NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
YAZARLAR
Bütün yazıları
Yazıçı
Milli.Az İlkin İzzətin tanınmış yazıçı-filosof Rövşən Abdullaoğlu ilə müsahibəsini təqdim edir:     - Əgər Allah yoxdursa, hər bir cinayət icazəli olurmu? - Allaha möhkəm inam, düzgün ideologiya insanı tamamilə dəyişmək qüdrətinə malikdir. Beləsinin daxilində onun davranışlarına nəzarət edən bir qüvvə formalaşır. Bu qüvvə onu həmişə pis işlərdən çəkindirəcəkdir. Beləsi üçün cəza sisteminə də ehtiyac yoxdur. "Əgər Allah yoxdursa, hər şey icazəlidir" məşhur ifadəsi də bu məqama işarə edir.   Bir çoxları, hətta Jan Pol Sartr da bu ifadənin məhz Dostoyevskiyə məxsus olduğunu deyirlər. Fyodor Dostoyevskinin "Karamazov qardaşları" romanında belə ifadə vardır: "İnsanda özünün ölümsüzlüyünə olan inamı məhv edin, o andaca onda nəinki məhəbbət, hətta dünya həyatını davam etdirməsi üçün lazım olan hər bir canlı qüvvə də tükənəcəkdir. Bundan başqa, o zaman heç bir iş əxlaqsızlıq hesab edilməyəcək, hər şey icazəli olacaqdır, hətta antropofaqiya (adamyemək) belə".   Platon bu səbəbdən ateizmi cəmiyyət və dövlət üçün böyük bir təhlükə bilirdi. Onun fikrinə görə Allaha və ya "allahlara" inanmayan insanı cani kimi ən sərt cəzalarla, ölüm və ya zindanla cəzalandırmaq lazım idi. Platon deyirdi ki, Allaha inanan şəxs, əgər həqiqi inamı varsa, heç bir zaman qəsdən çirkin iş görməyəcəkdir.   Orta əsrlərdə nəinki inanclılar, hətta ziyalılar, filosoflar belə ateizm əleyhinə çıxırdı. Məsələn, Leybnis, Frensis Bekon, Con Lokk və başqaları. Ümumiyyətlə bir çox, hətta inkişaf etmiş ölkələrdə belə ateistlərə qarşı hüquqi və sosial diskriminasiyanı görmək olar. Aparılmış araşdırmalara görə, bəzi ölkələrdə bəzi xidmət sahələrində ateistlərə daha az etimad edirlər. Belə ki, əksəriyyətin zehnində ateizm cinayət, əxlaqsızlıq, dünyapərəstlik kimi mənfi hallarla assosiasiya olunur. - Həqiqətənmi bütün ateistlər əxlaqdan uzaqdırlar? - Xeyr! Təbii ki, yox. İnsanı əxlaqi dəyərlərə sövq edən amillərdən biri və ən güclüsü həqiqi inamdır. Həmçinin, vicdan, ictimai qınaq, məsuliyyət, ölkəsinə bağlılıq hissi kimi amillər də vardır. Mümkündür ki, şəxs Allaha inanmır, ancaq digər amillərin təsirilə hərəkət edir.   Platon özünün "Qanunlar" əsərində ateistləri əxlaqi xüsusiyyətlərinə görə iki hissəyə bölür. Birincisi, pis davranışlardan çəkinən ateistlər, ikincisi, Allahı danmaqla yanaşı öz nəfsinin çirkin istəklərinin qarşısını almayanlar. Platon deyirdi ki, ikincilər mümkündür ki, güclü yaddaşa və hansısa elmləri qavrama xüsusiyyətinə malik olsun, ancaq bununla belə onlar şərdirlər. Platona görə tiranlar, demaqoqlar, qəddar hərbçilər məhz ikinci qism ateistlərin arasından çıxır.   - Məgər dinlərin iddialarına görə insanlar üçün əxlaqi dəyərləri, davranış qaydalarını yalnız dinlər təyin etmirmi? İnsan din olmadan bir şeyin pis və ya yaxşı olduğunu anlaya bilərmi?   - Hamının qəbul edəcəyi ümumbəşəri əxlaqi və ya hüquqi qanun üçün nə dinə ehtiyac var, nə də hansısa fəlsəfə və ateist məktəbinə. Yalanın pisliyini, oğurluğun çirkinliyini, xəyanətin, günahsız insanın qətlinin, zülmün pis olmasını hamı yekdilliklə qəbul edir. Hamı təvazökarlığı, mərdliyi, humanizmi gözəl hesab edir. Müqəddəs kitablar bu əxlaqi, hüquqi dəyərlər barədə danışmasaydı belə, bunu anlamaq üçün sadəcə sağlam insan ağlı da yetərli idi. - Maraqlıdır, əgər insanlar bu qədər mövzularda müştərək düşünürlərsə, bəs bu qədər ixtilaf, zülmlər hardan qaynaqlanır?   - Problem onda deyil ki, biri zülmü yaxşı bilir, digəri pis, biri rüşvətxorluğu, korrupsiyanı yaxşı bilir, digəri yox. Problem bildiklərimizə əməl etməməkdədir. Əfsuslar olsun ki, insanlar əməldə düz bildiklərini şəxsi mənfəətlərinə, istəklərinə qurban verirlər. Biz məhz bu düyün nöqtəsinin üzərində işləməliyik. - Bəs, onda cəmiyyət üçün təhlükəli olan nədir?   - Əslində cəmiyyət üçün təhlükəli olan məhz nəfsinə uymuş insandır. Bu insanın hansı inanca məxsus olması, ateist, yaxud teist olması elə də önəmli deyildir. İnsan səhv yolu daha məntiqli və dəlillərini daha əsaslı hesab etdiyinə görə seçmir. O, həmin yolla sadəcə öz istəklərilə daha uyğun gəldiyinə görə gedir. Həzrət Əlinin (ə.s.) məşhur bir kəlamı var: "Sizin üçün iki şeydən çox qorxuram. Onlardan biri nəfsani istəklərə uymaqdır. Belə ki, nəfsani istəklərə uymaq sizi düzgün yoldan uzaqlaşdırar, həqiqət ardınca getməyinizə mane olar". Bu insan yanlış yolu emosional olaraq seçdikdən sonra öz seçiminə bəraət qazandırmaq üçün "elmi arqumentlər" və məntiqi mülahizələr də uydurmağa başlayır. - İnam və inamsızlığı müqayisə etdikdə ideologiya öz gücünü hansı məqamda göstərir?   - İnam və dini ideologiya məhz əməl məqamında çox effektlidir. O, insanı düzgün bildiklərinə əməl etməyə sövq edən çox böyük qüvvədir. Ateizm, deizm, aqnostisizm məhz bu məqamda gücsüzdür. Statistikaya görə, Çində ildə 5000 insan 50-ə yaxın maddə əsasında günahkar bilinərək öldürülür. Bu ölkədə ölüm hökmünün olmasına baxmayaraq, korrupsiyanın, cinayətin qarşısını hələ də almaq mümkün olmayıb. Dünyada törədilən cinayətlərin, qətlərin 80-90 %-i inancı olmayan, yaxud da çox zəif olan insanlar tərəfindən törədilir. Halbuki, bu insanlar düzgün ideologiya və möhkəm inama sahib olsaydılar, cinayətə heç bir bəhanə ilə qol qoymazdılar. - Bir az əvvəl Platondan sitat gətirdiniz. Platonun dediyi kimi, ideoloji diskriminasiya həqiqətən lazımdırmı?   - Heç kəs mənim kimi düşünmək məcburiyyətində deyil, mən də başqa biri kimi düşünməyə məcbur deyiləm. İdeoloji mövqeyinə görə kimisə təhqir etmək, inanclıları, ateistləri və ya qeyrilərini təzyiqə məruz qoymaq yanlışdır. Ancaq fikir mübadiləsi etmək olar.   Ateist, yaxud da inanclı olmasından asılı olmayaraq, hansısa ideoloji məktəbin nümayəndəsini gələcəkdə cinayət edə bilmə ehtimalı ilə indidən cəzalandırmaq, təhqirə məruz qoymaq səhvdir. Bəzən olur ki, hansısa qrup barəsində onun bir neçə nümayəndəsinin mənfi hərəkəti əsasında ümumi stereotip formalaşdırırlar, daha sonra isə qurunun oduna yaşı da yandırırlar. - Allaha inanan, mömin olan hər kəsi vicdanlı və əxlaqlı hesab etmək olarmı?   - Xeyr! - Bəs bir insanda həm imanın, həm də əxlaqsızlığın cəmləşməsi paradoks deyilmi?   - Yox, deyil. Siz dedikləriniz kamil imanla cəmləşə bilməz, ancaq bəzilərindəki naqis imanla hər şey birləşə bilər. Quranda Yusif surəsinin 102-ci ayəsində deyilir: "Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha iman etmişlər". Əgər bir qəlbdə imanla şirk cəm ola bilirsə, onda hər şey naqis imanla cəm ola bilər. İnsan çirkin işlərdən imanı kamilləşdiyi həddə uzaqlaşır. Platon da "Qanunlar" əsərində Allaha inanan insanın pis iş tuta bilməsinin mümkünlüyünü deyir, lakin belə bir şəxs Allahın insanların həyatına təsir qoya bildiyini tamlığı ilə qəbul etməyib. Platona görə, Allahı layiqincə tanıyan çirkin iş tuta bilməz. - Sizcə Allaha inamın psixoloji effekti necə, varmı?   - Uilyam Ceyms, Viktor Emil Frankl, Karl Qustav Yunq, Deyl Karnegi kimi tanınmış psixoloqlar, Dostoyevski, Tolstoy, Kant kimi şəxsiyyətlər inamın psixoloji zəruriliyini, bunun insanın əxlaqi davranışlarına təsirini artıq vurğulayıblar. Lakin Tanrıya inamın faydası sadəcə psixoloji cəhətlərlə məhdudlaşmır.   - Rövşən müəllim, əgər Allah olmasaydı, onu uydurardınızmı?   - Xeyr, qətiyyən! Allaha  inamın praktik, əxlaqi, fərdi və ictimai faydalarının olmasına rəğmən, belə bir məsələdə yalandan istifadə etməyi qətiyyən düzgün bilmirəm. Çünki inam heç zaman yalan üzərində çox dayana bilməz. İnam yalnız və yalnız elmi yəqinlik üzərində qurulmalıdır. Elmi yəqinlik olmadıqda heç bir inamdan söhbət gedə bilməz. - Hansı ideologiyanı və ya dini terrorizmə daha yaxın görürsünüz?   - Terrorizmin dini, milləti olmaz. Ona görə də belə bir yanaşmanı səhv hesab edirəm.   Bəzən deyirlər ki, İslam və ümumiyyətlə inanclı olmaq cəmiyyət üçün təhlükədir, ateistdə isə bu ictimai təhlükə yoxdur, çünki inancsız biri daha çox humanist olur, cəmiyyətini daha çox düşünür. Bu düşüncə ilə də razılaşmıram. Ən azından ona görə ki, mən sizə cəmiyyəti məhv etmiş çoxlu ateist, dinsiz şəxsləri misal çəkə bilərəm. Elə götürək Sovet İttifaqını. Stalin ateizmin qatı tərəfdarlarından və ən güclü təbliğatçılarından idi. Qeyd edilən iddiaya görə, o, dünyanın ən humanist insanı olmalı idi. Rus tarixçisi, Nobel mükafatçısı Aleksandr İsayeviç Soljenitsının "Qulaq arxipelaqı" əsərində yazdıqlarına görə, 1917-1959-cu illərdə Sovetlər birliyində rejim tərəfindən aclıqdan, həbs düşərgələrində, sürgünlərdə, terrordan 66 milyondan çox insan öldürülüb.   Stalinin məqsədyönlü daxili siyasəti nəticəsində SSRİ-də, əsasən də Ukraynada, Belarusiyada, Cənubi Uralda, Şimali Qafqazda, Qazaxıstanda bir neçə dəfə böyük aclıq yaranmışdı. Təkcə 1932-1933-cü illərdə baş vermiş kütləvi aclıq nəticəsində SSRİ-də 7-8 milyon insan aclıqdan ölüb. Ukraynada 1932-33-cü illər aclığı ukraynalılarının məqsədyönlü soyqırımı kimi qəbul edilir.    Gəlin 18-ci əsrdə baş vermiş Böyük Fransız inqilabını götürək. Bu inqilab zamanı ateistlər və deistlər köhnə ictimai quruluşla mübarizə adı altında keşişləri, inanclı kütlələri və zadəganları kütləvi şəkildə qırdılar. Bu inqilab zamanı bəziləri ən azı 600 000 insanın öldürüldüyünü deyir. Fransız tarixçiləri isə qeyd edirlər ki, bu inqilabın qurbanlarının həqiqi sayını biz heç bir zaman öyrənə bilməyəcəyik. Minlərlə keşişin, rahiblərin gilyotinada başları kəsilib. Fransız inqilabı ilə bağlı belə bir anlayış var - böyük terror dövrü. Yəni inqilabçıların fikirlərini qəbul etməyən şəxslərin kütləvi surətdə qətli. Yakobinlərin ölkə daxilində həyata keçirdikləri radikal fəaliyyətləri, kütləvi terrorları.   1931-39-cu illərdə II İspaniya respublikası dövründə respublikaçılar hakimiyyətə gəldikləri zaman inanclı insanlara qarşı kütləvi qətllər törətməyə başladılar. Bu dövrlərdə 50-ə yaxın kilsə yandırıldı, 7 000 -ə yaxın keşiş və rahib qətlə yetirildi. Ateist respublikaçıların vəhşilikləri adi inanclılara qarşı da yönəlmişdi. Belə ki, bunlar on minlərlə insanı sadəcə hansısa müqəddəs atribut daşıdıqlarına görə öldürmüşdülər. Bu qətllər xüsusi amansızlıqla törədilirdi. Onların qulaqları kəsilir, xaçları udmağa məcbur edilir, tonqalda yüzlərlə keşiş və rahibələr yandırılır, rahibələrə cinsi təcavüz edilır, inanclıları çarmışa çəkirdilər. Onların hakimiyyəti məhkəməsiz qətllər, müxaliflərə qarşı xüsusi amansızlığı ilə yadda qalıb. Bunlar üçün insanın inanclı, yaxud keşiş, dinlə hər hansı bir əlasinin olması məhkəməsiz edam edilməsi üçün kifayət idi. Qırmızı terror adı ilə tanınan bu hadisələrdə yalnız inanclılara deyil, siyasətçilərə, zadəganlara, böyük mülkləri olan şəxslərə, sənayeçilərə belə hücumlar olunurdu. Bunun nəticəsində çox ziyalılar ölkəni tərk etmək məcburiyyətində qaldılar.   Yaxud da gəlin Çində dinsiz Mao Tsedunun hakimiyyət illərini götürək. O, "böyük sıçrayış" və "mədəni inqilab" adı altında iki geniş miqyaslı islahatlar həyata keçirirdi. Bunu əslində xalqın üzərində aparılmış təcrübə, xalqın soyqırımı kimi qəbul etmək daha düzgün olardı. Nəticədə kütləvi aclıq, ziyalı təbəqənin terroru, repressiyalar başladı. Bu "islahat" on milyona yaxın günahsız insanın ölümü ilə nəticələndi. "Mədəni inqilab" adı ilə 53 000 alim, 3000-ə yaxın yazıçı, incəsənət xadimi, 142 000 müəllim və çoxlu sayda müxtəlif məsul vəzifələr tutmuş insanlar qətlə yetirildi. Ay ərzində fərqli məntəqələrdə yüz min insan qətlə yetirilirdi. Mao ona qarşı etiraz etmə ehtimalı olan partiyalardan 5 milyon insanı öldürdü, yerinə özünə müti insanları gətizdirdi. Əksər mənbələr Maonun hakimiyyətindən zərərçəkmişlərin 100 milyon nəfər olduğunu deyir. İnanmaq çox çətindir, ancaq Maonun hakimiyyəti illərində inqilab düşmənlərinin bədən üzvlərini yemək partiyaya, Maoya olan sevgi və fədakarlıq hesab olunurdu. Bir çoxları bu yolla öz sədaqətlərini göstərir və vəzifə pilləsində irəli gedirdilər.   Siyahı bununla bitmir. Kambocada Pol Potun rejimini misal çəkək. Pol Pot da nə Allaha inanır, nə də dinləri qəbul edirdi. Onun üzərində iki milyona yaxın əhalinin qanı vardır. Pol Pot müasirliyə, ziyalılığa, elmə düşmən idi, çünki onlara burjuaziya dəyərlərinin qalığı, rejimin düşməni kimi baxırdı. Ona görə də ziyalıları, həkimləri, müəllimləri, alimləri kütləvi surətdə qətlə yetirirdi. Hakim rejim kitabxanaları dağıdır, hər növ incəsənətə qarşı çıxır, müsiqini, oynamağı, bayramları qadağan edirdi. Pol Pot bütöv bir xalqın bütün mədəniyyətini, düşünən beyinlərini, elmi-mədəni irsini məhv etdi. O, kəndli həyatına üstünlük verdiyindən bütün ölkəni aqrar sosializmə çevirmək haqda qanunlar qəbul edirdi. Şəhər camaatını belə zorla kənd təsərrüfatı ilə məşğul olmağa məcbur edirdilər.   Elə bilməyin ki, Pol Pot savadsız, təhsilsiz biri idi. Xeyr, o, Paris Universitetini bitirmiş ali təhsilli şəxs idi. Pol Potun əsgərlərini uşaqlıqdan yetişdirir, onlara insan qanı içizdirirdilər. Bununla onları amansız etmək istəyirdilər.   Görəsən, bu insanlar dini inanclı olmadıqları halda niyə bu qədər qəddar işlər göürdülər? Onlarda insanlara qarşı bu qədər nifrət hardan idi? Bu insanlar dinə zidd, onu qəbul etməyən şəxslər olublar, ancaq ateist olmaları onları humanist etməyib. Deməli, humanizm insanın ateist olması ilə əlaqəli deyildir. Əksinə, insan Tanrıya inamını itirdikdə ən təhlükəli canlıya çevrilir. Tarix və müşahidələr də bunu isbat edir.   Adətən buddizmi daha humanist din hesab edirlər, çünki buddizmdə insanı öldürmək böyük günahdır, onun qanunları insansevərliyə daha çox köklənib. Məgər İslamda, yaxud da digər səmavi dinlərdə insan öldürmək günah deyil?! İnsan qətli nəinki buddizmdə, bütün dinlərdə ən böyük günah hesab edilir. Bütün dinlər zülmü pis bilir. İslamın bütün qanunları haqq və hüquq məsələsinə həssaslıqla yanaşır.   Buddistdən terrorçu çıxmaz kimi düşünənlər yəqin ki, yer planetinə yeni gəlmişlər. Belələri "buddist terroru" adı ilə ən azı internetdə, xəbər portallarında bir axtarış etsinlər.  Mümkündür ki, buddizmi ənənəvi olaraq ən humanist din, davamçılarını da ən sülhməramlı kimi bilsinlər. Əgər buddizm insanı ən humanist şəxsiyyətə çevirirdisə, o zaman buddizmin geniş surətdə yayılmış olduğu ölkələr dünyanın ən az cinayətlər törədiliən, ən az müharibə edən ölkələri olmalı idi. Bu ölkələr Çin, Butan, Yaponiya, Hindistan, Kamboca, Koreya, Laos, Monqolustan, Myanma, Nepal, Tailand, Şir-Lanka və sairədir. Bu ölkələrin bəzilərinin əhalisinin mütləq əksəriyyəti, yəni 80-95 %-i buddistdir, bəzilərində isə onlar əksəriyyət təşkil edir. Amma bu ölkələrin tarixinə nəzər salsaq, necə dəhşətli və amansız müharibələrə imza atdıqlarının şahidi olarıq. Cinayət və adam qətllərinin sayına görə də bu ölkələr öndə gedirlər. Burada ən çirkin və amansız qətllər məhz buddist inanclıların əli ilə törədilib. Bəs, görəsən onların humanist buddizmi niyə bütün bu cinayətlərin qarşısını almadı?   Bunlar bir kənara qalsın. Gəlin bir qədər də buddist rahiblərin etdiklərindən danışaq. Aşin Viratu buddistlərin lideri idi. O, 14 yaşından bəri buddist rahibidir. Məhz o, səbəb olmuşdur ki, buddist rahibləri Myanmada müsəlman kəndlərinə hücum edib onları qətlə yetirsinlər, evlərini yandırsınlar. Onun göstərişi ilə buddistlər məscidlərə hücum edir, müsəlmanların alış-veriş mərkəzlərini dağıdırdılar. Dünya mətbuatı Viratunu "buddist terrorunun siması", "Birmanın Hitleri", "Buddist Bin Ladeni" kimi ləqəblərlə adlandırır. Onun yaratdığı "969" radikal təşkilatının hədəfi ölkədən bütün müsəlmanlarını yer üzündən silmək idi. O və onun tələbələri bütün ölkədə kin, nifrət və qəzəb yayan çıxışlar edirdilər.   Həmçinin Şri Lankada da "Bodu Bala Sena" (Buddist gücü) adlı başqa bir buddist terror təşkilatı var. Onlar da ölkədə həm müsəlman, həm də xristianlara qarşı qətllər törədir, onların ticarət mərkəzlərini, ibadət yerlərini dağıdırlar. Bu təşkilatın ən azı on minlərlə üzvü vardır ki, onların da bir qismi məhz rahiblərdir.   Bu sıralamaya Yaponiyada fəaliyyət göstərən "Aum Sinrikyo" buddist terrorist təşkilatını da aid etmək olar. Bu təşkilat Tokioda metronun partladılmasından tutmuş bir sıra qətllərə səbəb olub. Bu, dünyada ilk terrorist təşkilatıdır ki, adi, mülki vətəndaşlara qarşı kimyəvi silahdan istifadə edib.   Burada həmçinin, Hindistan və Koreyadakı buddist terrorlarından da danışmaq olar. Hindistan racalarının buddizmi insanlara qəbul etdirmək üçün törətdikləri qətlləri də yada salmaqda fayda vardır. Eramızdan 3 əsr əvvəl padşah Aşoka buddizmi Hindistanın rəsmi dövlət dini etməyə cəhd etdi. Aşoka buddist hökmlərinə tabe olmayanları öldürür, başqa inanclılara qarşı amansızlıq göstərirdi. Oxşar addımı bir çox buddist racaların fəaliyyətlərində də müşahidə edirik. - Nəticədə ən təhlükəli insan kimi hesab edə bilərik?   - Ən təhlükəli insan nə Tanrısı, nə də vicdanı olandır. Belə birisi ateist, deist, müsəlman, xristian, buddist kimi fərqli simalarda peyda ola bilər. Oksford professoru Alister Makqrat bir məqaləsində yazır ki, "zamanla ateizmdə istənilən dindəki qədər fırıldaqçı, psixopat və vəzifəpərəstlər əmələ gəldi". Fırıldaqçı üçün hansı ad altında fəaliyyət göstərməsi mühüm deyildir. Beləsi hansısa dünyagörüşünü ona səmimiyyətlə inandığına görə deyil, sadəcə hansısa şəxsi maraqlarına, yaxud da psixoloji durumuna uyğun gəldiyi üçün seçir. - Sizcə cəzaları sərtləşdirməklə cinayətin kökünü kəsmək mümkündürmü? - Mən deyərdim ki, bu qismən effektlidir. Nəfsinin çirkin istəklərini həyata keçirmək istəyən şəxs qanunun əli çatmayan yer tapdığı ilk anda həmin işi icra edəcəkdir. Vay o gündən ki, həmin şəxsin özü qanun başına keçə. Bu zaman onun sui-istifadələrinin qarşısını daha heç kəs ala bilməyəcəkdir. Biz cinayətin mənbəyini qurutmalıyıq. Yəni, insanların düşüncələrində, qəlblərində inqilab etməliyik. Hər bir insan bütün varlığı ilə cinayətin bütün növlərinə nifrət etməlidir. Bu zaman qanunun əli çatmayan yerlərdə belə cinayət törədilməyəcəkdir.   - Nəzəriyyəyə görə, İslam kamil din olaraq müsəlmanların hərtərəfli tərəqqisinə gətirib çıxarmalıdır. Bəs, onda niyə bunu bütün müsəlmanlarda görmürük?   - Belə deyək, səbəbin öz təsirini göstərə bilməsi üçün iki şərtin olması və bir də maneənin yoxluğu vacibdir. Məsələn, buğda toxumunun buğda olması üçün onun torpağa əkilməsi, vaxtında suvarılması, gübrə verilməsi şərtdir. Əlbəttə ki, şiddətli şaxta kimi maneənin olmaması da zəruridir. İlahi hökmlərin, mənəvi əməllərin insanları ucaltmaq təsiri vardır. Ancaq bu təsirin insanda, cəmiyyətdə, ölkədə, dünyada özünü göstərməsi üçün lazım olan şərtlər və maneələri də nəzərə almaq lazımdır. Əgər şərtlər hasil olsa və arada heç bir maneə də olmazsa, qeyd olunan müsbət nəticələr qaçılmazdır. Savadlı, zəhmətkeş müəllimin bacarıqsız, oxumaq istəməyən şagirləri heç bir nəticəyə varmırlarsa, bundan müəllimin təsirsiz, savadsız olduğu nəticəsini çıxartmaq düzgün deyil axı. Əgər bundan sonra 100 il də eyni formada ötsə və həmin müəllimin şagirdləri tənbəl olaraq qalsalar, yenə də müəllim müqəssir deyildir. Bu, çox sadə bir məntiqdir. Hətta məsələni bir qədər də dərinləşdirək. Əgər hətta bütün müsəlman ölkələri Afrika tayfaları kimi inkişafdan, mədəniyyətdən kənar yaşasaydılar belə, yenə də buradan Quranın, İslamın yanlışlığı nəticəsinə gəlmək çox gülünc olardı. Universitetin bütün tələbələri tənlik əsasında səhv hesablama aparsalar belə, tənlik səhvdir nəticəsinə gəlinməz. Tənliyin düzgün və ya səhv olduğunu düşünürsənsə, tənliyin özündə araşdırma aparmaq lazımdır. - Bəzən deyirlər ki, bəzi müsəlman ölkələrinin acınacaqlı vəziyyəti onları inancları ilə əlaqəlidir. Bu həqiqətən də belədir?   - Biz eyni məntiqsiz yanaşma ilə belə bir nəticə də çıxarda bilərik: Əgər müsəlman olmamaq ölkənin və ya insanın mədəni olmasına və inkişaf etməyinə birbaşa təsir edirsə, o zaman gərək Mərkəzi Afrika Respublikası dünyanın ən inkişaf etmiş ölkələrindən olaydı. Halbuki əhalisinin 80-85 %-ni xristianlar təşkil edən MAR dünyada ən kasıb və geridə qalmış, QİÇS xəstəliyinin yayılmasına görə isə öndə gedən ölkələrdəndir. Zambiyanın da əksəriyyəti xristiandır, yalnız 5% əhalisi müsəlmandır. Ancaq xristian olmaları onları da bir ağ günə çıxartmayıb. Eyni şeyi əhalisi bütpərəst, ateist olan ölkələrə də şamil etmək olar. Vyetnam və Estoniyanın da əhalisinin əksəriyyəti ateistlərdir. Ancaq orada da vəd olunan fövqəladə tərəqqi və sivilizasiyanı görmürük. - Bəziləri deyir ki, müasir dövr ateizmə məxsusdur. Sizcə bu belədir?   - Ateizm XX əsrin birinci yarısına qədər aktual idi. 70-80-cı illərdə də öz aktuallığında qalırdı. Dünyada baş verən bəzi siyasi, elmi və cəmiyyətin dünyagörüşündəki dəyişikliklər ateizmi aktuallıqdan saldı. Ateizm artıq müasir cəmiyyət üçün maraqlı deyildir. Günümüzdə bir çox elmi dairələr ateizmi əvvəllər olduğu kimi elə də qabartmır.  Demək olar ki, ateizm artıq dəbdən düşür. Mənə görə bu dəbdən düşməyə əsl səbəb elmi yetərsizlikdir, bəziləri bura əxlaq və mənəviyyat yetərsizliyini də əlavə ediblər. Oksford Univsersitetinin professoru Alister Makqrat Amerika jurnallarının birindəki müsahibəsində yazırdı ki, gələcəkdə ateizm kəskin azalacaqdır. O, bu azalmanı iki faktorla əlaqələndirir: Birincisi, elmi bünövrənin, ikincisi, ateistlərin yüksək əxlaqi dəyərlərə sahib olmaması. - O zaman hazırda hansı fəlsəfi məktəbi dinə rəqib görürsünüz?   - Deizmi və aqnostisizmi. Müasir dünyada bu iki dünyagörüş hardasa populyarlaşır. Ateizm elm və düşüncə aləmində yaranmış bir çox suallara cavab verməkdə aciz olduğuna görə, hazırda bir çox elm adamları və insanlar daha çox deizmə və aqnostisizmə yönəlirlər. Tomas Nagel kimi bəzi ateist elm adamları müasir elmi nəzəriyyələrin bir çox elmi suallara cavab verməkdə aciz olduğunu etiraf edirlər. Amerikanın milli səhiyyə institutlarının (NIH) rəhbəri, genetik Frensis Sellers Kollinz isə sonradan ateist mövqeyini dəyişib, hətta Tanrının mövcudluğu barədə "Allahın dili: Bir alim Allaha inanmaq üçün dəlillər təqdim edir" adlı kitab da yazıb. Eynilə dünyada müasir ateizmin ən güclü ideoloqlarından sayılan tanınmış ingilis filosofu Entoni Flyu da ömrünün sonuna 6 il qalmış Tanrıya inandığını elan edib. Bu, etiraf böyük ək-sədaya səbəb olmuşdu. - Sizcə gələcəkdə cəmiyyət əsasən hansı məktəbin təsiri altında olacaq?   - Deizm də ateizm kimi bir müddətdən sonra elm adamları, cəmiyyət üçün marağını itirəcəkdir. Çox güman ki, başqa yeni bir cərəyan gündəmə gələcək. Hər halda cəbhəni boş qoymazlar və inanc məktəblərinin müqabilində nəsə yaradarlar. İlahi inanc məktəbinin qarşısında fərqli-fərqli yeni məktəblər duracaq, lakin onlar da elmi-məntiqi mübarizəyə tab gətirməyərək aradan gedəcəklər. - Bəs nəticə necə olacaq?   - Sonda bəşərin dünyagörüşündə, ideologiyasında köklü dəyişikliklər baş verəcək. Elm aləmində, epistemologiyada, dünya fəlsəfəsində dünənə kimi aksiom kimi bilinən prinsiplər qüvvədən düşəcək. Hazırda isə bəşəriyyət təcrübə dövrünü yaşayır, müxtəlif məktəbləri səadətə və həqiqətə çatmaq ümidilə sınaqdan keçirir. İlkin İzzət Milli.Az
28.08.2017   2064   16
Bütün yazıları
Tərcüməçi
Rənglərin simvolikası çox qədim tarixə malikdir. Ta qədim zamanlardan insanlar “rənglərin dilini” oxumağa xüsusi əhəmiyyət verirdilər. Bu isə miflərdə, xalq dastanlarında, nağıllarda, müxtəlif dini və mistik təlimlərdə öz əksini tapırdı. Astrologiyada spektrin 7 rəngini yaradan Günəş şüaları 7 əsas planetə uyğun gəlirdi: qırmızı – Marsın, göy – Veneranın, sarı – Merkurinin, yaşıl – Saturnun, purpur – Yupiterin, narıncı – Günəşin, bənövşəyi – Ayın rəngidir. Qədim dövrdə rənglər təkcə planetləri və onların təsirini deyil, həm də insanların sosial vəziyyətini, müxtəlif psixoloji vəziyyətlərini də simvolizə edirdi. Bu, müəyyən rəngdə olan geyimlərin seçilməsində, xalq deyimlərində, ayinlərdə və s. özünü göstərməyə başladı. Müxtəlif xalqlarda günümüzədək gəlib çatan rənglərin müəyyən simvolikası formalaşdı.   Ta qədimdən insanlar qırmızı rəngə xüsusi maraq göstərirdilər. Bir çox dillərdə eyni bir söz həm qırmızı rəng, həm də gözəl mənasını verir. Ümumiyyətlə, gözəl olan hər şeyə qırmızı demək adəti formalaşıb. Məsələn, polineziyalılarda “qırmızı” sözü “sevgili” sözünün sinonimidir. Çində isə səmimi bir insan haqqında “qırmızı ürək” ifadəsi işlənir; əksinə, hiyləgər insanın qəlbi isə qara hesab edilir.   Qırmızı rəng, hər şeydən əvvəl, qan və odla assosiasiya olunur. Onun simvolik mənaları o qədər çoxdur ki, bəzən bu mənalar bir-birinə zidd olur. Qırmızı sevinc, gözəllik, sevgi və həyat eşqinin simvolizə edir, digər tərəfdən isə ədavət, qisas, müharibə bildirir. Qırmızı rəng ta qədimdən aqressivlik və seksual istəklərlə əlaqələndirilir. Qırmızı rəng əsas savaş rəngidir. Bayraqda qırmızı rəng qiyam, inqilab, savaş, mübarizəni simvolizə edir. Məsələn, Afrika, Amerika və Avstraliyanın bir çox qəbilələri döyüşə hazırlaşarkən bədənlərini və üzlərini qırmızı rənglə boyayardılar. Karfagenlilər və spartalılar müharibə vaxtı qırmızı geyim geyinərdilər. Qədim Çində isə üsyançılar özlərini “qırmızı döyüşçülər”, “qırmızı ləpirlilər”, “qırmızı qaşlılar” adlandırırdılar.   Qırmızı rəng həm də hakimiyyət, möhtəşəmlik bildirir. Bizans imperiyasında yalnız imperator və ya imperatriçənin qırmızı çəkmə geyinmək hüququ var idi. İmperator purpur (qırmızı-bənövşəyi) rəngli mürəkkəblə imza atardı, purpur rəngli taxtda əyləşərdi. Əksər xalqlarda qırmızı rəng od-alov, məşəl və istilik rəmzi idi.   Ağ rəng təmizliyi, məsumluğu, xeyiri, sevinci simvolizə edir. Bu rəng gün işığı ilə, eləcə də süd və yumurtada təcəssüm olunan törədici qüvvə ilə assosiasiya olunur. Aşkar, məlum, qanuni, həqiqi olan hər şey haqqında təsəvvürlər ağlıqla əlaqələndirilir.   Qədim Romada Vesta bakirələri ağ don geyinər və ağ örpək örtərdilər. Antik dövrdə ağ rəng həm də dünyəvi olan hər şeydən imtina etmək, mənəvi rahatlığa can atmaq mənasına da malik idi. Xristian ənənələrinə görə, ağ rəng ilahi işıqla birlik, bərabərlik, qohumluq bildirir. Mələklər və müqəddəslər ağ rənglə təsvir edilir. Bəzi xalqlarda isə ağ rəngli geyimi yalnız hökmdarlar və kahinlər geyinərdilər. Bu isə möhtəşəmlik və alilik simvolu idi.   Ağ rəng əks mənalara da malik ola bilər. Öz təbiətinə görə, ağ rəng bütün digər rəngləri “udmaq”, neytrallaşdırmaq qabiliyyətinə malikdir və boşluq, səssizlik, dolayısı ilə -ölümlə əlaqələndirilir. Slavyan xalqları ölənləri ağ kəfənə bürüyərdilər. Bəzi Afrika və Avstraliya qəbilələri yaxınlarının ölümündən sonra bədənlərini ağ boya ilə rəngləyirlər. Yəni, bu qəbilələrdə ağ rəng matəm rəngidir. Qədim zamanlarda slavyan xalqlarında da ağ rəng matəm rəmzi idi.   Qara rəng, bir qayda olaraq, bədbəxtlik, kədər, matəm və ölümü simvolizə edir. Məsələn, qədim Meksikada insanın qurban verilməsi ayini zamanı kahinlərin üzləri və əlləri qara rəngə boyanardı. Qara gözlər isə təhlükəli, pis niyyətli hesab edilirdi. Ölümün gəlişini təcəssüm etdirən bütün personajlar qara rənglə təsvir edilir.   Qara rəng cəzbedicilik rəmzi hesab edilir. Bəzi Afrika qəbilələrində dərisinin rəngi həddindən artıq qara olan qadınlar yaxşı həyat yoldaşı kimi deyil, yaxşı məşuqə kimi qəbul edilir və qiymətləndirilir. Qara rəng isə sirli, əsrarəngiz, ehtirasla arzu olunan bir şeyi simvolizə edir. Ərəblərdə isə “qara gözlər” ifadəsi sevgili, “qara ürək” ifadəsi isə sevgi mənasını verir. Beləliklə, qara həm pis, həm də yaxşı mənalara malik ola bilər.   Ölkəmizdə də qara rəng matəm rəmzi hesab edilir. Sosial sorğuların nəticələrinə görə, azərbaycanlılar daha çox qara rəngdə geyinməyə üstünlük verirlər. Ekspertlər bunu Azərbaycan xalqının müharibə dövründə əziyyət çəkməsilə, bu səbəbdən də tünd rənglərə daha çox üstünlük verməsi ilə izah edirlər.   Sarı rəng qızıl rəngidir, qədimdə isə qızılın rəngi isə Günəşin donmuş halının rəngi olaraq qəbul edilirdi. Bu, payızın, qurumuş otların, solan yarpaqların rəngidir. Sarı həm də xəstəlik, ölüm, o biri dünyanın rəngi olaraq qəbul edilir. Bir çox xalqlarda qadınlar sarı rəngdə geyimə üstünlük verərdilər. Çox vaxt sarı rəng zadəgan nəsil nümayəndələrinin fərqləndirici nişanı idi. Məsələn, monqol din xadimləri – lamalar qırmızı kəmərlə sarı geyim geyinirlər.   Bəzi Asiya xalqlarında isə sarı rəng matəm, kədər, qəm rəngi hesab edilir. Avropada sarı və ya sarı-qara rəngli bayraq karantin, sarı xaç isə vəba xəstəliyini bildirirdi. Slavyan xalqlarında sarı rəng qısqanclıq, xəyanət rəngi hesab edilir, Tibetdə isə qısqanclığı “sarı göz” adlandırırlar. “Sarı mətbuat” və “sarı ev” ifadələrini də misal gətirmək olar.   Göy rəng bir çox xalqlarda səma və sonsuzluq simvolizə edir. Bu rəng həm də mərhəmət, sədaqət, daimilik rəmzidir. “Mavi (açıq göy) qan” əsilzadəlikdən xəbər verir, ingilislər isə əsl protestantı “göy” adlandırırlar.   Bundan başqa, göy rəng qara rəngə yaxın olduğu üçün, onun simvolik mənalarına da malikdir. Qədim Misirdə və bəzi Cənubi Afrika xalqlarında göy rəng matəm rəngi hesab edilirdi. Fransızlar dəhşəti “göy qorxu” adlandırırlar. Slavyan xalqlarında isə göy kədər, qəm mənasını verirdi. Bu xalqların nağıl və dastanlarında qara və göy cinlərdən bəhs edilir. Yaşıl ot və yarpağın rəngidir. Bir çox xalqlarda yaşıl rəng gəncliyi, ümidi, şən əhval-ruhiyəni, bəzəm isə tərcübəsizliyi simvolizə edir. Yaşıl rəng sakitləşdirici təsir bağışlayır, amma əks məna da verə bilər. Məsələn, bir çox dillərdə “hirsindən yaşıl olmaq” ifadəsi mövcuddur.   İranlılarda yaşıl rəng inkişaf, artım, təravət, tazəlik bildirir; bu rəng eyni zamanda bədbəxtlik, kədər, qəmlə assosiasiya olunur, buna görə də pis insan haqqında “yaşıl ayaqlı”, qəbiristanlıq haqqında isə “yaşıl ev” kimi ifadələr işlədirlər. Orta əsrlərdə Avropada təlxəklər yaşıl-sarı geyim geyinərdilər, Almaniyada müflis olanlar isə yaşıl papaq taxmalı idilər.   Rənglərin qədim simvolikası və onların müxtəlif mədəniyyətlərdə təfsiri rənglə insanın emosional vəziyyəti arasındakı qarşılıqlı əlaqə nəzəriyyələrində də öz təsdiqini tapır. M. Lyuşer, İ. Göte və digər psixoloqlar rənglərin insanın psixoloji vəziyyətlərinə uyğunluğunu tədqiq ediblər.   Bu gün rənglərin simvolikasından reklam biznesində geniş istifadə olunur. Psixoloqlar müəyyən ediblər ki, göy, qızılı, ağ, qara və qırmızı rənglərdən hər hansı məhsulu elit təbəqəyə layiq kimi göstərmək məqsədilə istifadə etmək olar, çünki bu rənglər ta qədim zamanlardan elit təbəqəni simvolizə edən “bahalı” rənglər hesab edilirlər. Həqiqətən də, bahalı məhsullarda göy və ya qara rəngin qızılı rənglə sintezindən geniş istifadə olunur. Qara rəng loqotipi (məsələn, qızılı rənglə yazılmış loqotipi) və ya məhsulun öz təsvirini daha effektiv şəkildə önə çıxarmağa imkan verir. Bunu alıcının diqqətini paketə deyil, məhsulun özünə yönəltmək, onun əhəmiyyətini vurğulamaq üçün edirlər. Bu yanaşmadan bahalı ətir və odekolonların istehsalı zamanı da geniş istifadə edilir.   Reklam biznesində qırmızı və sarı rəngin birləşməsi isə sevinc, dostluq, səmimilik ifadə edir. Təsadüfi deyil ki, “McDonald`s” restoranlar şəbəkəsi və “Lipton” çayları məhz bu iki rəngin birləşməsindən istifadə edir. Reklam biznesində yaşıl və mavi rənglər isə “yaz səhəri” rəngləri hesab edilir və onlardan məhsulun təzəliyini göstərmək üçün istifadə edirlər.   Alıcıda mənfi emosiyalar yaratdığı üçün bir-biri ilə istifadəsi qəti şəkildə qadağan olunan rənglər də var. Məsələn, bənövşəyi və narıncı rənglərin birlikdə istifadəsi alıcıda çarəsizlik, intihara meylilik oyada bilər. Qara fonda ağ rənglə yazılmış yazı da eyni təsirə malikdir.
22.05.2017   2373   33
Bütün yazıları
Quranın surələrinin, ayələrnin, kəlmələrinin və hərflərinin sayı İslam alimlərinin Quranın ayə, kəlmə və hərflərinin ümümi sayı mövzusunda, daha dəqiq desək, Quranın yazılış uslubu, yəni,  xəttatlığı baxımından fikir ayrılıqları vardır. Ümumiyyətlə  isə əksər elmi nəzərlərə görə Quranda 6236 ayə, 77437 kəlmə, 321180 və ya 322770 hərf, 1015030 (bir milyon on beş min otuz ) noqtə mövcuddur.   Quranın 114 surəsi vardır ki, onlardan  Məkkədə nazil olanların sayı  86, ayələrinin sayı 4468, kəlmələrinin sayı 45653, Mədinədə nazil olanların  sayı isə  28, ayələrinin sayı 1768, kəlmələrinin sayı 32154 təşkil edir. Quranda neçə Bismillahir rəhmanir rəhim vardır Qurani Kərimdə 114 Bismillahir rəhmanir rəhim ayəsi vardır ki, onlardan 113ü surələrin əvvəlində, biri ayə isə surənin ortasında gəlmişdir. Bu, Quranın 27-ci surəsi olan Nəml surəsinin 30-cu ayəsidir. إِنَّهُ مِنْ سُلَيْمَانَ وَإِنَّهُ بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ "O məktub Süleymandandır və o “Bismillahir-rəhmanır-rəhim”lədir (bismillahla başlanır)." Həzrət Süleyman  (ə) Bismilahir rəhmanir rəhim kəlməsini ilk yazan şəxsdir. Allah sözü Quranda neçə dəfə təkrarlanır Quran üzrə mütəxəssis doktor Mahmud Ruhaninin yazısına görə Allah kəlməsi Qurani Kərimdə 2699 dəfə zikr olunub. Bu kəlmə Quranda ən çox təkrar olunan kəlmələrdən biridir ki, bu da hər bir insanın Allahı öz hayatında  əsas varlıq bilməsinə görədir. Quranda Məhəmməd peyğəmbərin (s) mübarək adı neçə dəfə zikr olunur İslam peyğəmbərinin mübarək adı Qurani Kərimdə 5 dəfə zikr olunur ki, bunlardan da 4-ü "Məhəmməd" (s) ,biri isə "Əhməd" (s) adı ilə qeyd olunub. "Məhəmməd" adı aşağıdakı surə və ayələrdə gəlmişdir. "Muhəmməd ancaq bir peyğəmbərdir..."  Ali-İmran surəsi (3), ayə 144; "Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir..." Əhzab surəsi (33), ayə 40; "İman gətirib yaxşı əməllər edənlərin, Rəbbindən Muhəmmədə haqq olaraq nazil edilənə (Qurana) inananların isə günahlarının üstünü örtəcək, onların əhvalını (dünyada və axirətdə) düzəldəcəkdir (yaxşılaşdıracaqdır)."  Muhəmməd surəsi (47), ayə 2; "Muhəmməd (s) Allahın Peyğəmbəridir..." Fəth surəsi (48), ayə 29; Əhməd adı isə Saff surəsinin 6-cı ayəsində zikr olunur: "Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!..." Hansı peyğəmbərin adı Quranda daha cox zikr olunur Qurani Kərimdə adı ən çox yad edilən peyğəmbər həzrəti Musadır (ə). Bu peyğəmbərin (ə) adı müqəddəs kitabımızda 136 dəfə zikr olunur. Bunun da səbəbi odur ki, həzrət Musanın (ə) qövmi olan yəhudilərin sərgüzəştlərindən və onların etdikləri zülm və səhv hərəkətlərindən ibrət alıb səhvlərə yol verməyək. Neçə qadının adı Quranda zikir olunur Həzrət İsanın (ə) anası olan Məryəm (ə) xanımdan başqa heç bir qadının adı müstəqil şəkildə qeyd olunmamışdır. Amma digər xanımlara işarə edilmişdir. Belə ki,  Əzhab surəsinin əhli-beyt haqqında olan 33-cü ayəsində həzrət Zəhra (ə) xanıma, Hud surəsinin  71-ci ayəsində həzrət İbrahimin həyat yoldaşı olan Sara xanıma, həmçinin, Qəsəs surəsinin 11-ci ayəsində, Nəml surəsinin 23 və Ali-İmran surəsinin 40-cı ayələrində isə digər xanımlara işarə olunmuşdur ki, arzu edənlər baxa bilərlər. Quranda Həzrət Nuhun və Həzrət Lutun xanımları  cəhənnəm əhli kimi yad olunmuşdur ki, bunlara da Təhrim surəsinin 10-cu ayəsində rast gəlinir. " Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: “(Başqa) girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!” – deyildi." Bu ayədən də belə qənaətə gəlirik ki, hətta Allahın peyğəmbərinin xanımı olmaq belə insana Allah əzabından nicat vermir . Hər bir şəxs Qiyamət günü öz əməllərinə görə haqq-hesab olunacaq və kimisi cəhənnəmə, kimisi isə cənnətə gedəcəkdir. Hansı surələrin adı peyğəmbərlərin adı ilə başlayır Bu surələr bunlardır: Yunis (10), Hud (11), Yusif (12), İbrahim (14), Muhəmməd (s) (47) və Nuh (71). Ümumiyyətlə, altı surə peyğəmbərlərin adı ilə başlayır. Ən böyük və ən kiçik surə Quranın ən böyük surəsi Bəqərə surəsidir  ki, 282 ayədən və ən kiçik surəsi isə Kovsər surəsidir ki, 3 ayədən ibarətdir. Bəqərə surəsi Mədinədə, Kovsər surəsi isə Məkkə şəhərində nazil olmuşdur. Hnası surə "Bismillahir rəhmanir rəhim"siz başlayır Quranın doqquzuncu surəsi olan Tövbə surəsi "Bismillahir rəhmanir rəhim"siz başlayır. Bildiyiniz kimi, Mehriban və Bağışlayan Allahın adı ilə kəlməsi (Bismillahir rəhmanir rəhim) Allahın  rəhman və rəhim sifətlərinə şamil olur. Allah-Təala milliyətindən, dinindən, irqindən, elmindən, sərvətindən və tayfasından aslı olmayaraq bu dünyada hər kəsə qarşı rəhimlidir və hər kəsə ruzi verəndir,  hətta o kəs  kafir və müşrik olsa belə. Ancaq qiyamət günü Allah-Təala yalnız möminlərə mehriban və rəhman olacaqdır. Tövbə surəsinin ilk ayələri də kafir və müşriklərə böyük xəbərdarlıq və əzabdan bəhs edir. Ola bilsin ki, Allah bununla insanlara bildirmək istəyir ki, axirətdə kafir və müşriklərə heç vaxt güzəşt olmayacaqdır. Bildiyimiz kimi, Allahı tanımamaq və ya ona şirk qoşmaq ən böyük günahlardandır ki, bunun da müqabilində Allah kafir və müşriklərin əbədi cəhənnəm atəşində yanacaqlarına söz verib. Allah kəlməsi bir surənin bütün ayələrində Qurani Kərimin Mücadilə surəsinin bütün ayələrində  Allah kəlməsi zikr olunmuşdur. Allah kəlməsi ümumilikdə 22 ayədə 40 dəfə zikr olunmuşdur. Quranın böyük və kiçik ayəsi Bildiymiz kimi, Quranın ən böyük ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir. Taha surəsinin birinci ayəsi isə hərf baxımından ən kiçiyidir ki, yalnız iki hərfdən, TA və HA hərflərindən ibarətdir. Quranın  digər kiçik ayəsi Ər-Rəhman surəsinin 64 -cü ayəsdir ki, yalnız bir kəlmədən ibarətdir. مُدْهَامَّتَانِ " (O iki cənnət) yamyaşıldır (o qədər yaşıldır ki, qaraya çalır)." Quranın ən uzun kəlməsi isə Hicr surəsinin 22-ci ayəsində gələn 11 hərfdən  ibarət kəlmədir. فَأَسْقَيْنَاكُمُوهُ Quranda adı çəkilən heyvalar bunlardır: Müqəddəs kitabımızda  25 dənə heyvan adı çəkilmiş ki, onlardan bəziləri bunlardır. İnək  - Bəqərə, ayə 67; meymun - Bəqərə, ayə 65; bal arısı -  Nəhl, ayə 68; şanapipiyi quşu - Nəml ,ayə 20; qarışqa - Nəml, ayə 18; fil - Fil, ayə 1; it - Kəhf, ayə 18; ağcaqanad - Bəqərə, ayə 26; hörümçək -Ənkəbut, ayə 41; canavar - Yusif,  ayə17; dəvə - Ənam, ayə 144; qarğa - Maidə, ayə 31; qoyun - Ənam, ayə143, 
13.07.2016   2759   43
Bütün yazıları
Köşə yazarı
“Gündə 1 saatdan çox idmanla məşğul olan qadınlarda döş xərçəngi riskinə tutulma şansı azalır”. Bu fikir Döş Xərçəngi üzrə Beynəlxalq Avropa Konfransında səslənib. Beynəlxalq Araşdırma İnstitutunun professoru Matye Boniol aktiv həyat sürməyən və idmanla məşğul olmayan qadınlarla müqayisədə gündə ən azı 1 saat idmanla məşğul olan qadınlarda döş xərçənginə tutulma riskinin 12% azaldığını söyləyib. O bu statistikanın istənilən yaş həddində olan qadınlara aid edildiyini və əldə edilən nəticənin 1987-ci ildən 2013-cü ilədək aparılan 37 araşdırmanın təhlilinin nəticəsi olduğunu bildirib. Konfransda, həmçinin, araşdırma zamanı 4 milyondan çox qadının nəticələrindən də istifadə olunduğu qeyd olunub.  
24.08.2015   2231   55
Bütün yazıları
Daxili Xəstəliklər Uzmanı
İnci qədər təmizlik olsa da suda, Artıq içiləndə dərd verir o da   Hələ uzun illər əvvəl dahi Nizami Gəncəvi tərəfindən qələmə alınan bu sətirlərlə  hər birimiz yəqin ki dəfələrlə qarşılaşmışıq. Bəzən qısa bir müddət üzərində düşünərək gözəl qafiyəsi var demişik, bəzən də heç düşünmədən sürətlə oxuyaraq üzərindən keçmişik. Şair mütəfəkkir əslində  bu iki sətirdə önəmli məqamlara toxunmuşdur.   İnsan sağlamlığı , sağlam yaşama, xəstəliklərdən qorunma  hələ qədimdən insanlarin  daim üzərində düşündüyü mövzulardan biri olmuşdur. Müasir  dövrümüzdə də bu  mövzu  öz aktuallığını qorumaqdadır. Bu gün Tibb elminin nailiyyətləri danılmaz bir faktdır. İstər xəstəliklərin erkən aşkar olunmasında tətbiq edilən yeni müayinə metodlarının kəşfi, xəstəliklərin əmələ gəlməsinin qarşısını alan profilaktik tədbirlərin tətbiqi, istərsə də müalicədə hüceyrə səviyyəsində təsir göstərən dərman maddələrinin tətbiqi bunlara misaldır. Amma bütün bunlarla bərabər gündəlik həyatımızda yol verdiyimiz “kiçik”zərərli vərdişlərimizin səbəb olduğu sağlıq problemlərinin önünə keçməkdə tam müvəffəq deyilik. Həm ölkəmizdə, həm də bütün dünyada ürək-damar xəstəlikləri, şəkərli diabet, onkoloji xəstəliklər gedərək artmaqdadır.   Doğru olmayan qidalanma tərzi bu zərərli vərdişlərimizin ən öndə gələnidir. Görəsən həqiqətdə də belədirmi? Çox da diqqət eləmədiyimiz qidalanma tərzimizin bu xəstəliklərin əmələ gəlməsində  o qədər də böyük rolu varmı?    Yaşlanma, hüceyrə qocalması , oksidatif stress , xəstəliklərin əmələ gəlməsində hüceyrə səviyyəsində baş verən proseslər bugun araşdırmaçıları ən çox maraqlandıran mövzulardandır. Bu gun Dünya səhiyyəsinin əsas sağlıq problərindən olan ürək-damar xəstəlikləri , şəkərli diabetin hüceyrə səviyyəsində analizi onu göstərir ki, “oksidatif stress”adlandırdığımız hüceyrə zədələnməsi bu xəstəliklərin patogenezində əsas yeri tutur. Amerika Birləşmiş Ştatları Kaliforniya Universitetinin alimləri tərəfindən aparılan araşdırmalar nəticəsində sübut olunmuşdur ki, insan bədəninə bir səfərdə həddindən artıq qida maddələrinin qəbul olunması bədənimizdə olan hüceyrələrdə yüklənməyə səbəb olur. Biraz daha sadələşdirsək , bir səfərdə həddindən artıq qidalanma qida maddələrinin son dayanacaq olaraq parçalandığı hüceyrələri normadan artıq işləməyə məcbur etməklə oksidatif stresi artırmış olur. Artmış oksidatif stress  hüceyrə zədələnməsinə səbəb olaraq  qeyd etdiyimiz xəstəliklərin yaranmasına səbəb olan patogenetik proseslərə təkan vermiş olur.Yəni hər nə qədər saf, təmiz olsa belə  bir səfərdə həddindən artıq çox qidalanmaq sadəcə o an üçün bizi narahat edən köp, mədə bağırsaq sistemində yaranan  diskomfort, ağrı  kimi sadə problemlər ilə bitməyir. Bugun dünyada ciddi sağlıq problemi sayılan qeyd etdiyimiz xəstəliklərin əmələ gəlməsinə səbəb olmuş olur. Atalarımızdan eşitdiyimiz “süfrədən doymamış qalxmaq” , “gözü süfrədə qalmaq” elmi əsası olan cümlələrdir. Hörmətli oxucularımız  zənnimcə, gündəlik həyatımızda sadəcə qidalanma rejimimizə diqqət etməklə  orqanizmimiz üçün nə qədər faydalı ola biləcəyimizi düşünmə zamanı çoxdan gəlmişdir.
27.11.2014   2412   114
Bütün yazıları
İnvaziv və Diaqnostik Radioloq
Səhiyyə sistemində olan bir şəxs kimi fikirləşirəm ki, sistemdə olan əksiklikləri görmək və onları dəyərləndirmək mənə rahatdır. Kifayət qədər məsuliyyətsiz həkim addımları və ya səhvləri aktuallığını qoruyur. Düzdür bununla əlaqəli bəzi addımlar atılır ancaq köklü dəyişikliklər uzun müddətli mübarizə tələb edir. Bütün bunlar həkim etimadsızlığına, onlara olan etibarın azalmasına və təbii ki inamsızlığa səbəb olur. Ancaq bizlər bir şeyi də bilməliyik ki xəstənin bir də var olan -İlahi təqdiri var. Yəni necə deyərlər öz dilimizdə “bir talehi, əcəli” var. Bu əcəl insana gecə yatanda gəldiyi kimi, əməliyyat masasında və ya xəstəxana palatasında da gələ bilər. Evdə olduğu zaman biz buna əcəl, xəstəxənada olduğu zaman isə biz buna həkim səhvi deyirik. Niyə bu belədir bilmirəm. Bəlkə insan hər şeyə bir cavab axtarır və xəstəxananda da ittiham etmək üçün kifayət qədər səbəb var ona görə. Nə isə burada mən sizinlə bir iki şahid olduğum vəziyyəti bölüşmək istəyirəm. - Yeni doğulmuş bir körpə, süd əmmə problemi olan və qan təhlillərində də metobolik xəstəliyi düşündürən bir çox nəticələri var. Metobolik xəstəliyin nə olduğunu sizə qısaca izah edim:- anadan gəlmə insanda maddələr mübadiləsinin uyğun getməsi üçün bəzi fermentlərin çatışmamazlığı. Məsələn bəzi insanlar kor doğular, bəziləri kar doğular, bunlara metobolik xəstəlik deyilmir, anormal xəstə deyilir. Bəzilərində isə belə gözlə görsənən qüsur olmaz. Qüsur qanında və ya toxumalarında olar. Zahirdə hər şey güya normaldır:- əl, ayaq, göz….ancaq içəridə ciddi problemlər var. Pediatrlar üçün dünyanın harasında olursa olsun sevilməyən və əziyyətli bir vəziyyətdir bu. Dünya səviyyəsində həddən artıq çox araşdırılan və nəticələri üz güldürməyən, bəzən ölüm ilə nəticələnən xəstə popluasiyasıdır. İndi düşünün belə bir xəstə 20 gündür dünyaya gəlib. Hələ yenidir. Ailə hələ tam nəyin nə olduğunun fərqində deyil. Ancaq ciddi bir problemin olduğu bəllidir. Bu xəstə mütləq araşdırılmalıdır. Pediatrlar da bu araşdırmalara qərar verirlər. Bizdən tələbləri körpənin qaraciyərindən toxuma götürmək (biopsiya) və laborator muayinə eləmək olur.  Biz körpəni qaraciyər biopsiyası üçün xəstəxanamıza transfer edirik. Ancaq körpənin valideynləri rica edirlər ki vaxt bir qədər gec olduğu üçün gəlməsinlər və bu işi biz səhər edək. Təbii ki biz bunu qəbul edirik və səhər saat 09.00 ğörüş təyin edirik. Yaxşı sonra nə olur:- körpə o gecə dünyasını dəyişir. Düzü mən bir insan olaraq yeni doğulmuş uşağın ölməsinə pis oldum, zatən hamı belə bir reaksiya verərdi. Ancaq mənim qəlbimdəki özünü müdafiyə hissi də deyirdi ki, nə yaxşı ki o axşam biopsiya etmədik. Yəni geriyə dönərək məsələni analiz etdikdə görürsən ki bu körpə onsuzda öləcəkdi. Yəni təqdiri bəlli idi, ancaq o gün körpəyə biopsiya olsaydı və körpə də gecə ölsəydi mütləq, mütləq və yenədə mütləq körpənin qaraciyərindən biopsiya aldılar və sonra öldü deyiləcəkdi. - Bir başqa vəziyyət:- Bu vəziyyəti mənə oftalmolog kollegalarım danışıb. 65 yaşında kişi xəstə. Göz dərmanı üçün poliklinikada növbəsini gözləyir. Bu elə bir proseduradır ki dərman iynə şəklində bilavəsitə gözün içinə vurulur və bunu ev şaraitində etmirlər. Oftalmologlar belə xəstələri evdə muayinə etmir, poliklinika şərtlərində gözə iynə vurulur və xəstədə öz ayağı ilə evinə gedir. Sadədən bir az mürəkkəb ancaq ayaq üstü bir proseduradır. Nə isə xəstə öz növbəsini gözləyir, dördüncü sıradadır. Birdən xəstə oturduğu yerdə anidən yıxılır və 20 saniyəlik can vermə müddətindən sonra dünyasını dəyişir. Adətən bu vəziyyəti nə verə bilər? :- Ürək- damar problemləri (infakt , emboliya və s…….). İndi oftalmolog həkim deyir:- bilmirəm sevinim yoxsa kədərlənim. Əgər o xəstənin növbəsi çatmış olsaydı və məndə onun gözünə iynə vursaydım necə olacaqdı. Yüz faiz əminəm ki deyəcəklər ki, ay qardaş bu adam özü öz ayağı ilə evdən çıxdı və xəstəxanaya gəldi, indiyə qədər yeyirdi içirdi, bir problemi də yox idi, nə elədinsə sən oftalmolog elədin. Gözünə iynə vurdun və 10 dəqiqə sonra xəstə öldü. Günahkar yüzdə yüz sənsən. Mən bu iki vəziyyəti sizlərə həkim olub da həkimləri müdafiyə etmək üçün çatdırmadım. Kifayət qədər həkim məsuliyyətsizliyi və həkim səhvləri var. Ancaq əzizlərim bilin ki, Allahın qoyduğu bir əcəl də var. Bu əcəl sənin xəstəxanada olmağından və ya evdə olmağından aslı olmayaraq gələcək. Düzdür biz xəstələnəndə mütləq həkimə müraciyyət etməliyik, uşaqlarımızı peyvənd etməliyik. Ancaq onu da unutmayaq ki pərdənin arxasında başqa bir qüvvədə var.    
19.03.2015   3401   121
Bütün yazıları
Həkim - stomatoloq implantoloq
     Əgər biz stomatologiyanın tarixindən danışmaq istəsək, gərək ilk öncə dişlərə qulluğun tarixinə nəzər salaq. İnsanların, dişlərinin qayğısına qalması hələ lap qədim zamanlara təsadüf etməsinə baxmayaraq, dişlərə qulluq, əsasən gigiyenik məqsəd deyil, daha çox kosmetik məqsəd daşıyırdı.     Antik təbabətdə bir çox reseptlər hazırlanırdı ki, onların tərkibinə bitkilərin külü, toz şəklinə salınmış daşlar, bal hopdurulmuş şüşə, yun və s. daxil edilirdi. Dişləri daşla, heyvanların dişləri və dırnaqları ilə təmizləyirdilər. Bəzi yerlərdə hətta indiyə kimi qətranın köməyi ilə dişlərin ağlığına nail olurlar. Yeni Qvineya və Solomon adalarında bizim işlətdiyimiz diş tozuna bənzər vasitələrdən istifadə edirdilər. Şərqi-Afrika tayfaları taxta diş təmizləyicilərindən istifadə edərək dişləri yeməkdən sonra təmizləyirdilər.      Orta əsrlərdə ağız boşluğunu yaxalamaq və dişləri təmizləmək üçün diş eliksirləri yaranır. Onlar arasında ən uzun ömürlüsü benediktlilərin diş eleksiri oldu. Hələ 20-ci əsrin əvvəllərində onu «Müqəddəs Benedikt atalarının diş təmizləyən eliksiri» adlandırırdılar. Bu vasitə 1373-cü ildə Benedikt monaxı Burso tərəfindən kəşf olunmuşdu.      Tarixi məlumatlara əsasən, rəsmi olaraq stomatologiyanın tarixi 1700-cü ildən başlayır.      Əslində isə xəstə dişlər lap qədim dövrlərdə də müxtəlif üsullarla müalicə edilirmiş. Belə ki, qədim yunan papirusları üzərində xəstə dişlərin müalicəsi haqqında məlumatlara rast gəlmək mümkündür. Qədim Romada xəstə dişlərin müalicəsi zamanı xüsusi burğulardan, deşici alətlərdən istifadə edilirmiş.      Misirdə aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvələ məxsus olan alt çənə dişləri tapılmışdır. Bu dişlər bir-birinə qızıldan duzəldilmiş tağlarla bərkidilmiş halda idi. Bu da onu göstərir ki, eramızdan əvvəl də insanlar dişlərin problemlərini aradan qaldırmaq üçün çox ciddi çalışmışlar.      Diş müalicəsi XVII əsrdən başlayaraq ilk dəfə Fransada tibbə daxil edilmiş və tibbin bir sahəsi kimi fəaliyyət göstərmişdir. 1700–cü ildə Fransanın kralının xüsusi sərəncamına əsasən, tibbdə yeni bir sahə və yeni bir peşə müəyyənləşdirilmişdir. Bu peşənin sahibləri “cərrah – dantist” adlandırılırdı.      Elə təxmini bu dövrlər idi ki,dişlərin gigiyenası sahəsində də böyük nailiyyətlər əldə olunurdu. Diş gigiyenik vasitələrinin əsasını qoyanlardan biri – mikroblar aləmini kəşf edən hollandiyalı Antoni Van Levenhuk sayılır. O, təsadüfən, hazırladığı sadə mikroskoplardan birinin vasitəsilə dişlər üzərində sıx yerləşmiş energetik hərəkətdə olan canlılır görür. Və o, duzlu dəsmalla dişlərini sildikdən sonra, növbəti mikroskop linzasının altındaki müşahidələrində  dişlərin üzərində artıq əvvəlki mikrobları görmür. Alim, şəxsi təcrbəsinə əsaslanaraq, duzla dişlərini təmizləməyi məsləhət görmüşdü. Lakin onuda qeyd etmək lazımdır ki, duz ağızda xoşagəlməz dad yaradır. Bundan əlavə, duz dişin mina qatını cızaraq üstünü nahamar edir ki,bu da dişin üzərinə ərpin yığılması üçün əlverişli şərait yaradır.Təbii ki,bu zaman diş tez-tez fırçalanmağına rəğmən, həm saralmağa həm də çürüməyə meyilli olar.     Uyğun materiallar axtarışına təxminən 200 il vaxt sərf olunmuşdur. Nəticədə ən yaxşısı kimi təbaşir seçilmişdir. Təbaşir diş tozu qismində istifadə edilirdi. Lakin, 20-ci illərdə təsadüfən Parisdə aşkar olunur ki, o, stomatitin səbəblərindən biri ola bilər. Bu zaman diş məcunları üzərində işlərə başlandı. Əvvəlcə jele tərkibli maddə kimi nişastadan istifadə olunurdu. Ondan qliserinin sulu məhlulunda xüsusi yapışqan hazırlanırdı. Müasir pastalarda nişasta təbaşirin suspenziyasını stabilləşdirən üzvi turşuların natrium duzu ilə əvəz olunur. Diş pastalarının digər komponentləri – mentol, efir yağları (məsələn, cirə, sitrus meyvələri), antiseptiklər və digər əlavələr sonuncunun müxtəlif istiqamətlərdə təsirini gücləndirməkdədir.      19-cu əsrin 20-ci illərinə qədər dişləri fırça əvəzinə dəsmalla təmizləyirdilər. İlk diş fırçasının forması indikilərdən fərqlənirdi: onun fırçası hər 2 ucunda yerləşirdi, mərkəzi hissədən isə tutmaq lazım gəlirdi. 100 il keçdikdən sonra, yəni 1929-cu ildə amerikalı F.Şixt elektrik fırçalarını patentləşdirdi.  Yeri gəlmişkən,ilk diş həkimləri etrusklar (İtaliya ərazisində yaşamış qədim xalq) hesab olunur. Onlar dişləri müalicə edə, yeniləri ilə əvəzləyə bilirdilər. Ən qədim diş burğusunun 9000-ə yaxın yaşı var o, Pakistan qəbiristanlığında tapılmışdır.     Müasir anlamda olan stomatologiya isə 1920-ci illərdən başlayaraq diş həkimliyi, ümumi cərrahlığın “çənə və üz quruluşunun cərrahiyyəsi” bölməsi kimi fəaliyyət göstərməyə başlamışdır. Sonralar “diş müalicəsi və cərrahiyyəsi” sahəsi inkişaf etdirilərək,  — “stomatologiya”  adlandırılmışdır...     Hal hazırki dövrümüzdə stomatologiya tibbin ən inkişaf etmiş və hələ də inkişaf yolunda çoxsaylı inqilablar edən sahələrindən biri hesab edilir.  
26.12.2014   2727   151
1