NƏŞRLƏRİMİZƏ VƏ MƏQALƏLƏRƏ ABUNƏ
AZ
YAZARLAR
bütün yazarlar
 
Karikaturalar
 
 Kitab oxumağınıza nə mane olur?
 
a) Ev işlərini çatdıra bilməmək
b) İş saatının çox olması və yorğunluq
c) Dərslərin çoxluğu
d) Televizor
e) Kompyuter
f) Sosial medialarda çox vaxt keçirmək
g) Digərləri
 
SƏS VER
NƏTİCƏ
 
MƏLUMATIN İÇİ
“Sən müvəffəq ola bilməyəcəksən”
24.08.2015   1311
63

Hətta ən yaxşı edə biləcəyi işi görmək istədiyi zaman belə insanın içində bir səs eşidilir. Əgər ona bir az yaxşı qulaq assaq, görərik ki, o, bizə deyir: “Bu, sənin edə biləcəyin iş deyil”, “Sən bunu edə bilməyəcəksən”, “Bu, səndə alınmayacaq”, “Qoy hər şey öz axarı ilə getsin. Harda qırılar, qırılar”. Bu, insanın daxilində ötən illər ərzində toplanmış zərərli təsirlərin, yanlış fikir və fəlsəfənin formalaşmasının, eyni zamanda, qəbul edilmiş düzgün olmayan qərarlar nəticəsində artıq əhəmiyyətli dərəcədə möhkəmlənmiş inkar səsidir. Bizim keçmiş uğursuzluqlarımız, yanlış hərəkətlərimiz bu səsi daha da gücləndirmişdir. Biz öz şüurumuzdan uğursuzluq səsinin kökünü belə asanlıqla kəsə bilməyəcəyik. O, həmişə bizim içimizdə olacaq və bizi öz maraqlarımızın ziddinə fikirləşməyə, hiss etməyə və hərəkət etməyə vadar edəcəkdir. Bu səs bəzilərində az, bəzilərində çox olsa da, hər bir halda, mövcuddur.

 

Uğursuzluq vəd edən səs bütün qərarlarımızda, atmaq istədiyimiz addımlarda, gələcəklə bağlı arzularımızda bizi tək buraxmayacaqdır. Bəli, insan bu səsi azalda, hətta tamamilə kəsə də bilər. Davamlı qələbələr,
insanın özünə olan böyük inamı, möhkəm və sarsılmaz həyat proqramı,
güclü ideologiya və təfəkkür tərzi bu səsin azalmasına, hətta məhvinə belə gətirib çıxarda bilər.

 

 Onu da qeyd edək ki, bu səslə yanaşı, insanın içindən digər bir səs də eşidilir. Bu da uğur səsidir. O səs uğursuzluqla müjdələyən səsin fonunda artıq tamamilə zəifləmişdir. Onun səsi, elə bil, quyunun dibindən gəlir. O səs insana “səndə alınacaq”, “hamı bacardı, sən də bacaracaqsan”, -deyir. Dini mətnlərdə də insanın psixologiyasında bir-birinin əksinə danışan ikili insan şəxsiyyətindən danışılmışdır. Bir hissə xeyir və mələk, ikinci isə şər və şeytandır. Bu iki hissə insanın ruhuna hakimdir. Hər bir tərəfin müxtəlif qüvvələrdən ibarət olan yardımçıları vardır. Xeyir hissə insanın bütün işlərdə uğura, müvəffəqiyyətə, şər hissə isə uğursuzluq vəd edib günaha sövq edir. Bu inkar səsini necə kəsə bilərik sualına olan cavablardan biri hər birimizin daxilində eynilə mövcud olan sakit, zəif uğur səsinə qulaq asmağı öyrənməkdir. Uğurun səsi daim uğursuzluğun gur çağırışları arasından eşidilməyə can atır. Bizim həmişə bu səslərdən hansını dinləyəcəyimizə dair seçim etmək azadlığımız var ki, bu da çox mühümdür. Özümüzə ruhun qaranlıq tərəfinin səsinə uymağa və səhvləri təkrarlamaqda davam etməyə icazə verdikcə bu bədbin səs daha da gurlaşır. Ancaq əksinə, hər dəfə uğur səsinin nəsihətlərinə əməl edəndə bu səs gündən günə artmağa və möhkəmlənməyə başlayacaqdır. Bunun üçün isə içimizdən gəlməsə belə bu səsin çağırışlarına əməl edərək özümüzü televizoru söndürməyə, əlimizə kitab almağa, yaxud bir dəqiqə dayanaraq bugünkü əməllərimizin bizi hara aparıb çıxaracağını düşünməyə məcbur etməliyik. Hər yeni şəxsi islah, yeni əldə etdiyimiz mərifət və intizam qaydası irəliyə atılmış daha bir addımdır. Biz möhkəm ideologiya, həyata və gələcəyə nikbin münasibət formalaşdıraraq düzgün istiqamətdə səylə çalışmaqla bu səsin məhvedici təsirini əhəmiyyətli dərəcədə boğa bilərik. Biz daim uğurla uğursuzluq arasında olan incə sərhədi izləmək məcburiyyəti qarşısındayıq. Diqqətlə baxmalıyıq ki, məhz hansı daxili səbəblər, hansı səslər bizi baha başa gələn səhvləri təkrarlamağa və hansı səslər bizi gözəl, parlaq gələcəyə səsləyir.

 

Hər birimiz həyatımızda olan böyük məsuliyyəti öz öhdəmizə götürməli, düşüncə tərzimizi təkmilləşdirməliyik. Yığılıb qalmış səhvlərimizi, onların gətirib çıxarda biləcək gələcək nəticələrini hərtərəfli araşdıraraq daha yaxşı həyata can atmalıyıq. Həyatın, hətta ən kiçik sahəsində belə səhvlərin əhəmiyyətsiz olduğu, intizamın mövcud olmasının heç bir əhəmiyyət kəsb etmədiyi fikrinə qətiyyən yol verməməliyik. Əslində, onların əhəmiyyəti çox böyükdür. Bu gün həll edə bildiyimiz işləri sabaha ötürməməliyik. Özümüz özümüzü inandırmalıyıq ki, hər istədiyimizi əldə edə biləcəyik. İnandırmalıyıq ki, həyat haqqında, özümüz barəsində vermək istədiyimiz əsaslı qərarlar öz nəticəsini verəcək və biz olmaq istədiyimiz şəxs olacağıq! Bunu yəqin bilin ki, öz gücünüzə, ilk olaraq, özünüz inanmasanız, heç bir kəsi inandıra bilməyəcəksiniz. Başqalarının sizə olan inamı, sizin özünüzə olan inamınızdan sonra gəlir. Günlərin biri tanınmış natiqlərdən biri nitq söyləyən tələbələrindən birinə deyir:

-Bilirsən, nəyə görə sənin sözlərin təsirli deyil?

Şagird təəccüblə müəlliminə deyir:

-Necə? Moizələrim təsirli deyil? Bir halda ki mən sizin ən savadlı şagirdinizəm.

Müəllim cavab verir:

-Düzdür, ən bilikli şagirdimsən, hətta sənin kimi savadlı və bacarıqlı bir şagirdim olmayıb. Ancaq sənin sözlərin zərrə qədər də olsun qarşı tərəfə təsir etməyəcəkdir. Çünki dediklərinə özün inanmırsan. Özün inanmadığın sözlərə digərlərinin inanmağını necə gözləyə bilərsən?!

 

Elə isə uğurlu və tərəqqi dolu gələcəyə qovuşacağına, ilk olaraq, özünü inandır! Əgər özünü inandıra bilsən, ondan sonra sənə ailən, uşaqların, dostların, yaxınların, işçilərin, səni dinləyənlər də inanacaq və səni bu yolda dəstəkləyəcəklər. Bütün bunlar təbiətə gizli bir impuls göndərəcək və bütün kainat sənə bu yolda müvəffəqiyyət diləyəcək, sənə yardımçı olacaqdır. Bu zaman sən gizli bir əlin səni bütün işlərində himayə etdiyini hiss edəcəksən. Böyük filosof və arif Əllamə Məhəmməd Hüseyn Təbatəbai düzgün etiqada, özünəinama və davamlı əməllər sisteminə sahib olduğuna görə belə gizli əlin onu həyatı boyu daim müşayiət etdiyini qeyd edir. O, deyir ki, bu gizli əli bütün həyatım boyu hiss etmişəm. Bir çox dahilər də eyni hissi keçirmişlər. Biz də inam əsasında qurulmuş düzgün təfəkkürə və əməllər sisteminə malik olsaq, həyatımızda, bütün işlərimizdə, xoş və acı günlərimizdə belə daim bizi himayə edib qayğımıza qalan, hər çətinlikdən asanlıqla keçirən gizli əlin hərarətini hiss edərik.

 

Bilmək lazımdır ki, hər yeni müsbət əməl uğursuzluğa düçar olmanın gücünü zəiflədir və bizi seçdiyimiz hədəfə yaxınlaşdırır. Bizi hifz edən gizli qüvvələri bizim xeyrimizə hərəkətə keçirir.

 

Yerində edilmiş tərif də insana güc verir. Əgər müsbət və layiqli bir iş görmüsünüzsə, kimsə sizi buna görə tərifləməsə belə, özünüz-özünüzü tərifləyin. Özünüzə ruh yüksəkliyi verin, ümid verin. Uğura doğru atılmış və mərifət öyrədən hər yeni addım bizim ideoloji əsaslarımızı möhkəmləndirir və harmoniyalı həyata nail olmaq şansımızı artırır.

 

"Hər Bir İnsan Hökmdardır" kitabından 

 
 
 
 
 
Şərhlər
 
DİGƏR MƏLUMATLAR
Bəlkə də, bu vərdişlərin bəziləri artıq sizə tanışdır. Bəzilərini isə ilk dəfə eşitmiş olacaqsınız.
11.10.2017   1107   9
 
Adriana əyilib Məsumənin əllərindən, üzündən, saçından öpdü. Gözləri doldu.
19.09.2017   451   9
 
Mən həmişə Allaha inanmışam. O da həmişə məni müdafiə edib.
28.08.2017   496   12
 
İnsanlar gün ərzində müxtəlif tapşırıqları həyata keçirir və bu tapşırıqları yerinə yetirərkən həm əqli cəhətdən, həm də fiziki cəhətdən çox yorulurlar.
22.04.2017   3095   21