NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
MƏLUMATIN İÇİ
Xarabalıqlardan çıxan qəhrəman
28.08.2017   493
12

Mən həmişə Allaha inanmışam. O da həmişə məni müdafiə edib. Allah mənim burada olmağımın, həmçinin mübarizə aparmağımın səbəbidir.

 Edison Miranda

 

Edison Miranda... Bu, Kolumbiyanın Buenaventura şəhərində dünyaya gəlmiş bir uşağın adıdır. Edison Miranda, adətən, bəxtsiz hesab edilən uşaqlar kimi çox kasıb bir ailədə dünyaya gəlmişdir. Edisonun anası ona hamilə ikən 14-15 yaşlarında olardı. Miranda onlar üçün əsl bədbəxtlik rəmzi idi. Valideynləri hamı tərəfindən gözlənilməz qonaq kimi qəbul olunan Mirandadan yaxa qurtarmaq üçün vasitələr düşünürdülər. Belə ki, uşağın iki ayı tamam olan kimi onu Kolumbiyanın Tumako şəhərində olan qohumlarının yanına aparırlar. Lakin burada da o, xoşagəlməz bir insan kimi qarşılanır. Bu şəhərdə onu basketbol topu kimi növbə ilə bir neçə ailəyə ötürürlər. Ancaq onların hər biri bir müddət ona baxandan sonra artıq saxlamaq istəməyərək digər bir ailəyə ötürür. Nəticədə kimsəsiz uşaq doqquz yaşına qədər bir neçə ailə dəyişməli olur.

 

Miranda doqquz yaşında bunlara dözə bilməyərək evdən qaçmalı olur. O, həqiqi valideynlərinin yanına getmək qərarına gəlir. Uzun sürən çətinliklərdən sonra Miranda axır ki anasını tapır. O, Mirandanın atası ilə artıq bir yerdə deyildi. Edisonun anası dövlət vəzifəsində işləyən biri ilə ailə həyatı qurmuşdu. Onun yoldaşı Mirandanı görəndə bərk narahat olur. Cırıq, nimdaş paltarlı dilənçi uşaq ona lazım deyildi.

 

Yenidən qapı arxasında qalmış Miranda küçələrə düşür. Günlərlə ac qalır, zibilliklərdən tapdığı qidalardan yeyir, əgər ona, ümumiyyətlə, “qida” demək olarsa. Küçədə də əminlik yox imiş. Belə ki, tez-tez avara insanlarla qarşılaşdığından onu döyməyə başlayırlar.

 

Miranda gecələr küçədə açıq havada yatar, gözünü göylərə dikərək Allahdan yardım istəyərdi. Həyat onun üçün dözülməz olmuşdu: məhv olmuş uşaqlığı, kabusdan ibarət olan bü günü, müəmmalı gələcəyi...

 

Bir gün Miranda televizorda boksçuların döyüşünü izləyir. İki döyüşçü bir-birini yumruqlayırdı. Qalibi isə böyük pul mükafatı, şan-şöhrət, cəmiyyətin rəğbəti gözləyirdi. Miranda bütün potensialını götür-qoy edir və baxıb görür ki, həyatda vuruşmaqdan başqa, heç bir şeyi yaxşı bacarmır. Bütün ömrü boyu yediyi kötəklər, gördüyü təzyiqlər və küçə həyatı onun iradəsini dəmir kimi etmişdi. Küçədə o, hər gün özünü müdafiə etməyi, yeri gələndə də həmlə etməyi yaxşı öyrənmişdi.

 

Beləliklə də Edison Miranda boksçu olmaq qərarına gəlir. On üç yaşında təsadüfən Kolumbiyanın Barrankil şəhərinə gəlib çıxır. Şəhərin boks zallarından birini axtarıb tapır. İçəri daxil olur. Məşqçidən xahiş edir ki, onu qəbul etsin. Məşqçi etiraz etmir, ancaq aylıq ödənişləri etməyi ona şərt qoyur. O, məşqçidən xahiş edir ki, ona zalda gecələməyə icazə versin. Məşqçi də idman zalında təmizləyici olaraq işləmək qarşılığında ona zalda gecələməyə icazə verir. Məşqlərin aylıq ödənişlərini ödəmək üçün isə çoxlu pul əldə etmək lazım idi. Bunun üçün o, gündüzləri tibb mərkəzlərinə qan verir, küçə döyüşlərində iştirak edir, hətta fəhləlik də edirdi. O, yalnız irəli baxır, nə bahasına olsa da, küçə həyatından qurtulmaq istəyirdi.

 

Nəhayət, on altı yaşında düz beş ay məşqlərdən sonra Miranda özünün ilk ciddi yarışına dəvət alır. Qarşılaşdığı rəqibi bir dəqiqədən də az bir müddət ərzində nokaut vəziyyətinə salır. Bu döyüşündən daha da ruhlanan boksçu sonradan təşkil olunmuş növbəti döyüşləri də qalib olaraq başa vurur. Miranda həvəskar boksda 132 döyüş keçirir və bunların yalnız dördündə məğlub olur. 1998-99-cu illərdə dalbadal iki dəfə Kolumbiya çempionu olur. Növbəti ildə isə o, Kolumbiyanın Milli Oyunlarının çempionu adına layiq görülür. Hər qələbə ilə Mirandanın özünə olan inamı daha da artmışdı. Lakin o, bunlarla kifayətlənmir, daha da irəli getmək istəyirdi. O, professional boksçular arasında qələbə qazanmaq istəyirdi. Nəhayət, bir müddətdən sonra Miranda Amerikaya gələrək professional boksçular arasında mübarizəyə başlayır. Professional karyerasında 42 döyüş keçirir, onların 35-ində qələbə qazanır. Bu qələbələrin 30-u məhz nokautla qazanılır. Miranda deyərdi: “Mən digərlərinə kömək etmək istəyirəm... gedəcəkləri yeri olmayan evsiz uşaqlara yardım etmək, eyni zamanda, onlara nümunə olmaq istəyirəm”.

 

Miranda sağlam həyat tərzi sürür, qətiyyən spirtli içkilər istifadə etmirdi. Tez yatar və sadə formalı məşqlərə üstünlük verərdi. Miranda Allaha və özünə olan inamı, zəhmətkeşliyini öz qələbəsinin rəmzi bilirdi. Ən çıxılmaz vəziyyətdə, yalnız və dayaqsız olduğu anlarda belə Allaha olan inamını və özünə olan güvənini itirməmişdi. Həmişə əminliklə hərəkət etmiş və bir zaman uğurlu gələcəyə nail olacağına inanmışdı.

 

Miranda bütün psixoloji travmaları yaşamış biridir. Uşaqlıq illəri insanın ən çox ruhi zədə almasının mümkün olduğu bir zamandır. O, uşaq yaşlarında hər növ çətinliklərlə qarşılaşmışdı. Heç bir kəsin himayəsi, yol göstərməsi, yardımı olmadan ayağa durmuşdu. O, döyülmüş, təhqir olunmuş, söyülmüş, evdən qovulmuş, valideynləri tərəfindən xəyanət görmüş, bütün qohumları onu tərk edərək küçəyə tullamış, hətta zibilliklərdə belə yaşamış və oradan da qidalanmışdı. “Sən bədbəxtsən, lazımsız, dəyərsizsən. Sən alçaqsan, bomjsan, xəstəsən. Bizdən uzaq dur, cəmiyyətə lazımsızsan, pis qoxu verirsən, tük ürpədicisən...” kimi sözlər ana laylası kimi uşaqlığından bəri qulaqlarında cingildəmişdi. Bu şəxsin başına gələnlərin daha incəliyini isə yalnız özü bilir. Edison Miranda kimi şəxslər bütün bu çətinlikləri aşaraq yüksəlməkləri ilə hamıya sübut edirlər ki, “çətinliklər sadəcə tənbəl insanların uydurduqları bir nağıldır və hər bir insan yaradılışın ona verdiyi batini güclə ən yüksək zirvələri belə hər bir şəraitdə fəth edə bilər”.

 

"Çətin Olsa da, Həyat Davam Edir" kitabından 

 
 
 
 
Şərhlər
 
DİGƏR MƏLUMATLAR
Bəlkə də, bu vərdişlərin bəziləri artıq sizə tanışdır. Bəzilərini isə ilk dəfə eşitmiş olacaqsınız.
11.10.2017   1102   9
 
Adriana əyilib Məsumənin əllərindən, üzündən, saçından öpdü. Gözləri doldu.
19.09.2017   449   9
 
İnsanlar gün ərzində müxtəlif tapşırıqları həyata keçirir və bu tapşırıqları yerinə yetirərkən həm əqli cəhətdən, həm də fiziki cəhətdən çox yorulurlar.
22.04.2017   3078   21
 
Taym menecment insana zamanının düzgün planlamasını, vaxt itkisinə yol vermədən məhsuldar fəaliyyəti öyrədən bir sistem kimi hamı üçün zəruridir.
18.04.2017   890   36