hər iki tərəfindən bayıra sallanan iki ədəd xortumu ilə davam etdirməli idi. Hər gün bu xortumları boşaltmalı, görsənməməsi üçün xüsusi paltar qeyinməli, yatanda əzilməmələri üçün daim ehtiyatlı olmalı idi. Bir müəllimimin sözü ilə desək, ”Kateterlə yaşam - iyrənc yaşamdır”. Mən hələ kimyəvi müalicə sonrası ağırlaşmalardan bəhs etmirəm.  Halsızlıq, yorğunluq, ağız yaraları, mədə-bağırsaq pozğunluğu və s. Çox acınacaqlı bir haldır. Ancaq əfsuslar olsun ki, bu cür yaşamağa məcbur olan insanlar var. Uzun sözün qısası, yaşamırsan, sadəcə var olursan.  Ancaq düşünsək ki, o, bu vəziyyətə düşməzdən əvvəl onda cəmi 2-3 sm-lik bir törəmə olub… Vaxtında bilinsə idi, mənim qohumumda icra olunan “əməliyyat” onda da icra olunsa idi, hər şey tamam başqa cür olardı.    Xəstələr arasında müqayisə aparmaq hər zaman doğru deyil, ancaq bu misalda hər şey öz-özlüyündən müqayisə olunurdu. Qohumum hal-hazırda həyatını heç nə olmamış kimi davam etdirir,  mənim xəstəm isə təəssüf ki, artıq yaşamır.     Yuxarıda bildirdiyim kimi, mən bu yazını, həqiqətən də, bir həkim olaraq deyil, sıradan bir insan olaraq yazıram və gəldiyim nəticələri sizinlə bölüşürəm. Hər şeyi vaxtında bilmək və üstünə düşmək çox önəmlidir. Sağlam olmaq böyük bir nemətdir. Onun qədrini bilmək, dəyərini anlamaq lazımdır.            
01.10.2014   873   66
 
1