Mərkəzi Elmi Kitabxana Britaniya təcrübəsini tətbiq edəcək


09.01.2015   2106   91

     Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxananın (MEK) direktoru Leyla İmanova bir qrup əməkdaşla Birləşmiş Krallığa səfər edib.

     Simsar.az xəbər verir ki, səfərin məqsədi modeli MEK-in sisteminə uyğun olan kitabxanaların təcrübəsinin öyrənilməsi, onun müsbət və mənfi xüsusiyyətləri ilə tanışlıq, o cümlədən kitabxananın İKT ehtiyaclarının ödənilməsi prosesində ortaya çıxan problemlərin səmərəli həlli

yollarının araşdırılması olub. Səfər zamanı Britaniya Kitabxanasının London və York şəhərlərində yerləşən bölmələrində bir sıra mühüm görüşlər keçirilib.

     Müasir kitabxana-informasiya xidmətinin təşkili, idarə olunması və digər maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti yeni kataloqlaşdırma standartını tam şəkildə təmin edən avadanlıq və proqram, müasir kitabxana idarəetmə texnologiyaları, eləcə də kitabxana strukturu və işçi heyəti üçün peşə standartları ilə tanış olublar.

     Britaniya Kitabxanasından “Milli Rəqəmsal Yaddaş” üçün ödənişli əsaslarla məlumatların əldə olunması, əməkdaşlıq şəraitində MEK-dən kitabların Britaniya Kitabxanasına göndərilməsi, ölkəmizdə qərb standartlarına cavab verən nəşriyyat evlərinin şəbəkə siyahısına alınması, kitabxana işinin müxtəlif sahələrinə dair MEK-in əməkdaşlarına təlimlərin keçirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb, razılaşma əldə olunub.