Bakıda Beynəlxalq kitab sərgi-yarmarkası keçirilib


02.10.2017   569   7

28-30 sentyabrda Bakı İdman Sarayında 5-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan kitab sərgi-yarmarkasında əsas məqsəd kitabın önəmini təkrar qeyd etmək, kitaba marağın artması, insanlarda mütaliə vərdişlərini inkişaf etdirmək , Azərbaycan kitab mədəniyyətinin dünyaya tanıdılması, yerli və xarici nəşriyyatlar, kitab evləri arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır. Sərgidə həm yerli, həm də xarici poliqrafiya müəssisələri, nəşriyyatlar, kitabxanalar, çap işi ilə məşğul olan qurumların təmsilçiləri yer alırdılar. 150-dən artıq kitab işinə töhfə verən, tariximizi, mədəniyyətimizi, o cümlədən, bölgələrimizin mədəni zənginliyini təbliğ edən yerli nəşriyyat və bu sahəyə bağlı olan digər qurumlar, 40-ı da xarici olmaqla ümumilikdə 40 ölkəni təmsil edən kitabxana, çap və poliqrafiya müəssisələri  sərgidə iştirak etdilər. Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Bundan başqa sərginin müxtəlif günlərində müəlliflərlə görüşlər keçirildi və onlar öz imzalı əsərlərini iştirakçılara təqdim etdilər. Gənc nəsilin dəyərli nümayəndələri oxuduqları əsərlər üzərindən müzakirələr edir, bir-birlərinə kitab tövsiyələri verirdilər. Sevindirici hal budur ki, gənc nəsillə birlikdə azyaşlılar da sərgidə çoxluq təşkil edirdi. Kitablara təbəssümlə baxıb, böyük həvəslə vərəqləyən uşaqlar əsərlərlə bağlı müxtəlif suallar verirdilər. Bu da Azərbaycanı daha parlaq gələcək gözlədiyinə işarədir. Bundan başqa sərgidə "Qədim Qala" Nəşriyyat Evinin iştirakı oxucular tərəfindən rəğbətlə qarşılandı. Yazıçı Rövşən Abdullaoğlunun 2016-cı ilin bestselleri olmuş “Bu şəhərdə kimsə yoxdur” psixoloji romanı və “Relslər üzərində uzanmış adam”, “Çətin olsa da, Həyat Davam Edir” kimi əsərləri sərgidə ən çox maraq və diqqət görən kitablardandı. Tədbirin bağlanışında isə iştirak edən qurumlar fəal iştiraklarına görə diplomla təltif olundular.