NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
YAZAR HAQQINDA
Rövşən Abdullaoğlu (Yazıçı)



Yazıçı Rövən Abdullaoğlu filosof-şərqşünas və psixoloqdur.

 

O, 1978-ci ildə Azərbaycanda, Bakı şəhə­rində anadan olmuşdur. Azərbaycan Döv­lət İqtisad Universitetini bitirib hərbi xidmətini də başa vurduqdan sonra 9 ilə ya­xın müxtəlif ali təhsil ocaqlarında şərqşü­nas­lıq, teologiya və fəlsəfə sahələri üzrə yük­sək ali təhsil almışdır. Yazıçı daha sonra Moskvanın “Pozitiv Texno­logiya və Konsal­tinq” institutunun “Psixoloji konsulta­si­ya” fakultəsinin “Geştalt-terapiya metodu üz­rə psixoloji müşavir” ixtisasına yiyələnmişdir.

 

Bu günə qədər motivasiya psixologiyası, ir­fan, fəlsəfə və teologiya mövzularında 24 kitabı nəşr olunmuşdur. Motivasiya psixo­logiyası silsiləsindən olan "Çətin olsa da, hə­yat davam edir", "Hər bir İnsan hökm­dar­dır", "Arxadakı körpüləri yandırın" kitabları bestseller olmuş, “Arxadakı körpüləri yan­dı­rın” kitabı 2014-cü ildə Türkiyədə də çap edilmişdir. Bədii janrda yazılmış ilk əsəri olan "Bu şəhərdə kimsə yoxdur" psixoloji roma­nı 2016-2017-ci illərdə Azərbaycanın ən çox oxunan kitabı olmuşdur. Müəllifin “Relslər üzərinə uzanmış adam” adlı ikinci psixoloji romanı isə ilk nəşrinin cəmi 2 həftə ərzində tükənməsi ilə yeni bir rekorda imza atmışdır.

 

Yazıçı hazırda psixologiya, fəlsəfə, teologiya sa­hələri üzrə elmi araşdırmalarını davam et­dir­mək­də və yeni kitablar üzərində çalışmaq­da­dır.

 

 
 
 
Bütün yazıları (21)
Rövşən Abdullaoğlu: “Ateistlərin din barədə dedikləri primitivdir”  Modern.az saytının dini mövzuda silsilə müsahibələri davam edir. Budəfəki həmsöhbətimiz, filosof-şərqşünas, teoloq Rövşən Abdullaoğludur. Onunla müsahibəni təqdim edirik:   -Rövşən müəllim, dinə münasibət dini sevənlərin arasında da fərqli şəkildə təzahür edir. Bu fərqlər bəzən şəxsi  və ictimai münasibətlərin pozulmasına qədər gətirib çıxarır. Teoloqlar isə dini daha çox fəlsəfi aspektdən izah edirlər. Ənənəvi və klassik yanaşma  isə müasir dövrlə ayaqlaşmır və buna görə də özünü doğrultmur. Buyurun, söhbətə bu mövzuya giriş etməklə başlayaq.    -İlk növbədə deyim ki, belə yanaşma təkcə dində deyil. Digər fəlsəfi və hüquq məktəblərində də bu cür – radikal yanaşmanı görürük. Radikallıq  odur ki, hansısa bir ideologiyanın tərəfdarısan və düşünürsən ki, sənin kimi düşünməyənlərin hamısının yolu səhvdir. Üstəgəl, bu cür düşüncə insanın davranışlarında da təzahür edir: onlarla ünsiyyətdə, rəftarda, cəmiyyətdəki hər hansı bir rabitələrdə bu radikallıq özünü göstərir. Radikallıq düşüncədə və davranışlarda kəskin münasibətdir. İndi isə daha tolerant və səmimi yanaşmadan söz açaq. Səmimi yanaşmanın düsturu: əvvəla öz yanaşmamı düz bilirəm. Ancaq davranışlarda və münasibətlərdə qarşı tərəflə mütləq ortaq məxrəcə gəlməliyəm. Onlara səmimi münasibət göstərməliyəm. Biz cəmiyyət şəklində yaşayırıqsa, anlamalıyıq ki, hər bir fərdin fərqli dünyagörüşü və baxışları var. Hər kəs istəsə ki, ancaq öz görüşlərini yeritsin və əks tərəflərə kəskin münasibət göstərsin – bu zaman cəmiyyətdə yaşayış çətinləşəcək. Dini mövzularda da bizlər düşünürük ki, səmimi şəkildə bütün fikirləri qəbul etmək lazımdır. Hansısa bir fikrə irad bildirmək, onu tənqid etmək olar. Amma bu, qərəzə, ixtilaflara gətirib çıxarmamalıdır.   -Sizinlə tam razıyam, qərəz olmamalıdır. Ancaq bu yaxınlarda verdiyiniz müsahibədə demişdiniz ki, ateistlər din sahəsində savadlı ola bilməzlər. Məncə, bu cür mövqe sərgiləmək sizin qərəziniz idi. Çünki insan var ki, dini yaxşı bilsə də, onu qəbul etmir. Bu baxımdan savad deyərkən konkret nəyi nəzərdə tutduğunuzu anlamıram.    -Nəyisə istər isbat, istərsə də inkar etmək üçün bu mövzuda insanın əhatəli məlumatları olmalıdır. Sokratın zamanında fəlsəfə məktəbinə qarşı hücum var idi. Sokrat bir şüarla onların qarşısında çıxış etdi. “Fəlsəfənin düz ya da səhv olmasını demək üçün fəlsəfə oxumaq lazımdır” dedi. Hər hansı mövzunu inkar ya da təsdiq edirəmsə, o sahədə tam məlumatlı olmalıyam. Bizim yanaşmamız da bu cürdür. Hər bir şəxs öz sahəsində biliyi olduğu həddə söz deməlidir. İrad gətirilmiş mövzu elmlə düz mütənasibdir. İrad nə qədər dərindirsə, mənim bu sahədə elmim də dərin olmalıdır. Orta əsrlərdən tutmuş, müasir dövrə qədər olan bütün ateistlərin din barədə dedikləri birmənalı olaraq primitivdir. Bu onların din sahəsində əhatəli biliyinin olmamasından qaynaqlanır.  -Məsələn, hansı ateistlərin adını çəkə bilərsiniz? Müasir tanınmış ateistlərdən Riçard Doukinzin İslam dinindən məlumatı azdır. Amma başqa dinlər barədə məlumatlıdır.   -Hansı dinlərdən? -Məsələn, xristianlıqdan.   -Doukinz xristianlıq mövzusundakı bəzi iradlarında haqlıdır. Bunu da qəbul edirik. Xristianlıq haqqında məlumatı varsa, bu barədə danışmalısan. Doukinzin etirafına görə, özünün İslam, peyğəmbərimizin tarixi və İslam fəlsəfəsi haqqında məlumatı yoxdur. İslam fəlsəfəsi və hüquq sistemi o qədər geniş mövzudur ki, bu haqda danışmaq üçün sənin nə qədər məlumatın olmalıdır. Buna görə də bütün dini sistemlərə qarşı həmlə etmək düzgün deyil. Doukinz etiraf edir ki, İslam dini haqqında məlumatı yoxdur. Biliyi yoxdursa, deməli o, ümumi din adına danışa bilməz. “Dinlər səhvdir, dinlər bütün şərlərin açarıdır” deyə bilməz.   -Deyirsiniz ki, bilmədən fikir ortaya qoymaq yanlışdır. Tam razıyam. Tutaq ki, Doukinz dinlər haqqında az bilir. Amma bu adam bioloq, genetikdir. Genetika ilə bağlı konkret elmi araşdırmalar ortaya qoyur  və nəticə onu göstərir ki, bu, dindəki yaradılış prinsipi ilə ziddir. Bu zaman isə ilahiyyatçılar elmi nəticənin səhv olduğunu göstərməyə cəhd edir. Yaxşı olmazmı ki, ilahiyyatçılar da müdaxilə etməsin?    -Bir ilahiyyatçı genetik deyilsə, genlərin mutasiyası, genetik kodlaşma, DNT-nin quruluşu və xüsusiyyətləri haqqında bilmədən fikir deyirsə və bu, birbaşa həmin sahənin dərin izahları ilə əlaqəlidirsə, bu da yanlış yanaşmadır. İlahiyyatçının öz əhatəsindən kənar mövzularda konkret fikir bildirməsi düzgün deyil.   -Çox gözəl. Məndə Rövşən Abdulloğlunun obyektiv obrazı qənaətini yarada bilirsiniz.    -Bizim, ümumiyyətlə, dünyanın əsas problemi budur ki, insanlar öz ixtisası olmayan sahələrdə az qala mütəxəssis kimi fikir bildirirlər. Fərq etmir – bu, ilahiyyatçı, təcrübə elmlərinin mütəxəssisi də ola bilər. Bir də görürsən ki, ixtisasca həkim olan biri tarixi proseslər haqqında elə fikir irəli sürür ki, qəbul edilmiş bütün düşüncələri alt-üst edir. Buna deyən lazımdır ki, sənin ixtisasın tibbdir. Hərə öz biliyi olan sahə ilə məşğul olsa bu, daha konstruktiv olar. Nəticəsi də daha faydalı olar.   -Doukinz ya da dünyanın ən intellektual simalarından biri, fizik Stiven Houkinqin izahlarının bir çoxu konkret elmi eksperimentlərə söykənir. Yəni, onların gəldiyi nəticələrin yeganə istinad divarı elmdir. Doukinz elmi araşdırmalarla bu nəticəyə gəlib ki, insanlar və digər canlılar təkamül yolu ilə müasir formasını alıblar. Bu isə dini mətnlərlə ziddiyyət təşkil edir. Əksdirsə, avtomatik olaraq, istəsək də, istəməsək də, dinə qarşıdır. Siz hansını qəbul edirsiniz? Elmin gəldiyi nəticəni yoxsa dində yazılanları?   -Elm adına təsdiqlənmiş elə bir fikir yoxdur ki, bu, İslamın irəli sürdüyü hansısa fikirlərlə ziddiyyət təşkil etsin. Ümumiyyətlə elm, ağıl və din arasında ziddiyyət qeyri-mümkündür. Dinlər aləmləri yaradan hansısa varlıq, qüdrətdən qaynaqlanır. Aləmdəki bütün yaradılış eyni mənbədən gəlir. Həm İslamın hökmləri, həm də kainat. Ona görə də, bunlar arasında ziddiyyət ola bilməz. Allahın varlığının isbat yollarından biri də ağıldır. Bizlər Allahın mövcud olmasının isbatına görə ayələrə və hədislərə əsaslanmırıq. Biz ilk olaraq Allahı ayə və hədissiz isbat etməliyik. Allahı yalnız bir yolla – ağılla isbat etmək lazımdır. Quranla Allahın varlığını isbat etməzlər. Bir adam Allahı qəbul etmirsə, Quranı da qəbul etmir. Biri “Allahı mənə isbat edin. O var yoxsa yoxdur” deyə sual edir. Adətən isə cavab belə olur: “Allahın varlığının dəlili Qurani-Kərimdir”. O isə “mən heç Allahı qəbul etmirəm, o ki qaldı Quran ola” deyə bildirir. Allah, yaradılışla bağlı mövzularda bizlər nə Qurandan, nə də hədisdən dəlil gətirə bilərik. Onlara istinad edə bilmərik. Biz yalnız ağılla Allahın varlığı, xüsusiyyətləri, sifətlərini isbat edə bilərik. Bundan sonra isə Qurani-Kərimin Allah tərəfindən gəldiyini sübut etməliyik. İndi keçək siz toxunduğunuz məsələyə. İstər nəzəri fizika alimləri, istərsə də genetiklər, bioloqlar, zooloqların araşdırma sahələri təcrübə elmləridir. Təcrübə elmlərindən çıxış edərək deyə bilmərik ki, Allah var, yoxsa yoxdur.   -Bəli, onsuz da Allahın varlığı ya da yoxluğu elmin araşdırma predmeti deyil.    -Nəzəri fizikada,  Eynşteyndən tutmuş müasir dövrdəki alimlərə qədər hamısı kainatı izah ediblər. Alimlərin dedikləri kainatda olan qara dəliklər, kainatın genişlənməsi və digər mövzuları əhatə edir. Allah, peyğəmbər, din – bunlar elmin tədqiqat mövzusuna daxil deyil. Elm yalnız o məsələləri müzakirə edir ki, bu yalnız elmin predmeti olsun. Buna görə də elmin ardıcılları heç zaman elmlərindən və elmi biliklərindən çıxış edərək Allah, yaradılış barəsində fikir deyə bilməzlər. Elmi müddəalar tarix boyu dəfələrlə dəyişikliyə uğrayıb. Əvvəllər mövzud olan bəzi nəzəriyyələrin indi düzgün olmadığını sübut edirlər. Bu, fizikada da, genetikada da bu cürdür. Ən dəyişkən elm nəzəri fizikadır. Nəzəri fizikanın işlədiyi mövzular təcrübədən kənardır. Kainatdakı qara dəliklər haqqında çox nəzəriyyə var. Qara dəlikləri heç kəs görməyib. Bunlar heç teleskoplarla da müəyyən olunmayıb. Sadəcə müşahidə olunur ki, kainatın bəzi yerlərində güclü cazibə qüvvəsi var və o, ətrafındakı hər şeyi öz içinə alır. Bunun əsasında deyirlər ki, kainatda qara dəliklər var. Houkinqin özü belə bir fikir irəli sürür ki, qara dəliklərin o biri tərəfində hansısa bir aləm var. Amma bunun nə riyazi nə də fiziki dəlili var. Deməyim odur ki, nəzəri fizika əsasında “din səhvdir” demək absurd bir şeydir.   -Din mənəvi məsələləri tənzimləyən bir sistemdir, inancdır, həm də həyat tərzidir. Elm isə fərqlidir. Amma özünüz də bilirsiniz ki, din açıq şəkildə elm sahələrinə müdaxilə edir. Misal üçün: deyək ki, hansısa alim uzun illər əziyyət çəkir və bir nəzəriyyə ortaya qoyur və bu uğur qazanır. Bu zaman isə din xadimləri “bu onsuz da Quranda var idi” deyirlər. Bu, aşkar şəkildə həmin alimin əməyinə hörmətsizlikdir.    -Səmavi kitablar nəyə görə nazil edilib? Kainatda olan qayda-qanunları öyrətmək üçün? Canlılar aləmində olan müxtəlifliyi izah etmək üçün? Xeyr. Heç bir dini kitab iddia etmir ki, o insanlara kosmosa uçmağın, raket düzəltməyin yollarını öyrətmək üçün gəlib.   -Üzr istəyirəm, amma bunu siz teoloqlar deyirsiniz. Din xadimləri belə demir axı.-Heç bir dini kitab bunu iddia etmir. Səmavi kitablar insanlara hidayət yollarını, mənəvi aləmi, dünya və axirət səadətlərinə gedən yolları bəyan edir. İnsanlara əxlaqi mövzuları, ibadəti başa salır. İnsan hüquqları, insan davranışları, cəmiyyətin tənzimlənməsi məsələlərini izah edir. Bütün bunlar insanın səadəti, xoşbəxtliyi üçündür. Din fizikanı, riyaziyyatı öyrətmək mövzusunu öz öhdəsinə götürməyib. Heç belə bir iddia da etmir. Quran bu iddia ilə çıxış etsəydi və özündə fizikaya dair məqamlar olmasaydı deyərdik: “Bunun iddiası ilə əməli uyğun gəlmir”. Halbuki, din bu iddianı öz üzərinə götürməyib. Düzdür, mümkündür ki, Quranda üstüörtülü yaradılışdan danışılsın. Məsələn, Yerin, göyün yaranması Allahın varlığına dəlil kimi göstərilir. Bildirilir ki, burada nizamsızlıq görmək olmaz, bütün sistemlər bir-birini tamamlayır. Bu mövzularda ümumi danışılır. Ancaq məsələn, atmosferin tərkibinin nədən ibarət olduğu, göyün quruluşunun hansı formada olması mövzusunda yazılmır. Dinlərin vəzifəsi deyil ki, bu mövzulara toxunsun.   “Hər bir canlını cüt-cüt yaratdıq” deyilir. Amma bütün heyvan və bitkilərdə olan mayalanmanın nə cür qurulmasını demir. Dinin vəzifəsi deyil ki, bu mövzuları araşdırsın. Bunu dindən gözləməyimiz də düzgün deyil. Yenə də qeyd edirəm. Müəyyən bir toxunmalar, işarələr ola bilər. Lakin bunlar Quranın missiyası ilə əlaqəli olduğu həddədir.   -Dindəki müddəaların fəlsəfi izahları fərqlidir. Mən istərdim ki, Yaradanı – adını nə qoyuruqsa qoyaq – fəlsəfi cizgilər və boyalarla təsvir edəsiniz. Bayaq dediniz ki, ağılla Allahı dərk etmək olar. Teologiyada Allahın varlığının bir neçə dəlilindən bəhs edilir. Amma məncə, bunlar da yetərli deyil. Bəs insan tam olaraq Allahı nə zaman dərk edəcək?    -Yaradanın tam olaraq dərkindən söhbət gedirsə, bu, qeyri-mümkündür. Bizlər ağıl yolu ilə, əqli mühakimələrlə, fəlsəfi-əqli təhlillər aparmaqla belə bir qüdrətin, varlığın olmasını isbat edirik. Düzdür, hər bir din ya da fəlsəfə buna fərqli adlar qoyur. Biri substansiya, digəri isə Ali İdrak deyir. Fərq etmir, əksər fəlsəfi məktəblər bunun üzərində ittifaq edirlər ki, hər bir nəticə hansısa bir səbəbdən qaynaqlanmalıdır. Mümkün deyil ki, nəticəni zahir edən bir səbəb olmasın. Bəs bu səbəb hansı xüsusiyyətə malikdir? Onun mahiyyəti, özü, yaradılışa olan təması nədən ibarətdir? Biz bunu dərk edə bilmirik. Dərk etmək də qeyri-mümkün bir şeydir. İnsan təmasda olduğu, ağıla girə bilən predmetləri təhlil edir. Bundan kənarda olan mövzulara isə insan girişə bilmir. Heç bir elm adamı və filosof da iddia etmir ki, insan hər bir şeyi dərk edə bilər.   -Bu məsələlərə yenidən qayıdacağam. Amma bayaq dediyiniz konetkstdən çıxış edərək ağlıma bir sual gəldi. Dediniz ki, Quranla Allahın varlığını sübut etməzlər. Bu o mənaya gəlmir ki, 7-ci əsrdə yazılanlar sübut baxımından bu gün üçün yetərli deyil?   -Bəzən deyirlər ki, niyə inanırsan ki, Allah var? İnsanların cavabı belə olur: “Çünki Quranda yazılıb”. İstinad mənbəyi kimi Quran göstərirlər. Bu isə kökündən yanlış yanaşmadır. Quranın isbatı Yaradanın isbatından sonrakı mərhələyə aiddir. İlk olaraq Quranı göndərən Yaradanı isbat etmək lazımdır. Yaradan Qurandan əvvəlki mərhələdə olduğuna görə, Yaradanın isbatında ondan sonrakı mərhələyə istinad edə bilmərik. Düzdür, Qurani-Kərimdə Allahın varlığının sübutunun əqli yolları ilə bağlı yanaşmalar var. Ancaq yenə də deyə bilmərik ki, Allah var, ona görə ki, Quranda yazılıb və peyğəmbər deyib.   -Səbəb-nəticə əlaqələrindən danışdınız. Allahın varlığını sübut etmək üçün həmişə səbəb-nəticə zəncirindən nümunə gətirirlər. Yəni bir şey mövcuddursa, onun mövcud olmasını zəruri edən səbəb var. Bəs bu səbəb-nəticə əlaqəsi sonsuz ola bilməzmi? Ya da niyə ilk təkan kimi məhz Allahı götürürük? Allahın özünə çatanda  niyə başqa bir səbəbə istinad etməməliyik?   -Bertran Rassel necə ateist olmasını izah edir. Bilirsiniz ki, Rassel ateist düşüncəli mütəfəkkirlərdən olub. Eyni zamanda da filosof olub. O bildirir ki, fəlsəfədə belə bir qanun var: hər şeyin bir səbəbi olmalıdır. Rassel deyir: “Bir gün mən fikirləşdim ki, hər bir şeyin səbəbi varsa, bu zaman sual yaranır. Allah da bir mövcuddur. Allah varsa, o da səbəb-nəticə qanunundan kənarda deyil. Allahın da bir səbəbi olmalıdır. Mən burada ziddiyyət gördüm”. Rasselin ateizmə yönəlməsinin səbəbi fəlsəfi məsələnin həll edilməməsi olub. İslam fəlsəfəsinin irəli sürdüyü bir konsepsiya var. Bu, səbəb-nəticə əlaqəsinə dəqiq baxışdır. Bu baxış isə bundan ibarətdir: “Hər bir varlığın səbəbi var” formulu düzgün deyil. Qeyd edirik ki, mahiyyət, vücud etibarı ilə mümkün olan varlıqların səbəbə ehtiyacı var. Bu mümkünləri fəlsəfə özü izah edir. Allah-Təala isə mövcudiyyəti mümkün olan bir varlıq deyil. Yaradanın mövcudluğu elə onun özündən qaynaqlanır. Ağıl isbat edir ki, bu aləmdə elə bir varlıq olmalıdır ki, onun mövcudiyyəti heç bir səbəbə bağlı olmasın. Bu nəticəyə yenə əqli təhlillərlə gəlmək mümkündür.   -Yaxşı, bəs onun mahiyyəti, mövcudiyyəti hansı formadadır?    -Bunu tam mahiyyətinə varıb dərk etmək insan ağlından kənarda olan bir məsələdir. Sizə bir misal çəkəcəyəm. Təsəvvür edin, marafonçulardır və hamısı xəttə durub, qaçmalıdırlar. Birinci qaçışçı deyir ki, mən qaçmayacağam. Bir şərtlə ki, ikinci qaçsın. İkinci də eyni sözü deyir. Beləcə hamısı eyni fikri deyir. Əgər bunların içərisində heç biri qaçmasa, yarış baş tutmayacaq. Bizlər mübahisənin sonunun nə ilə bitdiyindən xəbərsizik. Amma birdən baxıb görürük ki, marafonçular qaçmağa başlayıb. Kim birinci qaçdı, bu nə cür baş verdi? Biz bu prosesi tam bilməsək də, deyirik ki, mütləq olaraq kimsə qanunu pozdu. Yəni kimsə qaçdı ki, digərləri də qaçdı. Kainatda kökdə proses necə başlayıb? Bunu nə nəzəri fizika, nə də başqa elmlər isbat edə bilir. İnsan da heç zaman neçə milyard il əvvəl yaradılışın necə başladığını dərk edə bilməyəcək. Çünki arada böyük fasilə var. Bizlər heç öz yaşadığımız kainatda real olan mövcudları izah edə bilmirik. O ki qaldı, milyard illər bizdən uzaqda olan proseslər olsun. Ağıl isə deyir ki, bir bulaq olmasa, heç zaman su olmaz. Yaradılış da varsa, deməli, bunun qaynaqlandığı, vücudu özündən olan bir varlıq olmalıdır. Fəlsəfədə belə bir qanun var. Deyir ki, vücuddan fəqir olan heç zaman vücud verə bilməz. Birində heç zaman bir şey yoxdursa, kiməsə nəsə bağışlaya bilməz. Mənim cibimdə pul yoxdursa, kimisə varlı edə bilmərəm, kiməsə pul verə bilmərəm. Əgər kiməsə pul vermişəmsə, deməli məndə pul var. Mən deyək ki, pulu kimdənsə almışam, o da kimdənsə alıb. İlk səbəb isə pulu çap edən hansısa bir mənbəyə gedib çıxmalıdır. Ağıl bizə belə deyir. Kainatda da belədir. Bəs bu ilk mənbə necədir, necə işləyir? Ağıl bunu dərk edə bilmir. Çünki zəncirlər həddən artıq çoxdur, buna görə də həlqənin birincisinə gedib çıxıb, onu təhlil etmək insanın iqtidarında deyil. Məhdud elmimiz, məhdud qüdrətimiz buna imkan vermir.   -Əvvəlcədən mövcudiyyət məsələsini qabartdınız...   -Bağışlayın, sözünüzü kəsirəm. Bu mövzular sizin üçün maraqlıdır, yoxsa ancaq oxucular üçün? Çünki hiss edirəm ki, özünüz bu mövzulara girişməyə çox maraqlısınız.   -Mən imkanım daxilində bu mövzularla maraqlanıram. Düzü, deməli deyiləm, ancaq qeyd edəcəyəm. Özüm ateist dünyagörüşünə sahibəm. Sizin sualınıza gəlincə, həm özüm maraqlanıram, həm də düşünürəm ki, oxucular üçün də maraqlı olar.  -Hiss olunur ki, bir insanın özünün də bu mövzulara marağı var. Bəzən suallar ancaq sual xatirinə verirlər, amma sizdə bunu görmədim.   -Təşəkkür edirəm. Qayıdaq mənim verəcəyim növbəti suala. Əvvəlcədən mövcudiyyət məsələsini qabartdınız, yəni ilk mənbə yaranmayıb, yaradılmayıb. Eyni şeyi kainatın, təbiətin özünə aid edə bilmərikmi? Yəni kainat da yaranmayıb, yaradılmayıb. Houkinq özü də bunu vurğulayır.    -Onların özləri belə nəzəriyyələrində təbiəti mövcud olan bir varlıq kimi görürlər. Bizlər ağacı görürük. O, təbiətin bir hissəsidir. Amma biz ağacı heç zaman Allah saya bilmərik. Günəşi, qalaktikaları Allah kimi təqdim edə bilmərik. Aydındır ki, bunlar dəyişkəndir, hansısa haldan-hala düşürlər. Bir zaman yox idilər, lakin sonra yarandılar. Qurani-Kərimdən bir misal çəkəcəyəm. İbrahim peyğəmbər Günəşlə Ayı müqayisə edir və deyir. “Günəş  Aydır, o batır. Mən isə batanları sevmirəm”. Eyni müqayisə ilə Aya da yanaşır. Burada mistik və irfani yanaşma var. Əqli bir istiqamət də var. Bir şey ki, dəyişir, əvvəl yox idi, sonradan mövcud olub, bunu vücudu özündən olan bir varlıq kimi təsəvvür edə bilmərik.   -Teologiya məsələlərindən bir az kənarlaşaq. Quranın ilk dəfə yığılması və bundan irəli gələn sonrakı tarixi periodla bağlı sualım olacaq. Burada hədislərə istinad etməli olacağıq, çünki bu fəlsəfi yox, tarixi proseslərdir. “Bu gün əlimizdə olan Quran Məhəmməd peyğəmbərin ölümündən sonra hazırlanan Quranın orijinalı deyil” deyə bilərikmi?    -Xeyr. Qurani-Kərim 14 əsr bundan əvvəl nazil olub. 14 əsrdən də o yana, elə bir informasiya mənbəyi, daş kitabə yoxdurmu ki, günümüzə qədər qorunub saxlansın? Təbii ki, var. Eramızdan əvvəldə də, bir çox yazılı mənbələr var ki, olduğu kimi dövrümüzə kim qorunub saxlanılıb. Bizlər bu gün də Aristotelin, Sokratın fikirlərindən danışırıq. Onların fikirlərini bölüşürük. Məntiqin özü Aristotelin fikirləri üzərində qurulub. Günümüzdə olan məntiq Aristotel məntiqinin əlavə olunmuş, genişləndirilmiş formasıdır. Yəni, məlumatların, informasiyaların uzaq bir məsafədən, tarixi prosesləri keçərək gəlib çıxması mümkündür. Nə qədər daş kitabələr, məlumatlar var. O ki qaldı 14 əsr bundan qabaqkı ola. 14 əsr bundan əvvəl  o birilərlə müqayisədə elə də böyük zaman deyil. Siz təsəvvür edin ki, adi bir yazıçının, eramızdan əvvəlki fikirləri gəlib günümüzə çıxır. Bir şəxs isə peyğəmbər olaraq göndərilib. Yüz minlərlə müsəlmanın inanc mənbəyi olan bir kitab təqdim edib. Hansı ki, onun bütün inancları bunun üzərində qurulub. Onlar da bu kitabı həssasiyyətlə qoruyub saxlamazlarmı?! Hansı ki, dini-imanı bu kitaba bağlıdır. Bir məsələni də qeyd edim. İslam peyğəmbərinin digər peyğəmbərlərdən fərqi bundan ibarətdir: İslam peyğəmbəri gəlib İslam sistemini qurdu. İsa Məsih göylərə çəkiləndən sonra onun qoyduğu sistem dağıldı. Buna görə də, İncil təhrif olundu. Çünki İsa peyğəmbər sistem, dövlət qura bilməmişdi ki, İncili qoruyub saxlasın. Məkkənin fəthindən sonra isə xilafət sistemi quruldu. Və İslam hökumətinin Konstitusiyası Quran idi. Buna görə də, bizlər Quranın zərrə qədər də dəyişdirilməsində şübhəyə belə düşmürük.   -Mən iddia etmirəm ki, əlimizdə olan bugünkü mətn dəyişdirilmiş, təhrif edilmiş yazılardır. Çünki əlimdə konkret dəlilim yoxdur. Mənim dediyim Quranın orijinalı ilə bağlıdır. Məsələn, hədislərdə nəql olunur ki, Məhəmməd peyğəmbərin ölümündən sonra yığılan Quranı Əməvi xəlifəsi Mərvan İbn Həkəm yandırdıb.    -Quran İslam peyğəmbərinə nazil olandan sonra bu kitabın qorunması və gələcək nəsillərə ötürülməsi bir neçə mərhələdə həyata keçirilib. O dövrdə yüzlərlə Quran qarisi var idi. Qədim ərəb şeirləri var ki, bunları adi, bədəvi bir ərəb deyib. Şeir, ədəbiyyat ərəblərdə həddindən artıq inkişaf etmişdi. Çox asan da əzbərləyirdilər. Quran da asanlıqla ərəblər arasında əzbərlənirdi. O dövrdə zəif imanlı bir müsəlman belə Qurani-Kərimin üçdə-birini əzbər bilib. Onlar danışıqlarında kitab çıxarıb Qurandan sitat gətirməyiblər. Birbaşa içdən deyiblər. Deməli, Quranı əzbərləyirdilər, əzbərlədirdilər. Bundan başqa Quran ayələri enli sümük lövhələrdə yazılırdı və saxlanılırdı. Yəni həm yaddaşlarda, həm də yazı formasında. Peyğəmbərimizin vəfatından sonra dəridə olan Quran ayələri bir kitab şəklinə salınır. Bundan sonra Quran qarilər tərəfindən oxunur. Bu proses artıq peyğəmbərimizin dövründə başlamışdı. Peyğəmbərimiz dəri və sümük üzərində olan ayələri dəfələrlə oxutdururdu. Peyğəmbərimizin birbaşa vəzifəsi idi ki, bu işlərə nəzarət etsin. I xəlifə Əbu Bəkrin dövründə Quran toplanılır, cəm olunur. Daha sonra başqa xəlifələri dövründə nüsxələri çıxardılır. Bu şəkildə Quran İslam məmləkətlərinə göndərilir. Quranın o qədər çox nüsxəsi olub ki, onu hifz edən, əzbər bilən o qədər insan var idi ki! Buna görə də heç bir zaman Quranın orijinallığını itirməsi, dəyişdirilməsi məsələsi heç zaman gündəmə gəlməyib. Hətta qədim Quran əlyazmaları da mövcuddur. Bu, indiki Qurani-Kərimlə eynilik təşkil edir.   -Quranda qeyd olunur ki, biz bu kitabı endirdik və onu qoruyacağıq. Bəs Allah digər göndərdiyi kitabları - Tövratı və İncili niyə qorumadı? Bu sualı ona görə səsləndirdim ki, bu gün ən çox  Tövratla İncilin təhrifindən söz düşür.    -Digər kitabların aradan getməsi təbii bir formada oldu. Bayaq da qeyd etdim ki, İslam peyğəmbəri sistem qurdu və onun konstitusiyası müqəddəs kitab Quran oldu. Digər peyğəmbərlərdə isə bunu görmürük. Buna görə də digər kitablarda təhrif təbii formada oldu. İsa Məsihdən sonra yəhudi icması xristianlıq əleyhinə fəaliyyət göstərdi. İsa peyğəmbərin özünü də bir terrorist kimi bilirdilər. Allah isə Quranda bildirir ki, onu təbii axarı ilə hifz edəcək, qoruyacaq. Siz dediyiniz ayə də buna işarədir. Hətta Tövrat və İncil qalsaydılar belə, İslam peyğəmbərinin gəlməyi ilə onlar qüvvədən düşəcəkdilər. Çünki orada olan hökmlərin bəsitliyi, o dövrdə olan ictimai əlaqələrə yönəlmiş hökmlər olduğu göz önündə idi. Həm də o hökmlər İslamdakı kimi çoxşaxəli deyil. İslam hüquq sistemi çox geniş və dərindir. İncil və Tövratdakı hökmlər isə tam əhatəli deyildi.   -Allahın həzrəti Məryəmə ruh üfürməsi və bundan sonra İsa peyğəmbərin doğulması faktını Quran da təsdiqləyir. Amma elmə görə, məməlilər sinfində müəyyən cinsi proseslər getməsə, çoxalma olmaz. Bəs necə oldu ki, Məryəm İsa peyğəmbəri bakirə doğumla dünyaya gətirdi?    -Yaxşı sualdır. Bir məsələni qeyd edim ki, yaradılışı biz erkək və dişi olaraq görürük. Bitkilər aləmində belə, erkək və dişi deyilən kateqoriyalar var. Deməyim odur ki, biz bütün sistemlərdə erkək və dişi görürük. Bəs necə oldu ki, bir erkək olmadan dişidə mayalanma baş verdi? Bu, təbiətşünaslığa məchul olan bir şey deyil. Həyatda elə canlılar var ki, onlar erkək olmadan çoxalırlar.   -Bəli razıyam, hətta özü-özünü çoxaldan canlılar da var. Amma insan bu kateqoriya canlılara daxil deyil axı.   -İlahi qüdrətlə məsələyə baxsaq, bu mövzu həll olunur. Əsas mayalanmanın getməsi üçün ona ruhun üfürülməsi və prosesin ana bətnində getməsidir. Həmin şərait də həzrəti Məryəmdə baş tutdu. İkincisi də bayaq dediyim kimi, elə canlılar var ki, onlar erkək olmadan çoxalırlar. İnsan da canlının bir növüdür. Allahın qüdrəti qarşısında elə bir məhdudlaşdırıcı amil yoxdur. Bəzi canlılarda erkək olmadan mayalanma mümkündürsə, bu, insanda da ola bilər.   -Yaradanın dərin izahından belə anlaşılır ki, Ali Şüur zamanın və məkanın fövqündə duran bir mövcudiyyətdir. Necə düşünək və hansı qərara gələk?    -Allahın vəsfinə toxunmaq istəyirəm. Qurani-Kərimdə də bildirilir ki, Allah hər yerdədir. Nə aşağıdadır, nə yuxarıdadır. Nə bir şeyin içinə girib, nə də ondan kənardadır. Allah hər bir şeylədir. Amma nəyəsə durub Allah da deyə bilmərik. Sizə bir misal çəkim və bunun ətrafında düşünün. Beyninizdə bir planet yaradın. Bu planetin üzərində milyonlarla insanlar düşünün. Bu insanlar müxtəlif bölgələrdə yaşayırlar. Hamısının evi, təsərrüfatı var. İndi sizə sual verirəm. Siz bu beyninizdə yaratdığınız planet və insanlara nisbətdə haradasınız?   -Nəyi nəzərdə tutduğunuzu bilmədiyimə görə, cavablandırmaqda çətinlik çəkirəm.    -Nə aşağıdasınız, nə də yuxarıda. Amma bu planeti tamlığı ilə əhatə etmisiniz. Bu insanlar içərisindən bir nəfəri peyğəmbər seçirsiniz. Ona sözlər deyirsiniz. Sözləri nə cür deyəcəksiniz? Təbii ki, bu cür danışıqlarla yox. Siz onun düşüncəsinə nəyisə salacaqsınız. Çünki siz danışanda o eşitmir axı. Mənim beynimdə yaratdığım planet və onun üzərində olan insanlar mənim səsimi eşitmir. Mənim səsimi mənimlə paralel olanlar eşidir. Mən peyğəmbər seçsəm necə edəcəyəm? Onun içində səslər və sözləri yaradacağam. Onun başa düşdüyü impulslarla hökmlərimi ona ötürəcəyəm. Bu, vəhydir.   -Yəni, prosesləri dini mətnlərdə yazılan kimi başa düşməyək? Yəni, kimsə Allahla söhbət etdi, ona mələklər nəsə dedi və sairi nəzərdə tuturam.    -Bəli, qətiyyən belə başa düşməməliyik. Bunu sadəcə təsəvvürləri yaxınlaşdırmaq üçün edirlər.   -Amma Musa peyğəmbər Allahla danışan peyğəmbər kimi din tarixinə düşüb.    -Birini beyninizdə peyğəmbər seçirsiniz. Onunla danışmaq üçün bəzən onun içində səs yaradırsınız. Bəzən onun təmasa olduğu bir əşya ilə. Məsələn, beyninizdə olan insan yolla gedir və bir ağacın yanından keçir. Siz isə ona vəhy göndərmək istəyirsiniz. O ağac od tutub yanır. Bu zaman ağacın yolu ilə onun başa düşdüyü formada hökmləri ona çatdırırsan. Əslində bu, Allahın səsi deyil. Bu səs dalğalar şəklində yaranır və ağacdan çıxır. İnsan da bunu başa düşür. Deyək ki, sizin nəzərdə tutduğunuz insan deyir: Ay Allah sən hardasan? Siz isə “Mən hər yerdəyəm” cavabını verirsiniz. “Bəs hər yerdəsinizsə, bu ağacın içində də varsan?” deyə yenə sual edir. “Hə varam” cavabı verilir. “Bəs bu zaman deyə bilərəm ki, bu ağac sənsən?”. Cavab isə “yox” olur. “Mən hər şeyi əhatə etmişəm. Amma bu o demək deyil ki, bu ağac, bu daş, planet mənəm” bildirilir. Sonrakı dialoq isə belə olacaq: -Bəs sən uzaqdasan? -Uzaqdayam, amma bu, o demək deyil ki, səninlə mənim aramda böyük məsafə var.   Bizlər Allahı anlamaq üçün fəlsəfi bəhslərdə bu modeli misal kimi gətiririk ki, insan mövzunu anlaya bilsin. Bu cür izah heç bir dində yoxdur. Nə İncil, nə Tövrat, nə də onlara yazılan şərhlərdə. Bu İslam fəlsəfəsinin Quran ayələri və hədisləri əsasında olan yanaşmasıdır. Hətta bir çox ateistlər dinlər içərisində İslamın fəlsəfəsini və yanaşmasını qat-qat üstün tuturlar.   -Bu məsələdə mövqeyinizi bölüşürəm. Məsələn, mən özüm Əli Şəriətinin “Həcc” əsərini oxuyanda o qədər dərin hisslər keçirdim ki, bir anlıq özümü Həcc ziyarətində gördüm. Eyni zamanda Mürtəza Mütəhərri də çox xoşuma gəlir. Ancaq bir məqam da var ki, bu da fəlsəfənin özünün cəlbediciliyi və ecazkarlığı ilə bağlıdır. Məsələn, fəlsəfə ilə Məlikməmmədin nağılına da elə bir izah vermək olar ki, adam heyran qalar.  -Elə deyil. Mənim verdiyim izahlar fərqlidir. Məlikməmməd nağılına nə qədər fəlsəfi çalar verilsə də, bu haqda nə qədər gözəl danışılsa da, insanlar bunun həqiqətə uyğun olub-olmadığını dərk edir. İzahlar düsturlar şəklində olmalıdır. Hər bir mühakimə müəyyən bir kökə söykənməlidir. Quranın yanaşmasına görə, inancda məcburiyyət yoxdur. Bu, mütləq şəkildə bu cürdür. Kim din adından nəsə danışır – bununla işim yoxdur. Dinlə dindar arasında fərq qoymaq lazımdır. Dindar dini öz həyatında yaşamağa səy edən şəxsdir. Bu bəzən uğurlu, bəzən də uğursuz olur. Buna görə də, biz dindarın yaşayışı ilə dinə qiymət verə bilmərik. Dinin öz kökü, məcəlləsi, konsepsiyası var. İlk olaraq buna baxmaq lazımdır. Bundan sonra dinlə dindarı müqayisə etməliyik. Ayırd etməliyik ki, bu həqiqi dindardır, yoxsa yox. İnsanlar bu cür yanaşmırlar. Dini dindarla dəyərləndirirlər. Bəzən həkimlərə görə tibbə qiymət verirlər. Bu cür yanaşmanı hansısa millətə, ölkəyə qarşı da sərgiləyirlər. Bir də görürsən ki, bir nəfərə görə bütün milləti günühlandırırlar. Bu, səhv bir düşüncədir.   “Zümər” surəsinin 18-ci ayəsində deyilir: “Ağıl sahibləri o kəslərdir ki, sözləri, fikirləri eşidərlər”. Deməli Quran ilk növbədə insana əmr edir ki, müxtəlifliyi dinlə. Demir ki, ancaq peyğəmbərə qulaq as və digərlərini heç dinləmə! Quranda bildirilir ki, bütün fikirləri dinləyəndən sonra hansı daha əhsəndirsə, ağılla, məntiqlə hansı daha üstündürsə, onu qəbul et!   “Ağıl sahibləri o kəslərdir ki, müxtəlif fikirləri dinləyirlər. Ən düz məntiqli, ağıllı bildiyini insafla qəbul edirlər. Doğru yolda yönəltdiyim insanlar da bunlardır” deyə qeyd olunur.   -Deyək ki, birinin ağlı və məntiqi diktə edir və o, ateizmi qəbul edir.    -2 vur 2-nin neçə cavabı var? Yalnız bir. O da 4-dür. Biri ateizmə ya da teizmə gəlirsə, biri cavabı 4, biri də 5 bilib. Təbii ki, ikisindən biri yanlışdır.   -O zaman siz dediklərinizdən “Müxtəlif fikirləri dinləyəndən sonra yalnız məni qəbul et” qənaəti yaranır. Dinin yanaşması da bunu deyir.    -Yaradanı qəbul etmək dini qəbul etmək demək deyil. Bəzən insanlar dindarların bəzi əməllərini görürlər və bunu birbaşa Yaradanla əlaqələndirirlər. İnsanların əməllərinə görə, Yaradanı danırlar. Nə dindən, nə də İslamdan danışaq və belə bir sual verək: Bu yaradılış özbaşına, heç bir təsir olmadan yaranıb, yoxsa bunun bir mənbəyi var? İndi bu mənbənin adı - Substansiyadır, Allahdır – fərqi yoxdur. Mənim bununla işim yoxdur. Ateist belə, mən dediklərim üzərində düşünsə, görəcək ki, o da Yaradanı qəbul edir.  Onlar da bu sistemin kökündə hansısa bir qüdrəti, Ali İdrakı bilirlər. Amma buna nə ad verirlər – bunlar fərqlidir. Spinoza fəlsəfəsində buna Substansiya deyilir. Volter fikirləşir ki, Spinoza Substansiya deyərkən Allahı nəzərdə tutub. Volter Fransada ən böyük mütəfəkkirlərdən sayılır. Volterin özü ateistləri qınayır. O “Fəlsəfə lüğəti”ndə ateistlər əleyhinə sərt ittihamlarla çıxış edir. Düzdür, Volter dinlərə qarşı bədbin bir insan olub. Ancaq yaradılışda qüdrət və varlığı qəbul edib.   -Rövşən müəllim, çox deyirlər ki, Quranı oxu və digər mənbələrə çox da etibar etmə. Çox gözəl. Mən Quranı oxuyuram və görürəm ki, surələrin birində əllərin, ayaqların çarpaz kəsilməsi əmr olunur. Bu zaman mənim inancımda bağlar qopmayıbsa, bu hökmü yazıldığı kimi qəbul edəcəyəm və bunun mütləq doğru olduğu qənaətinə gələcəyəm, onu edənlərə haqq qazandırcağam.    -Siz hansı surəni və ayəni nəzərdə tutursunuz?    -“Maidə” surəsi 33-cü ayə. Təxmini belədir ki, Yer üzərində fitnə-fəsad salanların əlləri, qolları çarpaz kəsilsin.    -İslamda əllə ayaqların çarpaz kəsilməsi cəzası yoxdur. İslamda barmaqların kəsilməsi var. Özü də ancaq xüsusi kateqoriyaya girən oğruların. Ancaq əllə-ayağın çarpaz kəsilməsi məsələsi yoxdur.   -Yaxşı, lap barmaqların kəsilməsi cəzası olsun. Biz qatı cinayətkarların öldürülməsini istəyə bilərik. Ancaq bu cinayətkara verdiyimiz instinktdir, bəlkə də qeyri-iradi reaksiyadır. Müasir, praqmatik hüquqda isə ölüm, edam cəzası yoxdur.   -Ölüm daha şiddətlidir, yoxsa 4 barmağın kəsilməsi?     -Təbii ki, ölüm.    -Deməli, İslam da bu məsələyə daha humanist yanaşıb. Çinin özündə rüşvətə görə edam edirlər. Mən Çinlə bağlı bir statistikaya baxmışdım. 10 min nəfər rüşvət üstündə edam olunub. Çünki Çin deyir ki, kimsə camaatın malına, büdcəyə əl uzadırsa, bunun nəticəsi insanların fahişəliyə sürüklənməsinə gətirib çıxaracaq. Yəni bir nəfərin boğazından kəssən, o pis yola düşə bilər. Oğurluq qətllər yaradır. Deməli, sənin etdiyin işin təsiri daha çoxdur. Quranda belə bir ayə var: “Fitnə qətldən də şiddətlidir”. Bəzən insan elə bir hərəkət edər ki, bu, cəmiyyəti ömürlük iflic, bədbəxt edər. Minlərlə insanı əxlaqsızlığa, fahişəliyə sövq edər. Çin bu cür düşünür. Deyir ki, qlobal miqyaslı oğrular edam olunmalıdır və cəmiyyət yaşamalıdır. İslamın yanaşması bu cürdür. İslam da istəyir ki, cəmiyyət sağlam yaşasın, cinayətkarlığın qarşısı alınsın. Ancaq İslamda olan cəzaların hamısı qorxutmaq xarakteri daşıyır. Əl kəsilməsinin hansı şərtlərdə olduğunu desəm, görərsiniz ki, gərək 100-200 ildə bir şəxs buna uyğun gəlsin ya da gəlməsin. Belə deyil ki, hər oğrunun əli kəsilməlidir. Biri digərinin cibinə girirsə, onu əli kəsilmir. Əsas çağırış budur ki. cəmiyyət, insanlar pis əməllərdən çəkinsinlər, oğurluq etməsinlər, cinayət törətməsinlər. Digər edam hökmlərində belə şərtlər çox sərtdir. Neçə dənə şahid olmalıdır və hamısı eyni sözü deməlidir. -Gələk özünüzlə bağlı məqamlara. İranda fəlsəfə və teologiya mərkəzlərində təhsil almısınız. Bu barədə məlumatlar azdır, olanlar da yalnız səthidir. Yəqin ki, Qumda təhsil almısınız.    -Bəli, Qumda təhsil almışam. Mən İqtisad Universitetini  bitirmişəm. Sadəcə olaraq psixologiya, şərqşünaslıq, psixologiya, irfan mövzuları həmişə mənim maraq dairəmdə olub. İqtisadiyyat mənim mənəvi və fəlsəfi axtarışlarımı ödəyən bir mərkəz deyildi. Mən orta məktəbin son illərindən psixologiya, fəlsəfədən çox oxumuşam. Bir nəfər psixologiya, irfan, fəlsəfə ilə maraqlanırsa, dindən yan keçə bilməz. Azərbaycanda istədiyim bilgiləri tam olaraq mənə verən bir mənbə olmadığına görə, İrana getdim.   -Məsələn, Əl-Əzhər Universitetinə də gedə bilərdiniz.    -Əvvəl müxtəlif variantlar var idi. Müxtəlif yerləri düşünürdüm. Əl-Əzhər Universiteti və digər İslam ölkələrində olan mərkəzlərin proqramlarında mən istədiyim mövzular yox idi. Məsələn, onlar irfan mövzularına o qədər də girmirlər. Həmçinin mütaliə fəlsəfəsi də. -Ateistlərə münasibətiniz necədir? İstərdim tam səmimi cavab verəsiniz. Qarşınızda ateist oturub deyə, mənə xoş gəlmək üçün fikir bildirməyəsiniz.    -Tam səmimi sözümdür. Kimdənsə, çəkinəcəyimiz yoxdur. Nə düşünürüksə, onu deyirik. Ateist mənim yanımda oturanda və fikir bildirəndə, qətiyyən içimdə bir narahatlıq keçirmirəm. O ateistə qarşı daxilimdə zərrə qədər də qıcıq yaranmır. Bizim bir çox oxucularımız ateistlərdir. Yazırlar, fikir mübadiləsi aparırlar. Ona görə də, fikirləşirəm ki, ünsiyyətdə əsas olan insan faktoru, qarşılıqlı hörmətdir. Düzdür, hərənin bir baxışı var və bu da normaldır.   Aqşin KƏRİMOV Modern.az
24.12.2016   1882   39
 
Tanınmış yazıçı, filosof-psixoloq Rövşən Abdullaoğlunun Milli.Az-a müsahibəsi: BÖYÜK YALAN - Sizinlə yalan, tarix və maddiyyat mövzuları barədə söhbət etmək istəyirəm. Sizcə, böyük bir yalanın tarixə yol tapması mümkündürmü? Elə bir yalan ki, əksəriyyəti inandırmış olsun. - Adolf Hitlerin "Mein Kampf" ("Mənim mübarizəm") əsərində bu barədə maraqlı sözlər var: "Bu cənablar "hər nə qədər dəhşətli yalan danışsan, o qədər sənə tez inanarlar". Adi insanlar kiçik yalandan daha çox, böyük yalana inanırlar. Bu, onların bəsit düşüncələrilə əlaqədardır. Onlar kiçik yalanı hər kəsin uydura biləcəyini bilirlər, ancaq çox böyük yalanı uydurmağa (o adi insanlar), bəlkə də, utanırlar. Böyük yalan onların (bu sadə insanların) beyninə belə gəlməyəcəkdir. Bax məhz buna görədir ki, kütlələr təsəvvür belə edə bilmirlər ki, (özləri edə bilmədikləri üçün) digərləri də çox dəhşətli yalan danışa, bu cür, vicdansızcasına faktları təhrif edə bilərlər. Hətta əgər onlara bu yalanın dəhşətli miqyasları başa salınsa da, onlar yenə də bu barədə şəkk etməyə davam edəcək və "yəqin ki, burada hər halda bir həqiqət vardır" deyə düşünəcəklər. Buna görədir ki, mahir yalan ustaları və yalnız yalan üzərində qurulmuş bir çox partiyalar tarix boyu məhz bu metoddan istifadə etmişlər. Yalançılar kütlələrin bu xüsusiyyətini çox gözəl bilirlər".   Maska geymiş cəmiyyət və onun arxasında gizlənən həqiqətlər  http://news.milli.az/country/467220.html  "Böyük yalan" - müxtəlif təbliğatlar üçün istifadə olunan üsuldur. Məharətlə qurulmuş böyük yalanda kütlələri inandırmaq gücü vardır. Deyirlər ki, İblisin Adəm peyğəmbəri (ə.s) aldatmasının da səbəbi İblisin məhz Allaha and içməsi olub. Adəm peyğəmbər (ə.s) o vaxta qədər Allaha yalan and içən birini görməmişdi və kiminsə Allaha yalandan and içə biləcəyi onun ağlına belə gəlmirdi. Hitler hesab edirdi ki, dünya gücləri almanlar barədə məhz bu metoddan istifadə edirlər. Onu da qeyd edim ki, Adolf Hitler, II Dünya Müharibəsi, Lenin, Stalin, SSRİ barədə bir çox faktlar əslində bizə təhrif olunub, başqa formada çatdırılıb. Unutmayaq ki, tarixi qaliblər yazırlar. O qaliblər də məğlub etdikləri düşməni istədiyi kimi mənfur simada tanıda, özləri barədə istədikləri faktı dəyişdirə bilərlər. Qərbin orta əsrlər tarixində, ümumiyyətlə bir çox dövlətlərin tarixində bu cür əksəriyyət tərəfindən doğru olaraq qəbul edilmiş böyük yalanlara rast gəlmək mümkündür.   - Sizcə, cəmiyyətlərin tarixi inkişafı, ümumiyyətlə tarix mistik bir iradənin istəyini əks etdirirmi? Əgər belədirsə, bu tarixi hərəkətin son hədəfi varmı?   - Siz tarixi-fəlsəfi bir baxış olan providensializmə işarə etdiniz. Providensializm tarixi hadisələri yaradılışa hakim olan sistemin məqsədyönlü cərəyanı kimi izah edir. Bu fikrə görə, kainatı idarə edən Ali İdrak vardır və o Ali İdrak insanlığın qurtuluş və cəmiyyətin nizamını qoruma planını tarixdə bəzi yüksək məqamlı şəxslərin əli ilə gerçəkləşdirir. Biz müqəddəs Avqustinin, Pavel Oroziyin, bizans xronistlərinin və digərlərinin yazılarında görürük ki, tarix İlahi İradə tərəfindən özünün istəyinə uyğun olaraq yazılır. Təbii ki, onlar hesab edirdilər ki, burada vasitə olaraq insanlardan istifadə edilir. Qərbdə providensializm orta əsrlərin sonlarına doğru Jak Benin Bossüye, daha sonra alman fəlsəfi məktəbi tərəfindən də işlənməyə başlandı. Fridrix Hegel deyirdi ki, bütün yaradılışın əsasında duran Dünya İdrakının və ya Dünya Ruhunun özünü mütləq olaraq aşkar etdiyi zaman "tarix"dir. Hegelə görə, tarixi şəxsiyyətlər ən ali canlı varlıq olan Dünya Ruhunun yer üzündə olan ən etimadlı yardımçılarıdırlar. Onlar o Ruhun istəklərini həyata keçirir və tarixi lazım olan istiqamətə yönləndirirlər. Tarixi şəxsiyyətlərin fəaliyyətləri mənasız və hədəfsiz deyildir. Belə ki, onlar qaçılmaz olan tarixi prosesləri üzə çıxarırlar.      Lev Tolstoy da "Hərb və sülh" romanında tarixi providensializmə toxunub. O yazırdı: "İnsan şüurlu olaraq (elə zənn edir ki,) özü üçün yaşayır. Lakin şüursuz olaraq tarixi və ümumbəşəri hədəflərin həyata keçməsi üçün bir silah rolunu oynayır... İnsan hər nə qədər ictimai pilləkənin yuxarısında durursa, bir o qədər onun hər bir hərəkətinin qaçılmazlığı və qabaqcadan təqdir olunduğu aydın görünür... Şah tarixin quludur".   Biz  tarixi gedişatın bu cür izahını marksizmdə də görürük. Bir fərqlə ki, onlar tarixi hadisələri kənardan müdaxilə edən Ali Varlıq ilə deyil, sırf maddi faktorlarla izah edirdilər.   Aydındır ki, tarixə bu cür baxış tarixin məqsədyönlü şəkildə onun üçün təqdir olunmuş hədəfə doğru getdiyini də qəbul edir. Providensializmə görə, bu hədəf Ali İdrakın qanunlar sisteminin və mənəvi dəyərlərinin Yer üzünə tam hakim olmasından, bəşərin hərtərəfli qurtuluşundan, düşüncəsinin genişlənməsindən ibarətdir. - Lakin müharibələr, böyük miqyaslı cinayətlər bütün tarix boyu mövcud olub və vəziyyət bu gün də müsbətə doğru dəyişməyib.    - Tarixə providensial baxışa görə, insan iradə azadlığından məhrum deyildir. Öz yolunu özü seçir. Sadəcə olaraq o, hər nə cür hərəkət etsə də, tarixin son hədəfə doğru getməsinin qarşısını ala bilməyəcəkdir. Dünya zamanla ali mənəvi dəyərlərin ucalığını düşünülmüş formada qəbul etməyə doğru gedir. İnsanlar hər bir formalı modelləri, müxtəlif dəyərləri, qanunları həyatlarına tətbiq edirlər. Hər dəfə də yanıldıqlarını anlayırlar. Hazırda bəşəriyyət özünün dəliqanlılıq dövrünü yaşayır. Lakin uzun çəkişmələrdən sonra tutduqları heyvani yolun səhv olduğunu anlayacaqdır. Providensializmə görə, bütün bunlar Ali Qüvvənin həqiqətləri insanların könüllü və düşünərək qəbul etmələri üçündür. Bütün bunlar ali planın bir hissəsidir. O, insanları heç bir işə məcbur etmir, sadəcə olaraq düzgün nəticəyə gəlmələri üçün müəyyən istiqamət verir, müəyyən müdaxilələrlə onlara doğru yollarını göstərir. - İslam tarixində necə, bir az əvvəl qeyd etdiyimiz belə böyük yalanlar varmı?   - Bəli, var. - Bəs islam dini providensializmə, yəni tarixə kənar iradənin təsir etməsi məsələsinə necə baxır?   -Tarixi hadisələrə baxışı üç yerə bölmək olar: tarixi məcburiyyət və ya tarixdə mütləq providensializm, tarixi təsadüf və orta yanaşma.   İslamın tarixə özünəxas yanaşması vardır. İslam insanların hər birinin azad fəaliyyətə malik olduqlarını qəbul etməklə yanaşı, tarixə hakim olan ümumi proqramdan da bəhs edib. Bu proqramı həyata keçirənlər də məhz iradə sahibi olan insanlardır. Bu tarixi proqrama görə, sonda dünyaya ümumdünyəvi bir ədalət sistemi hakim olacaqdır. Dünya cəmiyyətlərini bu ədalətli sonluğa doğru istiqamətləndirənlər isə məhz seçilmiş xüsusi insanlardır. Bu insanlara ümumi olaraq ən kamil insanlar da demək olar. Dinlər bu kamil insanları peyğəmbər, Allahdan xəbər gətirənlər və onların xüsusi canişinləri kimi təqdim edir. Bu seçilmiş şəxslər Tanrının iradəsinin yer üzündə olan icraçılarıdır. Məsələn, tarixə "Kərbəla hadisəsi" kimi həkk olunan inqilabın baş qəhrəmanı Hüseyn ibn Əli (red. Hz. İmam Hüseyn (əs.)) də qiyamının bir çox mərhələsində dəfələrlə bu işi ilahi istək əsasında etdiyini qeyd edirdi. O, hətta Kərbəlada şəhadətinin belə ilahi göstəriş əsasında olduğunu bildirir. TARİXİ QANUNAUYĞUNLUQLAR SİSTEMİ İDARƏ EDİR - Belə çıxır ki, tarixdə də müəyyən qanunauyğunluq mövcuddur?   - Tarixə də kainata, təbiətə hakim olan səbəb-nəticə qanunu hakimdir. Yaradılış aləmindəki səbəbiyyət qanunu bunu deyir: "Hər bir hadisənin baş verməsinin özünə uyğun şəraitləri, səbəbləri vardır. O səbəblər və şərait mövcud olan kimi ondan həmin nəticələrin törəməsi mütləqdir. Səbəblər olmasa, hadisələrin törəməsi də qeyri-mümkündür". Yaradılışdakı səbəbiyyət qanunu barədə dediklərimizi eynilə tarix barəsində də demək olar. Tarixi səbəblərin doğurduğu nəticələr arasında da od və hərarət arasındakı kimi rabitə vardır. Otaqda hərarət yaratmaq üçün sobanı qalamaq lazımdır. Soba yanan zaman otağın isinməməsi qeyri-mümkündür. Tarixin gedişində də həmin qanunauyğunluq izlənilir. Belə ki, müəyyən tarixi səbəblərin formalaşması ilə ona uyğun nəticələrin hasil olması qaçılmaz olur. Buna tarixi səbəbiyyət və ya tarixi determinizm deyirik. Nəticədə məlum olur ki, tarixə nizamlı, dəqiq və dəyişməz qanunauyğunluqlar sistemi hakimdir. Tarixi də məhz bu sistem idarə edir.   Ancaq onu da qeyd edək ki, tarixi determinizm insanları, tarixi şəxsiyyətləri məsuliyyətdən azad etmir. Çünki biz tarixi şəxsiyyətlərdən "Nəyə görə bu zülmü etdin?", "Nəyə görə bu qədər qətlləri törətdin?", "Niyə bu fəlakətin qarşısını almadın?" deyə soruşub onları mühakimə edə bilərik.   - Deməli, cəmiyyət sanki vahid canlı varlıq kimidir?   - Cəmiyyət də bir heyvan, bitki və ya insan kimi mövcudiyyətə malikdir. Cəmiyyətin fərdləri də onun bədən üzvləri kimidir. Cəmiyyətin də böyüməsi, yeniyetməlik dövrü, qocalması və ölümü vardır. Hər bir mərhələnin baş verməsinin də, xəstələnməsinin və ölümünün də öz səbəbləri vardır. - Onda bəs tarixçilərin əsl vəzifəsi, missiyası nədən ibarətdir?   - Tarixçilər əslində cəmiyyətin bələdçiləridirlər. Onların vəzifəsi odur ki, tarixi hadisələrin əsl səbəblərini üzə çıxarıb dəqiq təhlil etsinlər. Həqiqi tarixçilər tarixi qanunauyğunluqları kəşf etməlidirlər. Keçmişdəki millətlərin, ölkələrin tənəzzülə, məhvə, yaxud da tərəqqiyə, qurtuluşa çatdıqları yolları, tarixi qanunları müəyyən etməlidirlər. Məsələn, keçmiş xalqların hansı davranışları onları əsir və qul, hansı fəaliyyətləri ağa və hakim etdi? Daha sonra onlar əldə etdikləri nəticələri insanlara, öz cəmiyyətlərinə başa salmalıdırlar ki, onlar da həmin qanunları bilsinlər, keçmişdəkilərin səhvlərini təkrarlamasınlar, səadətə qovuşmuş cəmiyyətlərin fəaliyyətlərini icra edib eyni uğurlu nəticələrə nail olsunlar. BƏZİ DAVRANIŞ POZUNTULARI CƏMİYYYƏTİN SÜQUTUNA SƏBƏB OLUR  - Sizcə, dünyanın düşüncə məktəblərinin cəmiyyətlərə hakim olan qanunlara baxışı nə dərəcədə doğru, nə dərəcədə düzgündür?   - Düşüncə məktəblərinin Qərb modelində adətən cəmiyyətlərin inkişaf və ya məhvi sırf maddi, tarixi, iqtisadi amillərlə əlaqələndirilir. Bir halda ki, onlar bir çox qeyri-maddi faktorları unudurlar. Bu faktorlar cəmiyyətin əxlaqi, mənəvi və ideoloji vəziyyəti ilə birbaşa əlaqəlidir. Belə ki, qeyri-maddi, mənəvi amillərin də cəmiyyətlərin tarixi inkişafına təsiri olduğunu bilmək lazımdır. Tarix də göstərir ki, bu amillərin cəmiyyətin inkişafına təsiri qaçılmazdır. O məktəblərdə məhz bu məqama qətiyyən diqqət yetirilmir.   Düzgün modelə görə isə cəmiyyətin ideologiyası, əxlaqi-mənəvi vəziyyəti və davranışları onun taleyində böyük təsirə malikdir. Belə ki, xurafi, yanlış ideologiya, mənəvi dəyərlərin ucuzlaşması, pozğunluq, əyyaş həyat tərzi, total erotizasiya, zülm və digər böyük davranış pozuntuları cəmiyyətin süqutuna səbəb olur.   Qorxaq cəmiyyətin yetişdirdiyi fərdlər də özünə bənzəyəcək http://news.milli.az/country/468336.html              - Sizcə, tarixin bir nömrəli, ən güclü diktatoru kim olub? - Pul, var-dövlət. O, ən güclü diktatordur. Günümüzün də ən nüfuzlu və qüdrətli diktatoru məhz odur. Bu diktator sərhəd, millət, irq, məzhəb və din tanımır. Səltənəti hər yerə nüfuz edir. Var-dövlət insanların allahına çevrilib. Bir çoxları ona pərəstiş etməkdə davam edirlər. Günümüzün insanı "qızıl buzov" sindromuna tutulub. Nəticədə də Musa peyğəmbərin (əs.) xalqı kimi var-dövlətə baş əyib, pula sitayiş edirlər. "QIZIL BUZOV" GÜNÜMÜZÜN ƏN GENİŞ YAYILMIŞ KÖHNƏ DİNİDİR - Nəyə görə qoyun, at, dəvə, yaxud da başqa heyvan deyil, məhz buzov? Bir də bu "qızıl buzov"un Musa peyğəmbər (əs.) və onun xalqı ilə nə əlaqəsi var?   - Həm İncildə, həm də Quranda bir süjet yer alıb. Musa peyğəmbər (ə.s) Sina dağına vəhy almaq üçün gedir. Onun qayıdışı gözlənildiyindən on gün çox çəkir. Bu zaman mənəvi rəhbərsiz qalmış bəni-İsrail xalqı ümidsizliyə düşür və həqiqi Allaha olan inanclarından əl çəkir, həqiqi mənəvi dəyərlərini unudur. Musanın (ə.s) yoxluğu zamanı onlar bütün qızıl əşyalarını götürüb əridir və ondan buzov heykəli düzəldirlər. Qızıldan tökülmüş buzov heykəlini özlərinə allah qərar verib, ona sitayiş etməyə başlayırlar.   Beləliklə də, "qızıl buzov" təbiri tarixə düşmüş olur. Sonradan bu ifadə bir çox başqa məqamlarda da işlənməyə başlanılır. Fransız dramaturqları Pol Barbye və Mişel Karrenin Hötenin "Faust" əsərinin birinci hissəsi əsasında yazdıqları librettoda da bu ifadə İblisin dilindən işlədilir. Bundan başqa, İlya İlf və Yevgeni Petrovun da 1931-ci ildə yazdıqları "Qızıl buzov" adlı əsəri vardır. - Bütpərəstlərə aid olan "qızıl buzov" ifadəsinin müasir insanla hansı əlaqəsi var?   - "Qızıl buzov" insanın mənəviyyatı düşünmədən yalnız maddi sərvət xatirinə yaşama halını ifadə edir. Bu vəziyyətdə insan elə bilir ki, onu səadətə çatdıracaq amil məhz var-dövlətdir. Bu düşüncə bir çox hallarda şüuraltı mövcud olur və insanın özü də bilmədən onun bütün davranışlarını idarə edir. "Qızıl buzov" sindromuna tutulmuş insan hamıda maddi dəyərlərlə qiymət verir, mühakimələri, qərarları da sadəcə maddiyyatdan qaynaqlanır. İnsani dəyərlər, humanizm, digərlərini düşünmək onun üçün heç bir məna kəsb etmir. Zahirən qayğıkeş kimi görünə bilər, lakin bunun da arxasında maddi maraqlar durur. Ondan yaxşı dost olmasını gözləmək də düzgün deyildir. Çünki o, eqoist və hər məqamda özünü düşünəndir.   Ən qorxulusu da odur ki, yeniyetmələr, cavanlar artıq indidən bu sindroma tutulurlar. "Qızıl buzov" həyat tərzinə malik cəmiyyətdə ailə içində, dostlar və qohumlar arasında mənəvi bağlar zəifləyir, bütün ictimai əlaqələr maddi faydalar əsasında qurulur. "Qızıl buzov" sindromuna tutulmuş cəmiyyət özünün zəif fərdlərinə, həmçinin digər cəmiyyətlərə qarşı çox amansızdır. Dünyanın böyük ölkələrinin bütün xarici siyasəti məhz bu sindromdan qaynaqlanır.   Günümüzün insanı keçmişin bütpərəstlərindən elə də fərqlənmir. Keçmişdəkilər əlləri ilə düzəltdikləri fiqurlara pərəstiş edirdilərsə, müasir insanlar öz əlləri ilə düzəltdiyi texnologiyaya, zinət əşyalarına, mülklərə, sərvətə, maşınlara pərəstiş edirlər. Mahiyyət olduğu kimi qalıb, sadəcə pərəstişin obyekti dəyişib. "Qızıl buzov" günümüzün ən geniş yayılmış köhnə dinidir.   Tanrı Musa peyğəmbərin (ə.s) vasitəsilə insanları özləri kimilərinin (fironların) əlləri ilə düzəldilmiş bütlərə sitayişdən qurtarıb azadlığa çıxartmaq, həqiqi mənəvi dəyərləri onlara aşılamaq, müstəqilliyə çatdırmaq istədi. Ona görə də Musa peyğəmbər (ə.s) xalqını fironun əsarətindən qurtarıb doğma diyarlarına gətirib çatdırdı, öz yerlərinə qaytardı. - Məgər pul, var-dövlətə yanaşma həmişə yalnız mənfi olmalıdır?   - Xeyr. Biz qətiyyən yaxşı yaşamağın, var-dövlətə sahib olmağın əleyhinə deyilik. Əksinə, kasıb yaşamaqdansa, varlı yaşamağın daha yaxşı olduğunu düşünürük. Sadəcə olaraq bir şeyi unutmayaq ki, pul insanların xoşbəxtliyi yolunda, yaxşı yaşamaqları üçün sadəcə bir vasitədir və ona bir vasitə kimi də baxmaq lazımdır. İlkin İzzət Milli.Az
12.12.2016   1045   50
 
Yazıçı, psixoloq Rövşən Abdullaoğlunun Milli.Az-a müsahibəsi: Bu tip insanlar çox paxıl və qısqanc olurlar - Özünü dəyərsiz və cılız hesab edən şəxsdə, məncə, böyük həsəd də olar... - Əlbəttə. Hər bir insanın həyatda reallaşdırmaq istədiyi çoxlu sayda arzuları vardır. Ancaq əksər insanlar bu arzularını həyata keçirə bilmir, həyatın onlara təqdim etdiyi fürsətləri əldən verirlər. Bir çox hallarda da buna müqəssir elə onların özləridir. Əldən verilmiş fürsətlərin peşmançılığı, həyata keçməmiş arzuların acısı insanı həmişə yandırır və narahat edir. Bəzən də bu düşüncələr insanı depressiyaya salır. Lakin müəyyən bir zaman keçir və insan öz taleyi ilə barışmalı olur. Ancaq qəlbinin dərinliklərində narahatçılıq, paxıllıq və kin qalır. İnsan həyata küsür. Bu küskünlük həyatın müəyyən məqamlarında özünü biruzə verir. Belə məqamlardan biri də insanın digərlərinin uğurunu görməsi zamanı yaranır. Bu tip insanlar çox paxıl və qısqanc olurlar. Özü də bu həsəd bir çox vaxtlarda məhz öz ölkəsinin nümayəndəsinə qarşı yönəlir. Çünki onunla oxşar şəraitə malik birinin həyatda irəli getməsi daim ona özünün natamam və cılız olmasını xatırladır. Bu hal onu daha çox incidir. Buna görə də bu insanlar digərlərinin uğuruna qıcıq olur, içində narahatçılıq hissi keçirir və daxilində şiddətli dərəcədə onu tənqid etmək istəyi yaranır. Beləsi özü irəli gedə bilmir, başqasının irəli getdiyini gördükdə isə bərk narahat olur. Bu zaman kompleksli adam belə düşünür: "O, irəli getdi, mən gedə bilmədim. Bir halda ki, o da mənim kimi eyni ölkənin vətəndaşıdır. Hə, deməli, burada problem məndədir". Bu düşüncə isə onun üçün dözülməz olur. Aparılan təbliğat nəticəsində müsəlmanlarda dini natamamlıq kompleksi yarana bilər   - Natamamlıq kompleksinin yaranma səbəbləri nədir? - Alfred Adler bu kompleksin məhz uşaqlıq illərində yaranması faktını çox mühüm hesab edirdi. Onun fikrincə, övladlara valideynləri tərəfindən lazımi qayğı və diqqətin göstərilməməsi və ya hədsiz valideyn qayğısı bu kompleksin yaranmasına ciddi təsir edir. Valideyn tərəfindən diqqət görməyən uşaqlarda özünə güvən azalacaqdır. Hədsiz himayə isə uşaq müstəqil fəaliyyət göstərə bilməməsinə, öz ayaqları üzərində durmağı bacarmamasına, həmişə kiməsə möhtac olmasına səbəb olacaqdır. Bu da öz növbəsində kompleksə gətirib çıxardır. Eyni zamanda, uşaqları valideynlərin mütəmadi tənqid etmələri, onları "qanmaz", "axmaq", "bacarıqsız", "tənbəl", "işbacarmaz" kimi pis adlarla çağırmaları da buna səbəb olan amillərdəndir. Uşaqlar valideynlərinə o qədər etimad edirlər ki, onların özləri barəsində dedikləri bütün sözləri həqiqət kimi qəbul edirlər. Belə uşaqlar böyüdükdən sonra bütün həyatları boyu bu kompleksdən əziyyət çəkirlər. Bir çoxları isə bundan heç bir zaman qurtula bilmir və hətta bu komplekslərini sonradan öz övladlarına ötürürlər.   Burada  diskriminasiyanın da çox təsiri var. Hər hansı bir ölkəni, hər hansı bir dinin nümayəndələrini, yaxud da hər hansı bir sosial qrupu sıxışdırdıqda, əleyhinə geniş miqyaslı əks təbliğat apardıqda bu, o insanlarda kompleksin yaranmasına gətirib çıxarda bilir. Məsələn, islamofobiyanın yayılması, İslamı terrorizmlə eyniləşdirmək cəhdləri kimi aparılan təbliğat nəticəsində müsəlmanlarda dini natamamlıq kompleksi yarana bilər. Ölkəmizin vətəndaşları digər xalqları özlərindən üstün görsələr, onlarda milli və ya coğrafi natamamlıq kompleksi formalaşacaqdır. Kasıb ailələrdə böyümüş insanlarda sinfi natamamlıq kompleksi, özünün intellektual və elmi səviyyəsi aşağı olan qrupa, ölkəyə aid olduğunu hesab edən insanlarda isə intellektual natamamlıq kompleksi yarana bilər.   Genetik faktorlar, insanın xarakter və temperamenti də bu kompleksin yaranmasında rol oynayır.   Maska geymiş cəmiyyət və onun arxasında gizlənən həqiqətlər http://news.milli.az/country/467220.html   Qorxaq və kompleksli cəmiyyətin yetişdirdiyi fərdlər də elə özünə bənzəyəcəkdir - Cəmiyyət özü natamam və kompleksli insanın yetişməsində hansı rolu oynayır?   - Psixologiyaya dair ədəbiyyatlardan çıxan nəticə ümumilikdə belədir: yanlış tərbiyə sistemi, yanlış ailə modeli, orta və ali təhsil mərkəzlərində yanlış təhsil sistemi, televizor və radiolarda cəmiyyəti cılız və eybəcər edən bayağı verilişlər, ölkədə informasiya vasitələri ilə cəmiyyətə nümunə şəxs kimi aktyor, rəqqasə, müğənnilərin, şou biznes adamlarının tanıdılması, intellektual səviyyəni yüksəldən, insanlarda özlərinə inam yaradan, cəmiyyəti bir şəxsiyyət olaraq tərbiyə edən verilişlərin olmaması, hər şeyin yalnız maddi maraqlar ətrafında cərəyan etməsi və bunun təbliği, bütün şəhərin başdan-başa şadlıq sarayları, ticarət mərkəzləri ilə doldurdurulması, əvəzində isə kitabxanaların, elm mərkəzlərinin, kitab satış dükanlarının bağlanılması, elmi-mənəvi, vətənpərvərlik dəyərlərinin təbliğ edilməməsi və ucuzlaşması, kitab mütaliəsi səviyyəsinin çox aşağı düşməsi, fərdi inkişafa vaxt qoyulmasının vaxt itkisi hesab edilməsi, təhsil səviyyəsinin çox aşağı olması, ən yüksək təhsilin xarici təhsil hesab edilməsi - bütün bunlar psixologiyanın da təsdiqlədiyi kimi, cəmiyyətin özünə inamını zədələyən ən güclü amillərdəndir. Qorxaq və kompleksli cəmiyyətin yetişdirdiyi fərdlər də elə özünə bənzəyəcəkdir. O, kompleksini genetik olaraq öz gələcək nəslinə ötürəcəkdir. Cəmiyyət çox böyük gücə malikdir. Onun psixoloji təzyiqi qarşısında müqavimət göstərmək əksəriyyətin iradəsi xaricindədir. Deməli, ilk növbədə cəmiyyət islah olunmalıdır.   Kompleksli cəmiyyətdə geyim, maşın və digər məişət əşyaları özünü göstərmək vasitəsi formasını alıb   - Fərdlərlə aydındır. Bəs cəmiyyət bütünlüklə maskalana bilərmi? Onun olmadığı kimi görsənməsi mümkündürmü?   - Kompleksli insanlar başqaları üçün, başqalarının xoşuna gəlmək üçün, başqalarının istəkləri ilə yaşayan insanlardır. Onlar başqalarına görə geyinir, başqalarına görə danışır, başqalarının xoşuna gəlmək üçün davranır və hətta səyahət edirlər. Kişi hansısa bir telefon modelini və ya qadın hansısa bir bahalı geyimi aldıqda bir müddət öz komplekslərindən qurtulur. Əvvəllər cırıq şalvarda gəzmək utancverici idi, günümüzdə isə şalvarda nə qədər "cırıq" yerlər çox olarsa, bir o qədər dəbli hesab olunur. Avropada orta əsrlərdə cinsi azlıqları xəstəlik və ictimai bir bəla bilərək tonqallarda yandırırdılarsa, günümüzdə eyni cinsin nümayəndələrinin evliliyini normal qəbul edirlər. Orta əsrlərə qədər əksər mədəniyyətlərdə qadınların geyimləri uzun ətəklər və qollu köynəklərdən ibarət idi. Qısa ətəkləri isə rəqqasələr, eyş-işrət məkanlarında işləyənlər, sirk işçiləri geyinərdilər. XX əsrin ortalarından sonra isə əksər dünya mədəniyyətləri bu geyim formasını qəbul etdi. Bu yeniliklərin yayılmasında təsirli faktor kimi tanınmış ictimai şəxslərin, aktrisaların, modelyerlərin rolunu göstərmək lazımdır. Belə nümunələri göstərməyimiz insanların düşüncə, mədəniyyət, geyim və dəyərlərinin zamanla dəyişilə bilməsinə bir işarədir. Bütün bu dəyişikliklərin yayılması isə bir çox hallarda komplekslərlə birbaşa əlaqədardır.   Rus yazıçısı Dovlatov 1978-ci ildə Amerikaya mühacirət edir. O, bu ölkə barədə öz təəssüratlarını oradakı qəzetlərdə çap etdirir. Dovlatov yazır ki, SSRİ-də cəmiyyət tərəfindən bizim beynimizə hər bir yerə xas şablon geyim forması, "importnı" mallar, paltarlar geyinmək şəxsiyyətin şəxsiyyətli olmasının əlaməti kimi yeridilmişdi. Professora xas geyim var idi. O cür geyinməsə, özünü cılız hiss edərdi. Ancaq amerikada yolda görürəm ki, bir kök yaşlı kişi gedir, ayaqqabısının bağları açıqdır, yerlə sürünür. Yaxasında da düymələri bağlanmayıb. Diqqət edirəm ki, zərrə qədər də kompleksi yoxdur. O gonbulun arxasınca da eleqant cavan oğlan gəlir. Kostyum, ağ köynək, parıldayan laklı çəkmə. Onda da kompleks yoxdur. Onun arxasınca da bir qız gəlir. Dar qısa ətək, əyri ayaqlar. Trikotaj ti-şört geyinib üzərinə də "Mən Sofi Lorenəm" yazılıb. Onun da dünya-aləm vecinə deyil, kompleksiz rahat hərəkət edir. Yanında da cır-cındır geymiş başqa biri, onun da üzündə zərrə qədər də olsun kompleksi və narahatçılığı yoxdur. Fəxrlə, vüqarla addımlayır.Dovlatov əlavə edir: "Burada belədir. Əgər insan cır-cındır geyinibsə, deməli, ona bu cür xoşdur. Deməli, bu cür dilənçi geyimi onun daxili aləmi ilə, dünyagörüşü ilə uyğundur". Yazıçı deyir ki, mən SSR-də olanda mənə demişdilər ki, Amerikada gərək hər gün köynəyini dəyişəsən, şalvar geyinəsən, ofisdə ancaq qalstuk taxmalısan, piknikə şortda getməlisən, gecə yığıncaqlarında isə kostyum geyinməlisən: "Yenicə Amerikaya getmişdim ki, bir məclisə dəvət aldım. Gördüm ki, içlərində bircə mən geyinib bəzənmişəm, digərləri necə rahatdırlar elə də geyiniblər. Biri smokinq geyinib, biri şort, biri ti-şörtdə, biri dizə qədər çəkmədə, biri ayaqyalın... Kimə necə rahatdırsa, elə geyinib. Biri yavaş söhbət edir, ev sahibi, ümumiyyətlə, divanda uzanıb yatıb. Məndən başqa hamı özünü rahat və təbii hiss edirdi. Amerikada insan necə istəyir elə geyinir. Əsas odur ki, onun təbiəti ilə uyğun olsun, onun üçün rahat, azad və təbii olsun".   Dovlatov sonra özünün bir müşahidəsini qeyd edir. Deyir ki, fəqir zəncilər və Latın Amerikasından bəzi gəlmələr çox daha fərqli və diqqətçəkən geyinməyə çalışırlar. Çünki onlar özlərində kompleks hiss edirlər və gözəl geyimlə bunu ört-basdır etmək istəyirlər.   Aydındır ki, biz gözəl və səliqəli geyimin əleyhinə deyilik. Həmçinin demək istəmirik ki, hər yaxşı və dəblə geyinən insanda kompleks var. Xeyr, sözümüzün canı odur ki, kompleksli cəmiyyətdə geyim, maşın və digər məişət əşyaları özünü göstərmək vasitəsi formasını alıb. Həyat tərzi istədikləri kimi deyil, cəmiyyətdə yaradılımış süni şablonlar əsasındadır. Ayaqlarını yorğanlarına görə uzatmırlar, ruhlarına uyğun, düz bildikləri formada yaşamırlar. Bəzi hərəkətləri səhv bilir, ancaq düşünürlər ki, mən bu cür etməsəm (məsələn, təmtəraqlı toy məclisi etməsəm, təmtəraqlı yas verməsəm...), insanlar mənə nə deyər. Bu şablonlar hətta düşüncələrə belə geydirilir. Bu zaman cəmiyyət də şablonlarla düşünmək məcburiyyətində qalacaqdır.   Hitler və Stalin natamamlıq kompleksindən əziyyət çəkib - Əgər bu fikirləri siyasi müstəviyə transformasiya etsək, nə demək olar? Yəni diktatura və dünyəvi hegemonluqların arxasında hansı psixoloji problemlər gizlənir?   - Natamamlıq hissinə tutulmuş cəmiyyətdən natamam şikəst ruhlu insanlar çıxacaqdır. Tarixin diktatorlarını, məşhur canilərini psixoloji təhlil etsək, bir çoxunun natamamlıq kompleksindən və ya başqa psixoloji problemlərdən əziyyət çəkdiyini görərik. Hitler və Stalinin natamamlıq kompleksindən əziyyət çəkdiyini o dövrün bir çox tanınmış psixoterapevtləri də qeyd edirdilər. Erix Fromm "İnsan deestruktivliyinin anatomiyası" əsərində Stalinin bir çox psixoloji problemlərinin olduğunu faktlarla sübut edir. Karl Qustav Yunq isə Hitlerin güclü natamamlıq kompleksinə tutulduğunu yazır. Həm Stalin, həm də Hitler uşaqlıqda valideynləri tərəfindən davamlı zorakılığa məruz qalıb, hər ikisi qüsurlu psixologiyaya malik olublar.   Analitik psixologiyanın banilərindən biri, isveçrəli psixiatr Karl Qustav Yunqun amerikalı jurnalist Hyubert Renfro Nikerbokerə verdiyi məşhur bir müsahibəsi var. Bu müsahibə ilk dəfə 1941-ci ildə Nikerbokerin "Sabah Hitler" adlı kitabında dərc olunub. O, müsahibədə sizin sualınızla birbaşa əlaqəli hissələr var. Yunq ümumi olaraq bunları deyir: "Almanlar Dunay vadisinə gec gəliblər və millət olaraq, dövlət olaraq formalaşmaları İngiltərə və Fransadan çox sonralar baş verib. Hansı ki, həmin dövrdə onların hər ikisi daha çox inkişaf etmişdilər. Almanlar müstəmləkə işğalında və öz imperiyalarının əsasını qoymaqda da çox gecikdilər. Onlar vahid bir millət olaraq birləşdikləri zaman ətraflarında İngiltərə və Fransanı və digər ölkələri artıq çoxdan formalaşmış gördülər. Belə ki, bu ölkələr onlara nisbətdə çox inkişaf etmişdilər və çoxlu müstəmləkələrə sahib idilər. Artıq almanlara heç bir şey qalmamışdı. Bax, onda almanlar küskün oldular, incidilər, qəlblərində həsəd və qısqanclıq yarandı. Onlar özlərini mirasdan iri hissələr ələ keçirmiş böyük qardaşların kiçik qardaşı kimi hiss edirdilər. Bu, almanlarda natamamlıq kompleksinin yaranmasının həqiqi mənbəyi oldu. Məhz bu natamamlıq kompleksi onların siyasi düşüncələrinin və siyasi fəaliyyətlərinin istiqamətini təyin etdi. Bu kompleks almanların şüuraltında oturub qəlblərinin dərinliklərinə nüfuz etdi. Natamamlıq kompleksi onları I Dünya Müharibəsini başlamağa sövq etdi. Almanlar I Dünya Müharibəsində nifrət etdikləri böyük qardaşları tərəfindən məğlub edildilər. Bu, onlarda olan natamamlıq hisslərini daha da şiddətləndirdi və bütün almanların ümumi psixoloji xüsusiyyətinə çevrildi. Sonra isə hakimiyyətə Hitler gəldi və almanların içlərində olan şiddətlənmiş gizli komplekslərini bir daha qıcıqlandırdı. Hər bir alman üçün Hitler onun daxili aləminin güzgüsü idi. O, hər bir almanın qəlbinin gizli səsini eşidilən edən səsucaldıcıya çevrildi. Ona görə də Hitlerin hakimiyyəti siyasi deyil, ecazkar və mistik idi. Bu zaman almanlar Hitlerin simasında əmin oldular ki, onlar bütün ömür boyu, məxsusən də I Dünya Müharibəsindəki məğlubiyyətdən bəri intizarında olduqları öz xilaskarlarını və öz məsihlərini tapıblar".   Natamamlıq kompleksi insanı ən təhlükəli birinə çevirə, qeyri-adi dəhşətli addımlar atmağa məcbur edə bilər. Qədim antik dövrdə Herostrat adlı bir şəxs yaşayırdı. O, özündə güclü dərəcədə cılızlıq hiss edirdi. O, tanınmaq, adının tarixə düşməsini istəyirdi. Halbuki, o, öz dövründə olan böyük filosoflar, ədiblər, şairlər, siyasi xadimlər kimi istedada malik deyildi. Ona görə də məşhur Artemida ilahəsinin məbədini yandırdı. Ondan bunun səbəbini soruşduqda isə tanınmaq və tarixə düşmək istədiyini etiraf etdi.  Natamamlıq kompleksi uzun illərdən bəri püskürməyən və buna görə də bütün enerjisi içində yığılmış bir vulkan kimidir. Böyük gücə malikdir, ya insanı məhv edəcək, ya da onu uğur yolunda göylərə ucaldacaqdır. Vilma Rudolf uşaqlıqda tez-tez müxtəlif xəstəliklərə tutulurdu. Xəstəlikləri səbəbindən hətta yerişində də qüsur yaranmışdı. O, özündə olan natamamlıq kompleksini yenməyə səy edir. Nəticədə yüngül atletika üzrə üçqat olimpiya çempionu olur, qaçış üzrə dünya rekordu vurur.   Natamamlıq kompleksi birmənalı olaraq insanı və ya ölkənin əhalisini məhv edən lənət deyildir. Onun insanı hansı istiqamətə və aqibətə aparacağı insanın öz əlindədir. Bir milləti ucaldır, digərini isə məhv edir. Burada almanlardan danışdıq. Ancaq misal olaraq yəhudiləri də göstərmək olar. Yəhudi xalqı tarix boyu bir neçə dəfə kütləvi şəkildə əsarətə, məhvə məruz qalıb. Eramızdan əvvəl VI əsrdə baş vermiş Babil əsarəti yəhudi dövlətinin məhvi ilə başladı və 70 ilə yaxın davam etdi. Sonra isə Babil fars şahı II Kir tərəfindən işğal olundu. Bundan sonra o, yəhudilərə öz torpaqlarına qayıtmaq icazəsi verdi. Yəhudilər assuriyalılar tərəfindən də bir neçə dəfə kütləvi deportasiyalara məruz qalıblar. Hətta da Quranda da onların əsarəti və verilən işgəncələr barədə danışılır. Tarix boyu onlar dəfələrlə müxtəlif güclərin işğalı altında olublar. Yunqun da təhlili məhz belədir. O, yəhudilərin tarixdə ümumi psixoloji zədələr səbəbilə kütləvi natamamlıq kompleksinə tutulduqlarını deyir. Ancaq bu kompleks onları yox etmədi. Onlar bununla mübarizə aparmağa başladılar. Yunq bütün yəhudiləri birləşdirəcək "böyük yəhudi dövləti" kimi ideyaları məhz bu kompleksin təhriki ilə uydurduqlarını yazır. Belə ki, onlar bu ideyalar ilə vahid bir millət kimi birləşmək və qurtuluşa çatmağa çalışırdılar. Onlar komplekslərini öz inkişafına yönləndirməyə çalışırlar - Qərb cəmiyyətində necə, natamamlıq kompleksi varmı? Varsa, bu, özünü hansı formada göstərir?   - Qərbin də özünü məxsusi şəkildə göstərən natamamlıq kompleksləri var. Ancaq onlar bu komplekslərini daha çox öz inkişafına yönləndirməyə çalışırlar. Orada daim kütlələrin uğura, gözəl yaşayışa doğru can atmaları təbliğ olunur. Daim uğura səy göstərmək kütlələrin psixologiyasında qəribə inkişaf effekti yaradır. Hər bir Qərb cəmiyyətinin təsəvvüründə uğurlu, müvəffəq və müasir insan obrazı və belə bir insana xas olan ideyal, gözəl həyat tərzi yaradılıb. Onlar da kütləvi olaraq həm özləri, həm də həyat tərzlərini bu etalona uyğunlaşdırmağa çalışırlar. Aydındır ki, uğurlu insanın və daha yaxşı ideal həyat tərzinin forması onlara müxtəlif yollarla, məsələn, bədii filmlər, əbədiyyatlar, reklam çarxları, jurnallar, qəzetlərlə və s. ilə təbliğ olunur, beyinlərinə yeridilir. Bu cür düşünməyən, bu cür yaşamayan insanlar isə geridə qalmış, uğursuz hesab olunur. Nəticədə uğurlu insan standartına uyğun gəlməyənlərdə şiddətli formada natamamlıq kompleksi yaranmağa başlayır. Bu zaman cəmiyyət çalışır ki, bu standartlara uyğun gəlmək üçün əlindən gələni etsin, ali təhsil alsın, işləsin, pul qazansın, kurslara getsin, mütaliə əhli olsun, fərdi inkişafı üçün çalışsın və s. etsin. Uğurlu olmaq istəyirsənsə, bütün potensialını işə salmalısan, ortaya iş qoymalısan, elmin ilə, təhsilinlə, cəmiyyətə faydan ilə fərqlənib irəli getməlisən. Orada pul ilə diplom ala bilməyəcəksən, savadsız və perspektivsiz olsan, yaxşı iş yerləri sənlik olmayacaq və sairə... Nəticədə isə Qərbi müasir, inkişaf etmiş, elm və texnikada irəli getmiş bir cəmiyyət olaraq görürük... Özümüzə uyğun müasir-kamil insan modelini yaratmalıyıq - Məncə, həmin Qərb etalonunun mənfi tərəfləri də var...   - Mənfi tərəfləri odur ki, onlar dünyaya təqdim etdikləri nümunəvi, müasir kamil insan modelini məhz özlərinə uyğun yaradıblar. Bu kamil insanın özünə xas həyat tərzi, düşüncə forması, inancları var. Bu kamil insan hüquq, əxlaq, din, dünyagörüşü, ənənələr, həyat fəlsəfəsi, şəxsi mənafe mövzularında özünəməxsus formada düşünür. Məsələn, bu insan modeli eyni cinslərin evliliyinə, odlu silahların, narkotik vasitələrin açıq-aşkar satışına, hətta heyvanlarla ailə həyatı qurmağa belə normal baxa bilər. Müsəlmanları təhlükə mənbəyi kimi də görə bilər, ən ali dəyərlərin Qərbə aid olduğunu düşünüb özünü ali irq də saya bilər, biznes və siyasət mövzularında öz xeyrinə olan ikili standartları da normal hesab edər və s. Mümkündür ki, qeyd etdiyimiz mövzularda olan yanaşmalar bəzən digər cəmiyyətlərlə, məsələn bizim cəmiyyətlə kəskin fərqlənmiş olsun, hətta bəzi hallarda bizim üçün təhlükə mənbəyi də hesab olunsun. Ona görə də öz cəmiyyətimizə uyğun olan, milli-mənəvi dəyərlərimizlə uzlaşan müasir-kamil insan modelini yaratmaq lazımdır. İlkin İzzət Milli.Az
12.12.2016   906   31
 
Yazıçı, psixoloq Rövşən Abdullaoğlunun Milli.Az-a müsahibəsi: İnsanı və cəmiyyəti qeyri-adekvat hərəkətlərə sürükləyən ən qorxulu psixoloji viruslardan biri natamamlıq kompleksidir. - Bir fərdin və cəmiyyətin formalaşmasında, ona xas dünyagörüşünün yaranmasında təsiri olan ən mühüm psixoloji amil hansıdır?   - Hər şey insan psixikasından başlayır. İnsanın və cəmiyyətin bütün davranışlarını idarə edən də məhz onun psixikasıdır. Ona görə hər bir qüsurlu və ya uğurlu davranışı anlamaq üçün onun arxasında duran psixoloji aləmi incələmək lazımdır. İnsanı və cəmiyyəti qeyri-adekvat hərəkətlərə sürükləyən ən qorxulu psixoloji viruslardan biri natamamlıq kompleksidir. Natamamlıq kompleksi insanın özü barəsində zehnində formalaşdırdığı neqativ təsəvvürdür. Bu təsəvvür insanın fiziki, maddi və ya mənəvi cəhətləri ilə əlaqəli ola bilər. Natamamlıq kompleksi olan insanlar özlərini hansısa cəhətdən qüsurlu, bacarıqsız hesab edir, digərlərini özündən daha üstün bilir, özlərini qiymətləndirmələri və özlərinə inamları davamlı şəkildə çox aşağı olur. Başqa cür desək, bu insanlar daxilən özlərini cılız və natamam şəxsiyyət hesab edirlər. Bu proseslər şüursuzluq mərhələsində getdiyinə görə mümkündür ki, insan bir çox hallarda bu kompleksə tutulduğunu anlamasın. Hətta özlərində bu kompleksin olduğunu bilən insanlar belə bunun onların məhz hansı davranışlarının arxasında durduğunu müəyyən edə bilmirlər.   Natamamlıq kompleksi insanın psixikasında olan elə bir "yara"dır ki, müəyyən şəraitlər və ya şəxslər onun üstünə basmaqla insanı bir sıra yanlış addımlar atmağa vadar edə bilirlər. Bu zaman insan bəzən özünə qapanır, düz bildiyi yoldan geri çəkilir, aqressiv olur və öz mənafeyinə zərərli hərəkətlər etməyə başlayır. Yeri gəlmişkən, bu kompleksi ilk dəfə tədqiq edərək təsvir etmiş şəxs isə tanınmış avstriyalı psixoterapevt Alfred Adler olub. Natamam insanlar üçün ən mühümü özünü qəhrəman, qüdrətli şəxs kimi hiss etməsidir. - Qeyd etdiniz ki, bəzi hallarda insanın, cəmiyyətin hərəkətlərinin pərdəarxasında məhz natamamlıq kompleksi durur və bunu insanın, cəmiyyətin özü də anlamır. Ancaq yəqin ki, hansısa əlamətlərlə bunu müəyyən etmək mümkündür. Hansı əlamətlərlə bir cəmiyyətin bu kompleksə tutulduğunu anlamaq olar?   - Bu kompleksə tutulmuş cəmiyyət özünə aid olan hər bir şeydən boyun qaçırır. Öz dilində danışmağı gerilik, öz adət-ənənələrinə bağlılığı müasirlikdən uzaqlıq hesab edir. Belələri üçün üstün bildikləri ölkələrdən gələn hər bir şey daha dəyərli, daha əzizdir. Belə insanlar adətən özləri barədə mənfi yüklü ictimai stiqmalar da yaradırlar. Bəzən bu stiqmalar kənar qüvvələr tərəfindən də uydurulur. Stiqma hər hansı bir cəmiyyət, millət, ölkənin əhalisi barədə olan sosial damğadır. Bu stiqmaların əksəriyyəti o cəmiyyətdə olmayan, yaxud da əksəriyyətində olmayan hansısa xüsusiyyəti, halı ifadə edir. Məsələn, "bizim insanlar avamdırlar", "bizdən pisi yoxdur", "biz həmişə başıqapazlı olacağıq", "biz hara, onlar hara?".. Natamamlıq hissinə tutulmuş cəmiyyət şüuraltı olaraq ölkəsi, insanları barədə onları gülünc göstərən lətifələr də qoşar. Bu lətifələr insanların emosiyaları ilə əlaqəli olduğuna görə tez bir zamanda cəmiyyətdə yayılar və gülüş pərdəsi altında insanlara mətnində daşıdığı mənfi təsiri ötürər. Lətifələr, ümumiyyətlə, psixoloji müharibələrdə çox geniş istifadə olunan bir vasitədir. Məsələn, Sovet ordusunun Xüsusi Təbliğat İdarəsinin zabitləri Əfqanıstan müharibəsində bu vasitədən çox geniş istifadə edərdilər. Belə ki, onlar müxaliflərə psixoloji təsir məqsədi ilə çoxlu sayda siyasi lətifələr uydurub əfqanlar arasında yayardılar.   Cəmiyyətin özünü natamam hiss etməsi fərdlərin iradəsini süstləşdirər, beləliklə də onlara öz potensiallarını realizə etməyə imkan verməz. Bununla da mədəniyyət, incəsənət, elm, düşüncə, geyim tərzi kimi məsələlərdə yad cəmiyyətlərin ruhu onlara hakim olar. Zamanla natamamlıq kompleksinə tutulmuş cəmiyyətin "biz onsuz da digərlərindən üstün ola bilmərik" təsəvvürü onu öz fərdlərinə qarşı qaldırır. Belə ki, özünü digər cəmiyyətin fərdlərindən daha aşağı görən belələri içlərində olan natamamlıq hissini təmin etmək üçün öz cəmiyyətinin nümayəndələrini tapdalamağa, onları alçaltmağa, nəticədə də onlar üzərində öz üstünlüyünü göstərməyə çalışarlar. Axı daxildəki üstünlük hissini də təmin etmək üçün nəsə etmək lazımdır. Əgər bu, tərəqqi etməklə mümkün deyilsə, yeganə yol kimlərisə alçaltmaqla təmin etməkdir. Natamam cəmiyyətin üzvləri üçün həqiqi mənada üstün olmaq elə də əsas deyildir, mühüm olan ən azı öz gözündə qalxması, heç olmasa bir anlıq da olsa, özünü qəhrəman, şəxsiyyətli, qüdrətli biri kimi hiss etməsidir. Bütün bunlara görə onlarda gizli formalı özünənifrət də yaranır. Bu nifrət sonda onu həqiqi mənada üstün və dəyərli olan hər hansı bir addımı atmaq imkanından məhrum edir.   Bu da bir həqiqətdir ki, şəxsiyyətli bir cəmiyyət heç zaman özünün səviyyəsini aşağı salmaq istəməz, buna görə də bir çox işləri etməyi özünə ar bilər. Özünü natamam hiss edən cəmiyyət isə ən alçaq işlərə və cinayətlərə belə əl atar. Belə cəmiyyət öz şəxsiyyətini tapdalanmış hiss etdiyindən ona ən çirkin işləri belə görmək çox asandır. Belə cəmiyyətin nümayəndələri azacıq pul müqabilində yeri gəlsə, öz anasını, atasını da öldürər, çox asanlıqla rüşvət alar, uşaqları yetim qoyar, yetimin malını yeyər, fahişəliyi rəsmi surətdə təbliğ edib dəstəkləyər, oğurluq edər və s... Natamamlıq kompleksinin hakim olduğu cəmiyyətin hər bir mərhələsində bu mexanizm tam işləkdir.   Belə cəmiyyətə məxsus milli-mənəvi dəyərlər, milli şüur və vahid ideologiya olmur, olsa da sönük olur və üstün bildikləri yad bir cəmiyyət tərəfindən pislənməyənə qədər qismən qüvvədə qalır. Belə bir cəmiyyətdə dünyaya gələn hər yeni fərd də eyni həyatı yaşayır. Nəticədə cəmiyyətdə mənəviyyatsız, şikəst və həyasız insanlar formalaşır. Bu tip cəmiyyətdə yaşamaq, onlarla rəqabət aparmaq üçün təbii olaraq onlar kimi olmaq lazımdır. Buna görə də cəmiyyətdə onlarla rəqabətə davam gətirə bilən mənfi tipli fərdlərin sayı daha da çoxalır. Sosioloji təbii seçmə baş verir, əxlaqlı insanlar rəqabətə tab gətirməyib sıradan çıxırlar. Burada yaşamaq üçün onların heç bir şansı yoxdur. Çünki onlarla bacarmaq üçün gərək elə onların səviyyəsinə düşəsən. Belə bir cəmiyyətdə əxlaqdan, dəyərlərdən danışan bir şəxs gülməli, səfeh və uğursuzdur. Əxlaqi dəyərlər və qanunla yaşayan bacarıqsız, gündəmdən geri qalan, zəmanənin adamı olmayan, pul qazana bilməyən biri hesab olunur.   Təəccüblüsü odur ki, onlar komplekslərindən qaynaqlanan davranışlarını müxtəlif fərqli adlarla təqdim etməyə, bununla da öz komplekslərini ört-basdır etməyə çalışırlar. Və çox vaxt da öz istəklərinə nail olurlar. Onların bu formalı təsiri bəzən elə qabarıq olur ki, normal düşüncəli insanlar belə öz fikirlərində şəkk edir, həyatlarının müxtəlif mərhələlərində məhz onlara oxşamağa çalışırlar. Bəzi insanlar müxtəlif vasitələrlə maskalanırlar - Özünü daxilən cılız bilən kompleksli insanlar və cəmiyyət bunu necə ört-basdır edir?   - Bu ört-basdır etmə cəhdi özünü ilk növbədə onların danışığında göstərir. Belələri özlərini sözlərində üstün, dəyərli insan kimi təqdim edir, özünün maddi və ya elmi-mənəvi üstünlüklərindən şişirdərək danışır, həyat tərzlərində hədsiz təmtərağa meylli olurlar. Bununla öz natamamlıq hissini kompensasiya etmək istəyirlər. Onlar yüksək ictimai status hesab edilən simvollara bağlı olurlar. İctimai status simvolları isə ölkədən-ölkəyə dəyişir. Bu, bahalı maşın, hansısa telefon modeli, brend geyimlər, saatlar, xarakterik geyim forması, yaşayış tərzi, böyük imarətlər, xarici ölkələrə səfərlər, qidalar belə ola bilər. Məsələn, suşi yemək. Bəzi insanlar suşini onu xoşladıqlarına, qarınlarını doydurduqlarına görə yemirlər. Sadəcə onu yeyən zaman özlərini Avropanın yüksək statuslu, müasir təbəqəsinə bənzədirlər. Bu zaman da psixoloji bir məmnunluq hissi yaşayırlar. Bax bu məmnunluq natamamlıq kompleksinin doyuzdurulmasıdır. Yeri gəlmişkən, suşinin yapon mətbəxindən çıxaraq dünya brendinə və bestseller yeməyinə çevrilməsi faktı da olduqca maraqlıdır. Belə ki, bir zamanlar suşi Yaponiyada kasıb təbəqənin qidası hesab edilirdi. Çünki bu qidanın hazırlanması çox ucuz başa gəlirdi. Günümüzdə isə dünyada ən çox sifariş edilən və ən dəbli qida növlərindəndir. Hətta qiymətinə görə artıq kasıb təbəqənin qidası olma statusundan da çıxıb.    Bu tip natamam insanlar yüksək statusla əlaqəli fəaliyyətini müxtəlif vasitələrlə digərlərinə göstərməyə çalışarlar. Sosial şəbəkələr, saytlar, portallar da bu zaman münasib vasitələrə çevrilir. Bəzən isə insanlar natamamlıq komplekslərini aqressiya, spirtli içkilərin həddindən artıq istifadəsi, narkotik maddələrin qəbulu, hədsiz lovğalıq kimi hərəkətlərlə də maskalayırlar. Natamam insan öz kompleksini gizlətmək üçün yaxınlarını, əli altında işləyən insanları, özündən zəifləri, xülasə ərki çatanları təhqir edib alçaltmaqla özünün üstün olduğunu özünə və digərlərinə hiss etdirmək istəyir. Belələri real aləmdən uzaqlaşıb, məcazi, xəyal aləmində yaşamağa çalışırlar. Onlar öz xəyallarında hansısa kino qəhrəmanının, serialın, kitabın personajının həyatını yaşayırlar. Belələrini günlərlə televizor qarşısında əyləşərək filmlərə, seriallara baxan, saatlarla kompüter oyunları oynayan görərsiniz. Bu kompleks nə qədər dərindirsə, insanın təmtəraqlı həyat, yalançı və süni yüksək ictimai status əldə etmək istəyi də yüksəlir.   Deməli, özünü natamam hiss edən, inamsız insan özü barəsindəki fikirlərini, öz əsl mahiyyətini gizlətmək üçün həqiqətlə uyğun gəlməyən bir maska geyinir. Bütün bu maskalanma müddətində də maskanın bir gün düşəcəyi və öz əsl siması ilə qarşılaşa biləcəyi qorxusu ilə yaşayır. Bir çox hallarda bu kompleks gizli şüuraltı olaraq fəaliyyət göstərir. İnsan özündə elə bilir ki, heç bir psixoloji problemi yoxdur, əslində isə həyatında hər şeyi şüuraltı olaraq bu kompleksin diktəsi ilə edir. Natamamlıq kompleksinin geniş yayıldığı ölkələrdən biri... - Bəs Azərbaycanda necə, natamamlıq kompleksi nə dərəcədə geniş yayılıb? - Bu kompleksdən sığortalanmış heç bir cəmiyyət yoxdur. Lakin bəzi cəmiyyətlərdə bu daha geniş yayılıb. Ölkəmiz də natamamlıq kompleksinin geniş yayıldığı ölkələr sırasındadır. Çünki bunun üçün cəmiyyətimizdə əlverişli şərait vardır. İnsanların toy, yas mərasimlərinin keçirilmə tərzindən, əsassız səbəblərlə özlərini göstərmək istəmələrindən, gəlirlərinə uyğun olmayan təmtəraqlı yaşama cəhdlərindən də məlum olur ki, bu, sağlam psixologiyalı cəmiyyətin həyat tərzi deyildir.   Bir tanışımız var. Özünün şəxsi ofisi, maşını olduğu halda çox bahalı yerlərdə böyük ofislər, şirkəti üçün bahalı maşınlar icarəyə götürür. Səbəbi də odur ki, xaricdən gələn qonaqlar onun necə bacarıqlı, intellektual və perspektivli bir iş adamı olduğunu düşünsünlər. Əslində isə savadı və bacarığı olmayan həmin şəxs xaricdən gələn, qərb universitetlərinin məzunları olan tanınmış iş adamlarının yanında özünü cılız və natamam hiss edir. Bu cür zahiri vasitələrlə isə daxili psixoloji gərginliyini maskalamaq istəyir. Hərçənd, böyük büdcələri olmasına baxmayaraq, onun qonaqlarının şirkətləri və maşınları özünün sadəliyi ilə seçilir. Kompleksli insan üçün maşın yalnız minik vasitəsi deyildir. Onun üçün telefon da yalnız ünsiyyət vasitəsi deyildir, başqa daxili mənalar kəsb edir. Onun aldığı digər əşyalar da bunun kimidir. Hər şey onun daxilindəki acgöz kompleksinin təhriki ilə edilir. Hər hansı bir cəmiyyətdə insanlar heç bir məntiqi əsas olmadan hər hansı bir vasitəyə hədsiz meyl göstərirlərsə, bu, normal olmayan insan psixologiyasından xəbər verir. Məsələn, maaşı az olan biri üç-dörd aylıq maaşına bərabər bahalı çoxfunksiyalı bir telefon alır. Halbuki, o telefondan əsasən danışıq üçün istifadə edəcəkdir. Lakin həmin telefonu almayana qədər özündə narahatlıq hiss edir. Sanki nəsə çatmır. Bax bu narahatlıq sonunda onu o telefonu almağa məcbur edir. Dünyada bir çox brend firmalar insanların natamamlıq kompleksi üzərindən milyardlar qazanır - Belə görünür ki, natamamlıq kompleksi daha çox biznes sektorunun xeyrinə işləyir.   - Rus-amerikan yazıçısı Sergey Dovlatovun "Речь без повода... или Колонки редактора" adlı əsərində maraqlı bir fikir yer alır. Sitat: "Dünyanı hərəkətə gətirən nədir? Bu nəhəng, paslanmış və mənasız mexanizmi işləməyə məcbur edən nədir? Məhəbbət? İdeyalar? Pul? Bəlkə, səadətə meyl? Və ya sakitləşməyən sinfi mübarizə? Qətiyyən, bunların heç biri deyildir! Dünya tarixi prosesinin əsasında bayağı olan natamamlıq kompleksi durur. O hər dəqiqə, hər bir addımda özünü göstərir. Tamamilə hamı ona tutulmuşdur. Boksçular, şikəstlər, alimlər, zibildaşıyanlar, cinayətkarlar, hakimlər, generallar, sıravilər, milyonçular və fəqirlər. Natamamlıq kompleksi dövlətlər və materiklərdə, xalqlarda və irqlərdə də vardır... Natamamlıq kompleksi dünya problemlərinin əsasında durur. Bu fenomenin prizmasından bizim möhtəşəm xaotik dünya nizamının bütün detalları çox daha yaxşı görünür".     Cəmiyyətin əksər hallarda bu və ya digər formada davranmasına onların qorxuları, kompleksləri səbəb olur. Dünyada mövcud olan bir çox brend firmalar məhz insanların bu natamamlıq kompleksi üzərindən milyardlar qazanır. İnsanları dünyada yalnız iki ədəd buraxılmış maşına, yalnız yüz ədəd istehsal olunmuş saata, marka hesab edilən firmanın mallarına dəyərindən qat-qat çox pul ödəməyə nə vadar edir? Müxtəlif reklam mexanizmləri ilə bəzi əşyalar insanlara üstünlük, cəmiyyətdə yüksək status meyarı kimi təqdim olunur. Bununla da insanlar bu malları almağa çalışır, onları aldıqdan sonra isə özlərini yüksək təbəqənin nümayəndəsi hesab edirlər.    Əgər alınan mala o qədər pul verməyin bir səbəbi olarsa, mal ona verilən pula dəyərsə, bu zaman həmin alış məntiqlidir. Əks halda bu yalnız psixoloji xarakter daşıyacaqdır. Günümüzdə dünyanın bir çox böyük firmaları öz bizneslərini məhz insanların bu kompleksi üzərində qurub və bununla böyük sərvətlər qazanırlar. Sizcə, nəyə görə reklam çarxlarında hər hansı bir malı təqdim edərkən cəmiyyətdə, dünyada tanınmış, uğurlu və müvəffəq bilinən şəxslərdən istifadə edirlər?! Çünki o malın tanıtımı üçün həmin məhsulun uğurlu insanların seçimi olması, istehlakçının məhsulun alışı ilə dəyərə minməsi, cəmiyyətdə seçilən, kübar cəmiyyətin üzvü olması kimi elementlərlə əlaqələndirilməsi lazımdır. Bu zaman alıcı o malı aldıqda şüuraltı olaraq özünü o uğurlu şəxslə assosiasiya edəcəkdir. Malı alıb istifadə etdikdə özündə bir razılıq, üstünlük hissi yaşayacaqdır. Bu hiss də aydındır ki, mal köhnələnə və ya xarab olana qədərdir. Bir insan özünü natamam bilirsə, yalandan bu cür malları almaqla bu sindromdan qurtula bilməyəcəkdir. - İnsanın və ya cəmiyyətin özünü natamam hiss etməsinin kökündə mütləq mənada onun fiziki və ya mənəvi planda zəif olması durur?   - Natamamlıq kompleksi sırf psixoloji bir haldır. Onun həqiqətdə insanın necə olması ilə birbaşa əlaqəsi yoxdur. Belə ki, bəzən bir insan və ya cəmiyyət böyük tarixi kökə, böyük maddi, mənəvi potensiala malik olduğu halda belə yenə də bu kompleksə tutula bilər.   (ardı var) İlkin İzzət Milli.Az Milli.az-dakı link http://news.milli.az/country/467220.html
26.09.2016   1296   48