- Ana, tez gəlin, soyuqdur. Çox acmışam


19.09.2017   917   55

Adriana əyilib Məsumənin əllərindən, üzündən, saçından öpdü. Gözləri doldu. Boynunda həmişə gəzdirdiyi xoşbəxtlik gətirən boyunbağısını çıxardıb ona verdi. 


- Niyə ağlayırsan, sən ki tez gələcəksən, darıxacaqsan, ona görə ağlayırsan? Darıxma, mən səni burada gözləyəcəyəm. Heç hara getməyəcəyəm, söz.

Adriana Faruqun əlindən hirslə dartaraq arxasınca çəkməyə başladı. Məsumə əllərini ayaqlarının arasında sıxmışdı, ona soyuq idi. Yanından sürətlə uzaqlaşan anasının arxasınca baxırdı. Faruq arxaya çönüb bacısına baxdı. Anası heç bir zaman onların birini qoyub, digərini özü ilə aparmazdı. Hər yerə birgə gedərdilər. Heç nə anlamayan uşağa bu, çox qəribə gəlirdi. 
Adriana stansiyanın sonuna çatıb tini dönənə qədər geriyə baxmadı. Yalnız döngədə geriyə çönüb sonuncu dəfə gözü hələ də onların arxasında olan qızına baxdı. Bunu görən Məsumə gülümsədi, soyuqdan donmuş əlini ayaqlarının arasından çıxardıb anasına yellədi. Məsumə gülümsəyəndə gözü parıldayır, yanaqlarında batıq əmələ gəlirdi. Adriana bir anlıq ayaq saxladı. Tərəddüd etdi. Anasının dayandığını görən Məsumə skamyadan düşmək istədi. Adriana düşündü ki, çox dayansa, qızı onun arxasınca gələcək. Ona görə də cəld döngəni dönüb getdi. 

"Relslər Üzərinə Uzanmış Adam" psixoloji romanından