NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
YAZAR HAQQINDA
Nigar Abbaszadə (Tərcüməçi)



Abbaszadə Nigar Qəhrəman qızı. 1986-cı il aprelin 24-də Bakı şəhərində doğulub. 2004-cü ildə Binəqədi rayonundakı Namiq Babayev adına 144 nömrəli məktəbi fərqlənmə ilə bitirib. Elə həmin il Azərbaycan Dillər Universitetinin Filologiya (İngilis dili) fakültəsinə qəbul olub. 2008-2010-cu illərdə isə elə həmin universitetin Dilşünaslıq (İngilis dili) fakültəsində magistr dərəcəsi üzrə təhsilini davam etdirib. Hər iki pilləni fərqlənmə diplomu ilə başa vurub. Tələbəlik illərində bir neçə məqaləsi və ingilis dilində şeirləri ADU-nun "Poliqlot" qəzetində dərc edilib. Universitetlərarası "Nə? Harada? Nə zaman?" turnirlərində və brain-ring-lərdə ADU-nun "Brainstorm" komandasının kapitanı olub. 2008-2010-cu illərdə QHT fəaliyyəti zamanı qadın hüquqlarının müdafiəçisi kimi Türkiyə, Almaniya və ABŞ-da keçirilən treninq və konfranslarda iştirak edib. 2009-cu ilin yayında təklif etdiyi "Healthy Youth - Healthy Future" şüarı altında bütün Avropada QİÇS-ə qarşı mübarizə aksiyaları keçirilib. "Poliqlot" qəzetində dərc olunan ingilisdilli şeirlərinə görə "Azərbaycan XXI əsrə istedadlarla" (2011) kitab-ensiklopediyasının V cildində yer alıb. 2010-cu ildən ANS TV-də "Xəbərlər" xidmətinin tərcüməçisi vəzifəsində çalışır. 

 
 
 
Bütün yazıları (9)
Müasir qadınlar kişilərin poliqam olması faktı ilə barışmaqdan imtina edərək, bu fikri xəyanət üçün bəhanə hesab edirlər. Özü də bu kimi hallar daha çox “bir dənə də “yubka” buraxmır”, “qısa ayrılığa dözə bilmədi”, “filankəsin gözəlliyi onun ağlını başından aldı” kimi məzəmmətlərlə müşayiət olunur. Bu isə kişi iradəsinin çox zəif olduğuna diqqət çəkir.   Çox az adam xəyanətin əsl səbəbini dərk edir. Bəzən bu səbəblər sadəlövhlük pərdəsi altında gizlənir. Bəziləri “arxadakı körpüləri yandırmazdan” əvvəl xəyanət edəni bağışlamağın mümkün olub-olmayacağı barədə heç düşünmür. Bəlkə bunda sizin də günahınız var? Bəlkə də yoxdur...   Statistika göstərir ki, çox vaxt xəyanətə erkən nikaha daxil olan insanlarda rast gəlinir. Heç “gözünü açmamış”, gənc ailə başçısı özünü ağır məişət yükünün altında tapır. Öz məşəqqətli həyatından şikayətlənir və başlayır başqa qadınla həyatının necə ola biləcəyini təsəvvüründə canlandırmağa. Bəzən öz təxəyyülündə fantastik filmlər çəkir, sonra da öz fərziyyələrini təsdiqləmək üçün onları reallaşdırmağa başlayır... Əvvəl bir qadın, sonra başqa biri, ta ki “başını itirmiş məşuq” yetkinliyə çatanadək. Və sonda anlayır: mənim həyat yoldaşım hamıdan yaxşıdır, ondan yaxşısı ola da bilməz! Amma məsələnin ən kədərli tərəfi odur ki, bu “yetişmə” çox gec baş verir. Həddindən artıq çox gec. Elə bir anda ki, artıq bağışlanmaqdan söhbət belə gedə bilməz.   Ona görə də gənc qızlarımız “təcrübəsiz” gənc oğlanla nikaha daxil olarkən, bu cür finala hazır olmalıdırlar. Axı bu halda xəyanət – axtarışlar, cəhdlər və səhvlər vasitəsilə öz seçimini təsdiqləmək üsuludur. Məsələ başqa şeydədir: biz qadınlar bütün bunları qəbul etməyə və bu cür ağır həyat dərsinə göz yummağa hazırıqmı? Axı heç kim zəmanət verə bilməz ki, “axtarışlar başa çatıb”. Özü də bir dəfə bağışlanan həmişə ikinci şansa ümid edir... Xəyanəti bağışlamaq – gülləsi birinci dəfədən bizə dəyməyən “silahlı”nın əlinə ikinci gülləni vermək deyilmi?!   Xəyanət “yaş böhranı”nın nəticəsi də ola bilər. Heç kim üçün sirr deyil ki, insan öz inkişafı dövründə bir neçə yaş böhranından keçir. Bəzilərində bu böhranlar hiss olunmadan baş verir, digərlərində isə onların həyatını kökündən dəyişir. Kişilər müəyyən yaş həddinə çatdıqda, həyatını, həyatdakı yerini, öz statusunu, öz nailiyyətlərini nəzərdən keçirirlər. Bəzən özlərini cəmiyyətin qoyduğu standartlara uyğun hesab etmirlər. Sevmədiyi işlə məşğul olmaq, az gəlir əldə etmək, orqanizmdə qarşısıalınmaz fiziki proseslərin hiss edilməsi və dərk edilməsi də bütün bu narazılıqların üstünə əlavə olunur. Ailədə kifayət qədər anlayışın olmaması da xəyanətə təkan verir. Nəticədə, kişi özünü kənarda təsdiqləmək istəyir. Əlbəttə, kişilər daha gənc və daha gözəl qadınla özlərini daha inamlı hiss edirlər, onların qarşısında heç bir ailə-məişət öhdəlikləri yoxdur, onunla “sönmüş hisslər yenidən alovlanır”... Bu cür davranışa bəraət qazandırmıram, təbii ki, amma düşünürəm ki, istənilən ailə böhranında hər iki tərəf eyni dərəcədə günahkardır. Əgər bu böhran baş veribsə, şübhəsiz, hər şeyin əla getdiyi ailə münasibətlərindən deyil. Bəzi cütlüklər illərlə qurduqları ailəni yerlə-yeksan etməyi seçirlər. Yalnız özündə bağışlamaq gücü tapanlar bir-birini yenidən başa düşməyin və bir-birinə yenidən güvənməyin yollarını axtarırlar. Psixoloqlar hesab edirlər ki, yenidən “dünyaya gələn” nikahlar, bir qayda olaraq, digərlərindən daha möhkəm olur. Amma gərək xəyanət edən də bunu istəyə də. Özü də xəyanət ediləndən daha çox istəyə...   Xəyanət vasitəsilə özünü təsdiqləmək istəyi təkcə yaş böhranından doğmur. Nikahda tərəflərin çox vaxt susmağa üstünlük verdiyi bir sıra digər problemlər də var. Və bu problemlərin həlli yolları kənarda axtarılır... Cinsi həyatından narazılığını dilə gətirə bilməmək – bəlkə də, kişilərin yalan və xəyanət yoluna üz tutmasının əsas səbəbidir. Öz hisslərini ifadə edə bilməmək, öz yarına ürəyini aça bilməmək xəyanəti qaçılmaz edir. Burada da günahın 51%-ni kişilərdə görürəm. Kişilər danışmaqdansa, hərəkətə keçməyə üstünlük verirlər. Onların çoxu öz hisslərini sözə çevirməyi bacarmır və düşünülməmiş addımlar ata bilir... Nəticədə kişi, bəlkə də, nə vaxtsa “danışmağı” öyrənəcək, amma bağışlanmağa və hər şeyi geri qaytarmağa heç də həmişə nail ola bilməyəcək..   Kişi xəyanətinin gülünc səbəblərindən biri də şəraitdir. Sərxoşluq, hadisələrin inkişafı və sair. Həyat yoldaşını həqiqətən də sevən və xəyanəti ağlından belə keçirməyən kişi, təbii ki, vicdanı ilə üz-üzə qalacaq. Axı ailəsinin üstündə əsir və onu itirmək istəmir. Bağışlanmayacağını da bilir. Belə hallarda, bəlkə də, hər şeyin ailədən kənarda qalması daha məqsədəuyğun olardı. Axı kişi özü də öz hərəkətinə bəraət qazandırmır və vicdan əzabı çəkir.   Xəyanəti bağışlamaq asan deyil. Vəziyyəti götür-qoy edib, xəyanətə bəraət qazandırmaq üçün əsas tapmaq ondan daha asandır. Bəlkə həqiqəti eşib üzə çıxarmağa çalışmaqla, özümüz üçün xoş olmayan daha pis məqamlarla üzləşə bilərik?! Bəlkə onu bağışlamaq və ikinci gülləni verməyə dəyər?! Bəlkə də yox...
22.04.2015   2411   70
 
Hələ həyatının baharını yaşayarkən, 19 illik ömrünün 20-ci ilinə qədəm qoymuşkən, vəhşi canavarlara yem olan bir quzudan danışacağam. Törədildiyi Türkiyə ilə yanaşı, ölkəmizdə də geniş əks-səda doğuran Özgecan Aslan cinayətindən... Son bir həftədir gündəmi zəbt edən bu hadisə müsəlman cəmiyyətində və ümumiyyətlə müasir cəmiyyətdə, zənnimcə, həmişə diqqət yetirilməli olan bəzi məqamları gündəmə gətirdi. Zorlama, zorlamaya cəhd, sataşma, qadın namusuna əl və ya dil uzatma, və sair və ilaxır – siyahını hələ çox uzatmaq olar. Tələbə qız namusunu qorumaq üçün canından oldu. Üstəlik işgəncə görərək, xüsusi amansızlıqla qətlə yetirildi. Təsəvvür edin, istintaqda elə məqamlar ortaya çıxdı ki, Özgecanın anası “Ondansa qızıma bir güllə vurardın” dedi... Heç olmasa, əzab çəkmədən ölərdi... Əlləri kəsilərkən sağ imiş...                                                                                                                                                                                                                            *** Qonşu ölkədə qadına qarşı zorakılıq əleyhinə aksiyalar başladı. Şüarlar səsləndirildi, bəyanatlar verildi, “Özgecanın hesabını qadınlar soracaq” dedilər. Özünü zəncirləyib etiraz aksiyası keçirən qızlar da tapıldı, qadınlarla həmrəy olduqlarını nümayiş etdirmək üçün mini ətək geyinib yürüş edən kişilər də... Hətta fevralın 16-sı çoxları Özgecan üçün qara geyindi, həmin gün tarixə “Qara Cümə” olaraq düşdü. Mərhumun tabutunu çiyinlərində daşıyan qadınlar oldu... “Zalımın zülmü varsa, məzlumun da Allahı var” deyənlər çox oldu. Amma meşə çaqqalsız olmaz deyiblər – “Özgecana yaxşı oldu” deyən kişiciklər də tapıldı. Psixologiya fakültəsinin tələbəsi olan Özgecan dərslərində müvəffəqiyyətli, necə deyərlər, yolunu düz gedib, düz gələn, tərbiyəli bir ailənin qızı idi. Cinayətkar avtobus sürücüsünü də qohumları psixopat kimi qələmə verirlər. Belə olan halda, hansı düşüncəsiz insan deyə bilər ki, günah qurbandadır – özünü yüngül aparıb, kişi də elə kişidir, bir anlıq şəhvətə uyması normaldır?! Yaxud da, “qız uşağının təkbaşına nə işi var idi o avtobusda?” kimi məntiqsiz bəyanatlar səsləndirənlər – ağzınızdan çıxanı qulağınız “duyuyormu”?! Adam hər gün istifadə etdiyi şəhərlərarası nəqliyyat vasitəsinə minib evə gedirmiş. Hər gün olduğu kimi. Necə ki, bizim də yüzlərlə tələbəmiz Bakı-Sumqayıt marşrutu ilə evinə-eşiyinə gedir. Və bu cür hallar hər an hər birimizin başına gələ bilər. Türk, azərbaycanlı, rus, ingilis – fərqi yoxdur – quzular heç bir yerdə canavarlardan sığortalanmayıb...                                                                                                     *** İndi qonşuda bir-birinə zidd bəyanatlar səslənir. “Yaşamaq hüququ” adı altında cinayətkarlara yersiz mərhəmət göstərərək, edam cəzasına qarşı çıxanlar bir tərəfdə, bu canavarların cəmiyyəti ləkələdiyini və ölməli olduğunu deyənlər digər tərəfdə. Ölkəmizdə ölüm hökmü çoxdan ləğv olunub, mən hələ uşaq idim onda. Ölkəmizdə belə şey görməmişəm, eşitməmişəm deyə, durub radikal bəyanatların tərəfini saxlaya bilməyəcəm. Bircə onu bilirəm ki, o avtobus sürən canavar bir daha heç vaxt, heç vaxt azadlıqda gəzməməlidir, azadlıq havası udmamalıdır, quzuların həyatını zəhərləməməlidir... Ən ağır cəzaya layiq olan bu alçaq elə hər gün ölməklə cəzasını almalıdır, bir dəfə ölmək ona az gələr...                                                                                                                                                                                   *** Özgecan cinayəti Türkiyədə və bütün dünyada hər gün zorakılıqla qətlə yetirilən yüzlərlə, minlərlə qadının faciəsi kimi bir faciə idi. Amma vəhşətin dərəcəsi onu 3-5 gün mediada işıqlandırdıqdan, 3-5 “tvit” atdıqdan, 3-5 status paylaşdıqdan sonra unudulacaq bir hadisə olmaqdan çıxardı. “Mənə toxunmayan ilan min il yaşasın”, “Mən tox olum, başqaları ac olsa da olar” kimi cəmiyyəti zəhərləyən mövqelərdən uzaqlaşmağın zamanı gəlib artıq. Artıq təhlükə oturduğumuz evlərdə, mindiyimiz avtobuslarda, gəzdiyimiz küçələrdə bizi izləyir. Bu gün o türk qızının başına gələn hadisənin sabah bizim və yaxınlarımızın başına gəlməyəcəyinə heç kim zəmanət vermir.                                                                                                                                                                                         *** Bəşəriyyət hara gedir belə? Qadına bir əşya kimi yanaşanların, seks köləsi kimi baxanların, onu ayaqlar altına alanların kökü kəsilməlidir cəmiyyətimizdən. Biz müsəlman cəmiyyətinin üzvləri olaraq, mədəniyyətin beşiyində yırğalandığımızı gözə soxa bilərik – məsələn, Avropada – amma “qara millət”in qadına münasibəti ilə öyünə bilmərik. Hər şey göz qabağındadır. Keçmiş və indiki həyat yoldaşlarının başını kəsən, yetkinlik yaşına çatmayan qızlara təcavüz edib, sonra da “namus evliliyi” etməyə məcbur olanlar və məcbur edilənlər – bu kimi faktları dana bilmərik. Elə bir gün yoxdur ki, ailə-məişət zəminində mübahisə zamanı qətlə yetirilən qadınlarla bağlı xəbər eşitməyək. Əzilən, döyülən, söyülən, zorlanan, öldürülən qadınlar barədə xəbərlər eşitmək istəmirəm artıq. Psixopata qurban gedən psixoloq – Özgecanı belə adlandırıram. Özgecan son qurban olsun. Zorakılığa məruz qalan quzuların sükutu pozulsun qoy. Canavarların kökü kəsilməlidir, vəssalam.
20.02.2015   2248   229
 
Əslində növbəti məqaləm tamam başqa mövzuda olmalı idi. Vəziyyət elə gətirdi ki, onu yarımçıq saxlayıb, bunu yazmaq ehtiyacı hiss etdim özümdə... Bir neçə gün əvvəl bir toy məclisində iştirak etdim. Orta məktəbdə mənə ingilis dili fənnini tədris edən müəllimim qızının şad gününə dəvət etmişdi məni. Hələ də əlaqə saxlayıram müəllimimlə. Məndə öz ixtsas sahəsinə həvəs oyatdığı üçün minnətdaram ona. Qızını gəlin köçürməyə hazırlaşdığını eşidən kimi, sevimli müəllimimi görmək fürsətinin ələ düşdüyünə sevindim. Həm də, necə deyərlər, "gedib borcumuzu qaytarmalıydıq axı". Amma bircə şey ağlıma gəlməmişdi - həmin toy məclisində toy yiyəsinin həmkarlarını - öz müəllimlərimi görəcəyim. Artıq 11 ilə yaxın idi görmədiyim müəllimlərimi...                                      ***Həmin gün yetişdi, və yağan yağışa, yollarda yaranan tıxaclara baxmayaraq, tələsə-tələsə özümü məclisə çatdırdım. Həmin gün niyə tələsirdim, kimin üçün tələsirdim - heç özüm də bilmirdim... Mən keçmişlə yaşamamağa çalışan adamam, amma keçmiş günlərin ən xoş, ən əziz xatirələrinin məni o "keçmiş"ə aparmasına, necə deyərlər, "protiv" deyiləm. Və o məclisdə sanki bir neçə saatlıq keçmişə qayıtdım. Qayğısız günlərimə... Məktəb illəri, ömrümün ən şirin, duyğulu, qayğısız günləri... Mənə dərs deyən müəllimlərin əksəriyyəti oradaydı və mən son illərin ən sehrli, ən xoşbəxt gününü yaşadım desəm, bəlkə də yanılmaram.                                                                                                     *** Oxumağa, yazıb-pozmağa həmişə marağım və həvəsim olub. Bəlkə də elə buna görədir ki, 11 il məktəbdə, 6 il də universitetdə ancaq əla qiymətlərlə oxumuşam. Ancaq bunu heç vaxt nə təkcə öz həvəsimə, nə də "anamın genlərinə" bağlamamışam. Müəllimlərim mənim üçün stimul mənbəyi olublar həmişə. Özümü, ilk növbədə, onların qarşısında borclu və məsuliyyət daşıyan biri hiss etmişəm. Sanki ayrı-ayrılıqda hər birinin sevimli şagirdi olacağıma söz vermişdim özümə... Və buna nail olduğumu illər sonra o toy məclisində hiss etdim... Fənn müəllimlərimin hər birinin məni qucaqlayıb dəfələrlə bağrına basması, alnımdan öpməsi, "mənim sevimli şagirdim, mənim əlaçı şagirdim" deməsi... Mən onların qarşısında ölənədək borclu ikən, onlar məni mükafatlandırırdılar sanki... Mən cənnətə düşmüşdüm. Bəli, onlarla bir neçə saatlıq görüşümü ancaq belə təsvir edə bilərəm. Keçirdiyim o hissləri, yüksək əhval-ruhiyəni, eyforiyanı heç bir sözlə ifadə edə bilmirəm indi.                                                           *** Mən 6-cı sinifdə oxuyarkən məktəbimizə bir müəllim gəldi. Bir neçə il mənə Azərbaycan dili və ədəbiyyat fənnini tədris etdi. Adını çəkmək istəmirəm, nüfuzlu ali məktəblərdən birində elmlər namizədi idi həm də. Bir də "yerlim" idi. Bəlkə də buna görə həmin müəllimə xüsusilə qanım qaynamışdı. Eyni ərazidə yaşadığımız üçün məktəbi bitirdikdən sonra da ara-sıra görürdüm o müəllimimi. Ailə qurmadığı və övladının olmadığı üçün məni öz övladı kimi sevdiyini deyirdi. Tələbəlik illərində zəng də edirdim arabir. Hər dəfə zəng edəndə də, üzbəüz gələndə də gileylənirdi ki, ona baş çəkməyə gəlmirəm, və mən də söz verirdim ki, gələcəyəm bir gün... Sonra başım qarışdı şəxsi həyatıma və uzaq düşdüm... Bu azmış kimi, zənglər də getdikcə azaldı və tamam kəsildi... Amma mən həmin müəllimi unutmadım heç vaxt, bəlkə də buna görə idi ki, ötən yay, nəhayət, ona baş çəkməyə qərar verdim. Mənimlə bir sinifdə oxuyan rəfiqəm indi məktəbimizdə işləyir, onun vasitəsilə unutduğum ev nömrəsini əldə etmək istədim. Amma artıq gec idi... Ədəbiyyat müəllimim, gənc və həyat dolu bir insan, gözəl şəxsiyyət artıq 1 ilə yaxın idi bu həyatdan köçmüşdü. Ürəyi onun bir alim kimi gördüyü işlərin yarımçıq qalmasına səbəb olmuşdu. Mənim də "gələcəyəm bir gün" sözlərindən ibarət vədim elə vəd olaraq qalmışdı. Nə qədər ağlasam da, əlimdən bir şey gəlmirdi artıq. Sadəcə məni bağışlamasını istəyirəm! Bağışla, müəllimə, mən sonadək sənin fəxr etdiyin şagirdin ola bilmədim. Vəfasız çıxdım...                                                            *** 11 il sonra onların qarşısına işi-gücü olan biri kimi çıxmışdım, az-çox nəyəsə nail olan biri kimi. Amma, yenə də, müəllimlərimin qarşısına həm də xoşbəxt qadın, xoşbəxt ana olaraq çıxmaq istəyərdim. Onlar mənə elm öyrətmişdilər, amma həyatı öyrətməmişdilər. Bəlkə də bunun səbəbi indiki nəsil müəllimlərlə bizim nəslin - 1990-2005-ci illərin müəllimləri arasındakı fərq idi. Onlar bizimlə sevimli seriallarının son seriyasını müzakirə etməmişdilər heç vaxt...Ciddi, sərt, tələbkar olmuşdular. Aradakı məsafəni qorumuşdular, dərs əvəzinə "ordan-burdan" danışmamışdılar. Müəllimimiz olmaqdansa, repetitorumuz olmağa can atmamışdılar, bunun üçün qəsdən dərsə səhlənkar yanaşmamışdılar. Buna görə indi onları daha çox qiymətləndirirəm. Amma fakt budur ki, məktəbdə mənə həyatı öyrətməmişdilər... Mən - hər şeyə asanlıqla nail olan, hər çətin məşğələnin öhdəsindən uğurla gələn biri - həyatın qəddar üzünü görəndə özümü itirdim. Rastlaşdığım problemləri, "məsələləri" həll etmək üçün hansı düsturdan istifadə edəcəyimi bilmədim... Mənim kimi çoxları da, etdiyi səhvin lövhədə səhvən yazılan rəqəmə və ya hərfə, təbaşirlə yazılan yazıya bənzəmədiyini sonradan öyrənir. Əsas həyatda "əlaçı" olmaq imiş...                                                            *** Məclisin səs-küyündən macal tapdıqca "havadan-sudan" danışa bildik müəllimlərimlə. İllərin zəhmətini üzərilərində daşıyan bu müdrik insanlar - mənim üçün dünyanın ən ali insanları - bu günkü vəziyyətlərindən gileyləndilər. Əmək haqqı 200 manata belə çatmayan bu zəhmətli peşə sahibləri bir ağızdan mənə müəllim kimi işləməməyi tövsiyə etdilər. Yeri gəlmişkən, deyim ki, tərcüməçi işləsəm də, ixtisasca özüm də müəlliməm. Pedaqoq kimi fəaliyyətim uzun fasilələrlə və çox qısa müddətlərdə davam edib. Bəlkə də məni çox zəhmətli bir işi cüzi əmək haqqı qarşılığında görmək ehtimalı ruhdan salıb. Məni günü-gündən çiçəklənən ölkəmizdə narazı salan bircə şey varsa, o da, yəqin ki, müəllimlərimizin əmək haqqının aşağı olmasıdır. Burada Atatürklə bağlı bir ifadə yadıma düşdü. 1923-cü ildə millət vəkillərinin maaşının artırılmasının gündəmdə olduğu bir vaxtda Atatürkdən "Paşam, millət vəkillərinin maaşını tənzimləyəcəyik, nə qədər verək?" deyə, soruşurlar. Atatürk "Müəllimlərin maaşını keçməsin" deyərək cavab verir. Biz də Atatürk kimi, millət vəkilini də, naziri də, memarı da, musiqiçini də müəllimin yetişdirdiyini unutmamalıyıq...
26.01.2015   2715   77
 
   Bəzən oturub həyatın mənası və məqsədləri barədə dərindən götür-qoy etmək istəyirəm, əsas da həmin məqsədlərə çatmağın yolları barədə... Əlbəttə, düşünüb-daşınmaqla, götür-qoy etməklə bütün bəşəriyyətin problemlərinə gəlib çıxmaq olar, amma bu məsələyə bu cür qlobal yanaşmaqla dalana dirənmək olar.     Məsələyə həmişə eninə deyil, dərininə baxmaq lazımdır. Yer üzündə elə bir bəşər övladı yoxdur ki, bütün problemləri birdəfəlik həll etməyə qadir olsun. Birdən-birə hamı üçün yaxşı olmaq mümkün deyil, və deməli, ilk növbədə, konkret özün barədə düşünməlisən. Özün haqqında, gözünün ağı-qarası, bircəciyin özün barədə... Mən belə qənaətə gəldim ki, yer üzündə bütün insanlar EQOİSTDİRLƏR!      Mənə istidir – mən özümü yaxşı hiss edirəm, Pakistandakı daşqın isə məndən çox uzaqdır. Mənim qarnım toxdur, hərçənd etiraf edim ki, mənim yediklərimi yeyə bilməyən, yeməyə quru çörək tapanda sevinən və “başını soxmağa” daxması olmayan insanlara yazığım gəlir, amma mən onlar üçün heç nə edə bilmirəm. Edə bilmirəmsə, niyə öz qızıldan qiymətli vaxtımı onların həyatlarının neqativ tərəflərinin dərdini çəkməyə sərf etməliyəm? Belə çıxır ki, mən EQOİSTƏM!     Bu, həqiqətdir və dərk etmək lazımdır ki, yalnız əsl EQOİST həqiqətən kömək edə bildiyi insanlar üçün nə isə edə bilər. Bununla belə, öz köməyinin vacibliyini dərk etməlisən. “Yardım əlini” öz yaxınlarına uzatmalısan, tez-tez kütləvi-informasiya vasitələrində haqqında danışılan virtual insanlara yox... Buradan belə bir sual ortaya çıxır: “Bəs onlara necə kömək etməli?” Əgər küçədə dilənçilərə sədəqə paylamaq qərarına gəlmisinizsə, halal olsun, amma əminsinizmi ki, sizin bu yardımınız ehtiyacı olana çatıb ona xeyir gətirəcək? Şəxsən mən əmin deyiləm!      Bəs daim şikayət edən adamlara necə yanaşırsınız? “Lənətə gəlsin zəmanə!”, “İş yoxdur, pul yoxdur, qiymətlər artır, ərim döyür, uşaqlar sözə baxmır və s.” kimi şikayətləri kifayət qədər tez-tez eşitməli oluruq. Bəs həmin adam vəziyyəti düzəltmək üçün nə edib? Əşi, heç nə etməyib, etmək də istəmir! O, özünə necə rahatdır - elə də yaşayır. Siz isə özünüzü “xəsis və pis insan” hiss etməlisiniz, nə var-nə var “vampir” özünü pis hiss edir. Sizdə hər şey tam əksinə və qaydasındadırsa, özünüzü həmin insanın qarşısında narahat hiss etməli və utanmalısınız? Yox, canım, mən yox, mən EQOİSTƏM!      Siz kömək etməyə cəhd edin. Axı dinimiz ehtiyacı olana əl uzatmağı, yardım etməyi, yediyin tikəni acla bölüşməyi buyurub... İrəli!!! Elə bilirsiniz, həmin adam  qiymətləndirəcək? Heç vaxt!        “Vampirə” iş təklif edin. Amma öz şirkətinizdə (varsa), rahat yerdə yox. Burada o, əvvəlki kimi şikayətlənməyə və yardım istəməyə davam edəcək, vaxtaşırı əmək haqqının artırılmasını və ona digərlərindən daha çox hörmət edilməsini istəyəcək. Ona iş tapıb konkret hansısa işlə məşğul olmağı təklif edin. Əmin olun ki, işləməmək üçün min cür bəhanə tapacaq...     Tez-tez rast gəlinən vəziyyət: Ər içir, döyür, evə pul gətirmir, “gəzir”. Arvad gözünün suyunu axıdır və şikayətlənir. Soruşursan ki, bəs niyə ayrılmırsan? Dərhal ayrılmamağın xeyrinə olan tutarlı səbəblər göstərilir. Uşaqlar, birgə yaşanmış illər, onun ailəsinin yaxşı olması, el qınağı... Hamısı da bilirsiniz niyə? Çünki “vampir”in sadəcə şikayətlənməkdən xoşu gəlir. Sizin ona yazığınız gəldi, ürəyiniz yandı və ona maddi və mənəvi dəstək oldunuz. O, özünü yaxşı hiss elədi. Vəssalam.        Mən isə EQOİSTƏM, bütün “vampirlər” də rədd olsun! Mən bütün dərrakəli insanları sağlam EQOİZMƏ yoluxmağa çağırıram. Ürəyiniz yanırsa, küçədəki kimsəsiz it və pişikləri yemləyin, onlar heç olmasa, qiymətləndirər...
13.01.2015   2043   65